Bu gün Yenigundem.az informasiya portalının 1 yaşı tamam olur. Psixoloq.az xəbər verir ki, ötən il avgustun 10-da fəaliyyətə başlayan portal bir il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və qısa müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub. Portalın baş redaktoru Təbriz Məhərrəmoğlu bildirib ki, yeni yaranmış informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir: “Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən bir il ərzində “Yenigundem”-ı tanıtdıra və özünün oxucu dairəsini yarada bildik. Bundan başqa, aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq”. Biz də Psixoloq.az kollektivi olaraq Təbriz Məhərrəmoğlu və heyətini təbrik edirik.
Tələbələrlə psixoloq arasındakı qalmaqal getdikcə böyüyür. Belə ki, mövzu ilə bağlı ötən yazımızda, psixoloq İlkin Kazımlının, 3-cü qrup üzrə psixologiya fakültəsini bitirənləri psixoloq saymaması, bu üzrə təhsil alan tələbələri, həmçinin bir sıra psixoloqların narazılığına səbəb olmuşdu. Tələbələr, psixoloqun tamamilə yanlış danışdığını, əsas dövlətin bu ixtisası təsdiq etdiyini qeyd etmişdilər. Məsələ ilə bağlı sözügedən psixoloqa söz haqqı yarandığından Psixoloq.az portalı olaraq məsələni daha real araşdırmaq üçün yenidən İlkin Kazımlının məsələyə yanaşma münasibətini öyrənmək istədik. Psixoloq İlkin Kazımlı, kimisə təhqir və ya demotivasiya etmədiyini bildirdi. Onun sözlərinə görə, həyatda inan həmişə düzgünlüyə uyğun hərəkət etməlidir: “Düzdür mən demirəm ki, psixologiya mərkəzlərində TSPX üzrə təhsil alanlar yoxdur. Əlbəttə ki var. Amma onu da qeyd edim ki, TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) üzrə təhsil alan tələbələrimiz və ya o ixtisası bitirən şəxslər qanun çərçivəsində təhsil ocaqlarında şagirdlərin psixoloji vəziyyətlərini dəyərləndirməli və problemlərini öyrənməlidirlər. Həmin şəxslər terapiya ilə məşğul olmamalıdırlar. Çünki onlara universitetdə keçirilən proqramda terapiya üsulları öyrədilmir. Həmin şəxslər pedaqoq və ya təhsil işçisi kimi formalaşır”. Mütəxəssis, kiminsə peşəsinə, savadına, qabiliyyətinə sözünün olmadığını, sadəcə işin strukturunun qanuni yolla formalaşdırılmasının vacibliyini qeyd edib: “Əgər fərq olmasaydı bu ixtisası bitirənlər də TQDK-dan 3-cü qrup üzrə yox, 4-cü qrup üzrə istiqamətlərini tutardılar”. Bir daha qeyd edək ki, jurnalistin “İndiki psixoloqlardakı əsas problem nədir?” sualına psixoloq İlkin Kazımlı “İlk olaraq diplomlarının olmaması,hansısa sertifikatla özlərini psixoloq zənn etmələridir. Sonra müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirib özlərini psixoloq saymaları və əsas da psixologiya elminin adından istifadə etməklə dolandırıcılıqla məşğul olmaları və s.”,deyə cavablandırmışdı. Müəllif: Şəhanə Quliyeva
Dünya səhiyyə sistemində tətbiq edilən “Topuq testi” Azərbaycanda tətbiq olunacaq. Psixoloq.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib. Onun sözlərinə görə, yeni doğulan uşaqdan götürüləcək “Topuq testi” üçün avanadlıqlar alınıb: “Bu, xüsusi skrin proqramdır. Onun tətbiqi üçün müəyyən avadanlıqların olması zəruridir. Artıq həmin avadanlıqlar ölkəyə gətirilib. Bir və bir il yarıma kimi həmin layihə Azərbaycanda tətbiq edilməyə başlanacaq. Layihə əvvəl pilot şəklində Bakıda həyata keçiriləcək. İlk növbədə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda tətbiq olunduqdan sonra tədricən respublika ərazisində yerləşən xəstəxanalarda analizlər reallaşacaq. Dünya tibb sistemində olan “Topuq testi”nin 2014-2020-ci illəri əhatə edən dövlət proqramına salınması üçün səhiyyə naziri Oqtay Şirəliyevtərəfindən təlimat verilib. Həmin test dövlət tərəfindən pulsuz şəkildə gerçəkləşdiriləcək”. Baş pediatr bildirib ki, “Topuq testi” çox maliyyə tələb edir: “Bu test vasitəsilə bir sıra anadangəlmə irsi xəstəliklərin yeni doğulmuş körpələrdə erkən diaqnostikasına nail olacağıq. Uşaqların orqanizmində metobolik xəstəliklərin törətdiyi zəhərlənmələr baş vermədən tədbir görüləcək. Bu test metabolik xəstəliklərə yol açan bəzi hormon və ferment əskikliklərini zamanında ortaya çıxarmağa kömək edəcək. Uşaq doğulandan ilk sutka ərzində götürmək olar. Yenidoğulanlarda xəstəliklərin qarşısını almaq üçün effektli analizdir”. Qeyd edək ki, dünya səhiyyə sistemində “Topuq testi” və ya “tarama testi” adlanan bu test metabolik pozğunluqları aşkar etmək və vaxt itirmədən müalicəyə başlamaq üçün olan rutin testdir. Bu test bir çox ölkələrdə tətbiq olunur. Testlərin nəticəsinə görə xəstəliklərin qarşısı alınır.
