Övladınız ölümlə bağlı suallar verirsə -Ceylan Mumoğlunun övladına möhtəşəm cavabı

Uşaqlar çox suallar verir. Bəzən elə suallar olur ki,valideynlər bu sualları cavablamaqda çətinlik çəkir.Belə suallardan biridə uşaqların insanın nədən doğulması və ölməsi haqqında sualdır ki,yalnış cavab uşaqlarda ölüm qorxusu , itirmə qorxusu kimi gələcəkdə isə bir çox ugursuzluqlarının altında yatan psixoloji travmaya səbəb ola bilər.   Psixoloq.az xəbər verir ki, Aydınlanma səyahəti kitabının müəllifi və eləcədə bir çox yazıları ilə rəğbət qazanmış yazıçı Ceylan Mumoğlu özünün sosial şəbəkə hesabında oğlu ilə arasında  keçən dialoqla bağlı paylaşım etmişdir.Həmin yazını oxuduqdan sonra bu qənaətə gəldik ki, yazıçı ana övladına ən doğru psixoloji yanaşma göstərib. Bu isə uşaq və ailə mövzusunda, uşaqların suallarına cavab verməkdə  çaş baş qalan valideynlər üçün gözəl bir örnəkdir.Bu səbəblədə həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik. Günlərin bir günü "filosof" oğlum yenə öz düşündürücü sualıyla kəsdirib başımın üstünü, xatırlayıram; əlimdə hansısa romanın maraqlı səhnəsini oxumaqdaydım, elə bil körpəni anasından ayırmaq hissinə bənzər hiss yaşatdı. Amma Allahdan, sualı maraqlıydı, yarıda kəsilməyimə o qədər də üzülmədim. Maraq dolu baxışlarını üzümə zilləyib soruşdu: "Ana, insanlar dünyaya niyə gəlirlər? Yox ey, əgər gəlirlərsə, sonra niyə ölürlər?"Əvvəl ağlıma gəldi ki, dərsliklərdən öyrəndiyimiz bilikləri olduğu şəkildə ona izah edim, bilik transformasiyası edim. Sonra bu istəyimdən vaz keçdim. Dedim, onsuz da müəllimlər bu bilikləri məktəbdə ona öyrədəcəklər də, niyə tələsirəm? Qoy orda da öyrənmək üçün yeni nələrsə qalsın. Başladım, insanın doğulub-ölməsini çaylarla okean nümunəsində özümçün obrazlaşdırmağa. Dedim, oğlum, bax, təsəvvür elə çaylar da bizim kimi insanlardı. Başladıqları yerdən axarkən nə qədər uzun məsafələr qət edib, sonra okeana tökülürlər. Bilirsənmi, onlar okeana tökülmədən əvvəl qorxudan tir-tir əsirlər. Oğlum gözlərini qaldırıb artmış marağıyla soruşur: "A niyə ki? Niyə qorxurlar, kimdən, nədən?"Onlar geri qayıtmamaqdan qorxurlar. "Ana, guya bilmirlər ki, geri qayıda bilməzlər? Bəyəm çaylar geri qayıda bilir ki? Bir yöndə axıb gedirlər". Ay sağ ol da, ardına qulaq as. Çaylar axdıqları yol boyunca nə qədər gözəl mənzərələr görür, macəralar yaşayır, eyni zamanda həyatın onlara hazırladığı çətinlikləri də yaşayırlar. Bəzən hamar çəmənlər, bəzən dolaşıq meşələr, hətta dağların zirvələrindən keçərək axırlar. Bu zaman içlərində olan qorxu hissi elə də çox olmur. Çünki hələ okeana yaxınlaşmayıblar, ona çatıb nəhəng sulara qarışmayıblar. "Ana, böyük sulara qarışanda nə baş verəcək ki?" Hə, bax çayları narahat edən məsələ də elə budur. Onları qorxudan şey naməlumluqdur, təcrübəsizlikdir, bilinməzlikdir. Təkcə bunu bilirlər ki, onlar axırlar və geri qayıtmaları mümkün deyil, əvvəl-axır mütləq okeana töküləcəklər. "Bəs çaylar necə etməlidirlər ki, qorxmasınlar? Onlara kim kömək edəcək?"Çaylar okeana tökülmədən öncə qorxu hissinə qalib gəlməlidirlər. Öyrənməlidirlər ki, okeana tökülmələri onları heç də yox etməyəcək, əksinə okeanla birləşib birlik olacaqlar. Bu bir tərəfdən yoxoluşdursa, digər tərəfdən dirilmədir. "Hmm, ana, başa düşdüm. Deməli, çaylara heç kim kömək etməyəcək, özləri özlərinə kömək etməlidirlər. Qorxmamağı öyrənməlidirlər". Elədir, əziz oğlum, həm qorxmamağı, həm də "dirilməyi" okeana tökülmədən öncə öyrənməlidirlər. Axı Müqəddəs Kitabımız Quranda da deyilir: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!" (Bəqərə surəsi, 156). Ceylan Mumoğlu 

Təfəkkür və Nitqin xüsusiyyətləri

Təfəkkür və nitq psixi hallardan olub bir-birilə sıx bağlılıq təşkil edir.Belə ki,nitqin ləng inkişafı, lüğətin passiv olması ümumiləşdirmələrin zəifliyi və ayrı-ayrı analizatorların qüsurları təfəkkürün funksiyalarının zəifliyinə gətirib çıxarır.Təfəkkür mürəkkəb xarakterli olub,beynin şərti-reflektor fəaliyyətinin mükəmməlləşdirilməsini tələb edir.Oliqofrenlərdə(intellekt pozuntusu olan uşaqlar)yeni,xüsusi ilə də mürəkkəb şərti əlaqələr  çətinliklə və ləng  formalaşır.Buna görədə hər hansı bir psixi pozuntusu olan uşaqlarda ümumiləşdirmə gec və  konkret  formalaşır.Nitq təfəkkürdən asılı olduğu kimi sadə təfəkkürün formalaşması da qavramadan asılır.Buna görədə psixologiyada təfəkkür qavramanın növbəti mərhələsi kimi qəbul edilir.ümumiləşdirmə,fərqləndirmə,müqayisəetmə,təsnifləşdirmə və qruplaşdırma ayrılıqda təfəkkür prosesi kimi öyrənilir.Bu proseslərinin hər hansı birinin pozulması bütövlükdə təfəkkürün pozulması deməkdir.Əqli cəhətdən geri qalan məktəblilərin təfəkkürünün əsas çatışmazlığı –ümumiləşdirmənin zəifliyidir.Bu çatışmazlıq təlim prosesində biruzə verir (qaydaların,ümumi anlayışların mənimsənilməsində). Buna görə də qrammatikanın və riyaziyyatın öyrənilməsi zamanı qaydaların mənimsənilməsinin çətinlikləri müşahidə olunur. Streotip təfəkkür,analiz və sintezin xüsusiyyətləri də oliqofrenlərə xasdır.Bu isə nitqdəki qüsurları qaçınılmaz edir.Nitq inkişafının gec başlamasından əlavə,bu uşaqlarda passiv və fəal lüğətin zəifliyi müşahidə edilir.Mənimsənilən sözlər onun fəal lüğətinə daxil edilsə də,düzgün mənisənilməmiş olur.İntellekt pozuntusu olan uşaqlarda sözün mənasının mənimsənilməsi çox hallarda onun gerçəkliyinə uyğun olmur.Nitqin qrammatik quruluşu zəif inkişaf edir,mürəkkəb cümlələr olmur,onlar öz fikirlərini izah etməkdə çəinlik çəkirlər.Nitqin inkişafsızlığı və təfəkkürün konkretliyi qarşılıqlı əlaqədə və qarşılıqlı asılıdırlar.Buna görədə istər intellekti pozulmuş,istərsədə normal intellekte sahib olan uşaqlarla işləyən zaman psixi prosesləri həmçinin onların sensetiv dövrlərini bilərək işə başlasanız daha uğurlu nəticə əldə etmiş olarsınız.Psixi hallar arasında əlaqələrin yaradılması isə bilavasitə intellektin artmasına gətirib çıxarır.

