Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başladı

Bu gündən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. Psixoloq.az xəbər verir ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada - mektebeqebul.edu.az saytı vasitəsi ilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir. Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə( qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi(olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur. Sənədlərin qəbulu sentyabrın sonunadək davam edəcək. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarındə dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.(ölkə.az)

Xəzəri çirkləndirən iaşə obyektləri BAĞLANACAQ - Nazirlikdən XƏBƏRDARLIQ

Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır. Sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri, ictimai-iaşə obyektləri, üzən vasitələrdən atılan tullantılar əsas çirkləndiricilər kimi xarakterizə edilir. Vətəndaşların etinasız yanaşması nəticəsində ətraf ərazilərin zibillənməsi, sahil zonalarında şəhərlərin inkişaf etməsi, sənayeləşmə və əhalinin say artımı da çirkləndirici amil olaraq qeydə alınır. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Faiq Mütəllimov deyib. Mütəxəssis təəssüflə qeyd edib ki, 12 avqust “Xəzər günü” ilə bağlı Buzovna çimərliyində keçirilən iməcilikdə bir daha aydın oldu ki, vətəndaşlar öz istirahətlərini təşkil edən zaman ekoloji təmizliyə riayət etmirlər: "Aparılan müşahidələr onu deməyə əsas verir ki, iməcilik keçirilən ərazinin demək olar ki, 99%-i vətəndaşlar tərəfindən atılan plastik tullantılar və qida qalıqları ilə çirkləndirilib. Yəni cəmiyyətdə hələ də ətraf mühitə qarşı biganəlik mövcuddur ki, bu da sahil zonasında rekreasiya əhəmiyyətli ərazilərin və digər sahələrin ekoloji tarazlığının pozulmasına, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır". ETSN rəsmisi hesab edir ki, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi ilə bərabər, həm də ictimai fikirdə ekoloji pozuntulara qarşı tələbkarlıq və təbiətə qayğı anlayışları daha da dərinləşməlidir: "Bu istiqamətdə nazirlik tərəfindən əhalinin maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Sahil zonasında fəaliyyət göstərən müəssisələrə və digər çirkləndirici subyektlərə isə davamlı olaraq xəbərdarlıqlar edilir, fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırılması tələbi qoyulur. Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması, gəmilərin istismarı prosesinin standartlara uyğun qurulması, tullantıların təhvili-təslimi zamanı şəffaflığın təmin olunması, utilizasiya prosesinin düzgün təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət aparılır, birgə reydlər keçirilir. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilir". F.Mütəllimov deyib ki, çirkləndirici subyektlərdən sayılan ictimai-iaşə obyektlərinin bəziləri artıq verilən göstərişlərin icrasını təmin edib: "Eyni zamanda başlanğıcdan ekoloji cəhətdən işini düzgün təşkil edən, ekoloji normalara riayət edən “AF Hotel”, “Sultan”, “Qara dəniz”, “Qaya” istirahət mərkəzlərinin fəaliyyəti təqdir olunmalıdır. Lakin bəzi obyektlərdə, məsələn, “Matros” və “Həyat” istirahət mərkəzlərində məişət-çirkab sularının müvafiq təmizləyici qurğular vasitəsilə təmizlənərək axıdıldığı, yəni qanunvericiliyə riayət edildiyi qeydə alınsa da, məişət tullantılarının qalaqlandığı və düzgün idarə olunmadığı müəyyən edilib. Qeyd edək ki, verilən göstərişləri icra etməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması haqqında nazirlik tərəfindən aidiyyəti qurumlar qarşısında vəsatət qaldırılması qərara alınıb. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət hədəflərindən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Tərəfimizdən mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin".(Publika.az)

