2030-cu ilə qədər bu xəstəlikdən ölən qadınların sayı 42 faiz artacaq - ARAŞDIRMA

2030-cu ilə qədər dünyada ağciyər xərçəngindən ölən qadınların sayı 42 faiz artacaq. Psixoloq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Təşkilat bu məlumatı hazırlayarkən 2008-2014-cü illər ərzində 52 ölkədə ölüm göstəricilərini dəyərləndirib. Araşdırmanı aparan qrupun üzvü Juan Karlos Martines-Sançez bu istiqamətdə səhiyyə mütəxəssisləri və siyasətçilərin ağciyər xərçənginin səhiyyə və iqtisadiyyat üzərindəki mənfi təsirlərini azaltmaq istiqamətində həyata keçirə biləcəyi strategiyalara diqqət çəkib. Massaçuest Xəstəxanasının tibbi onkologiya üzrə mütəxəssisi Lecia Sequist bu araşdırmanın ağciyər xərçəngi ilə mübarizədə önəmli bir addım olduğunu bildirib. Araşdırmada yüksək gəlirli ölkələrdə ağciyər xərçəngi ilə bağlı ölümlərin aşağı gəlirli ölkələrə nisbətən daha yüksək olacağı təxmin edilir. Ümumdünya Səhiyyə Təşkilatı ağciyər xərçəngi ilə əlaqədar 2015-ci ildə təxminən 1.7 milyon nəfərin öldüyünü açıqlayıb.(publika.az)

Energetik içkilərlə bağlı XƏBƏRDARLIQ - 1 qutudan artıq...

Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir. Bu barədə  agentlikdən bildirilib. Agentlikdən qeyd edilib ki, energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən energetik içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır: "Məhsulu alarkən onun tərkibi ilə tanış olun. Energetik içkilərin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur. Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır. Energetik içkilər spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər. Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir". Energetik içkilər artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər. Eyni zamanda, energetik içkilərin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. 

"İstəmirəm ki, qızım məni belə halda görsün" - "Toppuş bacı" kövrəltdi

“Müalicəm davam edir, xəstəxananın həkimləri və tibb bacıları qayğıma qalır. Yaxşıyam, özümü evimdəki kimi rahat hiss edirəm. İnşallah bir neçə gündən sonra xəstəxanadan evə buraxılmalıyam. Daha sonra müalicəm analizlərin nəticəsinə uyğun olaraq davam edəcək”. Psixoloq.az publika.az-a istinadənxəbər verir ki, bu sözləri bir neçə gün əvvəl uşaqlıq yolunda bədxassəli şiş aşkar olunan və xərçəngdən əməliyyat olunan aktrisa Tünzalə Əliyeva deyib. "Toppuş bacı” kimi tanınan Əməkdar artist sözlərinə onu da əlavə edib ki, həyat yoldaşı daim qayğısına qalır: “Xəstəxananın öz qanunları var, saat 5-dən 8-ə qədər yanıma gəlməyə icazə verirlər. Bu müddətdə həyat yoldaşım yanıma gəlir, məni tək qoymur. Lakin bir həftəyə yaxındır ki, övladımla görüşmürəm, çünki xəstəxanaya uşaq gətirməyə icazə vermirlər. Heç özüm də istəmirəm ki, qızım məni belə halda görsün. İnşallah tezliklə görüşəcəyik”. Qeyd edək ki, Röyal adlı şəxslə evli olan artistin nikahında 2 yaşlı bir qızı var.

Gözəlləşmək uğrunda həyatlarından oldular - Ən təhlükəli əməliyyat növü açıqlanıb/FOTO

Dünya üzrə aparılan plastik əməliyyatlar sırasında ən dəbdə olanı omba  əməliyyatı hesab edilib. Psixoloq.az xəbər verir ki, bu əməliyyatı həmçinin "braziliya omba liftingi" adlandırırlar. Bir çoxları bu əməliyyatı təhlükəsiz hesab edir. Lakin statistika göstərir ki, məhz bu əməliyyat nəticəsində ölüm halları digər əməliyyatlarla müqayisədə daha çoxdur. Braziliya omba liftingi əməliyyatı zamanı həkim pasiyentin qarın və ya digər nahiyyələrindən piyləri götürür, onları xüsusi üsullarla təmizləyir və daha sonra omba nahiyəsinə yeridir. Bu məqamda isə bir sıra istənilməyən nəticələr ortaya çıxa bilər. Qeyd edək ki, statistikaya əsasən braziliya omba liftingi əməliyyatından keçən hər 3000 nəfərdən biri emboliya nəticəsində həyatını itirir.    

