"Göstərilən imza mənim deyil" - Nazpərinin alimliyi saxta çıxdı

Ali Attestasiya Komissiyası xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Psixoloq.az xəbər verir ki, komissiyanın aparat rəhbəri Arif Quliyev  açıqlamasında bunun doğru olmadığını bildirib: "Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir”. Aparat rəhbərinin sözlərinə görə, o, hələlik baş verənlərlə bağlı gözləmə mövqeyindədir: "Bu haqda hələ Nazpəri xanımla danışmamışam. Mənə elə gəlir ki, yayılan xəbərlərə, bu məsələyə Nazpəri Dostəliyeva da öz narazılığını bildirər. Heç bilmirəm ki, bu məsələdən onun xəbəri var, ya yox. Heç bilmirəm bu necə baş verib. Bircə onu deyə bilərəm ki, Ali Attestasiya Komissiyası bu cür diplom verməyib. Nazpəri Dostəliyevaya elmi dərəcə verilməsi ilə bağlı komissiyada heç söhbət də olmayıb. Mən bir-iki gün gözləyəcəyəm. Düşünürəm ki, baş verənlərə Nazpəri xanım da etiraz bildirəcək. Çünki baş verənlər onun adına yaraşan hərəkət deyil. Əgər etirazını bildirməsə, mən də başqa cür hərəkət edəcəyəm. Oradakı imza da saxtadır, mənim deyil. Blankın özü də Ali Attestasiya Komissiyasının blankı deyil. Bizim blankımız, üzərindəki yazı dəst-xəttimiz başqa cürdür”. Qeyd edək ki, ötən gün xalq artisti Nazpəri Dostəliyevanın "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alması ilə bağlı məlumatlar yayılıb.

Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

İyulun 20-21-də Bakı və Abşeron yarımadasında  arabir güclənən xəzri küləyi gözlənilir. Psixoloq.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən gözlənilən hava şəraiti meteohəssas insanlar üçün müsbət amildir. .

Sabaha olan hava proqnozu açıqlanıb

İyulun 20-nə gözlənilən hava şəraiti açıqlanıb. Psixoloq.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək. İyulun 20-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırırıq. Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Dayanacaq yerləri zəbt edilib — AÇIQLAMA

"Piyada təhlükəsizliyi ilə bağlı vəziyyət qənaətbəxş deyil. Dövlət başçısının tapşırığına əsasən hazırda bu sahədə vəziyyətin müsbətə doğru dəyişdirilməsi üçün zəruri tədbirlər görülür". Psixoloq.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. Paytaxt rayonlarının bir-bir təhlil edildiyini qeyd edən V.Kərimli piyada səkilərinin müxtəlif səbəblərdən zəbt edildiyini diqqətə çatdırıb. "Obyektlər tikilib, obyektlərin pilləkənləri çıxarılıb, obyektə dair reklam lövhələri qoyulub. Yaxud bəzən baxırsan, işıqfor dirəyi olan yerə əlavə nişan qoyulub. Bunlar isə bir başa piyadanın hərəkətinə maneə törədir. Eyni vəziyyət dayanacaqlarla bağlıdır. Dayanacaq yerləri zəbt edilib. Piyadalar məcbur olur ki, yolun hərəkət hissəsinə çıxsınlar. Bakı Nəqliyyat Agentliyi bu problemlərin həlli üçün tədbirlərin görülməsinə başlayıb", - deyə V.Kərimli vurğulayıb.(ölkə.az)

Nişanlılar mübahisə etdi - 5 milyonluq toy ləğv edildi

Antalyada keçirilməsi planlaşdırılan hind toyu ləğv edilib. Psixoloq.az ölkə.az-a istinadən xəbər verir ki, buna səbəb bəylə gəlin arasında baş verən mübahisədir. Toyun büdcəsi 5 milyon dollar idi və məşhur ulduz Britni Spirs də toyda iştirak etməli idi. Məlumata görə, toydan bir neçə gün əvvəl gəlinin bir qohumu dünyasını dəyişib. Yas səbəbindən toyun vaxtı dəyişdirilib. Sonra isə gəlinlə bəy dalaşıb ayrılıblar. Bildirilir ki, 5 milyon dollarlıq toya 1000 nəfər dəvət edilmişdi. Qonaqlar üçün 3 gecə, 4 günlük otel otaqları kirayəyə götürülmüşdü.

Professor, fəlsəfə doktoru olan MÜĞƏNNİLƏR - Azərbaycanda

Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru elmi adını alıb. Onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub. Psixoloq.az unikal.org-a istinadən fəlsəfə doktoru elmi adını alan müğənnilərin siyahısını təqdim edir: Xalq artisti Mələkxanım Əyyubova "2011-ci ildə "Muğam sənətinin inkişafında dövlət qayğısı” adlı mövzunu müdafiə edib. Mədəniyyət və İncəsənət Universitetinin professoru olub. Əməkdar artist Gülyanaq Məmmədova Azərbaycan xalq və bəstəkar mahnılarının problemlərinin həll olunması” adlı mövzunu müdafiə etdikdən sonra fəlsəfə doktoru elmi dərəcəsi adını alıb. Xalq artisti Azər Zeynalov da Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Əməkdar artist Ədalət Şükürov isə 2007-ci ildən iqtisad elmləri namizədidir. Azərbaycan Dillər Universitetinin müəllimi, tanınnış müğənni Elxan Şirinov isə dosentdir. Tanınmış müğənni, əməkdar artist Nüşabə Ələsgərli elmi dərəcə alıb. O, hazırda "Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Müğənni Lalə Məmmədova Filologiya üzrə fəlsəfə doktoru namizədlik dissertasiyasını müdafiə edib. Ötən il fəlsəfə doktoru adına layiq görülüb. Aşıq Samirə Əliyeva 2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətindən dərs deyir. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktorudur. Nəhayət xalq artisti Nazpəri Dostəliyeva bir neçə gün bundan əvvəl "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili”ni dissertasiya edərək fəlsəfə doktoru elmi adını alıb.

