Bu rayonlarda qaz olmayacaq

Bu gün Bakı şəhərinin Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. "Azəriqaz" İstehsalat Birliyindən publika.az-a verilən məlumata görə, avtomobil yolunun tikintisi sahəsinə düşən yeni çəkilmiş diametri 530 mm-lik Əzizbəyov dairəsi Modul "30-cu sahə Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 294 metr hissəsinin və diametri 325 mm-lik, "30-cu sahə-Qazanlar Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 125 metr hissəsinin mövcüd şəbəkəyə birləşdirilməsi ilə bağlı texniki səbəblərdən qaz təchizatının dayandırılmasının 14.08.2018-ci il tarixindən 16.08.2018-ci il tarixinə keçirilməsi zəruriyyəti ilə əlaqədar, bu gün saat 10:00-dan təmir işləri tamamlananadək qaz məhdudiyyəti olacaq. Görülən zəruri təmir işlərinin Sabunçu rayonu Bakıxanov qəsəbəsinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. Bununla yanaşı, bu gün saat 10:00-dan 18:00-dək Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Məhdudiyyət istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulmuş tədbirlər planına əsasən istismara yararsız qaz tənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədardır. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

"Ər və arvad"-ın Yaşarı Həccə gedib - FOTO

Azərbaycanın tanınmış aktyoru Elcan Rəsulov Həccə gedib. Psixoloq.az xəbər verir ki, “Ər və arvad” serialının Yaşarı, teleaparıcı, parodiyaçı, “Oğlan evi” filmindən tanıdığımız iranlı Pərvaz, “Maşın-şou 2015”-in finalçısı və ən yadda qalan iştirakçısı Elcan Rəsulov bu barədə sosial şəbəkədə paylaşıb. Rəsulov, facebook səhifəsində Həcc geyimində şəklini paylaşıb. Paylaşdığı şəklin aşağısında isə "Allah bütün arzusunda olanlara qismət etsin İnşallah. Hamınız üçün dualarım var",-deyə ürək sözlərini paylaşıb. Şəhanə Quliyeva

Porno saytları Elektron Təhlükəsizlik Xidməti bloklayıb – RƏSMİ

Ölkə ərazisində girişi məhdudlaşdırılan “Xvideos”, “Xnxx” kimi video-portallarla bağlı rəsmi açıqlama verilib. Psixoloq.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, Azərbaycanda pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatların yayılması, saytlarda yerləşdirilməsi qanunla qadağandır.  Qeyd olunur ki, yayılması qadağan edilən informasiyalar dərc olunmuş saytların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması müvafiq qanunun tələblərinə uyğun olaraq həyata keçirilir: “Fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən saytın və onun domen adının sahibinə, o cümlədən host provayderə yazılı xəbərdarlıq edilir. Səkkiz saat ərzində yayılması qadağan edilən informasiya saytdan götürülmədikdə, Xidmət tərəfindən həmin saytın ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması barədə müvafiq məhkəmə instansiyalarına müraciət olunur. Aidiyyəti qurumların müraciəti əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən bəzi qeyri-etik məzmunlu saytlarla əlaqədar məhkəmə instansiyalarına müraciət olunub və onların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilib”, - deyə açıqlamada bildirilir. Qeyd edək ki, porno saytların ölkə ərazisində məhdudlaşdırılması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Dünyanın ən yaxşı ali məktəbləri - Azərbaycan universitetləri...

Bu il üçün dünyanın ən yaxşı universitetlərinin reytinqi - "Academic Ranking of World Universities 2018" açıqlanıb. Psixoloq.az Reporta istinadən xəbər verir ki, siyahıya ABŞ-ın Harvard Universiteti başçılıq edir. Reytinqdə ikinci Stenford Universitetidir, 3-cü isə Böyük Britaniyanın Kembric Universitetidir. İlk beşlikdə növbəti yerləri də ABŞ ali təhsil müəssisələri tutur: Massaçusets Texnologiya İnstitutu və Kaliforniya Universiteti. Reytinqdə 1 Türkiyə, 4 Rusiya və 2 İran universiteti yer alıb. Qeyd edək ki, reytinq təhsilin keyfiyyəti, professor-müəllim heyətinin keyfiyyəti, elmi fəaliyyət, işçinin orta məhsuldarlığı kimi meyarlar əsasında tərtib edilib. Eyni zamanda, təhsilin keyfiyyəti qiymətləndirilərkən məzunları Nobel mükafatına, Filds medalına layiq görülən universitetlər nəzərdən keçirilir. Azərbaycan universitetləri siyahıya daxil edilməyib.

