Manatın dövriyyəyə buraxılmasından 26 il keçir

Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 26 il keçir. “Report”un məlumatına görə, ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub. 1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əskinaslar dövriyyəyə buraxılıb. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub, yəni hər iki valyutadan istifadə edilib. Prezident Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb. Bununla belə, o vaxtı çətin iqtisadi şərait çərçivəsində milli valyutanın məzənnəsini sabit saxlamaq mümkün deyildi. Manat digər xarici valyutalara nisbətdə sürətlə ucuzlaşırdı. Əgər 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər idisə, bir il sonra bu nisbət 4 182 manata qalxıb. Bu isə dövriyyəyə daha böyük nominallı əskinasların buraxılması hesabına baş verirdi. Belə ki, Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə Almaniyanın “Giesecke & Devrient” şirkəti tərəfindən 10 000 manatlıq, 1996-cı ildə isə İngiltərənin “De La Rue” şirkəti tərəfindən 50 000 manatlıq əskinaslar çap edilərək dövriyyəyə buraxılıb. Sonuncu həm də 2001-ci ildə 1 000 manatlıq əskinasın yeni dizaynda hazırlanmasını həyata keçirib. Ümumikdə, Milli Bank tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində təxminən 5,239 trln. manatlıq 692,5 mln. ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən çıxarılıb. 2005-ci il fevralın 7-də Prezident İlham Əliyev “Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub və bir il hər iki pul qüvvədə olub. 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilib. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslardan və 1, 3, 5, 10, 20, 50 qəpik metal pul nişanlarından ibarətdir. Yeni manatın dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanları isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb. Uzun illər Cənubi Qafqazın ən güclü və sabit valyutası olan Azərbaycan manatı 2015-ci il fevralın 21-də, 20 illik fasilədən sonra ilk kəskin məzənnə dəyişikliyinə məruz qalıb. Azərbaycan Mərkəzi Bankı milli valyutanın 34% ucuzlaşdırılmasına qərar verib. Buna səbəb isə 1990-cı illərin sonundan manata dəyər qazandıran neftin dünya bazarında kəskin ucuzlaşması olub. Son nəticədə dolların rəsmi məzənnəsi 0,78 AZN/USD-dən 1,05 AZN/USD-yə qədər artırılıb. Bununla belə, neftin getdikcə ucuzlaşması və ölkəyə daxil olan dollar kültəsinin azalması fonunda yeni məzənnənin uzun müddət saxlamaq mümkün olmayıb. 2015-ci il dekabrın 21-də Mərkəzi Bank vəziyyətdən çıxış yolu kimi manatı “üzən məzənnə” rejiminə keçirib. Bundan sonra ölkədə rəsmi məzənnə 1,55 AZN/USD-yə bərabər olub. Amma yeni vəziyyətdə manatın məzənnəsini ona tələbatın hansı səviyyədə olması müəyyən etdiyindən dolların və digər xarici valyutaların milli valyutaya nəzərən qiyməti mütəmadi olaraq dəyişib.Məsələn, ötən il fevralın 1-2-də 1 dollar 1,92 manata bərabər olub ki, bu da “üzən məzənnə” rejiminə keçilməsindən bəri ən yüksək həddir. 2016-cı il mayın 25-26-da isə dolların qiyməti minimum həddə – 1,49 AZN/USD-yə düşüb. Bu günə olan rəsmi məzənnə isə 1,700AZN/USD-yə bərabərdir və bu göstərici bu il martın 7-dən bəri dəyişməyib.

