İnsan yaxşı hadisələrdəndə depresiyaya düşə bilir -Psixiatr Orxan Fərəcli

Psixoloq.az  Kaspi.az a istinadən xəbər verir ki, tanınmış və peşəkar psixiatr Həkim Orxan Fərəcli Kaspi.az saytının müxbiri Aygün Asimqızına müsahibə verib.Həmin müsahibəni olduğu kimi sizə təqdim edirik  Orxan Fərəcli: “Gecə yuxusu qaydasında olanda əsəb problemlərinin böyük hissəsi həll olunmuş sayılır”  Deyir ki, müasir psixologiya düşüncənin üstündə çox dayanır. Çünki bəzən elə çox şey bundan asılı olur. Biz depressiya, psixoloji problemləri adətən, pis hadisələrin yaratdığını düşünürük. Lakin bəzən yaxşı hadisələr də insanda depressiya yarada bilir. "İnsanın situasiyanı necə qəbul etməsindən də çox şey asılıdır. Düşüncədən asılı olaraq müsbət hadisələr adama mənfi yükləyə bilər” – deyən müsahibimiz psixiatr Orxan Fərəclidir. - Sosial şəbəkələrdə "Qadınlar qarğışla, kişilər söyüşlə danışmağa başlayıblarsa, böyük ehtimalla "nevroz” yaxınlaşır” yazmışdınız. Maraqlıdır, burda yaxınlaşmaq deyəndə nəyi nəzərdə tutursunuz? - Bu, əslində, elmi fakt yox, həkim müşahidəsi, subyektiv baxışıdır. Əsəbilik ayrıca xəstəlik deyil, müxtəlif xəstəliklərin əlamətidir. Mən dediyim onlardan biridir, sadəcə, içinə bir az da yumor qatılıb. - Bizdə əsəbiləşən kimi qarğışla danışan qadınların, söyüşlə fikrini ifadə etməyə çalışan kişilərin sayı heç də az deyil. Nevroz çox adamda yaxınlaşmaq üzrədir? - Bəzən adam kefsizdirsə, depressiyaya düşdüyünü, əsəbidirsə nevroz olduğunu deyirlər, amma bu, belə deyil. Mövzuya o kontekstdən baxsaq, qarğış və söyüşlə danışan adamlarda əsəbilik ola bilər, amma yüz faiz nevroz da adlandıra bilmərik. Bir simptoma görə diaqnoz qoymaq peşəkarlıqdan uzaqdır. O baxımdan "yaxınlaşır” sözü yerinə oturub, yəni, yaxınlaşır, hələ özü deyil. - Müsahibə üçün danışanda dediniz ki, pasientlərdən vaxt edib ofisə gəlmək çətin olacaq. Pasientin sayı çoxdursa, deməli, ya sizin sahəyə müraciət edənlərin sayı artıb, ya da həkim olaraq sizə tələb var.- 2-3 il öncə Dövlət Statistika Komitəsinə ölkədəki psixiatrların sayı ilə bağlı sorğu göndərmişdim. O vaxt 330 nəfər psixiatr var idi, indi lap 400 olsun. Çağımızda əsəb, sinir problemlərinin nə qədər artdığını nəzərə alsaq, yenə də bu qədər mütəxəssis on milyonluq ölkə üçün azdır. Bunu birbaşa şəxsimlə əlaqələndirməzdim, həm həkim sayı azdır, həm də xəstəliklər artıb.- Psixitar yanına nə vaxt gedilməlidir? Nə vaxt məsələ psixoloqluqdan çıxır?- Siz müsahibədən öncə mənim o "yurdumun insanı” müraciət formamı xatırlatdınız. Bax, o, yurdumun insanı hələ psixiatr və psixoloqa qədər uzun bir yol keçir. Əsəb problemləri ilə bağlı birinci falçı və mollalara müraciət edirlər, düzəlmirsə, ekstrasenslərə üz tuturlar. Əgər orda da bir şey alınmırsa, terapevtlər, ardınca nevropatoloqlar yada düşür. Bunları keçirlər və nəticə alınmadığını görəndə psixiatr, psixoloqlara gedirlər. Yəni, doğru ünvana qədər 5-6 yerə gedirlər.Mövzunu depressiya üzərində izah edək. Depressiyada olan adamın hansı hallarda psixoloqa, nə vaxt psixiatra müraciət etməsi ilk olaraq şəxsin özündən asılı məsələdir. Amma depressiyanın müalicəsi ilə bağlı kliniki protokolun tövsiyəsinə əsasən, əgər problem yüngül dərəcəlidirsə, sadəcə psixo terapiyalarla aradan qaldırıla bilərsə, seansı psixoloq da edə bilər, psixiatr da. Burda mütəxəssis fərqi yoxdur. Depressiyanın dərəcəsi orta və ya ağırdırsa, intihar düşüncələri varsa, burda hər ikisinin müdaxiləsi lazımdır. Həm dərman, həm psixoloji seans. Əslində, burda da problemin kökündə nəyin durmasına baxılır. Problemin kökü ailə məsələləri ilə bağlıdırsa, o zaman psixoloji seans olması daha yaxşıdır, nəinki dərman. Problemə görə, dəyişən məsələdir. Filan vaxt psixoloqa, filan vaxt psixiatra gedilməsi ilə bağlı konkret nöqtə yoxdur. - Ürəyi ağrıyan adam bunu özü deyir, amma, məncə, psixoloji problem elədir ki, insanlar bunu bir az qəbul etmək istəmirlər...- Bu, daha çox şizofreniya kimi ağır xəstəliklərdə olur. Onlar çox vaxt özlərində xəstəlik əlaməti görmürlər. Günümüzdə daha çox yayılmış depressiya, təşviş-həyəcan pozuntularında insanlar problemin fərqində olurlar. Ürək məsələsini vurğuladınız. Deyim ki, ürək ağrılarının müəyyən bir hissəsi psixoloji səbəblərdəndir. Xəstənin ürəyi çırpınır, boğulur, havası çatmır, ağrı qoluna, kürəyinə vurur. İnsanların ağıla ilk gələn infarkt olur. Amma müayinə zamanı ürəkdə problem çıxmır. Mədə-bağırsağı pozulan, yaxud dərisində səpkilər yaranan adam bütün müayinələrdən keçir, yenə heç bir problem aşkarlanmır. Burda işin psixoloji tərəfi ortaya çıxır. Yəni, xəstəliyi yaradan birbaşa səbəb tapılmırsa, deməli, psixoloji nüans var. İnsanlar təəccüblənirlər ki, əsəbə görə ürəkdə bu cür ağrı ola bilər? Əsəb dediyin vurub-yıxmaq deyil, psixoloji gərginlikdən bədəndə müəyyən ağrılar yarana bilir. Hətta bir müddət sonra doğmaları da onlara inanmırlar, deyirlər ki, yoxlatdıq, heç nə çıxmadı.- Bu zaman deyirlər ki, səndə problem psixolojidir. Amma o mənada ki, sən orda xəstəlik olduğunu öz beyninə yeritmisən, əslində, heç nə yoxdur. Gərginlikdən dolayı ağrını isə qəbul etmirlər...- Bəli, insanlar bunu qəbul etmək istəmirlər. Elə bilirlər ki, psixolojidirsə, deməli, bilə-bilə özün beyninə salmısan. Amma bu, insanın özündən asılı deyil. Boğulursa, havası çatmırsa, həqiqətən bunu yaşayır.- Xoş və pis anların insana psixoloji təsirindən danışaq. Çünki nədənsə pis anların insanda təsiri daha çox qalır...