Əhalinin yarısı bundan əziyyət çəkir - Psixoloji xəstəlik nədir?

Psixoloji xəstəlik nədir? Bu, bəzi davranışların, duyğuların tibbi cəhətdən pozğunluğu deməkdir. Əhalinin yarısı psixoloji xəstəliklərdən birindən əziyyət çəkir. Bəs psixoloji xəstəliklər hansı problemi yarada bilər? Psixoloji problemi olanlar digər insanlardan fərqli davranmazlar. Buna baxmayaraq bəzi xəstəliklər... Cinsi münasibət zamanı problem yarada bilər. Şiddət kimi davranışlara yol aça bilər. Bəzi xəstəliklər intiharla nəticələnə bilər. Özlərində olan bəzi mənfi xüsusiyyətlər daha da arta bilər. Şəhanə Quliyeva

Məşhur saytların bloklanmasını tələb etdi

Şəxsi həyatı ilə gündəmdən düşməyən aktrisa Dəniz Çakır haqqında çıxan bir xəbərə görə məhkəməyə müraciət edib. Psixoloq.az xəbər verir ki, bəzi saytlar Dənizin jurnalist Cüneyt Özdəmir ilə sevgili olduğu iddiasını edib. Aktrisa ilə məhkəmə qərarı ilə saytların bloklanmasını tələb edib. Aktrisa jurnalist Cüneyt Özdəmir ilə sevgili olduğu barədə xəbərin yayılmasından sonra hərəkətə keçib. Dənizin vəkilləri xəbərin əsassız olduğunu və həqiqətə uyğun olmadığını bildiriblər. Eyni zamanda bu xəbəri yayımlayan saytların blok edilməsini istəyiblər.

Hava şəraiti qeyri-sabit keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən  bildirilib ki, Bakıda və Abşeron yarımadasında avqustun 18-i gündüz, 19-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Avqustun 18-i gündüzdən avqustun 20-dək şimal rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. 

Nazirdən bu müəllimlərə XƏBƏRDARLIQ

Azərbaycanda şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə mövcud qanunvericiliyə uyğun baxılıb təkliflərin verilməsi 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətlərindən biri olacaq. Bu, təhsil naziri Ceyhun Bayramovun “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində qeyd edilib. Əmr 2018-2019-cu dərs ilində ümumi təhsil sistemində keyfiyyət göstəricilərinin davamlı surətdə yaxşılaşdırılması, təhsilalanların milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi istiqamətində çevik fəaliyyət mexanizmi yaratmaq məqsədilə imzalanıb. Əmrlə 2018-2019-cu dərs ilində ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri müəyyən edilib. Əmrdə qeyd edilir ki, Təhsil Nazirliyinin 2017-ci il 28 avqust tarixli 261 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunsun. 2018-2019-cu dərs ilində ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə mövcud qanunvericiliyə uyğun baxılıb təkliflərin verilməsi, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması, yaşayış ərazisi daxilində yaşayan məktəbyaşlı uşaqların təhsildən kənarda qalması hallarına yol verilməməsi, bununla əlaqədar valideynlərlə, eləcə də aidiyyəti təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodik köməklik göstərilməsidir. Bununla yanaşı, ibtidai sinif müəllimlərinin tərkibinin peşəkarlıq baxımından təhlil olunması, onlar haqqında ictimai rəyin ətraflı öyrənilməsi və siniflərə təyinatda ciddi surətdə nəzərə alınması, “İnformatika” və “Xarici dil” fənləri istisna edilməklə digər fənlər üzrə dərs saatlarının başqa müəllimlər arasında bölüşdürülməsi hallarının aradan qaldırılması, şagirdlərin seçilmiş tədris dili, dövlət dili kimi Azərbaycan dili, Azərbaycan tarixi və coğrafiyası üzrə praktik bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin təkmilləşdirilməsi və genişləndirilməsi, şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilməsi işinin təşkili, yerlərdə yaradılmış “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi, “Hər bir uşaq istedadlıdır” devizi ilə ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi, məktəblərdə kitabxana xətti ilə şagirdlərin geniş cəlb olunduğu “Mütaliə aylığı”nın keçirilməsi, hüquq-mühafizə və səhiyyə orqanlarının məsul işçiləri, müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən hüquq pozuntularının qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması, reproduktiv sağlamlıq, insan alverinin qurbanları, alkoqollu içkilərə və psixotrop maddələrə meyilliyin acı nəticələri, erkən nikahların fəsadları, internetdən təhkükəsiz istifadə və zərərli məlumatlardan mühafizə və sair bu kimi mövzularda şagirdlərlə maarifləndirici tədbirlərin təşkilinin təmin edilməsi və s. də prioritetlər sırasındadır. (trend)

Qərbi Kaspi Universiteti II tur üçün qəbul elan edir

Qərbi Kaspi Universiteti bakalavr səviyyəsinə II tur üçün aşağıdakı ixtisaslara qəbul elan edir: • Kompüter mühəndisliyi• İnformasiya texnologiyaları• Ekologiya mühəndisliyi• Cihazqayırma mühəndisliyi• Mexatronika və robototexnika mühəndisliyi• Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi• Kompyuter elmləri• Dünya iqtisadiyyatı (əyani/qiyabi)• İqtisadiyyat• Maliyyə• Menecment• Beynəlxalq münasibətlər• Dövlət və bələdiyyə idarəetməsi• Mühasibat uçotu və audit (qiyabi)• Sənayenin təşkili və idarə olunması• Su bioehtiyatları və akvabitkilər• Dizayn  Əlavə məlumat üçün əlaqə telefonu: 012 492 61 63

