İşıq pulu artıq yazılır? - “Azərişıq”dan işıq pulu ilə bağlı AÇIQLAMA

Quraşdırılan sayğaclara yalnız fiziki müdaxilə edilə bilər. Psixoloq.az-ın məlumatına görə, bunu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədzadə iyul ayı abonentlərin aylıq elektrik enerjisi sərfiyyatına aid keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu gün smart və elektron sayağaclar bir sistemlidir: “Onların hər hansı funksiyası varsa, bu, o sayğacın növlərini fərqləndirir və yaddaş blokunda heç bir xüsusi proqram yoxdur ki, o elektrik enerjisi sərfiyyatının göstəricilərinə müdaxilə etsin. Fiziki müdaxilə dedikdə, abonentlərin sayğaca vurduğu ziyan nəzərdə tutulur. Bu cür şikayətlər olduqda, biz həmin sayğacları abonentlərin iştirakı ilə laboratotiyaya gətirib yoxlayırıq. Nəticələr isə ictimaiyyətə açıq şəkildə paylaşılır. Abonentlərə tövsiyə edirik ki, bir saat ərzində istehlak etdikləri enerjini sayğac göstəriciləri ilə yoxlasınlar. Bir saatdan sonra sayğacın göstəricilərinin hansı tempdə dəyişdiyini yoxlasınlar. Bu, elə də çətin deyil”. Araz Məmmədzadə qeyd edir ki, heç bir halda kənar göstəricilər sayğaca daxil edilməyib.

"DOST" nə zaman açılacaq? - Nazir açıqladı

"Bu ilin sonunadək, yəni dekabr ayında ilk DOST mərkəzinin açılması planlaşdırılır". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Aztv-nin "Günün nəbzi" verilişinə müsahibəsində deyib. O bildirib ki, hazırda araşdırmalar aparılır, araşdırmaların bir hissəsi də pilot regionun seçilməsidir: "İlk mərkəzin paytaxt Bakıda olmasını düşünürük. Sentyabr ayında pilot rayonumuz artıq dəqiqləşdiriləcək. İlk DOST mərkəzi açıldıqdan sonra növbəti ildə təbii ki, şəbəkə genişlənəcək. Əsas planımız bütün Azərbaycanı əhatə etməkdir". Nazirin sözlərinə görə, DOST Agentliyi və DOST mərkəzləri ölkədə həyata keçirilən islahatların davamıdır: "Bu islahatların kökündə Azərbaycan vətəndaşlarının məmnunluğu dayanır. Mərkəzlərdə ənənəvi xidmətlərlə yanaşı, vətəndaşlara sosial-psixoloji dəstək də göstəriləcək".S.Babayev qeyd edib ki, DOST mərkəzlərində əhaliyə 126 xidmət növünün göstərilməsi müəyyən edilib: "Mərkəzlərdə səyyar xidmətlər də olacaq. "Gənc dost" proqramı əsasında könüllülər də mərkəzlərdə işə cəlb ediləcək".

“Bakmil”də hərəkət iki günlük bərpa edilib

“Bakmil” stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət şənbə və bazar günləri (11-12 avqust tarixlərində) tətbiq edilməyəcək. Bu barədə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. “Sərnişinlərimiz “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq istifadə edə bilərlər”. Qeyd edək ki, avqust ayının 8-dən yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin “Bakmil” stansiyasına giriş-çıxışı müvəqqəti olaraq  8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.(oxu.az)

Bu gün Günəş tutulacaq

Bu gün ilin sonuncu Günəş tutulması hadisəsi baş verəcək. Bu barədə oxu.az-a Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər. Tutulma hadisəsi (qismən tutulma) Bakı vaxtilə saat 12:02-də başlanacaq, saat 13:46-da maksimum səviyyədə olacaq, saat 15:30-da başa çatacaq. Qeyd edək ki, bu ilin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

