Psixoloji Xəbər

Psixolinqvistika elmi nədir?

Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə mövcuddur. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük. Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə - nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın predmeti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə düşür. Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə qarışdırırlar. Bu cür eyniləşdirməyə əsas olsa da, hər-halda bu iki termini bir-birindən fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi başlıca olaraq öyrənmə predmetində özünü göstərir. Psixologiya nitqin yaranması, anlaşılması və formalaşmasının gedişi zamanı öz diqqətini daha çox şüurun psixi funksiyalarının xüsusiyyətlərinə yönəldirsə, psixolinqvistika bunlarla yanaşı bu funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında ifadə vasitələrini (verbal və qeyri-verbal) də nəzərə almağa çalışır. Psixolinqvistika olduqca gənc elmdir. Qeyd edək ki, elm, təxminən XX əsr 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində meydana gəlib. 

Psixoloji CHECK-UP nə üçün vacibdir?

Gündəlik yaşanılan streslər, hadisələr insanın əsəb sisteminə mənfi təsir göstərir. Ancaq təəssüf ki, tibbi cəhətdən psixoloji müayinələrin üzərində ciddi dayanılmır. Psixoloq.az xəbər verir ki, psixoloji check uplar həm erkən diaqnoz baxımından həm də qoruyucu psixoloji sağlamlığının daha davamedici olması baxımından əhəmiyyətlidir. Müəyyən psixoloji problemlər hərkim tərəfindən mütəmadi şəkildə nəzarətdə saxlanılmalıdır. Psixiatr və ya psixoloqlar tərəfindən tətbiq olunan check uplar ümumi psixoloji vəziyyətin xəritəsini ortaya çıxarır. Məhz bu səbəbdən xarici ölkələrdə hər bir insanın öz psixoloqu vardır.  Unudulmamalıdır ki, hər şey insan beyində başlayır.

Kişi iş tapmırsa... - Yayılmış aqressiyanın səbəbləri

Bir neçə ildir insanların aqressiyalı davranışı psixoloqların da nəzərindən qaçmayıb. Belə ki, avtobusda, yolda baş verən, adi hərəkətdən qəzəblənən vətəndaşları görmək,  vəziyyətin ciddiliyindən xəbərdar edir. Bunun səbəbləri barədə isə psixoloq danışıb. Aqressiya ilk növbədə insanın özündən kənara yönəlmiş etirazı, qəzəbidir. Narazılıq yaradan faktorlar olduqca çoxdur. İndi milli mental şüur formalarımızla xaricdən gələn şüur formaları toqquşur. Amma baxın, əgər bir ailə başçısı olan kişi iş tapmırsa, ailəsini dolandıra bilmirsə, həmin zaman aqressiya onun içində toplanır və həmin şəxs nəhəng aqressiya enerjisini elə bir səmtə yönəldir ki, o, hörmətli insan olsa bele gözümüzdən düşür. Lakin onun hansı səbəbdən bu vəziyyətə düşdüyünün əsl səbəbini isə görə, həmin şəxslə empatiya yarada bilmirik. İnsanlar sanki dava etməyə hazır vəziyyətdə durublar. Çünki onlar beyinlərində yaşadıqları gərginlikləri sosial mühitə, nəqliyyat vasitəsində, yaxud küçədə rastlaşdıqları insana ötürməyə başlayırlar. Əziz insanlar, əgər siz daxilinizdə olan aqressiyaya, mübarizəyə qalib gələ bilmirsinizsə, mütəxəssislərə müraciət edin. Ruhunuzu incidən, zədələyən hisslərdən uzaq olun. Müəllif: Psixoloq Sevinc Baxışova

Bu qaydalara riayət edilməlidir - Psixoterapevt kimdir?

Psixoterapevtlər psixiatriya, psixologiya, psixoloji konsultasiya və rəhbərlik, sosial iş kimi müxtəlif psixoloji sağlamlıq ixtisaslarından məzun olun olmuş və psixoterapiya sahəsində lazım olan nəzəri məlumatı, stajı, müşahidəsi və digər kafilik proqramlarını tamamlamış mütəxəssislərdir. Bu psixoloji sağlamlıq mütəxəssislərindən psixiatr həkimlərdən başqa heç birinin dərman yazma səlahiyyəti olmamaqla bərabər tətbiq etdikləri terapiya baxımından hamısı eyni elmi və əxlaqi qaydalara riayət etməyə məcburdurlar.Geniş yayılmış inanışın əksinə psixoterapevtlər bizim əvəzimizə qərar verməz, bizə öz inanclarını zorla yeritməz və psixoterapevt olmaqlarının səbəbi həyatda bizdən daha ağıllı və təcrübəli olmaqları deyil. Psixoterapevtlər insanın emosiya, düşüncə, davranış və koqnitiv proseslərini ilə əlaqədar təhsil aldıqları üçün kömək zamanı bu bilikləri əsas götürürlər və bunu edərkən müəyyən standardlara əməl edərlər. Psixoterapevtlər pasiyentləri düzgün düşünməyə istiqamətləndirərək məsləhətli qərar verməyə yardımcı olur.