- Pis anlardan çox danışılır, mən yaxşı anların təsirindən qısa bir şey demək istəyirəm. Depressiyada tətbiq edilən interpersonal adlı terapiya növü var. Orda depressiyanın yaranma səbəblərindən biri də rol keçidi qiymətləndirilir. Yəni, insan bir mərhələdən digərinə keçəndə depressiya yaşaya bilər. Biz depressiya deyəndə ağlımıza daha çox pis şeylər gəlir, amma əslində, bəzən insan yaxşı hadisələrdən də depressiyaya düşə bilir. Məsələn, tibb tələbəsi illərlə həkim kimi çalışmağı arzu edir. Amma vaxt yetişir, universiteti bitirib həkim kimi işə başlayanda depressiya yaşayır. Tələbəlikdən həkimliyə keçid yaxşıdır, amma tələbəliyin nostalgiyasını yaşayır, o dövrün xoş anlarını xatırlayır. Yaxud, gənc qadın ana olmağı çox istəyir, lakin ana olanda depressiya yaşayır. Hər ikisi müsbət haldır, amma insana depressiya verə bilir. İnsanın situasiyanı necə qəbul etməsindən də çox şey asılıdır.- Pozitiv düşünmə insanın təməlində olmalıdır?- Yox, düşdüyü situasiyadan, o anın şərtlərindən, həmin an verdiyi qiymətdən asılıdır. Biz müasir psixoterapiyada düşüncənin üstündə çox dayanırıq. İnsan həmin an nə düşünür? Məsələn, bir pasientim deyirdi ki, qapını döyürəm, anam bir dəqiqə gec açan kimi ona nə isə olduğunu fikirləşirəm. Bunu düşünən kimi həyəcanlanır, ürəyi çırpınır, bədənini istilik basır, tərləyir və s. Amma anasının qonşuda, ya hamamda olduğunu düşünsə, bədənində o əlamətlər olmayacaq. Nə düşündüyündən çox şey asılıdır. Düşüncədən asılı olaraq müsbət hadisələr adama mənfi yükləyə bilər.- İnsanların psixoloqu durumu ilə bağlı sosial şəbəkədə hər hansı dəyərləndirmə aparmaq mümkündür?- Müəyyən təəssürat yarana bilər, amma oturuşmuş fikir demək olmaz. Çünki bizim sahədə hər şeyə xəstəlik, problem demək də inanılmaz çətindir. Tutaq ki, bir nəfər əlini 10-15 dəfə yumasa, rahat olmur. Siz deyə bilərsiniz ki, bu qədər əl yumaq olar? Bu, o adamı narahat etmirsə, problem deyil. Düzdür, bu təmizlik məsələsinin problem halına gəldiyi məqamlar da var. Amma məsələyə daha geniş baxsaq, adamın özünü narahat etmirsə, baş verənə problem kimi baxmaq çətin məsələdir. Siz o adama necə diaqnoz qoya bilərsiniz ki, sizdə obsessiv-kompulsiv pozuntudur.- "Əsəb bizdə ailədədir” deyənləri çox görürük. Amma belə fikir də var ki, valideyn əsəbi olursa, bu, uşağa gərginlik ötürür.- Burda da konkret nə isə demək çətindir. Şizofreniya kimi xəstəliklərin genetik yolu araşdırılıb. Əgər valideynlərdən biri bu xəstəlikdən əziyyət çəkirsə, 10-13 faiz övladlarından birində olma ehtimalı var. Amma bildiyim qədərilə əsəbiliyin genetikası öyrənilməyib. Bəli, "hamımız əsəbiyik, hamımıza həkim lazımdır” deyən ailələr var. Amma yenə də burada genetikanın, yoxsa yetişmə tərzinin daha çox rolu olduğunu araşdırmaq lazımdır. Məsələn, əsəbi ailənin 3 uşağı var, o uşaqlardan birini daha sakit ailəyə versinlər. Görək sakit ailədə böyüyən yenə əsəbi olacaq? Bunları araşdırmaq lazımdır. Çünki bu məsələnin tərsi də var. Çox səs-küylü əsəbi ailələrdə sakit uşaqları da görmüşük.- Bizdə belə fikir var ki, nevroz müalicə ilə tam sağalmır, dərmanlar müvəqqəti sakitləşdirir...- Qətiyyən belə deyil. Sağalma nisbi anlayışdır. Tam sağalan nə qədər xəstəlik tanıyırsınız? Deyək ki, mədədə qastrit var. Müalicə ilə keçdi, amma sonra nə gəldi yesəniz, təkrar problem olacaq. Boğazınız ağrıyır, müalicə edirsiniz keçir, soyuq su içən kimi yenə ağrıyacaq. Müalicə olunanda xəstəliklərin əlamətləri gedir, amma qayıda bilər və çoxu təkrarlanır. Bəzi cərrahi, infeksion xəstəlikləri çıxa bilərik. Nevrozlar da belədir, adam dərmanlarını içib yaxşılaşır. Sonra getdi narkotik maddə istifadə etdi, gecə 4-5-ə qədər telefonda oturdu, yatmır, spirtli içki qəbul edir. Bunlar xəstəliyi yenə geri qaytaracaq. Həyat tərzi, hadisələrə yanaşma, günlük rejim və s. təsir edir.- Telefon məsələsinə toxundunuz. Telefon bütün gün əlimizdədir. Bunun əsəbi olmağımıza nə kimi təsiri olur?- Birincisi, bütün pasientlərimə deyirəm ki, yuxunuza fikir verin. Bu, bir az geniş məfhumdur, yəni tez yatıb, tez durun. İkincisi, nəyə baxmaq önəmlidir. Bütün günü baş kəsmə videolarına, neqativ yüklü xəbərlərə baxsanız, təsirsiz ötüşməyəcək. Yəni, gec saatlara qədər telefonda olmursunuzsa, yuxunuzdan alıb ora vermirsinizsə, doğmalarına ayırdığın vaxtdan kəsmirsənsə, problem deyil.- Adam var evdə daha əsəbidir, adam var çöldə... - Çox vaxt birinci ilə rastlaşırıq. Adam evdə əsəbi olur, çöldə yox. Amma çöldə əsəbi olanın evdə əsəbiləşməməyi mümkün deyil. Ümumiyyətlə, biz gərgin olduğumuzu, bundan dolayı nəyəsə əsəbiləşdiyimizi əsasən yaxınlarımıza hiss etdiririk. Gərək elə həddə çatasan ki, artıq hamıya qarşı kobudluq edəsən.- Komplekslərdən də danışaq. Adam "komplekssizəm” deyir, amma tamam başqa məsələdə əsl kompleksi ortaya çıxır. Komplekssiz adam varmı?- Yoxdur, tam komplekssizliyin özü də kompleksdir. Adam düşünür ki, filan sahədə kompleksli olsam, mənə "kompleksli” deyəcəklər. O da bunu qəbul etmir. Bu, xəstəlik deyil, amma sosial insanıqsa, müəyyən dəyərlər var ki, onları nəzərə almalıyıq. Məsələn, utancaqlıq dediyimiz sosial fobiya var. Onlar auditoriya qarşısında çıxış edə bilmirlər, fikirləşirlər ki, nəyisə səhv deyər, hamı onlara baxar, pərt olar. Danışanda üzləri qızarır. Yeni paltarı ilk dəfə işə geyinmək, hamı oturandan sonra qapını döyüb otağa girmək, nə isə mal alanda geri qaytarmaq adi həyati situasiyalardır, amma onlar üçün dəhşətli problemdir. Yaxud xarici görünüşünə görə kompleks keçirənlər olur. Qaşımın biri aşağıdır, burnumun forması qəribədir, qulağım, sinəm belədir və s. Bunun üçün ağır əməliyyatlara getməkdən belə çəkinmirlər. Bəzən estetik olaraq adamın əməliyyata ehtiyac olduğunu görürsən, amma heç də həmişə belə olmur.- Bir dəfə toyda sizinlə yanaşı oturmuşduq. Hamı toyda əylənirdi, siz telefonda pasientlərə cavab verirdiniz. Sanki toyda deyildiniz. Bu, sizə gərginlik vermir?