Uşaq Psixologiyası

Uşaqlara oxumağı necə öyrətməli?

7 yaşa qədər olan uşağın qazandığı hər bir bilik gələcəkdə 7 qat olaraq geri dönür. Məhz elə buna görə də valideynlərin övladlarına kiçik yaşlarda sərf etdikləri vaxt gələcəkdə daha çox vaxta qənaət etməyə xidmət edəcək. Nəzərə alın ki, kiçik yaşlarda kitab oxumağa alışdırılan uşaqlar gələcəkdə özlərini daha yaxşı idarə edə bilir və təhsildə daha çox uğur qazanırlar. İndi isə bu xeyirli vərdişin qazanılma yollarını nəzərdən keçirək: Uşaqlara kiçik yaşlarından yatmazdan əvvəl kitab oxumaq və bunu davamlı şəkildə etmək laızmdır. Müşahidələr göstərir ki, belə uşaqların qavrama qabiliyyəti artır və onlar təhsildə daha uğurlu olurlar. Uşağa nümunə olmaq vacibdir. Valideynin kitab oxuduğunu görən uşağın da kitab oxumağa həvəsi yaranır. Nəzərə alın ki, uşağı gözəl tərbiyə etməyin əsasında ona gözəl nümunə olmaq dayanır. Kitab mağazasında müəyyən zaman keçirərək uşağın da marağını nəzərə almaqla onun üçün ədəbiyyat seçmək lazımdır. Həftədə 1-2 dəfə ailəvi kitab oxuma saatları təyin etmək də faydalı olar. Hər bir ailə üzvünün oturub kitab oxuması həm ailə üzvləri arasında münasibətin daha mehribanlaşmasına, həm də uşaqlarda kitab oxumağa həvəsin yaranmasına kömək edir. Oxunan kitabları müzakirə etmək də uşaqlar üçün çox maraqlı ola bilər. Bundan başqa oxunan kitablar haqqında fikirləri 1 dəftərə qeyd etmək də yaxşı nəticə verir. Bunlar uşaqda öz fikrini çatdırmaq qabiliyyətini artırır. Uşaqda kitab oxumağa həvəs yaratmaq mümkün olmursa, əlavə vasitələrdən istifadə etmək də olar. Misal üçün, səsli kitablar, maarifləndirici uşaq verilişləri, DVD-lərdən də istifadə etməklə uşaqlarda kitab oxumağa maraq oyatmaq olar. Bəzən uşaqların beyni gün ərzində lazımsız informasiya ilə yükləndiyi üçün də uşaq yorulur və kitab oxumaq istəmir. Bu səbəbdən də uşaqları televizor, kompüter, mobil telefon və bu kimi vasitələrdən mümkün qədər uzaq tutmaq, bununla da beynin lazımsız informasiya ilə yüklənməsinin qarşısını almaq olar. Ən əsası uşağın eşitmə, görmə və dil qüsurunun olmadığından əmin olmaq lazımdır. Diqqət əskikliyi və hiperaktivlik problemi olan uşaqlarda da oxuma sürəti zəif ola bilər. Uşağı təqdir etmək vacibdir. Uşaqları kitab oxuduğu üçün tərifləməklə, hər oxuduğu kitaba görə kiçik hədiyyələr verməklə motivasiyasını artırmaq olar.