Beyinin rəqabət sistemləri - Rəqiblər kompleksi nədir?

Neyroanatomiyada beyində bir - biri ilə rəqabət halında olan sistemlər dedikdə niyəsə həmişə məntiqlə emosionallıq misal olaraq göstərilir. Hətta qadınlarda və kişilərdə hansının güclü olduğunu göstərmək üçün mübahisələrə girilir. Bu haqda çox danışıldığından mən bu məqaləmdə bu mövzuya toxunmayacam. Niyyətim məqalə boyunca beynimizin başdan - başa rəqiblər kompleksindən ibarət olduğunu gözlər önünə sərməkdi. Bununla bağlı ilk bariz örnək hamımıza yaxşı məlum olan beyin yarımkürələri ilə bağlıdır. Yarımkürələr " korpus kallosum " adlanan sinir lifləri ilə bir - birinə bağlanmışdır. Bu sinir liflərinin rolu ilə bağlı uzun müddət sabit fikir olmuşdu. Beləki, 1950- ci ilə qədər kimdənsə bu sinir liflərinin funksiyasını soruşsaydınız sizə deyəcəkdi ki, iki beyin yarımkürəsi arasında rabitə rolunu oynayır. Amma Roger Sperry və Ronald Meyers adlı iki neyrobioloq etdikləri bir əməliyyatla hər kəsi ağzı açıq buraxdılar. Bu iki alim meymunların və pişiklərin korpus kallosumlarını kəsdilər. Bilirsiniz nə oldu? Heç bir şey olmadı. Heyvanlar, tamamilə normal davrandılar, sanki bu sinir liflərinin heç bir önəmi yoxdur. Bu təcrübədən sonra split brain adı verilən əməliyyatlar aparılmağa başladı. 1961- ci ildən etibarən epilepsiya xəstələrinin beyin yarımkürələrini bir - birinə bağlayan bu sinir liflərini əməliyyat vasitəsilə kəsməyə başladılar. Çünki tutmanın bir yarımkürədən digərinə keçməsini əngəlləyən bu əməliyyat epileptiklərin son ümidi idi. Bu əməliyyatdan sonra onlar tamamilə normal bir həyat sürürlər. Baxmayaraq ki, beyinlərinin yarısı digər yarısından ayrılmışdı, amma yenə də nəyisə xatırlaya öyrənə, sevə, gülümsəyə, rəqs edə bilə və əylənə bilirdilər. Amma çox qəribə də bir şey olurdu. Öyrənmə prosesində bir yarımkürə nəyisə öyrənsə də, digəri bundan hələ də xəbərsiz olaraq qalırdı. Və ən əsası, bu insanlar eyni anda iki fərqli işi görə bilirdilər. Bu normal bir beyinin əsla izn verməyəcəyi bir şeydi. Beyin yarımkürələri bir - birindən ayrılmış insanlar eyni anda hər iki əlləri ilə müxtəlif yazıları yaza bilir, müxtəlif şəkilləri çəkə bilirlər. Bilirik ki, sağ əlimiz sol beyin yarımkürəmizdən, sol əlimiz isə sağ beyin yarımkürəmizdən əmr alır. Beyin yarımkürələri bir - biri ilə əlaqədar olan insanlar sağ əlləri ilə üçbucaq çəkərkən, sol əlləri ilə də kvadrat çəkə bilməzlər. Amma split - brain əməliyyatından keçmiş insanlar bunu asanlıqla edirlər. Çünki onların beyin yarımkürələri bir birindən asılı olmadan öz həyatlarını yaşayırlar. Beyin yarımkürələri hər biri eyni problemi həll edən, amma həll yolları bir az fərqli olan iki rəqib komanda kimidir. Bu kəşfinə görə Roger Sperry Nobel mükafatı almışdır. Məsələ burasındadır ki, beyin yarımkürələrini iki fərqli siyasi partiya kimi düşünmək lazımdır. Eyni məsələ üzərində baş sındırmalarına baxmayaraq həll yollarını müxtəlif istiqamətlərdə görürlər. Əgər bu partiyalardan biri süquta uğrayıb dağılsa bir şey dəyişməyəcək. Ölkənin işləri yenə öz axını ilə gedəcək. Sadəcə ölkəni idarə etmək üçün istifadə olunan üsullar fərqli olacaq. Eyni şey beyin yarımkürələri üçün də keçərlidir. Bir yarımkürəni əməliyyatla kəsib götürsələr belə digər yarımkürə bütün işləri öz öhdəliyinə götürərək bizi vəziyyətdən çıxara biləcək. Rasmussen ensefalitindən qaynaqlanan epilepsiya xəstəliyinin müalicəsində istifadə olunan bu əməliyyat 8 yaşına qədər olan uşaqların üstündə aparılır. Və uşaq həyatının