Uşaq Psixologiyası

Kompüter asılılığının nəticələri -ARAŞDIRMA

Türkiyədə aparılan tədqiqat kompüter asılılığı cinsiyyət, iqtisadi vəziyyət, akademik müvəffəqiyyət, valideyn münasibəti, sinif səviyyəsi, kompüter oyunu oynama müddəti kimi amillərlə birlikdə araşdırılıb. İstanbulda 395 orta məktəb şagirdləri ilə görüş keçirilib. 218 qız, 177  oğlan olmaqla V sinifdən 187, VIII sinifdən 208 məktəblinin iştirak etdiyi tədqiqatda, kompüter bağlılığı ilə bəzi şeylər müəyyənləşdirilib. Oğlanlar qızlardan, VIII siniflər beşincilərdən kompüterdən daha çox asılıdır. Qiymət ortalaması 70-84.9 olanlar,  85-100 olanlara görə kompüterdən daha çox istifadə edirlər. Kompüterdən istifadə və oyun oynama müddəti çoxaldıqca asılılıq səviyyəsi də artır. Kompüter asılılığı artdıqca, depressiya və qorxu səviyyəsi  də yüksəlir. Professor Mehmet Engin Dəniz kompüter asılılığı ilə bağlı şagirdlərə məlumatlandırma seminarları təşkil olunacağını bildirib. Onun sözlərinə görə, məktəb psixoloqları bu məsələdə müəllimləri məlumatlandırmalıdırlar: “İnformasiya texnologiyaları dərsində şagirdlərə kompüterin doğru istifadəsilə bağlı təlimat verilməlidir. Valideynlərə kompüter başında  çox vaxt keçirilən zamanın, zərərli proqram və saytların, uşaqların sosial media hesablarının nəzarəti kimi təlimlər keçirilə bilər. Hədiyyə olaraq verilən kompüter asılılığa yol aça bilər".(AzEdu.az) Psixoloq.az bu barədə psixoloqların fikrini öyrənib. Həmin fikirləri təqdim edirik: Bu asıllıq narkomaniya asıllığı kimi vərdişdir. İnsanın həm psixi, həm də sağlamlığı cəhətdən zərərlidir. Bu mövzuda xüsusilə valideynlər diqqətli olmalıdırlar.