Bayram günləri işıqlar sönməyəcək - “Azərişıq” SÖZ VERDİ

Bayram və qeyri-iş günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülərək, 2018-ci il avqust ayının 22-23-də “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib. ASC-dən verilən məlumata görə, bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılacaq. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq.(publika.az)

Körpü selfi həvəskarı ucbatından uçdu

Çində piyada körpüsü uçub. Psixoloq.az xəbər verir ki, hadisə Xunan əyalətində baş verib. Belə ki, piyadalardan biri Duntsyanxu su anbarının üzərindən keçən körpüdə selfi etmək istəyib. Bu zaman izdiham yaranıb və ağırlığa tab gətirməyən körpü uçub. Uçqun nəticəsində dörd nəfər xəsarət alıb.

Bu il dərslər sentyabrın 15-də başlamayacaq - SƏBƏB

Bu il Azərbaycanın ümumtəhsil məktəblərində dərslər sentyabr ayının 15-də başlamayacaq. Buna səbəb sentyabrın 15-nin şənbə gününə təsadüf etməsidir. Şənbə istirahət günü olduğuna görə 2018-2019-cu dərs ili sentyabrın 17-də başlayacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. (report)

Hansı peşə sahibləri daha çox xərçəngə tutulur?

Həkimlər xəbərdarlıq edir ki, bəzi peşə sahiblərində digərlərlə müqayisədə xərçəng xəstəliklərinin riski daha yüksəkdir. Psixoloq.az xəbər verir ki, birinci və ikinci yerdə manikür ustaları və bərbərlər qərarlaşıb. Onlar tez-tez boya, lak, həlledicilərin tərkibində olan toksiki maddələrlə ünsiyyətdə olur. Bu maddələrin güclü kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətləri var. Bu səbəbdən manikür ustaları və bərbərlər yalnız yaxşı ventilyasiya sistemi olan yerlərdə işləməli və qoruyucu maskalardan istifadə etməlidir.      3-cü yerdə daim kompüterdə işləyən ofis işçiləridir. Fiziki aktivliyin az olması xərçəngin riskini artıran faktorlardan biridir. Mütəxəssislər ofis işçilərinə hər 1 saatdan bir ayağa qalxmağı, sadə fiziki hərəkətlər etməyi, bir qədər gəzişməyi tövsiyə edirlər. 4-cü yerdə aviasiya işçiləridir. Buna pilot və stüard və stüartdessalar aiddir. Bu peşə sahibləri yükəsklikdə gün şüalanmasına məruz qalır ki, bu da xərçəng riskini artırır. 5-ci yerdə gecə növbələrində işləyən peşə sahibləridir. Gecə saatlarında işləmək insanın bioloji ritmlərini kobud şəkildə pozur ki, bu da bir çox xəstəliklərin və o cümlədən xərçəngin riskini artırır.(saglamolun.az)

Azərbaycanlılar niyə boşanırlar? - RƏY

Boşanmaların sayının artmasına səbəb artıq ailədə dəyərlər sisteminin çat verməsidir. Bunu oxu.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib. Onun sözlərinə görə, boşanmaların səbəbləri çoxdur: “İlk növbədə odur ki, bəzi insanlar ailəni köhnə qayda ilə idarə edirlər. Təbii ki, bununla razılaşmayanlar olur və münasibətlərdə problem yaranır. Nəticədə isə cütlüklər boşanır. Eyni zamanda, erkən nikah qurmağa məcbur edilənlər, yaşı keçdiyinə görə məcburi ərə verilənlər, işsizlik, xəyanət də rol oynayır. Elə qadınlar var ki, öz azadlıqlarının zorla məhdudalaşdırılmasını istəmirlər”. Mehriban Zeynalova bidirib ki, boşanmaların qarşısını almaq mümkün deyil: “Dəyərlər sistemi çat verib. Hansısa formada boşanmaların qarşısını almaq mümkün deyil. Proses özü tənzimlənəcək. Şüurlu ailə qurma prosesi olana kimi bü cür davam edəcək”. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubovbildirib ki, hazırda Azrbaycanda ən böyük problem milli-mənəvi dəyərlərin aşınmasıdır: “İnternet, sosial şəbəkələr, insanlar arasında qəddarlığın yüksəlməsi bu dəyərlərin aşınmasına gətirib-çıxarır.  Əvəllər dolanışıq yaxşı olmasa da, insanlar bir-biri ilə yola gedir, anlaşırdılar. İndi heç nədən problemlər yaranır, böyüyür, bir-birini qəbul etmirlər və boşanırlar. Araşdırdıqda isə məlum olur ki, cütlüklər arasında olan problem boşanmaq üçün səbəb deyil”. Nizami Əyyubov bildirib ki, son 10 ildə boşanmaların sayı 70-80 faizə qədər artıb: “Müstəqillik illərindən əvvəlki və indiki dövrü müqayisə etsək, hazırda boşanma sayı daha kəskindir. Ölkədə təbii artım azalıb və düşməkdə davam edir. Təbii artım hər 1000 nəfərə 19-20-dən doqquza düşüb. Dövlət tərəfindən demoqrafiya problemlərinin həlli üçün proqramlar qəbul olunub. Amma hazırda da təbii artım azalmaya doğru gedir. Səbəb isə cütlüklərin boşanması və doğulanların kəskin azalmasıdır. Boşanan adam uşaq istəyərmi? Təbii ki, yox”. Şöbə müdiri qeyd edib ki, ölkədə təbii azalma prosesi bir müddət davam edəcək: “Hazırda Azərbaycanda əhalinin sayı həm təbii artım hesabına, həm də ölkəyə gələnlərin sayına görə artmaqdadır. Əvvəllər də miqrasiya balansı mənfi idi. Eyni zamanda, təbii artımın bir hissəsi ölkədən kənara çıxırdı. İndi isə belə deyil. Ermənistanda isə təbii artım və əhalinin sayı bizdən üç dəfə azdır. Artımın çox hissəsi kənara gedir. Həm də miqrasiya və demoqrafiq artımı aşağıdır. Ermənistanla müqayisə edəndə, bizdə vəziyyət çox yaxşıdır. Amma ölkədə milli-mənəvi dəyərlərin aşınmasının qarşısı mütləq alınmalıdır”. Qeyd edək ki, 2018-ci ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 27525 nikah, 7219 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub. Ötən ilin müvafiq dövründə isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində  40256 nikah və 9787 boşanma halları qeydə alınıb. Hər 1000 nəfərə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub. Nəticəyə əsasən, deyə bilərik ki, nikah və boşanmaların sayı azalıb.

