Əbülfəs Qarayev jurnalistləri təbrik etdi

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkəmizin media təmsilçilərini təbrik edib. Psixoloq.az xəbər verir ki,təbrikdə qeyd olunur ki, mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının inikasıdır. Təbrikdə qeyd edilir ki, 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır: “Bu gün 143 yaşı tamam olan Azərbaycan milli mətbuatının zəngin tarixi vardır. “Əkinçi”nin maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr vermişdir. Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini unutmuruq”. Nazirin təbrikində daha sonra deyilir: “Milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçmişdir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləmiş, mətbuatın inkişafına hərtərəfli şərait yaratmışdır”. Təbrikdə mədəniyyət mövzusunda yazan jurnalistlərin fəaliyyəti, onların bu sahədə görülən işlərin, eləcə də mövcud problemlərin işıqlandırılmasında rolu xüsusi qeyd edilir. Vurğulanır ki, Mədəniyyət Nazirliyi mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, mədəni irsimizin, incəsənətimizin təbliğində, dünyaya tanıdılmasında kütləvi informasiya vasitələrinin fəaliyyətini yüksək qiymətləndirir. Əbülfəs Qarayev sonda bir daha ölkənin bütün media təmsilçilərini Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi adından təbrik edib, onlara cansağlığı, məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayıb.

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu yekunlaşdı

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Psixoloq.az xəbər verir ki, Transfer.edu.az portalı vasitəsi ilə 1 333 nəfər tələbə orta ixtisas təhsili müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 231 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 3 152 nəfər olub. Onlardan 1 378 nəfəri öz sorğusunu təsdiq edib. Nəticələr sentyabr ayında elan olunacaq. Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Aktrisanın yeni imici bəyənilmədi

Aktrisa Məryəm Üzərli son filmi üçün saçlarını qara rəngə boyayıb. Psixoloq.az xəbər verir ki, aktrisa yeni imicdə fotosunu sosial şəbəkədə paylaşıb. Amma onun izləyiciləri Məryəmin yeni imicini bəyənməyiblər. İzləyiciləri fotonun altına “Qara sənə yaraşmır, əvvəlki halına qayıt” rəylərini yazıblar.

Yağış yağacaq - XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25°, gündüz 27-32° isti, Bakıda gecə 23-25°, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar. Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti təşkil edəcək.

Paltaryuyan maşının içinə aspirin atsanız... - İnanılmaz nəticə

Paltaryuyan maşının içinə bir neçə alüminium folqa topları atmaqla paltarların elektriklənməsinin qarşısını ala bilərsiniz. Psixoloq.az publika.az-a istinadən məlumat verir ki,paltarları ağartmaq və ləkələri çıxartmaq üçün bir neçə maraqlı üsulu təqdim edir. Aspirin həbi Paltaryuyan maşına aspirin qoymaqla paltarları ağarda bilərsiniz. Aspirinin tərkibindəki salisilik turşu ağ parçalardakı sarı ləkələri yox edir. Bunun üçün paltaryuyan maşına sadəcə bir neçə aspirin həbi qoymaq kifayətdir. Paltaryuyan maşının içinə bir neçə alüminium folqa topları atın Paltaryuyan maşına bir neçə alüminium folqa topları qoymaqla paltarların elektriklənməsinin qarşısını almaq mümkündür. Makiyaj ləkələrini çıxarmaq üçün təraş kremi istifadə edin Makiyaj ləkələrinin üstünə təraş kremi sürtüb yumağa atsanız, ləkələr dərhal çıxacaq.

Yeni marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başladı

Yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - "Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - "Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb. Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, 7A və 7B xətləri üzrə sərnişindaşıma "BakuBus" MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsilə həyata keçirilir. Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsilə olduğundan 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi də təşkil edilib.

“WhatsApp” məhdudiyyət tətbiq edəcək

"WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edəcək. Psixoloq.az Xezerxeber.az saytına istinadən xəbər verir ki, populyar "WhatsApp" messenceri Hindistanda saxta xəbərlərin yayılması ilə əlaqədar mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq etməyə qərar verib. Bu, bir sıra regionlarda çoxlu sayda ölkə vətəndaşının faciəli şəkildə ölməsinə səbəb olub. Xatırladaq ki, bir neçə il bundan əvvəl messencerə əlavə edilmiş funksiya mesajı eyni anda bir neçə çata göndərməyə imkan verirdi. "Biz bu gün mesajların yönləndirilməsinə tətbiq ediləcək məhdudiyyəti sınaqdan keçirməyə başlayırıq. Yeni qayda "WhatsApp"dan istifadə edən hər bir kəsə şamil olunur. Biz, həmçinin dünyanın digər ölkələri ilə müqayisədə daha çox mesaj, şəkil və videoçarxın göndərildiyi Hindistanda yönləndirmə üçün eyni zamanda istifadə edilən çatların sayını 5-dək məhdudlaşdırmağa cəhd edəcəyik və multimedia mesajlarının yanında ani göndərmə düyməsini siləcəyik", – deyə şirkətdən bildirilib. "Tech Crunch" nəşrinin məlumatına görə, hazırda 1,5 milyarddan çox istifadəçi "WhatsApp" messencerindən faydalanır. Şirkət "Facebook"a məxsusdur.

