Neyroanatomiyada beyində bir - biri ilə rəqabət halında olan sistemlər dedikdə niyəsə həmişə məntiqlə emosionallıq misal olaraq göstərilir. Hətta qadınlarda və kişilərdə hansının güclü olduğunu göstərmək üçün mübahisələrə girilir. Bu haqda çox danışıldığından mən bu məqaləmdə bu mövzuya toxunmayacam. Niyyətim məqalə boyunca beynimizin başdan - başa rəqiblər kompleksindən ibarət olduğunu gözlər önünə sərməkdi. Bununla bağlı ilk bariz örnək hamımıza yaxşı məlum olan beyin yarımkürələri ilə bağlıdır. Yarımkürələr " korpus kallosum " adlanan sinir lifləri ilə bir - birinə bağlanmışdır. Bu sinir liflərinin rolu ilə bağlı uzun müddət sabit fikir olmuşdu. Beləki, 1950- ci ilə qədər kimdənsə bu sinir liflərinin funksiyasını soruşsaydınız sizə deyəcəkdi ki, iki beyin yarımkürəsi arasında rabitə rolunu oynayır. Amma Roger Sperry və Ronald Meyers adlı iki neyrobioloq etdikləri bir əməliyyatla hər kəsi ağzı açıq buraxdılar. Bu iki alim meymunların və pişiklərin korpus kallosumlarını kəsdilər. Bilirsiniz nə oldu? Heç bir şey olmadı. Heyvanlar, tamamilə normal davrandılar, sanki bu sinir liflərinin heç bir önəmi yoxdur. Bu təcrübədən sonra split brain adı verilən əməliyyatlar aparılmağa başladı. 1961- ci ildən etibarən epilepsiya xəstələrinin beyin yarımkürələrini bir - birinə bağlayan bu sinir liflərini əməliyyat vasitəsilə kəsməyə başladılar. Çünki tutmanın bir yarımkürədən digərinə keçməsini əngəlləyən bu əməliyyat epileptiklərin son ümidi idi. Bu əməliyyatdan sonra onlar tamamilə normal bir həyat sürürlər. Baxmayaraq ki, beyinlərinin yarısı digər yarısından ayrılmışdı, amma yenə də nəyisə xatırlaya öyrənə, sevə, gülümsəyə, rəqs edə bilə və əylənə bilirdilər. Amma çox qəribə də bir şey olurdu. Öyrənmə prosesində bir yarımkürə nəyisə öyrənsə də, digəri bundan hələ də xəbərsiz olaraq qalırdı. Və ən əsası, bu insanlar eyni anda iki fərqli işi görə bilirdilər. Bu normal bir beyinin əsla izn verməyəcəyi bir şeydi. Beyin yarımkürələri bir - birindən ayrılmış insanlar eyni anda hər iki əlləri ilə müxtəlif yazıları yaza bilir, müxtəlif şəkilləri çəkə bilirlər. Bilirik ki, sağ əlimiz sol beyin yarımkürəmizdən, sol əlimiz isə sağ beyin yarımkürəmizdən əmr alır. Beyin yarımkürələri bir - biri ilə əlaqədar olan insanlar sağ əlləri ilə üçbucaq çəkərkən, sol əlləri ilə də kvadrat çəkə bilməzlər. Amma split - brain əməliyyatından keçmiş insanlar bunu asanlıqla edirlər. Çünki onların beyin yarımkürələri bir birindən asılı olmadan öz həyatlarını yaşayırlar. Beyin yarımkürələri hər biri eyni problemi həll edən, amma həll yolları bir az fərqli olan iki rəqib komanda kimidir. Bu kəşfinə görə Roger Sperry Nobel mükafatı almışdır. Məsələ burasındadır ki, beyin yarımkürələrini iki fərqli siyasi partiya kimi düşünmək lazımdır. Eyni məsələ üzərində baş sındırmalarına baxmayaraq həll yollarını müxtəlif istiqamətlərdə görürlər. Əgər bu partiyalardan biri süquta uğrayıb dağılsa bir şey dəyişməyəcək. Ölkənin işləri yenə öz axını ilə gedəcək. Sadəcə ölkəni idarə etmək üçün istifadə olunan üsullar fərqli olacaq. Eyni şey beyin yarımkürələri üçün də keçərlidir. Bir yarımkürəni əməliyyatla kəsib götürsələr belə digər yarımkürə bütün işləri öz öhdəliyinə götürərək bizi vəziyyətdən çıxara biləcək. Rasmussen ensefalitindən qaynaqlanan epilepsiya xəstəliyinin müalicəsində istifadə olunan bu əməliyyat 8 yaşına qədər olan uşaqların üstündə aparılır. Və uşaq həyatının geri qalan hissəsini normal şəkildə yaşayır. Bu əməliyyata hemisferektomi adı verilib və kifayət qədər uğurlu üsuldur. Çünki beyin yarımkürələri anatomik cəhətdən demək olar ki, eynidir. Beyinin rəqiblər sistemi bununla da bitmir. Yaddaş bizim həyatımızın özəyini təşkil edir. Günlük yaşantılarımız hipokampus və temporal lob adlanan beyin bölgələrində toplanarkən, travma xarakterli xatirələrimiz amiqdalada toplanır. Postravmatik Stress Pozuntularında flashback kimi ani göz önünə gələn acı xatirələr məhz amiqdalada toplanır. Amiqdalada toplanan xatirələri silmək və unutmaq çətindir. Təcavüz qurbanlarının və müharibə iştirakçılarında olduğu kimi flash kimi yanıb - sönən anılar amigdalanın işidir. Göründüyü kimi 19- cu əsrdə hökm sürən frenoloji ideyası tamamilə iflasa uğrayıb. Çünki biz indi bilirik ki, beyində frenolojinin iddia etdiyi kimi bir işdən bir bölgə məsuliyyət daşımır. Əksinə, bir işi bir çox beyin bölgəsi fərqli üsullarla yerinə yetirir. Çünki biologiya tək bir həll yolu ilə nadirən kifayətlənir. Əksərən, təbiət yeni üsullar icad etməyə çalışır. Çünki təbiətin laboratoriyasındakı işlər bizim laboratoriyalardakı kimi getmir. Süni intellekt hazırlamağa çalışan alim məsələn, enerji qaynağı problemini həll etdikdən sonra növbəti mərhələyə keçir. Amma canlılarda milyonlarla mutasiyalar olduğu üçün təbiət yeni varyasiyalar icad edərək problemi yaradıcı bir şəkildə həll edir. Eyni iş üzərində daima çalışdığından daha təkmil sistemlər yaranır. Beynimizdəki eyni işdən məsuliyyət daşıyan müxtəlif bölgələr təkamül nəticəsində müəyyən ardıcıllıqla yaranmış və hər biri özündən əvvəlkindən daha üstündür. Amerikada aparılan bir təcrübə nəticəsində məlum olmuşdur ki, Alzheimer xəstəliyi olan bir çox insanlar həyatları boyu bunun fərqinə varmırlar. Bu insanlar intellektual işlərlə məşğul olduqları üçün xəstəlik nəticəsində beyinlərinin bir hissəsi məhv olsa belə digər hissələr məhv olan hüceyrələrin işini öz öhdəsinə götürüb. Buna neyropsixologiyada koqnitiv rezerv deyilir. Çantasında bir çox alət olan usta çəkicini itirsə belə digər alətlərdən çəkic kimi istifadə edə bilər. Məsələn mismarı baltanın küt tərəfi ilə də vurmaq mümkündür. Beyin də eynən bu şəkildə işləyir. Birincili görmə korteksinin bir hissəsi zədələnən zaman insan görmə sahəsinin bir qismini itirmiş olur. Məsələn gözünün ancaq sağ tərəfində olanları görən bir xəstəni götürək. Onun gözünün sol tərəfində bir üçbucaq tutub əlimizdə