Çiy qida yedi... Vücuduna ət yeyən bakteriya düşdü - FOTO

Çiy dəniz məhsulu yeyən adamın həyatı cəhənnəmə döndü. Psixoloq.az xəbər verir ki, ABŞ-ın Nyu Jersey əyalətində yaşayan adam ölümdən dönüb. Belə ki, adının açıqlanmasını istəməyən şəxs dəniz məhsulu yedikdən 12 saat sonra əlində ağrı hiss edib. 2-ci tip diabet və yüksək təzyiq xəstəsi olan adam ağrıları artdığı üçün xəstəxanaya müraciət edib. Diaqnoz isə onu şoka salıb. Belə ki, vücudunda ət yeyən bakteriya aşkar edilib. Qısa zaman ərzində vəziyyəti pisləşən adamın əlini kəsməli olublar. Həkimi Karen Vong, çiy dəniz məhsullarının belə qorxulu bakteriyaları yaratdığını və həmçinin bir çox dəri problemlərinə yol aça biləcəyini qeyd edib: “Xroniki qaraciyər xəstəliyi və xərçəng də daxil olmaq üzrə immunitet çatışmazlığı olan xəstələrdə infeksiya riski daha yüksəkdir”. Şəhanə Quliyeva

İş təcrübəsi olmayan gənclərə ŞAD XƏBƏR - YENİ ADDIM

İş təcrübəsi olmayan və əmək bazarına daxil olmaqda çətinlik çəkən gənclərin məşğulluğuna yönələn yeni Pilot Proqrama başlanılır. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, proqram 50-yə yaxın gəncin subsidiyalı əsaslarla məşğulluğunun təmin edilməsini nəzərdə tutur. Məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Gənclərin əmək haqlarının maliyyələşdirilməsi Pilot Proqramının təşkili Tələbləri” hazırlanaraq nazirliyin müvafiq Əmri ilə təsdiq edilib. Pilot Proqram Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə icra olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası çərçivəsində həyata keçiriləcək. Məqsəd ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış, ali, orta-ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrini bitirmiş, iş təcrübəsi olmayan və əmək bazarına daxil olmaqda çətinlik çəkən 18-29 yaşlı gənclərə məşğulluq imkanlarının yaradılmasıdır. Tələblərə əsasən, iştirakçıların seçilməsi üçün Komisiya yaradılacaq. Komissiya tərəfindən Bakı şəhərinin hər rayonu üzrə gender bərabərliyi əsasında 12 namizəd təqdim edilməklə, ümumilikdə 144 gənc arasından ilkin müsahibədə 96 nəfər, işəgötürənlərin iştirakı ilə keçiriləcək ikinci müsahibədə isə 96 nəfərdən 48 nəfər (hər rayon üzrə 4 nəfər) seçilməklə proqrama cəlb olunacaq. İştirakçıların seçimi üçün qiymətləndirmə motivasiya (əmək bazarına daxil olmağa, peşə və karyeraya marağın olması), işə qəbul olunduqları vəzifəyə dair baza bilikləri, şəxsi keyfiyyətlər (kollektivdə işləmək, ünsiyyət, qərarvermə bacarıqları və s.) əsasında aparılacaq. Layihə iştirakçılarının sayı (48 nəfər) proqramın texniki şərtlərində müəyyən edilmiş maliyyə vəsaitinə uyğun olaraq müəyyən edilib. Qiymətləndirmə nəticəsində müəyyən olunmuş iştirakçılar qeyri-neft sektoru üzrə kiçik və orta sahibkarlıq subyektləri arasından seçilmiş işəgötürənlər tərəfindən işə qəbul olunacaqlar. İşlə təmin edilmiş gənclərin vəzifə üzrə əmək haqlarının 12 ay ərzində 50 faizi BƏT tərəfindən müvafiq işəgötürənə ödəniləcək. Əmək haqqının qalan hissəsi, habelə əmək haqqına əlavələr, mükafatlar və digər ödənclər isə işəgötürənin özü tərəfindən ödəniləcək. Tələblər işə qəbul olunacaq gənclərlə əmək müqaviləsinin ən azı 24 aylıq (3 ay sınaq müddəti müəyyən edilməklə) müddətə bağlanılmasını nəzərdə tutur.

