ferid-abdullah

Fərid Abdullah

Abdullayev Fərid Ağasəlim oğlu 1984-cü ildə Bakı şəhərində ziyalı ailəsində doğulmuşdur. İlk təhsilini bir zaman Hüseyn Cavidin adını daşımış 132 nömrəli ərəbtəmayüllü məktəbdə almışdır. Hələ məktəb vaxtından ictimai-yaradıcı işlərdə fəaliyyət göstərmiş, televiziya-radio, habelə müsabiqələrdə iştirak etmiş, müxtəlif fəxri fərman və diplomlarla təltif olunmuşdur. 2002-2004-cü illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra Ali ilahiyyat elmləri üzrə təhsil almış, həmçinin Bakı İslam Universitetini bitirmişdir. Daha sonra bu sahədə magistr təhsili almışdır. Bununla yanaşı, 2010-cu ildən bir sıra media şirkətlərində və təşkilatlarda çalışmış, həmin illərdən mətbuatda yüzlərlə məqalə və araşdırmalar, tərcümələr işləmişdir. Ərəb dilindən ana dilimizə bir neçə klassik və əhəmiyyətli kitabları tərcümə etmişdir. 2011-ci ildən Fərdi inkişaf sahəsində araşdırmalar, maarifləndirici təhqiqatlar aparır. Ailəlidir, iki övladı var.

Kənarda qalmaq istəmirsinizsə... Özünüzü sınayacağınız peşələr

Yaxın keçmişdə tələb olunan ixtisaslar sabah gərəksiz ola bilər. Əgər siz kənarda qalmaq istəmirsizsə, gələcək üçün tələb olunan ixtisaslara yiyələnə bilərsiz. İnteraktiv dizayner - auditoriyanı baş verənləri təkcə passiv şəkildə müşahidə etməyə yox, həm də müxtəlif tədbirlərdə aktiv iştirak etməyə çağıran layihələr yaradan mütəxəssis. Rəqəmsal transformasiya üzrə mütəxəssis - süni intellektdən, virtual reallıqdan, robototexnikadan, internet resurslarından başı çıxmalıdır. Həmin adam informasiya və rəqəmsal texnologiyalarından istifadə edərək, xüsusi rəqəmsal sfera yaratmaq və müştəridə istifadəçi təcrübəsi formalaşdırmaqla şirkətin gəlirini artırmağa çalışmalıdır. Şouranner - bu adam müxtəlif teleseriallar yaratmaq prosesini idarə edir. Onun öhdəiliyinə ssenari yazmaq, prodakşn öncəsi məsələlərin həlli, layihənin təqdimatı və gerçəkləşdirməsinə nəzarət durur. İşıq dizayneri - bir çox sahələrdə tələb olunur. Bu, həm kino, həm müxtəlif televiziya verlişləri, həm də təqdimatların təşkilatçılığıdır. İşıq üzrə mütəxəssis, özü də işıq dizayneri dizayn, elektrotexnika, memarlıq barədə də məlumata malik olmalıdır. Məhz bu zaman o, yaxşı qazana bilər və onun xidmətləri daim tələb olunacaq. Yeni media produseri - Reklam daha ticarəti hərəkətə gətirən yeganə vasitə sayılmır. İndi sosial şəbəkələrdə olan bir sıra faydalı kanallar məşhurluq əldə edir ki, burada müştərilər üçün bir sıra mətn və videolar hazırlanır. Redaktorların işi asan olsa da, keyfiyyətli videokontent hazırlamağı bacaran produser tapmaq olduqca çətindir. Yeni peşəyə malik olmaq üçün marketinqin qaydalarını bilmək lazımdır. Habelə kommunikasiyanın əsas xüsusiyyətlərini və prinsiplərini bilmək, rejissorluq, produserlik bacarığına malik olmaq, ssenari yazmağı bacarmaq da gərəkdir. Əgər siz rəsm çəkməyi bacarırsızsa, öz gücünüzü filmdə, animasiyada, oyunlarda və sair əyləncələrdəki bütün obrazların vizualizasiyasına cavab verən konsept-rəssamlıqda sınaya bilərsiz.