Günün ulduz falı: 15 avqust, 2018

Qoç – ətrafınızdakı insanların emosional durumu və əhvalı sizə də təsir edəcək. Sizi anlasınlar deyə, hər şeyi maksimal dərəcədə sadələşdirməyin. Qayğıkeş olun, laqeyd insan təsiri bağışlamayın. Nöqsanlarınızın tənqidi sizi ruhdan salmasın. Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Dartışmalar, çək-çevir, münasibətlərin aydınlaşdırılması üçün yaxşı zaman deyil. Səhhətinizi düşünün. Buğa – yaşamınızın kommunikativ yönlərinə xüsusi diqqət yetirin. Diplomat olun, sərt məqamlarda qarşı tərəfin maraqlarını nəzərə alın. Dialoqun yüksək səviyyədə olmasına can atın. Belədə zəruri məsələlərdə güzəştə asanlıqla nail ola bilərsiniz. Günün ikinci yarısında mübahisələri alovlandırmayın. Bundan sonrakı hərəkət və ya fəaliyyət istiqamətinizlə bağlı tərəddüdləriniz varsa, bir qədər nəfəs dərin. Düşünün, götür-qoy edin. Yaşananların məcrasını araşdırın. Daxili səsinizi dinləyin. İntuisiyanız sizi aldatmayacaq. Əkizlər – var gücünüzlə çalışmağa ehtiyac yoxdur. Qarşınıza qoyduğunuz məqsədə asanlıqla çata bilərsiniz. Üstəlik, yanınızda olan insanlardan biri qayğı və işlərinizin hamısını olmasa da, əhəmiyyətli hissəsini boynuna götürməyə hazırdır. Planlarınızı müəyyənləşdirin. Şərtlər ilk əvvəl çox mürəkkəb və ağır təsir bağışlasa da, narahat olmayın. Optimal çözüm yolunu seçə bilərsiniz. Günün ikinci yarısı işgüzar danışıqlar və şəxsi münasibətlər müstəvisindəki görüşlər üçün əlverişlidir. Xərçəng – günün ilk yarısında yalnız öz qüvvənizə bel bağlamayın. Yaxın ətrafınızdakı insanlarla da tərəfdaşlığı gücləndirin. Belədə məqsədə daha tez çata bilərsiniz. Fəaliyyətinizin hansısa sahəsində problemlər yaranarsa, narahat olmayın. Yeni perspektivlər aşkarlanacaq. Günün ikinci yarısında romantik münasibətlərə aludə olmayın. Aktiv olun. Hərəkətdə fayda var. Qarşılıqlı anlaşmanızın olduğu insanla ünsiyyətdə yeni ideyalar əxz edə bilərsiniz. Yaxın gələcəklə bağlı ümumi planları təxirə salmayın. Axşam saatlarında normal istirahət edin. Şir – diqqətli və sayıq olun. Yaşanan olayları həssaslıqla izləyin. Parlayan hər şey qızıl deyil. Bununla belə, unutmayın ki, kölgədə qalan hər şey diqqətinizə dəyməz. Qəflətən nəzərinizə dəyən məsələləri araşdırın. Günün ikinci yarısında bilik və bacarıqlarınızı peşəkar fəaliyyət müstəvisində tam reallaşdırın. Qətiyyətli olun. Əzmkar insan təsiri bağışlayın. Anlaşmalarda şərtlərlə diqqətlə tanış olun. Maliyyə və əmlak sənədlərində səhvlərə yol verməyin. Qız – dostların yardımından, təcrübəli həmkarlarınızın məsləhətlərindən imtina etməyin. Hadisələrin axarından bixəbər qalmayın. Gərəkli informasiyanı, aradığınız məlumatı dostlardan ala bilərsiniz. İnternetin yaratdığı üstünlüklərdən istifadə edin. Günün ikinci yarısında diqqətli, təmkinli davranın. Yeni layihənin reallaşdırılması üçün yaxşı imkanlar yaranır. Peşəkar məziyyətlərinizi gücləndirin. Axşam saatlarında normal istirahət edin. Tərəzi – tərəfdaşlar və şəriklərlə əlaqələri intensivləşdirin. Görülən