Bəzi insanlarda bədəninin müxtəlif nayihələrindəki, xüsusilə də üzdəki xallara görə komplekslər yaransa da, onları götürməyə risk etmirlər, daha böyük problemlərin yaranacağından ehtiyat edirlər. Psixoloq.az xəbər verir ki, dermatoveneroloq Sevinc Kərimova Trend-ə bildirib ki, istənilən "ət xalı” dediyimiz dəri törəmələri xoş xassələli olsalar da, onlar törəmə sayılır və onkoloji xəstəliklər qrupuna daxil edilirlər. S.Kərimovanın sözlərinə görə, "ət xalları”nın kriodestruksiya üsulu ilə dondurularaq, lazerlə və ya cərrahi yolla götürülməsi mümkündür və heç bir əks göstərişi yoxdur. Həkim hesab edir ki, ümumiyyətlə, dəridə olan hər bir törəmə vaxtında - heç bir problem yaratmadığı zaman götürülməlidir: "Təbii ki, bütün dəri törəmələri bədxassəli deyil. Hemangioma da, papilloma da xoşxassəlidir. Müəyyən hallarda bazaliomaların gələcəkdə xərçəngə çevrilməsi riski varsa, onların da "sakit” vaxtı, heç bir problem yaratmadığı zaman götürülməsi məsləhətdir. Çox zaman xəstəyə "ət xalları”nın kriodestruksiya üsulu ilə götürülməsi təklif edildikdə, o, panikaya düşür, qorxur. Amma əgər bu, törəmədirsə, zaman-zaman mexaniki zədə alırsa, onu mütləq götürmək lazımdır. Çünki o, həmin vaxt bədxassəli olmasa belə, şişdir. Xoş və ya bədxassəli olmasından asılı olmayaraq isə onun vaxtında götürülməsi məsləhətdir”. S.Kərimovanın sözlərinə görə, bəzi hallarda pasiyent müraciət edir ki, xal heç bir zədə almasa və qaşınmasa da, öz-özünə qanayır: "Həmin əlamət artıq xərçəngə keçid üçün siqnaldır. Xal travma alaraq qanaya bilər, amma mexaniki zədə almadan qanayırsa, üstünü yara bağlayırsa, bu, artıq o deməkdir ki, orada aktiv hüceyrələr tapılacaq. 99 faiz halda öz-özünə qanayan xallarda xərçəng hüceyrələri tapılır”. S.Kərimova qeyd edib ki, istənilən "ət xalı” dediyimiz dəri törəmələri onkoloji xəstəliklər qrupuna daxil edildiyinə görə onların üzərində lazer epilyasiyasının aparılması məsləhət görülmür. Çünki lazer şüasının təsirindən belə xalların sayı daha da arta bilər. Bu halda onların bədxassəli şişlərə çevirilməsi riski də yaranır: "Müəyyən xallar var ki, "sakit” olsa da, xərçəng adlandırılmasa da, xərçəngönü sayılır. Yəni gələcəkdə onun xərçəngə çevrilməsi riski var. Ona görə də onların üzərinə şüa vurub bu prosesi daha da sürətləndirmək olmaz. Bu səbəbdən xallar olduqda epilyasiyanın edilməsi qəti qadağandır”. S.Kərimova bildirib ki, qırmızı xallar dərini qidalandıran xırda kapilyarların divarından inkişaf edən törəmə olduğu üçün qırmızı rəngdədir: "Bunlar həm də hemangioma xallardır. Onlara da lazer terapiyası olmaz. Çünki bu prosesin təsirindən damarlar daha da genişlənir və bununla prosesi daha da dərinləşdirmişik oluruq”.