- Telefon mənə xəstəyə baxmaqdan çox gərginlik verir. Gündə ortalama 120-130 zəng cavablandırıram. Fiziki olaraq artıq votsapda mesajlara cavab verməyə çatdıra bilmirəm. Bir dostum Almaniyada psixiatr işləyir, deyir ki, həkimin şəxsi nömrəsinin pasientdə olması pasient üçün lüksdür. Çox nadir haldır. Amma bizdə bütün reseptlərimdə şəxsi nömrəm yazılır. Bir az daha fərqli işləmə üslubum var. Bu təkcə mənə yox, bizdəki bütün həkimlərə aiddir. Məsələn, bir dərman təyin edirik. Onun yan təsirləri ola bilər. Bəzən ağır xəstələrlə işləyirik, intihar, özünə zərər vermə riskləri ola bilər. Ona görə pasientlə əlaqədə olmağı özüm istəyirəm. Amma bir müddət sonra bu, artıq müəyyən həddi aşır. Bu, bütün pasientlərə də aid deyil, eləsi var ki, axşam saatlarında, istirahət günlərində yığmırlar. Amma heç kim kefindən yığmır, problem olur ki, zəng vururlar. Bacardığım qədər cavablandırmağa çalışıram, amma yorucu olur. Bunu da etiraf edim.Müayinə vaxtı telefona cavab vermirəm, çünki pasientdən diqqətim yayına bilər.- Müayinə zamanı diqqət yayınsa...- Diqqətin müayinədə olması şərtdir, çünki bəzən hansısa problemi açmaq üçün bir sözü tutmaq lazımdır. Xəstəyə kifayət qədər diqqətlə qulaq asmaq lazımdır. Bir dəfə bir oğlanı atası yanıma gətirmişdi. Müayinə zamanı oğlanda nə isə əlamət tutmaq olmadı, çünki gizlədirdi. Axırda sağollaşmaq üçün əlimi uzadanda oğlan əlini stola vurub sonra mənə əl verdi. Belə bir obsessiya var ki, birini bura vurdu, birini ora. Mənim diqqətimi çəkdi, sual verdim. Əsl müayinə ondan sonra başladı. Adamı 40 dəqiqə müayinə etdim, o hiss etməməyim üçün özünü sıxırdı. Bu detal da mənim gözümdən qaçsaydı, heç də yaxşı olmazdı. Düzdür, onun yaxınları məlumat verəcəkdi, amma həkimin özü görməyi də başqadır. - Müayinədə insanı çözmək nə dərəcədə asan olur?- İnsanı çözmək çox çətindir. Çünki insanlar, problemlər, baş verənlərə baxış bucaqları fərqlidir. Ona görə ilkin müayinələr 40-50 dəqiqə çəkir, insanı duya bilmək üçün bu belə azdır. Empatiya qurmağa çalışırıq. Pasient sizinlə ünsiyyətdən sonra müəyyən rahatlıq əldə etməlidir. "Narahat olma”, "yaxşı ol” tipli söhbətlə yox. Pasient onu başa düşdüyünüzü hiss etməlidir.- İntihardan xilas edə bilmədiyiniz xəstəniz olub?- 2-3 pasientim intihar edib, amma müalicə ərəfəsində yox. 6 ay, bir il sonra olub. Bu, həkim kimi narahat olduğum məqamlardan biridir, onu maksimum nəzarətdə saxlamağa çalışıram.- Maraqlıdır, heç öz psixoloji durumunuzu dəyərləndirirsiniz? - Bəli, hazırda antidepresant içirəm. İşlərdən dolayı gərginlik yarana bilir. Bunu daha çox doğmalarımız hiss edir. Özümü qorumaq üçün yuxu rejimimə diqqət edirəm. Əksər hallarda on, on birin yarısı yatıram, səhər yeddidə oyanıram. Gecə yuxusu qaydasında olanda əsəb problemlərinin böyük hissəsi həll olunmuş sayılır.- Peşə xəstəlikləri ilə bağlı bir yazı hazırlaşmışdım. Müsahibim demişdi ki, psixiatrlar uzun müddət psixi xəstələrlə təmasda olduqları üçün çalışdıqları mühit, şərait onlarda peşə xəstəliyi - nevrozlar əmələ gətirə bilir.- Əskinə, peşəm psixoloji durumumu qorumaqda mənə kömək edir. Əvvəllər, bizim evdə nə atamda, nə qardaşımda, nə məndə avtomobil yox idi. Buna həvəsli deyildik. 7-8 il əvvəl qardaşım avtomobil aldı. Mənim ağlıma gəldi ki, o, maşını vuracaq. Həqiqətən də vurdu. Əgər mən psixiatr olmasaydım, düşünəcəkdim ki, ağlıma gəldi deyə vurdu. Ondan sonra ağlıma başqa nə gəlsə, fikirləşərdim ki yenə olacaq. Amma fikirləşdim ki, mənim qardaşımın o maşını vurma ehtimalı çox idi. Çünki ilk dəfə idi otururdu, vurması da təbi idi.Ümumiyyətlə, bizdə psixiatr olan məclislərdə iki baxış olur. Bir qrup özünü yığışdırır ki, baxıb mənə nə isə deyər. Bəziləri də baxır ki, psixiatrın öz başı xarab olubmu?  Aygün AsimqızıMənbə Kaspi.az

“Sənətim üçün həyatımı qurban verdim” – Məşhur türkiyəli psixoloqla müsahibə/FOTO

Türkiyənin məşhur psixoloqu, münasibətlər üzrə mütəxəssisi, kitab yazarı Aşkım Kapışmakın dünən -18 noyabr Pullman hoteldə seminarı baş tutub. Psixoloq.az xəbər verir ki, mütəxəssis tədbirdə, insan həyatı üçün vacib məqamlara toxunub. Həmçinin yeni “Alma desəm çıx” adlı kitabı barədə danışıb. Qeyd edək ki, seminardan sonra kitab imzalama mərasimi keçirilərək iştirakçılara Aşkım Kapışmak izmalı sertifikatlar verilib. Əməkdaşımız Şəhanə Quliyevanın psixoloq Aşkım Kapışmakla apardığı müsahibəni təqdim edirik: -     “Aşkım” gerçək adınızdır? -     Bəli, öz adımdır. -     Məşhur olmaq üçün əlavə ada, ləqəbə ehtiyac duydunuz? -     Aşkım adı hər zaman insanlara fərqli gəlib. Adım üçün xüsusi hazırlığa ehtiyac qalmadı. Adım və soyadım qəribə olduğu üçün  hər zaman maraq çəkib. Əlavə nəisə etməyə ehtiyac duymadım. -Adınızı kim qoyub? -     Rəhmətli olan nənəm qoymuşdu. - Bu qədər məşhur olmağı gözləyirdiniz? -     Əslində bütün dünyaya açılmaq, onlar üçün nəisə etməyə çalışmaq istəyirdim. Bunun da yolu məşhurlaşmaqdan keçirdi. Bu qədər düşünmürdüm. Amma inşallah qoruya bilərəm. Əsas olan budur. -     Bu yüksək məqamı əldə etmək üçün həyatınızdan nəisə qurban etdinizmi? -     Təbii ki... Həyatımdan əl çəkdim. Yeri gəldi ailəmlə görüşə bilmədiyim zamanlar oldu, sevgilimlə görüşə bilmədim. Hətta özümlə belə görüşə bilmədiyim zamanlar oldu. Çünki çox çalışırdım. Bu dünyadakı yaşamaq üçün məqsədimi tapdım və inşallah davam edəcək. -     Bir çox turnirlərdə iştirak etmisiniz. Bu səfərlər arasında fərqli gələn, marağınızı çəkən nə olub? -     İnsanlar hər ölkənin psixologiyasına görə dəyişir. Məsələn almanlar daha ciddi, qayda-qanuna, ingilislər isə daha çox məntiqə görə davranırlar, fransızlar intellektualdırlar, azərilər çox istiqanlıdırlar, çox səmimidirlər. Hər ölkədə fərqli hadisələrlə qarşılaşıram. Evlənmə təklifləri çox alıram. Ana qızı ilə gəlir, qızını mənə tanıtdırır.