Son zamanlar mədə kiçiltmə əməliyyatı, trend hala gəlib desək yanılmarıq. Artıq köklük deyildikdə ağıla ilk olaraq pəhriz əvəzinə mədə kiçiltmə əməliyyatı gəlir. Ancaq bunun da öz qaydaları var. Bəs mədə kiçiltmə əməliyyatını kimlər etdirə bilər? Minimal çəki nə qədər olmalıdır? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ümumi və transplant, bariatrik və estetik cərrahı Bəhruz Səlimov, mədə kiçiltmə əməliyyatında çəki qədər hündürlüyün də əhəmiyyətli olduğunu bildirib: “Belə ki bədən kütlə indeksi hesablanır. Bədən kütlə indeksini hesablamaq üçün çəki, hündürlüyün kvadratına bölünür. Normal bədən kütlə indeksi 18.5 - 25 arasında olmalıdır. 25-30 arası BKİ (Bədən Kütlə İndeksi) olan insanlar artıq çəkili - kök, 30-35 arası 1-ci dərəcəli piylənmə, 35-40 arası 2-ci dərəcəli piylənmə, 40 dan böyük olanlar 3 -cü dərəcəli piylənməyə aid edilir. Əməliyyat 3-cü dərəcəli piylənmə olanlar üçün birbaşa göstərişdir. Digər piylənmə dərəcələrində vəziyyətdən asılı olaraq nisbi göstəriş olur”. Mütəxəssis, son zamanlar xəstə müraciətlərinin xüsusilə artdığını diqqətə çatdırıb. “Düşünürəm ki bu xəstələrin maariflənməsindən irəli gəlir. Maarifləndirici məlumatların yayılması piylənmədən əziyyət çəkən insanların sağlamlıqlarının necə qeydinə qalmasını öyrədir. Bunu sevindirici hal kimi qəbul etmək lazımdır, - deyə Dr.Səlimov vurğulayıb. Bir çox pasiyent isə məhz əməliyyatdan sonra hansısa problemin yaranıb-yaranmadığı ilə maraqlanır. Bəhruz bəy, bu növ əməliyyatdan sonra ağciyər xəstəliklərində nisbi həssaslığın artmasının müşayiət oluna biləcəyini diqqətə çatdırıb: "Bu səbəbdən ağciyərin tənəffüs gimnastikası ilə məşğul olmaları və aktiv həyata dönmələri məsləhət görülür. Uzun müddətli yataq rejimi belə xəstələrin sağlamlığı üçün təhlükəli ola bilər. Bunu çoxsaylı təcübələrimə əsasən də əmiliklə deyə bilərəm”. Ətraflı məlumat üçün dr Bəhruz Səlimovla əlaqə 070 579 88 33 Şəhanə Quliyeva
Qastritdən bir çox insan şikayət edir. Bu xəstəliyə qarşı çoxlu təbii vasitələr mövcud olsa da bəzən kifayət qədər effekti olmur. Aparılan araşdırmalara görə, qastrit əleyhinə ən yaxşı təbii vasitələrdən birincisi propolis kərə yağındakı tərkibdir. Psixoloq.az xəbər verir ki, arı məhsulları üzrə mütəxəssis İlham Atakişiyevin sözlərinə görə, bu kərə yağı, absorbent xüsusiyyətinə malik olduğu üçün propolisin müalicəvi təsirlərini özündə birləşdirərək mədəyə çox gözəl təsir edir: “Həm də baldan fərqli olaraq mədədə açıq yaralar zamanı qıcıqlanma vermir. Bu tərkibi hazırlamaq üçün 200 qr kərə yağı, 30-40 qr (keyfiyyətindən asılı olaraq) propolis və 1 x/q bal götürüb su vannasında qızdırılaraq