Bu gün uşaqlara kiçik yaşlarından xarici dil öyrətmək dəb halını alıb. Atalar sözündə deyildiyi kimi, "Yar məni alverdə görsün" məsələsidir, yoxsa düşünülmüş addımdır. Bəzi mütəxəssislər bildirirlər ki, bu uşağın gələcək inkişafı üçün müsbət haldır. Gələcəkdə əcnəbi dili çətinlik çəkmədən, rahat öyrənə biləcək. Lakin uşaq psixoloqları bunun mənfi tərəflərini də nəzərdən qaçırmırlar. Araşdırmalara görə, iki dildə danışan ailələrin uşaqlarında nitqdə qüsurlar ola bilər. Hazırda üstünlük ingilis dilinə üstünlük verilir. Çünki bu dil dünyada qəbul edilən bir neçə dildən biridir və gələcəkdə də uşaq bu dildən faydalana bilər. Lakin valideynlər bir nüansı da unutmamalıdırlar ki, uşağın tez qavraması üçün onun temperamentinə uyğun dil seçilməlidir. - Uşağın orijinal şəxsiyyət kimi yetişməsi üçün yapon dili öyrədilməsi məsləhətdir. Heroqliflərin yazılış qaydasını yadda saxlamaq üçün uşağın beynində hər iki yarımkürə aktiv inkişaf edəcək. - Uşaq musiqiyə meyillidirsə, çin dilinin öyrədilməsi məsləhətdir. Bu dil beyinin sağ yarımkürəsinin cavabdeh olduğu musiqi qabiliyyətini artırmaqda ona kömək olacaq. Dilçilərin fikrinə əsasən, məhz çin dili gələcəkdə aparıcı dil olacaq.- Ünsiyyətcil uşağa fransız və ya ispan dili öyrətmək daha uyğundur. - Uşağınız məntiqli düşünürsə, alman dili onun seçimi ola bilər. - Kreativ düşüncəli uşağa isə inglis dilinin öyrədilməsi məsləhətdir. Bəs bu dillər uşağa hansı yaşdan sonra öyrədilməlidir? "Loqos" psixoloji nitq mərkəzinin baş uşaq psixoloqu Anara Quliyeva bununla bağlı ATV.az-a öz fikirlərini bildirdi: "Uşaqlarda passiv və aktiv nitq inkişafı olur. Passiv nitq, yəni uşağın başa düşdüyü dildə apar, qoy, gətir kimi ifadələri anlayır və icra edir. Artıq 1 yaşından uşaq öz söz ehtiyatına uyğun hərəkət edir. Uşağın qavrama, idrak prossesinə görə bir dil inkişaf olunmalıdır. Uşağın duyğusu, məntiqi, qavrayışı bir dil əsasında formalaşmalıdır. Ancaq uşağa 2 və daha çox dil öyrədildikdə, fikirini izah etdikdə 2 dildə ifadə edəcək. Anlaşılmazlıq ola bilər. Dilləri qarışdırmamaq üçün uşağa 5 yaşına kimi bir dil mənimsədilir, 5 yaşından sonra isə xarici dillər öyrədilə bilər. Çünki uşaq öz dilini kifayət qədər duyub, anladıqdan sonra əlavə dillər öyrədilə bilər. Lakin unutmayın, övladınızın dil qüsuru varsa, ona xarici dil öyrətmək fikrindən daşının. Çünki bu dil qüsuru problemini daha da dərinləşdirəcək. Uşaq 8-10 yaşına çatdıqda, dil öyrənmək bir qədər çətin olsa da, 2-3 dili ona paralel öyrətmək mümkündür, amma ideal tələffüzə nail olmaq bir qədər zaman alacaq. Əcnəbilərin çalışdığı uşaq bağçaları bu məsələdə əvəzedilməzdir, lakin dili unutmamaq üçün sonradan uşağın xarici dil təmayüllü məktəbə getməsi vacibdir."