hansı fiquru tutduğumuzu soruşaq. O görə bilmədiyini desə də, onu bezdirənə qədər əlimizdə nə olduğunu təxmin etməsini istəyək. O ən sonunda bezib ağlına gələn ilk təxmini edəcək. " Üçbucaq görürəm ". Bəli, bəli düz tapacaq. Çünki gözü görməsə belə gözünün qarşısında duran obyekt subkortikal zonanı qıcıqlandırıcaq. Kor görüşü adlanan bu hadisə görmə qabiliyyəti itsə belə korteks altı bölgələrin işi səhnə arxasından aparmalarını sübut edir. Bu neyroanatomik cəhətdən heç də təəccüblü deyil. Çünki ilanlar da korteksə sahib olmasalar da görürlər. Düzdür bizim qədər yaxşı görmürlər, amma görürlər. Bütün bunlardan çıxan nəticəni Marvin Minskynin sözləri ilə ifadə etmək istəyərdim. " Biz bir bütün olaraq əslində xırda çoxluqların toplamıyıq. Bu xırda çoxluqlar bir - birinə zidd olan, rəqabət aparan və bəzən bir - birilərinin işinə kömək edən hissələrdi." Hansı ki, kəllə qutumuzun içərisində, qaranlıq otağında gizlənən kainatın kəşf edilmiş ən möhtəşəm nəsnəsini əmələ gətirir. Psixoloq Fuad Əsədov
Son zamanlar qadınlar iş həyatında aktiv şəkildə yer almaqdadırlar. Əgər qadın evlidirsə və uşağı varsa, iş həyatı ilə birlikdə ortaya bir sıra problemlər çıxır. Bu problemlərdən biri ananın evdə olmadığı vaxtlarda uşağa qayğı göstərmək imkanının olmaması, işdən evə yorğun və gərgin halda gələndə uşağı ilə kifayət qədər vaxt keçirməməsi və sağlam ünsiyyət qura bilməməsidir. Bağça yaşına qədərki dövrdə istər uşaq, istərsə də ana üçün bu period daha da çətin keçə bilir. Bağlanmanın çox əhəmiyyətli olduğu bu inkişaf pilləsində uşaq-valideyn münasibətinin zəif olması gələcəkdə uşağın sosial yaşamında bir sıra neqativ hallarla qarşılaşa biləcəyini unutmaq olmaz. Xüsusilə ilk illərdə baxıcının tez-tez dəyişdirilməməsi və uşağın öz evində olması həm güvən, həm də evə sahiblənmə duyğusunu inkişaf etdirəcək. İş həyatından ayrıla bilməyən və ya ayrılmaq istəməyən analar bağçayaqədərki dövrdə uşağa qayğını ya maaşlı baxıcı ilə, yada yaxınlıqda olan qohumlar, qonşular vasitəsilə təmin edirlər. İşləyən anaların öz uşaqlarını rahat şəkildə əmanət edəbiləcəkləri ilk seçimlərdən biri ana və qayınanadır. Uşağın olması ilə nənə və baba statusu avtomatik ortaya çıxır. Bizim cəmiyyətdə ananın işləyib-işləməməsindən asılı olmayaraq uşaq olduqdan sonra hər iki nənənin uşaq üzərində söz haqqına sahiblənməsi müşahidə olunur. Nənə və babanın nəvəyə baxması onların vaxtının səmərəli keçməsi və nəticədə yaşamağa olan həvəslərinin, həyat sevincinin artmasına səbəb olur. Eyni zamanda nəvələr üçün də nənə və babanın var olmasının bir sıra faydaları var. Belə ki, nənə və baba nəvəyə sevgi, qayğı, şəfqət, yaxınlıq, əxlaqı dəyərlər, sosial dəstək kimi bir sıra faydalar verir. Valideynlər üçün də nənə-babanın olması valideynlik təcrübələrindən faydalanmaq baxımından əhəmiyyətlidir. İlk uşağı olan və uşaq böyütməklə əlaqəli təcrübəsi olmayan ailələr üçün nənə-baba əhəmiyyətli mənbədir. Ənənəvi cəmiyyətlərdə nənə və babanın öz uşaqlarına qarşı daha avtoritar, nəvələrinə qarşı isə daha icazəverici tərzdə davrandıqları müşahidə olunur. Valideynlərin qərarlı və intimazlı davranışları uşaqlar tərəfindən istənilməyən hala çevrilir. Bu zaman əgər nənə və baba uşağın bütün istəklərini qarşılayarsa, valideynlə uşaq arasında anlaşılmazlıqlar yaşana bilər. Nənələr ilə anaların təlim və dissiplinində fərqliliklər ortaya çıxarsa, mübahisədə uşaq özünə rahat olan tərəfi seçir, bununla da bəzən ana istəmədiyi təlim formasına razı olmaq məcburiyyətində qalır. Nənə və baba uşağın tərbiyəsində o zaman məhsuldar olurlar ki, onlar ailədə valideynlərdən üstün təsirə malik olmasın, ana və atanın tərbiyə formasına zidd davranmasınlar. Nənənin uşağa baxarkən o evdə qalması bəzən ananın məsuliyyət duyğusunun azalmasına, uşaq üzərində təsirini itirməsinə səbəb olur. Uşağa nənənin baxması zamanı ortaya çıxan digər bir mənfi hal nənənin valideynlərlə olan münasibətini uşağa ötürməsidir. Bu dövr uşaqların görərək öyrəndikləri ilk illər olduğu üçün nənənin davranış şəkli, ifadə tərzi, reaksiya forması ona keçə bilər. Valideynlər bu halda narahat ola bilərlər. Amma unudulmamalıdır ki, bu hal keçici haldır. Əgər valideynlər bu davranışlara həddindən artıq reaksiya bildirməslər və bununla onu möhkəmləndirməsələr, bağça və məktəb illərindən yeni davranışlar ortaya çıxacaq. Nəticə olaraq istər işləyən, istərsə də işləməyən analara kömək edən nənələr ailə bütünlüyünə, ailə sərhədlərinə diqqət etməlidirlər.(yeniavaz) Maarif Məmmədov, psixoloji konsultant
1980-ci illərin məşhur uşaq proqramı “Susam küçəsi”nin yazarı Mark Saltzmen ekran işindəki Bört və Örni obrazlarının homoseksual olduğunu açıqlayıb. Yazar bu barədə “New York Times” nəşrinə danışıb. “Bört və Örni homoseksual cütlük, bir-birini sevən iki kişidir. Onları bağlamağın başqa bir yolu yox idi”, - deyə Mark bildirib. 1984-cü ildən etibarən “Susam küçəsi”nin yazarlığını edən Saltzmen kukla obrazları yazarkən, özünün Arnold Qlasmanla olan uzun sevgi münasibətlərindən bəhrələndiyini bildirib. “Mən Bört və Örnini homoseksual obraz olaraq yazırdım. Arnold və məni tanıyanlar bu obrazları bizə bənzədirdi”, - deyə yazar fikirlərini ifadə edib. Qeyd edək ki, obrazları yaratmağa kömək edən kukla ustası Frenk Oz isə Bört və Örninin homoseksual olmasını təkzib edib. Obrazların yaradıcısı Susam Vörkşop da kuklaların homoseksual olmadığını qeyd edib.(oxu.az) Psixoloq.az xəbər verir ki, bu barədə münasibət bildirən uşaq psixoloqları valideynləri diqqətli olmağa səsləyiblər. Belə ki, psixoloqlar, uşaqların baxdığı hər cizgi filmlərin onların şüur altına təsir etdiyini qeyd ediblər. Nəzərə alsaq ki uşaqların yaddaşı daha güclüdür, bu səbəbdən ən xırda nüansı belə onlar unutmayaraq, bir müddət sonra da olsa həyatlarında tətbiq edirlər. Xüsusilə də genetika, əxlaqa mənfi təsir göstərən klip, cizgi filmlər, mahnılardan uşaqlar uzaq tutulmalıdır.
