Pivə haqqında bilmədiyiniz maraqlı faktlar

Tədqiqatçıların fikrinə əsasən, pivəni lazımi qədər içdikdə sağlamlıq üçün faydası toxuna bilər. Qəribədir? Psixoloq.az xəbər verir ki, dietoloq və məşqçi Ceymi Loci bildirir ki, aşağı kalorili pivələr bu məsələdə daha effektivdir.  Əgər siz pivənin təkcə susuzluğu yatırtmasını istəmir və fayda da əldə etmək istəyirsinizsə, “light” markalı və tərkibində 4-5 % spirt olanı seçməlisiniz. Eyni zamanda qazsız pivə də faydalıdır. Kalsium Bir qayda olaraq pivənin tərkibi kalsiumla zəngindir. Bu isə sümüklərin möhkəmlənməsinə kömək edir. Bu barədə 2009-cu ildə “American Journal of Clinical Nutrition” jurnalının tədqiqatında məlumat verilib. Alimlər məlum ediblər ki, lazımi dərəcədə pivə içmək sümük toxumasının qalınlığını artırır. Bununla da osteoporoz riskini azaldır. Alimlərin fikrinə əsasən pivənin tərkibində olan silisium vacib rol oynayır. B Vitamini Tünd pivənin tərkibində B qrupu vitaminləri (B12-dən başqa) daxil olmaqla qidalandırıcı maddələr var. Qərb tibb jurnalının məlumatına əsasən buğdanın tərkibində olan riboflavan maddəsinin miqdarı pivə bişirilməsi prosesində artır. Eyni zamanda nikotin turşusu, yəni B3 maddəsi pivənin tərkibində var və onun miqdarı pivənin növündən asılı olaraq dəyişir. Dəmir Bir stəkan pivənin tərkibində 0.3 milliqram dəmir var. Bu isə məsləhət görülən sutkalıq normanın 3%-i deməkdir. Təbii ki, qaraciyər, qırmızı ət və balqabaq tumunun tərkibində dəmir daha çoxdur. Amma pivənin də tərkibində dəmirin olması faktını oxuculara çatdırdıq. Dəmir orqanizm üçün çox vacib elementdir. Flavonoidlər Tünd pivənin tərkibi flavonoidlərlə zəngindir. Bu maddə isə mikrob əleyhinə xüsusiyyəti ilə məşhurdur. 2003-cü ildə Viskonsin universitetinin apardığı araşdırmaya əsasən pivənin tərkibindəki flavonoidlər ürək tutmasının və qan tərkibinin qatılaşmasının qarşısını alır. Amma nəzərə almaq lazımdır ki, təcrübə insan yox, köpəklər üzərində aparılıb. Ferul turşusu Pivə su, arpa, maya, mayaotu və pivə mayasından ibarətdir. Onun xarakterik dadını isə bişmiş arpa verir. Bu arpa pasterizə edilir və filtirdən süzülür. Dieoloqların fikrinə əsasən, arpanın tərkibində ferul turşusu var və bu soyuqdəymə və iltihabı, ürək-damar xəstəlikləri və onkoloji xəstəliklərə yoluxma riskini azaldır. Tünd pivələrin tərkibində ferul turşusunun miqdarı daha çoxdur.(oxu.az)

Çəkdiyiniz fotoları bizə göndərin - Oxucuların nəzərinə

Əziz oxucular, qarşılaşdığınız maraqlı hadisələrin şəkil və videolarını bizə göndərərək ictimailləşdirə bilərsiniz.  Bunun üçün əldə etdiyiniz məlumatları, şəkil və ya videoları ilə birlikdə [email protected] mail adresinə göndərə bilərsiniz. Həmin yazılar redaktə olunduqdan sonra saytda dərc ediləcək.  Məlumat üçün deyək ki, həmin faktların aşağısında ad və soyadınız qeyd ediləcək. Psixoloq.az