Övladınızı dinləyin

Övladınızla hər gün söhbət etmək üçün mütləq zaman ayırın. Sizə başa salmaq istədiyi bir şey olanda təxirə salmayın, onu diqqətlə dinləyin. Onu dinləyərkən başqa işlərlə məşğul olmayın. Danışarkən gözlərinin içinə baxın, yumşaq və anlayışlı münasibət göstərin. Danışarkən deməyə çəkindiyi, gizlətdiyi hissləri olub olmadığını anlamağa çalışın. Bədən dili mesajlarına diqqət edin. Fəal dinləyici olun. Bir mövzunu qoyub başqa mövzuya keçməyin, sözünü kəsməyin, mövzunu dəyişdirməyin. Daha çox onun danışmasına səy göstərin, siz yaxşı bir dinləyici olmağa çalışın. Uşağınızın danışdıqlarına hörmət göstərin, onu tənqid etməyin, onunla istehza etməyin. Ünsiyyət maneələrindən uzaq durun. Uşağınızın duyğu və düşüncələrini sərbəst və qorxmadan ifadə etməsini təmin edin. Soruşduğu suallara aydın və dəqiq cavablar verin. Cavablarınızın onun yaşına uyğun olmasına diqqət edin, amma əsla yalan və ya yanlış məlumatlar verməyin. Bilmədiyiniz bir məsələdə dürüstcə bilmədiyinizi söyləməkdən çəkinməyin. Amma bu barədə məlumat toplaya biləcəyinizi qeyd edin, hətta bunu birlikdə edin. Bütün bunlara diqqət etməyiniz, övladınızın özünün və fikirlərinin önəmli olduğunu hiss etməsini və ona qiymət verdiyinizi anlamasını təmin edəcəkdir. Beləliklə, aranızda möhkəm dostluq qurulacaq və yetkinlik çağında ehtiyac duyacağınız yoldaşlıq əlaqəsinin də əsasları atılacaqdır

Uşaqların əsəbləri necə idarə edilməlidir?

Həyatımız boyunca duyğu və düşüncələrimizi ifadə etməyə ehtiyac duyarıq. Bu zaman təməl istəyimiz isə anlaşılmaqdır. Psixoloq.az xəbər verir ki, uşaqlar da həyatlarındakı sıxıntıları paylaşmaq, həll etmək istəyirlər. Azyaşlılar isə istəklərinin dərhal və mütləq şəkildə gerçəkləşməsini istəyə bilərlər. Valideynlər isə uşaqlar ağlamasın deyə bütün istəklərini yerinə yetirməyə çalışırlar. Bəzən isə uşaqlar analarına istədiklərini qəbul etdirmək üçün normalda davrandıqlarından daha arzuolunmaz vəziyyətdə olurlar. Uşaqların əsəblərini çölə vurması onlar üçün daha faydalıdır. Bu məqamda psixoloqlar, valideynlərə, uşaqların hirs və istəklərini doğru yola - şəkil çəkmək, oyunlar oynamağa yönəltməyi tövsiyə edirlər. Uşaqlarda toplanan enerji təbii yollarla atılmadığı zaman bir sıra problemlər yarada bilər. İstənilən bir davranış forması uşağa deyilərsə, körpə bunu etməyə bilər. İstənilən reaksiyanı görmək üçün ailə içində elə davranmaq əsas şərtdir. Lazım gəldikdə uşaqdan belə kömək istəmək məqsədyönlüdür. Bu sahədə medianın rolunu da unutmaq olmaz. Qeyd edək ki, uşağa mərhələli şəkildə öyrətmək lazımdır. İstənilən davranış şəklini almaq üçün isə bəzən uzunmüddət tələb oluna bilər. Tərcümə etdi: Şəhanə Quliyeva