Kasıblığa səbəb olan vərdişlər

Vərdiş 1: Məsuliyyətdən qaçmaq Kasıb adam heç vaxt məsuliyyəti öz üzərinə götürmür. O, daha çox öz uğursuzluğunda iş yoldaşlarını, müdiri, yaxud sistemi günahlandıracaqdır. Ancaq öz məğlubiyyətini boynuna almayacaq. Kasıb adam belə düşünür: “Əgər onlar olmasaydı, mən çoxdan uğurlu adam olardım”. “Mənə hamı mane olur, mən heç nə edə bilmirəm”. Vərdiş 2: Vaxtı uzatmaq Uşaqlıqdan bizə qədim atalar sözünü misal çəkirlər: “Yeddi dəfə ölç, bir dəfə biç”. Vaxt gedir, ancaq siz ölçməyi düşünürsüz və nəticədə daha “zirək” biri ortaya çıxır və aylarla ölçdüyünüzü qabağınızdaca biçir. İlk addımı atmağa və risk etməyə qorxmayan adam qələbə çalır. O kəs ki, öz ideyalarını gerçəkləşdirməyə çalışır, nəinki onları beyninin bir küncündə saxlayır. Kasıb təfəkküründə olan insan həmişə vaxtı uzadır, öz hərəkətsizliyinə bəhanə axtarır və əlbəttə ki, bunu özgələrinin boynuna atır. Vərdiş 3: Yəqinliklə hərəkət etmək Kasıb adamlar riski sevmir, onlara stabillik bəs edir, qoy lap az maaşla olsa belə. Nəticədə maaşdan-maaşa yaşayırlar. Ancaq düşünürlər ki, buna dəyər. Çünki stabillik qanadının altındadırlar. Vərdiş 4: Pulsuz öyrənmək Adi kasıb insan çox sayda pulsuz treninq və seminarlara yazılır, demək olar ki, onların çox hissəsinə isə heç qulaq da asmır. Nəticədə insan təhsil illyuziyası altında yaşayır, ancaq əməldə heç bir inkişaf olmur. Pulsuz pendirin harada olması hamıya məlumdur. Uğurlu sahibkar olmaq üçün müəlliminlə canlı rabitədə olmalısan, dəqiq hərəkət planı lazımdır və irəliyə hədəf qoyulmalıdır. Treninqin qiyməti, təkcə gələcək uğurun göstəricisi deyil, həm də sizin motivasiyanızın göstəricisidir. Vərdiş 5: Başqalarının zəhmətini qiymətləndirməmək Kasıb təfəkküründə olan insan başqalarının hesabına yaşayır. Mahnı, treninq, film, yaxud kompyuter proqramlarını torrent saytlarından yükləyir. Onun fəlsəfəsi pullu xidmətləri və ya avadanlıqları pulsuz əldə etməkdir. Ona görə də kasıbların kasıblar üçün yaratdığı qara bazardan, yaxud quldurluq yolları ilə yaradılan vasitələrdən yararlanmağa çalışır. Pullu xidməti pulsuz əldə etmək oğurluqdur. Başqasının intellektual xüsusiyyətini oğurlamaq və aldatmaq insanı daim kasıblıqda yaşamağa vadar edir. Vərdiş 6: Özünə yazığı gəlmək Adətən insanlar öz problemlərinin kökünü şəxsi vəziyyətlərində görürlər. İstər bu vəziyyət xoşagəlməz coğrafi ərazi olsun, yaxud uyğunsuz bədən quruluşu, yaxud kasıb ailədə doğulmaq, ya da kifayət qədər təhsil almamaq və ya arzuladığı ölkədə yaşamaq olsun və sair. Kasıb adamın arsenalında özünə