Müəllimlik imtahanı keçiriləcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 17 iyul 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları 24 avqust 2018-ci il tarixdən etibarən keçiriləcək. Psixoloq.az ölkə.az-a istinadən məlumat verir ki, müsabiqəyə 165 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 527 nəfər sənəd təqdim edib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli 61 nömrəli Qərarına əsasən iştirakçıların dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədilə onların siyahısı komissiya tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinə göndərilib.  Yoxlamanın nəticəsində iki namizədin diplomlarının “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində mövcud olmadığı müəyyən edilib. Bununla da, 525 namizəd test imtahanlarına buraxılıb. Test imtahanında iştirakçılara ixtisas üzrə 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla, ümumilikdə, 80 sual təqdim ediləcək, sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt veriləcəkdir. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işəqəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab ediləcək. İmtahanlarda keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaqdır. Məlumat üçün bildirək ki, muxtar respublikada ilk dəfə olaraq müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçiriləcəkdir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə test imtahanlarının videoçəkilişi aparılacaqdır. İmtahan bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim ediləcək. Nəticələr komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdiriləcəkdir. İmtahanlar 12 sentyabr 2018-ci il tarixədək davam edəcəkdir.

Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirildi

Azərbaycan Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nda və “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib. Psixoloq.az-ın xəbərinə görə, dəyişikliklə bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərarla bələdiyyələr tərəfindən təqdim edilən rüblük maliyyə məlumatlarının, kommersiya təşkilatları və publik hüquqi şəxslər tərəfindən təqdim edilən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən təqdim edilən illik maliyyə hesabatlarının və qiymətli metallar və qiymətli daşlarla, onlardan hazırlanan zərgərlik və digər məişət məmulatları ilə əməliyyatlar həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən statistik hesabatların qəbulu Maliyyə Nazirliyi tərəfindən elektron qaydada həyata keçiriləcək.(oxu.az)

Diaspor rəhbəri və baş redaktor Şəhid məzarını və ailəsini ziyarət etmişdir

Psixoloq.az xəbər verir ki,bu gün Azərbaycanı Saxalin vilayətində təmsil edən diaspor rəhbəri Nazir Hətəmov Yenigundem.az xəbər portalının baş redaktoru Təbriz Məhərrəmoğlu,Şəhid Pəncəli Teymurovun məzarını və ailəsini ziyarət etmiş, əhidin ailə üzviləri ilə birlikdə şəhid məzarını ziyarət edərək önünə gül dəstələri qoymuşdular. Dİaspor rəhbəri.Nazir Hətəmov mütamadi olaraq bütün şəhidlərimizi Bakıda və bölgələrdə ziyarət edir və ailələrinə baş sağlığı verir.Onuda qeyd edək ki,bu gün şəhid Pəncəli Teymurovun toy günüdür Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub.1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb.1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenic yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyattçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurdu. Amma Pəncəli doğmalarının,elin,obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: ” Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm.Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram.Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum,tabutum Azərbaycan Respublikasının üçrəngli,ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”

Ağıl dişləri nə üçün hamıda çıxmır?

“Ağıl dişləri” adlandırılan dişlər ağızda çıxan ən son təbii dişlərdir. Psixoloq.az xəbər verir ki, adətən 18-25 yaş arası dövrlərdə özünü göstərir. İnsanın ağzında “dörd ağıl” dişi olur -  ikisi alt çənədə, ikisi isə üst çənədə. Ağızda çıxan ən son diş olduğu üçün bəzən çıxmağa yer tapa bilmir və çənə sümüyündə örtülü olaraq qalır Bəs ağı dişinin çıxmama səbəbləri nədir? Çənə sümüyünün həcminin kiçikliyi, “ağıl dişinin” çıxmasına və inkişafına mane olur. Elə vaxt olur ki, diş eninə və maili şəkildə inkişaf etdiyi üçün çənə onun çıxmasına imkan vermir. Qeyd edək ki, “Ağıl dişi” ətraf azı dişlərinə maili şəkildə çıxmağa başlayarsa, təzyiq nəticəsində dəhşətli ağrılara səbəb ola bilər. Şəhanə Quliyeva

Dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir. DİM-dən Modern.az-a verilən məlumata görə, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edəcək. Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Sabahın havası - yağış yağacaq, şimsək çaxacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Abşeron yarımadasında gecə 22-24°, gündüz 25-29° isti təşkil edəcək. Bakıda gecə 22-24°, gündüz 26-28° isti təşkil edəcək. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyyatlı olsunlar. Avqustun 19-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun iqlin norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 16-21° isti təşkil edəcək.