geri qalan hissəsini normal şəkildə yaşayır. Bu əməliyyata hemisferektomi adı verilib və kifayət qədər uğurlu üsuldur. Çünki beyin yarımkürələri anatomik cəhətdən demək olar ki, eynidir. Beyinin rəqiblər sistemi bununla da bitmir. Yaddaş bizim həyatımızın özəyini təşkil edir. Günlük yaşantılarımız hipokampus və temporal lob adlanan beyin bölgələrində toplanarkən, travma xarakterli xatirələrimiz amiqdalada toplanır. Postravmatik Stress Pozuntularında flashback kimi ani göz önünə gələn acı xatirələr məhz amiqdalada toplanır. Amiqdalada toplanan xatirələri silmək və unutmaq çətindir. Təcavüz qurbanlarının və müharibə iştirakçılarında olduğu kimi flash kimi yanıb - sönən anılar amigdalanın işidir. Göründüyü kimi 19- cu əsrdə hökm sürən frenoloji ideyası tamamilə iflasa uğrayıb. Çünki biz indi bilirik ki, beyində frenolojinin iddia etdiyi kimi bir işdən bir bölgə məsuliyyət daşımır. Əksinə, bir işi bir çox beyin bölgəsi fərqli üsullarla yerinə yetirir. Çünki biologiya tək bir həll yolu ilə nadirən kifayətlənir. Əksərən, təbiət yeni üsullar icad etməyə çalışır. Çünki təbiətin laboratoriyasındakı işlər bizim laboratoriyalardakı kimi getmir. Süni intellekt hazırlamağa çalışan alim məsələn, enerji qaynağı problemini həll etdikdən sonra növbəti mərhələyə keçir. Amma canlılarda milyonlarla mutasiyalar olduğu üçün təbiət yeni varyasiyalar icad edərək problemi yaradıcı bir şəkildə həll edir. Eyni iş üzərində daima çalışdığından daha təkmil sistemlər yaranır. Beynimizdəki eyni işdən məsuliyyət daşıyan müxtəlif bölgələr təkamül nəticəsində müəyyən ardıcıllıqla yaranmış və hər biri özündən əvvəlkindən daha üstündür. Amerikada aparılan bir təcrübə nəticəsində məlum olmuşdur ki, Alzheimer xəstəliyi olan bir çox insanlar həyatları boyu bunun fərqinə varmırlar. Bu insanlar intellektual işlərlə məşğul olduqları üçün xəstəlik nəticəsində beyinlərinin bir hissəsi məhv olsa belə digər hissələr məhv olan hüceyrələrin işini öz öhdəsinə götürüb. Buna neyropsixologiyada koqnitiv rezerv deyilir. Çantasında bir çox alət olan usta çəkicini itirsə belə digər alətlərdən çəkic kimi istifadə edə bilər. Məsələn mismarı baltanın küt tərəfi ilə də vurmaq mümkündür. Beyin də eynən bu şəkildə işləyir. Birincili görmə korteksinin bir hissəsi zədələnən zaman insan görmə sahəsinin bir qismini itirmiş olur. Məsələn gözünün ancaq sağ tərəfində olanları görən bir xəstəni götürək. Onun gözünün sol tərəfində bir üçbucaq tutub əlimizdə hansı fiquru tutduğumuzu soruşaq. O görə bilmədiyini desə də, onu bezdirənə qədər əlimizdə nə olduğunu təxmin etməsini istəyək. O ən sonunda bezib ağlına gələn ilk təxmini edəcək. " Üçbucaq görürəm ". Bəli, bəli düz tapacaq. Çünki gözü görməsə belə gözünün qarşısında duran obyekt subkortikal zonanı qıcıqlandırıcaq. Kor görüşü adlanan bu hadisə görmə qabiliyyəti itsə belə korteks altı bölgələrin işi səhnə arxasından aparmalarını sübut edir. Bu neyroanatomik cəhətdən heç də təəccüblü deyil. Çünki ilanlar da korteksə sahib olmasalar da görürlər. Düzdür bizim qədər yaxşı görmürlər, amma görürlər. Bütün bunlardan çıxan nəticəni Marvin Minskynin sözləri ilə ifadə etmək istəyərdim. " Biz bir bütün olaraq əslində xırda çoxluqların toplamıyıq. Bu xırda çoxluqlar bir - birinə zidd olan, rəqabət aparan və bəzən bir - birilərinin işinə kömək edən hissələrdi." Hansı ki, kəllə qutumuzun içərisində, qaranlıq otağında gizlənən kainatın kəşf edilmiş ən möhtəşəm nəsnəsini əmələ gətirir. Psixoloq Fuad Əsədov