Azərbaycan Çimərlik Federasiyası rəhbərliyi, yeniyetmələr arasında ölkə çempionu adını qazanmış EFA klubunun futbolçuları, məşqçiləri və rəhbər heyəti qəbul edib. Psixoloq.az xəbər verir ki, görüş zamanı oyunçular təbrik edilərək, xatirə hədiyyələri verilib. Nəzərinizə çatdıraq ki, European Football Academy, bu yarışın yüksək səviyyədə təşkilinə görə, federasiya prezidenti Fərid Novruziyə, vitse prezidenti Fərid Axundova, inzibatçı Rüfət Həsənova, həmçinin yeniyetmə futbolçulara dəstək verən milli komandanın baş məşqçisi Zeynal Zeynalova və milli komandanın üzvü Elvin Quliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Uzun səfər, çox ayaq üstə qalmaq ayaqlarınızda şişlik, ağrı yarada bilər. Psixoloq.az xəbər verir ki, qəbul edəcəyiniz ayaq vannası ilə bu kimi problemlərdən xilas ola bilərsiniz. Bunun üçün 1-2 litr suya 1-1,5 xörək qaşığı soda tökün. Su ilıq olsa daha effektli olar. Daha sonra ayaqlarınızı həmin vannada yarım saat kimi saxlayın. Əgər şişlik, ağrı çoxdursa bu vannanı mütəmadi qəbul etməyiniz tövsiyə edilir.
Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 10-da saat 11:00-da Ucar Mərkəzi Rayon Xəstəxanasında Ucar, Göyçay Kürdəmir və Ağsu rayonlarının sakinlərini qəbul edəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Əcnəbi ilə ailə həyatı qurmaq müasir reallıqlar üçün kifayət qədər adi haldır. Ölkəmizdə “qohumun ilə evlənməlisən”, “o, azərbaycanlı olmalıdır”, “həyat yoldaşın müsəlman olmalıdır” kimi mental fikirlərin olmasına baxmayaraq, əcnəbi ilə ailə həyatı quran insanlar da var. Dövlət Statistika Komitəsindən bildiriblər ki, 2018-ci ildə Azərbaycanda 62 900 nikah qeydə alınıb. Onlardan 2360-ı Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında bağlanıb. Belə ki, 2018-ci il ərzində azərbaycanlı kişilər özlərinə həyat yoldaşı seçərkən əcnəbi qismində daha çox rus qadınlarına üstünlük veriblər – 628 nikah. Azərbaycanlı qızlar isə bu il kişilərdən fərqli olaraq, daha çox Türkiyə vətəndaşları ilə ailə həyatı qurublar – 341 nikah. Azərbaycanlı kişilər ruslardan sonra Gürcüstan (247) və Ukraynadan (84) olan qızlara üstünlük veriblər. Bizim qadınlar isə türk kişilərdən sonra Rusiya (316) və Gürcüstan (205) vətəndaşları ilə nikah bağlayıblar. Xatırladaq ki, son illər əcnəbilərlə evlənən həmyerlilərimiz 5-10 faiz təşkil edir. 2017-ci ildə Azərbaycanda əcnəbilərlə və vətəndaşlığı olmayanlarla 2680 nikah, 149 ayrılıq, 2016-cı ildə 2780 nikah, 211 ayrılıq, 2015-ci ildə isə 1816 nikah və 155 ayrılıq qeydə alınıb.(oxu.az)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi bu gün başa çatır. Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlər avqustun 9-u saat 23:59-dək elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar. Bu mərhələnin nəticələri barədə müvafiq məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsabiqənin yekun – müsahibə mərhələsində vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibəyə çağırılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə əvvəlcədən elan olunmuş mövzular təqdim olunacaq. Hər bir namizəd həmin mövzunu müsahibə komissiyası üzvlərinə açıq dərs formatında təqdim etməlidir. Qeyd edək ki, namizədlər elektron ərizələrində müvafiq bölmədə diplom və ona əlavəni yüklədikdən sonra ümumi təhsil müəssisələri üzrə vakant yerlərlə tanış olub 8 vakant yer seçə bilərlər.