(red: gülür). -     Siz necə cavablandırırsınız? -     Təşəkkür edirəm. Mənə buna layiq gördükləri üçün sevinirəm. Ancaq ola bilməz yəni. -     Bir çox qadınların sizə vermək istədiyi sualı səsləndirmək istərdim. Köhnə sevgililəri, münasibətləri unutmaq mümkündür? -     Bu mümkün deyil. Onsuzda beynimiz unutmağa meyilli deyil. Yaşadıqları ilə yaşamağa, onunla bacarmağı öyrənmək lazımdır. Bu istəklə, həsrətlə yaşamağı qəbul etməlidirlər. Bunu öyrənmək məcburundadır hər kəs. -   Seminarda evliliyin monotonluğundan bəhs etmişdiniz. Evliliyi sonlandırmaq üçün bitiş nöqtəsi nədir? -     Bu hər insana görə dəyişir.  Bəziləri aldadıldığı halda evliliyə davam edə bilirlər. Maddiyyat, cinsi münasibətlər sıxıntı ola bilər. Hər evlilikdə həyəcan olmalı deyil. Ancaq bir çox evlilik kağız üzərində davam edir. Paylaşma yoxdursa, empati qurulmursa, anlaşma yoxdursa evlilik bitməlidir. Evlilik digər səbəblərdən –yəni cinsi problemlər, maddi sıxıntı, aldatmaqdan deyil, anlayışsızlıqdan,münasibət qopuqluğundan bitə bilər. -     Sağ və sol beyin anlayışından həm seminarlarınızda, həm də kitablarınızda bəhs edirsiniz. Əgər evlilikdə cütlüklərdən biri sağ digəri sol beyin üzrə inkişaf edibsə belə evlilik necə davam etdirilə bilər? (Qeyd edək ki, sağ beyini daha çox inkişaf edən şəxslərdə gəzmək, danışmaq, həyəcan, aktivlik daha çoxdursa, digər tip insanlarda bunun tam əksi, ciddilik, panik ataklıq, şübhəçilik daha çox özünü göstərir). -     Bir-birini anlamaqla davam etdirilməlidir. Düşün ki qarşındakı səndən fərqlidir.  Məsələn, sağ beyin daha aktiv, həyəcanlıdırsa, sol beyindən sakitləşməyi, nə zaman durmağı öyrənməlidir. Sol beyin də sağdan daha rahat olmağı, əylənməyi öyrənməlidir. İki tərəf də öyrənməlidir. Bu fərqliliklər ayrı-ayrılıqda üstünlük deyil. -     Hazırda sevgiliniz varmı? -     Xeyr yoxdur. 2 ildir yoxdur. -    Aşkım Kapışmaq bir çoxları üçün möhtəşəm insandır. Belə bir insanı hansı qadın özünə cəzb edə bilər? -     Bunun uzunmüddətdən bəri bilirəm. Mən zəkaya aşiq olanlardanam.  Mən bir qadının vücuduna aşiq olammıram. Hər kişi bəlkə də müəyyən qədər təsirlənir, amma mən hadisələrə baxış tərzi, mərhəmət duyğusu, yeri gələndə dura bilən, oxuyan insanlara daha çox aşiq ola bilərəm. -   İdeal insan istəyirsiniz deyə bilərik? -     Təbii ki zəif cəhətləri olacaq. Məsələn, aqressivliyi, dalaşa biləcək insanları sevərəm, amma həddində edəcək. Zəkasına aşiq ola bilərəm. -   Mən belə oturan zaman belə sizdən qorxa bilərəm. Çünki yüksək səviyyədə bədən dili oxuya bilirsiniz.  Bu qədər dərinliyi bilmək şəxsi həyatınızda sizin üçün çətin olmur? -     İş zamanı asan olur. Şəxsi həyatımda əvvəllər çətin idi. Artıq diqqət etmirəm. Beynim öyrəndi artıq. Fİlm, veriliş izləyən zaman yenə də narahat oluram. Nə zaman yalan deyir və s. anlaya bilirəm özümdən asılı olmadan. -     Sizi bu qədər məşhur edən, sevdirən nədir? Səmimiyyətiniz, biliyiniz ya sadəliyiniz? -     Gözəl maddələr saydın. Mən öyrəndiyimi bildirirəm. Bu bitməyəcək.  Məncə səbəbi daha çox səmimiyyətdir. Universitet zamanı səmimi, yuxarıdan aşağı baxmayan müəllimləri sevərdim. Həyat hər zaman bunu mənə öyrətdi. İnsanların da bu xoşuna gəlir. Həmçinin olanları teatr formasında anladıram. Bu da insanların xoşuna gəlir. Pis insan olmamağa çalışıram. Bəlkə də odur. Dəyərlər mənimçün əsasdır. Yoxsa mən cazibədar, yaraşıqlı deyiləm. Hiss etdiyim budur. -     Yeni kitabınızdan bəhs edək. “Alma desəm çıx” adlı kitabınızla sizcə bir çox insanlar çıxa biləcəkmi? -     Bu kitabı xaricdə Monteneqroda yazmışdım. İçərisi bir çox fəlsəfə, dini kitabların toplusu kimidir. Yaşamadığım nələrisə yazmıram. Qısa müddətdə Türkiyədə çox oxunulan kitablar sırasına daxil oldu. - Yazdıqlarınız sizi problemlərdən çıxartdımı? Özünüzə tətbiq edə bildinizmi? -     İçərisində olanlar həqiqətən mənə faydalı oldu. İnşallah ümidim budur ki, oxuyanlara da təsir edər. Adətən 100-də 10luqda dəyişim olar. Bunda da elə olacaq deyə düşünürəm. -  Bakı ilə bağlı təəssüratlarınız? -     Bakıya ikinci gəlişimdir. Fərqli seminar üçün gəlmişdim. Buranın ətlərini çox sevirəm. Sizin xüsusi dolmanız çox gözəldir. Piti xörəyinizdən yedim. Çox ləzzətlidir həqiqətən. Çox gəzə bilmirəm iş səbəbilə. İnşallah sabah bir az gəzməyə zamanım olacaq. Mənim üçün getdiyim ölkələrdə divarlar vacib olmadı. İnsanlar əsasdır. Sevirəm azərbaycanlıları. Onlar bizə çox dəyər verirlər. Bəzən bizi bizdən daha yaxşı anlayırlar. Müəllif: Şəhanə Quliyeva

Fizioterapevt Rəna Xudiyeva: “İnsanların güvənini qazanmışam”

Rəna xanım, neçə ildir ki, bu işlə məşğulsunuz və işiniz nədən ibarətdir?- Mən artıq 22 ildir ki, fizeoterapevt olaraq fəaliyyət göstərirəm. Eyni zamanda bədənin istənilən yerinini korreksiyası ilə məşğulam. Yəni ki, istənilən bədən üzvünü müxtəlif aparatlar vasitəsilə həm arıqlada, həm də kökəldə bilirəm. - Sizə daha çox bəylər müraciət edir, yoxsa xanımlar?- Daha çox xanımlar müraciət edirlər, amma bəylərin də müraciəti ilə tez-tez rastlaşıram. - Bəzən insanlar arıqlamaq üçün mədə kiçiltmə əməliyyatına müraciət edirlər. Amma siz isə fərqli üsulla insanları arıqlada bilirsiniz. Cərrahların narazılığına səbəb olmursunuz ki?- Qətiyyən, onlar özləri mənimlə işləməkdə zövq alırlar. Çünki əməliyyatdan sonra müəyyən izlər qalır ki, mən müasir aparatlarla o izləri aradan qaldırıram və tikiş zamanı vurulan sapları yumşaldıram. Bərkiməyə qoymuram. Bir də ki, elə pasientlər olur ki, mən özüm onlara məsləhət görürəm ki, bu mənlik deyil, plastik cərrahiyəlikdir. - Sizin üsulunulza bir aya nə qədər kilo verə bilir pasientlər?