Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar avqustun 15-dən 24-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 10 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulub. Sərnişinlərdən bayram günləri üçün səfər biletlərini bir neçə gün öncədən Avtovağzalın kassalarından, eləcə də onlayn qaydada 10 gün öncədən əldə etmələri xahiş olunur. (publika.az) Əlavə məlumat üçün: +994 12 406 01 58/59 məlumat bürosu

İxtisas seçimi başa çatdı

2018-2019-cu tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi üçün elektron ərizə qəbulu bu gün saat 10:00-da başa çatıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bütün ixtisas qrupları üzrə 45139 nəfər ixtisas seçimi edib. Onlardan 41548 nəfəri I-IV ixtisas qrupları,3591 nəfər isə V ixtisas qrupu üzrə ixtisas seçimi edib. I qrup üzrə ixtisas seçimi edənlərin 13307-si Azərbaycan, 1294-ü rus bölməsi olmaqla 14601 nəfər, II ixtisas qrupu üzrə 9907-si Azərbaycan, 1052-si rus bölməsi olmaqla cəmi 10959 nəfər, III ixtisas qrupu üzrə 11486-sı Azərbaycan, 900-ü rus bölməsi olmaqla 12386 nəfər, IV ixtisas qrupu üzrə 3295-i Azərbaycan, 307-si rus bölməsi olmaqla 3602 nəfər, V ixtisas qrupu üzrə isə 3190-i Azərbaycan bölməsi, 401-i rus bölməsi üzrə olmaqla cəmi 3591 nəfər müsabiqədə iştirak üçün ixtisas seçimi edib.(publika.az)

"ASAN xidmət"də iş saatı dəyişdi

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işə daha erkən başlayacaq. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən publika.az-a verilən məlumata görə, çoxsaylı müraciətləri və aparılmış statistik təhlilləri nəzərə alaraq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə avqustun 20-dən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmət daha erkən başlayacaq. Qeyd olunan tarixdən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Yalnız “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür. Eyni zamanda 108 Çağrı mərkəzinin iş rejimində də dəyişiklik ediləcək. Mərkəz bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək. “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Hazırda 13 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir. Bu günə kimi mərkəzlərdə göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi məqsədilə mütəmadi rəy sorğuları keçirilir, Dövlət Agentliyinə daxil olan müraciətlərə baxılaraq təhlillər aparılır, vətəndaş məmnunluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülür.

Agentlik Qurban bayramı ilə bağlı əhaliyə müraciət etdi

Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib. Psixoloq.az xəbər verir ki, agentlikdən oxu.az-a verilən məlumata görə, heyvan kəsimi ilə məşğul olan şəxslər şəhər küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə kəsim məntəqələrində həyata keçirməlidir. Bununla bağlı lazımi şəraitin yaradılması üçün Agentliyin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib və müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün yerlər müəyyənləşdirilib. 

Ancelina Coli psixiatrik klinikaya göndərildi

Hollivud aktrisası Ancelina Coli onu daim təqib edən artıq çəki düşüncələri səbəbi ilə psixiatrik klinikaya yerləşdirilib. Psixoloq.az xəbər verir ki, Coliyə “psixiki pozulma” diaqnozu qoyulub. O, bulimiya və anoreksiyanın müalicəsi ilə məşğul olan klinikada müalicə alır: aktrisa yenə də arıqlamaq fikrindən azad ola bilmir.  Sözügedən səhiyyə ocağına Colinin yolu artıq bir dəfə, hələ Bred Pittləevli olduğu zaman, düşüb. O dövrdə aktrisa həddindən artıq kök olduğunu düşünürdü. Nəticədə 1,69 metr boya malik Coli 44 kiloqrama qədər arıqladı. Onun özünü ölümcül hala gətirəcəyindən ehtiyatlanaraq, Hollivud ulduzunu hospitala yerləşdirmişdilər.  Colinin bu dəfə klinikada 2 həftə keçirəcəyi planlaşdırılır. Bu müddət ərzində onun baş rol aldığı “Malifisenta - 2” filminin çəkilişlərində fasilə yaranacaq.

Bakı küçələrində süpürgəçilərin əvəzinə xüsusi texnika işləyəcək – BŞİH

Bakı küçələrində süpürgəçilərin əvəzinə xüsusi texnika işləyəcək. Bakı şəhər İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, son vaxtlarda sosial şəbəkələrdə və ölkə mətbuatında Bakı küçələrində süpürgəçi qadınların ölüm və yaralanma hallarının müzakirəsi aparılır və küçələrdən zibil təmizləmək üçün avtomobil yollarına yaşlı qadınları yollayan kommunal xidmətlər tənqid edilir. “KİV-lər tərəfindən verilən məlumata görə yolları təmizləyən süpürgəçi qadınlar arasında həlak olan və xəsarət alanlar var. Sonuncu belə hal avqustun 12-də baş verib. Bununla əlaqədar vəziyyətin köklü surətdə dəyişməsi istiqamətində işlər həyata keçirilir. Paytaxt rəhbərliyi küçələrdə təmizlik işləri ilə məşğul olan süpürgəçilərin əl əməyi məsələsinə xüsusi diqqət ayırıb. Bundan əlavə, Prezident İlham Əliyevin göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və onlar yaxın günlərdə öz təkliflərini təqdim edəcəklər. Əlbəttə, iş prossesində insan amili qalacaq, lakin minimuma endiriləcək. Öz vəzifə öhdəliklərini yerinə yetirən zaman kommunal xidmət əməkdaşlarının ölümü faciədir və qəbuledilməzdir. Bundan əlavə, sürücülər tərəfindən sürət həddinin aşılması da qeyd olunur. Körpülərdə, bəzi küçələrdə müəyyən edilmiş saatda 40-60 kilometr sürət əvəzinə avtomobil sürücüləri 80 – 100 km/saat sürətlə hərəkət edirlər. Bu, kompleks problemdir, ölkə və şəhər rəhbərliyi artıq onun həlli üzərində çalışır”, -deyə İcra Hakimiyyətindən bildirilib.