işlə bağlı vəzifə bölgüsünü dəqiqləşdirin. Ambisiyalarınız reallığı üstələməməlidir. Borcları qaytarın, bədxahların sevinməsinə imkan verməyin. Günün ikinci yarısında pullarınızı sovurmayın. Maliyyə vəsaitinizin qədrini bilin. Borc verdiyiniz insanlara ödənişlərin vacibliyini xatırladın. Sizi maraqlandıran məsələlərdə inadkar olun. Güzəştlərə izafi meylli olmağınız zəiflik kimi dəyərləndirilə bilər. Mühüm sənədlərin yenidən hazırlanması üçün əlverişli zamandır. Əqrəb – yaxın ətrafınızdakı insanlarla qarşılıqlı təmaslarda harmoniyaya nail olun. Sevdiyiniz insanla münasibətləri gərginləşdirməyin. Münasibətlərin sizə prinsipiallıqdan daha önəmli olduğunu qarşı tərəfə göstərin. Gəlir şanslarından yararlanın. Günün ikinci yarısında boşboğaz, intriqant, xudpəsənd insanlardan uzaq durun. Önəmli məsələni qulaqardına vuraraq ikinci dərəcəli problemlərin həllinə başlamayın. Müzakirələr və diskussiyalar üçün əlverişli zaman axşam saatlarıdır. Oxatan – sentimental olmayın, hisslərin əsirinə çevrilməyin. Əhvalınız stabilliklə fərqlənmir. Cari situasiyaya uyğun addımlar atın. İşdə və evdə təmkinli olun. Ailə üzvlərinin müraciətlərini cavabsız qoymayın. Günün ikinci yarısında çətin vəziyyətdən çıxış yolu mütləq var. Yalnız öz ehtiyaclarınızı düşünməyin. Doğmalara və dəyər verdiyiniz insanlara sözdə yox, əməldə yardımlar edin. Təsərrüfat problemlərinin əhəmiyyətli qismini həll etmək olar. Dövlət qurumlarının mənsubları ilə təmaslarınızın effektiv olmasına can atın. Sayıq davranın. Oğlaq – günün ilk yarısı qəfil hadisələr və təəssüratlar görüş və informasiyalarla zəngindir. Mühüm məsələ ilə bağlı çıxış yolunu tapa bilərsiniz. Uzun müddətdən bəri təhtəlşüur səviyyəsində gözlədiyiniz olay yaşanacaq. İndiyədək başlaya bilmədiyiniz, ağır sandığınız işə start verə bilərsiniz. Günün ikinci yarısındakı olaylarda dostlar aktiv rol oynayacaqlar. Yeni ideyalar və təkliflər səslənəcək. Gözləntilərin bəzilərinin doğrulmaması problemlər yaradacaq. Hisslərinizin köləsi olmayın. Yeni məqsədə doğru irəliləyin. Stimul aramayın. Dolça – süst və tənbəl olmayın. Qida rasionunuza fikir verin. Orqanizm üçün zərərli ərzaqlar və qidalar yeməyin. Daha çox hərəkət edin, aktiv olun. Başladığınız işləri yarımçıq qoymayın. İmkanlarınızı və potensialınızı dəqiq qiymətləndirərək yeni layihəyə başlayın. Tələskənliyə yol verməyin. Yeni mebel almaq, kosmetik təmirə başlamaq olar. Biznes, yaşam arealı, məişət problemlərinin həll yolları ilə bağlı yeni ideyaların yaranması istisna deyil. Bədxərclik etməyin, maliyyə vəsaitinizin qədrini bilin. Balıqlar – günün ilk yarısından etibarən qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə, iradə ilə irəliləyin. Nikbin olun, emosiyalara qapılmayın. Sizi nə isə narahat edirsə, bütün diqqəti işə yönəldin. Günün ikinci yarısında gərgin situasiyada düşünülməmiş addımlar atmayın. İştahın artması, hissiyatın güclənməsi olacaq. Önəmli məsələlərdə bütün detalları hesablayın, təfərrüatlara fikir verin. Milli.Az