Son zamanlar mədə kiçiltmə əməliyyatı, trend hala gəlib desək yanılmarıq. Artıq köklük deyildikdə ağıla ilk olaraq pəhriz əvəzinə mədə kiçiltmə əməliyyatı gəlir. Ancaq bunun da öz qaydaları var. Bəs mədə kiçiltmə əməliyyatını kimlər etdirə bilər? Minimal çəki nə qədər olmalıdır? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ümumi və transplant, bariatrik və estetik cərrahı Bəhruz Səlimov, mədə kiçiltmə əməliyyatında çəki qədər hündürlüyün də əhəmiyyətli olduğunu bildirib: “Belə ki bədən kütlə indeksi hesablanır. Bədən kütlə indeksini hesablamaq üçün çəki, hündürlüyün kvadratına bölünür. Normal bədən kütlə indeksi 18.5 - 25 arasında olmalıdır. 25-30 arası BKİ (Bədən Kütlə İndeksi) olan insanlar artıq çəkili - kök, 30-35 arası 1-ci dərəcəli piylənmə, 35-40 arası 2-ci dərəcəli piylənmə, 40 dan böyük olanlar 3 -cü dərəcəli piylənməyə aid edilir. Əməliyyat 3-cü dərəcəli piylənmə olanlar üçün birbaşa göstərişdir. Digər piylənmə dərəcələrində vəziyyətdən asılı olaraq nisbi göstəriş olur”. Mütəxəssis, son zamanlar xəstə müraciətlərinin xüsusilə artdığını diqqətə çatdırıb. “Düşünürəm ki bu xəstələrin maariflənməsindən irəli gəlir. Maarifləndirici məlumatların yayılması piylənmədən əziyyət çəkən insanların sağlamlıqlarının necə qeydinə qalmasını öyrədir. Bunu sevindirici hal kimi qəbul etmək lazımdır, - deyə Dr.Səlimov vurğulayıb. Bir çox pasiyent isə məhz əməliyyatdan sonra hansısa problemin yaranıb-yaranmadığı ilə maraqlanır. Bəhruz bəy, bu növ əməliyyatdan sonra ağciyər xəstəliklərində nisbi həssaslığın artmasının müşayiət oluna biləcəyini diqqətə çatdırıb: "Bu səbəbdən ağciyərin tənəffüs gimnastikası ilə məşğul olmaları və aktiv həyata dönmələri məsləhət görülür. Uzun müddətli yataq rejimi belə xəstələrin sağlamlığı üçün təhlükəli ola bilər. Bunu çoxsaylı təcübələrimə əsasən də əmiliklə deyə bilərəm”. Ətraflı məlumat üçün dr Bəhruz Səlimovla əlaqə 070 579 88 33 Şəhanə Quliyeva
Qastritdən bir çox insan şikayət edir. Bu xəstəliyə qarşı çoxlu təbii vasitələr mövcud olsa da bəzən kifayət qədər effekti olmur. Aparılan araşdırmalara görə, qastrit əleyhinə ən yaxşı təbii vasitələrdən birincisi propolis kərə yağındakı tərkibdir. Psixoloq.az xəbər verir ki, arı məhsulları üzrə mütəxəssis İlham Atakişiyevin sözlərinə görə, bu kərə yağı, absorbent xüsusiyyətinə malik olduğu üçün propolisin müalicəvi təsirlərini özündə birləşdirərək mədəyə çox gözəl təsir edir: “Həm də baldan fərqli olaraq mədədə açıq yaralar zamanı qıcıqlanma vermir. Bu tərkibi hazırlamaq üçün 200 qr kərə yağı, 30-40 qr (keyfiyyətindən asılı olaraq) propolis və 1 x/q bal götürüb su vannasında qızdırılaraq qarışdırılır. Bal qəbulu rahat olmaq üçün əlavə olunur. Soyuduqdan sonra süzülərək soyuducuda saxlanılır. Müalicə kursu gündə 2 dəfə yeməkdən əvvəl 1 çay qaşığı olmaq şərtilə 1 ay davam etdirilir. Propolis kərə yağı həmçinin öskürək əleyhinə, ağciyər vərəmində də çox faydalıdır”. Qeyd edək ki, hazır məhsul əldə etmək istəyənlər Propolis mərkəzinə müraciət edə bilərlər. Əlaqə nömrələri: (070) 233-15-17 (012) 533-15-17 (012) 533-15-17