Əxlaqsız saytların bloklanması VPN-ə tələbatı kəskin artıb

VPN – Virtual Private Network (Virtual Gizli Şəbəkə) internetə başqa bir IP ünvanından qoşulmağınızı yerinə yetirən xidmətdir. Son günlər bu xidmət ölkəmizdə daha çox istifadə olunmağa başlayıb. Psixoloq.az xəbər verir ki, sözügedən proqramlara tələbat o qədər artıb ki, VPN proqramları “İOS” əməliyyat sistemini dəstəkləyən smartfonlarda “Instagram” və “Whatsapp”dan sonra ən çox yüklənən tətbiqlər sırasında birincidir.(oxu.az)

Yüksək bal toplasa da... 1 balla 4 il kəsilən tələbənin hekayəsi

2009-2013- cü illərdə ali təhsil alan Zöhrə İsmayılova ikinci ali təhsil almaq üçün 4 il yüksək bal toplasa da bundan imtina edib. Psixoloq.az yeniavaz.com saytına istinadən xəbər verir ki, o, ilk dəfə Bakı Dövlət Universitetinin biologoya fakültəsinə daxil olub: “Təhsilimi bitirdikdən sonra ikinci ali təhsil almağa qərar verdim. 2015- ci ildə 526 bal topladım. Lakin mənim istədiyim ixtisasın balı Bakı Dövlət Universitetində 528 bal idi. Həmin ixtisasa qəbul ola bilmədim. 2016- cı ildə  626 bal topladım. Ancaq istədiyim ixtisasın balı 627 bal oldu. 1 balla kəsildim. 2017- ci ildə 686 bal topladım. Lakin daxil olmaq istədiyim Fransız Azərbaycan Universitetində daxili imtahandan 65 bal topladım. Amma yetərli bal 67 idi. Nəhayət, bu il qəbul imtahanlarında  673 bal topladım.  Bakı Mühəndislik Universitetinin  informasiya texnologiyaları ixtisasına qəbul oldum.  Mənim üçün yığdığım balın əhəmiyyəti yoxdur. Əsas odur ki, istədiyim ixtisasda təhsil almağa  nail oldum”.

Havalar yenidən sərinləşir

Bu gün Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 27-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 18-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında avqustun 18-də gecə və səhər bəzi şimal rayonlarında, gündüz isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, Avqustun 18-19-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun iqlin norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 18-i gündüz və 19-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Avqustun 18-i gündüzdən avqustun 20-dək şimal rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. 

Azərbaycanda 18 yaşadək evlənən gəlin və bəylərin sayı açıqlandı

Azərbaycanda 18 yaşadək rəsmi nikah bağlayan gəlin və bəylərin sayı azalıb. Psixoloq.az Trend-ə istinadən bildirir ki, 2017-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 317, bəylərin sayı isə 1 nəfər olub. 2016-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 312, bəylərin sayı 3 nəfər, 2015-ci ildə gəlinlərin sayı 388, bəylərin sayı 3, 2014-cü ildə gəlinlərin sayı 479, bəylərin sayı 2, 2013-cü ildə gəlinlərin sayı 229, bəylərin sayı 2, 2012-ci ildə isə gəlinlərin sayı 295, bəylərin sayı 5 nəfər olub. 2011-ci ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı daha çox - 5138, bəylərin sayı 11 nəfər olub. 2011-ci ildən sonra 18 yaşadək nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş müəyyən olunmasıdır. Qeyd edək ki, Uşaq Hüquqları Haqqında Konvensiyaya uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır. Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.

Sevgili axtaran adam məhkəmə tərəfindən cəzalandırıldı

Şotlandiyanın Nyuton Stüart qəsəbəsində yaşayan Kreyq Sullivan adlı şəxs qeyri-adi səbəbdən cəzalandırılıb. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, Kreyq həyat yoldaşını itirdikdən 18 ay sonra yeni sevgili axtarışına çıxıb. O, bu məqsədlə 200 ədəd məktub yazaraq kiçik şüşələrin içinə qoyub və onları Şotlandiya, İngiltərənin fərqli dənizlərinə tökülən çaylara atıb. Kreyqin atdığı şüşələri bir-bir toplayan qəsəbə sakinləri Şotlandiya Təbiəti Mühafizə Qurumuna şikayət edib. Qurum Kreyqə məhkəmə işi açıb və ətraf mühiti çirkləndirdiyi üçün onu cəzalandırıb. Kreyq etdiyi hərəkətlə bağlı ifadə verərkən bu sözləri deyib: “Həyatıma yoldaşlıq edəcək birini tapmaq üçün nə isə etmək qərarına gəldim. Bunun üçün hamının etdiyi şeyləri etmək mənə görə şablon, zərafətdən və əsalətdən uzaq gəlir. "The Police" qrupunun “Şüşədəki mesaj” adlı mahnısından təsirlənərək məktublar yazıb şüşələrə qoydum”. Onun yazdığı mesajlarda isə “eşq axtarırsansa, bu gün biz planetin ən şanslı iki insanı ola bilərik. Lütfən, mənimlə əlaqə saxla, ya da bu mesajı bir başqasına ver” sözləri olub.