Magistraturaya müsabiqənin nəticələri açıqlandı

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) ölkə.az-a verilən məlumata görə, nəticələr DİM-in internet saytında yerləşdirilib. Bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 15-də (günün ikinci yarısında) “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq. Magistraturanın boş qalan 2533 plan yerinin müsabiqəsində iştirak etmək üçün 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 16-dan 24-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Azərbaycanda yeni fond yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq. Nazirlikdən verilən məlumata görə, Fondun Əsasnamə layihəsi hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim olunub. Dövlət Əməyin Mühafizəsi Fondu əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verəcək.  Fond əməyin mühafizəsi sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etməklə, bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsini, əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasını dəstəkləyəcək.  Qeyri-kommersiya qurumu kimi təşkil ediləcək Fond dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin fərmanına əsasən, Dövlət Əməyin Mühafizəsi Fondunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılması nəzərdə tutulub. 

Almaniya modeli əsasında yeni təhsil qanunu hazırlanır

Ölkənin təhsil sistemi, təhsil sektoru ilə bağlı yeni qanun layihələri üzərində iş başlayıb. Bunu oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə deyib. Onun sözlərinə görə, adıçəkilən komitə son dövrlərdə çox məhsuldar işləyib və təhsillə bağlı bir sıra mühüm qanun layihələrinin hazırlanmasına, müzakirəsinə və qəbuluna nail ola bilib: “Hesab edirəm ki, istər həmin qanunlar, istərsə də üzərində işlərə başlanılan qanun layihələri Azərbaycan təhsilinin inkişafında, təhsil islahatların sürətləndirilməsində mühüm rol oynayacaq. “Peşə təhsil haqqında” qəbul olunan qanunu buna misal göstərmək olar. Bu qanun təhsilimizin, illərlə unudulan, kənarda qalan peşə təhsilinin inkişafı ilə yanaşı, ölkənin iqtisadi inkişafına da öz mübət töhfəsini verə bilər və verəcək. Məhz bu qanunun qəbulu ilə ölkədə iqtisadi islahatların gücləndirilməsi üçün peşə mütəxəssisləri hazırlanır. Bu sənədi çox mühüm hesab edirəm və qeyd edim ki, onun işlənilib-hazırlanmasında Almaniyanın təcrübəsindən, analoji qanunvericiliyindən istifadə olunub. Çünki Almaniyanın bu istiqamətdəki qanunu dünya üçün örnək, nümunədir. Bununla yanaşı, “Ali təhsil haqqında” və “Orta təhsil haqqında”, təhsil, tələbə kreditləri ilə bağlı qanunların da qəbulu vacibdir və lazımlıdır. Onların qəbuluna ciddi ehtiyac duyulur.  Ölkədə iqtisadi inkişafa, iqtisadi islahatlara dəstək qanunları da olmalıdır. Yəni, azad bazar iqtisadiyyatının inkişafı, azad bazar, azad rəqabət mühitinin yaradılması, yaxşılaşdırılması, məmur özbaşınalığının qarşısının alınması üçün yeni qanunlara ehtiyac var. Bununla yanaşı, ən önəmli məqamlardan biri parlament diplomatiyasıdır. Yəni, parlamentin beynəlxalq əlaqələrinin, beynəlxalq qurumlarla, onların parlament assambleyaları ilə işlərin, əməkdaşlığın, bir sözlə, parlament diplomatiyasının daha da gücləndirilməsi lazımdır”.

Gündə 10 ədəd badam yesəniz - Qocalmamaq üçün ƏN TƏBİİ VƏ EFFEKTİV vasitələr

Son zamanlarda "bədənin qida tədarükü” termini geniş yayılıb. Lakin qida tədarükü nədir və necə əməl edilməlidir sualları çox zaman cavabsız qalır. Psixoloq.az publika.az-a istinadən bu sualların cavabını bir neçə istiqamətdə təqdim edir: İnsan bədəninin ehtiyacı olan, ancaq qarşılaya bilmədiyi və ya bəzi ətraf mühit faktorlarından asılı olaraq azalan vitamin və minerallara ehtiyacı vardır. Bu çatışmazlığı aradan qaldırmaq üçün təbiətdə olan vitamin və minerallar işə yarayır. Vücudumuzun ehtiyacı olan vitamin və mineral ehtiyacını qarşılamaq bədənin qida tədarükü adlanır. Bəzi insanlar bu durum üçün dərman vasitələrindən istifadə edir. Ancaq mütəxəssislər dərmanların bir müddət sonra bədən sisteminin iş prinsipini pozduğunu deter və buna görə qida tədarükündə təbii qidalardan yararlanmağı məsləhət görürlər. Bədənin qida tədarükü bu yollarla təmin edilə bilər: 1. Sümüyün sağlamlığını qorumaq üçün bol miqdarda kalsiuma ehtiyac var. Mineral baxımından ən zəngin qida isə süd və süd məhsullarıdır. Bununla yanaşı, yaş irəlilədikcə tez-tez rast gəlinən sümük əriməsi kimi xəstəliklərin qarşısını almaq üçün tərkibində yüksək miqdarda dəmir olan ispanaqdan istifadə edilməlidir. 2. Qocalmanı gecikdirən ən təsirli vasitə E vitaminidir. Təbiətdə E vitamin baxımından ən zəngin qidalar isə kivi, manqo, pomidor və çiy badamdır. Hər gün istifadə edəcəyiniz 10 ədəd badam vücudunuzdakı qocalmağa meyilli hüceyrələri azaldır və gənc hüceyrələrin sayını artırır. 3. Beyin və ürəyin sağlamlığı üçün tərkibində Omeqa-3 kompleksi olan qidalar həftədə ən az iki dəfə yeyilməlidir. Bu baxımdan ən yararlı qida balıq və balıq məhsullarıdır. Balıq həm sinir hüceyrələrini qoruyur, həm də qan dövranını tənzimləyərək damar tıxanıqlığının qarşısını alır. 4. Güclü bir immunitet üçün veta-karoten, anti-oksidant və anti-influmar baxımından zəngin qidalar yeyilməlidir. Buraya qırmızı və bənövşəyi meyvələr: çiyələk, böyürtkən, moruq aiddir. Bundan başqa, daimi və nizamlı yürüş etmək və idmanla məşğul olmaq da vacibdir.

