Bakı şəhərinin Binəqədi rayonu ərazisində sahibsiz itlərin sayı çoxalıb. Sakinlər ölkə.az-a bildirib ki, rayon ərazisinə daxil olan keçmiş Azərbaycan Beynəlxalq Universiteti (ABU), "Dərnəgül" metro stansiyası və Abay Kunanbayev küçəsinin yaxınlığında küçə itləri insanlara hücum edir və onları qorxudur. Bundan başqa rayonun 9-cu mikrorayon ərazisində də küçə itlərinin sayı çoxdur. Zeytunluq bağı deyilən ərazidə isə küçə itlərinin sayı daha çoxdur. Burada sürülərlə küçə itləri gəzir. Bina sakinləri bildirirlər ki, gecələr sürü ilə gəzən itlərin hürüşməsi, insanlara hücum halları artıb.Sakinlər deyir ki, Binəqədi rayonunda it dişləmə faktları çoxalıb: "Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsindən xahiş edirik ki, sahibsiz itləri bizim ərazimizdən toplasınlar. Məhəllələrdə itlərə görə rahat hərəkət edə bilmirik. Həyətdə oturmaq olmur. Axşam qorxa-qorxa gəzirik. Bizi ən çox narahat edən məsələ uşaqların təhlükəsizliyidir". Küçə itlərindən şikayət edən sakinlər Bakı Şəhər İcra Hakimiyyətini sahibsiz heyvanlara qarşı mübarizədə fəal olmağa çağırıb.
Azərbaycanda ailə həkimi institutunun yaradılması ilə bağlı məsələ son günlər yenidən aktuallaşıb. Mütəxəssislər hesab edir ki, ailə həkimi institutunun formalaşması xəstəliklərin vaxtında aşkar edilməsinə və daha çevik müalicəsinə imkan verə bilər. Psixoloq.az xəbər verir ki, moderator.az-a açıqlama verən professor Adil Qeybulla ailə həkimi institutunun sahə həkimi sistemindən daha mütərəqqi bir sistem olduğuna diqqət çəkdi: “Ailə həkimi institutu Qərb təbabətində təbabətin bir hissəsidir. Qabaqlar bizdə sahə həkimləri var idi. Evə ilk çağırışa gələn həkim də sahə həkimi olurdu. Həmin sahə həkimləri də xəstələri lazımı yerə yönləndirirdi. Xəstə lazım olanda evdə, lazım olanda isə stasional müalicə alırdı. Sahə həkimlərinin kifayət qədər səlahiyyəti var idi. Onlar poliklinikalarda otururdu. Ailə həkimi institutu isə daha rassional bir institudur. Bu qəbildən olan həkimlər konkret bir neçə ailəni nəzərdə saxlayır. Onlar həmin ailələrin bütün xəstəliklərini, az qala gen xəritəsinə qədər bilən həkimlər olur. Bu həkimlər üçün xəstəni yönləndirmək daha asan olur. Ailə həkimi institutu özünü doğruldan rassional bir institutdur. Təbabətin ayrılmaz hissəsidir. Hesab edirəm ki, bu institut sovet təbabətində olan sahə həkimi institutundan daha effektlidir”.