5-dən çox uşağı olan analara 9 min manata yaxın müavinət verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 118,1 milyon manat və ya 7,0 faiz çoxdur. Vəsaitin 97,9 faizini pensiya xərcləri təşkil edib. Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2018-ci ilin altı ayı ərzində əhaliyə 38,4 milyon manat məbləğində müavinət ödənilib ki, bunun da 29,2 faizi hamiləliyə və doğuma görə, 32,4 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,6 faizi dəfn üçün, 20,8 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib. Həmçinin 2018-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1311,7 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,4 faizini  təşkil edir. Onların 58,6 faizi yaşa, 29,9 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 219,2 manat təşkil edib və orta aylıq əmək haqqının 39,6 faizinə (2017-ci ilin birinci yarısında 38,7 faizinə)  bərabər olub. 2018-ci il iyulun 1-i vəziyyətinə 409,3 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 42,7 min nəfər, əlilliyə görə - 164,1 min nəfər, ailə başçısını itirməyə görə - 45,5 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 74,0 min nəfər olub. Əmək pensiyası almaq hüququ olmayan 54,1 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,7 faiz çoxdur. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 320 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,7 min ailəsinə 17,6 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 775 nəfər bir yaşadək uşağa görə 768 ailəyə və beşdən çox uşağı olan 2,9 min qadına 8,9 min uşaq üçün sosial müavinət  verilib. 2018-ci ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 48391 nəfərə, o cümlədən 38685 uşağın doğulmasına  görə, 4223 nəfərə  radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 3942 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 1541 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib. Cari ilin iyulun 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 413 nəfər zərərçəkən kompensasiya alıb.

Ali məktəbə qəbulun nəticələri bu gün açıqlanacaq

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur. Psixoloq.az xəbər verir ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.

Müəllimlərin işə qəbulu üzrə müsahibə davam edir

Avqustun 13-də start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Təhsil Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, avqustun 15-də keçiriləcək müsahibədə kimya, fizika və texnologiya müəllimi olmaq istəyən 764 namizədin iştirak edəcəyi gözlənilir. Müsahibə mərhələsi avqustun 18-dək davam edəcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaqdır. Həmçinin müsahibə zamanı namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.

Bu ixtisaslar üzrə yerlərin 40 faizi boş qalıb

2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulun nəticələri haqqında statistik məlumatlar açıqlanıb. Dövlət İmtahan Mərkəzindən Moderator.az-a verilən məlumata görə, 2018/2019-cu tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 12387 bakalavr qeydiyyatdan keçib. I mərhələdə müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak edən 7293 bakalavrdan 6388 nəfəri respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olub. Lakin qəbul olan bakalavrlardan təqribən 9%-i qəbul olduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçməyib. Magistraturanın boş qalan plan yerinin müsabiqəsində iştirak etmək üçün isə 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub. Beləliklə, müsabiqənin nəticələrinə əsasən, bu il 6269 bakalavr (Azərbaycan bölməsi üzrə 5752, rus bölməsi üzrə 517) magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2250 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinə qəbul planı 74.87 % dolub. 2104 plan yeri (25.13 %) boş qalıb. Magistraturaya qəbul 74 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Belə ki, ayrılmış 8373 plan yerinə qeyd olunduğu kimi 6269 bakalavr qəbul olub. Lakin proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, hidrometerologiya, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, dağ-mədən mühəndisliyi, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, silah və silah sistemlərinin istehsal texnologiyası, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına aid 12, 25, 29, 57, 60, 61, 71 saylı proqramlara ayrılmış plan yerləri 100% dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramlar üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi. Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi, baytarlıq, filologiya və tərcümə, kitabxanaçılıq, dinşünaslıq, balıqçılıq, çoxişlənən malların texnologiyası mühəndisliyi sahələrinə aid 8, 30, 36, 39, 41, 43, 45, 51, 52, 72 saylı proqramlara ayrılmış plan yerlərinin 60%-dən çoxu boş qalıb. Bu proqamlar üzrə də plan yerlərinin dolmayacağı əvvəlcədən məlum idi. Belə ki, həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi. Say etibarilə ən çox bakalavrın müraciət etdiyi 26 (iqtisadiyyat) və 56 (MBA) saylı proqramlar üzrə də plan yerləri müvafiq olaraq 25.5% və 20.3% boş qalıb. Burada da ixtisaslaşma seçiminə buraxılanların sayı plan yerlərindən az olub.