Nənə və babanın uşağın tərbiyəsinə təsiri – PSİXOLOQ YAZIR

Son zamanlar qadınlar iş həyatında aktiv şəkildə yer almaqdadırlar. Əgər qadın evlidirsə və uşağı varsa, iş həyatı ilə birlikdə ortaya bir sıra problemlər çıxır. Bu problemlərdən biri ananın evdə olmadığı vaxtlarda uşağa qayğı göstərmək imkanının olmaması, işdən evə yorğun və gərgin halda gələndə uşağı ilə kifayət qədər vaxt keçirməməsi və sağlam ünsiyyət qura bilməməsidir. Bağça yaşına qədərki dövrdə istər uşaq, istərsə də ana üçün bu period daha da çətin keçə bilir. Bağlanmanın çox əhəmiyyətli olduğu bu inkişaf pilləsində uşaq-valideyn münasibətinin zəif olması gələcəkdə uşağın sosial yaşamında bir sıra neqativ hallarla qarşılaşa biləcəyini unutmaq olmaz. Xüsusilə ilk illərdə baxıcının tez-tez dəyişdirilməməsi və uşağın öz evində olması həm güvən, həm də evə sahiblənmə duyğusunu inkişaf etdirəcək. İş həyatından ayrıla bilməyən və ya ayrılmaq istəməyən analar bağçayaqədərki dövrdə uşağa qayğını ya maaşlı baxıcı ilə, yada yaxınlıqda olan qohumlar, qonşular vasitəsilə təmin edirlər. İşləyən anaların öz uşaqlarını rahat şəkildə əmanət edəbiləcəkləri ilk seçimlərdən biri ana və qayınanadır. Uşağın olması ilə nənə və baba statusu avtomatik ortaya çıxır. Bizim cəmiyyətdə ananın işləyib-işləməməsindən asılı olmayaraq uşaq olduqdan sonra hər iki nənənin uşaq üzərində söz haqqına sahiblənməsi müşahidə olunur. Nənə və babanın nəvəyə baxması onların vaxtının səmərəli keçməsi və nəticədə yaşamağa olan həvəslərinin, həyat sevincinin artmasına səbəb olur. Eyni zamanda nəvələr üçün də nənə və babanın var olmasının bir sıra faydaları var. Belə ki, nənə və baba nəvəyə sevgi, qayğı, şəfqət, yaxınlıq, əxlaqı dəyərlər, sosial dəstək kimi bir sıra faydalar verir. Valideynlər üçün də nənə-babanın olması valideynlik təcrübələrindən faydalanmaq baxımından əhəmiyyətlidir. İlk uşağı olan və uşaq böyütməklə əlaqəli təcrübəsi olmayan ailələr üçün nənə-baba əhəmiyyətli mənbədir. Ənənəvi cəmiyyətlərdə nənə və babanın öz uşaqlarına qarşı daha avtoritar, nəvələrinə qarşı isə daha icazəverici tərzdə davrandıqları müşahidə olunur. Valideynlərin qərarlı və intimazlı davranışları uşaqlar tərəfindən istənilməyən hala çevrilir. Bu zaman əgər nənə və baba uşağın bütün istəklərini qarşılayarsa, valideynlə uşaq arasında anlaşılmazlıqlar yaşana bilər. Nənələr ilə anaların təlim və dissiplinində fərqliliklər ortaya çıxarsa, mübahisədə uşaq özünə rahat olan tərəfi seçir, bununla da bəzən ana istəmədiyi təlim formasına razı olmaq məcburiyyətində qalır. Nənə və baba uşağın tərbiyəsində o zaman məhsuldar olurlar ki, onlar ailədə valideynlərdən üstün təsirə malik olmasın, ana və atanın tərbiyə formasına zidd davranmasınlar. Nənənin uşağa baxarkən o evdə qalması bəzən ananın məsuliyyət duyğusunun azalmasına, uşaq üzərində təsirini itirməsinə səbəb olur. Uşağa nənənin baxması zamanı ortaya çıxan digər bir mənfi hal nənənin valideynlərlə olan münasibətini uşağa ötürməsidir. Bu dövr uşaqların görərək öyrəndikləri ilk illər olduğu üçün nənənin davranış şəkli, ifadə tərzi, reaksiya forması ona keçə bilər. Valideynlər bu halda narahat ola bilərlər. Amma unudulmamalıdır ki, bu hal keçici haldır. Əgər valideynlər bu davranışlara həddindən artıq reaksiya bildirməslər və bununla onu möhkəmləndirməsələr, bağça və məktəb illərindən yeni davranışlar ortaya çıxacaq. Nəticə olaraq istər işləyən, istərsə də işləməyən analara kömək edən nənələr ailə bütünlüyünə, ailə sərhədlərinə diqqət etməlidirlər.(yeniavaz) Maarif Məmmədov, psixoloji konsultant