Diaqrafmal yırtıq (dy), xronik, residivverən (tez-tez qayıdan) xəstəlikdir. Diafraqma deşiyindən yemək borusunun qarın hissəsinin, mədənin və hətta bəzi hallarda bağırsağın döş boşluğuna keçməsi baş verir. Normal halda döş və qarın boşluğu diafraqma adlanan zarlı-membranoz-əzələvi arakəsmə ilə bib-birindən ayrılılır. Qarın boşluğunda təzyiq döş boşluğundan çoxdur. Xəstəlik 50% halda klinik əlamətsiz keçir. Problemin aktuallığı nədir? Ürək və ağciyərdə, yemək borusunun özündə, mədədə ağırlaşmalar verə bilər. Uzunmüddət davam edib müalicə olunmadıqda isə yemək borusunun xərçənginə səbəb ola bilər. Belə ki, əgər bu xəstəliyin mövcud olduğu 5 – 12 il ərzində heç bir müalicə aparılmırsa, yemək borusunun xərçənginin başvermə riski 5 ildən sonra 2-3 dəfə, 12 ildən sonra isə 4-5 dəfə artır. Səbəbləri: ·Birləşdirici toxuma zəifliyi (60 yaşdan yuxarı, fiziki zəif, asteniklər) - diafraqmal deşik xeyli böyüyə bilər. ·Qarın boşluğunda təzyiqin artması (köp, hamiləlik, arasıkəsilməz qusma, ağciyərlərin xronik obstruktiv xəstəlikləri (50 %-də DY olur) davamlı öskürək, assit, güclü kökəlmə) ·Yeməkborusunun xəstəlikləri və diskineziyasında yemək borusunun yuxarı dartılması. DY ilk vaxtlar "sürüşkən” olur –özbaşına geri qayıdır. Yemək borusunun qarın hisəsinin döş boşluğuna keçməsi yemək borusunun aşağı sfinkterinin zəifləməsinə, bu isə refluks- özefaqitə (mədənin turş sirəsinin geriyə, yemək borusuna atılmasına və yemək borusunu zədələməsinə) səbəb olur. Əlamətlər: ·30-35 % halda aritmiyalar(ürəkdöyünmə, ürək ritminin pozulması), ürək nahiyəsində ağrılar ola bilər. ·Ağrı (əsasən yeməkdən, xüsusən çox yeməkdən sonra, fiziki gərginlik, ağırlıq qaldırma, öskürək, köp, uzanıqlı vəziyyətdə artır, önə əyiləndə artır) – döş sümüyünün arxasında yerləşməsir, ürək nahiyəsinə, boynun yan tərəflərinə yayılır. ·Reflüks özefaqitlə bağlı əlamətlər: qıcqırma, gəyirmə, yeməyin geri qayıtması; duru yeməyin keçməsinin çətinləşməsi və çox isti və çox soyuq su içərkən udmanın ağrılı olması, bir neçə saat, hətta bəzən bir neçə gün davam edən hıçqıraq, dilin yanması və göynəməsi, traxeit. Bronxit, astma, aspirasion pnevmoniya baş verə bilər. ·Qan azlığı Xəstəliyin diaqnozu Rentgen, Fibroezofaqoskopiya vasitəsilə qoyulur. Ağırlaşmalar: Xr. qastrit və mədə yarası, qanaxma və anemiya,yırtğın boğulması (ciddi ağırlaşmadır), reflüks ezofaqit Nə etməli? • Tütünü tərgitməli • Az yeməli, yeyən kimi uzanmamalı, axşam çox gec saatlarda yeməməli • Yatağın baş tərəfinin 15 dərəcə qaldırılması • Sıx paltar, kəmər, korset geyməməli. Müalicə: Konservativ(dərman), cərrahi, Manual terapiya. Manual terapiya effektlidir.