Azərbaycanda nümunəvi qəbiristanlıqların yaradılması təxirə SALINDI

“Azərbaycanda nümunəvi qəbiristanlıqların salınmasını  nəzərdə tutan sənədin hazırlanması ilə bağlı məsələ ətrafında hər hansı bir iş görülməsi barədə məlumatım yoxdur. Bu, elə - belə bir söhbətdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi belə bir sənədin olmasını açıqladılar. Ancaq mən belə bir sənədlə tanış deyiləm. Sadəcə belə bir sənədin olması barədə mülahizələr var”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa deyib. Deputat hesab edir ki, hazırki şəraitdə Azərbaycanda nümunəvi qəbiristanlıqların salınması asan olan məsələ deyil. “Çünki bunun üçün Azərbaycanda birinci növbədə bələdiyyə sistemi inkişaf etməlidir. Qəbiristanlıqların bələdiyyələrə aid bir sistem kimi tanınması məsələsi həll olunmalıdır. Əgər bu yoxdursa, məsələ ümumi şəkildə qoyulacaq. Ancaq insanların buna nə dərəcədə əməl edib-etməyəcəyi isə sual altındadır. Ona görə də birinci növbədə bələdiyyələrin müstəqilliyi məsələsi öz həllini tapmalıdır. Bələdiyyələr ayrıca bir struktur kimi mövcud olmalıdır”. Fazil Mustafa nümunəvi qəbiristanlıqlar ifadəsinin düzgün seçilmədiyini qeyd edib. “Hesab edirəm ki, standart qəbiristanlıqlar ifadəsi daha dəqiq olardı. Bu qəbiristanlıqların yaradılmasında əsas məqsəd odur ki, insanlar qəbir daşlarına ayırdığı vəsaitin mənasız bir xərc olduğunu anlasınlar. İnsanlar eyni standartda, daha ucuz başa gələn formada bu xərcləri qarşılamalıdırlar. Bunu insanlar nə dərəcədə qəbul edəcək, bu məsələ bir az çətindir. İnsanların əksəriyyəti elə başa düşür ki, nə qədər böyük daş ucaltsalar o qədər qəbrinə hörmət qazanacaqlar.  Söhbət daş uclatmaqla deyil, əməli uclatmaq lazımdır”. Deputat nümunəvi qəbiristanlıqlarda şəhidlər üçün ayrıca yerin ayrılması ilə bağlı təklifləri dəstəklədiyini bildirib. “Bu, həmin şəxslərə münasibətin dəyişməsi baxımından vacibdir.  Hər bir şəhid Şəhidlər xiyabanında dəfn olunmur axı. Qəbiristanlıqlarda şəhidlər üçün ayrıca bir yerin olması həm də könüllü olmalıdır. Elə şəhidimiz var ki, ailəsi onun ailə qəbiristanlığında dəfn olunmasını istəyir. Buna isə müdaxilə etmək doğru deyil. Bu məsələ könüllülük prinsipi ilə olmalıdır”.

İsti günlər davam edəcək - Hava Proqnozu

Bu gün Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 17-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, avqustun 17-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Varlıların yeni dəbi — Beyinlərini dondururlar

Qərb ölkələrində yaşayan varlılar arasında yeni trend dəbə düşüb. Psixoloq.az xəbər verir ki, orqanizm dondurma əməliyyatı varlıların yeni dəbidir. Orqanizmin mənfi 196 dərəcədə mühafizə edilib dondurulduğu proses ölümə qalib gəlməyin yeni bir yolu kimi görünür. Gələcəkdə də yaşamaq ümidi ilə 150 min dollar 200 il müddətinə beyinlərini və orqanizmin digər hissələrini donduran iş adamları və varlılar 200 il sonra oyanaraq yenidən yaşayacaqlarına inanırlar. Bu xidmət iki ABŞ şirkəti tərəfindən təqdim edilir. Arizonada Alkor və Miçiqandakı “Cryonics” institutları tərəfindən həyata keçirilir. Təkcə Alkor institutuna bu xidmət üçün 1000 nəfər müraciət edib və ödəniş edib. Xidmətdən yararlanan bir ingilis iş adamı deyib: “Daha həyəcanlı heç nə düşünə bilmirəm. 200 və ya 2000 il sonra yenidən oyanıb yeni bir həyat yaşaya biləcəyimi düşünürəm”.(ölkə.az)

