Rejim yaradıb ona əməl etməmək - Həll etməyin yolları

Dərs çalışmaq üçün  səy göstərən, diqqətini toplaya bilməyən hər kəsin əsas problemi özü üçün rejim yaradıb ona əməl etməməsidir. Bu problem həll etməyin bir neçə yolu var. Psixoloq.az 5 üsulu təqdim edir: Təmiz havada gəzin Əgər dərs və ya iş  prosesində çətinlik çəkirsinizsə, 10 dəqiqəlik gəzmək bir çox problemi həll edir. Bir az ara verib çöldə hava alsanız, beyniniz rahatlaşacaq.  Yenidən işinizə qayıdanda rahatlıqla işləyəcəksiniz. Qısa yemək fasiləsi verin Analar bir çox hallarda dərs çalışarkən uşaqların yanına   qəlyanaltı üçün qidalar qoyarkən əslində haqlıdırlar. Dərs arası belə qidalar beyni və bədəni rahatlaşdırır. Musiqi dinləyin Musiqi hər yaşda insanın zehninin açılmasına və yaxşılaşmasına kömək edir.  Bu da yaddaş və öyrənmə funksiyalarınızın güclənməsini təmin edir. Düzgün yuxu rejimi Nizamlı yatmaq beyinin inkişafına müsbət istiqamətdə təsir göstərir. Ertəsi gün yaxşı çalışmaq üçün yuxunuzu almağınız lazımdır. Rejim yaratmaq Hər gün eyni saatda işə başlayıb, eyni vaxtda dincəlmək beyninizi növbəti işlərə hazır edir. Rejimlə görülən hər bir iş uğuru artırır.(azedu.az)

Göz yaşı qadınların daha çox yaşamasına səbəb olur - Səbəb?

İstənilən ölkədə qadınlar kişilərdən orta hesabla 5-7 il daha çox yaşayır. Çinli professor, psixoloq Van Çenkuy bunun səbəblərini araşdırdıqdan sonra belə nəticəyə gəlib ki, bunun səbəbi göz yaşlarıdır. Psixoloq.az bildirir ki, alimin fikrinə görə göz yaşları ilə mənfi emosiyalarını ifadə edən qadınlar stressə daha az məruz qalır və bu da onlara daha sağlam qalmağa və çox yaşamağa kömək edir. İnsan ağlayanda gərginlik və stress azalır, stress-hormonu olan kortizolun səviyyəsi aşağı düşür, insan rahatlaşır. Kişilər daha az ağlayır və bunun nəticəsində stress orqanizmdən çıxmır. Bu isə insan sağlamlığı və ilk növbədə ürək-damar sisteminin sağlamlığı üçün çox ziyanlıdır. Lakin alim onu da qeyd edib ki, tez-tez və uzun müddət ərzində ağlamaq ziyanlıdır.(saglamolun.az)

Valideynlər ən çox səhvi bu zaman edirlər - Körpə xəstələnərsə...

Südəmər körpə müxtəlif virus xəstəliklərinə yoluxubsa, vaxtında müdaxilə etmək lazımdır. Bu sözləri pediatr Vaqif Qarayev sosial şəbəkədə Səhiyyə Nazirliyinin mövsüm xəstəliklərinə qarşı əksepidemik tədbirlərlə bağlı əmr imzalaması ilə bağlı danışarkən bildirib. Pediatr bildirib ki, müxtəlif virus xəstəlikləri südəmər uşaqlarda gedişatı ilə fərqlənir: “Vaxtında müdaxilə olunmazsa, xoşagəlməz ağırlaşmalar qaçılmaz olur. Ona görə bu yaşda uşaqlarda narahatlıq hiss edərsinizsə, mütləq həkimə müraciət edin. Ən pis halda əgər həkim əlçatan deyilsə, hərarətsalıcıların birdəfəlik dozasını verə bilərsiniz. Başqa heç nə! Körpə uşaqlara türkəçarə etməyin! Bir çox hallarda apteklər qızdırma dərmanı kimi antibiotiklər təklif edirlər, qətiyyən olmaz. Həkimin göstərişi olmadan antibiotiklərdən istifadə etməyin. Sonra əlavə problemlər yaranır”. Psixoloq.az xəbər verir ki, psixoloqlar, xəstəlik zamanı valideynlərin çox narahat olduğunu, bu səbəbdən düzgün müalicə etmədiklərini bildirirlər. Belə ki, valideyn uşağının dərhal yaxşılaşmasını istədikləri üçün düşünmədən antibiotikə müraciət edirlər. Bununla  yaxşı nəticə əldə edəcəklərini zənn edirlər. Əslində isə antibiotik uşaq sağlamlığı üçün çox zərərlidir. Xəstəlik zamanı sakit olmalı və düzgün addım atılmalıdır.

