Ana olmaq qadının həyatında ən dərin və unudulmaz təcrübələrdən biridir. Lakin bu yeni mərhələ, eyni zamanda bir çox emosional dəyişiklikləri də özü ilə gətirir. Doğuşdan sonra bir çox qadın sevinc və həyəcanla yanaşı, narahatlıq, ağla gəlməz yorğunluq və hətta kədər hiss edə bilər. Bu duyğuların səbəbi, həm hormonal dəyişikliklər, həm də həyat tərzindəki köklü dəyişmələrdir. Bəzi analar "baby blues" adlanan, qısa müddətli və yüngül emosional dalğalanmalar yaşadıqları halda, bəziləri üçün bu vəziyyət daha dərin və uzunmüddətli depressiyaya çevrilə bilər. Bu dəyişikliklərə anlayışla yanaşmaq, qadının özünü günahlandırmaması və vaxtında dəstək alması çox önəmlidir. Doğuşdan sonra qadının bədənində baş verən hormonal dəyişikliklər onun emosional vəziyyətinə birbaşa təsir göstərir. Estrogen və progesteron hormonlarının sürətlə azalması, beyindəki kimyəvi tarazlığı pozaraq, əhval-ruhiyyədə enişlərə səbəb ola bilər. Bundan əlavə, yuxusuz gecələr, körpənin qayğısına qalmaq, bədənin fiziki yorğunluğu və yeni həyat tərzinə uyğunlaşmaq da qadının psixoloji yükünü artırır. Ən çox rast gəlinən əlamətləri isə sizlər üçün qeyd edirik. ✅Əhval dəyişkənliyi (birdən gülmək, sonra ağlamaq) ✅Yorğunluq və enerjisizlik ✅İştah dəyişikliyi ✅Yuxu problemləri (çox yatmaq və ya yata bilməmək) ✅Həssaslıq və əsəbilik ✅Özünü günahkar hiss etmək ✅Özünə və ya körpəyə qarşı marağın azalması Bu əlamətlər doğuşdan sonrakı ilk 1-2 həftə ərzində keçirsə, bu vəziyyət adətən "baby blues" hesab olunur və normal qəbul edilir. Ancaq bu hal daha uzun müddət davam edirsə və gündəlik həyatı ciddi şəkildə təsir altına alırsa, doğuş sonrası depressiyadan şübhələnmək olar. Doğuşdan sonra bir çox qadın özünü duyğusal baxımdan zəif hiss edir. Bu, çox vaxt “baby blues” adlanan keçici bir hal olur. Baby blues, doğuşdan sonra 2-3 gün ərzində başlayır və təxminən 10 günə qədər davam edə bilər. Bu dövrdə qadınlar tez-tez ağlaya, narahat ola və ya özlərini səbəbsiz yerə kədərli hiss edə bilərlər. Bu dəyişikliklər təbii hesab olunur və əksər hallarda heç bir tibbi müdaxilə tələb etmir. Lakin bu emosional vəziyyət 2 həftədən çox çəkirsə və daha da dərinləşirsə, bu artıq doğuş sonrası depressiya ola bilər. Bu vəziyyət daha ciddi bir psixoloji problemdir və peşəkar dəstək tələb edir. Doğuş sonrası depressiyanın əsas əlamətləri: Davamlı kədər və ümidsizlik hissi Həyatdan zövq ala bilməmək Özünü yararsız və kifayət etməyən ana kimi hiss etmək Konsentrasiya çətinliyi Körpəyə qarşı sevgi hissində azalma və ya laqeydlik Özünə və ya körpəyə zərər vermək kimi qorxulu düşüncələr Bu vəziyyət qadının həyat keyfiyyətini aşağı sala və həm onun, həm də körpənin rifahını təhlükə altına ala bilər. Ona görə də bu əlamətləri görən qadın və ya onun yaxınları mütləq bir psixoloqa və ya psixiatra müraciət etməlidirlər.