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. DİM-dən verilən məlumata görə, imtahan Bakı şəhərində keçiriləcək. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 250, BB qrupu üzrə 763, ümumilikdə isə 1013 namizəd qeydiyyatdan keçib. Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq və 3 saat davam edəcək.Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:- şəxsiyyəti təsdiq edən sənədin əsli;- "İmtahana buraxılış vərəqəsi";Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.(xezerxeber)

Bakının bu ərazilərində qaz olmayacaq

Bu gün saat 10:00-dan etibarən təmir işləri başa çatanadək "Sulutəpə", "Alatava", "Səbail", "Lökbatan", "Xocasən" Qaz Paylayıcı Stansiyalarından, "Laçın qaçqınları" və "Elit Yatırım" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq. "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, qaz təchizatının dayandırılması "Qaz İxrac" İdarəsinin balansında olan diametri 720 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin 19-cu km-də quraşdırılmış və yararsız vəziyyətə düşmüş sipərin dəyişdirilməsi, 25-27-ci km-lər arası dayaqlardan düşmüş hissəsinin qaldırılması və bir ədəd xamutun ləğv edilməsi ilə bağlıdır. Zəruri təmir işləri ilə əlaqədar, Səbail rayonu Bayıl, Badamdar qəsəbələrinin, 20-ci sahə yaşayış massivinin, Zərifə Əliyeva, İstiqlaliyyət, R.Rza, Neftçilər prospektində, Yasamal rayonu Ə.Quliyev küçəsinin, Nəsimi rayonu Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin, Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən təmir işlərinin Yeni Yasamal yaşayış massivi Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Günün ulduz falı: 17 avqust, 2018