Azərbaycanlı həkim, onkoloq Arif Nuri əczaçıların,pasiyentin xəstəlik əlamətlərini,analizlərini bilmədən həkim kimi müalicə təyin etmələrini kəskin şəkildə tənqid edib. Psixoloq.az xəbər verir ki, o bu barədə facebook səhifəsində məlumat paylaşıb. Həkim, aptekə gələn valideynin, əczaçıya uşağın vəziyyətinin pis olduğundan bəhs etdiyini, əczaçının isə “müalicə sxemi” təklif etdiyinin şahidi olduğunu bildirib: “Aptekdə işləyən işçiyə yaxınlaşan qadın 2 yaşlı uşağının simptomlarını sadalamağa başladı: “2-3 gündür uşaq ayaqyoluna su kimi çıxır, özünü pis hiss edir, hərarəti yüksəlir, arabir qusur”. Aptekdə işləyən xanım da ona bir neçə "müalicə sxemi" təklif etdi. İkilikdə cibinə uyğun bir "sxemi" seçib bir neçə dərman aldı və tələsik aptekdən aralanmağa başladı. Heç olmasa, əvvəl pediatra müraciət edin, deməyə vaxt tapsam da, mənə vahiməli, qəzəbli baxışlarla baxıb uzaqlaşdı... Ciddi xəstə olan uşağı bu cür "müalicə etməyə" nə adı vermək olar, bilmirəm. Aptekdə işləyənlərin əksəriyyətinin tibbi biliyi dərman instruksiyası səviyyəsindədir. Bəzilərinin tibbi biliyi olsa da, praktiki terapevtik biliyi, pediatriya sahəsində biliyi yoxdur”. Arif Nuri, bir valideynin xəstə övladını bu növ müalicə etməsini, ona qarşı məsuliyyətsizlik kimi adlandırıb. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla dərman bazarında, aptek şəbəkələrindəki vəziyyətin heç də ürəkaçan olmadığını bildirib: "Aptekdə bir əczaçı oturmalıdır. Dünyanın hər yerində belədir. O, dərmanlar haqqında ətraflı məlumata sahib olmalıdır. Orta təhsilli əczaçı da olur ki, o da satışla məşğul olur. Azərbaycanda təəssüf ki, orta məktəbi bitirən, müxtəlif ixtisas sahibləri aptekdə işləyirlər ki, bu da yol verilməzdir. Səhiyyə Nazirliyinin təlimatına əsasən aptek əczaçının adına rəsmiləşməlidir. Əczaçılıq prosesinə həkim başçılıq etməlidir. Hazırda kim nə istəsə alır. Reseptsiz dərmanlar buraxılır. Antibiotiklər reseptsiz satılır. Bunlar tamamilə yanlış addımdır. Satıcılar özlərinə "səlahiyyət” götürüb alıcılara səhv dərman da satırlar”. Həmçinin A.Qeybulla aptekdə işləyən şəxslərin xəstələrə hansısa dərmanı tövsiyə etmək, vermək kimi səlahiyyətlərinin də olmadığını vurğulayıb.
Son illərdə tatu və pirsinqdən istifadə hallarının artması B viruslu hepatitlərin sayının çoxalmasına təsir göstərir. Bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə kKomissiyanın sədr müavini Həqiqət Qədirova deyib. O bildirib ki, viruslu hepatitlər insan orqanizminə yoluxandan sonra ağır fəsadların olması qaçılmazdır. H.Qədirova qeyd edib ki, hepatit A xroniki hala çox nadir hallarda keçir: "Bu da adətən uşaqlar arasında qeydə alınır. B viruslu hepatit 10 faiz halda xroniki hala keçir. Hepatit C isə 50 faizdən çox halda xroniki olur. Buna insanlar hətta "mülayim qatil" deyirlər. Çünki uzun müddət ərzində özünü büruzə vermir. Sonra da bu virusdan əziyyət çəkən 5-15 faiz xəstə insanlarda xərçəngə səbəb olur". Həkim əlavə edib ki, B viruslu hepatitlər insan orqanizmində qaraciyərə daxil olursa, bu, ömürlük olur: "Bu gün tibb elmində hələ ki tam müalicə üsulları yoxdur. Ona görə də xəstəliyin qarşısı mütləq vaxtında alınmalıdır. A viruslu hepatit adətən natəmiz şəraitdə keçir. İlk olaraq sanitar gigiyenik normalara düzgün riayət etmək lazımdır. B, C və D viruslarının qarşısını almaq üçün qan verən zaman sağlamlıq vəziyyəti yoxlanılmalı, tibbi avadanlıqların sterilizə olunmasına ciddi fikir verilməlidir. Digər tərəfdən, cinsi yolla fərdi yanaşmanı nəzarətdə saxlamaq mütləqdir". (Trend)