Yeni sistem məsafədən baqajın analizini aparmağa kömək edəcək

Rutgers, İndiana və Perdyu universitetlərinin alimlər qrupu "Wi-Fi" şəbəkəsi vasitəsilə ictimai yerlərdə partlayıcı maddələrin və kimyəvi silahın aşkarlanması metodunu hazırlayıb. Sistem baqajın analizi üçün kanalın vəziyyəti haqqında informasiyadan (CSI) istifadə edir, onun fəaliyyəti üçün yalnız "Wi-Fi" marşrutlayıcısı tələb olunur. Alimlər tərəfindən sistemin çanta və plastik paketlərdə maye və bərk vəziyyətlərdə olan 15 müxtəlif obyekt üzərində sınağı keçirilib. Nəticədə sistem təhlükəli əşyaları təhlükəsizlərdən 99 faiz dəqiqliklə fərqləndirib, eləcə də obyektin tərkibinin müəyyənləşdirilməsi 97 faiz təşkil edib. Texnologiyanın ictimai yerlərdə təhlükəsizliyin təmini üçün istifadə ediləcəyi barədə məlumat verilmir. Hazırda sistemin ilkin sınaqları keçirilir, mühəndislər tərəfindən isə ictimai "Wi-Fi" şəbəkələrinin sistemin işində səhvlərə səbəb ola biləcək müdaxilədən mühafizəsi üçün həll təqdim edilməyib.(publika.az)

Türkiyəli məşhur aktyor xəstəxanaya yerləşdirildi - FOTO

“Yeşilçam” filmlərinin unudulmaz aktyoru Sıtkı Sezgin xəstəxanaya yerləşdirilib.  Psixloq.az məlumat verir ki, aktyor həyat mübarizəsi aparır. “Şişko Nuri” ləqəbli Sezgin orqan çatışmazlığından əziyyət çəkir. Onun vəziyyəti haqda danışan həkimi aktyorun həyatının təhlükədə olduğunu bildirib.  Qeyd edək ki, Sıtkı Sezgin hazırda 69 yaşındadır.