Magistraturaya qəbulun nəticələri dərc olundu

Dövlət İmtahan Mərkəzi "Magistr" jurnalının 7-ci nömrəsini nəşr edib. Mərkəzdən  verilən məlumata görə, jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub. Jurnalda həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış keçid balları təqdim olunur. Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/saytından sifariş etmək olar. (publika.az)

Bu rayonlarda su olmayacaq

Bakının 3 rayonu və Hacıqabulda su olmayacaq. Psixoloq.az xəbər verir ki, “Azərsu” ASC-dən publika.az-a verilən məlumata görə, son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsinin yüksəlməsilə əlaqədar Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Azərbaycanda yeni kanat yolu çəkiləcək

Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən Naftalanın xarici turistlər üçün cəlbediciliyini daha da artırmaq məqsədilə şəhərdə 1,7 kilometrlik kanat yolunun çəkilməsi nəzərdə tutulub. Bu barədə verən Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev azərtaca-a bildirib. Onun verdiyi məlumata görə, yeni layihə Nazirlər Kabinetinin Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair Baş planına salınıb. Ülfət Əliyev deyib ki, bu cür layihə respublikamızın qərb bölgəsində ilk dəfə icra olunacaq. Həmçinin kanat yolunun çəkilişi Naftalana böyük iqtisadi səmərə gətirəcək və şəhərin beynəlxalq turizm potensialını daha da artıracaq.

Manatın dövriyyəyə buraxılmasından 26 il keçir

Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 26 il keçir. “Report”un məlumatına görə, ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub. 1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əskinaslar dövriyyəyə buraxılıb. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub, yəni hər iki valyutadan istifadə edilib. Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb. Bununla belə, o vaxtı çətin iqtisadi şərait çərçivəsində milli valyutanın məzənnəsini sabit saxlamaq mümkün deyildi. Manat digər xarici valyutalara nisbətdə sürətlə ucuzlaşırdı. Əgər 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər idisə, bir il sonra bu nisbət 4 182 manata qalxıb. Bu isə dövriyyəyə daha böyük nominallı əskinasların buraxılması hesabına baş verirdi. Belə ki, Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə Almaniyanın “Giesecke & Devrient” şirkəti tərəfindən 10 000 manatlıq, 1996-cı ildə isə İngiltərənin “De La Rue” şirkəti tərəfindən 50 000 manatlıq əskinaslar çap edilərək dövriyyəyə buraxılıb. Sonuncu həm də 2001-ci ildə 1 000 manatlıq əskinasın yeni dizaynda hazırlanmasını həyata keçirib. Ümumikdə, Milli Bank tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində təxminən 5,239 trln. manatlıq 692,5 mln. ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən çıxarılıb. 2005-ci il fevralın 7-də Prezident İlham Əliyev “Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub və bir il hər iki pul qüvvədə olub. 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilib. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslardan və 1, 3, 5, 10, 20, 50 qəpik metal pul nişanlarından ibarətdir. Yeni manatın dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanları isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb. Uzun illər Cənubi Qafqazın ən güclü və sabit valyutası olan Azərbaycan manatı 2015-ci il fevralın 21-də, 20 illik fasilədən sonra ilk kəskin məzənnə dəyişikliyinə məruz qalıb. Azərbaycan Mərkəzi Bankı milli valyutanın 34% ucuzlaşdırılmasına qərar verib. Buna səbəb isə 1990-cı illərin sonundan manata dəyər qazandıran neftin dünya bazarında kəskin ucuzlaşması olub. Son nəticədə dolların rəsmi məzənnəsi 0,78 AZN/USD-dən 1,05 AZN/USD-yə qədər artırılıb. Bununla belə, neftin getdikcə ucuzlaşması və ölkəyə daxil olan dollar kültəsinin azalması fonunda yeni məzənnənin uzun müddət saxlamaq mümkün olmayıb. 2015-ci il dekabrın 21-də Mərkəzi Bank vəziyyətdən çıxış yolu kimi manatı “üzən məzənnə” rejiminə keçirib. Bundan sonra ölkədə rəsmi məzənnə 1,55 AZN/USD-yə bərabər olub. Amma yeni vəziyyətdə manatın məzənnəsini ona tələbatın hansı səviyyədə olması müəyyən etdiyindən dolların və digər xarici valyutaların milli valyutaya nəzərən qiyməti mütəmadi olaraq dəyişib.Məsələn, ötən il fevralın 1-2-də 1 dollar 1,92 manata bərabər olub ki, bu da “üzən məzənnə” rejiminə keçilməsindən bəri ən yüksək həddir. 2016-cı il mayın 25-26-da isə dolların qiyməti minimum həddə – 1,49 AZN/USD-yə düşüb. Bu günə olan rəsmi məzənnə isə 1,700AZN/USD-yə bərabərdir və bu göstərici bu il martın 7-dən bəri dəyişməyib.

