Müəllimlik imtahanında ən yüksək bal 59 olub

İyulun 18-də ibtidai sinif müəllimliyi üzrə (Azərbaycan bölməsi) keçirilən test imtahanlarında 3094 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə olaraq 59 bal qeydə alınıb. Təhsil Nazirliyindən publika.az-a verilən məlumata görə, ibtidai sinif müəllimliyi üzrə imtahanlar bu gün də davam edib.Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, KİVDF-dən bildiriblər ki, iclası açan Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, gündəliyə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında" Sərəncamına əsasən qəzetlərə maliyyə yardımının ayrılması məsələsinin müzakirəsi, Fondun 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsi və təsdiqi, cari məsələlər daxildir. Gündəlikdəki birinci məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək dəyərləndirib. O, ölkə başçısının 16 iyul 2018-ci il tarixli Sərəncamı ilə qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd edib. Sonra məsələ ətrafında müzakirələr başlayıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Ramiz Əskər, Əvəz Rüstəmov və Rasim Həsənov dövlət başçısının son Sərəncamının mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyətini bildiriblər. Müzakirələrin yekunu olaraq ölkədə uzun illər ərzində fəaliyyət göstərən, ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən 26 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib. Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Fondun icraçı direktoru 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə etdiyini bildirib. Yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini deyən Vüqar Səfərli ümumilikdə 112 nəfər jurnalistin mükafatlandırılacağını diqqətə çatdırıb. O bildirib ki, müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafat nəzərdə tutulub. Sonra müsabiqənin ekspertlər tərəfindən müəyyənləşdirilmiş yekun nəticələri Müşahidə Şurası üzvlərinin müzakirəsinə təqdim edilib. Şura üzvlərindən Ramiz Əskər, Bəhruz Quliyev, Əvəz Rüstəmov və Rasim Həsənov keçirilmiş müsabiqənin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Daha sonra müsabiqənin yekun nəticələri səsə qoyularaq yekdilliklə təsdiq edilib. Cari məsələlərin müzakirəsi zamanı V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.

Nazpəri Dostəliyeva fəlsəfə doktoru məsələsinə AYDINLIQ GƏTİRDİ

Xalq artisti Nazpəri Dostəliyevanın fəlsəfə doktoru olmasıyla bağlı xəbərlərə aydınlıq gətirib. Müğənni ölkə.az-a açıqlamasında bildirib ki, "Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" adlı dissertasiya mövzusu götürüb və hazırda həmin mövzunu işləmək üçün Şamaxıdadır: "Hələ ki fəlsəfə doktoru deyiləm və yayılan məlumatlar yanlışdır. Hazırda Şamaxıdayam və bu mövzunun üzərində çalışıram".  Xatırladaq ki, elektron mediada Dostəliyevanın "Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilərək, fəlsəfə doktoru elmi dərəcəsinin təsdiq olunduğu yazılırdı.

Ağır yol-nəqliyyat hadisəsi - 14 ölü

Hindistanın şimalında ağır yol-nəqliyyat hadisəsi baş verib. Psixoloq.az trendə istinadən xəbər verir ki, ölkənin şimalında Uttarakxand ştatında sərnişin avtobusu dərəyə aşıb. Qəza nəticəsində 14 nəfərin öldüyü, daha 16 nəfərin yaralandığı bildirilir. Məlumata görə, içərisində 30 nəfərin olduğu avtobus dərinliyi 250 metr olan dərəyə aşıb. Qəzadan dərhal sonra hadisə yerinə xilasedicilər cəlb olunub. Yaralılar vertolyotla xəstəxanalara çatdırılıb. Qəzanın hansı səbəbdən baş verməsi hələ dəqiq məlum deyil, hadisə araşdırılır.