Əmək terapiyası fiziki qüsuru olan insanları sosial həyata qaytarmaq, ünsiyyət problemini aradan qaldırmaq, əqlin ləngiməsi zamanı və insanlarla münasibətləri tənzimləmək üçün yerinə yetirilən bir terapiya formasıdır. Qeyd edək ki, əmək terapiyası 1900-cü ildən tətbiq olunmağa başlayıb. Bu terapiya İkinci Dünya Müharibəsindən sonra daha geniş istifadə olunub. Bunun səbəbi isə İkinci Dünya Müharibəsindən sonra insanların çoxunda həm fiziki, həm də əqli cəhətdən ləngimə və qüsurların meydana gəlməsi olub. Hazırda dünyanın bir çox ölkələrində, xüsusilə Amerika, Almaniya, Çin, Yaponiya, Rusiya, Türkiyə və digər ölkələrdə əmək terapiyası təhsil sisteminin ayrılmaz bir hissəsinə çevrilib. Psixiatr Samirə Həmidovanın sözlərinə görə, əmək terapiyası itirilmiş fiziki bacarıqların bərpa olunması, fiziki qüsurların qismən aradan qaldırılması və ya mövcud əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün tətbiq olunur: "Bu terapiyanın tətbiqi əmək qabiliyyətini itirmiş və ya əlilliyi olan insaların işə qəbulu zamanı çox vacibdir. Əmək terapiyası psixiatriya, nevrologiya və travmatologiyada geniş tətbiq olunur. İş qabiliyyətinin artırılması isə yanaşı əmək terapiyası somatik xəstəliklər zamanı da tətbiq olunur. Əmək terapiyası psixi xəstələrin əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün çox mühum üsuldur. Belə ki, əmək terapiyası psixi qüsurların azalmasına, konpensasiyasına, bəzi xəstələrin hərəkətsiz olması ilə əlaqədar olaraq əmək qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edir. Psixi xəstəliklərin müxtəlif mərhələlərində əmək terapiyasının fərqli növləri tətbiq olunur". S.Həmidova bildirib ki, ilk növbədə məşğuliyyət xəstəni maraqlandırmalıdır: "Məşğuliyyət xəstənin vəziyyətinə uyğun mürəkkəb olmalı və yerinə yetirilməsi üçün xəstədən müəyyən əmək sərf etməsini, çalışmasını tələb etməlidir. Əmək terapiyası zamanı təklif olunan məşğuliyyətlərinin mürəkkəbliyi xəstənin vəziyyətinə uyğun seçilir. Çox sadə tapşırıqlar xəstənin terapiyaya marağının itməsinə, özünü gücsüz və zəif hiss etməsinə səbəb olacaq. Belə ki, tapşırıqlar xəstənin vəziyyətinə uyğun seçilmədikdə, xəstə ətrafdakıların onun bacarıqsız olduğunu sanmasını düşünür. İkincisi, əmək terapiyası zamanı xəstəyə verilən tapşırıqlar xəstənin bacarıqları inkişaf etdikcə tədricən çətinləşməlidir. Üçüncüsü, əmək terapiyası qrup şəklində tətbiq olunsa, daha səmərəli olar". Həmsöhbətimiz qeyd edib ki, inkişafında ləngimə, fiziki və ya əqli cəhətdən qüsurları olan uşaqların əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün də əmək terapiyası əvəzsizdir. Əllərin hərəkətinin inkişafı intellektin inkişafı ilə bağlıdır. Hətta sadə belə işlərin əllə görülməsi uşağın diqqətini inkişaf etdirir və düşünməyə vadar edir. Mürəkkəb işlərin görülməsi isə beynin daha da inkişaf etməsinə kömək edir. Əmək terapiyası məktəblərdə tədris olunan əmək dərslərindən tamamilə fərqlənir. Çünki əmək terapiyasının məqsədi uşaqların yaşadığı fiziki narahatlıqları müəyyən qədər aradan qaldırıb korreksiya etməkdir. Əmək terapiyası keçən uşaqlar müəyyən zamana bir sıra sosial bacarıqlara yiyələnir. Uşaqlar yazma, kəsmə, qavrama, tutma kimi kiçik motorik bacarıqlara, özünə xidmət əməyinə yiyələnir. Əmək terapiyasında ən önəmlisi göz kontaktının inkişaf etdirilməsidir. Ümumiyyətlə, əmək terapiyasını nəinki əqli geri, autik, daun, serebral iflic, asperger, hətta normal uşaqlara belə tətbiq etmək olar. Çünki əmək terapiyası nəticəsində uşaqların təxəyyülü inkişaf edir və dünyaya fərqli baxırlar. Əmək terapiyasından istifadə etmiş uşaqlar hec nəyə adi gözlə baxmırlar. Məsələn, əvvəl kağız onlar üçün adi idisə, artıq istehsal və düşüncə mənbəyidir. Əmək terapiyasının tikmə-biçmə, kəsib yapışdırmaq, plastilin və gil işi, səhnələşdirilmiş oyunlar, terapevtik rəsm, kulinar bacarıqlar, tikinti materialları ilə iş, quraşdırma, qum terapiyası, sosial bacarıqlar və özünəxidmət əməyi kimi növləri var. Psixoloq qeyd edib ki, uşağın narahatlığına uyğun olaraq bu terapiyalardan müvafiqi seçilib tətbiq olunur: "Məsələn, bəzi uşaqlar üçün sapı iynəyə keçirmək çox fayda verərsə, bəziləri üçün plastilin və gil işi daha çox effekt verər. Uşaq üçün bu məşğuliyyət növlərini seçərkən onun marağını da nəzərə almaq lazımdır. Belə ki, seçilən əmək növü uşağın diqqətini cəlb etməlidir. Öz zəhməti ilə nəsə düzəltmək uşaqlara təhlil etmək bacarığını, tapşırıqları yerinə yetirərkən hərəkətlərini planlaşdırmağı öyrədir. Tədricən uşaqlar özləri müxtəlif əl işlərinə maraq göstərir, onları nəzərdən keçirib necə düzəldiyini anlamağa çalışırlar. Onlar düzəlmə qaydasını təhlil etdikləri əl işlərinə baxdıqda: "Bunu başqa materialdan, parçadan hazırlasam, daha gözəl görünər", "Bu rənglərdən istifadə etsəm, parlaq alınar", "Əl işinə uyğun olaraq, başqa maraqlı bir əl işi düzəldə bilərəm" düşünürlər. Bu da uşaqlarda təxəyyül gücünü inkişaf etdirir". Qeyd edək ki, əmək terapiyası insanın psixi vəziyyətinə təsir edir, insanın özünə güvən hissini artırır, xəstənin fikirlərini əməyin yerinə yetirilməsinə yönəldir və narahatlıqlarını qismən də olsa unutdurur. Xəstə həm də faydalı bir işdə iştirak etdiyi üçün də özünü məmnun hiss edir. (ekspress.az)
Bəzən həyatımızda, gündəlik yaşantımızda elə vəziyyətlər olur ki, sanki öncədən nə vaxtsa bu stiuasiyanı yaşamışıq. Davranışlarımız bizə tanış gəlir. Belə vəziyyətə dejavu vəziyyəti deyilir. Dejavu - insanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji haldır. Dejavu sözünün lüğəti mənası “daha əvvəl görülmüş” deməkdir. Bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir. Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gündə tədqiq edilməkdədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır. Uşaqlar əgər tez-tez eyni halla qarşılaşdığını valideynlərinə bildirərlərsə, valideyn laqeyd qalmamalır və mütəxəssisə müraciət etməlidir. Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır. Lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaranmasına yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər. Dünyadakı insanların 70 faizdən çoxu dejavuyla qarşılaşdıqlarını bildirirlər. Ruh halı dəyişkən olan insanlarda daha çox rast gəlinir. Ən çox rast gəlinmə sıxlığı 15-25 yaşdır. Bəzən insanlar dejavunun tərsi olan Jamais vu halını yaşadıqlarını söyləyirlər. (Jamais Vu-bir insanın dəfələrlə gördüyü, tanıdığı birini və ya hər hansı məkanı ilk dəfə görməsi halıdır). Aysel Məmmədzadə