Hər iki qadından biri bu xəstəlikdən əziyyət çəkir

Daminarkanın Rotterdamlı Erezma universitetinin tərkibindəki Tibb Mərkəzinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar. Psixoloq.az "ölkə.az"-a istinadən bildirir ki, nəticələrə əsasən, hər iki qadından biri demensiya, Parkinson xəstəliyi və ya insulta düçar ola bilər.  Bu barədə geniş məqalə "Journal of Neurology Neurosurgery & Psychiatry" jurnalında dərc edilib.  Bu xəstəliklərə isə hər üç kişidən biri düçar ola bilər. 1990-cı ildən 2016-cı ilə qədər aparılan təcrübədə 12 mindən çox insan iştirak edib. İştirakçıların yaşı 45-dən yuxarı olub və onlaın 58%-ini qadınlar təşkil edib. Tədqiqat zamanı 5291 iştirakçı dünyasını dəyişib. Onlardan 3260 nəfəri nevroloji xəstəlikdən əziyyət çəkməyib. 1489 nəfərdə (80 faizində Alsheymer xəstəliyi) demensiya üzə çıxıb. 1285 nəfər insultdan əziyyət çəkib. 263 nəfərdə isə Parkinson xəstəliyi müşahidə edilib. Ümumi olaraq bu üç xəstəlikdən birinin yaranma riski qadınlarda 48%, kişilərdə isə 36% olub. Bu xəstəliyin tam müalicəsi olmasa da, psixiatrın köməyi ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür.

Videooyunlardan asılılıq yayılır - Xəstəliklər siyahısına daxil edildi

Ümumdünya Səhiyyə Təşkilatı videooyunlardan asılılığı xəstəliklər və pozğunluqlar siyahısına daxil edib.  Psixoloq.az xəbər verir ki, videooyunlardan asılılığın zərərli olduğu, uzun müddət kompyuter oyunları oynayan insanlarda bunun vərdişə çevrildiyi barədə dəfələrlə yazılsa da, videooyunlara aludə olan insanların sayı günü-gündən artır. Videooyunların mobil versiyalarının tətbiq olunması, internetin əlçatanlığı isə bu sayı daha da artırır.  Məlumata görə, videooyunlardan asılılıq 2022-ci ildə qüvvəyə minəcək Xəstəliklərin Beynəlxalq Təsnifatının (International Classification of Diseases, ICD) 11-ci variantına daxil edilib. Qeyd olunur ki, müvafiq diaqnoz oyunlara görə insanın həyatında, işində və ya təhsilində problemlər yaranan zaman qoyulacaq. Təşkilat nümayəndələrinin sözlərinə görə, oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtın davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə olunur.  Psixoloqların sözlərinə görə, uzun müddət videooyunun oynanılması fiziki aktivliyi azaldır, uşaqlarda aqressivliyə, davranış pozğunluğuna belə gətirib çıxardır.

Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?

