Ana südünü bu üsulla kəsməyin – Həbi gündə iki dəfə...

Ümumdünya Səhiyyə Təşkilatı, analara körpələrinə 2 il ərzində süd verməyi tövsiyə edir. Psixoloq.az xəbər verir ki, buna baxmayaraq bəzi qadınlar müəyyən xəstəlik səbəbilə və ya sadəcə öz istəkləri ilə uşağa süd verməkdən imtina edir. Bununla yanaşı bir müddət əmizdirdikdən sonra müəyyən səbəblərdən ötrü südü kəsmək məcburiyyətində qalanlar da olur. Bəs bu kimi hallarda südü hansı üsul ilə kəsmək doğrudur? Əvvəllər qadınlar süd vəzilərini sıx bağlayaraq, kəsməyə üstünlük verirdilərsə artıq müasir zamanda bu kimi əziyyətlərə ehtiyac yoxdur. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ginekoloq Nuranə Əliyevanın sözlərinə görə, süd verən qadınlarda prolaktinin miqdarı artır: “Prolaktin hormondur. Adətən doğuş etmiş qadınlarda hormonun miqdarı artır. Bəzi digər vəziyyətlərdə də arta bilər ki bu zaman isə vəziyyətə uyğun olaraq müalicə yazılır. Əvvəllər qadınlara südü kəsmək üçün müəyyən iynələr edilərək, sidikqovucular  da verilirdi. Müasir zamanda isə rahat yol həb vermək üsuludur. Biz “Dostinex” həbindən istifadə edirik. 2 gün istifadə etmək kifayət edir”. Ginekoloq, bütün bu növ preparatların təzyiqi aşağı sala bilən xüsusiyyətinin olduğunu qeyd edib:  “Qadında ürək bulanma, baş gicəllənməsi  yarada bilər. Bu zaman təlaşa ehtiyac yoxdur”. Nuranə xanım, bu həbdən  doğru istifadənin vacibliyini də vurğulayıb: “Əgər ana yeni doğuş edibsə və müəyyən səbəblərdən ötrü süd vermək istəmirsə doğuş  gününün səhəri biz ona 2 tablet dostinexi birdəfəyə veririk. Yox əgər ana övladına süd veribsə,  işə çıxmaq istəyirsə, südü azdırsa və ya digər səbəblərdən kəsməlidirsə  bu zaman həmin həbi 2 gün ərzində qəbul etməyi məsləhət görürük. Hər iki gün yarım tablet səhər yarım tablet axşam yeməkdən sonra qəbul etməyi uyğun bilirik. Və südü beləliklə kəsmiş oluruq”.  Bir çox qadınlarda, süd verən ananın  büstqalter geyinməsinin südü azaltdığı fikri formalaşıb. Ginekoloq, bunun tamamilə yanlış olduğunu söyləyib:  “Araşdırmalar isə təsdiq edib ki, həm estetik görünüş cəhətdən həm süd baxımından geyim heç bir maneçilik törətmir əksinə daha faydalıdır”. Şəhanə Quliyeva

Abituriyentlərin nəzərinə — Qeydiyyat başladı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb. Bu barədə ölkə.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 9-dan 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Hava dəyişir - XƏBƏRDARLIQ

Avqustun 9-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və aşxam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 9-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında avqustun 9-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Tibbi-meteoroloji proqnoza görə, avqustun 9-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperatur rejiminin iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi bu gün başa çatır. Bu barədə ölkə.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Namizədlər avqustun 9-u saat 23:59-dək elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar. Bu mərhələnin nəticələri barədə müvafiq məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsabiqənin yekun – müsahibə mərhələsində vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibəyə çağırılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə əvvəlcədən elan olunmuş mövzular təqdim olunacaq. Hər bir namizəd həmin mövzunu müsahibə komissiyası üzvlərinə açıq dərs formatında təqdim etməlidir.

Azərbaycanda işsiz qalanlarla bağlı UNİKAL YENİLİK: mesajla hər kəsə...