İnsanların psixologiyasında dərin izlərin açılmasına səbəb olan fəlakətlər, bəzilərinin həyatını itirməsnə səbəb olarkən, geridə qalanları da dözülməz ağrılar içində buraxaraq keçmişdə qalır. Keçmişdə qalan fəlakətdir. Fəlakətin buraxdığı psixoloji təsirlər isə insanların mənəvi həyatlarında dərin izlər buraxır. Bildiyimiz kimi təbii fəlakətlərin meydana gəlməsində insan faktoruna nisbətdə təbiət hadisələri böyük rol oynayır. Ancaq bu təbiət hadisələrinə qarşı tədbir görülmədikdə fəlakətdən sonra yaranan nəticələrə görə məsuliyyət məhz insanların üzərinə düşür. Təbii fəlakətlər insan psixologiyasında dərin izlər buraxan travmatik yaşantıdır. Bu hadisələri yaşayanlar, yaşayanların yaxınları və ya bu hadisələri görüb-eşidənlər uzun müddət sağalmayan psixoloji travmalara məruz qalır. Həyatımızda əvvəldən müəyyənləşdirib idarə edə bilmədiyimiz hadisələrin olduğunu anlamaq və qəbul etmək insanlar üçün olduqca çətin olur. Çox zaman da biz bu hadisələri təsirsiz hala gətirə bilmir, təkrar başımıza gəlməsinin qarşısını ala bilmir və çarəsiz qalırıq. Fəlakətlər, yalnız insan həyatına son qoyub zədələr yaradan hadisələr deyil, eyni zamanda psixoloji zərbədir. Amma baş vermiş faciə nəticəsində yaranan psixoloji dəyişikləri qaydaya salmaq, onun maddi və mənəvi ziyanlarının aradan qaldırılmasına nisbətən daha çox vaxt tələb edir. Psixoloji yardım, bir sıra ölkələrdə bədbəxt hadisədən sonra əhaliyə göstərilən yardımın əsas hissəsini təşkil edir. Yəqin ki, biz də bunu hiss etmişik ki, həlak olanların ailələri ilə işləmək üçün psixoloq, psixoterapevtlərə kəskin ehtiyac var. Mütəxəssislərin fikrincə, fəlakətlər zamanı psixoloji travma aldıqdan sonra ilk sutka ərzində göstərilən psixoloji yardım daha təsirli olur. Sonra isə uzunmüddətli müşahidə və psixoterapiya lazımdır. Qəza yerində yaxınlarına göstərilən psixoloji yardım, sözün həqiqi mənasında insanları xilas edə bilər. Faciələr zamanı yalnız zaman ərzində stresin intensivliyi deyil, həm də onun uzun sürməsi də insan psixologiyasına təsir edir (bəzən həftələrlə sürən kədər və ümid). İnsan orqanizminin ehtiyatları məhduddur və qaçılmaz olaraq stresin son stadiyası - üzülmə mərhələsi çatır. Son ümidlər də boşa çıxdıqda, fəlakət qurbanını xilas etmək mümkün olmadıqda, onların yaxınlarını xilas etmək lazımdır. İnsanların çoxu baş vermiş fəlakətin qurbanları haqqında danışdıqda çox vaxt söhbət bilavasitə zərərçəkənlərdən gedir. Amma təsirin həqiqi həcmi daha dərin, daha genişdir. Baş vermiş fövqəladə hadisə, insanların böyük miqdarda sayına, o cümlədən dolayısıyla zərər çəkən insanlara - xilasedicilər, hadisənin iştirakçıları, peşə borclarına görə xilasetmə işində iştirak edənlərin psixologiyasına neqativ təsir göstərir. Zərbə zərərçəkənin həmkarlarına, tanışlarına dəyir. Baş verən hadisə ilə televiziya verilişləri vasitəsilə tanış olan insanlar bəzən daha güclü həyəcan keçirirlər. Sonradan onlar özlərini pis hiss etdiklərindən, real nasazlığın yaranmasından şikayət edirlər. Hadisələr zamanı kütləvi informasiya vasitələrinin təsirini "dəyənəyin iki ucuna" bənzətmək olar. Bir tərəfdən onlar əhaliyə baş vermiş hadisələr haqqında informasiya çatdırır. İnformasiyaya qarşı təmin olunmamış tələbat özü stress yaradır. Digər tərəfdən isə vəziyyətin ağırlaşmasına səbəb olurlar. Hadisə yerindən verilən reportajlar, bəzi epizod və müsahibələrin təkrarən verilməsi, ziddiyyətli məlumatların verilməsi və bunun böyük auditoriya qarşısında yayımlanması baş vermiş hadisənin mənfi təsirlərini gücləndirir. Psixoloji sonluqların bütün növlərinin ümumi bir adı var "ikincili stress". İnsanların stresə qarşı olan reaksiyaları müxtəlif olur. Bu reaksiyaların xüsusiyyətlərini öyrənməklə siz özünüzdə və yaxınlarınızda hansı mənzərənin yarandığını müşahidə edə bilərsiniz. Psixoloji yardımı daha real və operativ olaraq ailə və dostlar göstərə bilər. Bunda məqsəd - təhlükəsizlik hissiyatı yaratmaq, iztirab çəkən insanda ümid, inam yaratmaqdır. Psixoloji yardımda "Aktiv dinləmə" çox vacib komponentdir. Zərərçəkmiş həmsöhbət yardımçıdan diqqətlilik, hörmətlə münasibət tələb edir. Dünyaya onun gözləri ilə baxmağa çalışmalı, təhlükəsiz və isti şəraitdə danışmalı, baş verənlərə ürəklə yanaşmalıdır. Öz emosiyalarını iztirab çəkənə bildirməməlidir, çünki onun yanğısı, qüssəsi kifayət qədər var. Günahlandırıcı, etiraf edici mövqedə dayanmaq lazım deyil. Psixoloji yardım bir sıra hallarda bilavasitə zərərçəkənin mənəvi rahatlanmasını təmin edir, uzunmüddətli psixoloji problemlərin yaranma riskini aşağı salır və sonrakı yaşam üçün ümid verir.(fhn.gov.az)
Özgələşmə, müdafiə mexanizmlərinə aid olan psixi prosesdir. Bu mexanizmin fəaliyyəti nəticəsində insana elə gəlir ki, baş verən hadisələr onunla deyil, digər şəxslə baş verir. Belə "özgələşmə" mövqeyi insanı izafi və dözülməz hisslərdən müdafiə edir. Bu termini ilk dəfə fransız həkim-psixoloq P.Jane təklif edib. O, müşahidə edirdi ki, ideyalar toplusu şəxsiyyətdən kənarda, əlahiddə və sərbəst şəkildə mövcud ola bilərlər. Lakin hipnozun köməyi ilə şüuru özünə qaytarıla bilər. Özgələşmə, geniş yayılmış, lakin əksəriyyət insanlar tərəfindən normal şəraitdə istifadə edilməyən müdafiə mexanizmidir. Bu müdafiə mexanizmini öz üzərində tətbiq edən insanlar bu haqda belə danışırlar: "sanki bu mənimlə yox, başqa bir şəxslə baş verirdi". Bəzi hallarda insan o qədər özgələşir ki, sanki özünü kənardan görür, hətta bədənini tərk etdiyini hiss edir. Özgələşmə insanları yalnızca çətin və təhlükəli vəziyyətlərdən deyil, həmçinin dözülməz emosional hadisələrdən qoruyur. İzafi emosional insanlar ən adi emosional hadisələr zamanı belə özgələşə bilərlər. Belə insanlar çətinliklə emosional əlaqə qururlar və kənardan baxanda soyuqqanlı və ya soyuq təbiətli təsəvvürü yaradırlar. Hadisələrin "ayıq" qiymətləndirilməsini təmin edən "özgələşmə", həmçinin baş verən hadisənin emosional tərəfinin düzgün dərk edilməsinin qarşısını ala bilər. Xüsusilə ağır psixi sarsıntı və ya qəza keçirmiş şəxslər özgələşməyə meylli olurlar.