Maşınınızı təmiz saxlayın - XƏBƏRDARLIQ

DİN Baş DYP İdarəsi sürücülərə müraciət edib. Psixoloq.az ölkə.az-a istinadən xəbər verir ki, müraciətdə bildirilib ki, son günlər Bakı şəhərində və respublikanın avtomobil yollarında zahiri görünüşü təmiz olmayan, səliqəsiz, dövlət qeydiyyat nişanları görünməyən nəqliyyat vasitələrinin hərəkət etməsi hallarına rast gəlinir:  “Belə avtomobillərin turizm mərkəzinə çevrilmiş paytaxtımızın ümumi estetik görünüşünə xələl gətirməsini, eləcə də qeyd olunan halların qanunvericiliklə inzibati məsuliyyətə səbəb olmasını nəzərə alaraq, Baş DYP İdarəsi nəqliyyat vasitələri sürücülərindən xahiş edir ki, avtomobillərin zahiri görünüşünün, eləcə də hərəkətə başlamazdan əvvəl və yolboyu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün onların təmiz saxlanılmasını təmin etsinlər".

Sürücülərin nəzərinə - Bu yolda təmir gedir

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 15-45-ci km-lik hissəsində təmir işləri aparılır. Psixoloq.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən publika.az -a verilən məlumata görə, bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri həyata keçirilir. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə aparılan təmir işləri ilə əlaqədar olaraq sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tələbə adını qazana bilməyənlər üçün şans - Sənədlərin qəbulu...

Cari ilin məzunları  arasında ali məktəb imtahanları zamanı tələbə adını qazana bilməyənlər heç də ümidsiz olmasınlar. Kolleclərə qəbul olub tələbə adını qazanmaq şansını əldə edə bilərlər. Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, kolleclərə sənədlərin qəbulu hələ avqusutun 20-də başa çatır. Elektron ərizə qəbulunun bu mərhələsi aşağıda sadalanan kateqoriyaya aid olan abituriyentlərin qeyd olunan əməliyyatları yerinə yetirməsi üçün nəzərdə tutulub: “Cari il buraxılış imtahanı verib müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul avqustun 20-si axşam saat 20:00-dək aktiv olacaq”. Daha ətraflı aşağıdakı  linkə daxil olmaqla məlumat əldə etmək olar. http://eservices.dim.gov.az/erizebak/erize/?frm=egov  Dövlət İmtahan Mərkəzindən bildirilib ki, əvvəlki illərin məzunları artıq kollecə sənəd verə bilməz: “Çünki əvvəlki illərin məzunları üçün ayrıca imtahan keçirilir. Buna buraxılış imtahanı qaydasında qəbul imtahanı deyirlər. İyulun 10-da əvvəlki illərin məzunları üçün kollecə və V ixtisas qrupuna qəbul imtahanları keçirilib. Əvvəlki illərin məzunları iyulun 10-da imtahan verməli idilər. Cari ilin məzunları isə kollec və V qrup üçün buraxılış imtahanı nəticələrinə görə qeydiyyatdan keçib iştirak edirlər”.

Media nümayəndələri pulsuz göz müayinəsindən keçəcəklər

22 iyul – Mili Mətbuat Günü ilə əlaqədar olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi maraqlı yeniliyə imza atıb. Psixoloq.az xəbər verir ki,  iyulun 20-də  "Sağlam baxış, sağlam cəmiyyət" adı altında açıq qapı günü keçiriləcək. Bu barədə mətbuata sözügedən mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva məlumat verib. Y.Abdıyevanın sözlərinə görə, göstərilən tarixdə media əməkdaşları saat 10.00-dan 15.00-dək göz müayinəsindən keçə bilərlər. Xatırldaq ki, bu, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi ilk aksiya deyil. Adıçəkilən mərkəz bundan öncə də müxtəlif bölgə və sosial təbəqələr arasında pulsuz göz müayinəsi ilə bağlı çoxsaylı layihələr həyata keçirib ki, bu layihələrdən minlərlə vətəndaş faydalanıb.

Məşhur aktyoru döydülər

Səhhətindəki problemlərdən dolayı Bodrumda yaşayan və İstanbuldan uzaqlaşan aktyor Nejat İşlər döyülüb. Psixoloq.az xəbər verir ki, Nejat İşler restoranda dostları ilə söhbət edərkən xanım pərəstişkarı aktyorla foto çəkdirmək istəyib. Təklifi rədd edən Nejat İşler, qadının əri tərəfindən döyülüb. Məşhur oyunçunun dava zamanı dişinin qırıldığı və huşunu itirdiyi deyilir. Dostları aktyoru dərhal xəstəxanaya aparıb. Həkim müdaxiləsindən sonra kino ulduzu evə buraxılıb.

Nazpəri Dostəliyeva alim oldu

Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru elmi adını alıb. Psixoloq.az xəbər verir ki, bu barədə sənətçinin özü instaqram səhifəsində məlumat yayıb. Onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub. "Mənim uğurlarım sizin sevginizdən yaranır. Sənət, ədəbiyyat, nəfəs də sevgidən doğulur” - deyə Nazpəri paylaşıma rəy bildirib.