- Hansısa bir üzvü kiçiltmək çəkiyə baxmır. Çəki onsuz da azalır. Amma mənim əsas məqsədqim ölçünü kiçiltəm, ya da böyütmək olur. Bir sözlə, mən uşaqlıdan yığılıb qalan piyləri əridirəm. Loru dildə desək, insanları “rəndələyirəm”. - Bəs etdiyiniz prosedur zamanı hansısa bir pəhrizi məsləhət görürsünüzmü?- Xüsusi pəhriz olmur. Lakin hər prosedurdan iki saat qabaq və iki saat sonra yeməmək əsas şərtdir. - Dediniz ki, müxtəlif aparatlarla işləyirsiniz. Bu aparatların funksiyaları nədən ibarətdir?- Aparatlarımın hamısı müasir aparatlardır. Kompleks şəkildə işləyirəm. Hər aparatın özünün funksiyası var və onlar biri-birini tamamlayır.- Sizin prosedurlarınızdan sonra narazı qalan pasientlər olurmu?- İndiyə qədər belə halla rastlaşmamışam. İnsanların güvənini qazanmışam. - Bəs bu prosedurların sonradan bir fəsadı ola bilərmi?- Qətiyyən. Əksinə, nəticələr getdikcə daha da ürəkaçan olur. - Ən uzun çəkən prosedur hansıdır?- Gün ərzində bir prosedura bir-iki saat vaxt gedir. Amma elə prosedurlar var ki, beş-altı saat vaxt tələb edir. - Son olaraq, nə demək istəyirsiniz?- Demək istəyirəm ki, insanlar öz sağlamlıqlarına fikir versinlər və həmişə gözəl görünsünlər.Əlaqə nömrəsi: 055 658 07 58Real Hospital

"Dərslərin 8-də başlanılmasının əleyhinəyəm" - Psixoloq uşaqların psixoloji hazırlığından danışdı

Mütəxəssislər hesab edir ki, Azərbaycanda valideynlər övladlarını birinci sinfə heç bir psixoloji hazırlıq olmadan aparırlar. Lakin bilmirlər ki, ilk dərs günündən uşaq psixologiyasında qazılan özüllər onun gələcək həyatına bu və ya digər şəkildə təsir edir.  Məktəblərin açılması ilə əlaqədar uşaqların sosial və psixoloji problemlərini, valideyn, məktəb və müəllim münasibətləri barədə  psixoloq Leyla Davud Abdullayevaya danışıb. Psixoloq.az medicina.az-a istinadən həmin müsahibəni təqdim edir: -Leyla xanım, fikrinizcə, hər 6-7 yaşlı uşaq məktəbə getməyə hazırdırmı? Niyə çox uşaqlar məktəbi sevmir? İlk dərs ili uşağı hansı istiqamətə daha çox dəyişir: mənfi, yoxsa müsbət?  -İlk olaraq, 5-6 yaşlı uşaqların məktəbə yazdırılması məsələsinə toxunmaq istərdim. Əvvəllər bilirik ki, uşaq 7 yaşı tamam olanda məktəbə gedirdi. Hətta 7 yaşı oktyabra kimi tamam olmayanı növbəti ilə saxlayırdılar. İndi isə 6 yaşı tamam olmadan uşaqları məktəbə aparmağa tələsirlər.  Valideynlər düşünür ki, uşağım rəqəmləri saya bilir, hərfləri tanıyır, zehni yaxşıdır, nə qədər tez məktəbə getsə, bir o qədər yaxşıdır, hər şeyə tez nail olar. Bu faktların heç biri uşağın məktəbə hazır olmasını göstərmir. Ən böyük yalnışı da elə burda edirlər.  Uşaq fiziologiyası, psixologiyası, inkişafı elədir ki, hətta ayın, günün belə əhəmiyyəti var. Necə ki, uşaq hamiləlik dövründə 9 ay tamam olunca doğulmalıdır, vaxtından əvvəl doğulmuşlara yarımçıq doğulmuş deyilir və bu uşaqlarda tənəffüs, beyin orqanları tam inkişaf etmiş olmur. Eləcə də məktəb yaşı... İdeal variant 7 yaşdır. Heç olmasa 6 yaş tamam olsun, 7 yaşa keçsin. Ola bilər, uşaq bu yükə dözər, ayaqlaşar, amma bu nəyin bahasına baş verir: uşağın psixologiyasının gərginliyinin hesabına, rezervlərini tükətməyin hesabına. Bu ilk başda hiss olunmasa da, sonradan çox böyük mənfi nəticələrlə özünü biruzə verir.   Məktəb uşağın ilk sosial kollektividir. Hər uşaq üçün ora təkcə oxumaq, elm qazanmaq yeri deyil ki. Evdən gələn, ailəsindən başqa bir adam görməyən uşaq üçün bu çox böyük dəyişiklikdir.  Uşaqların zehni, fiziki bədəni üçün 45 dəqiqəlik dərsdə oturmaq belə çox çətindir. Çünki uşaqlarda zaman anlayışı da fərqlidir. Mən səhər 7-də oyanıb, məktəbə hazırlaşmaq, 8-də dərslərin başlanmasının da əleyhinəyəm. Uşaq beyni, orqanizmi üçün bu uyğun vaxt deyil. Yaxşı olar ki, saat 9:30-10 arası başlasın.  Amma nə edək ki, bir çox şeyləri biz dəyişə bilmirik. O zaman valideynlər məktəb başlamasına az vaxt qalmış adaptasiya mərhələsinə keçməli, sanki məktəbə gedirmiş kimi rejim qurmağa başlamalıdırlar. Birdən-birə 10-da yuxuda qalxan uşağı 7-də oyatmaq uşağın beyni üçün zərbədir. Eyni zamanda bunu uşağa danışaraq, başa salaraq etməlidirlər. Maksimum izah, motivasiya olmalıdır.  Bilgili ailələr uşağı psixoloji olaraq məktəbə hazırlayırlar. Burada maraqlı və çətin məqam nədir: bir sinifdə hazırlıqlı uşaqla hazırsızlıqlar gəlib qarışır. Artıq hansı tərəfin üstün gələcəyi sual altındadır. Uşaqlar bir-birinə təsir etməyə başlayır. Burda əsas yük pedaqoqun üzərinə düşür. Mənim fikrimcə ibtidai sinif müəllimləri yüksək psixoloji təlim keçmiş insanlar olmalıdır. Təkcə pedaqogika ilə iş bitmir. Uşaqdır, gec-tez əlifba öyrənəcək, yazacaq da. Əsas sinifdə uşaqların kollektivə düzgün adaptasiyasını təşkil etməkdir. Biz böyüklər belə kollektivə gec öyrəşirik, təsirlənirik, kollektiv yaxşı olmayanda məyus oluruq. Psixoloji niyələr artır. Bu niyələrə cavab tapmayanda bizdə stres, gərginlik yaradır. Uşaqların psixologiyası isə tamam fərqlidir. Uşaq zehnini anlamaq çətindir. "Uşaqla uşaq dilində danışacağam, hər şey düzələcək” fikrini özünüzdən uzaqlaşdırın. -Məktəbə gedən uşaqları əlavə musiqiyə, incəsənətə, kurslara qoymağın faydası varmı? Axı uşaqların çoxu gələcəkdə heç o sənəti seçmir. Bunlar əlavə yorucu yük deyilmi?  -İncəsənət, yaradıcılıq, kurslar hər uşağın potensialına görə təyin edilməlidir. Bəzi valideynlər isə uşaqların bacarıqlarını nəzərə almadan,öz arzu və istəklərinə uyğun kurslara yönəldirlər. Biz bəzi psixoloji problemləri olan uşaqları idmana, pianoya, musiqiyə yönəldirik. Örnək olaraq piano dərsləri uşağın beyninin inkişafı üçün vacibdir. Çünki pianoda uşaq hər iki əlini çalışdırır, bu da beyin yarımkürələrini işlədir. Vacib deyil ki, musiqiçi olsun, konsertlərə çıxsın, gözəl ifalar etsin. Burda məqsəd psixoloji, zehni inkişafı gücləndirməkdir. Eləcə də rəsmə getməyin böyük psixoloji faydası var.  Bəzən də qonşuya, qohuma baxıb, geri qalmamaq, dəbə qoşulmaq arzusu üstün gəlir. Valideyn istəyir deyə uşaq bu kursa, sənətə getməlidir hökmü üstünlük təşkil edir. Burda da valideynlər diqqətli olmalıdır.  Uşağı hara yönəltməkdə çətinlik çəkirlərsə, o zaman psixoloq məsləhəti ilə uyğun kurs seçə bilərlər.  -Məktəb başlayandan uşağın iştahı, yuxusu, dəngəsi pozuldu deyənlər də çoxdur. Buna görə uşağı nevroloqa, həkimə aparır, vitaminlər, hətta yuxu dərmanları verirlər.  -Bəzi həssas uşaqlarda həyatında baş verən məktəb kimi yenilik gərginlik yaradır, evdə davranışında, danışığında, yuxusunda, yeməyində pozuntular başlayır. Bu, valideyni qorxudur. Bunu önəmsəməmək və ya özbaşına aradan qaldırmaq mümkün deyil. O zaman uşağı mütləq peşəkar psixoloqa yönləndirmək lazmdır. Psixoloq çox qısa müddətə, 3-4 seansa uşağı məktəb sindromundan çıxara bilər.  Bəzən valideynin xəbəri olmur, amma uşaqda orqanik nevroloji problem var. Məktəbə gedən kimi bunlar artır. O zaman nevroloq və psixoloq birgə yanaşmalıdır. Bu halda valideyn tək başına bir şey edə bilməyəcək. Uşaqlar məktəbə adaptasiya dövrünü çətin keçirir. Amma elə uşaq var ki, psixologiyası güclüdür, hazırlıqlıdır, asan keçirir. Bu müddəti faciələşdirmək lazım deyil. Bəzən pasiyentlərim olur, 18-20 yaşlı övladları ilə gəlirlər, adi bir münasibəti belə faciəyə çevirirlər ki, mənim uşağım normal deyil. Yeniyetməliyin son dövrü deyilən dövr var, elə gənc var ki, onda 22 yaşa kimi davam edir. Ona görə 22 yaşlı gəncin özünü dəlisov yeniyetmə kimi aparması normaldır.  Bəzən valideynlər özlərini misal gətirir ki, bizim dövrümüzdə belə şeylər yox idi, biz də uşaq olmuşuq, belə olmamışıq.  Axı sizin dövrünüz bu qədər modern deyildi. İnsan üçün çox asanlıqlar və çox zorluqlar var... Bu dövrə adaptasiya olmaq çox çətindir. Biz də yaşlananda uşaqları görüb belə deyəcəyik: bizim vaxtımızda belə deyildi. Modern valideynlər internetdə gecə-gündüz oturur, sonra uşağında təcrübə aparır. İnternet kirli məlumatlarla doludur. Uşaqda xəstəlik tapırlar, özlərindən fobiyalar uydururlar.   Mən validyenlərə deyirəm ki, siz araşdırmağı buraxın, problem varsa, onu mütəxəssisə həvalə edin. Orda bir kirli informasiyanı görəcəksiz, o informasiyanın sizin beyninizə etdiyi təsir, dəyişiklik sonra çətin düzələcək.  Valideynlər  uşaqlar üzərində eksperiment edirlər. Əslində övlada ən böyük zərəri istəmədən elə valideyni vurur.  Etdiyiniz yanlışlar sonra ikiqat zərərlə geri qayıdır. O xətaları biz düzəldənə kimi vaxt gedir. Sıfırdan gəlsələr, heç çətinlik çəkmərik.  Aptekdən özbaşına dərman almaq, özlərinin təyin etdiyi " diaqnoz”lar, filankəsin uşağı bunu içdi yaxşı oldu, bu dərman beyni gücləndirir, ya sakitləşdirir - kimi ağlagəlməz hərəkətlər əks- fəsad olaraq geri dönür. Kimyəvi tərkibli dərmanlarla uşaq psixologiyasını düzəldə bilməzlər. Sənin uşağın ayrıdır, sənin uşağın onun-bunun uşağı deyil. Sən övladına fərqli varlıq kimi baxmalısan. -Bəs dərslərdən mütləq 5 qiymətlə evə gəlmək vacibdirmi? Qiymətə görə uşağı danlamaq olarmı? Olmaz ki, uşaq özünə görə oxusun?-Bu da yaralı mövzudur. İnsanın o qədər özünə xas psixologiyası, idrakı var ki... Bir sinifə 20 uşağı yığıb, hamısından eyni nəticəni gözləmək, eyni tələbi etmək qeyri-peşəkarlıqdır. Bilmirəm, bu tendensiyanı kim icad edib. Çox düşünülməmiş bir ideyadır. Pedaqoqlar bu baxımdan təhlükəli vəziyyət yaradır. Pedaqoq bilməlidir ki, bir uşaq bir fəndən yüksək nəticə göstərib, digərindən zəif qiymət ala bilər. Uşaq robot deyil. Təbii ki, nəzarət olmalıdır. Amma uşağını yaxşı tanıyan valideyn bilməlidir ki, bu uşaqdan nə dərəcədə tələb edə bilər. Sən istə, müəllim tut, öyrət, tələb et, amma bir yerə qədər. Gördünsə olmur, nəticə yoxdur, o zaman ayrı yol tutacaqsan. Valideyn vaxtını, pulunu sərf edir, uşaq gözlədiyi nəticəni verməyəndə uşağı gətirirlər nevroloqa, psixoloqa ki, baxın görün buna nə olub? Valideyn uşaqlar üçün universitetdən o tərəfə özünü təsdiq yolu qoymur. Bunu valideynlər gözəl bilir. Sənin uşağın üçün yüzlərlə təsdiq yolu var, sənət növü var. Valideyn  övladının arxasında durmalı, dəstəkləməlidir ki, o uşaq həyata tutuna bilsin.Uşağa qayğı, sevgi kurslar, müəllimlər, fənlərə pul xərcləməklə göstərilmir. Hansı valideyndən soruşsan, təbii ki, uşağını sevir. Onun üçün ölümə də gedər. Amma təəssüf ki, bu sevgini övladımıza çatdıra bilmirik. Uşaq böyük boşluğa düşür, ona təqdim olunan yolu məcburiyyət kimi görür, nə edirsə məcbur edir. Təki anam-atam razı olsun, təki evdə səs çıxmasın, məndən razı olsunlar. Uşağı sevgi ilə böyüdün, travmalarla yox.  Bizim ən xatalı, bəlalı yerimizdir – sevgisizlik. Övladınız doğulan gündən sizin hədəfiniz nə dərs, nə kurs, nə sənət, nə məktəb olmalıdır. Sənin hədəfin övladına maksimum sevgi çatdırmaq olmalıdır. Valideyn övladını dərindən tanımalıdır. Tanıya bilmirsə, psixoloq köməyilə tanımalıdır. Bu sənin missiyandır. Uşağın fizioloji, psixoloji sağlamlığı üçün hava, su, qida, puldan da önəmli sevgi ilə qidalanmasıdır.Sevgisiz böyüyən, sevgi acı olan uşaq ömür boyu yadlarda, bəzən qorxulu bir adamda, təhlükəli ünvanlarda sevgi axtaracaq, başqalarının təsirinə düşəcək. Bunun üçün bizim toplumumuzun bilgili valideynlərə, uşaq psixalogiyasını dərindən bilən pedaqoqlara ehtiyacımız var.