"İkinci uşaqdan sonra depressiyaya düşdüm, yaxınlarım elə bilirdi ki, dəli olmuşam, amma heç kəs həkimə aparmadı. Saatlarla ağlayırdım, uşağa yaxınlaşmağa qorxurdum.... Üç aydan sonra güclə özümə gəldim, amma həkimin köməyi ilə daha tez özümə gələrdim. Ancaq bizdə bu qəbul olunmur, necə deyərlər, özünə dəli adı qoydurma", - Azərbaycanda sosial şəbəkədə bir qadın paylaşır. Şərhlər müxtəlifdir. "Bəs, nə düşünürsünüz, ana olmaq asandır?", - qadınlardan biri yazır, anlamaq olmur, gənc anaya dəstək verir, yoxsa irad tutur. "Analarımız-nənələrimiz depressiya nədir, heç bilmirdi. Mən də səhər halsız oyanıram, gecə halsız yatıram, amma özümdə hər hansı güc tapıram. Depressiya bekarçılıqdan olur", - başqa bir ana yazır. "Özünü ələ almalısan, özünə yazığın gəlməsin. Uşağa səndən başqa kim kömək edə bilər, kimə gərəkdir? Hə, çətindir, amma qadın güclü məxluqdur", - sosial şəbəkə istifadəçisi məsləhət verir. Ümümdünya Səhiyyə Təkilatının məlumatlarına görə yeni doğmuş anaların 20 faizi, yəni hər beş anadan biri doğuşdan sonra depressiyaya düşür. "O gündən dəhşətli günlərim başladı" Nigarın həyatından narazı olmağa heç bir səbəbi yoxdur - sevən və sevilən həyat yoldaşı, mülayim xasiyyətli qaynana, ali təhsil, iri şirkətdə yüksək vəzifə... "Ömrüm boyu "əlaçı" olmuşam, hər şeyi bacardığım qədər yaxşı etməyə çalışmışam. Tərifi də çox sevirəm. Hamı məni pozitiv şəxs kimi tanıyır", o deyir. Ancaq uşağı dünyaya gətirəndən sonra həyatı dəyişib: "Hamiləliyim yaxşı keçmişdi. Ancaq məncə uşağım olduğunu tam şəkildə anlamırdım. Qızlar var, böyük ailədə böyüyürlər, ətraflarında kiçik uşaqlar olur. Məndə isə elə deyildi. Necə olacaq, bilmirdim. Lakin başa düşürdüm: həyatım tamamilə dəyişəcək, özümə aid olmayacam. Ən çox valideynlər nəvə görmək istəyirdi. Məncə, bu, Azərbaycanda çox yayılmış haldır: gənc ailə, valideyn olmaq nə deməkdir - bunu tam şəkildə dərk etməyib, öz valideynlərinin təzyiqi altında dünyaya uşaq gətirmək qərarına gəlirlər". "Hər şey çox yaxşı keçdi, - Nigar hekayəsinə davam edir, - bahalı tibb mərkəzi, əla şərait. Amma yeni dünyaya gələn uşaq ilk günlərdən xasiyyətini göstərməyə başladı: ağlayırdı, yeməkdən imtina edirdi. Xasiyyətim ucbatından düşünürdüm: mən ideal ana olmalıyam, ideal ana isə öz uşağını özü əmizdirir, qayğısına özü qalır. Əsəbdən yuxumu itirmişdim, üç gün, demək olar ki, heç yatmadım. Hiss edirdim ki, ağlımı itirirəm, fikirlərim dolaşır, yaddaşım itir. Çağırdığım təcili tibbi yardım həkimi vəziyyətimlə bağlı bunu dedi: "Doğuşdan sonrakı psixoz". O gündən dəhşətli günlərim başladı, heç nəyə reaksiya vermirdim, bir nöqtəyə zillənib otururdum. Uşağa yaxınlaşmağa qorxurdum, elə bilirdim ki, mən ona zərər vermişəm, mənə görə ölə bilər. Başqalarına isə nifrət hissi yarandı. "Anlamırdım, nə baş verir" Yaxınlarım məni heç tanıya bilmirdi. Həmişə gülərüz, zarafatcıl olan mən iki sözü bir-birinə düzüb-qoşmağı bacarmayan birinə dönmüşdüm. Anlaya bilmirdim: axı sevinməliyəm, xoşbəxt olmalıyam, bəs nə baş verir? Öz-özümə danışırdım, dörd-beş gündən