Sabahdan havalar istiləşir

Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 16-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 26-31, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-65 faiz təşkil edəcək. Avqustun 16-da Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. 

Alimlərdən xəbərdarlıq — Növbəti beş il anomal istilər olacaq

“Nature Communications” jurnalında planetimizin iqlimi ilə bağlı məqalə dərc edilib. Psixoloq.az xəbər verir ki, məqaləyə əsasən növbəti beş il ərzində planetimizdə anomal istilər və isti qış hökm sürəcək. “Bizim iqlim modeli göstərir ki, havanın anomal yüksək tempraturu minimum beş il ərzində davam edəcək. Dənizlər üçün isə bu göstərici daha uzun müddət davam edəcək”, - deyə alimlər bildiriblər. Qlobal istilərin nəticələrindən biri kimi ekstremal hava şəraiti hesab edilir. Qışda isti, yayda isə soyuq olur. Bundan başqa həftələrlə leysan yağışları yağır, quraqlıq olur. Qlobal istilər artdığı üçün bu hallar da artacaq və daha böyük ərazini əhatə edəcək. Alimlərin fikrinə görə, belə halların artması ölümlərin də artmasına səbəb olacaq. İsti havalarda ölən insanların sayında 5 faiz artım müşahidə olunacaq.(ölkə.az)

Azərbaycanda bəzi əxlaqsız saytlara giriş məhdudlaşdırılıb

Azərbaycanda bəzi porno saytlara giriş məhdudlaşdırılıb. Sözügedən saytlar “Xvideos” və “Xnxx” porno portallarıdır. “Xvideos”a giriş tamamilə məhdudlaşdırılsa da, “Xnxx” portalına giriş mümkündür, lakin saytın interfeysi dağılmış vəziyyətdədir. Onların aylıq ziyarətçi sayı isə 350 milyondan çoxdur. Məsələ ilə bağlı oxu.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüzbu addımın doğru olduğunu bildirib: “İstənilən halda bu, bütün dünyada olan praktikadır. Əgər orada qanunvericiliyinə zidd olan informasiya varsa, həmin saytlar qapanır. Bu, bütün saytlara aiddir. Terrorçuluq, dövlətçilik əleyhinə, silahlılar və azyaşlılarla bağlı olan məlumatlardır. Sözügedən saytlar isə uşaqlara zərər verən pronoqrafik məlumatlarla doludur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəmə olmadan da həmin saytları bloklamağa səlahiyyəti çatır. Bu cür resurslara qarşı belə addım atılırsa, düşünürəm ki, narahat olmaq üçün məqam yoxdur. Nazirliyin məhkəməyə müraciət etməsi də düzgün olardı. Son qərarı məhkəmənin verməsi daha doğru addımdır. Bu cür pornoqrafik resurlar Azərbaycan ərazisində bağlanırsa, doğru yanaşmadır”.  Qeyd edək ki, porno saytların bağlanması bəzi sosial şəbəkə istifadəçiləri arasında narazılıqla qarşılanıb.

Maşından zibil atanlar cərimələnəcək

Samur-Yalama Milli Parkının 8 saylı meşə dolayının yaşayış məntəqəsi ilə həmsərhəd hissəsinə “10-BK-598” dövlət qeydiyyat nömrə nişanlı avtomobildən məişət tullantılarının atıldığı məlum olub. Psixoloq.az-ın məlumatına görə, qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Yalama Polis Bölməsinə müraciət edilib. Araşdırma zamanı əraziyə tullantı atan şəxsin Xaçmaz rayon Maqsudkənd kənd sakini Aydın Əfəndiyev olduğu müəyyən olunub. Faktla bağlı A.Əfəndiyev barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən, 500 manat məbləğində cərimə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova oxu.az-a bildirib ki, ətraf mühiti çirkəndirən hüquqi və fiziki şəxslər barədə cərimələr var:  “Bütün sahələrdə olduğu kimi, ekologiya sahəsində də qanun pozuntuları qanunamüvafiq şəkildə cərimələnir, barələrində inzibati tədbirlər görülür. Məqsədimiz bu cür hallara qarşı cəmiyyəti təşviq etməkdir. İnsanların ətraf mühitə münasibəti dəyişməlidir”.