Daha iki marşrut xətti fəaliyyətə başlayacaq

Bakıda yeni açılan marşrut xəttinin fəaliyyətə başlayacağı vaxt məlum olub. Bakı Nəqliyyat Agentliyindən milli.az-a verilən məlumata görə, 7A və 7B müntəzəm marşrut xətlərinin fəaliyyətə başlaması istiqamətində aparılan işlər yekunlaşıb. Marşrut xətləri iyulun 21-dən istifadəyə veriləcək. Marşrut üzrə "BakuBus" MMC-yə məxsus avtobuslar fəaliyyətə başlayacaq. 7A və 7B müntəzəm marşrut xətlərinə kondisionerli avtobuslar buraxılacaq. Bu avtobuslar "İveco Crealis" və "İveco Urbanway" markalı avtobuslardır. Avtobuslar 7A marşrut xətti üzrə Bakı Beynəlxalq Avtovağzal Kompleksi - "Əhmədli" metrostansiyası, 7B marşrut xətti üzrə isə Yeni Yasamal qəsəbəsi ("Qismət" şadlıq sarayı) - "Əhmədli" metrostansiyası istiqamətində hərəkət edəcək. 7A və 7B müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq olunacaq. Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı 15 yeni dayanacaq məntəqəsi təşkil edilib.

Mustafa Ceceli İntizarla bağlı məhkəmədən tələb etdi

Keçmiş həyat yoldaşı Sinem Gedik ilə İntizar arasındakı münasibətə görə uşağını anasından almaq üçün məhkəməyə müraciət edən Mustafa Cecelidən yeni xəbər var.  Psixoloq.az axşam.az-a  istinadən xəbər verir ki, müğənni İntizarın açıqlamasından sonra yenidən məhkəməyə müraciət edib. O, İntizardan qorunma tələbi irəli sürüb.  Müğənnini haqlı bilən İstanbul Ailə Məhkəməsi İntizarın 2 ay müddətində Mustafaya yaxınlaşmasına, vasitəçilərlə olsa belə onu narahat etməsinə, təhqir, təhdid dolu açıqlamalar verməməsinə qərar verib. İstanbul 9 Ailə Məhkəməsi Mustafa Ceceli ilə Sinem Gedikin 7 yaşındakı oğlu Arın Cecelinin mənfəətinin qorunması üçün Sülh Hüquq Məhkəməsinə müraciət edərək, uşağa qəyyumluq tələbini irəli sürüb.

20 nəfər iş yerində dünyasını dəyişdi

Bu ilin I yarısında Azərbaycanda istehsalat prosesində 71 bədbəxt hadisə baş verib. Psixoloq.az unikal.org-a istinadənxəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev məlumat verib. Onun sözlərinə görə, bu hadisələr nəticəsində 20 nəfər vəfat edib. Ən çox bədbəxt hadisə tikinti sektorunda qeydə alınıb. Xatırladaq ki, 2017-ci ilin yekununda istehsalatda bədbəxt hadisələrin sayı 151 olub. Bunlardan 11-i qrup halında baş verib. Ötən il istehsalat prosesi zamanı 61 nəfər həyatını itirib, 121 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O cümlədən tikinti sektorunda baş vermiş 36 bədbəxt hadisə (onlardan 1-i qrup halında qeydə alınıb) nəticəsində ölənlərin sayı 17 nəfər, xəsarət alanların sayı isə 24 nəfər olub.

Bakıda çökən yolun altında əlavə tikili tapılıb

"Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsində qazıntı işləri davam etdirilir".  Psixoloq.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözcüsü Anar Nəcəfli deyib. O bildirib ki, müvəqqəti alternativ yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın zirzəmi hissəsi tamamilə sökülür: "Söküntülər zamanı zirzəminin 2 mərtəbəli olması müəyyən olunub. Hazırda zirzəminin hər iki mərtəbəsinin söküntüsü işləri aparılır. Qeyd edək ki, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinə alternativ olaraq müvəqqəti salınmış yolda çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, bu əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir. Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb. Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası sındığından müvəqqəti yolda çökmə baş verib". Xatırladaq ki, çökmə qeydə alınan hissə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.