sonra səsli qarabasmaları başladı. Mənə elə gəlirdi ki, artıq ölmüşəm, hamı başımın üzərinə yığışıb məni söyür: "Biz elə bilirdik ki, sən yaxşı insansan, bax gör, uşağının başına nə oyunlar açmısan!" Bu zülüm təxminən bir həftəyə yaxın davam etdi. Nəhayət ki, məni güclə yatırtdılar və həkim nəzarəti altında yavaş-yavaş normal həyata qayıtmağa başladım. Bəxtim gətirmişdi ki, yanımda mənə dəstək olan yaxınlarım, həkim var idi. İndi də hərdən, üç-dörd aydan bir panika hücumlarını keçirirəm, amma onların öhdəsindən özüm gəlməyə çalışıram. İndi başa düşürəm ki, tək deyiləm və bir çox qadın belə problemlərlə üzləşir. Bəlkə də bəzi intihar etmiş qadınları buna depressiya sürükləyib. "Axı bu, xoşbəxtlik dövrü hesab edilir!" Bakıda məktəbəqədər hazırlıq kurslarının birində müəllimlik edən Nazilənin dediklərinə görə, heç bir qadın hamiləlik zamanı depressiya haqqında düşünmür: "Axı bu, xoşbəxtlik dövrü hesab edilir!" Onun depressiyasına səbəb doğuş zamanı keçirtdiyi həyəcan olub. "Uşağım pnevmotoraks olmuşdu, buna görə məcburi qeysəriyyə əməliyyatı keçirtdim. Üç gün ərzində doğum evində uşağın üzünü görmədən qaldım. Evə də onsuz qayıtdıq - körpə reanimasiyada idi. Bir həftədən sonra oğlum evə qayıdanda, sevincimin həddi-hüdudu yox idi, axı, uşağım sağ qaldı. Ancaq eyni zamanda böyük təşviş içində idim, hər kəs mənə məsləhət verirdi, uşaqla, özümlə, ailə həyatımla bağlı... Məsləhətlər o qədər idi və əmr xarakteri daşıyırdı ki, hərdən özümə inamım ölürdü, düşünürdüm ki, oturmuşdum da özüm üçün rahat, bu başağrısı mənə lazım idi?" Bu fikirlərə görə günah hissi keçirirdim, qorxurdum, uşağıma nəsə olar, yoldaşım bezib məni tərk edər. "Ağzından vururlar, sus" Dərdini heç kimə söyləyə bilmirsən: "Dərhal ağzımdan vururdular ki, artıq-əskik danışma, nə olub ki? Hər şey qaydasındadır. Sənin problemlərin məndə olsaydı..." Yaxınların bu yükü sənin çiyinindən götürmür, hər şey öz öhdəndədir: Sən ideal ana olmalı, evini səliqəli saxlamalı, uşağının üst-başına da baxmalısan, axı anan, nənən, qaynanan - onlar da ana olublar, uşaq böyüdüblər, ev-eşiklərinə özləri baxıblar. Hələ bir "sən isə bacarmırsan!" damğası... Qadının həyatındakı ən gözəl məqam - ana olmaq - bu gözləntilərin doğrulmaması ilə üst-üstə düşüb bütün o sevinci zəhərləyir. Yaşlı nəsildən bir istəyim var. Lütfən, gənc ailənin daxili işlərinə qarışmayın! Bəli, onların köməyə böyük ehtiyacları var, bu köməyi əsirgəməyin, amma şəxsi münasibətlərə qarışmayın. Düşünürdüm ki, vəziyyətim öz-özünə düzələcək. Axı, mən hamiləlik zamanı kifayət qədər hazırlıqlı idim, çoxlu məqalə oxumuşdum. Lakin real həyat bu yazılanlarla üst-üstə düşməyə bilər. Cəmiyyətdə hamilə qadına hörmətlə yanaşılır, amma qadının həyatına yox, üstəlik, qarışmağı, məsləhər verməyi də borc bilir: "İşə çıxırsan? Nə? Otur evdə, uşağa bax!" Depressiya zəif iradədirmi? Həkim-nevroloq, tibb elmləri namizədi Kərimə Kərimovanın sözlərinə görə, nəinki doğuşdan sonrakı, hətta adi depressiya haqqında geniş yayılmış anlayış depressiyaya uğramış şəxs üçün təhlükəli