2018-ci ilin yanvar-may aylarında Bakı şəhərində əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 2,1 faiz artaraq, 790,6 manat olub. Psixoloq.az xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə qeydə alınıb. Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.(oxu.az)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 7-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-35, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, avqustun 7-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.(oxu.az)
Ötən günlərdə psixoloqla apardığımız müsahibə qalmaqala səbəb olub. Psixoloq.az xəbər verir ki, müsahibə zamanı psixoloq İlkin Kazımlının psixologiya sahəsindəki boşluqlar barədə danışarkən dediyi sözlər, bu ixtisas üzrə təhsil alan tələbələrin narazılığına səbəb olub. Bakı Qızlar universitetinin tələbəsi Şəbnəm Cəlilova, psixoloqun, müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirənləri psixoloq saymamağı fikrinə tənqidlə yanaşıb: “Mütəxəssisin dediyindən bu anlaşılır ki, sanki biz bu ixtisası boş yerə oxuyuruq. Biz də təhsildə sosial psixologiya xidmət ixtisası üzrə oxuyuruq.Yəni məktəb psixoloqu. Müasir zamanda bu fənni həqiqətən heç ediblər. Bu sahənin maaşı da azdır. Psixoloq deyir ki, bu ixtisası bitirənlər özlərini psixoloq hesab edirlər. Anlamıram nə hesab etməliyik ? Biz demirik ki tibbi psixologiya oxumuşuq. Efirə çox sayda uşaq psixoloqları çıxırlar. Onlar bizim sahə üzrə bitiriblər də. Fərqimiz odur ki, onlar ixtisas seçimi üzrə xəstəxanada işləyə bilər. Ancaq biz işləyə bilmərik düzdür amma belə söyləməyi də yanlışdır. İxtisasımız budur”. Gənc psixoloq namizədi mütəxəssisin bu sözlərlə tələbələri həvəsdən saldığını da qeyd edib. “Xüsusilə də birinci kurslar bu sözlərdən sonra peşələrinə qarşı daha həvəssiz yanaşa bilərlər. Onlar tibb sahəsi üzrə bitiriblər biz də 3-cü qrup üzrə bu ixtisasa daxil olmuşuq. Mən həvəsdən düşmürəm çünki sənətimi dərk edirəm. Amma ixtisas seçimi edənlərə birbaşa mənfi təsirdir”,-deyə Şəbnəm Cəlilova vurğulayıb. Məsələ ilə bağlı Psixoloq.az-a açıqlama verən EMDR terapevt, psixoloq Yeganə Özçelebinin sözlərinə görə, təhsildə psixoloji xidmət ixtisasını bitirən psixoloqar, baxça, məktəb, universitetdəki insanlarla işləyirlər: “Həmçinin belə psixoloqlar valideynlərlə, yaşlı insanlarla da işləyə bilirlər. Bu səbəbdən, onlara psixoloq kimi baxmamaq çox yanlışdır. Biri var sertifikat alanlar... Biri də var dövlət imtahanı verərək dövlət diplomu alaraq bu sahə üzrə yiyələnənlər. Bəziləri var ki sadəcə hansısa kursdan sertifikat alırlar. Burada onlara şübhə ilə yanaşma ola bilər. Çünki bu kursda nə dərəcədə bu sahəyə ciddi yanaşılıb, nə öyrədilib bilinmir. Ancaq universitet bitirən tələbələrə dövlət bu ixtiyarı verir. Bu sahəni bitirən gənc psixoloqlar klinikalarda da psixoloq kimi işləyə bilərlər. Dərman yazmaq hüquqları olmasa da psixoloq kimi təbii ki işləyə bilərlər. Savad dərəcəsini də pasiyent dəyərləndirir”. Mütəxəssis bu sahədə boşluğun olduğunu da qeyd edib. “Heç bir universitetdə psixologiya üzrə praktikaları düzgün, normal şəkildə keçmirlər. Bu gizli bir şey deyil. Psixoterapevt olmaq üçün xaricdə və ya burda kurslarda iştirak etmək vacibdir. Həqiqətən burada bu sahə üzrə boşluq var”,-deyə Özçelebi vurğulayıb. Psixoloq, gənc psixoloqların univeristeti bitirdikdən sonra müəyyən təhsil mərkəzlərində işə başlamalarını tövdiyə edib: “Bununla praktikanı daha yaxşı keçərək biliklərə yiyələnə bilərlər. Çünki belə mərkəzlər çox sayda uşaqlarla işləmək imkanı