Ürəyi sıxılan, problemi olan insanlara adətən "özünə xobbi tap, başını qat" sözünü deyirlər. Məhz bu məqamda köməyə məşğulluq terapiyası gəlir. Psixoloq.az xəbər verir ki, məşğuliyyət terapiyası psixoloji problemlərin terapiyası, sosial və gündəlik həyat bacarıqlarının yaxşılaşdırılması məqsədi daşıyan müəyyən fəaliyyətlərin terapevtik istifadəsidir. Məşğuliyyət terapiyasında əsas qayə şəxslərin gündəlik həyat fəaliyyətlərində iştirak etməsini təmin etməkdir. Erqoterapiya olaraq da bilinən məşğuliyyət terapiyası musiqi, rəsm, ebru, rəqs və s. fəaliyyətlərdən ibarətdir. İştirakçıların sayı fərqli olsa da məşğuliyyət terapiyası fərdə fokuslanır və fərdin reabilitasiya müddəti, məmnuniyyəti və gördüyü fayda ön planda tutulur.
Estoniyada tibb məktəbinin psixoloqları müəyyən ediblər ki, bir çox insan mobil əlavələrin fotofiltrlərindən istifadə etdikdən sonra orada gördükləri şəkillərin əsasında plastik əməliyyat olunmağa qərar verirlər. “The Tech Times” bildirir ki, bu fenomen artıq “Snapchat dysmorphia” adını alıb. Fotofiltrlərin köməyi ilə hər bir insan foto çəkdirmək üçün xarici görkəmini dəyişə bilər. Dərini daha da hamar etmək, üzün rəngini, göz həlqəsinin şəklini dəyişmək mümkündür. Plastik cərrahlar bildirirlər ki, konsultasiya üçün gələn daha çox sayda insan öz fotoşəkillərinin retuşunu göstərir. Pasiyentlər böyük göz, daha dolğun dodaq və incə buruna üstünlük verirlər. Məsələn, üz plastikası və bərpaolunma cərrahiyyəsi üzrə ABŞ Akademiyasının məlumatına görə, plastik cərrahiyyə klinikalarının müştərilərinin təxminən 55 faizi şelfi çəkdiyi zaman daha yaxşı görünmək üçün həkimlərə müraciət edir. Mütəxəssislər qeyd edirlər ki, gənc qızlar öz xarici görkəminə qeyri-adekvat qiymət verir və gerçək həyatda yetərincə gözəl olmadıqlarını düşünürlər. Onların özləri barədə bu qənaəti müstəsna olaraq sosial şəbəkələrdən meydana gəlir və bu düşüncə tərzi özündən məmnun olmaq göstəricisinə mənfi təsir edir. Axı fotofiltrlərin əksəriyyəti son nəticədə real olmayan gözəllik obrazları təqdim edir.(Azərtac)
Keçmişdə yaşanan narahatlığın bu günə təsirləri hansı formada reallaşır? Gündəlik problemlərin keçmişdəki bir travma ilə əlaqəsi varmı? İnsanın bu gün yaşadığı problemlərə səbəb olaraq, yaxın ya da uzaq keçmişdə yaşadığı neqativlikləri göstərməsi, problemin mənbəyinə çatmaq üçün kifayət edər? Belə bir şüura sahib olmaq problemin çıxış yolu kimi ola bilər? Və ya bu vəziyyətdə əksinə fərdin hazırda qarşılaşdığı çətinliklərin mənbəyi keçmiş yaşadığı proseslərdə gizlənmiş ola bilər? Mövzu ilə əlaqədar bu və digər sualların cavablarını vermək, əhatəli klinik dəyərləndirmə tələb etsə də problem yaşayan insanın fərqində olduğu əsl reallıq keçirdiyi acı (ağrı) hissidir. Ən az fərqində olduğu və ya qətiyyən başa düşmədiyi isə bu acını niyə yaşadığı və ya niyə bunu sonlandıra bilməməyidir. Yaşanılan problemin davam etməsinin səbəbi travmatik təsirin davam etməsidir. Başqa sözlə, yaşanılan travmatik hadisə və ya hadisələrin yaratdığı mənfi duyğu beyində ehtiyat halında toplanan yer olan limbik sistemdən kənara çıxmır. Biz hazırki psixoloji problemimizə səbəb olan vəziyyəti ümumilikdə başa düşə bilmərik. Sadəcə yaşadığımız mənfi ruhi vəziyyətin fərqində olarıq. Keçirdiyimiz ruhi vəziyyət bizə hansı formada duyğu yaşatsa da (narahatlıq, qorxu, günahkarlıq, gərginlik, sıxıntı və s.) bu duyğunun gündəlik yaşadığımız hadisələrdə olduğu kimi konkret və bəlli səbəbi yoxdur və ya belə görünsə də yaşadığımız duyğunun şiddəti qeyd olunan səbəblərdən dolayı qarşılaşdırıldıqda şişirdilir. Problemlə əlaqədar "niyə belə hiss edirəm və niyə daimi olaraq bu hiss təkrarlanır?" sualı gündəmə gəlir. "Narahatlıq niyə keçmir?","nə etsəm də sıxıntımı özümdən uzaqlaşdıra bilmirəm","Həyatımda müsbət hadisələr çoxdur, amma mən çox depressiv hiss edirəm","həkimlər heç bir səbəb tapa bilmədi, amma kürəyimdə dəhşətli gərginlik var" kimi ifadələri psixoloji narahatlığı olan insanlarda tez-tez eşidə bilərik. Vəziyyəti belə ifadə edə bilərik; yaşadığımız mənfi duyğu və orqanizmimizin duruma müvafiq dəyişməsi həyat dövrlərində yaşadığımız travmatik hadisələrin nəticəsində yığılmış duyğuların oyanmasıdır. Bu vəziyyəti yığılmış duyğuların xatırlanması şəklində də ifadə edə bilərik. Keçmişdə yaşadığımız mənfi hadisələr sadəcə piktoqrafik və audial olaraq xatırlanmır, duyğular da xatırlanır. Piktoqrafik olaraq beynimizə gəlməyən və ya xatırlamadığımız mənfi bir hadisənin duyğusu xatırlana bilər. Buna görə də "niyə belə pis hiss etdiyimi (sıxıntılı, boş, narahat, depressiv, istəksiz, yorğun, tükənmiş, günahkar və s.) bilmirəm, amma belə hiss edirəm" ifadələri tez-tez eşidilə bilər. Psixoterapiyada müxtəlif formalarda mənfi ruhi vəziyyətləri yaşamağımıza səbəb olan mövzular müəyyən bir sistem daxilində korrektə olunur. Bu iş prosesində şikayət olunan simptomlar addım-addım aradan qalxmağa başlayır. Travmanın təsirləri və travmanın aradan qaldırılması Travma nədir? Fiziki və psixoloji bütünlülüyümüzə təsir göstərən hər bir hadisə travmadır. Həyatımıza, orqanizmin daxili bütünlüyünə, inanc sistemimizə, sevdiklərimizə yönəlik mənfi hallar vardır. Travma, heç gözləmədiyimiz anda və nə etsək də qətiyyən hazır olmayacağımız bir