Magistraturaya müsabiqənin nəticələri açıqlandı

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) ölkə.az-a verilən məlumata görə, nəticələr DİM-in internet saytında yerləşdirilib. Bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 15-də (günün ikinci yarısında) “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq. Magistraturanın boş qalan 2533 plan yerinin müsabiqəsində iştirak etmək üçün 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 16-dan 24-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Azərbaycanda yeni fond yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq. Nazirlikdən verilən məlumata görə, Fondun Əsasnamə layihəsi hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim olunub. Dövlət Əməyin Mühafizəsi Fondu əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verəcək.  Fond əməyin mühafizəsi sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etməklə, bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsini, əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasını dəstəkləyəcək.  Qeyri-kommersiya qurumu kimi təşkil ediləcək Fond dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin fərmanına əsasən, Dövlət Əməyin Mühafizəsi Fondunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılması nəzərdə tutulub. 

Almaniya modeli əsasında yeni təhsil qanunu hazırlanır

Ölkənin təhsil sistemi, təhsil sektoru ilə bağlı yeni qanun layihələri üzərində iş başlayıb. Bunu oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə deyib. Onun sözlərinə görə, adıçəkilən komitə son dövrlərdə çox məhsuldar işləyib və təhsillə bağlı bir sıra mühüm qanun layihələrinin hazırlanmasına, müzakirəsinə və qəbuluna nail ola bilib: “Hesab edirəm ki, istər həmin qanunlar, istərsə də üzərində işlərə başlanılan qanun layihələri Azərbaycan təhsilinin inkişafında, təhsil islahatların sürətləndirilməsində mühüm rol oynayacaq. “Peşə təhsil haqqında” qəbul olunan qanunu buna misal göstərmək olar. Bu qanun təhsilimizin, illərlə unudulan, kənarda qalan peşə təhsilinin inkişafı ilə yanaşı, ölkənin iqtisadi inkişafına da öz mübət töhfəsini verə bilər və verəcək. Məhz bu qanunun qəbulu ilə ölkədə iqtisadi islahatların gücləndirilməsi üçün peşə mütəxəssisləri hazırlanır. Bu sənədi çox mühüm hesab edirəm və qeyd edim ki, onun işlənilib-hazırlanmasında Almaniyanın təcrübəsindən, analoji qanunvericiliyindən istifadə olunub. Çünki Almaniyanın bu istiqamətdəki qanunu dünya üçün örnək, nümunədir. Bununla yanaşı, “Ali təhsil haqqında” və “Orta təhsil haqqında”, təhsil, tələbə kreditləri ilə bağlı qanunların da qəbulu vacibdir və lazımlıdır. Onların qəbuluna ciddi ehtiyac duyulur.  Ölkədə iqtisadi inkişafa, iqtisadi islahatlara dəstək qanunları da olmalıdır. Yəni, azad bazar iqtisadiyyatının inkişafı, azad bazar, azad rəqabət mühitinin yaradılması, yaxşılaşdırılması, məmur özbaşınalığının qarşısının alınması üçün yeni qanunlara ehtiyac var. Bununla yanaşı, ən önəmli məqamlardan biri parlament diplomatiyasıdır. Yəni, parlamentin beynəlxalq əlaqələrinin, beynəlxalq qurumlarla, onların parlament assambleyaları ilə işlərin, əməkdaşlığın, bir sözlə, parlament diplomatiyasının daha da gücləndirilməsi lazımdır”.