qarışdırılır. Bal qəbulu rahat olmaq üçün əlavə olunur. Soyuduqdan sonra süzülərək soyuducuda saxlanılır. Müalicə kursu gündə 2 dəfə yeməkdən əvvəl 1 çay qaşığı olmaq şərtilə 1 ay davam etdirilir. Propolis kərə yağı həmçinin öskürək əleyhinə, ağciyər vərəmində də çox faydalıdır”. Qeyd edək ki, hazır məhsul əldə etmək istəyənlər Propolis mərkəzinə müraciət edə bilərlər. Əlaqə nömrələri: (070) 233-15-17 (012) 533-15-17 (012) 533-15-17
Azərbaycanlı həkim, onkoloq Arif Nuri əczaçıların,pasiyentin xəstəlik əlamətlərini,analizlərini bilmədən həkim kimi müalicə təyin etmələrini kəskin şəkildə tənqid edib. Psixoloq.az xəbər verir ki, o bu barədə facebook səhifəsində məlumat paylaşıb. Həkim, aptekə gələn valideynin, əczaçıya uşağın vəziyyətinin pis olduğundan bəhs etdiyini, əczaçının isə “müalicə sxemi” təklif etdiyinin şahidi olduğunu bildirib: “Aptekdə işləyən işçiyə yaxınlaşan qadın 2 yaşlı uşağının simptomlarını sadalamağa başladı: “2-3 gündür uşaq ayaqyoluna su kimi çıxır, özünü pis hiss edir, hərarəti yüksəlir, arabir qusur”. Aptekdə işləyən xanım da ona bir neçə "müalicə sxemi" təklif etdi. İkilikdə cibinə uyğun bir "sxemi" seçib bir neçə dərman aldı və tələsik aptekdən aralanmağa başladı. Heç olmasa, əvvəl pediatra müraciət edin, deməyə vaxt tapsam da, mənə vahiməli, qəzəbli baxışlarla baxıb uzaqlaşdı... Ciddi xəstə olan uşağı bu cür "müalicə etməyə" nə adı vermək olar, bilmirəm. Aptekdə işləyənlərin əksəriyyətinin tibbi biliyi dərman instruksiyası səviyyəsindədir. Bəzilərinin tibbi biliyi olsa da, praktiki terapevtik biliyi, pediatriya sahəsində biliyi yoxdur”. Arif Nuri, bir valideynin xəstə övladını bu növ müalicə etməsini, ona qarşı məsuliyyətsizlik kimi adlandırıb. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla dərman bazarında, aptek şəbəkələrindəki vəziyyətin heç də ürəkaçan olmadığını bildirib: "Aptekdə bir əczaçı oturmalıdır. Dünyanın hər yerində belədir. O, dərmanlar haqqında ətraflı məlumata sahib olmalıdır. Orta təhsilli əczaçı da olur ki, o da satışla məşğul olur. Azərbaycanda təəssüf ki, orta məktəbi bitirən, müxtəlif ixtisas sahibləri aptekdə işləyirlər ki, bu da yol verilməzdir. Səhiyyə Nazirliyinin təlimatına əsasən aptek əczaçının adına rəsmiləşməlidir. Əczaçılıq prosesinə həkim başçılıq etməlidir. Hazırda kim nə istəsə alır. Reseptsiz dərmanlar buraxılır. Antibiotiklər reseptsiz satılır. Bunlar tamamilə yanlış addımdır. Satıcılar özlərinə "səlahiyyət” götürüb alıcılara səhv dərman da satırlar”. Həmçinin A.Qeybulla aptekdə işləyən şəxslərin xəstələrə hansısa dərmanı tövsiyə etmək, vermək kimi səlahiyyətlərinin də olmadığını vurğulayıb.