Günün ulduz falı: 18 avqust, 2018

Qoç – yaxın ətrafınızdakı insanların planlarınıza müdaxilə etmələrinə imkan verməsəniz, çox işlər görmək olar. İşləriniz az deyil. Yığılıb qalmış məktublara cavab verin. Maraqlı məlumatlar ola bilər.Günün ikinci yarısında tək qalmaq istəyəcəksiniz.İdmanla məşğul olun. Bu zaman orqanizminizdəki endorfinlər sizə tam sakitlik qədər xoş təsir göstərəcək.Axşam saatlarında köhnə dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq. Buğa – intuisiyanızın səsinə qulaq asın. Cari məsələlərin həllində sınanmış metodlardan istifadə edin. Sağlam məntiq, praktiki hesabların önəmi artır. Avantüralar sizi dalana apara bilər.Yerinə yetirə bilməyəcəyiniz vədlərdən uzaq olun.Günün ikinci yarısında sayıq olun. Vəziyyəti ən xırda nüanslara qədər dəyərləndirməyi bacarın. Mənasız, əsassız illüziyalara qapılmayın. İşgüzar məsəslələrdə, maliyyə müstəvisində təklifləri real qiymətləndirin. Yekun qərarın qəbulunu ertələmək də olar. Əkizlər – önəmli, ciddi məsələlərdə tələskənliyə yorl verməyin. Rutin işlərlə kifayətlənin. Bəlirlənmiş çərçivədən kənara çıxmayın, qaydalara riayət edin.İş yerində narahatlıq hiss edə bilərsiniz. Başqalarının müzakirələrinə qatılmayın.Günün ikinci yarısında haqq-hesab çəkilən söhbətlərdən uzaq durun. Bilavasitə öhdənizə düşən, sizə tapşırılan işləri yerinə yetirin. Tapşırıqları qulaqardına vurmayın.Axşam saatlarında gəzintiyə çıxmaq olar. Xərçəng – dəyərlər sisteminiz bu gün problemlər yarada bilər. Dəqiq seçim etməlisiniz. Günün uğurları və uğursuzluqları məqsədə doğru irəliləyişdə seçdiyiniz kursun müəyyənləşdirilməsindən asılıdır.Günün ikinci yarısında seçim zərurəti yaranarsa, itki verəcəksiniz.Hadisələri bir qədər qabaqlayın ki, daha ciddi problemlərlə qarşılaşmayasınız.Dost məsləhəti faydalı ola bilər.Axşam saatlarında yaxşı tanıdığınız insanlarla birlikdə olun. Şir – qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Genişmiqyaslı layihələrə başlamaq üçün münasib zaman deyil. Əhvalınızın pisləşməsi istisna deyil. Real məsələlərin həllinə başlamaq əvəzinə illüziyalara qapılmayın.Günün ikinci yarısında nəzərdə tutulmamış problemlər, əngəllər yaranacaq. Səbrli olun, soyuqqanlı davranın. Xırdalıqları nəzərdən qaçırmayın. Hətta ən önəmsiz təsir bağışlayan detal işlərinizdə ləngimələr yarada bilər.Axşam saatlarını sevdiyiniz insanlara həsr edin. Qız – verdiyiniz sözlərə əməl edin, vədləri unutmayın. Tapşırıqları rəqiblərlə müqayisədə daha tez yerinə yetirməyə çalışın. Yeni vədlər verməyə tələsməyin. Şərtlər sürətlə dəyişəcək. Situasiyanı məntiqlə qiymətləndirin, şanslarınızdan istifadə edin.Günün ikinci yarısında maliyyə məsələlərində xüsusilə diqqətli olun. Mühüm sənədləri diqqətlə oxuyun, tələskənlik etməyin. Təcili olmayan işləri bir qədər təxirə salın.Astagəllik etməyin. Tərəzi – iş həyatınızın yeganə mənası deyil. Bunu anlayın və bilin ki, işlərin bir hissəsi bilavasitə nəzarətiniz olmadan da yerinə yetirilə bilər. Qüvvə və imkanlarınızı daha ciddi layihəyə qorumaq üçün bəzi planlardan imtina etmək gərəkdir.Günün ikinci yarısında hansısa məsələni həll edə bilmirsinizsə, situsiyaya kəskin müdaxilələr etməyin.Hadisələrin öz məcrasında inkişaf etməsinə şərait yaradın. Əqrəb – rutin, yeknsək işlər sizi usandıra bilər. Maraqlı məşğuliyyət arayırsınızsa, fantaziyanızı işə salın. Xırdalıqlar və detalları nəzərdən qaçırmayın. Qətiyyətli, iradəli olsanız yaxşı nəticələr əldə edə bilərsiniz.Günün ikinci yarısında təcrübənizdən yararlana bilərsiniz. Bilik və bacarıqlarınızdan maksimum dərəcədə istifadə edin. Şəxsi münasibətlərdə aqressiv olmayın. İntuisiyanıza güvənin. Hisslər və içgüdülər sizi aldatmayacaq.Axşam saatlarında stressdən qurtulmağa can atın. Oxatan – cari işlərlə məşğul olun. Əyləncə və istirahəti təxirə salmaq olar. Dostlarla görüşlərdən faydalanın. Yaşamınızda ən önəmli mərhələrərdən biridir. İşlərinizdə irəliləyişlərə nail olmaq istəyirsinizsə, aktiv olun.Günün ikinci yarısında çalışdığınız müstəvidə yaxşı nəticələrə nail ola bilərsiniz. Yaxın perspektivlə bağlı planlarınıza dəyişikliklər edin.Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Əhvalınız dəyişəcək, niyyətləriniz fərqli olacaq.Güc və imkanlarınıza qənaət edin. Başqalarının əvəzinə işləməyə həvəsli olmayın. Oğlaq – deyilən hər sözə kor-koranə inanmayın. Aldığınız informasiyanın yanlış və ya yalan olması istisna deyil. Hisslərə qapılaraq düşünülməmiş qərarlar verməyin. Çalşıdığınız kollektivdə müxtəlif intriqalar və ya dedi-qodulara qatılmayın.Günün ikinci yarısında sizə etiraz aksiyasına, lokal “üsyan”a qatılmaq təklif olunacaq. Yaxşı düşünün. İşdə həmkarlarla münasibətləri möhkəmləndirmək, rəhbərliklə aranızdakı anlaşılmazlığı aradan qaldırmaq olar. Nufuzunuz və mövqeləriniz barədə düşünün. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı münasibətləri möhkəmləndirin. Dolça – kollektivdəki şərait qarşılıqlı yardımlaşma və əməkdaşlıq tələb edir. Peşəkar fəaliyyət prosesində yaranan ləngimələr və məhdudiyyətləri aradan qaldırın. Əks təqdirdə onlar yaxın vaxtlarda ciddi problemlərə çevrilə bilər.Maraqlarınız yaxın ətrafınızdakı insanların planları ilə toqquşursa, ehtiyatlı davranın. Münaqişələri, fikir ayrılıqlarını aradan qaldırın.Emosional olmayın.Axşam saatlarında ciddi məsələni həll etmək mümkün deyil. Aktivliyin yeni mərhələsi ərəfəsində normal istirahət etməyi unutmayın. Balıqlar – günün ilk yarısından etibarən baş verənləri anlamağa çətinlik çəkəcəksiniz. Qohumlar və ya dostların yardımlarına ehtiyac duya bilərsiniz. Dəyər verdiyiniz insanlarla təmaslarda diqqətli, qayğıkeş olun.Günün ikinci yarısında emosiyalarınızı cilovlayın. Çətin situasiyada hissə qapılmayın. Qarşılıqlı iradlar köhnə problemlərdən birini daha da ağırlaşdıra bilər. Qısqanclıq və inamsızlığın artmasına rəvac verməyin. Məişət məsələləri ilə bağlı kəskin mübahisələrə başlamayın.İstənilən mübahisənin kompromis həlli var. Milli.Az