Loqopediya nədir? - Əsas vəzifələri

Loqopediya - nitq inkişafı zamanı əmələ gələn qüsurların aradan qaldırılması və qarşısının alınması ilə məşğul olan pedaqoji elm sahəsidir. Nitq, insana məxsus olan ali psixi funksiyadır. O, uşağın bütün psixi həyatında mühüm rol oynayaraq onda əsas idrak proseslərinin formalaşmasına şərait yaradır. Sözsüz ki, uşağın nitq inkişafında baş verən pozğunluq, onun bütün psixi proseslərinin formalaşmasına çox böyük mənfi təsir göstərə bilər. Bu pozulmalar nəticəsində ətraf mühitdə ünsiyyət yaratmaq çətinliyi ilə yanaşı, idrak proseslərinin düzgün formalaşmaması, bilik, bacarıq və vərdişlərinin qavranılmasında ciddi qüsurlar əmələ gəlir. Bütün bunlar da uşağı ən vacib vasitədən – özünütəsirlənmədən məhrum edir, onda davranış dəyişmələri, neqativizm, inamsızlıq yaradır. Nitq qüsurlarının aradan qaldırılması və  qarşısının alınması şəxsiyyətin harmonik inkişafına kömək edərək, bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır. Buna görə də loqopediya defektologiyanın bir sahəsi olub eyni zamanda ümumpedaqoji vəzifələrin həyata keçməsinə kömək edir. Nitq inkişafı qüsurları anlayışı təkcə şifahi nitqlə məhdudlaşmayıb, onun yazılı formasına da aid edilir. Bu sahə nitqdə baş verən dəyişmələri onun yaşla əlaqədar dəyişmələrindən fərqləndirir. Belə ki, müəyyən yaşa qədər səslərin səhv tələffüzü, lüğətin azlığı, cümlənin düzgün qurulmaması, dilə yiyələnmə prosesində normal sayılaraq fizioloji hadisə kimi qiymətləndirilir. Bu hadisəni nitq inkişafının patologiyası ilə qarışdırmaq olmaz. Loqopediyanın əsas vəzifəsi nitqi qüsurlu uşaqların xüsusi təlim – tərbiyə qanunauyğunluqlarını təqdim etməkdir. Bu məqsədlə nitq qüsurlarının yaranması və səbəbləri, xarakter və strukturu açıqlanmalıdır. Əldə edilən nəticələrdən isə nitq qüsurlarının müxtəlif formalarını elmi şəkildə əsaslandırılmış vasitə və üsullarla aradan qaldırmaq yolları işləyib hazırlamaq üçün istifadə edilir. Və son olaraq isə çox geniş bir sahəni əhatə edən loqopediyanın məktəbəqədər, məktəb və yaşlılar loqopediyası hissələrindən ibarət olduğunu bildirməliyik. Bu isə bizdə bu sahənin nəinki məktəbəqədər və məktəb yaşlı uşaqlarda korreksiyanın aparılması o cümlədən də, yaşlılarda hər hansı parezlərdən və ya əməliyyat zamanı səs tellərinin zədələnməsindən əmələ gələn nitq pozulmalarını aradan qaldırdığı fikrini əsaslandırır.

Əgər bərbər sizə deyirsə ki ,sənə bu saç düzümü yaraşmır- stilist İlkin Əhmədoğlu

Psixoloq.az xəbər verir ki,tanınmış stilist, bərbər İlkin Əhmədoğlu özünün facebook sosial hesabında saçlara necə kəsim və qulluq edilməsi ilə bağlı marqlı bir yazı paylaşmışdır.Həmin yazını olduğu kimi sizlərə təqdim edirik  1) Əgər bərbər sizə deyirsə ki , sənə bu saç düzümü yaraşmır gəl bunu dəyişib sənin imicini dəyişək , o zaman bu sözə çoxda aldanmayən çünki baxış bucaqları fərqlidir . Onun zövqü sizi qane etməyə bilər və beləliklə ortada sizi qane etməyən saç düzümü ilə qalan siz olacaqsınız . Hal hazırda gənclər arasında Pampadour saç düzümünün Drop Fade , High Fade , Slow Fade birləşmələri kimi saç düzümləri dəbdədir . Bu kənardan asan görünən iş özündə bir neçə keçidləri əks etdirir . Keçid isə bunlardan ibarət ola bilər . Ülgüz + 0 + 0,5 + 1,5 + 2 . Bu saç düzümü üçün saçın üstünün çox olması şərtdir . Başın kənarları üstə doğru keçitdə ( mütləq ) hamarlaşdırılmalıdır , heç bir qəfil keçid olmamalıdır . Başın qabaq hissəsindən , başın arxasına kimi ( saçın bitdiyi yumuru dairəyə qədər olan məsafə ) kəsim çoxdan aza olmalıdı ki ( çolka ) çox görünsün . Bu cür səliqə və dəqiqliklə kəsilən saç həm nəm həm də quru halında rahat daranır və düzümə rahat yatır . 2) Kəsim Saç kəsimi hər zaman müxtəlifliyi ilə seçilib və müştərinin üz quruluşuna görə aparılmalıb . Burada müştərinin çənə sümüyü , başın ümumi forması , alnın hündürlüyü və ya alçaqlığı , qulaqlar və ən nəhayət burun nəzərə alınmalıdır . Məhs bu kimi halları üstün tutan bərbərin saç kəsimi hər zaman mükəmməl alınar və müştərisi razı qalar . 3) Fen . Fenlə saçınızı ev şəraitində qurutduğunuz zaman və yaxud saç düzümü etdiyiniz zaman mütləq Fenin istiliyini orta dərəcə qoymalı başınızdan ən azı 30 - 40 sm uzaqlıqlda saxlamalısınız . Bu halda siz saçınızı yandırmayacaqsınız , yanmış saç sizə lazım deyil təbii ki . Saçınızı ev şəraitində düzüm ( ukladka ) etmək isəyirsinizsə hökmən saçlarınızı yumaq şərtdir , çünki bu halda saçlarınızın yağlılığı olmayacaq və düzümə daha asand yatacaq + bu halda saçınız yanmayacaq . Saçlar yanarsa onlar sarımtıl rəng alacaq bunu nəzərdə saxlayın . Yanmış saç tez qırılır istər ortadan , istər dibdən , istər saç qıranlarla . 3) Saç qıran Bir çox xanımlarımızın əsas saç problemlərindən biri də bildiyiniz kimi saç qırandır . Belə olduğu halda saçınızda saç qıran varsa mütləq ondan can qurtarmağınız vacibdir , çünki o yayılır . Saç qırandan isə müxtəlif üsullarla qurtulmaq olar . Günümüzdə bir çox vasitələr var ki , saç qıranları məhv edir saçınızı hamar və parlaq saxlamaqda sizə yardımçı olur . Bu vasitələr çox zaman salonlarda olur . Həm saç qıran üçün xüsusi maşınka , həm qayçı . Özünüzün bunu etməyi MƏSLƏHƏT GÖRÜLMÜR . Həmçinin saç qırandan saçınızı yandırmaq üsulu ilə də qurtula bilərsiniz bu çox riskli bir prosedur olduğu üçün mütləq salon şəraitində professional ustalar tərəfindən aparılmalıdır . 4) Saça qulluq Dövrümüzdə bir çox şampunlar var ki bunların da bəzən məmbəyi , bəzən də effektliyi bizə şübhəli qalır . Bilirsiz niyə ? Çünki siz şampunu saçınıza uyğun seçmirsiniz ona görə də sizin saçla baölı probleminiz həll olunmur əksinə problüm daha da dərinləşir və nəticədə saç tökülməsinə gətirib çıxardır . Əslində hər bir insan geyimi , yediyi yeməyi , gəzmək istədiyi məkanı , dostlarını seçməklə yanaşı saçına şampunu da düzgün seçməlidir çünki bundan çox şey asılıdır )))) Məsələn : Əgər sizin saçınız yağlanırsa o zaman siz Normal saçlar üçün şampun alacaqsınız ? Xeyir . Sizə yağlanmağa qarşı olan şampun lazımdır . Əgər siz saçınızın tökülməsini hiss edirsinizsə o zaman saç tökülməsinə qarşı şampun alacaqsınız . Bu məsləhətlərə mütləq riyaət etdiyiniz halda saçlarınız problümi azalacadır . 5) Saç tökülməsi Bu hal həm xanımlarımızın həmdə bəylərimizin öndə olan problemlərindən biridir . Həmişə mənə sual olunur ki , mən nə edim ki saçımın tökülməsinin qarşısını alım ? Cavabım bilirsiz nə olur ? Get həkimə ))) Çünki mən bərbərəm mən sizə yalnız kəsimdə yardım edə bilərəm üzünüzə uyğun saçınızı kəsərəm . Bu mənim peşəmdir və peşəmi çox gözəl bildiyim üçün bu sahədə sizə yardıçı ola bilərəm . O ki , qaldı saç tökülməsinə bu hal bir neçə amillərə bağlıdır bunlar : Əsəb , stress , şəkər xəstəliyi , aclıq , vitamin çatışmazlığı kimi səbəblərə aiddir . Ən çox hallarda əsəb və stressdən olur . Saç tökülməsinin əsas problemini araşdırıb onu müalicə edin yəni əsəblərinizi məhs bundan sonra siz saçınızla bağlı heç bir problem yaşamayacasınız . Əgər siz daim stress və əsəb keçirəcəksinizsə nəyinki saçınız hətda əl və ayaq qırnaqlarınız belə həssaslaşacaq o cümlədən dişləriniz də problem yaşayacaq . Sinir bədəndə bir çox xəstəliklərin təməlini təşkil edir . Odur ki ilk növbədə onu müalicə edin  Diqqətinizə görə təşəkkür edirəm Əgər saç və saç düzümü ilə bağlı suallarınız yaranarsa İlkin Əhmədoğluya müraciət edə bilməniz üçün əlaqə telefonu 051 414-43-35