Azərbaycanda kişilərin evlənmə yaşı artıb - Son 27 ilin rekordu

Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb. Psixoloq.az trend-ə istinadən xəbər verir ki, ümumilikdə son illər ərzində Azərbaycanda rəsmi nikaha ilk dəfə daxil olan həm qadın, həm də kişilər arasında orta nikah yaş həddi nisbətən artıb. 2003-cü ildə kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub. 2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23, 4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb. 2013-cü ildə kişilər üçün nikah yaşı 28,4, qadınlar üçün 24, 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub. Azərbaycanda qadınlar arasında ötən il qeydə alınan orta nikah yaşı son 27 il üçün ən yüksək olan göstəriciyə (Azərbaycanda qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990-cı ildə qeydə alınıb) yaxınlaşıb. 1990-cı ildə qadınlar arasında nikaha daxil olanların orta yaşı 24,3, ötən il isə 24,2 olub. Son 27 il ərzində kişilər arasında ən yüksək nikah yaşı ötən il qeydə alınıb. Bundan əvvəl ölkədə kişilər arasında ən yüksək nikah yaşının olduğu il 2002-2003-cü illər (28,6) olsa da, 2017-ci ildə evlənən kişilərin orta yaşı 28,8 olub.

Nazirlikdən xəbərdarlıq - Küləkli və yağıntılı hava şəraiti gözlənilir

Sinoptiklər ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  bildiriblər ki, avqustun 15-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı proqnozlaşdırılır.