“33 yaşdan cavan kişilərdən qaçın” - Məşhurdan şok açıqlama

Müğənni Cennifer Lopez qadın izləyicilərinə şok məsləhət verib. Psixoloq.az xəbər verir ki, uzun müddətdir 43 yaşlı Aleks Rodrigezlə sevgili olan Cenniferin məsləhəti gündəmə insanlarda təəccüb yaradıb. Dünya ulduzu izləyicisi olan qadınlara səslənib: “Kişilər 33 yaşa qədər lazımsız və istifadəyə yararsızdır. 33 yaşdan cavan kişilərdən qaçın”.

İmtahanın nəticələri 2 günə açıqlanacaq

Abituriyentlər, valideynlər, müəllimlər, ekspertlər iyulun 18-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə edə bilərlər. Psixoloq.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, imtahanda istifadə olunmuş sual kitabçalarının elektron versiyasını (pdf formatında) Mərkəzin internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> "Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/) Bildirilib ki, yaxın günlərdə abituriyentlər, müəllimlər, ekspertlər, valideynlər I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər. Qeyd olunub ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar. 

Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - Rəsmi AÇIQLAMA

Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) baş vermiş qəzanın nəticələri kompleks olaraq aradan qaldırılıb.Psixoloq.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.Y.Babanlı deyib ki, narahatlığa əsas yoxdur:“Qəza ilə bağlı təmir-bərpa işləri yekunlaşdırılıb. Amma istismarda olan cərəyan transformatorlarının növbədənkənar təftişi, sınaq-yoxlama işləri də diqqətdədir və bu tədbirlərdə başa çatdırılmaq üzrədir”.Y.Babanlı həmçinin Gürcüstan və Rusiya ilə enerji mübadiləsi məsələsinə də aydınlıq gətirib:“Gürcüstandan idxal dayandırılıb, Rusiya ilə paralel iş rejimində razılaşdırılmış yük qrafikinə əsasən, elektrik enerjisinin mübadiləsi həyata keçirilir. Paralel iş rejimi dedikdə sinxron zonada eyni tezlikdə fəaliyyət nəzərdə tutulub”.İyulun 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb.Dərhal Prezident İlham Əliyevin sərəncamı ilə baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi Dövlət Komissiyası yaradılıb.Qəzaya görə cinayət işi açılıb. Hazırda qəzanın səbəbləri araşdırılır. 

Qarpızın qiyməti niyə bahalaşdı? - RƏSMİ AÇIQLAMA

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda satılan qarpızın qiymətinin artmasına münasibət bildirib. Psixoloq.az xəbər verir ki, qurumun mövqeyini mətbuat xidmətinin rəhbəri Anar Hüseynov açıqlayıb. Onun sözlərinə görə, son zamanlar sosial mediada qarpızın bahalaşması ciddi müzakirə olunur və nazirliyə bununla bağlı müraciətlər daxil olur: "Nazirlik nəinki qarpızın, ümumiyyətlə heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir. Liberal iqtisadiyyatlarda bazarda qiymətlər tələb-təklif əsasında formalaşır. Bizim missiyamız fermerləri hansı məhsulun əkilib-becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, onları aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir. Qarpızın bahalaşmasına gəldikdə isə buna bir neçə səbəb var. Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bahalaşma ənənəvi problemlə bağlıdır - fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmir. Hamımız bilirik ki, hər il hansısa məhsul əvvəlki illə müqayisədə baha və yaxud ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür. Yaxud, bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır. Bu prosesdən ən çox əziyyət çəkən təbii ki fermerlər özləridir. Qarpızın bu il bahalaşmasının səbəblərindən biri budur. Səbəblər əslində çoxdur – daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və s.Bu problemlər məsələn, Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub, bazarda qıtlığın yaranmasının, qiymətlərin bahalaşmasının səbəblərindən biri də budur".