Son illərdə tatu və pirsinqdən istifadə hallarının artması B viruslu hepatitlərin sayının çoxalmasına təsir göstərir. Bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə kKomissiyanın sədr müavini Həqiqət Qədirova deyib. O bildirib ki, viruslu hepatitlər insan orqanizminə yoluxandan sonra ağır fəsadların olması qaçılmazdır. H.Qədirova qeyd edib ki, hepatit A xroniki hala çox nadir hallarda keçir: "Bu da adətən uşaqlar arasında qeydə alınır. B viruslu hepatit 10 faiz halda xroniki hala keçir. Hepatit C isə 50 faizdən çox halda xroniki olur. Buna insanlar hətta "mülayim qatil" deyirlər. Çünki uzun müddət ərzində özünü büruzə vermir. Sonra da bu virusdan əziyyət çəkən 5-15 faiz xəstə insanlarda xərçəngə səbəb olur". Həkim əlavə edib ki, B viruslu hepatitlər insan orqanizmində qaraciyərə daxil olursa, bu, ömürlük olur: "Bu gün tibb elmində hələ ki tam müalicə üsulları yoxdur. Ona görə də xəstəliyin qarşısı mütləq vaxtında alınmalıdır. A viruslu hepatit adətən natəmiz şəraitdə keçir. İlk olaraq sanitar gigiyenik normalara düzgün riayət etmək lazımdır. B, C və D viruslarının qarşısını almaq üçün qan verən zaman sağlamlıq vəziyyəti yoxlanılmalı, tibbi avadanlıqların sterilizə olunmasına ciddi fikir verilməlidir. Digər tərəfdən, cinsi yolla fərdi yanaşmanı nəzarətdə saxlamaq mütləqdir". (Trend)
Paytaxt Bakıda iki gün tozlu hava müşahidə olunacaq. Atmosferdə müşahidə olanun toza səbəb Tükmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır və belə şərait sabaha qədər davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti bu barədə paytaxt sakinlərinə xəbərdarlıq edib. Bəs belə havadan insanlarımız necə qorunmalıdır? Psixoloq.az xəbər verir ki, moderator.az-ın suallarını cavablandıran Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, insanlarımız çalışmalıdır ki, tozla təmas müddətini aşağı endirsinlər: “Tozlu havanın təbii ki, insanlara ziyanı var. Çünki toz hissəcikləri insanların nəfəs yollarına daxil olur və oranı qıcıqlandırır. Belə hallarda kütləvi informasiya vasitələrində insanlar arasında təbliğat aparılmalıdır. Belə tozlu havadan qorunmaq üçün ictimai nəqliyyatda, küçədə və digər yerlərdə maskalardan istifadə etmək lazımdır. Yaxşı olar ki, evdə olan zaman pəncərələr bağlı saxlanılsın ki, tozla təmas müddəti mümkün qədər aşağı salınsın. Həmin tozlar adətən səhra tozları olur və hər halda onların da tərkibi yoxlanılsa, yaxşı olar. Bu qısa müddət ərzində insanlarımız belə havalarda özlərini qorumalıdırlar”.