Qoç – gözlənilməz hadisələr və xoş sürprizlərlə dolu gündür. Eksperimentlər, yeni planların reallaşması, qeyri-adi açıqlamaların mümkün olacağı zamandır. Karyera müstəvisində irəliləmək və ya çoxdan arzuladığınız işi, vəzifəni, sifarişi almaq imkanları var. Bunun üçün sürətlə hərəkət etmək, qətiyyətlə davranmaq gərəkdir. Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Ciddi tanışlıq ehtimalı azdır, amma ötəri münasibətlər olacaq. Maliyyə məsələlərində ehtiyatlı olun. Bədxərclik eləməyin. Borc almayın. Buğa – çətin gündür, lakin çətinliklərin öhdəsindən gələcəksiniz. Əsas məsələ, depressiv əhval-ruhiyyənin təsirində qalmayın. Doğrudur, yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Amma ümumi fəaliyyətlə bağlı razılığa gəlmək olar. Rəhbərlik sizdən çox iş tələb edir, qarşınıza yeni tapşırıqlar qoyur. Əlavə işlər görməli olacaqsınız. Günün ikinci yarısında maliyyə fonu əlverişli deyil. Sərfəli anlaşma, yaxşı sifariş və ya gəlirə bel bağlamayın. Bununla belə, ümidi kəsməyin. Hər şey yaxşı olacaq. Əkizlər – işdə və evdə yaşanan dəyişikliklər planları dəyişdirəcək. Buna sevinin, axı istifadə edə biləcəyiniz yeni imkanlar yaranır. İşdə rəhbərlik və həmkarlarla qeyri-formal şəraitdə ünsiyyət üçün yaxşı gündür. Önəmli danışıqları özünüzü rahat və yaxşı hiss edəcəyiniz yerdə keçirin. İş üçün gərəkli əşyalar, alətlər və texnika almaq olar. Günün ikinci yarısında intellektual potensial yüksəkdir. Dürüst qərarları sürətlə qəbul edin, qarışıq situasiyalarda doğru yolu seçin. Ağıllı insanlarla ünsiyyət sizə xoş emosiyalar bəxş edəcək. Xərçəng – yaşanan hadisələri dərhal adekvat dəyərləndirə bilməyəcəksiniz. İlk əvvəl narahat olacaq, təşvişə düşəcəksiniz. Lakin az sonra anlayacaqsınız ki, dəyişikliklər yaxşılığa doğrudur. İş yerini dəyişmək, qüvvə və potensialınızı fərqli sahədə yoxlamaq imkanları yaranır. Yeni ideya və planların reallaşması üçün əlverişli zamandır. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə də təşəbbüskar ola bilərsiniz. Günün ikinci yarısında uzunmüddətli səfərə yollana bilərsiniz. Evdə qalsanız, darıxmayın. Sizi dostlarla görüş, ya da romantik macəra gözləyir. Şir – günün ilk yarısı çətindir. Problemlər var, günün emosional fonu əlverişli deyil. Bu səbəbdən də yaşanan hadisələri bədbin çalarlarda görürsünüz. İşlə müqayisədə şəxsi münasibətlər barədə çox düşünməyin. Belə olarsa ən sadə proseslərdə səhvlərə yol verəcəksiniz. Rəhbərliklə fikir ayrılıqları yarana bilər. Günün ikinci yarısında situasiya stabilləşəcək. Pozitiv təmayüllər güclənəcək, özünüzü daha rahat hiss edəcəksiniz. Axşam saatları qeyri-adi əyləncələr, maraqlı insanlarla görüş zamanıdır. Sevdiyiniz insanla münasibətləriniz qısqanclıqla korlanmasın. Soyuqqanlı, səmimi olun. Qız – günün ilk yarısında narahatlıq və təlaş ola bilər. Peşə fəaliyyəti sahəsində çətinliklər və maliyyə itkiləri istisna deyil. İşlər çoxdur, onları yerbəyer etmək asan deyil. Aktual olan işləri ikinci dərəcəli məsələlərdən ayırın. İşdə rəhbərlik və həmkarlarla anlaşılmaz situasiyaların yaranmasının təhəbbüskarı olmayın. Əks təqdirdə nüfuzu qorumaq asan olmayacaq. Söhbət və danışıqlarda ehtiyatlı olun. Sözlərinizə fikir verin. Günün ikinci yarısında pozitiv təmayüllərin təsiri artır. Çətinliklərin əksəriyyəti qət olunacaq, qarşınızda yeni imkanlar yaranacaq. Axşam saatları ailə üzvləri ilə xoş ünsiyyət, çoxdan bəri normal təmaslarınız olmayan insanlarla dil tapmaq üçün əlverişli zamandır. Tərəzi – diqqətli, huşyar olun. Ən müxtəlif işlər səlis yanaşma tələb edir. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Yeni ideyalar çoxdur. Amma onları reallaşdıra bilmədiniz deyə, sinirlənməyin. Sürətlə hərəkət edin, amma ifrata varmayın. Əks təqdirdə ətrafınızdakı insanlarda narazılıq yaranaraq münaqişəyə rəvac verə bilər. Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Axşam saatları xüsusilə əsəbi keçəcək. Əks cins mənsubu, xüsusilə də yaşlı qohumla dil tapmaq çox çətindir. Ən kiçik məsələ əsəbləri tarıma çəkə bilər. Əqrəb – peşəkar fəaliyyət sahəsində asan uğurlara bel bağlamayın. Nəyəsə nail olmaq istəyirsinizsə, zəhmət çəkməli olacaqsınız. Kimsə sizə yardım etmək, problemlərinizin bir qismini öz üzərinə götürmək niyyətində deyil. İş yoldaşları ilə dil tapmaq asan deyil. Günün ikinci yarısı araşdırmalar, tədqiqatlar, bilik və təcrübənin artırılması üçün əlverişli zamandır. Dəvət aldığınız bütün tədbirlərə qatılmayın. Yorulacaq, usanacaqsınız. Axşam saatları gəzinti və aktiv istirahət üçündür. Oxatan – günün ilk yarısı maraqlı və hadisələrlə zəngin olacaq. Qətiyyətli, inadkar, əzmli olsanız, məqsədlərinizə çata bilərsiniz. Tənbəllik etməyin, ətalətli davranmayın. Yeniliyi əxz etməyə, fəaliyyətinizdə innovasiyalara yer verməyə çalışın. Başqalarının səhvlərini təhlil edin ki, özünüz həmin səhvləri təkrarlamayasınız. İşgüzar danışıqlarda uğur əldə etmək istəyirsinizsə güzəştə getməyin, nəyə nail olmaq istədiyinizi müəyyənləşdirin. Günün ikinci yarısı ailə üzvləri ilə birlikdə çalışmaq, istirahətlə bağlı planları müzakirə etmək üçün əlverişlidir. Alış-veriş edin, simic davranmayın. Oğlaq – ən müxtəlif işlər üçün uğurlu və əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla asanlıqla dil tapacaqsınız. Əvvəllər anlamadığınız, başa düşmək istəmədiyiniz insanların problemlərini dərk edin. Əks cins mənsubu ilə söhbətdə ehtiyatlı olun. Qəfil hədiyyə, gəlir istisna deyil. Qarşınızda yeni işgüzar perspektivlər yaradan təklif alacaqsınız. Günün ikinci yarısında neqativ təmayüllər üzə çıxacaq. Əhvalınız pozulacaq, kiçik anlaşılmazlıqlar yaranacaq. Lakin ruhdan düşməyin, qətiyyətlə və inamla çalışın. Özünüzü sevindirməyin yollarını tapın. Dolça – sizi maraqlandıran sahələrdə əməkdaşlıq üçün əlverişli zamandır. Nikbin və qətiyyətli olun. Ətrafınızdakı insanlar sizin əzminizdən ruhlanmalıdır. Çoxdan bəri görmədiyiniz insanlarla görüşlər effektiv nəticə verəcək. Anlayacaqsınız ki, qarşılıqlı rəğbət və maraq yox olmayıb. Zəifləmiş romantik münasibətləri bərpa etmək şansı var. Lakin bu addımı atmazdan əvvəl düşünün: belə bərpaya ehtiyac duyulur? Günün ikinci yarısında əldə edilən razılaşma və sövdələşmə gəlir vəd edir. Yeni işə başlayırsınızsa, ümidləriniz doğrulacaq. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə səlis və diqqətli olun. Balıqlar – yaxın ətrafınızdakı insanlarla münaqişəyə rəvac verməyin. Mübahisə edənləri sakitləşdirin, küsənləri barışdırın. Yaxşı tanıdığınız insanlardan birinin yardıma ehtiyacı var. Ona kömək edin. İşgüzar danışıqlar yaxşı keçəcək. Həssas və diqqətli olun. Yeni işə başlamaq üçün əlverişli zamandır. İlk uğur tezliklə əldə olunacaq. Hətta ən çətin problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. Dəvət aldığınız tədbirə qatılın. Dostlarla görüşün, ailəvi istirahət edin. Pozitiv emosiyalar ala bilərsiniz. Milli.Az