"Daha çox qadınlarda psixi pozuntular baş verir" - Məşhur professor reallıqdan danışdı

Türkiyənin və dünyanın ən tanınmış psixiatrlarından biri, Üsküdar Universitetinin rektoru, NP (neyropsixiatriya) İstanbul Xəstəxanalar Qrupunun baş həkimi, professor Nevzat Tarhan psixoloji problemlərə aydınlıq gətirib.- Azərbaycanda psixi sağlamlıq vəziyyəti ilə bağlı mövcud durumu necə qiymətləndirirsiniz?- Müşahidələrimə əsasən, deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin psixoloji sağlamlıq vəziyyəti ilə Türkiyə cəmiyyətinin psixoloji sağlamlıq durumu arasında o qədər də ciddi fərq yoxdur. Soyuq müharibə illərindən sonrakı dövrdə Azərbaycanda mədəni kimliyin təzyiq altına alındığı bir cəmiyyət modeli hakim idi. Lakin müstəqillik əldə edildikdən sonra çox sürətli yeniləşmə dövrü yaşanmaya başladı. Türkiyədə olduğu kimi, Azərbaycanda da qloballaşmanın müsbət və mənfi tərəflərinin olduğunu söyləyə bilərik. Bu prosesin müsbət cəhətləri insanlarda təşəbbüskarlıq ruhunun artması, rəqabət mühitinin formalaşması və bunlara paralel olaraq iqtisadi inkişafın baş verməsidir. Mənfi çalarları kimi isə, ailə münasibətlərinin zəifləməsi faktını göstərə bilərik. Türkiyədə olduğu kimi, qloballaşmanın ailə münasibətlərini zəiflədən mənfi xüsusiyyətləri Azərbaycandan da yan keçməyib.- Psixi xəstəliyə daha çox kişilər, yoxsa qadınlar düçar olurlar?- Psixi pozuntular, ələlxüsus depressiv mənşəli pozuntular qadınlarda kişilərə nisbətən daha yüksəkdir. Bu, 1:2 nisbətindədir. Lakin şizofren mənşəli problemlərin görünmə sıxlığı baxımından cinslər arasında çox böyük fərq yoxdur. Hiperaktiv olaraq adlandırdığımız pozuntular təqribən 1:3 nisbətində kişilərdə daha çox müşahidə olunur. Elmi ədəbiyyatda antisosial şəxsiyyət pozuntusu olaraq adlandırılan problemlər də kişilərdə daha çox özünü büruzə verir. Nitq pozuntusu kişilərdə daha yüksək, qadınlarda isə daha aşağı səviyyədədir. Yəni psixi pozuntunun növündən asılı olaraq, onun qadın və kişilər arasında özünü büruzə vermə sıxlığı fərqlidir.- Azərbaycandan sizin yanınıza xeyli sayda xəstələr gəlir. Onlar daha çox hansı xəstəlikdən şikayət edirlər?- Azərbaycandan olan pasientlərin son dövrlərdə xəstəxanalarımıza edilən müraciətlərinin sayında artım var. Bunların arasında hansısa bir psixi pozuntunun özünü daha çox bürüzə verdiyini söyləmək çətindir. Lakin bununla belə ümumiləşdirmə aparsaq, Azərbaycandan gələn pasientlər arasında manial depressiv psixoz hallarına (nevrozun növü) daha çox rast gəlinir. Bu vəziyyət Türkiyənin Qara dəniz, Ərzurum, Qars, Ərzincan vilayətlərindən olan xəstələrin şikayətləri ilə çox yaxındır.- Yeni yetişən nəsillərin tərbiyəsi müasir dövrdə çox böyük əhəmiyyət kəsb edir. Siz də uşaq tərbiyəsi üzrə çoxsaylı tədqiqatlar aparmısınız. Azərbaycanda bəzi valideynlər hələ də uşaqları döymək kimi tərbiyə üsullarından istifadə edirlər. Bu nə qədər düzgündür?- Biz türklərin zorakılığa haqq qazandıran bəzi səhv düşüncələrimiz var. Əslində isə bir insana edilən ən gözəl nəsihət qar kimidir. Qar yavaş yağdığı zaman yerdə qalar, şiddətli yağarsa, fırtınaya səbəb olur və qar yerdə qalmaz. Gözəl nəsihət insanın ruhunda iz qoyar. Bir insana qarşı zorakılıq tətbiq edərək onu tərbiyə etməyə çalışmaq fırtınalı qar kimidir. Bu, heç bir nəticə verməz. Onun tərbiyəedici gücü demək olar ki, yoxdur. Yalnız qarşımızda özünəinam hissi zəif fərdlər formalaşdırar. Halbuki məqsədimiz sakit, özünəinam hissi olmayan fərdlərdən daha çox, özünəinam hissi yüksək olan insanlar yetişdirmək olmaldır. Bu mənada Hz. Əlinin çox gözəl bir sözü var: "Uşaqlıqda çox sual verən sonrakı yaş dövrlərində çox suala cavab verən olar". Yəni burada sual verən uşağı nəinki alçaltmaq, əksinə onunla daimi ünsiyyətdə olmaq vacibdir. Hətta həmin uşaqlarla onunla eyni boya əyilərək ünsiyyət qurmaq lazımdır. Beləcə uşağa dəyər verdiyimizi göstəririk. Uşaq tərbiyəsində tətbiq etdiyimiz bir prinsipimiz var: "Sev, dəyər ver və bölüş". Uşaqlara dəyər verməyimiz lazımdır. Bu mövzuda yenə Hz. Əlinin bir sözünü misal çəkmək istəyirəm: "Yeddi yaşına qədər övladınızla oynayın, 15 yaşına qədər onunla dost olun, 15 yaşından sonra onunla məsləhətləşin". Bunlar uşaq tərbiyəsində bizim üçün istiqamətverici prinsiplərdir. Göründüyü kimi, burada aqressiyadan, hansısa bir zorakılık elementindən söhbət gedə bilməz. Zorakı üsullarla uşağı tərbiyə etməyə çalışmaq gələcəkdə həmin uşağı özünə düşmən etmək deməkdir. Belə ki, sonrakı yaş dövrlərində bu uşaqların həm valideynlərinə, həm də cəmiyyətin digər üzvlərinə qarşı gizli və yaxud açıq düşmən hissi bəsləyən fərdlərə çevrilmə ehtimalı var. Digər tərəfdən, uşaqlıqda fiziki zorakılığa məruz qalan insanların sonrakı yaş dövrlərində psixi pozuntuların yaranması və özünəinam hissi zəif fərdlərə çevrilməsi riski var.- Artan psixoloji problemlərlə paralel psixoloqlara və psixiatrlara olan ehtiyac da durmadan artır. Türkiyədə bu sahədə professional mütəxəssislərin hazırlanması istiqamətində hansı tədbirlər görülür?- Yeni qurulan universitetimiz psixologiya, psixiatriya, fəlsəfə, kompüter mühəndisliyi, sosial iş, molekulyar biologiya kimi sahələrdə ixtisaslaşmış bir universit kimi qısa zamanda həm tələbələrin, həm də ictimaiyyətin diqqətini özünə cəlb edə bilib. Universitetimiz Türkiyədə ilklərə imza atmağa müvəffəq olub. Beyin batareyası istehsalı üzrə neyrotexnologiya mərkəzimiz var. Yenə Türkiyədə ilk olan ailə mərkəzi açdıq. Burada da ailə konsultasiya mərkəzləri üçün mütəxəssilər yetişəcək, ayrıca universitetimizdə zorakılığı tədqiq edən mərkəz fəaliyyət göstərir. Bu mərkəzdə Türkiyənin aqressiya riski böyük olan yerlərinin xəritələri hazırlanır. Universitetimizin ən böyük üstünlüklərindən biri tələbələrimizin Türkiyənin ən tanınmış və bu sahədə ən qabaqcıl psixiatriya xəstəxanalarından biri olan NP İstanbul xəstəxana Qrupunda təcrübə keçmə imkanına malik olmalarıdır. Universitetimiz xarici ölkələrdən, ələlxüsus türk dövlətlərindən, Azərbaycandan olan tələbələrə öz qapılarını açmağa hazırlaşır. Təsis etdiyimiz xüsusi imkanlarla bu ölkələrdən olan tələbələr həm ingilis, həm də türk dillərində ən son texnologiyalarla təchiz olunmuş universitetimizdə təhsil alma imkanı əldə edəcəklər.(trend.az)