"Qonaq gəlmişik olmaz, sakit ol" - Valideynlərin uşağa verdiyi zülm

-         “Mama.. -         Qonaq gəlmişik olmaz, sakit ol!.. “ Bəli, əksər uşaqlar ailəsi ilə qonaq getdikləri evlərdə bu kimi qadağalarla üz-üzə qalırlar. Belə reaksiyaların uşağa nə dərəcə təsir etdiyini həmin an onun üz ifadəsindən də anlamaq mümkündür. Getdiyi evdə oynaya biləcəyi yaşıdları belə olsa qızarmış, tutulmuş, utancaq üz ifadəsi olur….“quzu kimi”… Hələ bir də özünü əsl tərbiyə edici valideyn qismindən sayan ana-atası oldusa, uşağı digər otağa və ya hamama aparıb “anladığı dildən” izah edib geri gətirir. Əksər halda isə sadəcə uşaq olduğunun günahını yaşayan balacanın üzündə barmaq izləri belə bir çox suala cavab verir. Bəzən valideynlər qonaq getdikləri evlərdə uşaqları o dərəcədə sıxa bilərlər ki, hətta uşaq ayaqyolu istəyi olduqda belə bunu dilə gətirə bilmir. Çox gümanki ana da əvvəlcədən ayıbdı deyə uşağı yetərincə tənbehləmişdir. Halbuki qapıdan çıxan kimi həyətdə münasib bir yerə bunu etmək yetərincə düzgün olmayan hərəkətdi… Dəfələrlə qarşılaşdığım bu kimi durumlara zaman keçdikcə məna verməyə çalışmışam. Gedilən evdə hələ qapını döyməmiş uşağa bir-bir kimə nə demək lazım olduğunu əzbərlədən valideynlər… Çox gümanki uşağın bu cür böyük kimi, yaşına uyğun olmayan şəkildə salamlaşması, hal- əhval soruşması heç də təbii və isti münasibət olmur. Əslində uşaq dediklərinin çoxunun mənasını belə bilməyə bilər. Bunların bir neçəsiylə qarşılaşmış bir uşaqlığım olub, eləcə də çoxumuzun, və bunun nə dərəcədə düzgün olub-olmadığını anlaya biləcək qədər məlumatımız vardır. Məncə, belə yanlış rəftarların yerinə evdə uşaqla keçirilən vaxtı düzgün qiymətləndirmək olar, məsələn: “evcik-evcik” deyə bildiyimiz oyun, qız-oğlan fərq etməz, çoxumuzun uşaqlıqda ən sevimli oyunlarından biri olub, kimi ata, kimi ana, kimi isə körpə və s. rolunda olurdu. Valideyn bu oyunlar vasitəsilə uşaqlarına qonaqlıq, qonaq gələndə, qonaq gedərkən rəftar davranışlarını düzgün mənimsədə bilər. Eləcə də evə qonaq gələrkən uşaqla bərabər vaxt keçirtmək, süfrəni birgə hazırlamaq, yığışdırmaq, oyunda rollar yaradaraq öz oyuncaqlarını və otağını qonaq gələn uşaq ilə paylaşmaq və s. kimi məşğuliyyətlərlə daha yaxşı anlatmaq olar. Tam tərsi gedilən evə çatana kimi yolda uşağa qayda-qanun dərsi vermək yerinə, onun düzgün davranışları özü tərəfindən başa düşülməsini həyata keçirtmək lazımdı. Əlbətdə ki, maskalamaq uşağı tərbiyəli etmək mənasına gəlməz. Normal olaraq hər bir uşaq getdiyi yerdə acıya da bilər, susaya da bilər, yata da bilər, yaşıdı yoxdursa, evdən apardığı gəlinciyi və ya maşını ilə vaxtını keçirdə bilər. Bunun əvəzinə böyüklərin böyük söhbətlərinə qulaq asmaq məcburiyyətində olmamalıdır. Ancaq bəzən valideynlər qonaq getdikləri yerlərdə və ya evlərinə qonaq gəldikləri zaman onların yanında pis vəziyyətdə qalmamaq üçün uşağın hər istədiyini edirlər, bu da getdikcə uşağın daha çox istəklərinin yaranmasına gətirib çıxarır. Belə ki onlar artıq qonaqdan sui-istifadə edə bilərlər. Bu cür valideynlərin əksər hallarda şikayətlənərək işlətdiyi söz… ”uşağımız evdə bir cür, qonaq gələndə ya gedəndə başqa cür olur…” Təbii ki, cəmiyyətimiz tərəfindən kobud şəkildə “ipini qırmış” deyə adlandırılan hiperaktiv xarakterli və ya tamhiperaktiv uşaqlar var. Getdikləri yerlərdə və ya öz evlərində hərəkətləri ilə daim diqqət çəkə bilərlər. Yenə də bu onların günahı deyil. Valideyn yetərincə düzgün tərbiyə, nəzarət etmək bacarığına malik deyilsə, döymək-danlamaqla heçnə əldə edə bilmədikləri halda belə buna davam edirlər. Bunun yerinə uşaq rəftarı ilə bağlı düzgün biliklərə malik insanlara müraciət etmək lazımdır, onlar uzaqda deyil. Hal-hazırda cəmiyyətimizdə ən çox tələbatlardan biri olan uşaq psixoloqlarına müraciət etmək həm uşaq, həm də valideyn üçün daha düzgün bir addımdır. Tez-tez rast gəlinən hallardan biri də, yaşıdları olan evdən qayıdarkən uşaqda ona aid olmayan əşyalar ola bilməsidir. Bu zaman valideyn inanmadığını bildirib araşdırmalıdır, uşağa isə “bilirəm bunlar sənin deyil, ona görə məndə qalacaq” deyib, almaq lazımdır. Yetərli bir müddət edildiyində uşaq bu xasiyyətindən uzaqlaşacaq. Evə qonaq gələrkən, bəzən valideynlərdən əlavə uşaqları da narahat edən bir durum ortaya çıxır. Hazırlıqlar etməyə başı qarışmış ana-ata uşağa “indi işim var, otağına get oyuncağınla oyna!” deyərək ona mane olan bir şəxs kimi rəftar etməməlidir. Belə bir rəftar uşağı qonaqlara qarşı soyuda bilər. Qonağı, anasını ondan ayıran insan kimi görməyə başlayar. Halbuki daha əvvəl də qeyd etdiyim kimi, süfrənin hazırlanmasında, başqa yüngül işlərin icrasında uşağın da köməyindən istifadə edilərsə, həm valideyn, həm də uşaq üçün cansıxıcı bir durum meydana gəlməz. Eləcə də öyrənmənin bir hissəsi həyata keçirilər. Mən, Aytən Cavadzadə 4-cü kurs Psixologiya ixtisası tələbəsi olaraq və Uşaq Psixoloqu olmaq məqsədli araşdırmalarımda, müşahidə etdiyim durumlarda diqqətimi çəkən önəmli saydığım bir mövzuya toxunmaq istədim, bu məqaləmin uşaqlara münasibətlə bağlı daha az bilgilərə, hətta yanlış bilgilərə malik olan valideynləri qismən də olsa doğru istiqamətləndirəcəyinə ümid edirəm… J Aytən Cavadzadə

Uşaqlarda yeməkdən imtina xəstəlik əlamətidir?

