Bu gün psixoloq Gülər Məmmədovanın ad günüdür

Bu gün Azərbaycanın dəyərli psixoloqlarından hesab edilən, Azərbaycan Dövlət Pedaqoji universitetinin ümumi psixologiya kafedrasının müəlliməsi Gülər Məmmədovanın  ad günüdür. Psixoloq.az kollektivi olaraq Gülər xanımı təbrik edir, işlərində müvəffəqiyyətlər arzu edirik. Qeyd edək ki, Gülər Məmmədova  Azərbaycan Dövlət Pedaqoji universitetinin psixologiya fakültəsini bitirib.

Məşhur ifaçının damarları partladı - Vəziyyəti ağırdır/FOTO

Türkiyəli məşhur ifaçı Hakkı Bulut vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. Psixoloq.az xəbər verir ki, həkimlər açıqlama verərək ifaçının damarlarının partladığını, vəziyyətinin yaxşı olmadığını bildiriblər.

"Donorluq məsələləri sənəddən çıxarılıb" - Musa Quliyev

Parlamentin qarşıdan gələn növbəti - 2018-ci il payız sessiyasının məhsuldar, maraqlı və gərgin keçəcəyini düşünürük. Çünki həm qanun layihələrini, həm də 2019-cu ilin dövlət büdcəsinin müzakirələri olacaq. Qeyd edək ki, dünyada payız sessiyaları, əsasən, büdcə sessiyaları sayılır, bu baxımdan, əsas müzakirələr büdcə ilə bağlı olacaq. Amma bununla belə, üç ay ərzində fürsətdən istifadə edib, yeni və ya üzərində çoxdan işlənilən qanun layihələri ilə bağlı müzakirələrin açılmasına çalışacağıq. Yəni, tək büdcə ilə kifayətlənilməyəcək. Psixoloq.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, istər sədr müavini olduğu Səhiyyə, istərsə də sıravi üzvü olduğu Əmək və sosial siyasət komitəsində payız sessiyası çərçivəsində maraqlı müzakirələr, bir sıra vacib qanun layihələrinin müzakirəsi və tövsiyəsi gözlənilir: “Məsələn, bunlardan biri donorluq və insan orqanlarının (toxumalarının) transplantasiyası haqda qanundur ki, ötən sessiyadan onun üzərində işləyirik. Həmin qanuna xeyli dəyişiklik nəzərdə tutulur və çox güman ki, ciddi dəyişikliklər olunacaq. Onu bir daha komitəmizdə müzakirələrdən keçirib, plenar iclasa tövsiyə etməyi nəzərdə tuturuq. Bununla yanaşı, “Psixoloji yardım haqqında” qanun layihəsi üzərində işlər davam etdirilir. Düzdür, onu ötən yaz sessiyasının müzakirəsinə təqdim etmişdik, amma müəyyən səbəblərdən müzakirəsi qaldı. Komitədə baxıb, onu plenar iclasa təqdim etmək niyyətindəyik. Belə bir qanuna ciddi ehtiyac duyulur. Həmçinin, uzun illərdən bəri cəmiyyətdə ciddi müzakirə və mübahisə mövzusu olan, hətta 3-cü çağırış parlament dövründə birinci oxunuşda müzakirələrdən keçirilən “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” haqqında qanun layihəsinin, nəhayət, müzakirələrə çıxarılması nəzərdə tutulur. Çünki qanunda mübahisə predmeti olan “surroqat ana” və donorluq məsələləri sənəddən çıxarılıb, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) sənədə ciddi irad yoxdur. Odur ki, onu payız sessiyasında komitəmizin müzakirəsindən keçirib, növbəti sessiyanın qanunvericilik işləri planına salmağı və plenar iclasa təqdim, tövsiyə etməyi düşünürük. İnsanlarımızın çoxu artıq bu qanunun müzakirəsini və qəbulunu çoxdan gözləyir. Eyni zamanda, komitəmizin əksər üzvləri “Ailə həkimi haqqında” qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılmasını təklif edirlər. Zaman-zaman bu yöndə təkliflər səsləndirilməkdədir. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi məsələsi də belə bir qanunun müzakirəsini və qəbulunu zəruri edir. Ona görə payız sessiyasında həmin qanun layihəsi ilə bağlı müzakirələri nəzərdə tuturuq. Təbii ki, bunlar mənim şəxsi, subyektiv fikirlərimdir. Komitəmizin tam mövqeyi sentyabrda payız sessiyası ilə bağlı keçiriləcək ilk iclasda məlum olacaq, orada təkliflər, fikirlər səsləndiriləcək və qruplaşdırılacaq, müvafiq qərar veriləcək”.