Uzun müddət davam edən terapiyanı pul tələsi hesab edirlər-Psixoloq Şahin Əliyev

Psixoloq Şahin Əliyev özünün sosial şəbəkə hesabından paylaşım edərək insanların psixoloji xidmətdən istifadə edərkən əvvə nəticə almadıqları psixoloq və psixiatrlarla yeni müraciət etdiyi psixoloqa inamsız yanaşmanın yalnış olduğu barədə müraciət edib . Psixoloq.az həmin paylaşımı olduğu kimi təqdim edir: Psixoloq, Psixiatrlarla bağlı aktual bir məsələni insanların diqqətinə çatdırmaq istəyirəm. Peşə fəaliyyəti ərzində qarşılaşdığım bir situasiya var. İnsanlar fayda almadıqları psixoloq və ya psixiatrı hal hazırda müraciət etdiyi psixoloq və ya psixiatrla eyniləşdirir və yenədə bir şeyin dəyişməyəcəyini qətiyyətlə iddia edirlər. Bu cür ümumiləşdirmə adətən daha spesifik pozuntulardan əziyyət çəkən insanlarda daha çox olur. Məsələn, panik pozuntu, obsessiv - kompulsiv pozuntu, yeme pozuntuları xüsusi ilə anoreksiya və s. Əziz insanlar, bütün psixoloqlar, psixiatrlar onların terapiya metodları eyni deyil, fərqlidir. Psixoloq psixoterapiya, psixiatr derman terapiyası edərək müraciət etmiş şəxsə kömək etməyə onda olan problemi korreksiya etməyə çalışır amma bəzən bu kifayət etmir, çünki həmin şəxsin ailə dinamikası, yaşayış yeri, işi ümumilikdə sosial faktorlar, bioloji faktorlar(genetik ötürücülük) uşaqlıq yaşantıları və s hamısı şəxsdə olan problemə öz təsirini göstərir. İnsanlar isə daha tez sağalmaq daha tez fayda almaq istəyirlər, uzun müddət davam edən terapiyanı isə (8-12 seans) pul tələsi hesab edirlər. Amma bu belə deyil. Düşünün zamanla sizdə yaranmış bir problemi qısa zamanda necə terapiya etmək olar? Yuxarıda yazdıqlarımı xatırlayın. Bundan başqa sizin məndə heç bir problem yox idi birdən yarandı deyə düşündüyünüz psixoloji narahatçılıqlar, birdən yaranmır, həm yuxarıda sadaladıqlarım faktorlar həmdə yaşantılarla pillə pillə toplanır və sizin dediyiniz O bir anda ortaya çıxır. Bu səbəbdən bəzən mütəxəsisi günahlandırmaq və ya ümumiləşdirmə, eyniləşdirmə aparmaq əvəzinə müraciət etdiyiniz mütəxəsisə və işinə daha çox inanın. O zaman terapiya proseduruna köməklik etmiş olarsınız. Əksinə avtomatik (irrasional) düşüncələrin əsiri olsanız, ən yaxşı hesab etdiyiniz mütəxəsis belə sizə kömək edə bilməyəcək.

Xoşbəxtliyi pul ilə almaq mümkündür...