Artıq zibil və siqaretləri qarğalar yığacaq

Fransada bir əyləncə parkında xüsusi təlim görmüş qarğalar zibil və siqaret kötüyü toplayacaq. Psixoloq.az istinadən xəbər verir ki, qarğalar topladıqları siqaret kötüklərini və kiçik məişət tullantılarını kiçik bir qutuya yığacaqlar. Əməklərinin qarşılığı olaraq da gətirdikləri hər bir kötük və zibil üçün hazırlanan qutulardan yem alacaqlar. Heyvanlardan bəzilərinin indidən işə başladığı və yaxın günlərdə digərləri də daxil olmaqla altı qarğadan ibarət işçi qüvvəsinin çalışacağı bildirilib.

Ali məktəblərə və magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi 14 avqust saat 10:00-dək uzadılıb.Bu barədə ölkə.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 13-ü saat 16:40-a olan məlumata görə 590 bakalavr qəbul olmaq istədiyi ixtisaslaşmaları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 14 bakalavr ixtisaslaşmaları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib. İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər. Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. Eyni zamanda Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı avqustun 14-i saat 10:00-dək uzadılıb. Bildirilib ki, avqustun 13-i saat 16:55-ə olan məlumata görə 44 558 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 200 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib. İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə tövsiyə olunur ki, qeyd olunan tarixədək ərizələrini təsdiq etsinlər.

İlahiyyat İnstitutuna ödənişsiz qəbul aparılır

Azərbaycan  İlahiyyat İnstitutu İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə tələbə qəbulu elan edir.  Psixoloq.az-ın məlumatına görə, üçüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlər İslamşünaslıq ixtisasına qəbul olmaq üçün 15-16 avqust tarixlərində Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Yüksək ixtisaslı islamşünas və dinşünas mütəxəssislərin hazırlanacağı Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. İnstitut öz tələbələrinə ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini öyrənmək imkanı verir. Bütün xarici dillər dörd inkişaf istiqamətində - oxuma, dinləmə, danışma, yazma istiqamətlərində tədris ediləcək. Eyni zamanda, Aİİ tələbələrinə beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsilə Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq, dövlət xətti ilə magistratura və doktorantura pillələrini xarici ölkələrdə davam etdirmək imkanı yaradacaq. İnstitutdan məzun olacaq tələbələr dövlət qulluqçusu, din xadimi, tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərə biləcəklər. Bunlarla yanaşı, tələbələr aylıq təqaüd, yemək və geyimlə də təmin olunacaqlar.  Qeyd edək ki, valideynlərin və abituriyentlərin çoxsaylı müraciətləri nəzərə alınaraq DİM Aİİ-ə minumum keçid balını 150 bala endirib.

İki gün iş olmayacaq

Qurban bayramı ilə əlaqədar gələn həftə Azərbaycanda iki gün iş olmayacaq. Psixoloq.az xəbər verir ki, Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin 2-ci hissəsinə və Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən avqustun 22-si və 23-ü ölkədə qeyri-iş günüdür. Bayram həftənin çərşənbə və cümə axşamı günlərinə təsadüf edir.

Təhsil Nazirliyi şöbə müdiri olmaq istəyənlər üçün müsahibə elan etdi

Təhsil Nazirliyi İnsan resursları şöbəsində vakant olan müdir vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edib. Nazirlikdən modern.az-a verilən məlumata görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifələrin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu avqustun 14-ü saat 18:00-dək aparılacaq. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır.

Azərbaycanda bu il evlənənlərin sayı AZALIB

Azərbaycanda bu ilin ilk 5 ayı ərzində evlənənlərin sayı ötən ilin müvafiq dövründə evlənənlərin sayı ilə müqayisədə azalıb. Psixoloq.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə nikahların sayı 23044 olub ki, bu da bu illə müqayisədə 555 nikah çoxdur. Ümumilikdə bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,5 olub. Boşanmaların sayına gəldikdə, bu ilin ilk 5 ayı ərzində 6177 boşanma halları qeydə alınıb. Bu il qeydə alınan boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən azalıb. Ötən ilin ilk 5 ayı ərzində ölkədə 6207 boşanma qeydə alınmışdı. Bu il əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 1,5 olub.