6 ayda 300-dən çox insan bu qorxunc XƏSTƏLİYƏ YOLUXDU

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, bu ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 306 nəfər təşkil edib. Onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşı, 8-i (2,6%) isə əcnəbilərdir. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hesabatında bildirilib. Hesabatda bildirilir ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 iyul 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7061 nəfər qeydiyyata götürülüb. Onlardan 6833-ü (96,8%) Azərbaycan vətəndaşı, 228-i (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5137-i (72,7%) kişi, 1924-ü (27,3%) qadındır. İİV-ə yoluxması təsdiq olunmuş 7061 nəfərdən 3103-də (43,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2250 (72,5%) nəfər dispanser qeydiyyatındadır. Iyulun 1-dək olan məlumata görə, ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4568 nəfər təşkil edib, onların da 1853 nəfəri İNİ olub. Cari ilin 6 ay ərzində isə ART-yə cəlb olunan 360 pasiyentdən 48 nəfərində İNİ aşkar edilib.

Kolbasa məmulatlarının istehsalı artıb

2018-ci ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə kolbasa məmulatlarının istehsalı 1,8 faiz, alkoqolsuz içkilərin istehsalı 16,2 faiz, cem və marmelad istehsalı 3,1 faiz, brendi (konyak) istehsalı 4,6 dəfə, üzüm şərabının istehsalı 32,8 faiz artıb. Psixoloq.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, bununla yanaşı, duru bitki yağlarının istehsalı 4,1 faiz, qənd və şəkər tozu istehsalı 62,6 faiz azalıb. Həmçinin tütün məmulatlarının istehsalında 3,4 dəfə, içki istehsalında 5,6 faiz artım, qida məhsullarının istehsalında isə 3,1 faiz azalma müşahidə olunub.

10 dəqiqə içərisində milyoner oldu - Ancaq...

ABŞ-ın Massaçusets ştatının Boston şəhərinin sakini səhvlik səbəbindən milyon dollar qazanıb və 10 dəqiqədən sonra ondan məhrum olub.  Psixoloq.az xəbər verir ki, bununla bağlı “Boston Globe” nəşri məlumat yayıb.  İyulun 18-də 26 yaşlı Ellen Fleminq “TD Ameritrade” şirkətinin əməkdaşından səsli mesaj əldə edib. Mesajda onun hesabına məbləğin yatırılması ilə bağlı məlumat təqdim edilib. O, hesabına baxdığı zaman burada milyon dollardan çox pul aşkar edib.  Fleminq etiraf edib ki, o, pulları gizli saxlamağa çalışıb. Bu pullarla qadın işdən çıxa, universitetə olan təhsil borclarını ödəyə bilərdi. “Sənə verilən bütün şanslardan istifadə etməlisən. Ancaq bu şans məni federal həbsxanaya apara bilərdi. Buna dəyməzdi”, - o deyib.  Qadın məsələ ilə bağlı anası ilə danışdıqdan sonra həmin şirkətə zəng edib və səhvlik barədə məlumat verib. Şirkətdən bildirilib ki, pullar şirkətin eyni ad və soyad daşıyan Floridadakı əməkdaşına çatmalı imiş.  On dəqiqədən sonra səhvlik düzəldilib və qadın hesabında 63 dollar qalıb. Fleminq bu hadisəni yumor kimi qəbul edib.

Bətnindəki körpəni öldürmək istədi... Özü öldü

Lənkəranda 20 yaşlı 16 həftəlik hamilə qadın vəfat edib. Bunu oxu.az-a açıqlamasında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müaviniƏbülfət Məmmədov deyib. Onun sözlərinə görə, bu gün səhər Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü İbrahimova Günay Ümüd qızı ağır vəziyyətdə xəstəxanaya gətirilib: “Xəstə dərhal reanimasiyaya yerləşdirilib. İlkin məlumata əsasən, o, ya həkimlərin, ya da qonşuların məsləhəti ilə hamiləliyi pozmaq üçün dərman qəbul edib. Qadında qanaxma baş verib. Əvvəl əhəmiyyət verilməyib, vəziyyəti ağırlaşandan sonra xəstəxanaya gətiriblər”. Baş həkimin müavini qeyd edib ki, xəstəni xilas etmək mümkün olmayıb: “Göstərilən bütün reanimasion tədbirlərə baxmayaraq, qadın dünyasını dəyişib”. Faktla bağlı araşdırma aparılır.

Bu günə olan Hava Proqnozu

Azərbaycanda iyulun 23-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Psixoloq.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 28-32° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 34-39° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 23-28° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 29-34° isti təşkil edəcək.

Ağdamın işğalından 25 il keçir

Bu gün Ağdam rayonunun işğalından 25 il ötür. Psixoloq.az xəbər verir ki, ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə əkin aparılır. 23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. 600 minlik erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır.İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənayesi, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir.Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan fiziki şikəstlik qazanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

15 dərman içib özünü zəhərlədi

Şəkidə 32 yaşlı qadın dərmandan zəhərlənib. Psixoloq.az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saat 14 radələrində Şəki şəhəri, F.X. Xoyski küçəsi, ev 52 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Səidə Nərbala qızı Məmmədkərimova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. MRX-dan bildirilib ki, müayinə zamanı 32 yaşlı Səidə Məmmədkərimovanın hələ ki məlum olmayan səbəbdən müxtəlif adda 15 ədəd dərman həbi qəbul etdiyi müəyyənləşib. Səidə Məmmədkərimovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Yeraltı təkanlar oldu - Türkiyədə

Türkiyənin cənub-şərqində 4,7 bal gücündə zəlzələ olub. Psixoloq.az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata əsasən, zəlzələ ölkənin Burdur vilayətində baş verib. Yeraltı təkanlar yerli vaxtla 05:40-da qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 5 km olub.

Güclü zəlzələ baş verdi

İranın cənub-şərqindəki Kirman əyalətində bu gün maqnitudası 5,8 olan növbəti zəlzələ baş verib.  Psixoloq.az xəbər verir ki, bununla bağlı ISNA agentliyi Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, yerli vaxtla 01:09-da qeydə alınan yeraltı təkanların episentri 10 kilometr dərinlikdə olub.  Ümumilikdə, son sutka ərzində baş verən zəlzələlər nəticəsində 287 nəfər yaralanıb, 43 kənd zərər görüb, 101 bina tamamilə dağılıb.

Çökən yol istifadəyə verilib

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsinin bərpası aparılaraq yekunlaşdırılıb. Psixoloq.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindənoxu.az-a verilən məlumata görə, müvəqqəti alternativ yol artıq sürücülərin istifadəsinə verilib. Müvəqqəti alternativ yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın iki mərtəbəli zirzəmisinin mərtəbələrarası hissəsi sökülüb. Əks-dolğu işləri aparılıb. Yeni yol yatağı və yol əsası inşa edilərək, asfaltlanma işləri görülüb.

22 iyul - MIlli mətbuat günüdür

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü."Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu.XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı.XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi.Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi.Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan "Pravda" (bu qəzetin dilimizə tərcüməsi "Həqiqət" olsa da, səhifələri qərb demokratiyasına qarşı iftiralarla, ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün - 5 may Mətbuat Günü kimi qeyd olunurdu.Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.

İstidən 13 nəfər öldü

Yaponiyanın Kiato şəhərində istidən 13 nəfər həlak olub. Psixoloq.az xəbər verir ki, istilik göstəricisi 38 dərəcədən yuxarı olub. Bununla yanaşı xəstəxanaya müraciət edənlərin say da artıb.