Analar uşaq dünyaya gəldiyi andan onların yemə və gigenik normlarına xüsusi diqqət yetirirlər. Xüsusən yemək yedizdirərkən normasını aşaraq “zəifləyəcək” düşüncəsi ilə zorla yedirirlər. Sevgisini körpəsini çox yetizdirərək göstərən ana zaman keçdikcə rolları dəyişərək yeməkdən qaçan uşaq və əziyyət verən ana roluna çevrilir. Bu problem zamanı hər cür vasitələrdən istifadə edilir. Məsələn, onlarla şərt kəsir, şantaj edir, fiziki cəzalandırır, mükafatlandırı heç biri təsir etməsə ən sonda yerə uzadaraq zorla ağzına qoymaya cəhd edir. Amma bu heç də uşaq kaprizi dediyimiz vəziyyət olmaya bilər. Bu əlamətlər anoreksiya dediyimiz klinik- psixoloji problemin başlanğıcı ola bilər.Əsasən anoreksiya uşağın 14-15 yaşlarında müşahidə olunsa da artıq son illər a bu xəstəlik hətta körpələrdə təsadüf olunur. Körpələrdə anoreksiyanın ilk əlaməti, uşağın əmməkdən və ya əmzikdən imtina etməsidir. Bu zaman məcbur etməkdən yaranan spontan qusma izləri, aclıq əlamətləri müşahidə olunmur. Qaşıq ilə yeyərkən isə ağız passiv bir şəkildə açılır, ancaq bu dəfə udma aktı gerçəkləşmir. Körpə yemək yeməsə belə orqanik patalogiya- yuxusuzluq və halsızlıq müşahidə olunmur.Yemək zamanı ana başda olmaq ailənin bütün üzvləri uşağı yedizdirmə prosesində iştirak edir. Mahnılar səslənib hekayələr oxunur, oyuncaqlarla oynanılır, yeməyin dadı ata başda olmaqla digər ailə üzvlərinə- nənəyə, babaya, bibiyə dadızdırılır. Bunlar fayda vermirsə ən son halda yuxuda süd və ya yemək verilir. Təəssüf ki, bunların heç biri körpə tərəfindən qəbul edilmir. Beləcə yemə prosesi uzanır və zorla yedizdirilən yemək udulduqdan sonar körpə tərəfindən qaytarılır.Unudulmamalıdır ki, yedizdirən adam dəyişsə də, uşaqda yeməklərdən imtina davam edəcək. Yeməyi yedizdirən adamın dəyişməsi ilk vaxtlar fayda vermiş kimi görünsə də bu metod qısa müddət ərzində təsirini itirir. Xüsusən belə situasiyalarda valideynlərin əsasən anaların narahatlığı daha çox artır.Uşaqlarda bu əsasən 6.aydan sonra müşahidə olunmağa başlayır. Əsasən uşaqlara zorla yedizdirmə ikinci hallarda infeksiya, peyvənd, diş çıxarma və s. səbəb olur.Körpənin 2yaşından sonra anoreksiya daha da kəskinləşir. Əgər üzərinə düşülməzsə bu problem dərinləşərək yuxusuzluq, nevrotik tutmalar, qıcolma və s. kimi digər psixoloji problemlərə gətirib çıxarır.Anoreksiya müşahidə olunan uşaqlarda mütləq psixoterapiya ilə parallel həkim müayinəsi olunmalı, ehtiyac duyularsa farmakoterapiyadan da istifadə edilməlidir. Xüsusən bu problemli uşaqlarda səbəb valideynlərin zorla uşağı yedizdirməyə çalışmasıdır. Yedizdirmə zamanı nələrə diqqət edilməli: Verilən yemək uşaq tərəfindən imtina olunarsa məcbur edilmədən digər yeməyə keçilməlidir.Yemək az miqdarla başlanmalıdır.İmtina olunan yeməyə yenidən dönülməməli və verilən yeməyin miqdarı dəyişdirilməməlidir.Miqdarın artırılması ancaq uşağın istəyi ilə olmalıdır.Yemək saatlarında ana-uşaq rolları dəyişdirilməlidir. Uşağı tələb edən roluna yönləndirmək lazımdır.Heç bir halda zorla yedizdirlməməlidir.Yemək vaxtında oyun oynanmamalı, uşağın qabağında yemək haqqında danışılmamalıdır. Bunlar zamanla dəyişilməyə başlanmalıdır. Uşağınızı əlləri ilə yeyə, ətrafını və özünü çirkləndirə bilməlidir. Artıq uşaq özü yeməyə cəhd edirsə bu terapiyanın uğurla sonlandığının əlamətidir. Lakin hədsiz narahat və həssas analarla müalicəyə bəzən mənfi təsir göstərə bilirlər. Qayğılı ana tez panikaya qapıla bilir. Hər deyilənləri yerinə yetirsə də, hədsiz həssaslığı anoreksiyanı yenidən yaranması üçün şərait yaradır.Sonda isə , əziz valideynlər, araşdırmalar göstərir ki, uşaqlarda müşahidə edilən əksər problemlərin əksəriyyətinin səbəbi ailə mühiti, ana- atanın psixoloji durumudur. Övladlarınızın sağlamlığı üçün öz sağlamlığınız qoruyun. Əgər problem nə qədər uzun müddət davam edərsə bu bir o qədər ailə münasibətlərinizi zədələyəcək, problemin düzəlmə şansını azaldacaqdır. "NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmova

Həddindən artıq küsəyən, narahat uşaqlar - Təşviş pozuntusu nədir?

Təşviş pozuntuları uşaqlıq döründə demək olar ki, ən çox rast gəlinən ruhi pozuntular içəisində birinci sırada gəlir və statistik məlumatlara görə 8,6- 17,7 % arası rast gəlinmə ehtimalı var. Təşviş pozuntusu olan uşaq daim narahat, təşvişli, gərgin, tez hirslənən və heç cür eahat ola bilməyən uşaqlardır. Belə uşaqlar demək olar ki, hər şeyi fikirləşən, həddindən artıq küsəyən və narahat uşaqlardır. Gündəlik həyatın sıradan hadisələri və ya xəbərlərdə qarşılaşdığı bir qəza xəbəri belə onları qayğılandırıb narahat edə bilər. Təşviş pozuntusu olan uşaqlar özlərinin və ailələrinin və hətta dostlarının təhlükəsizliyi,  sağlamlığı kimi mövzularda həddindən artıq həssas və özlərindən gözlənilənin üstündə məsuliyyət sahibi kimi davranırlar. Bu cür uşaqlar ətrafları tərəfindən yetkin, yaşından böyük davranan, mükəmməlliyyətçi uşaq olaraq tanınır və münasibət görürlər. Bu tip düşüncə və yanaşmalar sıxlıqla uşaqlarda narahat şəxsiyyət xüsusiyyətlərinin ailə və ətraf tərəfindən möhkəmləndirilməsinə gətirib çıxarır.  Təşviş pozuntusu olan uşaqlarda yuxu və diqqət pozuntusu, baş ağrıları, qarın ağrısı kimi müxtəlif fiziki şikayətlər də tez-tez görünür. Təşviş pozuntusu olan uşaqlar həmçinin ailədaxili və ictimai əlaqələrdə, gündəlik həyatda əhəmiyyətli çətinliklər yaşayırlar. Təşviş pozuntuları olan uşaqların demək olar ki, hamısının valideynlərində və ya yaxın qohumlarında bənzər təşviş pozuntuları və şəxsiyyıt xüsusiyyətləri vardır. Valideynlərin təşviş pozuntuları uşaqlara müxtəlif cəhətdən təsir edir. Genetik cəhətdən narahat şəxsiyyət xüsusiyyətləri uşaqlara gen vasitəsilə ötürülməklə, bu cür psixiatrik problemlərə bioloji cəhətdən uyğun olaraq dünyaya gəlməsinə şərait yaradır. Digər tərəfdən narahat valideyn tərəfindən yetişdirilmək uşaqlarda təşviş pozuntularının ortaya çıxmasını asanlaşdırır. Məsələn, uşağının özündən ayrı uzaqlaşmasına və ya ayrı qalmasına icazə verməyən, bu cür vəziyyətlərdə davamlı olaraq həddindən artıq bir qayğı göstərən ananın uşağına verdiyi mesaj, ətraf mühitin etibarsız və təhlükəli olmasıdır. Belə bir uşaqda kökündə ayrılıq qorxusu dayanan təşviş pozuntularının inkişaf riski daha yüksəkdir. Firuzə Qənizadə