tərzdə, bütünlük və davamlılıq kimi, varlığımızı əmanət etdiyimiz əsas həyat referanslarımıza enən ani bir zərbədir. Bizi keçmişimiz və gələcəyimizdən (təsirindən asılı olaraq) müəyyən bir müddət üçün ayıran zamansızlıq vəziyyətidir. Ayrılma və boşanma, iş itkisi, ailədaxili şiddət, təcavüz, maşın qəzası, ani xəstəlik, fiziki qüsur və ani ölümlər şəxsi travma siyahısına aid edildiyi halda, müharibə, terror, təbii fəlakətlər, böyük miqyaslı ekonomik krizlər sosial travmalar başlığı altında toplanır. Sosial travmanın yaratdığı təsir barəsində, ən çox risk altında olanlar ardıcıl, zərər görənlər, şahid olanlar və təsadüfən xilas olanlardır. Müdaxilə edən mütəxəssislər, polis, əməliyyatçı qruplar, dostlar, ailə yaxınları daha az da olsa yenə də travmanın təsirini yaşayacaq risk qruplarıdır. Keçmişde başqa bir fəlakətin qurbanı olanlar, ailə problemləri olanlar, yaxın keçmişində itki yaşayanlar, sosial əlaqələri qüvvətli olmayanlar, psixosisoal narahatlıqlar yaşayanlar və ya xroniki bir xəstəliyi olanlar, travmanın təsirini ən ağır formada yaşama riski olan qruplardır. Travmadan sonrakı dövrdə yaşanan reaksiyalar Duyğusal reaksiyalar: şok, kədər, narahatlıq, günahkarlıq, sıxıntı, qorxu, neqativizm, donuqluq, həddindən artıq əsəbilik, çarəsizlik, özü kimi hiss etməmək və keçmiş travma, itkilərin yenidən xatırlanması ilə verilən davranış formalarıdır. Uşaqlarda qorxu və narahatlıq daimi olaraq müşahidə olunan reaksiyalardır. Qorxu insan həyatını təhdid edən hər hansı bir təhlükə qarşısında verilən normal reaksiyadır. Uşaqlar ümumilikdə hadisənin yenidən təkrarlanmasından, ölümdən, ailəsindən ayrılmaqdan və ya yalnız qalmaqdan qorxa bilərlər. Real hadisənin stimullaşdırdığı qorxularla yanaşı öz xəyal güclərinin istehsal etdiyi qorxular da yaşaya bilirlər. Koqnitiv reaksiyalar: inanmamaq, düşüncə və diqqət dağınıqlığı, unutqanlıq, bəzən intihar düşüncələri, çarpaz və ya ümumiləşdirməyə bağlı (hər şey və hamı pisdir kimi) düşüncələr tez-tez dəyişən imajlar, hadisəylə bağlı görüntülər və hadisəni yenidən yaşamaq bu cür reaksiyalar arasındadır. Fiziki reaksiyalar: baş və sinə ağrısı, mədə qıcqırmasə və ya bulanması, bradikardiya və taxikardiya, səsə qarşı həssaslıq, iştahın artması və ya əksinə azalması, davamlı yorğunluq, nəfəs darlığı və asan xəstələnmək kimi fiziki reaksiyalar əslində bədənizimizin travma qarşısında bir növ özünü ifadə etmə vəziyyətidir. Bihevioral reaksiyalar: yuxu və yemə pozuntuları, sosial mühitdən uzaqlaşma, özü ilə maraqlanmamaq, daxilə qapanma, alkoqol və maddə istifadəsi, qaçma davranışları, danışmamaq, diqqətsizlik və dağınıqlıq, davamlı eyni şeylə məşğul olmaq, heç bir şey olmamış kimi davranmaq, travma qarşısında göstərilən bəlli davranış formalarıdır. Uşaqlarda ən çox müşahidə edilən problemlər yuxu saatları ilə bağlı olanlardır. Yatmamaq istəyə bilərlə, yuxuya keçiddə problem yaşayarlar, gecələr tez-tez ayıla bilərlə və ya kabuslar görə bilərlər. Belə vaxtlarda uşaqların valideynlərinə yaxın olmağı istəmələri və valideynlərin də uşaqlarını yanlarında istəmələri NORMALDIR. Uşaqlar stress altında daha kiçik yaşlarda etdikləri davranışlara (altını islatma, anasından yapışmaq, barmaq əmmək) geri qayıda bilər. Qısa müddət ərzində belə davranışların müəyyənləşməsi normaldır. Valideynlər bu davranışlar qarşısında həddindən artıq reaksiya göstərdiyi təqdirdə, daha da uzun müddət davam edə bilər. Hər növ sosial travma bizin yaxşı, təhlükəsiz və yaşamağa dəyən bir dünyaya olan inancımızı zədələyir və bizi qarışıq vəziyyətlə qarşı-qarşıya qoyur. "Nə baş verdiyini anlamıram","nə edəcəyimi bilmirəm","hamı hardadı?" kimi reaksiyalar terror, təbii fəlakət kimi sosial travmalarda ortaya çıxan reaksiyalardır. Travmaya birbaşa məruz qalanlar qədər, onlara kömək etmək üçün gedənlər də "kömək edə bilərəm, edəcəyim çox şey var" ilə başlayıb bir müddət sonra özlərini "hər şey çox pisdir, etdiyim heç nəyin mənası yoxdur" deyə hiss edərkən tapa bilərlər. Necə aradan qaldıra bilərik? Davamlılıq və bütünlük duyğunuzu bərpa etmək üçün, Məlumatlanmaq, kiçik amma realladıra biləcəyiniz məsuliyyətlər/rollar əldə etmək, əsla sosial əlaqələrinizi itirməmək, güvəndiyiniz dostlarınız ilə qruplaşmaq, tək qalmamaq və bunu qətiyyən unutmamaq: verdiyiniz reaksiyalar normal insanların anormal vəziyyətlər qarşısında verdiyi tipik reaksiyalardır. Siz deyil, başınıza gələn vəziyyət ANORMALdır! Fiziki baxımdan güclü ola bilmək üçün özünüzü qətiyyən unutmayın və yaxşı qidalanın. İStirahət etmək üçün özünüzə vaxt verin. İdmanla məşğul olmaq stressi azaltmağın ən yaxşı yollarından biridir. Alkoqol və maddədən uzaq olun. Duyğusal baxımdan özünü ələ almaq üçün, Duyğusal baxımdan yaxın gələcəkdə sizi nələrin gözlədiyini bilin və məlumatlanın. Yaşınızı yaşamaq üçün özünüzə icazə verin, güclü görünmək üçün cəhd göstərməyin. Sizi anlayan və dəstəkləyən insanlarla əlaqənizi kəsməyin. Ətrafınızdan və ya lazım gələrsə mütəxəssisdən dəstək alın. Narahatlığınızı paylaşın. Düşüncələrinizi toparlamaq üçün, Göstərdiyiniz reaksiyaları normal qəbul edin. Başınıza gələnin sizin nəzarətiniz xaricində olduğunu və nə etsəniz də bu kimi vəziyyətlər qarşısında hazır olmayacağını unutmayın. Ümumiləşdirmə etməkdən