Paytaxt Bakıda iki gün tozlu hava müşahidə olunacaq. Atmosferdə müşahidə olanun toza səbəb Tükmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır və belə şərait sabaha qədər davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti bu barədə paytaxt sakinlərinə xəbərdarlıq edib. Bəs belə havadan insanlarımız necə qorunmalıdır? Psixoloq.az xəbər verir ki, moderator.az-ın suallarını cavablandıran Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, insanlarımız çalışmalıdır ki, tozla təmas müddətini aşağı endirsinlər: “Tozlu havanın təbii ki, insanlara ziyanı var. Çünki toz hissəcikləri insanların nəfəs yollarına daxil olur və oranı qıcıqlandırır. Belə hallarda kütləvi informasiya vasitələrində insanlar arasında təbliğat aparılmalıdır. Belə tozlu havadan qorunmaq üçün ictimai nəqliyyatda, küçədə və digər yerlərdə maskalardan istifadə etmək lazımdır. Yaxşı olar ki, evdə olan zaman pəncərələr bağlı saxlanılsın ki, tozla təmas müddəti mümkün qədər aşağı salınsın. Həmin tozlar adətən səhra tozları olur və hər halda onların da tərkibi yoxlanılsa, yaxşı olar. Bu qısa müddət ərzində insanlarımız belə havalarda özlərini qorumalıdırlar”.
Əksər körpələr doğulduqlarından dərhal sonra əmziyə öyrədilir. Nadir uşaqlar əmzikdən ümumiyyətlə imtina edərək istəmirlər. Mütəxəsisslərin əmziyin istifadəsi ilə bağlı ortaq fikirləri yoxdur. Bu haqda kitablarda da qayda qanun olmadığı üçün fikir müxtəliflikləri çoxdur. Psixoloq.az xəbər verir ki, pediatr Altay Abdullaoğulunun sözlərinə görə, əmziyin mənfi tərəfləri müsbət tərəflərindən çoxdur. O, bu barədə rəsmi facebook səhifəsində məlumat verib: “Əmzik, orta qulaq iltihabı riskini artırır,(Otit), dişlərin əyri çıxmasına səbəb ola bilir, ağızda göbələklərin yaranmasında rolu ola bilər. Həmçinin körpə çox enerji itirir, yuxu pozulması yarada bilər. Bununla yanaşı infeksiya mənbəyi ola bilər”. Abdullaoğlu, əmziyin ən azı körpənin 3-4 həftəsinə qədər əmziyin verilməsini düzgün addım hesab etmir: “Çünki bu müddət ana məməsinə uygunlaşır,bu vaxtı ona başqa bir materialdan əşya verdikdə körpənin beyni qarışır.Buna məmə çaşqınlığı deyilir. Bundan başqa körpədə məməyə qarşı istəksizlik yaranır, bu da çəki itirilməsinə səbəb ola bilər. Ancaq ki körpənin çox narahat vaxtında (qazı çox olanda sakitləşdirmək üçün), hər hansı bir ağrılı prosesə məruz qaldıqda(qan alımı,peyvənd vurulanda) ,yuxuya gedən zaman istifadə etmək olar”. Pediatr əmziyin bir yaşa qədər tərgidilməyini tövsiyə edir. “Həm bu vaxtlarında ətraf mühiti kəşf etdiyi üçün diqqəti başqa şeylərdə daha çox olur. Bəzi analar körpələrinin əmzik istifadəsini vacib