Qanunsuz avtobus biletləri satanlar kimlərdir? — RƏSMİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti rayonlararası və şəhərlərarası qeyri-qanuni avtobus biletlərinin satılması məsələsinə münasibət bildirib. Psixoloq.az ölkə.az-a istinadən xəbər verir ki, Xidmətin Mətbuat katibi Nuridə Allahyarova Trend-ə bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində qeyri-rəsmi bilet satılması mümkünsüzdür. O qeyd edib ki, həm DANX-ın, həm də BBAK-ın əməkdaşları bütün günü bu məsələ ilə bağlı müşahidələr aparırlar və bu cür halların baş verməsinə imkan vermirlər: “Respublika üzrə 60 avtovağzal və avtostansiya mövcuddur və onların hər birində DANX-nin yerli əməkdaşları müşahidələr aparır. Yəni regionlarda da avtovağzallarda daim müşahidə aparılır və qeyri-qanuni bilet satışı mümkün deyil”. N.Allahyarova bildirib ki, regionlarda qeyri-qanuni avtobus biletinin satışı yalnız qeyri-qanuni sərnişindaşıma həyata keçirən daşıyıcılar tərəfindən edilə bilər və bu cür hallar Avtovağzalın özündə yox, kənarda baş verə bilər: “Biz bununla bağlı ölçü götürülməsi üçün müşahidələr aparırıq və aidiyyəti qurumlara, Dövlət Yol Polisinə müraciət edirik. Çünki bizim qeyri-qanuni daşımalar həyata keçirənlərə qarşı tədbirlər görmək səlahiyyətimiz yoxdur. Ancaq qanuni, yəni DANX-nin nəzarət etdiyi daşıyıcılar hər hansı bir süni qiymət artımına və ya əldən bilet satışına yol verərlərsə, biz dərhal tədbir görərik, lakin qeyri-qanuni daşıyıcılara görə biz sadəcə məlumat alıb aidiyyəti qurumları xəbərdar edə bilərik”. Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə qeyri-qanuni bilet satışı ilə bağlı məlumatlar yayılmışdır. Belə halların əsasən regionlarda müşahidə edildiyi qeyd edilir.

Daşqın və sel olacaq – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-dan 12-dək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Qeyri-sabit hava şəraiti avqustun 11-i axşamadək davam edəcək.

Çox yatanların nəzərinə - Ölüm riski var

Çox yatanların ölüm riski yüksəkdir. Psixoloq.az xəbər verir ki, bu, Amerika Qəlb Dərnəyində aparılan araşdırmadan sonra məlum olub. Üç milyondan çox insanın qatıldığı araşdırmadan sonra məlum olub ki, gündə on saat çox yatanların ölüm riski səkkiz saat yatanlara nisbətən otuz faiz yüksəkdir. Çox yatmağın ürək damar xəstəliklərinə də səbəb olduğu bildirilir. 

Qida Təhlükəsizliyi Agentliyindən XƏBƏRDARLIQ

Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə əhaliyə xəbərdarlıq edib. Agentlikdən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib.  Bununla əlaqədar olaraq, bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub. (oxu.az)