yazığı gəlməsi üçün kifayət qədər səbəb vardır. Ancaq bu yolla kapital qazanmaq mümkün deyil. Vərdiş 7: Ahu-zar və şikayət etmək Sirr deyil ki, pulsuzluq neqativ emosiyalara səbəb olur. Kasıbdan fərqli olaraq, zəngin təfəkkürü olan adam uğursuzluğu uğura doğru addım hesab edir. O, zırıldamır və taleyə şikayət etmir. Adətən adam istəyir ki, ona yazıqları gəlsin deyə, danışsın və sözünü desin. Ancaq bundan adamın halı yaxşı olmur, həm də cibindəki pulu da artmayacaqdır. Vərdiş 8: Başqalarının nə deyəcəyini düşünmək Uğurlu adam öz individuallığını qoruyub saxlayır, ətraf mühitin düşüncələrindən asılıb qalmır. Kasıb adam, əksinə öz əsas vaxtını və enerjisini başqa insanları qane etmək üçün çalışır. Bu isə onları özündən daha üstün tutmağa çalışmaq sayılır ki, müqayisədə ona heç bir fayda gətirmir və yenə də zırıldamağa başlayır. Vərdiş 9: Pulları boş-boşuna xərcləmək Kasıb adamın iqtisadi strategiyası olmur. Onun məqsədi yalnız qazanmaq və xərcləməkdir. Varlı insan isə, əksinə zəhmət çəkib pul əldə etməyə çalışır ki, bununla yatırım edib, kapital qazansın. Belə bir durumda ən çox yayılan düşüncə budur: “Əgər mənim pulum yoxdursa, yatırım edə bilmərəm”. Pul ona görə yoxdur ki, insan gələcək haqqında düşünmür. Varlı adam çox pul qazanan adam deyil, öz gəlirindən savadlı şəkildə istifadə edən kəsdir. Vərdiş 10: Dərhal mənfəət əldə etmək axtarışı Kasıb adamlar yeni bir şey öyrənmək istəmirlər, onlar prespektivə işləmirlər. Sadəcə indi, bu dəqiqə pul qazanmaq istəyirlər. Buna aydın misal onların davranışıdır. İnsan hər şeyi dərhal istəyir və bunun qarşılığında ən az zəhmət çəkməyə çalışır. Bunun  misalı əkinçiyə bənzəyir ki, yazda kartof əkməyi düşünmədən, əkin məhsulunu qışda yeyir. Vərdiş 11: Sevmədiyi işlə məşğul olmaq Kasıbın həmişə günahkar bildiyi adamı var, 100 bəhanəsi, 1000 səbəbi də vardır ki, bunlara əsaslanıb, sevmədiyi işə getsin. O, cümə gününün xəyalı ilə yaşayır, rəhbərliyi lənətləyir, ancaq hər bazar ertəsi yenə də eyni şeyi edir. Sadəcə sevdiyi işlə məşğul olmaq üçün cəsarəti çatmır. Beləcə, heç bir şeyi dəyişmədən, öz həyatını yaşaya bilmir və illər ötüb keçir. Vərdiş 12: Vaxtı səmərəsiz, bihudə keçirtmək Kasıb təfəkkürə malik olan adam sual verir ki, öz vaxtımı necə “öldürə” bilərəm? Bu isə olduqca neqativ haldır. Düzgün variant isə belə sual verməkdir: Mən öz vaxtımdan necə son dərəcə fayda əldə edə bilərəm? Beləcə, hər kəs nail olmağa çalışdığına yetişir. Kasıb öz vaxtını “öldürür” və öz həyatını yaşayır. Varlı isə öz vaxtından istifadə edir və daha da zənginləşir.