İşini itirən şəxsə sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün məşğulluq orqanına müraciət etməsi barədə sms bildiriş göndəriləcək. Bu barədə publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş, yəni işini itirmiş şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzinə müraciət etməsi barədə mobil telefonuna sms bildiriş göndəriləcək. Əmək qanunvericiliyinə əsasən, aidiyyəti işəgötürən müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işçi ilə əmək müqaviləsinə xitam verdiyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyyatdan keçirir. Belə hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslərin sistem tərəfindən dərhal qeydiyyata alınması və onlara işsizlikdən sığorta ödənişi almaq hüquqlarının olub-olmamasını müəyyən etmək üçün məşğulluq orqanına müraciət etməli olduqları barədə e-qaydada məlumat göndərilməsi üçün hazırda nazirlikdə müvafiq texniki hazırlıq işləri aparılır. Məqsəd müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş sığortaolunanların işsizlikdən sığorta ödənişi almaq hüquqları barədə məlumatlandırılması, onların bu hüquqlardan dolğun şəkildə faydalana bilmələrinin təmin edilməsidir. Xatırladaq ki, müəssisənin ləğvi və ya ixtisar nəticəsində işini itirmiş və işsiz kimi qeydiyyata alınmış, azı 3 il sığorta stajına malik olan şəxslərin işsizlikdən sığorta ödənişini almaq hüququ var. Yəni azı 3 il sığorta stajı olan və işini itirdiyi günədək 24 ay ərzində 12 aydan çox sığorta stajı olan, işini itirdikdən sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan şəxslər işsizlikdən sığorta ödənişi (itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı 3 ildən 5 ilə qədər olduqda 50 faizi, 5 ildən 10 ilə qədər olduqda 55 faizi, 10 ildən çox olduqda 60 faizi) ilə təmin olunurlar. Azı 3 il sığorta stajı olan, lakin işini itirdiyi günədək 24 ay ərzində 12 aydan az sığorta stajı olanlara isə 6 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir.

Sərnişin daşıyıcıları qarşısında YENİ TƏLƏBLƏR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin daşıyıcı şirkətləri qarşısında tələbləri yeniləyib. Pixoloq.az-ın xəbərinə görə, Xidmətin Mətbuat katibi Nuridə Allahyarova Tarif Şurasının məlum qərarından sonra DANX-nin daşıyıcı şirkətlər qarşısında yeni tələblər qoyub: "Sərnişin nəqliyyatı parkında nəqliyyat vasitələrinin bir hissəsi texniki baxımdan köhnəlib və bununla bağlı məlumat da açıqlanıb. Əvvəllər sərnişin daşıyıcı şirkətlər tariflərin aşağı olmasını əsas gətirirdilər. Lakin tariflər artırıldıqdan sonra daşıyıcılar qarşısında tələbləri yeniləmişik və bununla bağlı iş aparılır. Belə ki, avtonəqliyyat vasitələrinin daha təhlükəsiz olması, texniki cəhətdən daha standartlara cavab verən, daha yüksək səviyyəli xidmətlə bağlı tələblər yenilənib və bu istiqamətdə tədbirlər görülür".(publika.az)

Ad, soyad və ata adının dəyişdirilməsi QAYDALARI DƏYİŞDİ

Nazirlər Kabineti adın, ata adının və soyadın dəyişdirilməsi qaydalarında dəyişiklik edib. Psixoloq.az-ın xəbərinə görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərarda deyilir ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.(publika.az)

Qüsurlu çənə ilə doğulmuşdu - Onu bir də indi görün/FOTO

Taylandda yaşayan Vijitpraforn Punbu adlı qız bir televiziya verilişində qalib gəldikdən sonra həyatı tamamilə dəyişilib. Psixoloq.az xəbər verir ki, anadangəlmə qüsurlu çənəyə sahib 19 yaşlı qız müsabiqədə qalib gəldiyi üçün pulsuz plastik əməliyyat olunmaq şansı qazanıb. Pundu əməliyyatlardan sonra tanınmayacaq dərəcədə dəyişilib, hətta bir çox model agentlikləri tərəfindən təkliflər də alıb. O, bundan sonra həyatına model kimi davam etdirmək fikrindədir.(axsam.az)

Gənc jurnalistlərin nəzərinə...