Uşağınız yemək yemirsə...Səbəbi psixoloji problemlər ola bilər

Uşaqların iştah və qida davranışının nasazlığı arxasında ciddi psixoloji problemlər gizlənə bilər. Psixoloq.az xəbər verir ki, bu barədə xarici mütəxəssislər məlumat veriblər. Belə ki, tədqiqatda səkkiz yaşdan on iki yaşa qədər iştah və ya qida davranışıyla müxtəlif problemlər yaşayan 215 nəfər uşaq iştirak edib. Psixoloqların gəldiyi qənaətə görə, belə uşaqlar tez-tez psixoloji problemlərdən əziyyət çəkiblər, həyacan və narahatlığ hiss ediblər, həmçinin əhval-ruhiyyənin dəyişməsindən, diqqətin defisiti sindromundan və hiperaktivliydən əziyyət çəkiblər. “Bizim tədqiqatımızın nəticələri göstərir ki, biz yoxlayan uşaqların 22,7 faizi psixoloji təziqdən əziyyət çəkdiyini, (məsələn istehzalar, sataşmaqlar) etiraf ediblər – məhz bunlar onların qida davranışına təsir edib” – deyə məlumatda bildirilib. Sorğunun nəticələrinə görə, uşaqların 69,4 faizı çəki yığmaq qorxusu hiss etdiklərini, 46,6 faizı isə özlərini kök hesab etdiklərini etiraf ediblər.

Uşağınız oxuma və yazmağı bilmirsə...

Bəzi uşaqlarda müşahidə edilən oxuma pozuntusu, diqqət əksikliyi və s kimi problemlər əksər zaman ailələrin diqqətindən qaçır. Mütəxəssislər bu barədə valideynləri diqqətli olmağa çağırır. Mövzu ilə bağlı türkiyəli psixoloq Arslan Özcanlı məlumat verib. Psixoloqun sözlərinə görə, əgər uşaqlarda rahat yazma, oxuma yoxdursa şübhə duyulmalıdır. Bu zaman uşağa zəka testi etdirilməlidir. Adətən uşaqlar riyazi hesablarda daha çox çətinlik çəkirlər. Uşaqların bəziləri hərfləri qarışdırma problemini yaşayırlar. Belə ki, b-d, ve-ev və m-lərin n kimi oxunmağı mümkündür. Yaranan problemləri adətən 3 yaşından sonra təsbit etmək mümkündür. Oxumada olduğu kimi yazmada da çətinliklər yarana bilər. Problemi fərq edilməyən uşaqlar, məktəbi buraxmaq məcburunda qalırlar. Bəzən isə uşaqlarda yazıları tərs oxumaq kimi xüsusiyyət formalaşır.Bu vəziyyət ana ata tərəfindən aşkar edilmədiyi zaman çox çətin hal alır. Azyaşlı dərsləri oxuya bilmir, valideyn isə dərində yatan əsas səbəbi anlamır. Nəticədə isə uşaqlar məktəbi tərk etmək məcburunda qala bilirlər.  Belə uşaqların bir qismi tamamilə müalicə edilərək düzəldilir. Müalicə psixoloq, pedaqoqlarla birlikdə aparılır.(həkimtap)