Dünyanın ən yaşlı modeli: Ölənədək podiumda olacağam - FOTO

Ötən iyul ayında 90 yaşına qədəm qoyan Defni Self hazırda dünyadakı ən yaşlı modeldir. Psixoloq.az oxu.az-a istinadənxəbər verir ki, modellikdən əl çəkməyəcəyini bildirən Self ölənədək iş başında olacağını söyləyir: “21 yaşımdan bu sahədəyəm. Ölənədək də podiumda olacağam”, - deyə yaşlı model bildirir. Defni Selfin ilk modellik təcrübəsi 1949-cu ildən başlayıb. Həmin vaxt 21 yaşında olan Self məşhur bir dərginin üz qabığında yer aldıqdan sonra məşhurlaşıb. 69 ildir modelliklə məşğul olan Self podiumlara çıxır, reklam kampaniyalarında yer alır. Həm kitab yazır, həm də modellik sahəsi üzrə təhsil verir. Defni Self öz tələbələrinə çox zəif və arıq olmamağı məsləhət görür. “Yaxşı bir duruş yetərlidir, arıqlamağa ehtiyacınız yoxdur”, - deyə Self bildirir. Hər zaman dəbli geyinən Self yaşlı insanların tərzlərinə fikir vermədiyini söyləyir: “Hər kəs hansı yaşda olursa-olsun, özünə baxmalıdır və yaxşı geyinməlidir”.

Bu bölgədə qar yağdı - Qəribə təbiət hadisəsi

Gürcüstanın Qudauri bölgəsinə qar yağıb. Psixoloq.az xəbər verir ki, hadisə ilə bağlı həmin bölgədə yerləşən bir turizm restoranı feysbuk hesabında paylaşım edib. Qardan əvvəl isə bölgəyə güclü yağış və dolu düşüb.(publika.az)

“DOST”un fəaliyyət istiqamətləri açıqlandı

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə yaradılacaq “DOST” mərkəzləri əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə xidmətlərdə vətəndaş məmnunluğuna tam təminat verəcək. Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib. “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzlərinin yaradılması dövlət xidmətlərinin geniş bir spektrinin - əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər müvafiq sahələr üzrə xidmətlər sisteminin “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunmasına, xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə imkan verir”, - deyə nazirlik rəsmisi qeyd edib. Fazil Talıbov qeyd edib ki, ƏƏSMN pensiya, müavinət və digər sosial təminat növləri, əlillik,  əmək və məşğulluq, sosial sığorta münasibətləri və s. məsələlər üzrə nazirliyin xidmət sahələri üzrə ildə təxminən 8 mln. e-müraciət qeydə alınır: “1,1 mln. məktub dövriyyəsi həyata keçirilir, 160 min telefon zəngi (müraciət) cavablandırılır. “DOST” mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə xidmətlər göstəriləcək. Bu xidmətlər bir mərkəzdə (bir binada), bir-birinə inteqrasiya olunmuş şəraitdə, fiziki və hüquqi şəxslərə bir pəncərədən operativ və effektiv şəkildə, vahid standartlar əsasında, nəzakətli davranışla, vətəndaşlarla açıq iş mühiti şəraitində təqdim olunacaq.  Müraciətlərlə əlaqədar bütün zəruri məlumatlar müvafiq qurumlardan və eləcə də, ƏƏSMN-nin bölmələrindən elektron qaydada əldə ediləcək və emal olunacaq. Hesabatlılıq və şəffaflıq təmin ediləcək. Çevik hesabat vermə və şikayət, monitorinq və qiymətləndirmə mexanizmləri vasitəsilə şəffaflığı və prosesi izləmə imkanlarını təşviq ediləcək. Əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər əlaqədar sahələrdə inzibati proseslərin və prosedurların sadələşdirilməsinə, göstərilən xidmətlər üzrə vəzifələrin inzibati bölgüsü yenidən təşkil edilməklə, vətəndaşlara xidmət müddətinin və xərclərinin azaldılmasına nail olunacaq”.  Nazirlik rəsmidi qeyd edib ki, “DOST” mərkəzləri bir pəncərədən göstərdiyi operativ, keyfiyyətli, şəffaf xidmətlərlə ƏƏSMN-nin fəaliyyət sahələri üzrə xidməti kontingentin hər bir üzvünün - əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, işsiz və işaxtaranların, pensiyaçıların və b. “DOST”u olduğunu qısa zamanda təsdiq edərək, ümumən ictimai məmnunluğun ünvanı olacaq. Qeyd edək ki, yeni agentlik üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq ƏƏSMN-ə iki milyon manat ayrılıb.