1,5 milyon xəstənin tibbi kartı ələ keçirilib

Kütləvi kiberhücum nəticəsində hakerlər Sinqapurun ən böyük klinikası "SingHealth”in 1,5 milyon pasiyentinin məlumatlarına müdaxilə ediblər. Yerli KİV artıq bunu ölkə tarixində ən böyük kiberhücum adlandırıb. Psixoloq.az azertaca istinadən bildirir ki, hakerlər "SingHealth” klinikasının təxminən 1,5 milyon pasiyentinin şəxsi profilini və 160 min xəstənin tibbi kartını oğurlayıblar. Maraqlıdır ki, həmçinin Sinqapurun baş naziri Li Syanlun üçün yazılmış resept də ələ keçirilib. Hakimiyyət nümayəndəsi deyib ki, bu, yaxşı planlaşdırılmış kiberhücum olub. "SingHealth” klinikasından bildirilib ki, hakerlər pasiyentlərin ad, elektron poçt, doğum tarixi, qeydiyyat nömrələrini ələ keçirsələr də, onların xəstəlikləri haqda informasiya əlçatmaz olub. Maraqlıdır ki, hakerlər tibbi karta heç bir zərər vurmayıblar.

Baş nazir jurnalistləri təbrik etdi

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov KİV nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. Psixoloq.az xəbər verir ki, o bu barədə Feysbuk hesabında yazıb. “Milli Mətbuat Günü münasibəti ilə KİV nümayəndələrini – jurnalistlərimizi təbrik edir, onlara bu çətin, şərəfli və müqəddəs fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, KİV nümayəndələri mübarizələrini və qarşılarında duran vəzifəni müstəqilliyimizin, dövlətçiliyimizin və qazandığımız nailiyyətlərin qorunması, daha da inkişafı və möhkəmləndirilməsi naminə bundan sonra da əzmlə davam etdirəcəklər”- deyə o qeyd edib.

“Azərenenerji”dən ötən gecə baş vermiş qəza ilə bağlı açıqlama

İyulun 20-i saat saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib. Psixoloq.az xəbər verir ki, bunu “Report”a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib. Y.Babanlının sözlərinə görə, nəticədə, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. “Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb. Eyni zamanda bildiririk ki, Mərdəkan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir”, –deyə o bildirib. Qeyd etmək lazımdır ki, “Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib.

Gəzinti baha başa gəldi - 17 nəfər öldü/VİDEO

ABŞ-ın Missuri ştatında yerləşən Teybl-Rok gölündə gəzinti katerinin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb. Psixoloq.az məlumat verir ki, qəzaya səbəb göldə tüğyan edən güclü qasırğa olub.   Qeyd olunur ki, 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.  

Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO

Avqustun 1-dən etibarən xarici dövlətlərin baza modeli əsasında istehsal edilmiş və texniki baxışdan keçməyən avtomobillərin sürücülərinin cərimələnməsinə başlanılacaq. Xezerxeber.az-ın məlumatına görə, vaxtın azlığına baxmayaraq Zabratda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin texniki müayinə mərkəzinə müraciət edən sürücülərin sayı çox azdır. Müayinə mərkəzindən '' Xəzər Xəbər'' ə verilən məlumata görə, müddətin bitməsinə 11 gün qalsa da ölkə üzrə müayindən keçməli avtomobillərin cəmi 16 % - i yoxlanışdan keçib. Elə biz də çəkiliş zamanı müayinə mərkəzinə gələn avtomobillərin sayının çox az olduğuna şahid olduq. Müayinə mərkəzindən bildirilir ki, ən çox avtomobillərin işıq cihazlarında nasazlıq aşkarlanır. Ümumiyyətlə, müayinəyə vaxtında müraciət edən sürücünün aşkarlanan nasazlığı təmir etdirib yenidən müraciət etmək imkanı olur. Müayinəni son günə saxladıqda isə sürücülər uzun növbə gözləməli olurlar. Əgər sürücülər bu müddət ərzində yoxlanışdan keçməzsə, 50 manat miqdarında cərimə olunacaq.