Özünüzü necə motivə edə bilərsiniz? - Üsulları

Motivasiya insanı hərəkətə gətirən daxili emosional haldır. Özümüzü necə motivə edə bilərik? Bunun üçün nəyi etməli və nəyi etməməliyik? 1 – Hər nə olsa da, özünüzdən neqativ emosiyaları rədd edin! Düşünün ki, bütün düşüncələr maddidir və formalaşa bilir. Əgər mütəmadi və davamlı pis şeylər haqqında düşünsəniz, sizin başınıza gələcəkdir. “Uğur son, uğursuzluq ölümcül deyil, davam etmək cəsarəti – bax, bunun anlamı vardır”. (Uinston Çörçil). 2 – Özünüzə söz verin ki, bazar günü olsa belə, siz yuxudan erkən qalxacaqsız. Ən yaxşı motivasiya sübhdən başlayır. Yoxlayın, siz yuxudan tez dursanız, kifayət qədər vaxtınız olacaq. Hətta harasa tələsməsəniz belə, heç bir işiniz olmasa da, tez durun. Bu vaxtı özünüzə, öz inkişafınıza sərf edin, bir neçə səhifə faydalı kitab oxuyun.  3 – Qələbəyə motivasiya - Həmişə qələbəyə hərəkət et. Hər bir insanın müəyyən durumda qələbə çalıb, məğlub olmaq seçimi var. Yuxudan duran kimi, tələsməyin, yerinizdəcə düşünün, “Bu gün mən dünəndən daha yaxşı olacağam. Bu gün əla gün olacaq. Bu gün məni kiçik qələbələr gözləyir”. İnanın ki, gün boyunca pozitiv, enerjili və özünəinamlı olacaqsız. Bu durumunuzda isə heç kəs sizə mane ola bilməyəcək. “Bəxti gətirən adam o kəsdir ki, başqalarının etmək istədiklərini etmişdir”. (Jül Renar) 4 – Pozitivlik və xoş əhval-ruhiyyə motivasiyası - Çalışın ki, istənilən halda yaxşını və pozitiv anları görə biləsiz. Bilin ki, insanlar müsbət, pozitiv, optimis adamlara meyil edirlər. Kimsə deyə bilər ki, bəs əgər bir adamın başına pis hadisə gəlibsə, onda nə etməlidir? Sadəcə bunu anlamaq lazımdır ki, başınıza gələn hər bir şey sizin üçün təcrübədir. Əgər bu cür hadisələr olmasaydı, siz zəif, gücsüz və uğursuz olardız. Bunlar sizi daha güclü və məqsədyönlü edir. 5 – Yardım motivasiyası - Ehtiyacı olan digər insanlara yardım etməkdən imtina etməyin. Xeyirli iş görəndə siz yalnız yaxşı iş görmürsüz, həm də xoş hislər qazanırsız. Başqalarının həyatını yaxşılaşdırdıqda, öz həyatınız da yaxşılaşır. 6 – Motivasiyanız şübhələriniz səbəbindən dağılır. Çox adam həyatda irəliləyiş əldə etsə də, özünəinamsızlıqdan motivasiyasını saxlaya bilmir. Bəzən onlara elə gəlir ki, nəyisə düz etmirlər, yaxud düz yolda deyillər. Bilin ki, inam hər bir insanın ən zəruri göstəricisidir. O olmasa həyatınızda uğur olmaz. Özünəinamı artırmaq üçün yollardan biri verdiyin sözü tutmaqdır. Başqalarına verdiyiniz sözü tutduqda özünüzə vermiş olduğunuz sözü də tutacaqsız və bununla sizə özünəinam yaranacaqdır. 7 – Arzunuza doğru hərəkətdə özünüzə proqres hiss etmək şansı verin. “Alışıb-yanan ürək üçün mümkün olmayan heç bir şey yoxdur”. (Con Heivud) Bilin ki, bizim orqanizm ağıllı bir mexanizmdir ki, bizim enerji və gücümüzü qoruyub saxlayır. Əgər sizin fəaliyyətinizdə proqres yoxdursa, gələcəkdə də olmayacaqsa, bu sizdə zəifləyəcəkdir. Nəticədə motivasiya öləcək və tənbəlliyə gətirib çıxaracaqdır. Yaxşısı budur ki, təbiət qanunları ilə oynamayaq, bu bizə baha başa gələr. Onlarla əməkdaşlıq edək. 8 – Proqresinizi müqayisə edin. Biz həmişə öz motivasiyamıza sübut etməliyik ki, işlərimiz uğurlu gedir. Hər keçən gün bu artmaqdadır. Bilin ki, siz proqresi müqayisə etməlisiniz, prosesi deyil. Məsələn, siz faydalı kitabdan 30 səhifə oxumusunuz. Bu, prosesdir. Ancaq mən o kitabdan 30 sual versəm və siz cavablasanız, mənimsəmiş olduğunuza görə proqres olacaqdır. 9 – Özünüzlə yarışın. Özünüzü başqalarıyla müqayisə etmək sizi demotivə edə bilər. Hətta irəli getsəniz belə, bunu etməyin. Bilin ki, hər kəsin öz həyatı, işi və münasibəti var. Başqasıyla yarışdıqda bu, çox gülünc görünür. Sanki futbolçu velosipedçiylə yarışmaq istəyir. Hər gün bir miqdar çox üstün gəlməli olduğunuz yeganə kəs özünüzsüz. Hər gün cəsarətinizi toplayıb deyin: “Mən bacarıram, öhdəsindən gəlirəm, mən nail olacağam və bu, yalnız mənə lazımdır!” Həyatımız öz əlimizdədir, onun bədbəxt, yaxud xoşbəxt olması da bizdən asılıdır. Fərid Abdullah

5S Yapon sistemi nədir?