Ötən ay 705 əcnəbiyə iş icazəsi verildi

İyul ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3406-na müvəqqəti yaşama, 358-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqələri verilib, 47-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb. DMX-dən  verilən məlumata görə, ay ərzində 705 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib. Qeyd edək ki, iyulda DMX tərəfindən ümumilikdə müvəqqəti və daimi yaşama, həmçinin iş icazəsinin verilməsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 4516 qərar qəbul olunub.(publika.az)

Bakıda tramvaylar bərpa oluna bilər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib. Psixoloq.az Trend-ə istinadən xəbər verir ki, S.Nuriyev bildirib ki, Bakı şəhərinin Baş Planı çərçivəsində Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılacaq: "İndiki mərhələdə bu barədə dəqiq fikir söyləmək tezdir”. Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək.

Bələdiyyə məktəbləri və uşaq bağçaları yaradıla bilərmi? - RƏY

Parlamentin qarşıdan gələn növbəti - 2018-ci il payız sessiyasında bələdiyyələrlə, eləcə də, inzibati ərazi vahidləri ilə bağlı qanunvericiliyə növbəti düzəlişlər və əlavələrin edilməsi gözlənilir. Bu haqda oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev məlumat verib. Onun sözlərinə görə, payız sessiyası hələ başlamasa da, sessiyanın və adıçəkilən komitənin qanunvericilik işləri planı tam məlum olmasa da, hər sessiyada olduğu kimi, bu sessiyada da bələdiyyə torpaqları, bələdiyyə əraziləri, bələdiyyələrin səlahiyyətlərinin artırılması və inzibati ərazi vahidlərində dəyişikliklər edilməsi ilə bağlı məsələlər olacaq: “Şəxsən mənim də arzum və istəyim odur ki, ölkədə bələdiyyələrin fəaliyyəti genişlənsin. Bələdiyyələrin səlahiyyətləri mərhələ-mərhələ genişləndirilir və bu proses davam etdirilsin. Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına ehtiyac var. Bu gün bələdiyyələrin özlərinin güclü maliyyə təminatı olmalıdır. Bu təminat olmadan, bələdiyyələrin tam inkişafından, oturuşmasından danışmaq olmaz. Bələdiyyələrin özlərinin məktəbləri, uşaq bağçaları, idman məktəbləri, idman klubları, idman meydançaları olmalıdır. Onlar özləri idmançılar yetişdirməlidir. Bununla yanaşı, bələdiyyə avtobusları olmalı, insanlara xidmət etməlidir. Hesab edirəm ki, bu məsələlərdə, o cümlədən, bununla bağlı qanunverciliyin təkmilləşdirilməsi və yeniləndirilməsində bələdiyyələr özləri də təşəbbüskar olmalıdırlar. Hər şeyi dövlətdən, parlamentdən gözləməməlidirlər. Yeni qanunvercilik aktları hazırlamalı və onları parlamentə təqdim etməlidirlər, bu məsələni tək millət vəkillərinin üzərinə atmamalıdırlar”.

Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Psixoloq.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.  Məlumata əsasən, avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-22, gündüz 23-26, Bakıda gecə 20-22, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 11-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Güclü şimal-qərb küləyi əsəcək. Bununla əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 25-30, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Qocalmanın əsas mexanizmi açıqlandı

Lankaster Universitetinin, London Universitetinin kollecinin və Kvin Meri Kollecinin alimləri müəyyən ediblər ki, girdə qurdlarda qocalma orqanizmin köhnəlməsindən deyil, arzuolunmaz genlər səbəbindən baş verir. Araşdırmaçılar hesab edir ki, bu mexanizm insana da aiddir.  Psixoloq.az xəbər verir ki, bununla bağlı “EurekAlert!” nəşri məlumat yayıb.  Mütəxəssislərin sözlərinə görə, gənc inkişaf edən orqanizm üçün normal sayılan bioloji proses daha gec yaşlarda da orqanizmin homeostazını pozaraq davam edir. Bunun nəticəsində xərçəng, ürək-damar sisteminin pozulması və xroniki xəstəliklər yaranır.  Araşdırmalar zamanı məlum olub ki, əsas rollardan birini zülalları kodlaşdıran genlər oynayır. Bu cür genlər otofagiya prosesində iştirak edən zaman hüceyrə öz komponentlərini təkrar edir.(oxu.az)