ola bilər: "İnsanlar bəzən düşünür ki, depressiya zəif iradə deməkdir. Əslində isə bu, bütün endokrin sistemin tənzimləyicisi - beynin hormonal sisteminin pozuntusudur. Və bu pozuntunun həmçinin orqanizmə təsiri var, özünü o qədər tez aşkar etməsə də, mənfi təsiri azalmır. Pixoloq izah edir: depressiya nədir? Psixoloq Ellada Qorina şərh edir: "Doğuşdan sonrakı depressiya adi depressiyanın bir növüdür. Depressiya kifayət qədər ciddi bir xəstəlikdir, psixoterapevt və psixiatrın nəzarəti altında müalicə prosesi keçilməlidir. Ən effektiv müalicə psixoterapiyanın və farmakologiyanın birgə nəzarətidir. Ancaq qeyd etmək lazımdır ki, qadının orqanizmində baş verən proseslər (yəni hamiləlik, doğuş, doğuşdan sonrakı dövr) mövcud depressiyaya meyilliyi artırır və üzə çıxarır. Adətən, biz pis əhval-ruhiyyəyə, iztiraba depressiya adını veririk. Hamilə qadının qanında endorfin, yəni, sevinc, həzz hormonu üstünlük təşkil edir. Doğuşdan üç gün keçdikdən sonra isə bu sevinc hormonlarının 50 faizi orqanizmdən yuyulur və hamiləlikdən öncəki səviyyəyə enir. Buna görə də qadın daxilində boşluq hiss edir. Bu hallar keçicidir və o qədər təhlükəli deyil. Qadın kədərli, qəzəbli, hamıdan küsmüş, günah hissi keçirə bilər. Qadınların təxminən 80-95 faizi müəyyən psixoloji problemlər yaşayır. Bu problemlər onun özünə də, ətrafdakılara da bəlli olmaya bilər, amma ana olandan sonra özünü depressiya formasında biruzə verir". "Yeni ana olan qadına dəstək vacibdir" Psixoloq Ellada Qorina davam edir: "Qadında yaranmış körpənin yaratdığı xoşbəxt həyatın təsviri real həyatla üst-üstə düşmür. Həm də ki, hamiləlik zamanı qadına xüsusi münasibət bəslənir, uşaq dünyaya gəldikdən sonra qadının hissləri, istəkləri, səhhəti maraqdan düşür. Bu zaman qadın öz prioritetlərini düzgün qurmalıdır. Patriarxal ailədə onun istəklərinə çox da diqqətlə yanaşmırlar, amma, bütün ailə birgə yaşayırsa, ailənin digər qadınları - qaynana, baldız, elti - yeni doğmuş qadına əl tuta bilərlər. Depressiyaya bir çox məqam səbəb ola bilər, amma problemin kökü - ailənin və qadının emosinal qeyri-sabitliyidir. Qadın bu zaman özünü həyatda istədiyi formada doğrultmuş hiss etmirsə, o, uşağın dünyaya gəlməsi ilə əlaqədar kifayət qədər çətin dövr yaşayacaq. Qadın özünü tez itirə bilər və burada tək qohum-əqrəbanın yox, mütəxəssislərin köməyinə ehtiyac var: Psixoloq, əmizdirmə üzrə mütəxəssis və s. Təəssüf ki, bizdə bu mütəxəssislər o qədər də məşhur deyil. Bu arada qadına məsləhət vermək olar ki, öz həyatını özünün və uşağının rahatlığı üçün qursun, ev və ailə səlahiyyətlərini ailənin digər üzvləri arasında düzgün qaydada bölüşdürməyi bacarsın. Özünü doğrultmuş hiss etməyən qadınlara isə məsləhətim belədir: Dərindən nəfəs alın! Hətta sizə elə gələ bilər ki, bu vəziyyət daimi davam edəcək, bu elə deyil. Həm də ki, uşağın dünyaya gətirilməsi və ona qayğı göstərilməsi ilə əlaqədar qadın o qədər yeni bilik və bacarıqlara malik olur ki, bu, ona gələcəkdə özünü şəxsiyyət kimi doğrultmağa mütləq yardımçı olacaq".(milli.az)