Jurnalistika fakültəsini bitirən gənc yazarlar və jurnalist olmaq istəyənlər... Psixoloq.az portalı bu istiqamətdə sizə əla fürsət təklif edir. Belə ki, aranızdan seçilən jurnalistlər, saytda məqalə yazıb, mütəxəssislərdən müsahibə və açıqlama ala biləcəklər. Hazırladıqları material isə redaktor tərəfindən yoxlanılaraq jurnalistə bu barədə ətraflı maarifləndirici məlumatlar veriləcək və saytda dərc ediləcək. Həmçinin gənc yazarlar, peşəkar insanlar, mütəxəssislərlə işləmək şansı əldə edərək təcrübə qazanacaqlar.  Bununla yanaşı gələcəkdə Psixoloq.az portalında işləmək fürsəti də əldə edə bilərsiniz. Qeyd edək ki, təcrübə qazanmaq istəyənlərin xəbər yaza bilmə bacarığının olması şərtdir. Savadını artırmaq, təcrübə qazanmaq istəyən gənclər cv-ni  [email protected] mail adresinə göndərə bilərlər.

Müsabiqənin nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan olunub. DİM-dən ölkə.az-a verilən məlumata görə, avqustun 8-də saat 17:10-dan etibarən internet səhifəsində yerləşdirib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur: Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 9-dan 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

“Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olunub

BMT-nin Uşaq Fondu (UNİCEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ölkəmizdə avqust ayının 1-dən 7-dək "Ümumdünya ana südü ilə qidalandırma həftəsi” keçirilib. Ana südü ilə qidalanmanı təşviq və təbliğ etmək məqsədilə UNİCEF və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan maarifləndirici materiallar 1-7 avqust 2018-ci il tarixdə "Asan xidmət” mərkəzlərində əhaliyə paylanılıb. Psixoloq.az xəbər verir ki,  bu tarix ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNİCEF, dövlət siyasətçiləri və digər təşkilatlar tərəfindən 1990-cı ilin avqust ayında imzalanan "Inocenti Deklarasiyası”nın xatirəsinə həsr edilib. UNİCEF və ÜST-ün 31 iyul 2018-ci il tarixli birgə hesabatına əsasən, il ərzində 78 milyona yaxın körpə və ya hər 5 uşaqdan biri dünyaya gəldiyi ilk saatda ana südü ilə qidalanmır, bu da onların xəstəliyə yoluxma və ölüm riskini artırır.

"Hamilə idim, uşağı tələf etməli oldum" - "Toppuş bacı" xəstəliyindən danışdı

"Hamilə idim, qanaxma başladı və uşağı tələf etməli oldum. Abortdan sonra həkimlər gördülər ki, uşaqlıq yolunda şiş var. Şiş əkildi və nəticədə bədxassəli olduğu aşkarlandı”. Psixoloq.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Tünzalə Əliyeva deyib. Bir neçə gün əvvəl xərçəng olduğu aşkarlanan və əməliyyat edilən aktrisa səhhətindən danışıb. "Toppuş bacı” ləqəbli aktrisa xəstəliyinin qəfildən ortaya çıxmasından danışıb: "Qəfildən olmadı. Bir aydır bilirdim, gizlədirdim. Eşidəndə çox pis oldum, ağladım. Millət vəkilimiz Qənirə Paşayevaya zəng etdim, danışdım. Onun məsləhəti ilə onkoloji xəstəxanaya yollandım. Eroziya olub, papiloma virusum var imiş. Mən də vaxtında müalicə etdirməmişəm. Uşağım düşəndə bəlli oldu, ginekoloqum şübhələndi. Şiş əkildi və bədxassəli olduğu ortaya çıxdı”. T.Əliyeva sosial şəbəkələrdə ünvanına yazılan fikirlərə aydınlıq gətirib. O, mədəsini kəsdirdiyi üçün xərçəngə yoluxması haqda xəbərlərə etiraz edib: "Mədəmi kəsdirməyimlə xərçəng olmağımın heç bir əlaqəsi yoxdur. Sadəcə immunitetim aşağı olub. Yeməmişəm, orqanizmimdə immunitet azalıb. Xəstəlik də bundan yaranıb. Hazırda yaxşıyam. Ayın 14-də analizimin cavabı gələcək. Yaxınlarım, ailəm səbirsizliklə onu gözləyir. İnşallah, cavab yaxşı çıxar. Xəstəxanada da qulluğumda dururdular, tez ayağa qalxdım. Günlərlə yerdə yatacaq adam deyiləm. Bir neçə gündən sonra xına mərasimlərimə qayıdacam. Məni sevənlərin gözünü yolda qoymayacam”.