Müasir taym-menecmentdən danışarkən, insanlar adətən qərbdən bizə gələn fərdi-işgüzar təşkilatçılıq metodikasını və sistemini nəzərdə tuturlar. Bu aydın məsələdir, belə ki, şəxsi vaxtın effektli idarə olmasına imkan yaradan nəzəri və praktiki bilik bazası məhz orada yaranmışdır. Yalnız az sayda mütəxəssis bilir ki, şərqdə də kifayət qədər uğurlu taym-menecment texnikası var (bəzi anlamda hətta Qərb qaydasını da keçir). Şərq deyərkən, əlbəttə ki, Yaponiya nəzərdə tutulur. Belə ki, bu ölkə şəxsi biznes-texnologiyalarında öz unikallığı ilə şöhrət tapmışdır. Məhz yaponların sayəsində biz 5S sistemindən xəbərdarıq. 5S sistemi nədir? 5S Yapon sistemi istehsalatda, yaxud ofisdə optimal iş şəraiti yaradan dəqiq strukturlu sistem təqdim edir. İdeal şəraitə yiyələnmək yolu iş yerində intizam yaratmaqdan keçir. Bu isə vaxt və enerjiyə qənaət etmək üçün təmizlik və səliqəliyə riayət etməkdir. Başqa sözlə desək, 5S sistemi bəzən şirkətin istehsalatında, bəzən də çoxlu insanın kollektiv şəkildə iş prosesini təmsil edən başqa sahədə baş verən xaosu nizama salmağa yönləndirilib. 5S sisteminin metodikasını nələr təşkil edir? 5S metodikası iş qurmağın beş əsas prinsipi, yaxud yaponlar demişkən, 5 addımı üzərində qurulub. Onları müxtəsər şəkildə gözdən keçirək. Addım 1 – “Seiri”: Yapon dilində bu söz yerbəyer etmək, yaxud lazım olmayanı aradan qaldırmaq mənasındadır. 5S sisteminin praktik planında bu hissə iş şəraitində ətrafdakı şeylərin iki hissəyə ayrılmasıdır: lazım olanlar və lazım olmayanlar. İnsanlar əşyaları üç nominal kateqoriyaya ayırırlar: Lazım olmayan əşyalar: yəni utilizə olunan şeylər. Potensial lazımi əşyalar: yəni vaxtaşırı istifadə olunanlar. Bunları ayrıca saxlanılan yerdə saxlayırlar. Lazım olan əşyalar: Gündəlik istifadə olunan əşyalar. Yəni onlarsız istehsalat mümkün deyil. Hesab olunur ki, bu addım əməyin təhlükəsizliyini və mədəniyyət mərhələsini artırır. Addım 2 – “Seyton”: Bu ifadəni “səliqəlik, gərəkən nizama riayət etmək” kimi tərcümə etmək olar. Bu addım gündəlik işdə lazım olan əşyaların nizamlanmasına yönəlib. Əşyalar lazım olan zaman asanlıqla əldə edilə bilən yerlərə qoyulur. Daha tez axtarış üçün əşyaları markalaşdırmaq məsləhət görülür. Addım 3 – “Seiso”: Bunu “nizamlama, təmiz şəkildə saxlama” kimi tərcümə etmək olar. Bu addım istehsalatda təmizliyə riayət etməyə yönəlib. İş yerini vizual olaraq bir neçə funksional zonaya ayırmaq lazımdır ki, hədlərində müvafiq şeylər yerləşəcək. Habelə bütün avadanlıqlar təmiz saxlanılmalıdır. Onların dövri yoxlanılması işin səmərəli olmasına mane olan sınıq və nasazlıq kimi şeylərdən qaçmaq imkanı yaradır. Addım 4 – “Seikeçu”: Bunu “standartlaşdırma” kimi tərcümə etmək olar. Bu mərhələdə ilk üç addımın tətbiq edilməsinin nəticələri xüsusi bloknota yazılır (yaxud elektron şəkildə qeyd olunur). Daha effektli qərarlar standartlaşdırılmaya, yaxud iş prosesinin avtomatlaşdırılmasına bərkidilir. Addım 5 – “Siçuke”: Bunu “mükəmməlləşdirmə, intizam yaratmaq” kimi tərcümə etmək olar. Sonuncu addım 5S-in fəlsəfə kimi qavranılmasına yönəlib. Öncəki addımların gedişatında yaranan qənaətcil istehsal sistemi bütün işin səmərəli olmasını əhəmiyyətli şəkildə artırır ki, nəticə etibarilə, taym-menecmentin əsas məqsədi də elə budur. Əgər siz 5S yapon sistemindən istifadə etmişsinizsə, yaxud bu haqda eşitmişsinizsə, nəticələrini bizimlə bölüşə, yaxud bu sistemi öz dostlarınıza danışa bilərsiz. Hazırladı: Fərid Abdullah