Sürətli yemək yeyənlər... - Psixoloqlar bu barədə nə deyir?

Bir çox insan sürətli yeməkdən şikayətçidir. Əksrə insanda bu artıq mənfi vərdiş halına gəlib. Bəs psixoloqlar bu barədə nə deyir? Sürətli yeyən insanlar bu mənfi vərdişdən necə xilas ola bilər? Psixoloq.az həmin yolları təqdim edir: Qidalanma ortamınızın rahat olmasına diqqət edin. Ara qidalar ilə aclığınızı nizamlayın. Yeməklərin qaynar olmamasına nəzarət edin. Yemək zamanı söhbət edin. Hər loxmanı çəngəl, bıçaqla yeyin. Ən əsası isə televiziya izləyən zaman yemək yeməyin. Stresli olan zaman yemək yeməyin. Yavaş yemə vərdişi olanlarla masa arxasına əyləşin. Şəhanə Quliyeva

Yoqa uşaqdakı stresi aradan qaldırır - Maraqlı araşdırma

Yoqa uşaqlarda rahatlanma hissini bərpa edir. Həmçinin beyində xətalı pozisiya hissinin yaranmasını ən aza endirir.  Yoqa bir növ zehin və bədən tibbi olaraq qəbul edilir. Bütün bunlarla yanaşı yoqanın uşaqlara psixoloji faydaları da mövcuddur. Hətta uşaqlarda olan qayğı və stresin yoqa ilə azaldıla biləcəyi də təsdiq edilib. Həmçinin yoqa hərəkət bacarıqlarını inkişaf etdirir. Uşaqların 4 yaşından etibarən bu hərəkətlərlə məşğul ola biləcəyi qeyd edilir. Uşaqların bədən funksiyalarının artması adətən 2-7 yaşlarında müşahidə edilir. Belə ki, qaçma, tullanma, sıçrama adətən bu zamanlarda daha da inkişaf edir. 5 yaşından etibarən isə qazanılan təməl hərəkətlərin uşaqda daha da inkiaf etdiyi bildirilir. Təməl hərəkətlər sırasında sürət, çeviklik, dayanıqlılıq əsas faktor hesab edilir. Yoqa isə bu hərəkətlərin inkişafına təkan verir. Psixoloqlara görə, uşaqlar 7 yaşından sonra daha çox idmanla məşğul olmalıdırlar. Həmçinin ekspertlər yoqanın məktəb öncəsi və məktəblərdə uşaqların dərs siyahısına salınmalı olduğunu vacib hesab edirlər.

Daim gülümsəyən uşaqlar - "Xoşbəxt kukla" sindromu nədir?