Geştalt terapiya nədir?

Geştalt almancadan tərcümədə “bütöv obraz” deməkdir. Metodun yaradıcısı Frederik Perlz hələ Almaniyada olarkən Z.Freydlə audiensiya (şəxsi görüş) haqda düşünürdü. Onunla söhbətləşmək, öz nöqteyi-nəzərini izhar etmək, metrin bəzi nəzəri xəta və yanlışlıqlarını müzakirə etmək istəyirdi. Almaniyada siyasi vəziyyətin kəskin pisləşməsi Perlzı ölkəni tərk etməyə sövq edir. O əvvəl Hollandiyaya, sonra Cənubi Afrikaya köçür. Afrikada işləri qaydasında gedir. O burada psixoanaliz institutu yaratmağa müvəffəq olur, özünə təyyarə və bahalı rayonda dəbdəbəli malikanə alıb savadlı geştalt-terapevt kimi tanınmağa başlayır. 1936-cı ildə özü idarə etdiyi şəxsi təyyarə ilə 2000 mil yol qət edərək psixoanalizə həsr olunmuş konfransda iştirak etmək üçün Avropaya gəlir. Böyük çətinlik və şəxsi əlaqələr hesabına Freydlə görüşə nail olur. Metr qonağı uzun müddət dəhlizdə gözlətdikdən sonra nəhayət ki, pişvazına çıxır. Onların arasında mənasız dialoq baş tutur: - Mən Cənubi Afrikadan gəlmişəm ki, burada mühazirə oxuyum və sizinlə tanış olum. – deyir Perlz. Freydin cavabı gözlənilməz olur: - Çox əcəb. Nə vaxt qayıdıb gedirsiniz? Daha dörd dəqiqə havadan danışdıqdan sonra onlar həmişəlik ayrılırlar. Bu görüş Perlzı qəlbinin dərinliklərinə qədər təhqir edir.İnsident öz misalı ilə yarımçıq geştalta gözəl nümunə sayıla bilər. Bundan sonra Perlz ömür boyu Freyd ilə xəyali dialoqlar quraraq metrin zəif cəhətlərini üzünə çırpmış, yeni konsepsiyanın müxtəlif çalarlarını aşkarlamışdı. Nəticədə natamam geştalt nəzəriyyəsi təkmilləşdirilmiş, qazanan psixoanaliz olmuşdu. Qeyd edildiyi kimi geştalt – bütövlükdə qavrama deməkdir. Biz rəsm əsərinə baxanda tək-tək rəng yaxmalarını yox, ümumi tandemi görürük. Avstriya fiziki və filosofu Ernst Max göstərmişdi ki, musiqinin tonallığının dəyişdirilməsi onun tanınmasına əngəl törətmir. Çox məşhur daha bir misal var. Kembric universitetinin tədqiqatlarına əsasən sözlərdə hərf ardıcıllığı pozulsa belə, ilk və son hərflərin yerində işlədilməsi sözlərin düzgün oxunmasına rəvac verir. Çünki insan beyni tək-tək həfrrəli yox, bövütlüdkə szöü ouxuyr. Tamamlanmamış prosesləri beyin fiksə etməyə meyllidir. Bu, bir psixoloqun adı ilə Zeyqarnik effekti adlanır. Bu şəxs müşahidə etmişdi ki, kafedəki ofisiantlar yerinə yetirilməyən sifarişləri yadda saxladıqları halda icra olunmuş sifarişləri həmən unudurlar. Sonrakı tədqiqatlar onun müşahidəsinin təsdiqini verdi – icra olunmamış vəzifələr insan beynində müəyyən gərginlik yaradır. Natamam geştalt nə vaxt yaranır? 1.İllər boyu arzusunda olduğunuz bir şeyə çatmayanda. 2.Kimləsə münasibətiniz müəmmalı şəkildə qırılırsa, yaxud qəribə tərzdə sonuclanırsa. 3. Hansısa iş yarımçıq saxlanılırsa. Bir sözlə, istənilən natamam akt haqqında söhbət açdığımız kompleksin yaranmasına səbəb olur. Kompleksin yaranmasının göstəriciləri – sizi narahat edən keçmişə qayıtmaq həvəsiniz; sadalanmış mövzulara xəyalən döndüyünüzdə daxilinizdə baş qaldıran qıcıq və diskomfort hissidir. Evdə illərlə istifadə olunmayan əşyalar, çardaq və ya zirzəmidə keçən əsrdən qalma relikviya, lazım olmayan kompüter faylları, köhnə kağızlar, sənədlər, heç cür bağışlaya bilmədiyiniz insanlar, unutmaq iqtidarında olmadığınız neqativ hallar və s. və il. – bunlar hamısı yarımçıq geştalt ordusunun əsgərləridir. Frits Perlzin fikrinə görə nevrozu kultivirə edib qidalandıran əsas mənbə tamamlanmamış (açıq) geştaltdır. Natamam geştalt özbaşına bağlana bilərmi? Yox, əlbəttə. Burada ən düzgün yol onu mümkün qədər iqnor etməkdir. Əgər siz bütün emosiyalarınızla onu həyatınızda saxlayırsınızsa (dönə-dönə üzərinə qayıdır, götür-qoy edir, gecə-gündüz fikirləşir və beləliklə onu öz həyat enerjinizlə qidalandırırsızsa) o zaman əmin ola bilərsiniz: o heç zaman bağlanmayacaq. Burda V.Zelandı xatırlamaq yerinə düşür. “Reallığın transerfinqi”. Arzuladığınız bir şeyin həyata keçməsi ona verdiyiniz dəyərdən və vaciblik statusundan asılıdır.  Amma limit gözlənilməlidir. “Çılğınlıqla arzulamağın kifayətdir ki, istədiyinə çatasan” – bu kəlamı unuda bilərsiz. Karmist nəzəriyyəçilərin də təməl müddəalarından biri ideallaşdırmaya aid idi, yəni heç nəyi mütləqləşdirib, konstant səviyyəsinə yüksəltmək lazım deyil. Beləliklə, siz onu bütləşdirib dinamik mövcudiyyat interaktivindən çıxarırsız, dialektik qanunauyğunluqların civarında buraxırsız və o öz müdhiş, rigid, ölü və daşlaşmış implisitliyində davam edir. Mübarizə aparmaq olar, əlbəttə, amma transparantlarsız. Arzulara aşırı dəyər vermək lazım deyil. Bu, onların həyata keçməsinə əngəl törədir. Onlara qarşı yadlıq nümayişi gərəkdir. İstənilən eyləm öz məntiqi sonluğuna yetməsə barmağa batıb toxumada irinləyən tikan kimi sürəkli problem törədərək həyatınızı zəhərləyəcək. Hər birimiz həyat boyu yüzlərlə yarımçıq geştalt qazana bilırık. Deyilməyib ürəkdə qalan söz,  əziz insanla konflikt, borc imtahan kəsirləri və s. Sadə misal üzərində belə izah etmək olar: Siz monitorda çoxlu miqdarda pəncərə açmısınız və kompüter “asılıb qalıb”, hətta sönməsi də mümkündür. Təxminən analoji mexanizmlə insanın altşüuru natamam geştaltlarla zəhərlənir ki, bu da şəxsi inkişafa, məqsədə doğru irəliləməyə əngəl törədir. Şüuraltı üçün nə keçmiş, nə gələcək var. Ora ötürülmüş bütün komplekslər tək bir zamanda – İndi mövcuddur. Ona görə vaxtaşırı həyatımıza sirayət edib onun normal gedişatını poza bilir. Natamam geştalt fəsadsız ötüşmür. 