Bir ailənin başına gələn oyunlar-Video

Azərbaycanlı cütlük təzminat tələb edir “Biz Qazaxıstanda yaşadığımız dəhşətləri heç bir zaman unutmayacağıq, biz qardaş və dost ölkədə hüquqlarımızın bu cür pozulmasını gözləməzdik”.Psixoloq.az  xəbər verir ki ,bunu REAL-a Qazaxıstanın Aktau şəhərində qanunsuz olaraq həbsdə yeddi ay saxlanılan azərbaycanlı iş adamı Azər Quliyevin xanımı Emiliya Quliyeva deyib. Azər Quliyev isə Aktauya qaytmağa qərar verir, əsil dəhşətlər isə elə onda başlayır. Qanunsuz həbs, işgəncələr, təhdidlər və şantaj. Azərbaycanlı ailə Qazaxıstan hüquq muhafizə orqanlarının qanunsuzluqlarına görə Bakıdakı ev və maşınlarını satmaq məcburiyyətində qalır.Emiliya Quliyeva həm də bildirir ki, Qazaxstan Milli Təhlükəsizlik orqanlarının nümayəndləri onlarda işin asanlaşması üçün rüşvət də tələb edib. Yeddi aydan sonra isə Azər Quliyevin günahsız olduğu məhkəmədə subut olunub, amma bununla cütlüyün başına gələn oyunlar bitməyib.İndi ailə bu müddət ərzində itirdiyi maddi və mənəvi zərəri geri almaq üçün cəhdlər edir.

Boşanmaq istəyənlərə QƏRİBƏ CƏZA: 6 həftə boyunca...