qaçın (bu sadəcə sizin və ya yaxınlarınızın başına gəlmədi və gəlməyəcək). Davranışlarınızı nəzərdən keçirin: Həyatınızı nizamlamaq lazımdır. Prioritetlərinizi dəyişə bilərsiniz. Sizin üçün mənasız olan və etmək istəmədiyiniz şeyləri sıradan çıxara bilərsiniz. Sizin üçün əhəmiyyətli olan insanlarla daha çox görüşüb, daha dərin münasibətlər yarada bilərsiniz.Bu günü yaşamağa xüsusilə çalışın. Uşaqlara bu mövzu ilə əlaqədar kömək etmək üçün... Hər şeydən əvvəl, qorxu və narahatlıq daxilindəki uşağı başa düşmək çox əhəmiyyətlidir. Uşaqlar qorxuları mənasız və ya həddindən artıq gördüyü təqdirdə, başa düşülmədiyi hissiylə utanıb, imtina olunmuş və istənilmir kimi hiss edə bilər. Bu da nəticədə qorxularını daha da artırır. Buna görə də uşağınızı dinləyin və danışması üçün onu cəsarətləndirin. Bəzən yetkin şəxslər daha da pis təsirlənir deyə uşaqların danışmasından və ya onların yanında danışmaqdan çəkinə bilərlər. Ailənin digər fərdlərinin danışmalarını dinləmək, duyğu və düşüncələrinin qəbul olduğunu eşitmək belə uşaqları rahatladır. Travmatik hadisələr qarşısında bəzən valideynlər özləri də qorxduqları üçün uşaqlarını rahatladıb sakitləşdirəcək gücü özlərində tapmaya bilərlə. Bu kimi vəziyyətlərdə övladınızdan duyğularınızı gizlətmətə çalışmaq əvəzində anında paylaşmağınız, övladınızın da öz hisslərini rahatlıqla paylaşması üçün fürsət yaradır. Övladınızı rahatladacaq sözləri tapmadıqda "qorxduğunu bilirəm","bu qorxuducu bir duyğudur" kimi cümlələrlə duyğularınızı əks etdirməyiniz daha çox faydalı olacaq. Bu duyğuların "normal" olduğunu eşitmək belə olduqca rahatlıq vericidir. Stressli vaxtlarda ailənin biryerdə qalması son dərəcə vacibdir. Belə vaxtlarda uşaqların tərk edilmə və qoruna bilməmə qorxuları dərhal hərəkətə keçdiyi üçün hadisənin üstünə onların mümkün olduğu qədər yanında olmağınızda fayda var. Sadəcə sözlərlə deyil, etdiklərinizlə də uşağınıza güvən vermək vacibdir. "Hamımız birlikdəyik və bizə heç nə olmadı" mesajı, övladınıza duyğusal güvənlik hissi verəcək. Həmçinin gün ərzində övladınızla daha çox vaxt keçirib, onunla oynasanız, gecə daha təhlükəsiz hiss edəcək. Uşaqların yatma və yuxu problemləriylə bağlı olaraq, bir müddət üçün müəyyən qədər elastik davrana bilər. Məsələn, övladınız danışmaq istəyirsə, normaldan daha rahat davranıb çox uzun müddət sizinlə söhbət etməsinə icazə verə bilərsiniz. Lakin bu davranışlara da məhdudiyyət qoymaq vacibdir. Normal rutində edilən dəyişikliklərin (valideynlərin otağında yatmaq kimi) bir neçə gün ərzində normal vəziyyətə qyıtması lazımdır. Uşaqla birlikdə bu rutinə qayıdış günü (3-4 gündən uzun olmamaq şərtiylə) üçün anlaşılmalı və həmin gün gələndə razılığa sadiq qalınmalıdır. Mümkün olduğu qədər tezliklə gündəlik yaşantıya və evin ümumi nizamına qayıtmaqda fayda var. Xüsusilə, kiçik uşaqlarda (məktəbəqədər) rutinlərini pozmamaq üçün vacibdir. Daha böyük uşaqlardan gündəlik mümkün həyata qayıtmaqda (yemək hazırlamaq, süfrə hazırlamaq kimi) kömək istənilə bilət. Uşaqlar təqdir görməyi çox sevirlər. Əsasən də bu kimi kritik vaxtlarda mənfi, yaşlarına uyğun olmayan davranışlarına fokuslanmaqdansa, müsbət davranışlarını vurğulamaqda fayda var. Məktəbə getməyə çətinlik çəkən uşaqların mütləq şəkildə məktəbə göndərilməsi lazımdır. Bu mövzuda məktəb rəhbərlərinin dəstəyi istənilə bilər. Simptomları nə vaxt ciddiyə almaq lazımdır və professional kömək istəməlisiniz? Real bir təhlükəylə qarşılaşıb və ya fiziki zərər görmüş və ya buna birbaşa şahid olmusunuzsa, bu əsnada həddindən artıq qorxu, çarəsizlik və dəhşət hiss etdinizsə, Hadisəylə bağlı xatirələriniz tez-tez təkrarlanırsa,Tez-tez kabus görürsünüzsə,Bəzən hadisə yenidən olurmuş kimi hiss edir və davranırsınızsa,Hadisəni yaradan hər şeyə qarşı həddindən artıq hıssaslıq və reaksiya göstərirsinizsə,Hər şeyə qarşı marağınızda əhəmiyyətli azalma vardırsa,İnsanlardan uzaqlaşır və yadlaşma hiss edirsinizsə,Bu simptomlar hadisədən 1 ay keçdikdən sonra da davam edirsə,Bu simptomlar şəxsi, sosial və professional həyatınızda pozulmalara səbəb oldusa. Bir çox valideynlər uşaqlarının qorxuları və narahatlıqlarının öhdəsindən gəlmələrinə kömək ola bilər. Lakin kömək edə bilmədikləri vaxt bu onların uğursuzluğu deyil. Övladınızın həddindən artıq narahat olduğunu gördüyünüz təqdirdə vaxtında professional yardım alaraq problemin böyüməsinə mane olduğunuz kimi normala qayıtma müddətini də sürətləndirmiş olursunuz Yuxu problemləri bir neçə gecədən artıq davam edərsə,Sizə həddindən artıq asılı vəziyyətə gələrsə və bu davranışı davam edərsə,Qorxuları azalmaq əvəzinə gedərək artarsa, professional yardım almağınızda fayda var. Nərmin Quliyeva - Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi
İdman psixologiyası idman və məşq əsnasında performansa təsir edən zehni faktorları araşdırır və fərdi yaxud da komanda performansını artırmaq üçün əsas vasitə olaraq dəyərləndirilir. İdman psixologiyasında ən çox istifadə edilən texnikalardan biri təmizlənmədir. Bu texnika vasitəsilə yarışlar zamanı oyunçular zehinlərini təmizləyib müsabiqə şərtlərindən yüksək nəticə göstərməyi və əzələ-koordinasiya sisteminin təsir mexanizmi üçün həmin faktorları azaldıb oyuna konsentrə olmağı öyrənirlər.
