“İcbari tibbi sığorta haqqında” qanun dəyişdirilir

“İcbari tibbi sığorta haqqında” qanun tamamilə dəyişdiriləcək, yaxud bu yöndə yeni qanun qəbul olunacaq. Bu haqda oxu.az-a parlamentdən bildirilib. Qeyd olunub ki, adıçəkilən qanunun qəbulundan 19 il keçir və ötən illər ərzində icrası, demək olar ki, mümkün olmayıb. “Buna səbəb ölkədə icbari tibbi sığortanın tətbiqinin gecikməsi olub. Artıq son illər bu istiqamətdə bir sıra addımlar atılıb, müvafiq dövlət agentliyi yaradılıb, büdcədən vəsait ayrılıb, bir neçə bölgədə pilot layihələr icra olunmaqdadır. Amma qanunla bağlı yekun qərar Milli Məclisin Səhiyyə komitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dinləmələrindən sonra veriləcək. Ya qanuna ciddi dəyişikliklər və əlavələr ediləcək - əvvəl daha çox bu variant üzərində dayanılırdı, amma son zamanlar fikir dəyişikliyi var - ya da  ola bilsin ki, yeni qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılması yönündə qərar veriləcək. Bütün hallarda qanunla bağlı ciddi addımların atılması gözlənilir və bu, çox vacibdir. Artıq icbari tibbi sığortaya keçidin zamanıdır”, - deyə parlamentdən bildirilib.

Çimərliyə getmək istəyənlərin nəzərinə

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-23, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 22-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında avqustun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təşkil edəcək. Xəbərdarlıq edilir ki, avqustun 22-si axşamdan 24-ü axşamadək Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var.

Baş nazir Azərbaycan xalqını təbrik etdi

Baş nazir Novruz Məmmədov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Psixoloq.az xəbər verir ki, baş nazirin sosial şəbəkələr vasitəsilə yaydığı təbrikdə deyilir: “Mənəvi saflığı, yüksək əxlaqi dəyərləri tərənnüm edən, xeyirxahlıq və birlik rəmzi olan Qurban bayramı münasibətilə bütün izləyənləri təbrik edirəm. Bu əziz bayramda hər birinizə xoşbəxtlik, can sağlığı, ruzi-bərəkət və firavan həyat arzulayıram. Qurbanlarınız qəbul olsun!”.

Məmur olmaq istəyənlər imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 29-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək. DİM-dən ölkə.az-a bildirilib ki, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahan Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahana qeydiyyat 27 sentyabr saat 18:00-dək davam edəcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.azsaytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır. Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər. Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş kitabçası” və “İmtahana buraxılış vərəqəsi” göndərilir. DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin özünə məxsus elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 çağrı mərkəzinə zəng edib bu barədə məlumat vermək lazımdır. Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur: “Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik” broşürü; Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları; Test imtahanı proqramları; “Namizədin yaddaş kitabçası” . Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. Buraxılış vərəqəsini qeydiyyat səhifəsindən də əldə etmək olar. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

Hazırda Bakıda taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə bir neçə layihə üzərində iş aparılır. Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mətbuat konfransında deyib. O qeyd edib ki, Bakı şəhərində yeni taksi dayanacaqları müəyyən edilir: “Çalışırıq ki, taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın". M.Ağayev bildirib ki, Bakıda təqribən 180 taksi dayancağı var: "Hazırda hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır". (trend)

Bayramda su problemi olmayacaq

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçiriləcək. Bu barədə ölkə.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, bayram günlərində qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək. İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Azərbaycanın əməkdar artisti vəfat etdi - Ağır xəstəlikdən əziyyət çəkirdi

Əməkdar artist Rafiq Hüseynov dünyasını dəyişib. Psixoloq.az axşam.az-a istinadən xəbər verir ki, aktyor uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.Mərhumun 3 mərasimi avqustun 21-də Təzə Pir məscidində olacaq.Qeyd edək ki, Rafiq Hüseynov 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. O, aktyorluqdan əlavə rejissor kimi də bir neçə tamaşaya quruluş verib.