1.O, insanı məmnunluq hissindən məhrum edib, xroniki həyəcan mənbəyinə çevrilir. Həyatının ən xoş məqamlarında belə insan ürək dolusu sevinə bilmir. Onu daim geriyə, qaranlığa səsləyən bir şeylər olur. 2.Yeni məqsədlərə doğru irəliləməyə mane olur, həyatı yenidən başlamaq ideyası fiaskoya uğrayır. Depressiv ovqat, halsızlıq, əzginlik, yuxusuzluq, nevroz və digər bu kimi simptomlar üçün məhz yarımçıq geştalta borcluyuq. Vaxtında ödəmədiyiniz cərimə xarici səfərə getməyinizə, yaxud borc kimi boynunuzda qalan zaçot diplom almağınıza necə mane olursa, natamam geştalt da həyatınızda təxminən belə bir ləngidici rol oynayır. Bunu insan sövqi-təbii hiss edir və imkan düşürsə geştaltı tamamlamağa can atır. Hansı yolla? Başqa şəxslərlə, oxşar situasiyalarda. Yəni başqalarını öz keçmişinin yarımçıq lövhələrində onu incidən kəslərin yerində görməklə, onlara həmin şəxslərin rolunu zorla sırımaqla. Geştalt tamamlanmamışsa, qaynaqlandığı mənbəyə oxşar situasiyalarla ard-arda həyatınızda zühur edib, bu yolla diqqətinizi problemin kökünə yönləndirməyə çalışacaq. Natamam geştalt bir yox, onlarla, yüzlərlə olur, üst-üstə qalaqlanmış vəziyyətdə, tort təbəqələri kimi. İlk növbədə üzdə olanla işləmək lazımdır. Bu yerdə inqramlardan danışmaq da olardı, amma lakoniklik xatirinə məqaləni köməkçi informasiyalarla yükləməyək. Valideynləri tərəfindən nələrdənsə məhrum edilmiş uşaqlar həmin o məğmun olduqlarının başqa yollarla iki, üç mislini qazanmağa çalışırlar. Evdə həyat yoldaşından sevgi, diqqət, qayğı görməyən şəxs dost məclisində üfüqi vəziyyət alana qədər içib keflənir ki, özünü idarə edə bilməsin və kimsə onu əlləri üstünə qaldırıb (qayğı çatışmazlığı) evə aparsın, Doğma ocağında görmədiyi sevgi və diqqəti kənarda axtarıb, ikiqat əvəzini çıxmağa çalışır insan. Yuxarıda göstərildiyi kimi valideyn/övlad münasibətində bu mövzu daha çox özünü göstərməkdədir. İnsanlar övladlarını onların istəmədiyi işlərə yönləndirməklə cavanlıq dönəmindən qalma yarımçıq geştaltlarını bu yolla bağlamağa çalışırlar. Məs.övlad öz istəyinə zidd olaraq hər hansı bir ixtisası seçməyə məcbur olur ki, atanın (ananın) vaxtında reallaşdıra bilmədiyi arzusu gözündə qalmasın. Tamamlanmamış geştaltla işləmək lazımdır. Onu özündən uzaqlaşdırıb dəf etmək üçün ona qalib gəlməlisiniz. Daxilinizə boğduğunuz emosiyalar, dərinlərə qovduğunuz kədər, içinizdə basdırdığınız anlaşılmazlıq “natamam geştalt” adlı komplekslər əjdahasını daim ayaqda saxlayacaqdır. Dərd dilə gətirilməli, çözülməli, lazımsa göz yaşlarında yuyulmalıdır, bununla onun qarsalayıcı hərarəti böyük dərəcələrlə endirilmiş olur. Perlz deyirdi: “Şüuru söndürün, hisslər qalsın”. ... və bu hisslərlə də keçmişlərə qayıdıb həyatınızdakı konflikt situasiyaların, nevroz və depressiyanın qaynağını tapmalısınız. Psixoloji blokların somatikaya nüfuz etmə kimi təhlükəli xüsusiyyəti var. Bu zəmində yaranan xəstəliklər psixosomatik mərəz adı almışdır. Bu zaman əsas əziyyət çəkən orqanlar ürək, böyrəklər, mədədir. Mərkəzi sinir sistemi, əzələlər (qıcolma) və qan dövranında da nəzərəçarpan dəyişikliklər baş verir. Geştalt fəlsəfəsinin (geştalt terapiyanın) əsas prinsipləri: a).“İndi və burada”. Keşmiş və gələcəklə yaşamaq lazım deyil. b).Böyük enerji sərfinə bais olan boş xülya və fikirləri özünüzdən uzaqlaşdırın. Düşüncələrə dalıb xoşbəxt olmağı qərara almaq yox, xoşbəxt olmaq lazımdır. v).Məsləhətlərə bacardıqca az qulaq asmağa çalışın. Heç kəs sizə lazım olanı sizin qədər dəqiq bilmir. d).Hiss, fikir və əməlləriniz üçün məsuliyyət daşımağı öyrənin. Kənarda səbəbkar /müqəssir axtarmaq yaxşı nəticə vermir. Komplekslərlə işləmək əvəzinə bəzən insan yeməyə üz tutur. Daxildə artan, böyüyən “aclıq” duyğusunu dəf etmək üçünsə problemin səbəbi araşdırılmalıdır. Kimi stress və depressiyaya yeməklə (bulimiya), kimi alkoqolla və narkomaniya ilə qalib gəlmək istəyir. Natamam geştaltın yaranmasına yol verməmək üçün başlanılan işi çalışıb sona yetirmək lazımdır. Artıq yaranıbsa, o zaman tamamlanması məsləhət görülür. Keçmişin indiyə sirayət etməsinin qarşısını almaq üçün onu silmək, birdəfəlik unutmaq ən doğru yoldur. Əgər bu mümkün deyilsə həmin insanları tapıb yarımçıq geştaltı tamamlamaq, bu da alınmırsa (onlar dünyasını dəyişmiş) o zaman keçmişin analoji modelini yaradıb, onu yaşamaq, yəni başqa insanlarla situasiyanı “oynanaq” lazımdır. Sonuncunu mütəxəssisin rəhbərliyi altında xəyali modellə də aparmaq qənaətbəxş sayılır. Bu üsullar modelləşdirmə adlanır. İstənilən halda uğurlu terapiya üçün əsas lazım olan - ilkin impulsun düzgün müəyyənləşdirilməsidir. Bir şeyi də qeyd etmək lazımdır ki, Şərq mentaliteti bu komplekslərin, psixikanı sarsıdan yavaş sürətli   bombaların saxlanılması üçün dərin və zəngin zəmin verir.  Ta uşaqlıqdan beyinlərə yeridilən və “camaat nə deyər?” misallı xüsusi ədəva/cövhərlə işlənilmiş “belə etmə; ora getmə; sus, danışma; döz, səbrini bas; insan zülmə tabedir; dərd çəkməkçün yaranmışıq; axirətinçün yaşa; əsl həyat öləndən sonra başlayır” kimi məsləhətlər (daha çox təlqin/imperativlər) sizi natamam geştalt burulğanının düz ortasına atır. Ona görə Şərq insanı azadlıq, müstəqillik baxımdan daha acı durumda.. , müxtəlif çeşidli həyat hadisələri qarşısında daha müti, daha idarəolunan, aciz, daha kölə...