Obsessiv - kompulsiv pozuntu (OKP) daha çox vəsvəsə adı ilə tanınan narahatlığın məntiqsiz olduğu bildindiyi halda istənilmədən təkrar-təkrar ağıla gələn və zehindən uzaqlaşdırıla bilməyən düşüncələr (obsessiyalar) və bu düşüncələri zehindən uzaqlaşdırmaq ya da düşüncələrin verdiyi sıxıntını azaltmaq üçün təkrarlamaq məcburiyyətində hiss edilən hərəkətlərdir(kompulsivlər) . Demək olar ki, bir çox insanda hərdən məntiqsiz olan və onu narahat edən düşüncələr yaranır. Bununla belə obsessiv-kompulsiv pozuntuya səbəb olan həmin şəxsin bu düşüncələrlə əlaqəli rəyidir. OKP-də fərd bunu zehində lazım olan bir düşüncə olaraq görür, bu düşüncənin ortaya çıxmasından özünü məsuliyyətli hiss edir və bu düşüncənin ortaya çıxmasının özü ilə əlaqəli bir mənası olduğunu düşünür. Məsələn namaz qılarkən ağlından bir söyüş keçdikdə “Bunu ağlımdan keçirtdiyimə görə mən imansız biriyəm” deyə düşünür. Burada düşüncə və hərəkət bir-birinə qarışır və aradakı sərhəd yox olur.Bu andan sonra şəxs bu düşüncələrinə qarşı bir tədbir görməyə çalışır. Beləliklə qaçış davranışları(düşünməməyə çalışmaq) ya da təkraredici davranışlar(tövbə etmək) başlayır. Bu vəziyyət isə tam tərsinə həm obsessiyaların çoxalmasına səbəb olur,həm də obsessiyalara dair görülən tədbirlərin sıxlığı və sayı artır. Məsələn çirklənmək və xəstəliyə tutulmağa qarşı obsessiyası olan bir şəxs ilkin vaxtlarda sifon və unitaza toxunduqdan sonra əllərini 2 dəfə yuyarkən, bu say hamamda keçirtdiyi müddətdə get-gedə artır.Bir müddət sonra krana toxunduqdan sonra ən az 3 dəfə əlini yumağa və qapıları yaş dəsmal vasitəsi ilə açmağa başlayar. Obsessiv -kompulsiv pozuntunun psixiatrik dərman müalicəsindən əlavə ən təsirli şəkildə müalicə olunduğu üsul KDT,yəni Konqnitiv Davranışcı Terapiyadır. Bunun səbəbi KDT-nin şəxsə funksional olmayan düşüncə,hiss və davranışları barəsində müəyyən bir fərqindəlik qazandırmaq və təkrarlanan, qaçmağa əsaslanan davranışları istiqamətlənmək əvəzinə obsessiv düşüncənin yaratdığı sıxıntıya dözməyə “öyrəşdirməkdir”dir. Konqnitiv Davranışcı Terapiya da ilk addım psixoloji savaddır, yəni xəstəliyin konqnitiv modelinin problemini pasiyentə öyrətməkdir. “Bu düşüncə sizi narahat edir, çünki onun təhlükəli və zehninizə yer almamalı olan bir düşüncə olduğunu düşünürsüz. Amma əslində isə bu bir obsessiyadır və hər hansı bir mənası yoxdur.”Danışan şəxsin bu düşüncələrlə əlaqəli inancları, fərziyyələri ələ alınaraq fərqli ehtimallar danışılır. Bu düşüncələrin hər insanda müşahidə edildiyi, onları düşünməməyə çalışmaqla əksinə beyinə sıx gəlməsinə səbəb olduğu izah edilir. Düşüncə və davranışların fərqli şeylər olduğunun üstündə dayanılır. Hər hansı bir adama nəsə deyib, sonra “bunu düşünməməyə çalış” desəniz həmin insan bu düşüncəni zehnindən uzaqlaşdırmağa çalışacaq, nəticədə o düşüncənin gəlməsi ehtimalı artacaqdır. Obsessiyaları təcrübə edən şəxs də o düşüncələri zehnindən uzaqlaşdırmağa çalışır,bununla belə düşüncələr təkrar-təkrar ağlına gəlməyə davam edir. KDT-də obsessiv-kompulsiv pozuntusu olan şəxsə düşüncələri sərbəst buraxmasını,gəlməsinin qarşısını almaq üçün heç nə etməməsini deyirik. İlk əvvəl sıxıntının olmasına baxmayaraq ,müəyyən müddət ərzində bu sıxıntıya “öyrəşəcək” və “öyrəşdikcə də sıxıntı azalacaq”dır. Yoxsa qaçma davranışları etdiyi müddətdə sıxıntısı davam edəcək. Daha sonra həmin şəxsdən seanslarda, həm də seans aralıqlarında obsessiyaları və kompulsiyaları müşahidə edərək siyahıya qeyd etməsi istənilir. Bu siyahıdan hər bir hərəkətlə obsessiya və kompulsiyanın yaratdığı sıxıntı müəyyənləşdirilir.Eyni zamanda bu təkrarlayıcı düşüncələrin üstündə işləyərək onların reallıqda ortaya çıxma ehtimalları və alternativ ehtimalları ələ alınır. Danışan şəxs obsessiyalar və kompulsiyalarla əlaqəli funksional dəyərləndirmələr etməyə başladıqda öyrəşdirilmə və reaksiya verməyin qarşısını almağı əks etdirən davranışcı tapşırıqlar planlanır və tətbiq edilir. Öyrəşdirmə pasiyentin qorxuduğu vəziyyət və ya obyektlərə sistematik,nəzarətli şəkildə real həyati situasiyalarda və ya xəyalən məruz qalmasıdır.Reaksiyanın qarşısının alınması isə düşüncəyə məruz qalan zamanı qaçmaq davranışları və ya kompulsiv hərəkətlər edilməsinin qarşısının alınmasıdır. Məsələn evdən çıxmazdan əvvəl elektrik cərəyanını 15 dəfə yoxlayan bir şəxsə ilk əvvəl 15 dəfə əvəzinə 10 dəfə və get-gedə daha az yoxlaması deyilir. Planlanan şəkildə elektrik cərəyanını 10 dəfə yoxlayıb evdən çıxmağı tədricən 5 dəfə yoxlayıb çıxmağı sonra 2 dəfə yoxlayıb çıxmağı və 1 dəfə yoxlayıb çıxmaqla azaltmağına dair addımlar atılır.Burdakı məqsəd şəxsin vərdişinin qarşısı alanda aktivləşən obsessiyalarının yaratdığı sıxıntıya dözməsini təmin etməkdir.Hər atılan addımda sıxıntı səviyyəsi azaldıqca, növbəti addıma keçilir. Müalicə müddətində ilk olaraq daha yüngül fərizyyə və inanclar(məsələn: Bu düşüncələr ağlıma gəldiyi üçün mən çox pis biriyəm), sonra isə daha dərinlərdəki xətalı inanclar(məsələn: Təmiz olmasam bəyənilməyəcəm, mükəmməl olmasam müvəffəqiyyətli ola bilməyəcəm.) və üst konqnitiv (metakonqnitiv) inanclar (məsələn: Vərdiş etdiyim davranışları etməsəm hər şey pisləşəcək, ağlımda duaları təkrarlamasam imanımı və ağlımı itirəcəm) uyğun hala salınmaq üçün psixoterapevtin pasiyentlə birlikdə fəaliyyət göstərməsi lazımdır. Obsessiv -kompulsiv pozuntu təkrarlanan və fərqli obsessiv və kompulsiv əlamətlərlə yenidən ortaya çıxan psixiatrik narahatlıqdır. Bu əlamətlər şəxsin hissi dəyişkənliyi və stresi ilə yenidən aktivləşə bilər. Bu səbəbdən sağalma müddəti və qazanılanların qorunması üçün narahatlığın yenilənməsinin qarşısını alan metodların müalicəyə əlavə edilməsi lazımdır. Bu müddətin psixoterapevt və pasiyentin birlikdə müəyyənləşdirə biləcəkləri fasilələrlə davam edən, terapiya seanslarında planlaşdırılması və seanslar arasında da metodların tətbiq edilməsi vacibdir. Tərcümə etdi: Nərmin Şahmarzadə