Uşaq verilişində qalmaqal: Obrazlar homoseksual imiş

1980-ci illərin məşhur uşaq proqramı “Susam küçəsi”nin yazarı Mark Saltzmen ekran işindəki Bört və Örni obrazlarının homoseksual olduğunu açıqlayıb. Yazar bu barədə “New York Times” nəşrinə danışıb. “Bört və Örni homoseksual cütlük, bir-birini sevən iki kişidir. Onları bağlamağın başqa bir yolu yox idi”, - deyə Mark bildirib. 1984-cü ildən etibarən “Susam küçəsi”nin yazarlığını edən Saltzmen kukla obrazları yazarkən, özünün Arnold Qlasmanla olan uzun sevgi münasibətlərindən bəhrələndiyini bildirib. “Mən Bört və Örnini homoseksual obraz olaraq yazırdım. Arnold və məni tanıyanlar bu obrazları bizə bənzədirdi”, - deyə yazar fikirlərini ifadə edib. Qeyd edək ki, obrazları yaratmağa kömək edən kukla ustası Frenk Oz isə Bört və Örninin homoseksual olmasını təkzib edib. Obrazların yaradıcısı Susam Vörkşop da kuklaların homoseksual olmadığını qeyd edib.(oxu.az) Psixoloq.az xəbər verir ki, bu barədə münasibət bildirən uşaq psixoloqları valideynləri diqqətli olmağa səsləyiblər. Belə ki, psixoloqlar, uşaqların baxdığı hər cizgi filmlərin onların şüur altına təsir etdiyini qeyd ediblər. Nəzərə alsaq ki uşaqların yaddaşı daha güclüdür, bu səbəbdən ən xırda nüansı belə onlar unutmayaraq, bir müddət sonra da olsa həyatlarında tətbiq edirlər. Xüsusilə də genetika, əxlaqa mənfi təsir göstərən klip, cizgi filmlər, mahnılardan uşaqlar uzaq tutulmalıdır.