“Azəriqaz” gücləndirilmiş iş rejimdə çalışacaq

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Qurban bayramı ilə əlaqədar 22-23 avqust tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən ölkə.az-a bildirilib ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda, birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində, Regional Qaz İstismar İdarələrində və xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Qurban bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir.

Kəlmələrin beyinə təsiri

Sözlərdə ehtiyatlı olmaq bəlağətli nitqdən daha üstündür. (Frensis Bekon) İnsanı digər canlılardan fərqləndirən əsas xüsuslardan biri də nitqdir. Nitq isə sözlərdən ibarətdir. Ünsiyyət zamanı bir və ya bir neçə mənası olan sözlərdən istifadə edirik. Kəlmələr insan beyninə, xarakterinə və davranışlarına təsir edir.  Neyroloq A. Nyuberq və nitq mütəxəssisi M. Robert “Sözlər beyninizi dəyişə bilər” kitabında yazırlar: “Bircə söz belə fiziki və emosional stressi tənzimləyən genlərə təsir edir.” Sevgi, xoşbəxtlik, sevinc kimi pozitiv kəlmələrdən istifadə şüurlu düşüncəni artırır və frontal lobdakı mərkəzləri gücləndirərək beyinin işləməsinə müsbət təsir edir. Müsbət sözlərdən çox istifadə etmək beyinin motivasiya şöbələrini hərəkətə gətirir.  Mənfi kəlmələrdən istifadə isə stressə nəzarət edən bəzi neyrokimyəvi qanunauyğunluqları pozur. Mənfi söz və ifadələrin beyinə girməsinə icazə verəndə beyindəki qorxu mərkəzi (amiqdala)  aktivləşir və stress hormonları ifraz olunur. Bu hormonlar da məntiqi düşüncənin funksiyasını pozur və “bloklayır”. Mənfi sözlər beyinə xəbərdarlıq siqnalları göndərir. Frontal loblardakı məntiqi düşünmə nahiyələrinin işini ləngidir.   İnsan müsbət və xoş kəlmə fikirləşəndə frontal lob aktivləşir. Bu nahiyədə insanın hərəkətə keçməsinə səbəb olan motor kortekslə birbaşa əlaqəli dil mərkəzləri yerləşir. Diqqəti pozitiv kəlmələrə yönəltmək beyinin digər bölgələrinə də təsir edir. Təpə payının (parietal lob) funksiyasında da dəyişikliklər başlayır. Bu da ünsiyyətdə olduğumuz insanlar haqqındakı qənaətimizi dəyişir, həmsöhbətlərimizin yaxşı yönlərini görməyə başlayırıq. Bunun əksi olanda isə insanlara şübhə və qərəzlə yanaşır, onların daha çox mənfi tərəflərini görürük.  Əsəbiləşəndə də sonradan peşmançılıq gətirən sözlərdən istifadə edirik. Bunun səbəbi gərginlik zamanı beyinin ön lobundakı məntiqi düşünmə nahiyəsinin “dekativ” olmasıdır. Pozitiv kəlmələrdən istifadə edərək ön lobu inkişaf etdirmək mümkündür. Beləcə əsəbi olanda belə özümüzü ələ almağı bacararıq. Kəlmə, düşüncə və hislər tədricən talamusa da təsir edir. Talamusdakı dəyişikliklər həyatı anlama şəklində də birbaşa özünü göstərir.   Bir araşdırmada hər gün dəftərə üç müsbət və “güclü” söz yazmağın talamusa yaxşı təsir etdiyi göstərilmişdir. Əgər həyatınızda nə isə qaydasında getmirsə, demək mənfi sözlərdən çox istifadə edirsiniz. Bunu müəyyənləşdirmək üçün işlətdiyiniz mənfi kəlmələri yazmaq üçün bir dəftər ayıra bilərsiniz. Və ya bir dəftərə hər gün sizi xoşbəxt edən üç söz yazaraq özünüzü daha sevincli və hərəkətli hiss edə bilərsiniz. Həmçinin diqqətinizi müsbət kəlmələrə yönəldərək sağlamlığınızın qeydinə qala və beyninizin fəaliyyətini artıra bilərsiniz. Mənfi söz və düşüncələrdən qurtulmaq üçün işlətdiyiniz kəlmələrə diqqət edin. Kəlmələrinizi dəyişin həyatınız dəyişsin! Tahir Kamiloğlu