"Bəzən həyatda daim gülümsər və ya hər zaman dişləri görünən insanlara rast gəlirik. Diqqətlə müşahidə etdikdə onlarda başqa anomaliyaların olduğunu da görmək mümkündür. Bu qeyri-adilik ilk dəfə 1965-ci ildə britaniyalı pediatr Harri Angelman tərəfindən aşkar edilib. Məhz bu səbəbdən problem Angelman sindromu adlandırılıb. Sindroma bəzən "xoşbəxt kukla" da deyilir. 1987-ci ildə Amerikada aparılan araşdırmaya görə, sindromun yaranmasının səbəbi anada 15-ci xromosomda gen çatışmazlığıdır. Psixoloq.az bildirir ki, bu sözləri azərtaca müsahibəsində Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova deyib. Genetik pozuntular səbəbindən meydana çıxan sindromun əlamətləri haqqında məlumat verən həkim bildirib: "Angelman sindromu yuxu pozuntuları, sarsıntılı hərəkətlər, xüsusilə əlləri çırparaq səbəbsiz və mütəmadi qəhqəhə çəkmək və ya gülümsər görünməklə təzahür edən neyrogenetik problemdir. Bu sindromdan əziyyət çəkən insanlarda zehni gerilik, 80 faiz hallarda epileptik tutmalar, nitq qüsurları, anlama qabiliyyətinin nitqə nisbətən daha çox inkişaf etməsi, gəzmədə anormallıq, eləcə də müvazinətin pozulması kimi bir sıra problemlər müşahidə edilir. Həmin insanlar tez həyəcanlanır, səbəbsiz əl çalır, daim xoşbəxt görünür, sosial əlaqə qurmağı sevir, bəzən bir yeri ağrıyanda ağlamaq əvəzinə gülür, hiperaktiv olurlar". Məlahət Qasımovanın sözlərinə görə, rastgəlmə tezliyi tam məlum olmasa da, təxmini hesablamalara görə, bu problem hər 20-25 min insanda bir görülür. Əgər yeni doğulmuşda əzələ tonusu aşağıdırsa, uşağın nitqində ləngimə varsa, hərəkət zamani ayaqlar qatlanmırsa (buna marionetka yerişi deyilir), simasında həddindən çox gülüş varsa, 15-ci xromosomun genetik analizini aparmaq tövsiyə olunur. "Xoşbəxt kukla" sindromu zamanı iki yaşına qədər uşaqların əksəriyyətində baş çevrəsində kiçilmə müşahidə olunur, onların xeyli hissəsində üç yaşından sonra epilepsiya tutmaları başlayır. Yaş artdıqca yuxu pozulmaları, əzələ zəifliyi, qidalanma və udma çətinlikləri, oynaqlarında hərəkət məhdudiyyəti, skolioz kimi onurğa problemləri də müşahidə edilir. Həmin sindromlu uşaqlarda ağız quruluşu daha geniş, çənə irəliyə doğru qabarıq, dişlər seyrək olur. Ağızda daim çeynəmə hərəkətləri və selik axma nəzərə çarpır. Epileptik simptomlar çoxdursa, antiepileptik dərmanlar verilir, yuxu normallaşdıran vasitələrdən istifadə edilir. Bağırsağın hərəkətini normallaşdırmaq üçün isə xəstəyə səna çayı içirmək məsləhətdir. Müalicə zamanı danışma terapiyası, hidroterapiya və musiqi terapiyası tətbiq edilir. Həmin uşaqlar üçün ailənin və cəmiyyətin dəstəyi çox vacibdir. Yaş artdıqca bəzi nəzərəçarpan əlamətlər zəifləyir və xəstəliyin tipik simptomlarını fizioterapevtik müalicələrlə azaltmaq olur, çünki bu, degenerativ sindrom deyil və müntəzəm şəkildə tərbiyə olunanda davranış dəyişikliklərinin baş verməsi mümkündür. Bu sindromla doğulan uşaqlarda yanaşı xəstəliklər olmadıqda onların yaşamasında da problem yaranmır". Xəstəliyin müalicəsi ilə yanaşı uşaqlarla psixoloq da məşğul olmalıdır. Çünki belə vəziyyətlərdə ən yaxşı tərbiyəvi istiqaməti məhz psixoloqlar verə bilər.