Qədim zamanlarda Transilvaniyada evli insanlara ayrılmamaq üçün tətbiq edilən üsullar eşidənlərin təəccübünə səbəb olur.Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, bu üsullar qorxunc səslənsə də, insanların evliliklərini xilas etməsi üçün işə yarayıb.Ruminyada yerləşən Transilvaniya bölgəsində UNESCO-nun Dünya Mirası siyahısına salınan, saksonlara aid yeddi kənd mövcuddur. Biertan kəndi də bunlardan biridir. Burada yerləşən kilsənin həyətində 300 il yaşı olduğu iddia edilən bir otaq var. Keçmişdə keşişlər bu otağı qəribə məqsədlə istifadə edirmiş.Belə ki, bir-birilə yola getməyən evli cütlüklər 6 həftə boyunca bu otaqda qalırmış. Bu üsulla boşanmaq istəyən cütlüklər qərarlarından vaz keçirmiş. İddialara görə, otağın 300 illik istifadə müddəti ərzində sadəcə bir boşanma hadisəsi qeydə alınıb.Hazırda muzey kimi istifadəyə verilən otaqdakı əşyalar bir nəfəlik yataq, masa və kiçik bir sandıqdan ibarətdir.Transilvaniyada məskunlaşan saksonların dini inancı Lüterçi Protestant Xristianlığı olub. Bu din bəlli şərtlər çərçivəsində boşanmağa icazə versə də, cütlüklərin boşanmasının qarşısını almağı daha üstün tutub. Kilsənin həyətində yerləşən bu otaq da həmin cütlüklərin barışması üçün nəzərdə tutulub.Biertan kilsəsinin hazırki keşişi ənənə haqqında bunları deyib:“Çox güman ki, keçmişdə evlənən insanlar bir-birilərinə sevgi ilə bağlanmırdılar. Onların tək məqsədi işləmək və həyatda qalmaq mübarizəsi olub. Cütlüklərin 6 həftə müddətində bu otaqda kilidlənməsi bir il sonrası üçün qida toplamasına imkan verməyib. Bu səbəbdən boşanmaq istəyən cütlüklər bir an öncə barışıb öz normal həyatlarına geri qayıdıblar.Modern ailələrdə insanlar bir-birilərinə çox az vaxt ayırırlar. Yəni, biz bu laqeydliyi nəsillərimizdən miras almışıq. Buna görə bizim üçün nəyin yaxşı olduğuna qərar vermək və bizi bir arada saxlayan şeyləri bilmək üçün daha çox dialoqa girməyə ehtiyacımız var”.

Dünyanın ən qədim pendiri tapılıb

Misirin paytaxtı Qahirə şəhərinin cənubundakı Qiza vilayətində dünyanın ən qədim pendiri tapılıb. Psixoloq.az xəbər verir ki, pendir yaşı eradan əvvəl 13-ü əsrə qədər uzanan Memfis Ptahmes məzarlığında parçaya sarılmış formada aşkar edilib. Verilən açıqlamada tapılan pendirin bilinən ən köhnə qatı pendir olduğu deyilib. Araşdırmalardan sonra pendirin inək, qoyun və keçi südünün qarışığından düzəldiliyi öyrənilib.

İnternetdə təhlükəli oyun yayılıb - Ölənlər var

Artıq 2 aydır ki, internetdə  Momo adlı suisid təhlükəli onlayn oyunu yayılıb.  Psixoloq.az xəbər verir ki, Mavi Balina kimi təhlükəli olan oyun bu dəfə whatsappda-da qurbanlarını tapır. Belə ki, qorxulu kukla olan oyun whatsapp-ın siyahısında qəfildən peyda olur və yazır. Onu ləğv edib, pozmaq cəhdləri də alınmır.  Momo əvvəl " Salam, necəsən, nə xəbər, neynirsən” kimi suallarla başlayır. Daha sonra haqqınızda hər şeyi bildiyini deyib, şantaja başlayır.Əgər uşaq dialoqu davam etdirsə, onu oyuna dəvət edir. Əksərən gecələr mesajlar göndərən Momo zorakılıq görüntüləri, şəkilləri göndərir və tezliklə səni öldürəcəyini yazır.Bu psixoloji terror o vaxta kimi davam edir ki, uşaq oyuna razı olur. Razılıq verildikdən sonra tapşırıqlar gəlir: gecə evdən çıx, küçəni fırlan gəl, qaranlıq zirzəmiyə düş, boğazına bıçaq daya, qolunu kəs . Qorxub razılaşmayanları yaxınlarının ölümü ilə təhdid edir.Momo ilə nə qədər çox yazışma olsa, bir o qədər çox məlumat telefondan ötürülür və informasiyası çoxalır.Oyunun qurbanları olaraq adətən yeniyetmələr seçilir. Hazırda Amerikada yayılan oyun 12 yaşlı argentinalı qızın ölümünə səbəb olub: o telefonun kamerası qarşısında özünü asıb. Polis onun telefonunda whatsappda Momo ilə yazışmasını aşkarlayıb. Amerikalı psixoloqlar oyunun getdikcə İspaniya, Almaniya, Hindistanda yayıldığını bildirib, tezliklə Rusiya və Asiyaya keçəcəyinin bildirərək, pedaqoq və valideynləri xəbərdar edib.