Bu yaşda uşağı bağçaya qoymayın – Psixoloq bağça seçimindən danışdı

Bağça uşağın sosiallaşması baxımından mühüm yerdir. Bu səbəbdən mütəxəssislər valideynlərə müəyyən yaşdan sonra uşaqlarını bağçaya qoymağı tövsiyə edirlər. Ancaq ilk zamanlar istər uşaq, istərsə də ana üçün çətin dövr olur. Çünki hər uşaq baxçaya eyni cür adaptasiya olmur. Bəs bağçada nələrə diqqət edilməlidir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən EMDR terapevt, psixoloq Yeganə Özeçelebinin sözlərinə görə, uşaqları bağçaya göndərməmişdən  qabaq  onları bu rejimə alışdırmaq lazımdır:  “Yəni ilk olaraq baxçanın yemək saatına, oyun zamanına diqqət edilməlidir. Bağçadan öncə onun haqqında uşağa məlumat vermək lazımdır. Həmçinin digər uşaqlarla oynamağa, paylaşmağı öyrətmək lazımdır.  Eyni rejim isə evdə tətbiq edilməlidir ki, uşaq buna alışsın”. Psixoloq uşaqların 3 yaşında qoyulmağının əleyhinədir.  “Çalışılmalıdır ki, bağçaya qoyulan zaman uşaq 3 yaş krizinə düşməsin. Ya 3 yaşından əvvəl ya da sonra göndərmək daha məqsədli olar.  Çünki 3 yaş krizində adaptasiya daha çətin olur. Uşağın alışması rahat keçsin deyə uşaq sərbəst buraxılmalıdır. Məs, çalışılmalıdır ki, azyaşlı yeməyi yeyə bilsin, tualet etiyacını görə bilsin. Əgər uşaq özünə baxa bilərsə, adaptasiya müddəti daha rahat olar. Ən əsas məqamlardan biri isə uşağa onun rahat edəcəyi geyimləri geydirməkdir”,-deyə psixoloq vurğulayıb. Şəhanə Quliyeva

Elektron qurğular beyin fəaliyyətini azaldır - Dəhşətli araşdırma

"CHEO" tədqiqat institutunun alimləri uşaq və yeniyetmələrin istifadə etdikləri elektron qurğuların beyin fəaliyyətini azaltdığını və normal inkişafa mane olduğunu müəyyənləşdiriblər. Psixoloq.az bildirir ki, tədqiqatlara görə, 20 uşaqdan yalnız biri qurğulardan təyinatı üzrə istifadə edir, digərləri isə rejimi dəyişərək smartfon və planşetlərdən sui-istifadə hallarına yol verirlər. Həkim tövsiyələrinə mütəmadi əməl etməyən uşaqlar üzərində keçirilən sınaqlar əqli qabiliyyətin azaldığını, eləcə də ümumi səhhətin pisləşdiyini göstərib. Mobil qurğular vasitəsilə internet və sosial şəbəkələrə həddən artıq aludəçiliyin ən ağır nəticələri arasında həkimlər tərəfindən müalicəsi ciddi müdaxilə tələb edən psixi pozğunluqlar qeyd olunur.(azərtac)

Uşaqlara fiziki əngəlli uşaqlarla bağlı necə məlumat verilməlidir?

Əvvəla onu qeyd edim ki, bu bir neçə mərhələli prosesdir. 1. Öncə uşaqlara fərqliliklərdən danışın. İnsanların bir-birindən fərqli olmasını nümunələrlə izah edin. Məsələn: sarı və ya qara saç, uzun və ya qısa boy, dolu və ya arıq, əsmər və ya ağbəniz, zarafatçıl və ya ciddi. Sonra bacarıqların da fərqli ola biləcəyindən. Biri rəsm çəkməyi sevirsə, digəri rəqs etməyi sevir. Biri yemək bişirməyi çox yaxşı bacarırsa digəri gözəl yazılar yazmağı və s. 2. İkinci mərhələdə mütləq hörmət etməyi aşılamalısınız. İzah etməlisiniz ki, insanlar hər necə görünürlərsə, hər nəyi bacarır və ya bacarmırlarsa onlar istəyirlər ki başqaları onları anlasın, hörmət etsin, olduğu kimi qəbul etsin. Məsələn dərslərini sənin kimi yaxşı dərk edə bilməyən bir uşaq istəməz ki, sən ona bacarıqsız deyib təhqir edəsən, ondan uzaqlaşasan. İstəyər ki yanında olasan, ona dəstək olasan. Fikrimcə sən də bunu istəyərdin. 3. Və sonunda izah edin ki bizim ətrafımızda bəzi fərqlilikləri olan insanlar var. Məsələn bir ayağı olmayan və ya danışdıqlarımızı eşitməyən, ya da gözləri görməyən. Onlar hansısa bədən orqanına görə fərqlidirlər. Biz insanlar bütün fərqliliklərimizlə gözəlik və bir-birimizə dəstək olmalıyıq. Əgər uşaqlar sizə gördüyü bir fiziki məhdudiyyəti olan insan haqqında sual versə ona qısa və sadə cümlələrlə izah verin. Əgər fiziki əngəlli şəxs tanışdırsa və özünün də icazəsi varsa şərait yaradın o özü uşağa məlumat versin. Və başqa mövzulardan da müzakirə etsinlər. Söhbət yalnız əngəllər üzərində qurulmasın. Əgər övladınızın bu mövzuda sizi narahat edən yanlış davranışları varsa ona bu mövzunu nağıl şəklində də danışa bilərsiniz. Nağıl zamanı bir gəlincikdən (hər hansısa bir hissəsi olmayan) istifadə etmək təsirli olar. Ümumiyyətlə uşaqların bir hissəsi qırılmış oyuncaqlarını (təbii ki kəsici hissəsi yoxdursa) atmağı məsləhət görmürəm. Onun digər oyuncaqlardan fərqli olduğunu və belə də onunla oynaya biləcəyini öyrədin.  Pedaqoq Lalə Məhərrəmli