Hamımız maddi şeylərin insanları xoşbəxt edə bilmədiyini eşitmişik. Lakin insanların bir qismi yenə də etdikləri alış-verişin özlərini xoşbəxt edəcəyini düşünür və daha çox pul xərcləyərək xoşbəxt olacaqlarını güman edirlər. Bu tip insanlara baxanda, qarderoblarının geyinilməmiş paltarlar və ayaqqabılarla dolu olduğunu görərsiniz. Həyat yoldaşlarından və digər sevdiklərindən həmişə bir hədiyyə gözləyirlər, lakin aldıqları hədiyyə nə olursa olsun, həyatlarında bir fərq yaratmır.  Yazının başlığının əksinə deyirəm ki, xoşbəxtlik pul ilə  alına biləcək bir şey deyil. Özümüz üçün xərclədiyimiz pul yalnız həyat standartlarının daha yaxşı olmasına yardımçı olmağa yarayır. İndi görək pul həqiqətən xoşbəxtlik gətirir, yoxsa xoşbəxtlik başqa şeylərdə gizlidir? Təcrübələr Bundan bir il öncə ananızın sizə aldığı hədiyyə sizi bu gün xoşbəxt etməyəndə, onunla yaşamış olduğunuz gözəl bir təcrübə, şirin bir xatirə, xoşbəxt bir an sizi bu gün yenidən güldürüb sevincli edə bilər. Bu səbəbdən xüsusilə həyat yoldaşınıza hədiyyə alarkən bahalı köynək, brilliant bir boyunbağı kimi gəlib keçici şeylər əvəzinə, fərqli və gözəl təcrübə yaşadacaq hədiyyələr seçilməlidir. Övladınıza aldığınız son model bir mobil telefonu onu müvəqqəti olaraq həyəcanlandırırsa və xoşbəxt etsə də, birlikdə tutduğu komandanın oyununa getməyiniz qədər xoşbəxt edə bilməz. Çünki telefon köhnələcək, yeni modelləri çıxacaq. Amma yaşadığınız o gözəl xatirə hər xatırlayanda oğlunuzu xoşbəxt etməyə yetəcək. Bu səbəblə çox bahalı hədiyyələrin insanları xoşbəxt etmədiyini, əksinə, doyumsuzlaşdırıb məyus olacağına səbəb olduğunu qeyd etməliyəm. Amma yaşadığınız gözəl təcrübə və xatirələr həm sizi həm qarşınızdakını uzun bir zaman xoşbəxt edəcəkdir. Xobbi Bu gün çox bahalı xobbilərə malik insanların varlığını bilirik. Amma bu xoşbəxtliyi gətirəcəyi mənasını daşımaz. Halbuki tikiş tikmə kimi bir xobbisi olduğunu bildiyiniz qız qardaşınız üçün alacağınız tikiş maşını onu uzun müddət xoşbəxt edəcəkdir. Ya da gitaraya maraqlı övladınıza aldığınız bir gitara və yazdığınız gitara kursu, onu bir kompüter oyunundan çox daha xoşbəxt edə bilər. Sevdiklərinizin xobbilərini bilib onlara, xobbilərinə qarşı hədiyyələr almaq xoşbəxt olmalarını təmin edəcəkdir. Unutmayın birinin xoşbəxt olmasına vəsilə olmaq sizi də ən az onun qədər xoşbəxt edəcəkdir. Çünki xoşbəxtlik yoluxucudur. Praktik Ehtiyaclar Sevdiklərinizin gündəlik işlərinə yardımçı olacaq praktik ehtiyaclarını təmin etməyiniz, onları xoşbəxt etməyiniz üçün bir vasitədir. Ananızın artıq köhnələn və iş görməz hala gələn elektrikli süpürgəni dəyişməyiniz onu xoşbəxt edəcəkdir. Ya da həyat yoldaşınıza, ev işlərində yardımçı olacaq bir kiçik ev alətləri hədiyyə etməyiniz onun xoşbəxt olmasına səbəb ola bilər. Eyni zamanda həyat yoldaşınızın gündəlik həyatını asanlaşdırmaq nəticəsində sizə və uşaqlarınıza daha çox vaxt ayırması ilə bu xoşbəxtliyin çoxalması mənasını da daşıyır. Bu üzdən istədiklərimizin həyatını asanlaşdıracaq hədiyyələr onları lazımsız və bahalı hədiyyələrdən daha çox xoşbəxt edəcəkdir. İl ərzində hədiyyələşmək Hədiyyələşmək dinimizcə sünnidir. Hədiyyələşməyi bayram, ad günü, tanışlıq ildönümü, ya da evlilik ildönümü kimi yalnız xüsusi günlərlə məhdud tutulmamalıdır. Kiçik amma sevdiklərimizi xoşbəxt edəcək hədiyyələri il ərzində, sevdiklərimizə təqdim edə bilərik. Bəzən bir çiçək dəstəsi, bəzən öz əlimizlə qurduğumuz bir jaket, bir şal istədiklərimizi xoşbəxt etməyə yetəcəkdir. Xeyriyyə işlərində iştirak etmək İndi yazının başlığını burada təkrar edirəm. Xoşbəxtliyi pul ilə satın almaq mümkündür. Amma bu işin bir sirri var. O da əvəzsiz şəkildə yaxşılıq etməkdir. Xeyir iş görmək insanı xoşbəxt edən ən böyük nemətdir. İnsan sadəcə yaxşılıq edərək xoşbəxt ola bilər. Pulunuzu qarşılıqsız, heç bir gözlənti içinə girmədən verməyiniz sizi çox xoşbəxt edəcəkdir. Xoşbəxtliyi pul ilə satın almaq ancaq bu şəkildə mümkün ola bilər. Yaxşılıq etməyin ləzzətinə varanları bu işdən imtina etdirmək isə qeyri-mümkündür. Əlbəttə, bunda da yenə bir ölçü vardır. Bu da yaxşı əməlinizi bir siz biləcəksiniz bir də Allah. Yəni dinimizin əmr etdiyi şəkildə sağ əlin verdiyini sol əl bilməzsə xoşbəxt olarsınız. Yoxsa reklam üçün və ya mənfəət məqsədi ilə vermək sizi nəinki xoşbəxt etməyi, peşman da edə bilər. Verdiyiniz bir şokoladı alarkən, tanımadığınız o balaca əllərin sahibinin o utancaq xoşbəxtliyini görmək, insanı xoşbəxt etməyə və bütün dünya dərdlərini unutdurmağa yetəcək. İnsan verərək, bölərək, bölüşərək xoşbəxt ola bilər. Babək Bayramov

Uşaq batareya udarsa...İlkin yardım necə olmalıdır?

Müəyyən yaşa gələn kiçik körpələr ətrafı iyləməklə, dadlarına baxmaqla kəşf edirlər. Bu zaman ən təhlükəlisi isə batareyaların udulmasıdır. Batareya ağız suyu ilə reaksiyaya girəndən dərhal sonra  çox güclü yeyici məhlul əmələ gəlir ki, bu məhlul qida borusunu, nəfəs yollarını, səs telləri, iri damarlarda ağır zədələnmələrə və hətta uşağın ölümünə səbəb ola bilər. Psixoloq.az xəbər verir ki, amerikalı alimlərin araşdırmalarına görə, bal və sukralfat adlı dərmal bu mənada ən effektlidir. Alimlər analara batareya udan uşağa dərhal bal və ya qeyd etdiyimiz dərmanı verməyi tövsiyə edir. Uşaq xəstəxanaya çatdırılana qədər bal fasilələrlə uşağa verilməlidir.