Şəxsiyyət pozuntuları nədir? - Növləri

İnsanı orqanizm, fərd və şəxsiyyət səviyyəsində xarakterizə etmək olar. Bu anlayışlar bir- birilə qarşılıqlı əlaqədədir, lakin onlardan hər birinin özünəməxsus, eviristik mənası var. Orqanizm anlayışı bioloji elmlər, şəxsiyyət anlayışı sosial elmlər kontekstində formalaşır. Psixologiya insanı orqanzim kimi deyil, fərd və şəxsiyyət kimi öyrənir. Hər bir insan bir tərəfdən bioloji, digər tərəfdən sosial varlıqdır. Onun bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini fərd termini, sosial varlıq kimi psixoloji xüsusiyyətlərini şəxsiyyət termini ehtiva edir. İnsanın həyat fəaliyyətində bu iki cəhət bir -birilə elə uzlaşır ki, biz çox vaxt nəinki onları aydın şəkildə fərqləndirir, hətta bu haqda fikirləşmirik. Halbuki insanın fərd və şəxsiyyət kimi xarakteristikası vəhdət təşkil etsə də, onları eyniləşdirmək olmaz. Şəxsiyyət pozuntuları uzunmüdətli, güclü və müqavimətli düşüncə və davranış qəliblərilə xarakterizə olunmuş pozuntular sinfidir. Şəxsiyyət pozuntularının aşkarlanması və təsnif edilməsi çoxpilləli və çətin prosesdir. Pozuntuların mənbəyi filogenetik inkişaf prosesi tərkibində - genetik və ya ontogenetik inkişaf çərçivəsində formalaşa bilir. Bəzi hallarda isə həm irsi, həm də ontogenetik mənbəyə sahib ola bilər. Şəxsiyyət pozuntularının aşkara çıxarılmasında fərdin tərkibində formalaşdığı mədəni və sosial mühit ən əsas faktordur. Bir vəziyyətə şəxsiyyət pozuntusu kimi diaqnoz qoyulması üçün insanın şəxsi və sosial həyatında çox ciddi surətdə bir problemə yol açan deviant davranış silsiləsi mövcud olmalıdır.  Şəxsiyyət pozuntuları fərdin aid olduğu mədəni normaların xaricində olan davranış tərzi və daxili təcrübələrdir. Bu cür davranış tərzləri elastiklikdən uzaq və qarşıqoyulmazolur. Yeniyetməlikdə və  ya gənclik dövründə üzə çıxır və fərdin həyatında ciddi problem və zədəyə yol açır. Tədqiqatçılar hələ də şəxsiyyət pozuntularının səbəbləri barədə dəqiq məlumata malik deyil. Bəziləri bu növ pozuntuların mənbəyində keçmişdən qalmış travmaların olduğuna inanmasına baxmayaraq bəziləri isə bu cür pozuntuların mənbəyində fərdin normal davranış və düşüncə qəliblərini formalaşdırmasının qarşısını alan, vaxtından əvvəl yaşanmış “yersiz təcrübələrin” olduğunu düşünməkdədirlər.  Bir şəxsiyyət pozuntusunu  diaqnozunun qoyulması: Psixoloqlar şəxsiyyət pozuntusunun diaqnozunu qoyduqda mental pozuntuların diaqnozu və statistik əl kitabında qeyd olunan kriteriyalara istinad edirlər. Buna görə bir insana şəxsiyyət pozuntusu diaqnozu qoymaq üçün onda izlənilməsi mütləq olan əlamətlər bunlardır: • bu davranış növləri fərdin həyatının intim münasibətlər, iş həyatı və sosial həyat kimi fərqli istiqamətlərinə təsir göstərməlidir • bu davranış növləri uzunömürlü və sıx təkrarlanan olmalıdır • simptomlar aşağıdakılardan iki və ya daha çoxuna təsir göstərməlidir: duyğular, düşüncələr, qıcıqların idarə edilə bilmə qabiliyyəti və insanlarla olan əlaqələr • davranış növləri yeniyetməlik və ya erkən yetkinlik dönəmində başlamalıdır • davranış növləri müəyyən zaman ərzində dəyişikliyə uğramamalıdır bu simptomlar başqa klinik vəziyyətlərin, psixi narahatlıqların ya da narkotik maddə aludəçiliyinin bir nəticəsi olmamalıdır.   Bizim bildiyimiz kimi şəxsiyyət pozuntuları öz daxilində 3 əsas kateqoriya üzrə təsnif olunur: • A qrupu kateqoriyası: bu kateqoriyaya mənsub şəxsiyyət pozuntularının əsas əlamətləri qeyri-adi və qəribə davranışlarla özlərini büruzə vermələridir. Bunlar aşağıdakılardır: 1. Paranoid şəxsiyyət pozuntusu 2. Şizoid şəxsiyyət pozuntusu 3. Şizotipal şəxsiyyət pozuntusu Paranoid şəxsiyyət pozuntusu digər insanların hər kəsi alçaldıcı və təhdidedici olaraq qavrama meyilləri ilə seçilirlər. Paranoyalar sağlam insanlarda da vaxtaşırı şübhəçi yanaşmalardan yaranaraq sahib ola biləcəyi düşüncə qəlibləridir. Paranoid şəxsiyyət pozuntusu olan fərdlər isə paranoyaları gündəlik həyatın fəaliyyətini və keyfiyyətini pozacaq dərəcədə yaşamaqdadırlar. Şizoid şəxsiyyət pozuntusu sosial münasibətlərə meyil azlığı, emosional soyuqluq, yüksək dərəcədə introvert həyat tərzi ilə xarakterizə olunur. Şizoidlər yüksək dərəcədə emosionallıq götərməz, sosiallıqdan uzaq olurlar, dostluq münasibətlərini qurmaqda normal insanlara nisbətən daha istəksiz davranırlar: özlərini cəmiyyətdən təcrid ediblər. Şizoid şəxsiyyət ümumi olaraq tənqid və tərifə qarşı heç bir reaksiya vermirlər. Emosiyaları monoton olub, heç bir dəyişikliyə məruz qalmır. Şizotipal şəxsiyyət pozuntusuna malik insanlar düşüncə və ya qavrayış çərçivəsində həqiqəti təhrif etmələri ilə və normadan kənar davranışlarla özlərini sosial deprivasiyaya məruz qoymaları ilə xarakterizə olunur. • B qrupu kateqoriyası: bu kateqoriyaya mənsub şəxsiyyət pozuntularının əsas əlamətləri müvazinətsiz və dramatik davranışlarla özlərini büruzə vermələridir. Bunlar aşağıdakılardır: 1. Anti-sosial şəxsiyyət pozuntusu 2. Borderline şəxsiyyət pozuntusu 3. İsterik şəxsiyyət pozuntusu 4. Narsistik şəxsiyyət pozuntusu Antisosial şəxsiyyət pozuntusu və ya sosiopatlıq psixopatiya ilə əlaqəli bir pozuntudur. Bir sosiopatı bir psixopatdan ayıran ən əsas faktor patalogiyadır, yəni simptom fərqliliyidir. Psixopatiya sosiopatiyaya görə daha ağır bir pozuntu olub, sosiopatiyada rast gəlinən simptomlara əlavə, əxlaqa zidd davranışları özündə ehtiva edir. Sosiopatiyanın yaranmasına səbəb sosial mühit olduğu düşünülür. Boderline şəxsiyyət pozuntusu emosional stabilliyin aradan qalxması ilə formalaşır. Şəxs ya ağın, ya da qaranın mövcud olduğunu düşünür. Boderline şəxsiyyət pozuntusu yaşayan şəxs bu halda başqa hər hansı bir alternativin mövcud olacağını düşünməz, qəbul etməz, buna görə də təlatümlü münasibət yaşayar. İsterik şəxsiyyət pozuntusu yetkinliyin ilkin mərhələlərində başlayan yüksək emosionallıq və diqqət çəkmək, ətraf tərəfindən “təsdiq” ehtiyacının yüksəkliyi ilə özünü büruzə verən şəxsiyyət pozuntusudur. Narsistdən fəqrli olaraq ətrafı ilə münasibətinin hər anına diqqət yetirir. Diqqət mərkəzində olduqları müddət ərzində canlı, enerjili, sevinc dolu və ehtiraslıdırlar. Kommunikativ və interaktiv münasibətin mərkəzi olduqları müddət ərzində ətrafdakılarla əlaqələri olduqca qüvvətli və sarsılmazdır. Cinsi nöqteyi nəzərdən uyğunsuz, provokativ davranış nümayiş etdirə bilir, emosiyalarını valehedici tərzdə əks etdirirlər. Bununla yanaşı olaraq eqosentrizm, özünəvurğunluq, daimi təsdiq arzusu və tələbatlarını ödəmək üçün psixoloji manipulyasiya vasitələrindən istifadə edirlər. Narsistik şəxsiyyət pozuntusu mütəmadi davam edən qrandiozidd(böyüklük və əhəmiyyətlilik) meyli(fantaziya və ya davranış səviyyəsində), empatiya əskikliyi, güc və uğur, xəyallar qurma, tənqidlərə qarşı həssaslıq və reaksiya şəklində erkək yeniyetməlikdən etibarən üzə çıxan şəxsiyyət pozuntusudur. • C qrupu kateqoriyası: bu kateqoriyaya mənsub şəxsiyyət pozuntularının əsas əlamətləri qorxu və təlaş əsaslı duyğu və davranışları özlərində ehtiva etmələridir. Bunlar aşağıdakılardır: 1. Utancaq şəxsiyyət pozuntusu 2. Asılı şəxsiyyət pozuntusu 3. Obsessiv-Kompulsiv şəxsiyyət pozuntusu(OCPD) Utancaq şəxsiyyət pozuntusu digər adı ilə aviodant olaraq təsnif olunan bir şəxsiyyət pozuntusudur. İlk dəfə 1969-cu ildə Teodora Vilson tərəfindən müəyyənləşmişdir. Natamamlıq hissi, özünün aşağı qiymətləndirmə, sosial təcrid meyilləri, tənqidə qarşı yüksək həssaslıq, səmimiyyətsizlik, peşə problemləri və bu kimi əlamətləri özündə ehtiva edir. Depressiya və təşviş pozuntularına meyillidirlər. Asılı şəxsiyyət pozuntusuna sahib şəxslər  başqalarına qarşı yüksək inamsızlıq, xroniki şübhəçi bir davranış nümayiş etdirirlər. Bu şəxslərin itaətkar olma səbəbi təhtəlşüurda mövcud olan “mən bacarmaram” fikridir. Obsessiv-Kompulsiv şəxsiyyət pozuntusu(OCPD) olan şəxslər tamamilə nəzarət altında olmayan hər mövzuda çarəsizlik hiss etmək, daima nizam-intizam, “qayda-qanunlar”, maksimalist, məqsədinə çatmaq üçün mübarizə aparan, dəyişikliyə qarşı ciddi müqavimət göstərirlər. Bu şəxsiyyət pozuntusu OKP(obsessiv-kompulsiv pozuntu) nevrozu ilə qarışdırılsa da əslində bir - birindən tamamilə fərqlənir.  Fərd, gündəlik həyatında mədəniyyətin ona təqdim etdiyi normalar xaricində davranış nümayiş etdirərsə, bu nümayişlərin şəxsiyyət üzərində dramatik təsirləri ola bilər. Psixoloqlar yuxarıda sadalanan şəxsiyyət pozuntularını anlayır və fərqli kateqoriyalara bölür, bu problemlərdən əziyyət çəkən insanlara kömək etməyi bacarırlar.

