fatime-musayeva

Fatma Musayeva

Naxçıvan Müəllimlər İnstitutu

 Təhsildə sosial-psixoloji xidmət

 2ci kurs magistr 

Tənqidi təfəkkür

Tənqidi təfəkkür: Özünüdərketmə və müasir təlimə yanaşmadır Müasir dövrdə təlimin qarşısında duran əsas məqsəd elmi texnoloji inkişafın böyüməkdə olan nəslin mürəkkəb proseslərdən məharətlə baş çıxarmaq, hadisələrə müxtəlif aspektlərdən yanaşmaq, onların mahiyyətini aydın mənimsəmək kimi qabiliyyət və bacarıqlara yiyələnməsi, inkişaf etdirilməsi mühüm əhəmiyyət  kəsb edir. Məhz, bu baxımdan təlim həyata keçirilməyə başladığı andan təfəkkürdə tənqidiliyi inkişaf etdirmək vacib şərt sayılır. Ona görə ki, tənqidi ağıla sahib olan şagirdlər özlərinə aid düşüncə tərzi ilə fərqlənir, baş verən hər bir prosesi, dərk edilməsi gərəkən hər obyektin müxtəlif cəhətlərinə  diqqət yetirməyə çalışır, digər cisim və proseslərlə əlaqələndirir, münasibət sistemini müəyyənləşdirir, təkcə proseslərin zəruri hissələrini öyrənməklə kifayətlənməyib, mahiyyətinin dərkinə varırlar. Tənqidi təfəkkür keyfiyyətinə malik olan insanlar duyub qavradıqları proseslər arasındakı uyğunsuzluğu asanlqıla görə bilir və bununla bağlı olaraq öz fikirlərini əsaslandıra bilirlər.       Tənqidi təfəkkür öyrənənlərdə idrak obyektlərinə yanaşmaq tərzini, qarşıya qoyulmuş məsələnin həlli istiqamətində müxtəlif üsul və vasitələrin müəyyənləşdirilməsinə əsaslanır. Belə ki,  tənqidi təfəkkür qarşıya çıxan  məsələnin həlli istiqamətində müvafiq üsulu müəyyənləşdirmək və ona uyğun olaraq düzgün formada dəqiqləşdirilmiş surətdə həllinə nail olma bacarığında ifadə olunan əqli keyfiyyətdir.   Tənqidi təfəkkür daha çox özünü məsələnin ilk başda fikri fəaliyyət zamanı başlanğıcda, yəni “əqli eksperiment”  olaraq və məsələnin həllinin son mərhələsində, yəni nəticə yönümlü qərarın” prosesində təzahür edir. Belə ki, “əqli eksperiment” məsələnin həlli üçün lazım olan üsul və vasitələrin müəyyənləşdirilməsi, əsaslandırılması, fikri prosesdə sınaqdan keçirilməsi ilə özünü göstərir.  Tənqidi təfəkkürdən istifadə etməklə şagirdlər təlim tapşırıqlarının daha məqsədə müvafiq və geniş şəkildə dərk edir, sahib olduqları fikirlərə tənqidi yanaşaraq şüurlarında özünə məxsus formada təhlil edir, saf-çürük edərək biliklərə yaradıcı yanaşma bacarıqlarına malik olurlar.  Tənqidi təfəkkürü inkişaf etdirmək üçün eksperiment zamanı xüsusi məntiqi quruluşa və məzmuna uyğun olan mətn və şəkillər müəyyənləşdirilib,  hazırlanır. Həmin tapşırıqlara vəziyyətə uyğun olaraq, qeyri-məntiqi əlaqələr, sahələr,  uyğunsuzluqlar daxil edilir. Eyni zamanda müəyyənləşən tapşırıqlar şagirdlərə müxtəlif təlimatlar şəklində çatdırılır. Şagirdlərdə tənqidi təfəkkürün inkişaf istiqamətlərini aydınlaşdırmaq üçün davamlı olaraq və uzun müddətli müşahidələrlə bərabər, 3 mindən artıq eksperiment həyata keçirilmişdir. Beləliklə, qeyd edə bilərik ki, tənqidi təfəkkürün inkişaf istiqamətlərini təyin etməklə şagirdlərdə təhlil etmə, müəyyənləşdirmə, əlaqələndirmə, qarşılaşdırma,  uyğunlaşdırma kimi bacarıqların inkişafına nail olmaqla bərabər, həm də təlim tapşırıqlarına müxtəlif yanaşmanı, eyni zamanda yaradıcı yanaşmanı da formalaşdırmaq mümkündür. Fatma Musayeva Naxçıvan Müəllimlər İnstitutunun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə 2-ci kurs magistrantı 