Uşaqlarda görülən psixoloji problemlər

Uşaqların yaşadıqları emosional və davranış problemlərinə fokuslanan uşaq terapiyası geniş dairədə psixoloji problemləri əla alan və müxtəlif metodlarla bu problemlərin terapiyasına istiqamətlənən psixoterapiya sahəsidir. Uşaqlar da ən az böyüklər qədər psixoloji problemlərlə üzləşirlər. Böyüklərdən fərqli olaraq uşaqlar problemlərini sadəcə sifahi olaraq ifadə etməzlər. Bu baxımdan uşaqlarla aparılan pxisoterapiyalar sadəcə şifahi metodlarla limitli deyil.Uşaqlarda görülən psixoloji problemlər: A. Emosional PozuntularUşaqlıq depressiyasıDipolyar pozuntuDistimiya (kronik depressiya)Anksiyete (Həyəcan) PozuntularıObsessiv kompulsif pozuntuSosial fobiya (sosial həyəcan pozuntusu)Spesifik fobiyalarPosttravmatik stress pozuntusuPanik atakYuxu ProblemleriSomatoform PozuntularYemə PozuntularıAnoreksiya nevrozaBulimiya nevrozaHəddindən artıq yemə pozuntusuCinsi Şəxsiyyət PozuntularıDiqqət Çatışmazlığı və Hiperaktivlik PozuntusuMəktəblə Bağlı ProblemlərMəktəbə getməməAyrılıq anksiyetesiAkademik problemlərAdaptasiya problemləri Digər Sosial, Emosional və Davranış Problemləri(meduna.az)

Uşaqlar hansı yaşda sosial şəbəkələrdən istifadə etməlidir?

Müasir həyatın bir parçası halına gələn internetin mənfi təsirləri uşaqlardan da yan keçmir. Günümüzdə böyüklərlə yanaşı azyaşlılar da internetin aludəçisinə çevrilirlər. Araşdırmalar göstərir ki, gün keçdikcə sosial şəbəkələrdən (Facebook, Twitter, İnstagram və s.) istifadə edən uşaqların sayında artım müşahidə olunur. Bəs azyaşlıların sosial şəbəkələrdən istifadə etmələri nə dərəcədə doğrudur? Onların uşaqlara hansı müsbət və mənfi təsirləri ola bilər? Uşaqların hansı yaşda sosial mediadan istifadə etməsi düzgündür? Psixoloq Sevinc Baxışova  bildirdi ki, uşaqlara internetdən istifadənin təhlükəli olması kiçik yaşlarda aşılanmalıdır: “Günümüzün uşaqlarının 20-30 il qabaqkı uşaqlarla müqayisəsini aparmaq, onların düşüncə tərzinin eyni olmasını fikirləşmək düzgün olmazdı. İnsan artıq virtual aləmin sakininə çevrilir, reallığını itirir və ailə ilə təmasda ola bilmir. Artıq onun öz dünyası yaranır. Sosial biliklər vasitəsi ilə uşaqlarımız lazımsız informasiyalara sahib olurlar. Mənəviyyatsızlıq, əxlaqsızlıq məsələləri ortaya çıxır, uşaqların tərbiyəsi pozulur. Günümüzdə sosial şəbəkələrin istifadəsi çox dəbdədir. Ancaq istifadə vaxtımıza və məqsədimizə diqqət etmək, uşaqların internetdən isitfadəsinə məhdudiyyət gətirmək lazımdır. Çünki 15 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadə etmələrinə qadağalar qoyulmalıdır. Uşaqlar (qız və ya oğlan fərq etməz) hər cür təhlükə altındadırlar. Xüsusilə kiçik yaşdakı uşaqların doğru qərar vermə mexanizmi inkişaf etməmiş olduğundan bu vəziyyət pis niyyətli insanlar tərəfindən istifadə edilə bilər. Bir çox ailə övladının həddindən artıq internet istifadə etməsindən və orada oyun oynamasından şikayətçidir. Bunun qarşısı kiçik yaşlarında alınmalıdır. Ona görə ki, yetkinlik dövründə problemi həll etmək bir az daha güclü iradə tələb edəcək. Heç bir şeyə ondan asılı olacaq qədər bağlanmayın. Çünki sağlam duyğuların ifadəsi asılılıq deyil”.(bizimyol.info)