Girov götürülən şəxs soyğunçuya aşiq oldu - STOKHOLM sindromu nədir?

Stokholm sindromu - əsirin, onu girov götürən şəxsə qarşı simpatiyasının yaranması, ona haqq verməsi ilə özünü göstərən psixi vəziyyətdir. İlk dəfə psixiatr Nuls Benjerat tərəfindən 1973-cü ildə İsveçin paytaxtı Stokholmda, bankda baş vermiş soyğun  hadisəsindən sonra elmə gətirilib. Sindrom, bank soyğunçusu tərəfindən girov götürülən bir qadının 6-ci günün sonunda, soyğunçuya qarşı duyğusal olaraq bağlanması və soyğunçunu müdafiə edib onu həbsdən çıxana qədər gözləməsi ilə ortaya çıxmışdı. Hətta qadın həmin şəxsə görə öz nişanlısından da ayrılmışdı... Stokholm sindromu aşağıdakı hallarda baş verə bilər: Siyasi xarakterli terror aktları (girov götürmə); Hərbi əməliyyatlar (məsələn, əsir götürülmə); Düşərgə və həbsxanalarda azadlıqdan məhrumetmə; Məhkəmə prosedurlarının həyata keçirilməsi; Siyasi qrupların və dini sektaların daxilində şəxsiyyətlərarası avtoritar münasibətlərin inkişaf etməsi; Milli adətlərin həyata keçirilməsi (məsələn, qız qaçırma); İnsanların qul kimi işlədilmə, şantaj və ya pul alınması üçün oğurlanması; Ailədaxili, məişət və ya seksual zorakılıq zamanı. Tədqiqatçılar güman edirlər ki, Stokholm sindromu əslində psixoloji paradoks, pozuntu və ya sindrom deyildir və əslində insanın psixikasına travma yetirən hadisəyə normal reaksiyasıdır. Stokholm sindromu ruhi xəstəliklərin təsnifatının beynəlxalq sistemlərinin heç birinə daxil edilməyib. Müəllif: Leyla Zaman Psixoloq.az

Burun dik, dodaq aşağıdırsa... - Cornelia De Lange Sindromu nədir?