Bakıda avtobus parkı yenilənəcək. Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən 300 ədəd avtobusun alınması üçün dövlət büdcəsindən 47 924 000 manatı ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayrılıb. Alınacaq yeni avtobuslar hansı istiqamətlərdə istifadə ediləcək? Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev publika.az-a açıqlamasında bildirib ki, Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 avqust tarixli sərəncamı ilk öncə dövlətin vətəndaşa olan xüsusi diqqət və qayğısının növbəti təzahürü kimi dəyərləndirilməlidir. “Sərəncamda da vurğulandığı kimi Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. Son 3 ildə orta və iri tutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Dövlət başçısının məlum sərəncamı bu istiqamətdə işlərin davam etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Təbii ki, sərəncam Bakı Nəqliyyat Agentliyinin avtobus parkının yenilənməsi ilə bağlı başladığı işlərini daha da sürətləndirəcək. Bildiyiniz kimi iyunun 21-də müasir sərnişin avtobuslarının alınması ilə bağlı tender elan edilib. Tenderin nəticələrinə uyğun olaraq sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımdan müəyyən edilən tələblərə cavab verən müasir və komfortlu avtobusların alınaraq paytaxtımıza gətirilməsi təmin ediləcək. Və həmin nəqliyyat vasitələri qanunvericiliyin tələbinə uyğun müsabiqə yolu ilə marşrut xətləri üzrə istismara buraxılacaq”. M.Ağayev bildirib ki, Bakı Nəqliyyat Agentliyi bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul edib. “Əlbəttə ki, müsabiqəyə ilk olaraq sərnişinlərin daha çox narazılığına səbəb olan, fəaliyyətini sərnişindaşıma tələblərinə uyğun qurmayan, işində ciddi nöqsanlara yol verən, müasir avtobus parkına və peşəkar sürücü heyətinə sahib olmayan daşıyıcıların istismarında olan xətlər çıxarılacaq. Beləliklə, işinə məsuliyyətsiz yanaşan, sərnişindaşıma sektorunun inkişafına sərmayə yatırmayan, bu sahəyə yalnız gəlir mənbəyi kimi baxan, sosial məsuliyyətlərini unudan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Əvvəllər də açıqladığımız kimi, bu gün Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların 50%-dən çoxu istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində olan sərnişin avtobusları texniki baxımdan köhnəldiyindən tələblərə cavab vermir. Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq bəzi daşıyıcılar tərəfindən minə yaxın avtobus əsaslı təmir edilərək xəttə buraxılıb”. Agentlik rəsmisi bildirib ki, buna baxmayaraq sərnişindaşıma sahəsində mövcud vəziyyət sərnişinlərimiz kimi bizi də narahat edir. “Cənab prezidentin 8 avqust tarixli sərəncamı bu kimi narahatlıqların aradan qaldırılması baxımından qeyd edildiyi kimi mühüm əhəmiyyət kəsb edir. Yeni avtobusların alınıb gətirilməsi və marşrut xətləri üzrə istismara verilməsi prosesi təkcə bununla yekunlaşmayacaq və bütün marşrut şəbəkəsi üzrə avtobuslar yenilənədək davam edəcək. Gətiriləcək yeni nəqliyyat vasitələrinin idarə edilməsi Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində təlim keçən peşəkar sürücülər tərəfindən həyata keçiriləcək. Bunun üçün də zəruri olan tədbirlər görülməkdir. Bir avtobusun idarə edilməsi üçün iki nəfər sürücüyə ehtiyac olduğunu nəzərə alsaq dövlət başçısının sərəncamı yeni iş yerlərinin açılması baxımından da olduqca mühüm əhəmiyyət kəsb edən bir sənəddir. Vətəndaşa yüksək keyfiyyətli nəqliyyat xidmətlərinin, o cümlədən sərnişindaşıma xidmətinin göstərilməsi dövlət başçısı tərəfindən qarşımıza əsas tapşırıq olaraq qoyulub. Bakı Nəqliyyat Agentliyi də səlahiyyətlərinin icrası zamanı vətəndaşa xidmət amilini hər zaman prioritet hesab edir”.