Uşaqların inkişafını ləngidən əşyalar

Müasir valideynlərin uşaqların erkən inkişafı uğrunda yarışdığı bir dövrdə biməyərəkdən onların inkişafına mənfi təsir edən vasitələrdən də fəal şəkildə istifadə etməkdədirlər. Ailə və uşaq psixoloqu Olqa Kramareviç maarifləndirmə niyyəti ilə valideyn həyatını müəyyən mənada asanlaşdıran lakin ifrat istifadə zamanı uşaqların inkişafını ləngidən əşyaların qısa siyahısını təqdim edir: 1 yaşından sonra əmzik. Əmmə refleksi körpələrə və uşaqlara təhlükəsizlik və rahatlıq hissini təmin edir. 1 yaşından sonra istənilən narahatlıq zamanı əmziyə əl atan uşaqda gələcəkdə dırnaq yemək, qələm gəmirmək və sair bu kimi xoşagəlməz vərdişlər qazana bilər. Üstəlik daima əmzik vasitəsilə rahatlıq halında olan uşaq inkişaf etmək üçün motivasiyasını itirir. Daim ağızda olan əmzik şübhəsiz ki, danışıq qabiliyyətinin inkişafına da mənfi təsiri göstərir. Yaş yarımından sonra bez. Bədəninin funksiyalarını idarə etməyə başlamaq və onun müvafıq reaksiyasını stimullaşdırmaq üçün uşaqlar müəyyən narahatlıq halında olmalıdır. Bez daim uşağı quru saxladığından, onda yaş olaraq narahatlıq hissinin yaranmasına mane olur və uşağın tezliklə bezdən çıxıb normal tualet vərdişlərində ləngimələr müşahidə olunur. Lakin hər bir uşağın yetişmə məqamı olduğu kimi müəyyən istisnalar da mövcuddur ki, bu halda uşağı məcburən bezdən çıxarmaq üçün ciddi stress yaşatmağa ehtiyac yoxdur. Valideynlərin müəyyən qədər səbrli olmaları gərəkdir. Əyilmiş uşaq qaşığı. Sıyığa, yuyucu vasitələrə və vaxta qənaət etmək etmək istəyən valideynlər sözsüz ki, əyilmiş qaşıqlardan istifadə edə bilərlər. Lakin bu cür qaşıqlar uşağın motorikasının və məsafə hissiyyatının inkişafını əngəlləyir. Xodunok. Yenicə ayaq açmış uşaq üçün faydalı hesab edilən bu vasitə əslində onun yıxılmaq imkanını aradan qaldırmaqla normal inkişafına mane olur. Yıxılmaqla uşaq diz və dirsəkləri ilə döşəməni duyaraq daha tez ətraf mühitinə uyğunlaşacaqdır. Səsli-musiqili interaktiv oyuncaqlar. Müxtəlif sözlər deyən və suallara cavab verən elektron vasitələr əslində uşağın oyun süjetinə məhdudiyyət qoyaraq onun sözlərin mənasına varmadan mexaniki təkrar etməyinə səbəb olacaqdır. 3 yaşından sonra 3 təkərli skuterlər. Əgər valideynlər uşağın tezliklə sərbəst skuter sürməyi öyrənməsini istəyirlərsə o halda müəyyən müddətdən sonra təkərlərin sayını azaltmalıdırlar. Valideynlər unutmamalıdırlar ki, uşağın fiziki inkişafı onun intellektual inkişafı ilə bağlıdır! İstənilən yaşda televizor. Televizorun ziyanı haqda kifayət qədər məlumatlı olmaqlarına baxmayaraq valideynlər ondan yayındırıcı və başaldadıcı vasitə kimi fəal şəkildə istifadə etməkdədirlər. Televizor bütün ziyanları ilə yanaşı uşaqların təhsil və təlimində problemlərin yaranmasına səbəb olur. Məhdudiyyətsiz elektron oyunları. Əgər uşaq vaxt və şərt məhdudiyyəti qoyulmadan elektron oyunlarla oynuyursa, onda müəyyən asılılıqlar yarana bilər. Oyunlara aludə olan uşaqlarda müxtəlif növ psixoloji problemlər müşahidə edilə bilər.(milli.az)