bilir, hətda məcbur edirlər. Ancaq bu qəti düzgün deyil”, deyə Altay bəy qeyd edib. Valideynlər əmzik istifadəsinə qərar verdikləri halda isə, əmziyin formasına,materialına, ölçüsünə ,təmizliyinə diqqət etməlidirlər. Əmzik adətən silikon və kauçuk (rezin) dediyimiz materialdan olur. Pediatr, rezin əmziklərin bəzi hallarda uşaqlarda allergiya yaratdığını və formasının nisbətən tez pozulduğunu urğulayıb: “Onları diş çıxarma dönəmində istifadə etmək olar. Silikon əmziklər isə bərk olur, diş çıxartdıqdan sonra onların istifadəsi məsləhət olunmur. Bu əmziklər daha dayanıqlı olurlar. Əmzik adətən körpənin ayına uyğun ölçüdə olmalıdır, əmziklərin hər 2-3 aydan bir dəyişdirilməsi məsləhətdir. Onları körpəyə verən zaman isə qaynar su ilə təmizlənməlidir”. Şəhanə Quliyeva
Mədə-bağırsağından əziyyət çəkənlər zeytun və ənciri bir arada yeməlidirlər. Psixoloq.az xəbər verir ki, bu barədə həkim naturopat Füzuli Hüseynov məlumat verib. Bəs bu şəfalı qidaların başqa hansı faydaları mövcuddur? 7 zeytun 1 əncir yeməyin orqanizmə təsirləri: – Babasildən əziyyət çəkənlər üçün çox faydalıdır; – Ürək əzələsini gücləndirir, damarları elastik edər, xolesterini salar, damarları kirəclənmələrdən qoruyar; – Tərkibindəki minerallar və zəngin kalsium olduğuna görə sümük boşluğu problemləri olanlara faydalıdır; – Dəmir, mis və sink mənbəyidir, qanazlığını götürər, mineralların yaxşı sovrulmasına səbəb olar; – Xroniki bronxit və allergiyadan əziyyət çəkənlər üçün faydalıdır; – Nəfəs çatışmazlığı, infarkt olanlar üçün və ən əsası bol antioksidant mənbəyi olduğundan xərçəng xəstəliyin müalicə və profilaktikasında əvəzolumaz bir nemətdir.
İyulun 26-da növbəti qəbul imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbərdarlıq edilib. Bəs imtahan öncəsi abituriyentdə yaranan qorxu və həyəcan hissini necə azaltmaq olar? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən mütəxəssis, klinik psixoloq İlhamə Balakişiyevanın sözlərinə görə, imtahan ərəfəsində olan abituriyentlərdə yaranan fobiya əksər zaman valideynlərindən qaynaqlanır. Birinci mesajı valideynlərə ötürmək lazımdır: “Təbii ki hər valideyn övladını ən yüksək zirvədə görmək istəyir. Ancaq düşünməlidirlər ki, elə yataq xəstəsi uşaqlar var ki heç məktəb üzü görməyiblər. Bu səbəbdən istəklərini uşaqlarına ilk olaraq doğru şəkildə qorxutmayaraq çatdırmalıdırlar”. İlhamə xanım, çox sadə düşüncə tərzindən bəhs edərək abituriyentlərə həyəcanlarını atmaqları ilə bağlı tövsiyə verib. “İmtahan verəcək gənclər düşünməlidirlər ki, pul kisələri var (məcazi formada) və hər gün pul atırlar. Bu pullar onların 11 il ərzində mənimsədiyi biliklərdir. Abituriyentdə bu həyəcan varsa ilk olaraq mahiyətini araşdırmalıdır. Düşünməlidirlər ki, əgər həmin pul kisəsinin açarı və qapağı ondadırsa necə ola bilər ki onu açdıqları zaman içində heç nə olmasın. Bu, mümkünsüzdür. Bunu düşünərək özlərinə şamil edə bilsələr həyəcanları kəskin formada azalar. Öz biliklərinə güvənməlidirlər. Daxili motivasiyanı qaldırmaq lazımdır”,-deyə Balakişiyeva vurğulayıb. Müəllif: Şəhanə Quliyeva