Fiziki qüsurların qismən aradan qaldırılması - Əmək terapiyasının üstünlükləri

Əmək terapiyası fiziki qüsuru olan insanları sosial həyata qaytarmaq, ünsiyyət problemini aradan qaldırmaq, əqlin ləngiməsi zamanı və insanlarla münasibətləri tənzimləmək üçün yerinə yetirilən bir terapiya formasıdır. Qeyd edək ki, əmək terapiyası 1900-cü ildən tətbiq olunmağa başlayıb. Bu terapiya İkinci Dünya Müharibəsindən sonra daha geniş istifadə olunub. Bunun səbəbi isə İkinci Dünya Müharibəsindən sonra insanların çoxunda həm fiziki, həm də əqli cəhətdən ləngimə və qüsurların meydana gəlməsi olub. Hazırda dünyanın bir çox ölkələrində, xüsusilə Amerika, Almaniya, Çin, Yaponiya, Rusiya, Türkiyə və digər ölkələrdə əmək terapiyası təhsil sisteminin ayrılmaz bir hissəsinə çevrilib. Psixiatr Samirə Həmidovanın sözlərinə görə, əmək terapiyası itirilmiş fiziki bacarıqların bərpa olunması, fiziki qüsurların qismən aradan qaldırılması və ya mövcud əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün tətbiq olunur: "Bu terapiyanın tətbiqi əmək qabiliyyətini itirmiş və ya əlilliyi olan insaların işə qəbulu zamanı çox vacibdir. Əmək terapiyası psixiatriya, nevrologiya və travmatologiyada geniş tətbiq olunur. İş qabiliyyətinin artırılması isə yanaşı əmək terapiyası somatik xəstəliklər zamanı da tətbiq olunur. Əmək terapiyası psixi xəstələrin əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün çox mühum üsuldur. Belə ki, əmək terapiyası psixi qüsurların azalmasına, konpensasiyasına, bəzi xəstələrin hərəkətsiz olması ilə əlaqədar olaraq əmək qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edir. Psixi xəstəliklərin müxtəlif mərhələlərində əmək terapiyasının fərqli növləri tətbiq olunur". S.Həmidova bildirib ki, ilk növbədə məşğuliyyət xəstəni maraqlandırmalıdır: "Məşğuliyyət xəstənin vəziyyətinə uyğun mürəkkəb olmalı və yerinə yetirilməsi üçün xəstədən müəyyən əmək sərf etməsini, çalışmasını tələb etməlidir. Əmək terapiyası zamanı təklif olunan məşğuliyyətlərinin mürəkkəbliyi xəstənin vəziyyətinə uyğun seçilir. Çox sadə tapşırıqlar xəstənin terapiyaya marağının itməsinə, özünü gücsüz və zəif hiss etməsinə səbəb olacaq. Belə ki, tapşırıqlar xəstənin vəziyyətinə uyğun seçilmədikdə, xəstə ətrafdakıların onun bacarıqsız olduğunu sanmasını düşünür. İkincisi, əmək terapiyası zamanı xəstəyə verilən tapşırıqlar xəstənin bacarıqları inkişaf etdikcə tədricən çətinləşməlidir. Üçüncüsü, əmək terapiyası qrup şəklində tətbiq olunsa, daha səmərəli olar". Həmsöhbətimiz qeyd edib ki, inkişafında ləngimə, fiziki və ya əqli cəhətdən qüsurları olan uşaqların əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün də əmək terapiyası əvəzsizdir. Əllərin hərəkətinin inkişafı intellektin inkişafı ilə bağlıdır. Hətta sadə belə işlərin əllə görülməsi uşağın diqqətini inkişaf etdirir və düşünməyə vadar edir. Mürəkkəb işlərin görülməsi isə beynin daha da inkişaf etməsinə kömək edir. Əmək terapiyası məktəblərdə tədris olunan əmək dərslərindən tamamilə fərqlənir. Çünki əmək terapiyasının məqsədi uşaqların yaşadığı fiziki narahatlıqları müəyyən qədər aradan qaldırıb korreksiya etməkdir. Əmək terapiyası keçən uşaqlar müəyyən zamana bir sıra sosial bacarıqlara yiyələnir. Uşaqlar yazma, kəsmə, qavrama, tutma kimi kiçik motorik bacarıqlara, özünə xidmət əməyinə yiyələnir. Əmək terapiyasında ən önəmlisi göz kontaktının inkişaf etdirilməsidir. Ümumiyyətlə, əmək terapiyasını nəinki əqli geri, autik, daun, serebral iflic, asperger, hətta normal uşaqlara belə tətbiq etmək olar. Çünki əmək terapiyası nəticəsində uşaqların təxəyyülü inkişaf edir və dünyaya fərqli baxırlar. Əmək terapiyasından istifadə etmiş uşaqlar hec nəyə adi gözlə baxmırlar. Məsələn, əvvəl kağız onlar üçün adi idisə, artıq istehsal və düşüncə mənbəyidir. Əmək terapiyasının tikmə-biçmə, kəsib yapışdırmaq, plastilin və gil işi, səhnələşdirilmiş oyunlar, terapevtik rəsm, kulinar bacarıqlar, tikinti materialları ilə iş, quraşdırma, qum terapiyası, sosial bacarıqlar və özünəxidmət əməyi kimi növləri var. Psixoloq qeyd edib ki, uşağın narahatlığına uyğun olaraq bu terapiyalardan müvafiqi seçilib tətbiq olunur: "Məsələn, bəzi uşaqlar üçün sapı iynəyə keçirmək çox fayda verərsə, bəziləri üçün plastilin və gil işi daha çox effekt verər. Uşaq üçün bu məşğuliyyət növlərini seçərkən onun marağını da nəzərə almaq lazımdır. Belə ki, seçilən əmək növü uşağın diqqətini cəlb etməlidir. Öz zəhməti ilə nəsə düzəltmək uşaqlara təhlil etmək bacarığını, tapşırıqları yerinə yetirərkən hərəkətlərini planlaşdırmağı öyrədir. Tədricən uşaqlar özləri müxtəlif əl işlərinə maraq göstərir, onları nəzərdən keçirib necə düzəldiyini anlamağa çalışırlar. Onlar düzəlmə qaydasını təhlil etdikləri əl işlərinə baxdıqda: "Bunu başqa materialdan, parçadan hazırlasam, daha gözəl görünər", "Bu rənglərdən istifadə etsəm, parlaq alınar", "Əl işinə uyğun olaraq, başqa maraqlı bir əl işi düzəldə bilərəm" düşünürlər. Bu da uşaqlarda təxəyyül gücünü inkişaf etdirir". Qeyd edək ki, əmək terapiyası insanın psixi vəziyyətinə təsir edir, insanın özünə güvən hissini artırır, xəstənin fikirlərini əməyin yerinə yetirilməsinə yönəldir və narahatlıqlarını qismən də olsa unutdurur. Xəstə həm də faydalı bir işdə iştirak etdiyi üçün də özünü məmnun hiss edir. (ekspress.az)

"Öncə bu stisuasiyada olmuşam" - Dejavu xəstəlikdir?

Bəzən həyatımızda, gündəlik yaşantımızda elə vəziyyətlər olur ki, sanki öncədən nə vaxtsa bu stiuasiyanı yaşamışıq. Davranışlarımız bizə tanış gəlir. Belə vəziyyətə dejavu vəziyyəti deyilir. Dejavu - insanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji haldır. Dejavu sözünün lüğəti mənası “daha əvvəl görülmüş” deməkdir. Bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir. Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gündə tədqiq edilməkdədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır. Uşaqlar əgər tez-tez eyni halla qarşılaşdığını valideynlərinə bildirərlərsə, valideyn laqeyd qalmamalır və mütəxəssisə müraciət etməlidir. Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır. Lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaranmasına yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər. Dünyadakı insanların 70 faizdən çoxu dejavuyla qarşılaşdıqlarını bildirirlər. Ruh halı dəyişkən olan insanlarda daha çox rast gəlinir. Ən çox rast gəlinmə sıxlığı 15-25 yaşdır. Bəzən insanlar dejavunun tərsi olan Jamais vu halını yaşadıqlarını söyləyirlər. (Jamais Vu-bir insanın dəfələrlə gördüyü, tanıdığı birini və ya hər hansı məkanı ilk dəfə görməsi halıdır). Aysel Məmmədzadə