verir. Azərbaycanda təəssüf ki terapiyanı öyrətmirlər. Bu da qarışıqlığa səbəb olur. Kurslar bu cəhətdən çox mühümdür”. Qeyd edək ki, jurnalistin “İndiki psixoloqlardakı əsas problem nədir?” sualına psixoloq İlkin Kazımlı “İlk olaraq diplomlarının olmaması,hansısa sertifikatla özlərini psixoloq zənn etmələridir. Sonra müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirib özlərini psixoloq saymaları və əsas da psixologiya elminin adından istifadə etməklə dolandırıcılıqla məşğul olmaları və s.”,deyə cavablandırmışdı. Şəhanə Quliyeva
Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində bədbəxt hadisə baş verib. Qəsəbənin korpus 8 ünvanında yaşayan, 1961-ci il təvəllüdlü Nizami Mirzəyevi arı sancıb. Həmin şəxsin ailə üzvləri dərhal təcili yardım çağırıblar. Nizami Mirzəyevi xəstəxanaya çatdırmaq istəsələr də, 57 yaşlı kişi yolda keçinib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. İnsan hansı halda arı sancmasından dünyasını dəyişə bilər? Arının zəhəri insan həyatı üçün təhlükə yarada bilərmi? Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, toksikoloq Azər Maqsudov belə hadisələrə nadir hallarda rast gəlindiyini bildirir. Həkimin sözlərinə görə, arı sancması zamanı insanın ölümünə səbəb arının neştərindəki zəhər deyil: "Arı sancmasından ölüm yalnız o halda ola bilər ki, arı insanı ağız, baş, boyun nahiyəsində yerləşən yumşaq toxumalardan sancar. Belə halda da çox vaxt ölüm baş vermir. Ola bilər ki, arı qida məhsulu ilə insanın ağız boşluğuna daxil olar, orada dil və ya digər yumşaq toxumaları sanca və şok vəziyyət yarada bilər. Həmin vəziyyətdə insan ölə bilər. Digər halda arı sancması nəticəsində ölüm müşahidə olunmur. Bizim şöbəyə arı sancması ilə bağlı müarciətlər edirlər. Lakin, heç bir halda ölüm halı olmayıb". A.Maqsudov bildirib ki, arı sancmasından sonra şok vəziyyəti, ölüm daha çox həssas insanlarda baş verir: "Arının neştərində zəhər həddindən artıq azdır. Bu zəhərin həm təsiri azdır, həm də miqdarı. Zəhərin kimyəvi tətkibi də biokimyəvi maddələrlə zəngin deyil. Bu prosesdə əsasən orqanizmin həssaslığı rol oynayır. İnsanın orqanizmi həssas olur, arı sancmasından şok yaşayır və bu da onun ölümünə səbəb ola bilər". Şöbə müdiri bildirib ki, iyun-iyul aylarında toksikologiya şöbəsinə arı sancması ilə bağlı 4 nəfər müraciət edib: "Onlardan 3-ü iyun, 1 nəfər isə iyul ayında müraciət edib. Həmin şəxslərə lazımi tibbi xidmət göstərilərək evə buraxılıb. Əsasən arı insanları isti aylarda sancır".(xezerxeber)
İsveçdə 20 yaşlı cavan insanın faciəli ölümündən sonra Uşaq oyuncaqlarının satıcılarının Assosiasiyası öz üzvlərini mağazaların rəflərini oyuncaq silahlardan təmizləməyə çağırıb. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, bu haqda assosiasiyanın açıqlamasında deyilir. “Biz assosiasiyanın bütün üzvlərini əsl silahla qarışdırıla biləcək oyuncaq silahlar satmamağa çağırırıq. Bu, bizim inadlı tövsiyəmizdir, hər üzv qərarı müstəqil qəbul bilər”, - müraciətdə bildirilir. Xatırladaq ki, avqustun 2-də İsveçin paytaxtı Stokholmda əlində oyuncaq silahla evdən qaçan 20 yaşlı Erik Torel polis tərəfindən öldürülüb. Gənc daun sindromlu idi. Gəncin atası Riçard Torel oğlunun gecə yarısı evdən qaçdığını və bu səbəbdən polisdən yardım istədiyini söyləyib. Ancaq Torel polisin oğlunun əlindəki oyuncaq silaha görə 3 dəfə atəş açdığını və onu öldürdüyünü qeyd edib. Prokuror Martin Tiden gənci vuran polis barəsində cinayət işinin açıldığını, ancaq sözügedən polisin də uşaqdan şikayətçi olduğunu bildirib.