Atmosferdə bu qazın artması dünyanın sonunu gətirə bilər - Alimlər açıqladı

İqlim dəyişikliyi problemləri ilə məşğul olan beynəlxalq tədqiqat qrupu Yer planetində temperaturun və dənizlərin səviyyəsinin tezliklə yüksələcəyini proqnozlaşdırır. Onların qənaətinə görə, karbon dioksid qazının atmosferə buraxılması tempi yüksələn xətlə davam edərsə, havanın hərarəti 2 dərəcə selsiyədək arta bilər. Psixoloq.az azertaca istinadla xəbər verir ki, beynəlxalq tədqiqat qrupunun hesabatı İsveç Milli Elmlər Akademiyasının jurnalında dərc edilib. Tədqiqatlar göstərib ki, gələcəkdə atmosferin çirklənməsi Yer kürəsinin bəşəriyyəti qoruyan təbii sərvətlərini onun düşməninə çevirə bilər. Belə ki, hər il meşələr, okeanlar və torpaq 4,5 milyon ton karbon udur ki, sonrakı mərhələdə bu qazın atmosferdə daha da artması havanın hərarətinə mənfi təsir göstərəcək. Stokholm Davamlılıq Mərkəzinin hesabatına görə, Şimal yarımkürəsində daimi buzlaqlar, yaxud Amazon meşələri milyonlarla ton karbon dioksid qazını saxlayır və günlərin birində bu qazların atmosferə qaytarılması Yer kürəsində fəlakətə səbəb ola bilər. Mərkəzin professoru Yohan Rokströmün fikrincə, temperaturun 2 dərəcə artması planetimizin özünütənzimləmə mexanizmini sarsıdacaq. "Biz görəcəyik ki, Yerdəki sistem insanlara dost deyil, düşmən olacaq. Bəşəriyyətin taleyi bu sistemin tarazlığının pozulması ilə sıx bağlıdır”, – deyə professor vurğulayıb. Alimlər bildirirlər ki, hazırda qlobal temperatur 1 dərəcə Selsiyədək artıb və hər il 0,17 dərəcə yüksəlməkdə davam edir. Hesabat müəllifləri 10 təbii sisteminin tarazlığının pozulması prosesinə diqqət çəkirlər. Bildirilir ki, hazırda bəşəriyyət karbon dioksid qazının meşələrə və Arktik buz dənizinə mənfi təsiri, habelə metan hidratların okeanlara vurduğu zərərə biganə yanaşır. Təhlükə ondadır ki, bu sistemlərdən biri həmin qazları atmosferə geri göndərdikdən sonra digər sistemlər də "domino effekti” ilə buna qoşula bilər. Tədqiqatçıların "Yer kürəsi - qızmar ev” ssenarisi adlandırdıqları bu vəziyyətdə iqlim şəraiti sənayeləşmə mərhələsindən əvvəlki dövrə nisbətən 4-5 dərəcə yüksəkdə stabilləşə bilər ki, bu zaman dəniz səviyyəsinin 10-60 metr qalxması ehtimal olunur. Demək, Yerin böyük bir hissəsi suyun altında qalacaq. "Bu təsir kütləvi, dağıdıcı və qəfil baş verə bilər”, - deyə hesabatda xəbərdarlıq edilir. Professor Rokström bu il Avropadakı anomal istiləri də misal gətirərək əlavə edib ki, temperaturun cəmi 1 dərəcə artması bu cür fəlakətlərlə nəticələnirsə, 2 dərəcəyə çatmasının hansı fəlakətlər doğuracağını təsəvvür etmək olar. Hesabatda nikbin fikirlər də yer alıb. Alimlər qeyd ediblər ki, vəziyyətdən yeganə çıxış yolu planetin ekoloji sisteminə daha həssas münasibət göstərməkdən ibarətdir. Kopenhagen Universitetinin professoru Ketrin Riçardsonun sözlərinə görə, bunun üçün bəşəriyyət karbohidrogen ehtiyatlarını yandırmaqdan imtina etməli, meşələri qorumalı və yeni ağaclar əkməli, günəş şüalarının mənfi təsirini azaltmalı, karbon dioksid qazını havadan udacaq maşınlar icad etməlidir. Qeyd etmək lazımdır ki, bəzi alimlər tədqiqat qrupunun hesabatının şişirdildiyi qənaətindədir. Onların fikrincə, müəlliflərin təqdim etdiyi fəlakət ssenarisinin elmi əsasları yetərincə deyil.

“Jurnalistika”ya qəbul üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin "Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 6-da keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib. Abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. DİM-dən xezerxeber.az-a verilən məlumata görə, imtahanda iştirak etmək hüququ qazanmış 446 abituriyentdən 104 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 342 abituriyentdən 287 nəfəri "məqbul” qiymət alıb. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. Abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 10-da (saat 10:00-dan 17:00-dək) Mərkəzin A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (keçmiş Asiya Universitetinin binası) Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 8 və 9 avqust tarixlərində qeyd olunan ünvana şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Psixoloq.az Portalına direktor təyin edildi

Həkim Radioloq Aytən Hidayətova direktor vəzifəsinə təyin edilib. Bu barədə portalının sözçüsü Psixoloq.az a açıqlamasında bildirib.Portal sözçüsü qeyd edib ki, dünən idarə heyətinin iclasında təsisçi qərarı ilə Aytən Hidayətova portalın direktoru vəzifəsinə təyin edilmişdir.

44 gənc işlə təmin edildi

Binəqədi rayon Məşğulluq Mərkəzi işsiz və iş axtaran kimi qeydiyyatda olan ali təhsilli gənclər üçün əmək yarmarkası keçirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, “İşçi axtarıram” adı altında keçirilən yarmarkada rayon ərazisində fəaliyyət göstərən 10 müəssisədən 80-dən çox vakant iş yeri təklif olunub. İş yeri təklif edən müəssisələrin nümayəndələri də tədbirdə iştirak edib. Tədbirdə 44 gəncə vakant iş yerlərinə göndəriş verilib, 5 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata götürülüb. İşəgötürənlər tərəfindən 60-a yaxın gəncdən CV qəbul edilib. Yarmarkada 7-si məcburi köçkün ailələrindən olan 14 gənc istəklərinə uyğun olaraq və potensialları nəzərə alınmaqla özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıb.

"Toppuş bacı" xəstəxanadan evə buraxıldı

Bir müddət əvvəl əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva evə buraxılıb. Psixoloq.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa bu haqda özü xəbər verib. O, həyat yoldaşıyla fotosunu paylaşaraq bildirib ki, artıq evindədir: "Allaha şükürlər olsun, mən artıq evimdəyəm. Xəstəxanada olanda heç vaxt görmədiyim, tanımadığım insanlar ziyarətimə gəldilər. İnşallah, yaxın günlərdə yenə də işimin başında olacam, gözəllərimin xınasını yaxacam”. Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisanın ötən həftə xərçəng xəstəsi olması xəbəri yayılıb.