Təbii fəlakətlər zamanı psixoloji yardım

İnsanların psixologiyasında dərin izlərin açılmasına səbəb olan fəlakətlər, bəzilərinin həyatını itirməsnə səbəb olarkən, geridə qalanları da dözülməz ağrılar içində buraxaraq keçmişdə qalır. Keçmişdə qalan fəlakətdir. Fəlakətin buraxdığı psixoloji təsirlər isə insanların mənəvi həyatlarında dərin izlər buraxır. Bildiyimiz kimi təbii fəlakətlərin meydana gəlməsində insan faktoruna nisbətdə təbiət hadisələri böyük rol oynayır. Ancaq bu təbiət hadisələrinə qarşı tədbir görülmədikdə fəlakətdən sonra yaranan nəticələrə görə məsuliyyət məhz insanların üzərinə düşür. Təbii fəlakətlər insan psixologiyasında dərin izlər buraxan travmatik yaşantıdır. Bu hadisələri yaşayanlar, yaşayanların yaxınları və ya bu hadisələri görüb-eşidənlər uzun müddət sağalmayan psixoloji travmalara məruz qalır. Həyatımızda əvvəldən müəyyənləşdirib idarə edə bilmədiyimiz hadisələrin olduğunu anlamaq və qəbul etmək insanlar üçün olduqca çətin olur. Çox zaman da biz bu hadisələri təsirsiz hala gətirə bilmir, təkrar başımıza gəlməsinin qarşısını ala bilmir və çarəsiz qalırıq. Fəlakətlər, yalnız insan həyatına son qoyub zədələr yaradan hadisələr deyil, eyni zamanda psixoloji zərbədir. Amma baş vermiş faciə nəticəsində yaranan psixoloji dəyişikləri qaydaya salmaq, onun maddi və mənəvi ziyanlarının aradan qaldırılmasına nisbətən daha çox vaxt tələb edir. Psixoloji yardım, bir sıra ölkələrdə bədbəxt hadisədən sonra əhaliyə göstərilən yardımın əsas hissəsini təşkil edir. Yəqin ki, biz də bunu hiss etmişik ki, həlak olanların ailələri ilə işləmək üçün psixoloq, psixoterapevtlərə kəskin ehtiyac var. Mütəxəssislərin fikrincə, fəlakətlər zamanı psixoloji travma aldıqdan sonra ilk sutka ərzində göstərilən psixoloji yardım daha təsirli olur. Sonra isə uzunmüddətli müşahidə və psixoterapiya lazımdır. Qəza yerində yaxınlarına göstərilən psixoloji yardım, sözün həqiqi mənasında insanları xilas edə bilər. Faciələr zamanı yalnız zaman ərzində stresin intensivliyi deyil, həm də onun uzun sürməsi də insan psixologiyasına təsir edir (bəzən həftələrlə sürən kədər və ümid). İnsan orqanizminin ehtiyatları məhduddur və qaçılmaz olaraq stresin son stadiyası - üzülmə mərhələsi çatır. Son ümidlər də boşa çıxdıqda, fəlakət qurbanını xilas etmək mümkün olmadıqda, onların yaxınlarını xilas etmək lazımdır. İnsanların çoxu baş vermiş fəlakətin qurbanları haqqında danışdıqda çox vaxt söhbət bilavasitə  zərərçəkənlərdən gedir. Amma təsirin həqiqi həcmi daha dərin, daha genişdir. Baş vermiş fövqəladə hadisə, insanların böyük miqdarda sayına, o cümlədən dolayısıyla zərər çəkən insanlara - xilasedicilər, hadisənin iştirakçıları, peşə borclarına görə xilasetmə işində iştirak edənlərin psixologiyasına neqativ təsir göstərir. Zərbə zərərçəkənin həmkarlarına, tanışlarına dəyir. Baş verən hadisə ilə televiziya verilişləri vasitəsilə tanış olan insanlar bəzən daha güclü həyəcan keçirirlər. Sonradan onlar özlərini pis hiss etdiklərindən, real nasazlığın yaranmasından şikayət edirlər. Hadisələr zamanı kütləvi informasiya vasitələrinin təsirini "dəyənəyin iki ucuna" bənzətmək olar. Bir tərəfdən onlar əhaliyə baş vermiş hadisələr haqqında informasiya çatdırır. İnformasiyaya qarşı təmin olunmamış tələbat özü stress yaradır. Digər tərəfdən isə vəziyyətin ağırlaşmasına səbəb olurlar. Hadisə yerindən verilən reportajlar, bəzi epizod və müsahibələrin təkrarən verilməsi, ziddiyyətli məlumatların verilməsi və bunun böyük auditoriya qarşısında yayımlanması baş vermiş hadisənin mənfi təsirlərini gücləndirir. Psixoloji sonluqların bütün növlərinin ümumi bir adı var "ikincili stress". İnsanların stresə qarşı olan reaksiyaları müxtəlif olur. Bu reaksiyaların xüsusiyyətlərini öyrənməklə siz özünüzdə və yaxınlarınızda hansı mənzərənin yarandığını müşahidə edə bilərsiniz. Psixoloji yardımı daha real və operativ olaraq ailə və dostlar göstərə bilər. Bunda məqsəd - təhlükəsizlik hissiyatı yaratmaq, iztirab çəkən insanda ümid, inam yaratmaqdır. Psixoloji yardımda "Aktiv dinləmə" çox vacib komponentdir. Zərərçəkmiş həmsöhbət yardımçıdan diqqətlilik, hörmətlə münasibət tələb edir. Dünyaya onun gözləri ilə baxmağa çalışmalı, təhlükəsiz və isti şəraitdə danışmalı, baş verənlərə ürəklə yanaşmalıdır. Öz emosiyalarını iztirab çəkənə bildirməməlidir, çünki onun yanğısı, qüssəsi kifayət qədər var. Günahlandırıcı, etiraf edici mövqedə dayanmaq lazım deyil. Psixoloji yardım  bir sıra hallarda bilavasitə zərərçəkənin mənəvi rahatlanmasını təmin edir, uzunmüddətli psixoloji problemlərin yaranma riskini aşağı salır və sonrakı yaşam üçün ümid verir.(fhn.gov.az)