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 10-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-24, gündüz 25-28, Bakıda gecə 22-24, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 10-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Güclü şimal-qərb küləyi əsəcək. Bununla əlaqədar çimərliklərdə hava şəraiti əlverişsiz olacaq. Azərbaycanın rayonlarında avqustun 10-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 20-25, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, avqustun 10-11-də Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, havanın temperaturunun bir qədər aşağı enməsi müsbət amildir.(Report)
Britaniya alimləri mitoxondrilərdə əsas qocalma proseslərini dayandırmağa imkan verən preparat hazırlayıblar. Ekster Universitetinin mütəxəssisləri yeni AP39, AP123 və RT01 birləşmələrinin laboratoriya sınağını keçirərək onları qan damarlarının daxili səthini örtən endotel hüceyrələrdə yoxlayıblar. Tədqiqat nəticəsində alimlər hüceyrələrin qocalmasını azaldaraq bölünməyən "yaşlı” hüceyrələrin sayını 50 faiz aşağı sala biliblər. Məlumata görə, effekt AP39, AP123 və RT01 preparatlarının hidrogen sulfidi mitoxondriyə çatdıraraq qoca və zədəli hüceyrələrə uzunmüddətli fəaliyyət və qocalma proseslərinin zəifələdilməsi üçün lazımi enerjini hasil etməyə köməyi sayəsində mümkün olub. Alimlər qeyd edir ki, göstərilən birləşmələr əsasında preparatlar təkcə uzunömürlülüyü artırmağa deyil, eyni zamanda onun keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Bundan başqa, onların sözlərinə görə, mitoxondriyə belə təsir ürəktutması və insult riskini azaltmağa imkan verəcək.
Milli Məclisin (MM) Səhiyyə komitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birlikdə ictimai dinləmələr təşkil edəcək. Bunu oxu.az -a açıqlamasında MM-in Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, ictimai dinləmələrdə məqsəd icbari tibbi sığorta ilə bağlı mövcud qanuncericiliyi, icbari tibbi sığortanın tətbiqi yönündə atılan addımları müzakirə etməkdir. “Bildiyiniz kimi, Azərbaycanda neçə illərdir icbari tibbi sığorta ilə bağlı qanun qəbul edilib. Həmçinin, bir neçə il öncə dövlət başçısının sərəncamı ilə Dövlət Agentliyi yaradılıb. Artıq bir müddətdir ki, icbari tibbi sığortaya keçidlə bağlı addımlar atılmaqda, bəzi bölgələrdə, o cümlədən, Yevlax və Mingəçevirdə pilot layihələr həyata keçirilməkdədir. Bir neçə gün öncə dövlət başçısı tərəfindən icbari tibbi sığorta tədbirləri haqqında yeni sərəncam imzalanıb və bu məsələyə büdcədən maliyyə vəsaitinin ayrılması nəzərdə turulub. Odur ki, parlamentin payız sessiyası çərçivəsində bu məsələlərlə bağlı geniş ictimai dinləmələr keçirməyi düşünürük. Ola bilər ki, ictimai dinləmələrin yekunu olaraq, mövcud qanunvericiliyə yenidən baxılması məsələsinə qayıdılsın. Bu da mümkündür, istisna deyil”, - deyə M. Quliyev əlavə edib.