Qurban bayramında gücləndirilmiş rejimdə işləyəcəklər - Nazir əmr verdi

Respublikanın daxili işlər orqanları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Psixoloq.az xəbər verir ki, bu haqda Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədilə əmr imzalayıb. Əmrə əsasən, avqustun 22-dən 24-dək ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri, habelə xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi gücləndiriləcək.

Azərbaycana gələn ərəblərin sayı 100 dəfə artdı

Statistik məlumatlara əsasən, son beş ildə təkcə üç ərəb ölkəsindən Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 100 dəfədən çox artıb.  Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2012-ci ildə Səudiyyə Ərəbistanından Azərbaycana cəmi 380, BƏƏ-dən 551, İraqdan 917 nəfər gəlib.  İndi isə həmin dövlətlər üzrə 2017-ci ilin göstəricilərinə baxaq. Beləliklə, ötən il Səudiyyə Ərəbistanından Azərbaycana 33 min 312 nəfər, BƏƏ-dən 102 min 498 nəfər, İraqdan 62 min 547 nəfər gəlib. Ümumilikdə, Səudiyyə Ərəbistanından, BƏƏ-dən və İraqdan 2012-ci ildə Azərbaycana gələnlərin cəmi sayı 1 min 848 nəfər, 2017-ci ildə isə 198 min 357 nəfər olub. Bu isə 107 dəfə artım deməkdir.(oxu.az)

DYP maşından düşüb oynayan sürücüləri cərimələdi — VİDEO

Maşın hərəkətdə olarkən rəqs edilməsi ilə bağlı 10 sürücü cərimələnib. Psixoloq.az-ın məlumatına görə, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov ARB TV-yə açıqlamasında sürücüləri bu cür hərəkətlərə yol verməməyə çağırıb: "Bakı şəhəri üzrə yayımlanan videolar əsasında təsminən 10 sürücü məsuliyyətə cəlb edilib. Bu cür addım təhlükəyə və faciəyə səbəb ola bilər.

Baytarlıq Nəzarəti Xidməti qurbanlıq heyvan seçimi barədə

Qurbanlıq heyvanlarla əlaqədar onu demək istəyirəm ki, vətəndaşlar heyvanların duruşuna, sağlamlığına xüsusi fikir versinlər. Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır. Bunu oxu.az-a Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayev deyib. O bildirib ki, hazırda qurum 13 xəstəliyə qarşı profilaktiki peyvəndləmə işi aparır. “Qonşu ölkələrdə hər hansı xəstəlik qeydə alınarsa, onlara qarşı mübarizə aparırıq. Qeyd edim ki, ölkə ərazisində müəyyən xəstəliklərə qarşı profilaktiki peyvəndləmə aparılıb. Bu tədbirlər mərhələlərlə həyata keçirilir və hazırda ölkəmizdə iti yoluxucu xəstəliklərə görə epizootik sabitlik qorunur”. Xidmət rəisi fermerlərə öz tövsiyələrini də verib: “Fermerlər payız fəslində heyvanlar üçün yem ehtiyatı əldə etməlidir. Saxladıqları heyvanların sayına uyğun olaraq qış fəsli üçün yem toplamalıdır. Bir də məsləhətim odur ki, heyvanları yemləmək üçün qüvvəli yemlərə üstünlük versinlər. Əhaliyə, təsərrüfat sahiblərinə onu demək istəyirəm ki, heyvanların saxlanma, bəslənmə və havalanma şəraitinə diqqət göstərmək vacibdir. Birinci növbədə vətəndaşlardan, fermerlərdən xahişimiz ondan ibarətdir ki, heyvanların sağlamlığına fikir versinlər. Əgər bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə müraciət etmək lazımdır”.