Süni qiymət artımı ilə bağlı əhaliyə müraciət olundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti əhaliyə müraciət edib. Xidmətdən  daxil olan məlumata deyilir: “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından əldə etdiyiniz biletlər vasitəsilə növbəlilik prinsipinə əməl etdiyiniz üçün və kənar şəxslərin qeyri-qanuni daşımalar üçün süni qiymət artımına gətirib çıxaran qanunsuz əməllərinə rəvac vermədiyiniz üçün təşəkkür edirik! Tezliklə BBAK-də sizin üçün daha əlverişli şəraitin yaradılması üçün bütün tədbirlər görülür. Sizdən xahiş edirik ki, hər hansı qanun pozuntusuna rast gəldiyiniz halda NRYTN-nin 1655, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (012) 406 01 58/59 nömrəli qaynar xətlərinin operatorlarına məlumat verəsiniz. Məlumat verəcəyiniz faktla bağlı avtobusun dövlət qeydiyyat nişanını dəqiq bildirməyiniz rica edilir”. Müraciətdə bildirilib ki, bilet satışı ilə bağlı indiyə qədər ən çox daxil olan şikayətlər qeyri-qanuni daşımalar həyata keçirən daşıyıcı şirkətlər tərəfindən süni şəkildə qiymətlərin qaldırılması idi: “Hazırda DANX-nin və BBAK-nin gücləndirilmiş nəzarət mexanizmi ilə sərnişinlərin gediş-gəlişinin təmin olunmasında bu kimi hallara yol verilməməsi üçün tədbirlər görülür. Reyslərin saatlarında olan mövcud bəzi problemlərin də aradan qaldırılması üçün kompleks işlərə start verilib”.(Ölkə.az)

Şimşək çaxacaq, yağış yağacaq - Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib. Psixoloq.az xəbər verir ki, Bakıda, Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 06-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bəzi şimal və qərb rayonlarında avqustun 04-06-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur. Avqustun 4-ü isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində Avqustun 04-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında Avqustun 04-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəsək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Avqustun 04-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Getdiyi xəstəxanada bütün orqanları oğurlandı - FOTO

Getdiyi xəstəxanada bütün orqanları oğurlanıb.  Psixoloq.az xəbər verir ki, hadisə Banlqadeşdə baş verib.  Qarın ağırısı şikayəti ilə xəstəxanaya aparılan müsəlman gəncin bütün orqanları oğurlanıb. Xəstəxanadan oğullarının cənazəsini alan ailə qarşılaşdıqları mənzərə qarşısından şoka düşüblər.  Oğullarının orqanlarının bilərəkdən oğurlandığını deyən ailə hadisəylə bağlı Birləşmiş Millətlər Təşkilatına şikayət ediblər. (moderator.az)

“Jurnalistika”ya qəbul olunmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) avqust ayının 6-da 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. Psixoloq.az xəbər verir ki, Bu barədə Modern.az-a DİM-dən məlumat verilib. Bu imtahanda iyul ayının 29-dan avqustun 1-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay,Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq. İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Bu sənəddə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 446 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 125 nəfərini oğlanlar, 321 nəfərini qızlar təşkil edir. 402 abituriyent Azərbaycan, 44 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək. Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər: - şəxsiyyəti təsdiq edən sənədin əslini; - “İmtahana buraxılış vərəqəsi"ni. İmtahanın məzmunu haqqında məlumat: Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir. İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti düşündürən problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir. İnşanı (esseni) yazarkən abituriyent: mövzunu açmalı və dolğun əhatə etməli; yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli; ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu göstərməli; ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətini nümayiş etdirməli; fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir. İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır. Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bir sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilir. “Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya işarə vurduğu, 6 və daha çox dil və nitq səhvi olan yazılara verilir. Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır: verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə materialı, əsas fakt və hadisələri bilmə; abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması; çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması; yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi; yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına tam riayət etməklə tərtib olunması. Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndiriləcəkdir. İnşa yazı (esse) 2-4 səhifə (ən azı 420 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “0” balla qiymətləndirilir. Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında yerləşdirilib.

Qanvermə aksiyası keçirilib

Avqustun 2-də Lerik Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Heydər Əliyev Fondunun təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün qanvermə aksiyası keçirilib. Psixoloq.az Modern.az-a istinadən xəbər verir ki, qanvermə aksiyasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri, gənclər və rayon sakinləri böyük coşqu ilə könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qoşulublar. Aksiyada ümumilikdə 880 nəfər rayon vətəndaşı iştirak edib. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılır, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Tibbi personalın yoxlamasından sonra tam sağlam olan 147 nəfər vətəndaşdan qan götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin həm də vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Məşhurun beynində şiş tapıldı - Vəziyyəti ağırlaşıb

Məşhur türkiyəli modelyer Nur Yerlitaşın vəziyyəti ağırlaşıb. Psixoloq.az xəbər verir ki, modelyer dünən təcili xəstəxanaya yerləşdirilib. Beynində 2 şiş aşkarlanan Nur Yerlitaş əməliyyat olunacaq. Qeyd edək ki, məşhur keçən il sinəsini kiçiltmək üçün həkimə gedəndə müayinə zamanı döşündə şiş olduğu çıxmış və ona xərçəng diaqnozu qoyulmuşdu.