Uşaqlar və suallar

Uşaqları anlayan və anladan suallar Uşaqlar öz idrak imkanları ilə xarici dünyanı tanımağa və kəşf etməyə çalışır. Onlar gördükləri haqqında əsasən 2 yaşından etibarən düşünür və sual verməyə başlayırlar və bu proses insanın ömrünün sonuna qədər davam edir. Lakin məlumdur ki, uşaqların hər yaş dövrlərində özünəməxsus maraq dairələri formalaşır, nəticədə sual dolu bir aləmlə qarşılaşır və bu aləmin öyrənilməsinə ciddi səy göstərməyə başlayırlar. Bu zaman onların ən yaxşı köməkçisi, öyrədicisi və məlumat xəzinələri valideynləri olur. Valideynlər isə sanki bilgisiz uşaqlar yetişdirmək eşqi ilə suallara cavab verməkdən boyun qaçırırlar. Uşaqlar sual verdikcə, ilk növbədə özlərini kəşf etməyə çalışır və ətrafı özlərinə uyğunlaşdırmağa cəhd edirlər.  Uşaqların sual verməsi onun nitq qabiliyyətlərinin və idrak qabiliyyətinin inkişafına kömək etdiyi kimi, onların düşüncə imkanlarının genişlənməsinə imkan yaradır. Ona görə də, balacaların çoxlu suallar verməsinə fürsət yaratmaq lazımdır ki, böyüyəndə düşünən və düşündürən nəsil yetişmiş olsun.  Qeyd etmək lazımdır ki, uşaqlar əsasən o an yaşadıqları qorxu, sevinc, həyacan kimi duyğuları nəticəsində sual verir. Bu məqamda isə önəmli olan ona səbrlə, yaşına uyğun, qısa, doğru və dolğun cavab verməkdir. Cavab verərkən, uşağın idrak inkişaf səviyyəsi nəzərə alınmalıdır. Bu inkişaf səviyyəsinin əsas xüsusiyyətləri arasında uşağın yalnız konkret anlayışları öyrənə bilməsini, eqosentrik olmasını, yəni dünyanı öz gözü ilə qiymətləndirməsini saymaq olar. Uşaqların tez-tez istifadə etdiyi suallarda “Bu nədir? və niyə belədir? “Bu nəyə lazımdır?” Bunun nəyi qəşəngdir? kimi sualların düzgün mənalandırmaqla izahına çalışmaq lazımdır. Belə ki, kiçik məktəbəqədər yaş dövründə yaranan bu suallar uşaqlarda əşyalara və hadisələrə məna vermək, onları müəyyən formaya salmaq kimi bacarıqları formalaşdırmış olur. Niyə, nəyə, nəyi, necə bu suallar məktəbəqədər yaş dövründə öz mənasını, həllini və dəyər gücünü tapması gərəkən suallardır. Əsas məsələ odur ki, böyük həvəslə, diqqət-qayğı ilə bəzədilmiş cavablar uşaqlarda estetik baxışın və zövqün formalaşmasına zəmin yaradır. Məhz ilk olaraq, uşaqlarda estetik təsəvvürlərin düzgün formalaşmasına nəzər yetirmək lazımdır. Estetik baxışın formalaşması üçün isə sevinərək verilən suallara, sevərək cavab vermək gərəkir. Çünki uşaqlar ilk olaraq sevgini, qayğını, diqqəti ana bətnindən öyrənmiş olaraq dünyaya gəlir. Nəticə etibarilə qeyd etmək lazımdır ki, valideynlərlə uşaqlar arasında ən doğru münasibətin əsası, məhz uşaqların suallarından başlayır.  Çünki, suallar valideynlə övlad arasında əlaqə, dünya ilə insan arasında körpü rolunu oynayır. Fatma Musayeva Naxçıvan Müəllimlər İnstitutunun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə 2-ci kurs magistrantı