“Oğlum lotudur” deyib şəkil paylaşdı – Rəsmilər hərəkətə keçdi/FOTO

Son günlərdə sosial şəbəkədə paylaşılan şəkil qınaq obyektinə çevrilib. Psixoloq.az xəbər verir ki, atanın azyaşlı körpəsinin ağzına yandırılmış siqaret qoyaraq şəklini çəkib paylaşması böyük narazılıqlara səbəb olub. Məsələyə rəsmilər də tənqidi yanaşıblar. Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacaq Rentiqrasiya mərkəzinin koordinatoru Vasif Akifli məsələ ilə bağlı mediaya səslənərək ictimai qınaq tələb edib. Psixoloq.az-a açıqlama verən Akifli belə valideynin məsuliyyətə cəlb edilməsinin vacibliyini qeyd edib: “Mənə əsas qəribə gələn bu oldu ki atanın səhifəsində bir şəxsin bu şəkilə bildirdiyi “bu yaşda uşağı nə üçün zərərli vərdişlərin aludəçisinə çevirirsiniz?” tənqidi rəyinə qarşılıq, ata da  “yaxşı edirəm lotudur” deyə cavab yazıb. Birincisi “lotu” anlayışı qanunda yoxdur. İkincisi uşaq “lotu” ola bilməz. Mənim rəhbərlik etdiyim sığınacaqda  reabilitasiyaya cəlb olunan uşaqların 100-də 90-nı zorakılıq görmüş uşaqlardır. Aldıqları travmalar ailələri tərəfindən baş verir. Bir zamanlar bu tendensiya tamam fərqli idi. Uşaqlarda onlara qarşı olunan zorakılıq, döyülmə, diləndirmək faktı  ögeylər tərəfindən qeydə alınırdı. Çox təəssüf edirəm ki, son illərdə  bu doğmalara çevrilib. Doğma dayı tərəfindən zorlanan uşaqlar, doğma ata tərəfindən diləndirilən, cinsi istismara  məruz qalan uşaqlar və s. Hər şeyin təməli xırdadan başlayır. Kiçik qığılcım oda çevrilir”. Vasif bəy belə atanın ilk olaraq cəmiyyət üçün təhlükəli olduğunu bildirib. “Digər valideyn və uşaqlara mənfi nümunədir. Qarşısını cəmiyyət olaraq almalıyıq. Belə uşaqlar gələcəyin potensial narkomanıdır. Başımıza nə gəlirsə cahillikdən, təhsilsizlikdən gəlir. Bu ata bəlkə də 9 illik təhsili belə bitirməyib. Bir çox insanlar şüursuz şəkildə dünyaya uşaq gətirir. Valideyn olmağı dərk etmir”,-deyə Akifli vurğulayıb. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoterapevt Süleyman Məmməd-zadənin sözlərinə görə, atanın bunu hansı məqsədlə etməyindən asılı olmayaraq uşaq üçün çox mənfi örnəkdir: “Uşağın yadında qala bilər ki atam mənə belə edirdi. Daha sonra qadağa olunsa belə  azyaşlı ona tərəf istiqamətlənəcək. Çünki siqaret qadağan olunsa da görəcək ki atası çəkir və belə bir iş olub. O, bunun tam əksini edəcək. Əksər oğlan uşağı atasına bənzəmək istəyir. Atanın isə belə etməyi onun yadında qalacaq”. “Bu hərəkətin zərərli olduğunu ataya necə anlatmaq olar?” sualını isə Süleyman bəy bu cür cavablandırıb: “Bu tip insanlara bunun zərərli olduğunu anlatmağa dəyərmi? İlk olaraq belə sual verək ki, həmin insan anlamaq istəyirmi? Və ya özü bunu istəmirsə bunun necə müsbət nəticəsi ola bilər ki? Hər siqaret çəkən belə siqaretin zərərli olduğunu bilir. Bunu dərk edə-edə siqareti uşağın ağzına qoyubsa, bu ataya necə anlatmaq olar? Ona nəisə izah etmək nə qədər alınar deyə bilmirəm. Belə şəxslər barədə qanun çərçivəsində tədbirlər görülməlidir ki, digərlərinə örnək olsun ”. Məsələ ilə bağlı saytımıza açıqlama verən Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin, uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev, valideynin bu barədə məsuliyyət daşıdığını nəzərə çatdırıb: “Uşağın təlim-tərbiyəsinə diqqətlə yanaşmayan valideynlərə ilk olaraq xəbərdarlıq edilir, daha sonra cərimələnə də bilər. Bu proseslər, rayon üzrə icra hakimiyyəti tərəfindən həyata keçirilir. İcra hakimiyyəti nəzdində, azyaşlıların işləri üzrə komissiya fəaliyyət göstərir. Həmin şəxs hansı rayonda yaşayırsa həmin bölgənin icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə komissiyası, valideynin hərəkətinə nəzarət edərək gərəkli zamanda müvafiq cərimə sanksiyası da tətbiq edə bilər. Bu hərəkətlər mütəmadi olaraq davam edilərsə həmin uşağın atası atalıqdan məhrum edilə də bilər. Əgər ailədə həmin uşağın qalması təhlükəlidirsə yaxın adamın qəyyumluğuna verilə bilər. Ən pis halda dövlət himayəsinə götürülər.  Düzdür Azərbaycanda bu problem bu dərəcəyədək ciddiləşməyib amma gərək duyularsa tətbiq oluna bilər. Bu işlə psixoloqlar da məşğul olur. Şəxsin hansı rayondan olduğunu bilmək üçün hüquq mühafizə orqanlarına müraciət edilməli və şəxsin yaşadığı yer tapılmalıdır. Bundan sonra isə Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi gərəkli İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq iş barədə lazımi təbirləri görə bilər. Mövzunu diqqətdə saxlayacağıq. Şəhanə Quliyeva