Uşaq psixologiyasında fərdi işin rolu

Uşaq psixologiyası dərin bir sahə olub özündə uşaqların normal inkişaf cədvəlini,qarşıya çıxan problemlərin həlli yollarının tapılmasını,yaş dövrlərini,yaş böhranlarını və bütün bu mərhələlərdəki cüzi və ya böyük sıçrayışlı dəyişiklikləri öyrənir. Bütün bunlarla yanaşı uşaq psixologiyasında fərdi işin də özünəməxsus yeri var.Hansı ki,bəzi diaqnozlar zamanı hətta uşaqla uzunmüddətli fərdi iş planının hazırlanaraq tətbiqi daha məqsədəuyğun hesab olunur. Uşağın probleminin mənbəyini kiçik münaqişələr,stress və ya keçmişdə baş verən müəyyən vəziyyətlə bağlı yaşanılan və hal-hazırda da özünü biruzə verən müəyyən emosional pozuntular təşkil etdiyi hallarda onlarla fərdi iş aparılmasına daha çox ehtiyac duyulur. Az yaşlı uşaqlarla psixoloq çox vaxt oyunlar vasitəsilə ünsiyyət qurmalı olur.Bu,hər şeydən əvvəl  uşaqla böyüklər arasında münasibətin formalaşmasını təmin edir.Oyun zamanı istifadə olunan oyuncaqlar uşaqların duyğularını,düşüncələrini və narahatlıqlarını ifadə etməyə imkan verir.Rənglər, plastilin,ailə üzvlərini əks etdirən balaca oyuncaqlar,əsgər fiqurları,tüfənglər heyvanlar-bütün bunlar oyunun keçirilməsinə kömək edən vasitələrdir. Fərdi iş zamanı aşağıdakıları yadda saxlamaq lazımdır.1) Psixoloji  çətinliklərin təbiətinin dəqiq  müəyyən edilməsi bütün gələcək fəaliyyətin ən vacib məqamı hesab olunur.Psixoloq uşağın bu çətinliklərinin və ya problemlərinin yaranmasına imkan verən və onun əsasında duran psixoloji  səbəbləri  müəyyən etməlidir.2) Psixoloq uşağa qulaq asaraq ,onun öz hisslərini və fikirlərini bildirməsi üçün şərait yaradır.3) Psixoloq uşağı başa düşdüyünü və var gücü ilə kömək etməyə hazır olduğunu ona göstərməlidir.4) Psixoloq və uşaq görüşlərin məqsəd və vəzifələrini müəyyən etməlidir.Terapiya fəaliyyətinin hansı xüsusi istiqamətə yönəldiyi və nə ilə bağlı olduğununun uşaq tərəfindən başa düşülməsi mühüm əhəmiyyət kəsb edir.5) Psixoloq uşağa onun davranışında hansı halların qəbul olunmaz və mənasız olduğunu izah etməlidir.6) Terapiya uşağın davranışının dəyişdirilməsinə yönəldiyi hallarda ,təkcə uşaqla fərdi şəkildə deyil,bütünlükdə ailədə belə  terapiyanın aparılması daha faydalı ola bilər.

Ailədə autizmli uşaqların digər övladlara təsiri

Autizm spektr pozuntusu olan uşaqların bacı-qardaşlarının psixologiyasına müsbət və mənfi təsirləri mövcuddur. Çox vaxt uşağına autizm spektr pozuntusu diaqnozu qoyulan ailə böyük bir şok yaşayır və yenicə diaqnoz qoyulmuş autik uşağa görə həyat tərzini dəyişməyə başlayır. Məsələn,valideynlərdən biri autik uşağın qayğısına qalmaq üçün  tez-tez uşaqla evdə qalır,digər bacı-qardaşlar kiçik köməkçi rolunu yerinə yetirməyə başlayırlar və digər valideyn isə ailənin hər ehtiyaclarını təmin etməyə çalışır. Xəstə uşağının problemlərinə hədəflənmiş valideynlər sağlam uşaqlarına qarşı laqeyd davranırlar. Valideynlərin autik uşağa həddindən çox olan qayğısı normal inkişaf edən uşaqlarda imtina edilmişlik hissi yaradır, amma onlar “kiçik ana” və “kiçik ata” rolunu öz üzərlərinə götürüb vaxtından əvvəl böyüyürlər. Bəzən “xüsusi uşaq” olan ailələrdə normal inkişaf edən uşağa olan gözləntilər daha çox olur. Beləliklə, sağlam uşaqlar məsuliyyət götürməyi özlərinə borc bilib valideynlərinə dəstək olurlar. Bir sıra müəlliflər (D.J. Meyer, P.F. Vadasi, 1996) bu növ uşaqlarda müəyyən emosional reaksiyalara diqqət yetirirlər: qəzəb, nalayiqlik, günahkarlıq, qısqanclıq, qardaşına və ya bacısına görə utanmaq, təklik hissi və başqaları.        Xüsusilə sağlam uşağın autizm spektr pozuntusu olan qardaş və ya bacısına daimi qayğı göstərməsi, gələcəkdə onun seçəcəyi peşənin insanlara kömək edən sahə ilə bağlı olmasına səbəb ola bilər. (Meyer, Vadasi, 1996). Unutmamaq lazımdır ki,ailədə nə qədər böyük çətinlik olursa olsun hər uşağın öz uşaqlığını normal yaşamaq haqqı var.