Əksər körpələr doğulduqlarından dərhal sonra əmziyə öyrədilir. Nadir uşaqlar əmzikdən ümumiyyətlə imtina edərək istəmirlər. Mütəxəsisslərin əmziyin istifadəsi ilə bağlı ortaq fikirləri yoxdur. Bu haqda kitablarda da qayda qanun olmadığı üçün fikir müxtəliflikləri çoxdur. Psixoloq.az xəbər verir ki, pediatr Altay Abdullaoğulunun sözlərinə görə, əmziyin mənfi tərəfləri müsbət tərəflərindən çoxdur. O, bu barədə rəsmi facebook səhifəsində məlumat verib: “Əmzik, orta qulaq iltihabı riskini artırır,(Otit), dişlərin əyri çıxmasına səbəb ola bilir, ağızda göbələklərin yaranmasında rolu ola bilər. Həmçinin körpə çox enerji itirir, yuxu pozulması yarada bilər. Bununla yanaşı infeksiya mənbəyi ola bilər”. Abdullaoğlu, əmziyin ən azı körpənin 3-4 həftəsinə qədər əmziyin verilməsini düzgün addım hesab etmir: “Çünki bu müddət ana məməsinə uygunlaşır,bu vaxtı ona başqa bir materialdan əşya verdikdə körpənin beyni qarışır.Buna məmə çaşqınlığı deyilir. Bundan başqa körpədə məməyə qarşı istəksizlik yaranır, bu da çəki itirilməsinə səbəb ola bilər. Ancaq ki körpənin çox narahat vaxtında (qazı çox olanda sakitləşdirmək üçün), hər hansı bir ağrılı prosesə məruz qaldıqda(qan alımı,peyvənd vurulanda) ,yuxuya gedən zaman istifadə etmək olar”. Pediatr əmziyin bir yaşa qədər tərgidilməyini tövsiyə edir. “Həm bu vaxtlarında ətraf mühiti kəşf etdiyi üçün diqqəti başqa şeylərdə daha çox olur. Bəzi analar körpələrinin əmzik istifadəsini vacib bilir, hətda məcbur edirlər. Ancaq bu qəti düzgün deyil”, deyə Altay bəy qeyd edib. Valideynlər əmzik istifadəsinə qərar verdikləri halda isə, əmziyin formasına,materialına, ölçüsünə ,təmizliyinə diqqət etməlidirlər. Əmzik adətən silikon və kauçuk (rezin) dediyimiz materialdan olur. Pediatr, rezin əmziklərin bəzi hallarda uşaqlarda allergiya yaratdığını və formasının nisbətən tez pozulduğunu urğulayıb: “Onları diş çıxarma dönəmində istifadə etmək olar. Silikon əmziklər isə bərk olur, diş çıxartdıqdan sonra onların istifadəsi məsləhət olunmur. Bu əmziklər daha dayanıqlı olurlar. Əmzik adətən körpənin ayına uyğun ölçüdə olmalıdır, əmziklərin hər 2-3 aydan bir dəyişdirilməsi məsləhətdir. Onları körpəyə verən zaman isə qaynar su ilə təmizlənməlidir”. Şəhanə Quliyeva
İyulun 26-da növbəti qəbul imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbərdarlıq edilib. Bəs imtahan öncəsi abituriyentdə yaranan qorxu və həyəcan hissini necə azaltmaq olar? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən mütəxəssis, klinik psixoloq İlhamə Balakişiyevanın sözlərinə görə, imtahan ərəfəsində olan abituriyentlərdə yaranan fobiya əksər zaman valideynlərindən qaynaqlanır. Birinci mesajı valideynlərə ötürmək lazımdır: “Təbii ki hər valideyn övladını ən yüksək zirvədə görmək istəyir. Ancaq düşünməlidirlər ki, elə yataq xəstəsi uşaqlar var ki heç məktəb üzü görməyiblər. Bu səbəbdən istəklərini uşaqlarına ilk olaraq doğru şəkildə qorxutmayaraq çatdırmalıdırlar”. İlhamə xanım, çox sadə düşüncə tərzindən bəhs edərək abituriyentlərə həyəcanlarını atmaqları ilə bağlı tövsiyə verib. “İmtahan verəcək gənclər düşünməlidirlər ki, pul kisələri var (məcazi formada) və hər gün pul atırlar. Bu pullar onların 11 il ərzində mənimsədiyi biliklərdir. Abituriyentdə bu həyəcan varsa ilk olaraq mahiyətini araşdırmalıdır. Düşünməlidirlər ki, əgər həmin pul kisəsinin açarı və qapağı ondadırsa necə ola bilər ki onu açdıqları zaman içində heç nə olmasın. Bu, mümkünsüzdür. Bunu düşünərək özlərinə şamil edə bilsələr həyəcanları kəskin formada azalar. Öz biliklərinə güvənməlidirlər. Daxili motivasiyanı qaldırmaq lazımdır”,-deyə Balakişiyeva vurğulayıb. Müəllif: Şəhanə Quliyeva