Qurbanlıq heyvanların satılacağı yerlər dezinfeksiya edildi

Avqustun 20-də axşam saatlarında Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbiri başa çatdırılıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən unikal.org-a verilən məlumata görə, profilaktik dezinfeksiya tədbiri Qida Təhlükəsizliyi Agentliyi və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş diri heyvanların satışının aparılması nəzərdə tutulan yerlərdə icra olunub. Tədbirlər obyekt sahibləri tərəfindən ərazidə mexaniki təmizlik aparıldıqdan sonra həyata keçirilib. Profilaktik məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə "DUK” maşınları ilə güclü axın şəklində səpilib, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılıb. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunub.

"Toppuş bacı" xəstəxanadan hər kəsə müraciət etdi - FOTO

Dünən növbəti dəfə xəstəxanaya yerləşdirilən əməkdar artist Tünzalə Əliyeva izləyicilərinə müraciət edib. Psixoloq.az xəbər verir ki, xəstəxanadakı vəziyyətindən foto paylaşan aktrisa onun üçün dua edilməsini istəyib. Tünzalə fotosunun şərh bölməsinə “Verdiyin və vermədiyin hər şeyə görə həmd olsun Rəbbim! Dualarınıza ehtiyacım var...” sözlərini yazıb.

Yer kürəsi üçün YENİ TƏHDİD: təqribən 250 milyon...

Bir damcı okean suyunda Yerdə iqlimin dəyişməsinə təsir göstərən hədsiz sayda mikroorqanizm var. Alimlər belə dəyişikliklərin nəticələrini tədqiq ediblər. Bergen Universitetinin alimləri hələ 1989-cu ildə okean suyunun tərkibindəki mikrooqranizmləri öyrənməyə başlayıblar. Tədqiqatın nəticələri göstərib ki, bir damcı okean suyunda əvvəllər hesab edildiyindən yüz dəfə çox – təqribən 250 milyon virus var. Virusların tərkibi yetərincə müxtəlifdir və çox vaxt təkcə insana deyil, bütövlükdə planetimizə mənfi təsir göstərir. Rusiya Elmlər Akademiyasının mütəxəssisləri müəyyən ediblər ki, bütün dəniz virusları bir zəncirə düzülsə, onun uzunluğu təqribən 60 qalaktika təşkil edər. Dünya okeanındakı virusların sayı kvintilyonlarla ölçülür. 2016-cı ildə birləşmiş alimlər qrupu DNT viruslarının 125 mindən çox sahəsini tapıb və bu da məlum viruslu genlərdən 16 dəfə çoxdur. Tədqiqatlar göstərib ki, virusların hamısı yetərincə primitivdir və xoşagəlməz mühitə uyğunlaşıb. Virusa yoluxma həqiqətən sianobakteriyaların fotosintez qabiliyyətinə təsir göstərir, bakteriofaqların hücumundan sonra bakterial kulturada karbon qazının fiksajı beş dəfə azalır. Rusiyalı alimlər bildiriblər ki, su ekosistemlərinin üzvi maddə və biogen elementlərdən ibarət yeni qlobal dövriyyə sistemi - virioplankton biogeokimyəvi və ekoloji proseslərin çoxuna, o cümlədən qidalanma tsiklinə, tənəffüsə və ekosistemin müxtəlif hissələrində maddələrin paylanmasına təsir göstərir. Karbon və azotun dövriyyəsini qiymətləndirərkən virusların rolu nəzərə alınmalıdır, çünki onlar qlobal biogeosiklləri tənzimləyən qida şəbəkələrinin mühüm hissəsidir. Belə çıxır ki, Dünya okeanı bütün planetimizi təhdid edən çox təhlükəli viruslara yoluxub (AZƏRTAC).

Süpürgəçiləri əvəz edən texnika Bakıya gətirilib

Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prosesində onların təhlükəsizliyinin təmin olunması üçün alınması nəzərədə tutulmuş xüsusi texnikanın bir qismi artıq paytaxta gətirilib. Bakı şəhər İcra Hakimiyyətindən oxu.az-a verilən məlumata görə, MAN markalı 10 ədəd texnika artıq təsərrüfat birliklərinə təhvil verilib. Yeni, müxtəlif təyinatlı texnikaların alınması istiqamətində işlər davam edir.

Dəmir Yolları gücləndirilmiş iş rejimində işləyir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. “Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanınpublika.az-a verdiyi məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib. Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.