WhatsApp-da yayılan ağır xəstəliklə bağlı xəbərə Nazirlikdən reaksiya

Səhiyyə Nazirliyi Bakının Yasamal və Nəsimi rayonlarında, eləcə də ölkənin bəzi bölgələrində vərəm xəstəliyinin yayılması barədə məlumatlara münasibət bildirib.  Psixoloq.az xəbər verir ki, nazirlikdən "Report"a verilən məlumata görə, bu kimi yanlış informasiyalar əsassızdır. Qeyd olunub ki, adıçəkilən rayonlarda uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkənin digər bölgələrindən 4 dəfə aşağıdır: "Belə qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılmasına xidmət edir. Hər il digər yerlərdə olduğu kimi, Bakının Yasamal və Nəsimi rayonlarında da yüz minlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb olunur. Onlar arasında vərəmə yoluxma və xəstələnmənin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərindən qat-qat aşağıdır. Bizim ölkədə vərəm xəstəliyinin epidemik vəziyyəti yoxdur və ola da bilməz. Vərəm əleyhinə tədbirlərin yerinə yetirilməsinə Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin mövcud bölmələri daim nəzarət edirlər. Bu problem Səhiyyə Nazirliyinin daim nəzarətindədir". Bu barədə portalımız psixoloqların da fikirlərini öyrəniblər. Psixoloqlara görə, bu tipli məlumatlar ilk dəfə yayılmır. Bununla bir qrup insanlar təşvişə salmaq və ya hansısa təxribat məqsədi güdürlər. İnsanların ilk eşitdiklərinə inanmamaqlarını və dəqiqləşdirməklərini tövsiyə ediblər.

Yuxu rejiminizi dəyişməyin - Bu xəstəlikləri yarada bilər

ABŞ-ın Dyukan Universitetinin mütəxəssislərinin fikrincə, yuxu cədvəlini dəyişmək bir sıra sağlamlıq problemləri yarada bilər. Belə ki, bu zaman ikinci tip şəkərli diabet, piylənmə, ürəyin fəaliyyətində pozuntular, stress, depressiya kimi ağır fəsadlarla qarşılaşmaq mümkündür. Psixoloq.az xəbər verir ki, alimlər bu qənaətə 50 yaşdan yuxarı 200 könüllünün üzərində aparılan tədqiqatların nəticəsində gəliblər. Alimlər iştirakçıların yuxu rejimini və davamiyyətini müşahidə ediblər. Mütəxəssislərin sözlərinə görə adətən bu istiqamətdə aparılan tədqiqatlarda yalnız yuxu davamiyyəti nəzərə alınır. Lakin budəfəki təcrübə məhz yuxu rejimini araşdırmağa yönəlib. Məlum olub ki, eyni saatda yatıb-durmaq sağlamlıq baxımından mühüm rol oynayır. Normadan artıq yatmaq və ya az yuxu qəbulu bir sıra psixoloji problemlərə yol aça bilər. Gündəlik həyat vərdişlərinin dəyişdirilməsi beyin funksiyalarına mənfi təsir göstərir. Bu da nəticədə ağrı və sıxıntılara yol aça bilər.

Fastfood depresiyaya səbəb olur

Fastfood və digər sağlam olmayan qidalarla qidalanmaq depressiyaya səbəb olur. Bu İspaniya, Britaniya və Avstraliya alimlərinin birgə araşdırması nəticəsində müəyyən edilib. Ən xeyirli və eyni zamanda psixi sağlamlıq üçün faydalı olan pəhriz isə balıq, tərəvəz, meyvə və fındığın daxil olduğu pəhriz hesab edilib. Psixoloq.az bildirir ki, alimlər depressiya ilə qidalanma rasionunun əlaqəsinə həsr edilmiş 41 elmi iş üzərində araşdırma aparıblar. Müəyyən edilib ki, qidalanma insanın psixi vəziyyətinə təsir edir. Tərkibində yağ və şəkər olan yarımfabrikatlar təkcə mədədə deyil, eyni zamanda bütün orqanizmdə xroniki iltihablaşma prosesinin yaranmasına səbəb olur. Fastfood siqaret çəkmə, fiziki hərəkətin olmaması, piylənmə və çirkli ətraf mühit qədər təhlükəli hesab edilir. İltihablaşma öz növbəsində insanın psixiki vəziyyətinə də təsir edə bilir. İltihablaşma molekulları beyinə düşür və insanın əhvalını tənzimləyən neyromediatorların iş prinsipini pozur. "Bağırsağın kimyası beynin kimyasına bənzəyir. Buna görə də, bağırsağa təsir edən hər şey beyinə də təsir edir" - deyə doktor Kosmo Hollstrom deyib.(Sputnik Azərbaycan)