Bu proses ən çox qəza keçirmiş şəxslərin başına gəlir - Özgələşmə nədir?

Özgələşmə, müdafiə mexanizmlərinə aid olan psixi prosesdir. Bu mexanizmin fəaliyyəti nəticəsində insana elə gəlir ki, baş verən hadisələr onunla deyil, digər şəxslə baş verir. Belə "özgələşmə" mövqeyi insanı izafi və dözülməz hisslərdən müdafiə edir. Bu termini ilk dəfə fransız həkim-psixoloq P.Jane təklif edib. O, müşahidə edirdi ki, ideyalar toplusu şəxsiyyətdən kənarda, əlahiddə və sərbəst şəkildə mövcud ola bilərlər. Lakin hipnozun köməyi ilə şüuru özünə qaytarıla bilər. Özgələşmə, geniş yayılmış, lakin əksəriyyət insanlar tərəfindən normal şəraitdə istifadə edilməyən müdafiə mexanizmidir. Bu müdafiə mexanizmini öz üzərində tətbiq edən insanlar bu haqda belə danışırlar: "sanki bu mənimlə yox, başqa bir şəxslə baş verirdi". Bəzi hallarda insan o qədər özgələşir ki, sanki özünü kənardan görür, hətta bədənini tərk etdiyini hiss edir.   Özgələşmə insanları yalnızca çətin və təhlükəli vəziyyətlərdən deyil, həmçinin dözülməz emosional hadisələrdən qoruyur. İzafi emosional insanlar ən adi emosional hadisələr zamanı belə özgələşə bilərlər. Belə insanlar çətinliklə emosional əlaqə qururlar və kənardan baxanda soyuqqanlı və ya soyuq təbiətli təsəvvürü yaradırlar. Hadisələrin "ayıq" qiymətləndirilməsini təmin edən "özgələşmə", həmçinin baş verən hadisənin emosional tərəfinin düzgün dərk edilməsinin qarşısını ala bilər. Xüsusilə ağır psixi sarsıntı və ya qəza keçirmiş şəxslər özgələşməyə meylli olurlar.

Problemli anınızda köməyinizə çatır - Məşğuliyyət terapiyası nədir?

Ürəyi sıxılan, problemi olan insanlara adətən "özünə xobbi tap, başını qat" sözünü deyirlər. Məhz bu məqamda köməyə məşğulluq terapiyası gəlir. Psixoloq.az xəbər verir ki, məşğuliyyət terapiyası psixoloji problemlərin terapiyası, sosial və gündəlik həyat bacarıqlarının yaxşılaşdırılması məqsədi daşıyan müəyyən fəaliyyətlərin terapevtik istifadəsidir. Məşğuliyyət terapiyasında əsas qayə şəxslərin gündəlik həyat fəaliyyətlərində iştirak etməsini təmin etməkdir. Erqoterapiya olaraq da bilinən məşğuliyyət terapiyası musiqi, rəsm, ebru, rəqs və s. fəaliyyətlərdən ibarətdir. İştirakçıların sayı fərqli olsa da məşğuliyyət terapiyası fərdə fokuslanır və fərdin reabilitasiya müddəti, məmnuniyyəti və gördüyü fayda ön planda tutulur.