Azərbaycanda meyitdən götürülən orqanların siyahısı genişləndirilir - Qanuna dəyişiklik edilir

Azərbaycanda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişikliklər hazırlanır. Psixoloq.az xəbər verir ki, dəyişikliklər haqqında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bütün dünyada orqan köçürülməsinin təxminən 85-90 faizi meyitdən götürülən orqanların hesabına həyata keçirilir: "Azərbaycanda isə meyitdən orqan köçürülməsi olmadığına görə bütün transplantasiyalar canlı insandan götürülən orqanların hesabına həyata keçirilir. Bu da bir tərəfdən donor üçün riskdir, digər tərəfdən geniş şəkildə transplantasiya həyata keçirməyə imkan vermir, yəni canlı insan yalnız cüt orqanlarını, tutaq ki, böyrəyinin birini, bir də bərpa olunan orqanını, yəni qaraciyəri verə bilər, ancaq digər orqanların canlı insandan transplantasiyası mümkün deyil. Ona görə də bu sistemin qurulması çox vacibdir". M.Quliyev bildirib ki, artıq 15 ilə yaxındır ki, Azərbaycanda orqan köçürülməsi həyata keçirilsə də, indiyə qədər meyitdən orqan götürülməsi işi qurulmayıb: "Bu işi qurmaq üçün qanunvericilikdə hüquqi bazanın yaradılması lazımdır. Bunu həyata keçirmək üçün yaradılan işçi qrupu qanunvericilikdə meyitdən orqan götürülməsinin qaydaları və şərtlərini, razılıq vermə qaydalarını, klinikalar qarşısında texniki tələbləri və s. məsələləri müəyyənləşdirir. Bu məsələlər öz həllini tapmalıdır. Digər tərəfdən mövcud "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun 1999-cu ildə qəbul olunub. Ö dövrdə bütün dünyada transplantasiya haqqında təsəvvürlər indiki qədər geniş deyildi, həm də son illərdə elmi-texniki yeniliklər baş verib və biz onları da qanuna əlavə etməliyik. O cümlədən orqan bankının, donorların və donorluğa ehtiyacı olan şəxslərin reyestrinin yaradılması vacib məsələdir. Bundan əlavə mövcud qanunda köçürülməli olan orqanların dar siyahısı, yəni böyrək, qaraciyər, gözün buynuz qişası yer alıb. Ancaq indi ürək, ağciyər kompleksi, sümük əzələ kompleksi, mədəaltı vəzin bir hissəsi, uşaqlıq və s. olmaqla köçürülməli olan orqanların siyahısı da genişləndirilir və bu istiqamətdə iş gedir". M.Quliyev vurğulayıb ki, bu işlər yekunlaşdıqdan sonra dəyişikliklər parlamentin Səhiyyə komitəsində müzakirə olunaraq Milli Məclisə tövsiyə ediləcək. Deputat qeyd edib ki, bu işi təkcə qanunvericiliklə həyata keçirmək mümkün deyil, bununla yanaşı maarifləndirmə də aparılmalıdır: "İllər lazım olacaq ki, maarifləndirmə işi getsin, tanınmış, nüfuzlu adamlar qabağa düşüb öz orqanlarını sağlığında vəsiyyət etsin və s. Belə nümunələr olmalıdır ki, insanlar orqan bağışlamaqdan çəkinməsinlər".

1238 əkiz doğulub - Statistika

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 66 166 doğulan körpə qeydə alıb.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulan körpələrin 1238-i əkiz, 45-i üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Bioloji norma isə 105-107 təşkil edir.

“Azəriqaz” gücləndirilmiş iş rejimdə çalışacaq

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Qurban bayramı ilə əlaqədar 22-23 avqust tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən ölkə.az-a bildirilib ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda, birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində, Regional Qaz İstismar İdarələrində və xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Qurban bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir.

600-dən çox bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandı

Ancaq dövlət sifarişli yer seçən abituriyentlər arasında ali məktəbə qəbul ola bilməyənlər var. Psixoloq.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, buna səbəb abituriyentlərin yalnız bir neçə və keçid balı yüksək olan ixtisas seçmələridir: “Birinci ixtisas qrupunda 540 baldan yüksək bal toplayan heç bir abituriyent kənarda qalamayıb. 530-539 bal arasında nəticə göstərən bir abituriyent, 520-530 bal arasında nəticə göstərən bir abituriyent, birinci qrupda 500-dən yuxarı nəticə göstərib, ixtisas seçimi edən yalnız iki abituriyent ali məktəbə qəbul olmayıb. İkinci ixtisas qrupunda 490 baldan yuxarı bal toplayan və ixtsas seçimi edən hər bir abituriyent ali məktəbə qəbul olub. 28 nəfər 400 baldan çox toplasa da, ali məktəbə qəbul olmayıb. Onların da ikinci mərhələdə iştirak etmək imkanı var. Üçüncü qrupda 500-540 arasında bal toplayan 21 nəfər ali məktəbə qəbul olmayıb. Dördüncü ixtisas qrupu üzrə müsabiqə vəziyyəti yüksək olub. Ona görə də 610 baldan yüksək nəticə göstərən hər kəs ali məktəbə qəbul olub. 600-610 bal toplayan altı nəfər ali məktəbə qəbul olmayıb, çünki onlar cəmi iki ixtisas seçiblər. 500-dən yuxarı bal toplayıb ali məktəbə qəbul olmayan cəmi 44 nəfər olub”.(oxu.az)

Azərbaycanda tələbələrin abituriyent adı altında başqalarının yerinə imtahan vermək cəhdləri aşkarlandı

Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan birgə araşdırmalar nəticəsində bu il Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb. Bu barədə Baş Prokurorluq və Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib. Aparılan ilkin araşdırmalar zamanı Gəncə və Mingəçevir şəhərləri üzrə müxtəlif ali və orta təhsil müəssisələri əməkdaşları tərəfindən müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində artıq Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Gəncə Dövlət Universitetinin tələbələri adlarına yiyələnmiş gənclərin qəbul imtahanlarında abituriyentlərin şəxsiyyət vəsiqələri və imtahana buraxılış vərəqələrini təqdim etməklə, imtahanda iştirak etmələrinin təşkil olunmasına cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilib. Həmin faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 29, 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb. Hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.