"Başım daşdan-daşa dəydi özümə gəldim" - Müğənni Elvin Mirzəzadə ilə müsahibə/FOTO+VİDEO

Qısa müddətdə böyük populyarlıq qazanan, “Düşün məni” adlı mahnısı ilə 10 gün ərzində youtube kanalında 1 milyona yaxın izləyici rekordu qıran məşhur müğənni Elvin Mirzazadə Psixoloq.az portalına müsahibə verib: - “Sevmədinmi”, “Günahkaram”, “Onun ürəyində özgəsi vardı” və digər mahnıları ilə bir çoxların ürəyinə taxt quran müğənni Elvin Mirzəzadə sənətə necə başladı və bu qədər fanat qazanacağınızı düşünürdünüzmü?  - Belə bir az şablon səslənəcək amma uşaqlıqdan oxumağa başlamışam. Amma heç kim ciddiyə almırdı məni. Deyirdilər sakit dur, baş beynimizi aparma (red: gülür.) Azərbaycan Memarlıq və İnşaat universitetini bitirmişəm. Uşaqlarla yığışırdıq, gitara ilə birgə oxuyurduq. Artıq əhatə genişlənməyə başlayırdı. Bir müddətdən sonra bir çox insan məni dəstəkləməyə başladı ki "Yeni ulduz" müsabiqəsinə qatılım. Qatıldım. Bir az fərqli mahnılar oxudum. “Can-cana”, “Amma anan bilməsin” mahnılarını dəyişdirib oxudum. Keçdim və 16-ğa  düşdüm. 8-ci yerə qədər gəldim. Ondan sonra fərqinə vardım ki, oxuduğum mahnılar insanların ürəyinə yatır. 2011-ci ildən musiqi fəaliyyətinə başlamışam. - Böyük sevgi ilə yanaşı tənqidlərlə də qarşılaşmısınızmı?  - Çox və hələ də davam edir. Normal hesab edirəm. Heç kim ideal deyil. - Mahnılarınızın sözlərinin insanlara göstərəcəyi psixoloji təsiri ön planda tutaraq seçirsiniz ya uyğun bəstəkarın zövqünə inanıb oxumağa üstünlük verirsiniz? - İndi elə dövrdü ki nə psixologiyaya görə mahnı seçmək düzgün deyil, nə də ruha görə. Mahnıdı çıxartdım tutdu. Çox dərin mahnılar yazmaq lazım da deyil. Facebook-la müzakirə edirəm. Var uzun, mənalı statuslar, var qısa. Uzun yazılar maraqlı, dərin olsa da oxunmur diqqət etsəniz. Bu da ona bənzəyir. - Sənətdə kimləri sevib özünüz üçün örnək götürürsünüz?  - Düzdür kimisə tam olaraq örnək almıram.Yəni onun kimi geyinim və s.. Kimisə örnək götürüb sırf ona bənzəmək mənlik deyil.  - Hisslərə tez qapılırsınız ya daim ağılın dedikləri öndə olur? -  Səhnədə hər şeyi unuduram. Məsələn, çox əsəbi halda çıxım səhnəyə maksimum 3-cü mahnıdan sonra özümə gəlirəm. Amma belə əsəblərim çox üzdədi. Bilmirəm bu yuxu rejimi ilə əlaqəlidir ya necə. Həddindən artıq əsəbi olmuşam. - Həssassınız? - Çox həssasam. Əvvəllər daha çox həssas idim, amma son zamanlar başım bir az daşdan-daşa dəyib, özümə gəlmişəm. - İnsanları psixoloji yöndən dəyərləndirib tanıya bilirsiniz ya tez aldanan tiplərdənsiniz? -  Heç kim zəmanət verə bilməz ki ətrafındakı yaxın insan idealdır. Hətta evlənənlər belə bir müddətdən sonra yanıldıqlarını deyirlər. İllərin dostu belə adama zərbə vura bilir. İnsanları bir az tanıyıram. Çünki 12-13 yaşımdan işləyirəm. Hər sahədə işləmişəm.  - Bizim ənənəvi sualımızı vermək istəyirəm: Heç psixoloq yanına getmisiniz? Psixoloqlara inanırsınız?  - Təbii psixoloqlara inanıram çünki belə bir elm var. Dəyərli həkimlərimiz, psixoloqlarımız var. Psixoloq falçı deyil. İnsana huzur verən həkimlərdən birincisidir.  Amma heç psixoloq yanına getməmişəm, amma çox istəmişəm. Gedərəm inşallah. - Sizcə Azərbaycanda sözün əsl mənasında psixoloq varmı? - Getmədiyim üçün dəqiq deyə bilmərəm. Adını eşitdiklərim olur. -  Siz hansı mövzulara, məqamlara toxunmaq istərsiniz? -  Əsas bu mövzuya toxunmaq istəyirəm. Xahiş edirəm insanlarımız qurunun oduna yaş yandırmasınlar. İstənilən sahəyə aiddir. Məşhurların həyatında baş verən neqativ hallar daha tez partlayır. Hansı ki bu həyat tərzini çoxları daşıya bilər və baş  verə bilər. Birinin əxlaqında problem varsa, bu o demək deyil ki digərləri də var. Məsələn hansısa həkim pisdirsə bu o demək deyil ki digər həkimlər də elədir. Hamını bir tutmasınlar. Bəziləri rəylərdə də tanımadan neqativ yazırlar. Biri yazmışdı ki qarşıma çıxsa qaldırıb çırpardım. Mən də özünə yazdım ki nömrə ver mən bu şəraiti sənə yaradım. O da heç nə yazmadı. Beləsinə nə deyəsən? -  Sizə gələn ən gülməli mesaj? -  Biri yazmışdı ki Salam Elvin bəy sizi çox istəyirəm olar sizdən bir xahiş edim. Dedim salam buyurun. Dedi konkursdayam şəklimi “like”(bəyənə) bilərsiniz? Bundan başqa youtube kanalında yerləşən "Düşün məni" mahnısının rəy bölməsinə biri yazmışdı ki "Salam qaqa necəsən". İstədim yazam ki sağol qaqa sən necəsən?(gülür.)  -  Saytımız barədə düşüncələriniz? -  Xeyirli uğurlu olsun. Azərbaycanda belə bir yazılmamış qanun var ki ilki kim edirsə o udur. Bu istiqamətdə ilk sizin saytın fəaliyyəti göz önündədir. Bütün komandanıza uğurlar arzu edirəm. Uğurlarınız bol olsun inşallah. Ən çox danışılan, ən çox izlənilən və müraciət olunan sayt olasınız.  Şəhanə Quliyeva Aysun Karagobəkli