Əksər zaman bu sindromun adına tez-tez rast gəlinsə də, əksəriyyət sadəcə “adını”oxuyub keçir. Düzünü desək bu mövzuda Azərbaycan dilində çox məhdud şəkildə müəyyən informasiyalar tapa bilərik. Cornelia  De Lange Sindromu ilk dəfə 1916-cı ildə Wilfred Robert Brockmann tərəfindən elmə gətirilib. Daha sonra 1933-cü ildə hollandiyalı uşaq həkimi Cornelia Catherina de Lange, Brockmann-de Lange adı ilə bilinən eyni zamanda Amsterdam Dwarfism və ya Bushy Sindromu kimi tanınan bu pozğunluğu daha dərindən öyrənməyə başlayır. Hazırda bu sindrom qısa olaraq CdLS adlandırılır. Əsasən doğuşdan əvvəl aşkarlanır. Lakin doğuşdan əvvəl aşkara çıxmadığı vaxtlar da ola bilər. Genetik pozğunluq olaraq bilinməkdədir.  Hər 10.000 - 30.000 arası doğuşda rast gəlinə bilər. Mütəxəssislər bu sindromun yaranmasına səbəb olaraq genetik mutasiyaları göstərirlər. Xüsusilə NIPBL, SMC1A, HDAC8, RAD21 və SMC3 genlərində mutasiya baş verir. Mutasiya prenatal (doğuş öncəsi) dövrdə dölün inkişafının yönləndirilməsində mühüm rol oynayan protein qrupu olan “Kohezyon Kompleksi”nə mənfi təsir edər. SMC1A, RAD21 ve SMC3 genlərindəki mutasiyanın səbəb olduğu əlamətlər NIPBL-in yaratdığı simptomlardan daha yüngül hesab olunur. HDAC8 mutasiyaları isə anterior fontanelin vaxtından gec qapanmasına,diş problemlərinə və NIPBL-də olduğu kimi intelektual sahədə anomaliyalara gətirib çıxara bilər. Oğlanlarda və qızlarda təxminən eyni dərəcədə özünü göstərir. Cornelia De Lange sindromu olan ananın digər hamiləlikdə yenidən bu anomaliyaya rast gəlməsi riski 2-5% arasındadır. Yaranmasında daha çox genetik faktorlara əsaslanılsa da tam olaraq yaranma səbəbi elmə məlum deyil. Xarakterik xüsusiyyətləri böyümə geriliyi, mental  reterdasiya, tipik üz görünüşü, orta xətdə birləşən qalın qaşlar (synophris), dar, incə aşağı doğru sallanan dodaqlardır. Digər sindromlardan fərqləndirən əsas xüsusiyyəti üz görünüşüdür. Xüsusilə dodaqlardakı özünə məxsusluğa bütün fərdlərdə rast gəlinir. Eyni zamanda həddindən artıq dərəcədə gur kirpiklərə malik olurlar. Dişləri bir-birindan aralı seyrək şəkildə olur. Damaqları  birmənalı olaraq yarıqşəkillidir. Burunları həddən artıq dik olur. Əsas problemlərdən biri də bədəndə olan hədsiz tüklənmədir (hirsutizm). Mikrosefaliya, eşitmə-görmə problemləri, qısa boyluluq, ürək-damar, həzm sistemin olan narahatçılıqlara da rast gəlmək mümkündür. Nadir hallarda myopi, nistagmus, astiqmatizma, mikrokornea, optik atropi kimi göz problemləri, qusma, həzm və qidalanma pozulmaları, əmmə gücsüzlüyü, hipoplastik süd vəzi, konjinental ürək qüsuru və təkrarlanan ağciyər və bağırsaq infeksiyalarına da rast gəlinir. Autizmdə olduğu kimi bir sıra davranış problemləri vardır. Hansı ki bu problemlər ünsiyyətdə və sosial münasibətlərdə çətinliklər yaradır. Davranış problemlərinin əsas səbəbi zaman keçdikcə öz qüsurlarını anlaması olur. Xəstə digər insanlardan fərqli olan fiziki görünüşündən utanmağa başlayır. Bəzən bu cür xəstələr sadəcə olaraq özlərini cəmiyyətdən izolasiya edərək yaşamağı seçirlər. Bəzilərində isə davranış problemləri daha ağır formada özünü göstərə bilər. Çox vaxt intihara meyilli olurlar. Və bu cür susidial davranışlar ardıcıl olaraq təkrarlanır. Hər 2 davranış forması nevroloji olaraq əlaqələndirilir. Hiperaktivlik və diqqət əskikliyinə də rast gəlinir. Bu hallarda uşaq psixoloqu və ya psixoterapevtin müdaxiləsi olduqca önəmlidir. Yaşlı insanlarda mental retardasiyaya daha çox rast gəlinir. Boğuq və gücsüz ağlama xarakterikdir. Bu hallarda “Denver” və “WISC-R” testi edilməlidir və mental retardasiyanın dərəcəsi müəyyən olunmalıdır. İntelektual inkişafdan geriləmə və eşitmə problemləri olduğu kimi bir çox xəstələrdə ağır nitq qüsurlarına da rast gəlmək mümkündür. İQ səviyyələri adətən 50 altında olur. Sindrom zamanı aşağıdakı dəstək texnikalarından istifadə olunması məsləhət bilinir: -fizioterapiya -duyu bütünleme terapiyası -xüsusi təhsil Az rast gəlinən xəstəlik olduğu üçün hamiləlik dövründə aşkarlandığı zaman ailələrin genetik cəhətdən maarifləndirilməsi vacib sayılır. Psixoloq.az

Bir çoxlarının nitqində rast gəlinən problem - Kəkələmə nədir?

Kəkələmək, insanın damaq səsləri ilə başlayan sözləri və hecaları təkrarlanmasına, uzatmasına və ya kəsilməsinə verilən təsvirdir. Əsasən evin kiçik uşaqlarında rast gəlinir. Ən çox 2-7 yaş arasında yaranır. Ortalama yaşı isə 5 yaşdır. Ən çox isə oğlan uşaqlarında rast gəlinir. Kəkələmənin tam yaranma səbəbi məlum deyil. Bəzi araşdırmalar genin və ya stressin buna yol açdığını bildirib. Kəkələmə nitq aparatı əzələsinin qıc olmasıdır. Kəkələyən insanlar, daim açıq havada gəzməli və çoxlu vanna qəbul etməlidirlər. Kəkələyən uşaqlarla iş uzunmüddətli olur. Kəkələmənin növləri: 1. Klonik 2. Tonik 3. Qarışıq Kəkələmənin ən yüngül forması klonikdir. Məsələn, uşaq kitab sözünü demək istəyir. Bu zaman həmin sözü belə tələffüz edir: ki...ki...kitab. Kəkələmənin ağır forması isə tonikdir. Tonik kəkələməni aradan qaldırmaq üçün mütləq klonik kəkələmənin tədricən azaldılmasına çalışılmalıdır. Bu zaman yüngülləşmə əmələ gələ bilər. Qarışıq kəkələmə ən ağır forma sayılır. Burada 2 eyni tonik-klonik, həm də klonik-tonik növlərinin qarışığı ola bilər. Kəkələməni xüsusiyyətlərinə görə belə qruplaşdırmaq olar: Damaq, nəfəs, qırtlaq, düşüncə kəkələməsi. Məsələn, uşaqda düşüncə kəkələməsi zamanı qəribə hal yaşanır. Belə ki, uşaq ailəsinin yanında olduqca çox kəkələyir. Kənar şəxslərin yanında isə kəkələmə az olur. Yəni, bu artıq düşüncənin kəkələməni idarə etməsi deməkdir. Nəfəs kəkələməsində sanki uşaq boğulur, nəfəsini düzgün istifadə edə bilmir və kəkələyir. Dodaq kəkələməsi zamanı isə uşaq m,p,v,b samit səslərini tələffüz edərkən daha çox kəkələyir. Əgər uşağınız kəkələyirsə, müalicə və məşğələlər ilə sağalmağa doğru gedirsə onun üstünə anidən qışqırmaq, hədə-qorxu gəlmək olmaz. Çünki yenidən kəkələmə yarana bilər. Defektoloq Gülnarə Səfərəliyeva

Axmaqlıq keçici xəstəlikdir?

Havalar soyuyanda ofis əməkdaşlarının çoxu çalışır ki, ona qripə yoluxmuş iş yoldaşından virus keçməsin.Alimlər iddia edirlər ki, ofisdə respirator xəstəliklərdən başqa keçici xəstəliklər ola bilər. Söhbət ən adi insan axmaqlığından gedir.Axmaqlıq da hava-damcı yolu ilə keçə bilər. Nyu-Hempşir Universitetinin alimlərinin son araşdırmaları göstərir ki, iş yerində axmaq olmaq çox asandır. Bunun üçün axmaq bir müdirin rəhbərliyi altında işləmək kifayət edir. Əgər ofisin rəhbəri axmaqdırsa, ofis işçilərinin 25 faizinin bu mənfi keyfiyyəti mənimsəmə ehtimalı yüksəkdir. Bunun üçün müdirə xoş təsir bağışlamağa çalışmaq kifayət edir.