Yeniyetmələr arasında keçirilən çimərlik futbolu üzrə ilk Azərbaycan çempionatı başa çatıb. Psixoloq.az xəbər verir ki, Bakı Su İdman Sarayında keçirilən son turda "Yasamal" komandasına 5:3 hesabı ilə qalib gələn EFA birləşməsi Azərbaycan çempionu adına layiq görülüb. Teymur Eyvazov və Kamran Bayramovun yetirmələri, turnir ərzində savadlı və əzmkar oyunları ilə rəqiblərindən üstün olduqlarını nümayiş etdiriblər. EFA komandasının oyunçusu Nihat Əhmədzadə isə ilk ölkə çempionatının ən yaxşı oyunçusu seçilib. Ümid edirik ki, gənc futbolçularımızın kariyerasındakı ilk çempionluq onlara uğur gətirər və müvəffəqiyyətləri davamlı olar. Bu münasibətlə biz də təbriklərə qoşulur, "European Football Academy" futbol klubunun bütün heyətini və EFA azarkeşlərini qələbə münasibəti ilə təbrik edirik.
Tanınmış məşhur türk aktyoru Cüneyt Arkının səhhəti ağırlaşıb. Psixoloq.az xəbər verir ki, bağ evində dincələn əfsanəvi kino ulduzu tənəffüs problemi yaşayıb. 81 yaşlı aktyoru yaxınları dərhal təcili tibbi yardım maşınıyla özəl xəstəxanaya aparıb. İlk müayinələrdən sonra C.Arkın reanimasiyaya yerləşdirilib.
Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Bu gün axşam saat 23:59-dək abituriyentlər ixtisas seçimi edə bilər. Bu saata olan məlumata görə Azərbaycan bölməsi – 11444, rus bölməsi – 227 olmaqla ümumilikdə 11671 abituriyent ixtisas seçimi edib. Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.(publika.az)
Ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Psixoloq.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən oxu.az-a verilən məlumata görə, istehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, hermetik qablaşması, yaxud süni qoruyucu qabığı zədələnmiş (cırılmış), kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə etdiyi kolbasa məmulatlarını almamalıdır. Kolbasa məmulatını əl ilə yoxladıqda nə çox bərk, nə də çox yumşaq olmalıdır. Kolbasanı bıçaqla kəsdikdə qiyməsinin rəngi kolbasa üçün xarakterik olmalıdır. Kolbasa məmulatının (sellofandan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olmalı, ətə yaxşı yapışmalı, qabığın üzərində kif əlamətləri olmamalıdır. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdır. Kolbasa soyuducuda saxlanılarkən digər qida məhsulları ilə eyni paketdə və ya qabda saxlanmamalıdır. Həmçinin məhsulun üzərində orjinal etiketi və tərkib hissəsi mütləq şəkildə qeyd edilməlidir. Bəzən marketlər öz loqolarını və ya qiymət etiketini yapışdıraraq məhsulun üzərindəki istehlakçının bilməli olduğu vacib hissələri məqsədyönlü şəkildə bağlayır. Bu zaman məlumatı oxumaq üçün etiketin açılmasını tələb etmək lazımdır. Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 – Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur. Kolbasanın tərkibində olan digər bir qida əlavəsi isə E-621 – qlütamat maddəsidir. Bu maddə dadlandırıcıdır, eyni zamanda insanlarda məhsula qarşı asılılıq yaradır. E-250 qida əlavəsi isə natrium-nitrit konservant olub, boya maddələri immun sisteminə pis təsir edir, bağırsağın təbii mikroflorasını pozur, insan orqanizminə kanserogen təsir göstərir. Sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir. Sağlamlığın əsası isə düzgün qidalanmadan asılıdır. Qidalanmamıza, yediyimiz, içdiyimiz məhsullara, onların tərkibinə diqqət yetirməli və tərkibində bizə tanış olmayan maddələrin olduğu məhsullardan uzaq durmalıyıq.
Bu gün Yasamal rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər yaranacaq. Psixoloq.az xəbər verir ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, avqustun 6-da yenidənqurma işləri ilə əlaqədar Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.