Azərbaycanda kişilərin evlənmə yaşı artıb - Son 27 ilin rekordu

Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb. Psixoloq.az trend-ə istinadən xəbər verir ki, ümumilikdə son illər ərzində Azərbaycanda rəsmi nikaha ilk dəfə daxil olan həm qadın, həm də kişilər arasında orta nikah yaş həddi nisbətən artıb. 2003-cü ildə kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub. 2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23, 4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb. 2013-cü ildə kişilər üçün nikah yaşı 28,4, qadınlar üçün 24, 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub. Azərbaycanda qadınlar arasında ötən il qeydə alınan orta nikah yaşı son 27 il üçün ən yüksək olan göstəriciyə (Azərbaycanda qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990-cı ildə qeydə alınıb) yaxınlaşıb. 1990-cı ildə qadınlar arasında nikaha daxil olanların orta yaşı 24,3, ötən il isə 24,2 olub. Son 27 il ərzində kişilər arasında ən yüksək nikah yaşı ötən il qeydə alınıb. Bundan əvvəl ölkədə kişilər arasında ən yüksək nikah yaşının olduğu il 2002-2003-cü illər (28,6) olsa da, 2017-ci ildə evlənən kişilərin orta yaşı 28,8 olub.

Ürəyi qoruyur, əhvalı yaxşılaşdırır - Əncirin faydaları

Artıq satışda əncir meyvəsini görməyə başlamışıq. Psixoloq.az məlumat verir ki, əncirin faydalı xüsusiyyətləri olduqca çoxdur. Bəs bu meyvənin faydaları nədir? Kaliumla zəngin olan əncir ürək üçün çox faydalıdır. B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir sisteminin normal fəalliyyəti üçün çox vacibdir. Həmçinin B qrupu vitaminləri qanyaratma sisteminin işini tənzimləyir, qanazlığının qarşısını alır, dəri və saçların gözəlliyi üçün vacibdir. Əncir kalium və qidalı liflərlə zəngindir. Bu 2 maddə bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır. Əncir insan güc və gümrahlıq verir, əhvalı yaxşılaşdırır, stressi azaldır. Əncir nəfəs yollarını yaxşı təmizləyir, bəlgəmgətirici təsirə malikdir. Öskürək və bronxit zamanı süddə bişirilmiş əncir ən tanınmış və effektli təbii vasitədir. 

Nazirlikdən xəbərdarlıq - Küləkli və yağıntılı hava şəraiti gözlənilir

Sinoptiklər ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  bildiriblər ki, avqustun 15-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı proqnozlaşdırılır.

“Oğlum lotudur” deyib şəkil paylaşdı – Rəsmilər hərəkətə keçdi/FOTO

Son günlərdə sosial şəbəkədə paylaşılan şəkil qınaq obyektinə çevrilib. Psixoloq.az xəbər verir ki, atanın azyaşlı körpəsinin ağzına yandırılmış siqaret qoyaraq şəklini çəkib paylaşması böyük narazılıqlara səbəb olub. Məsələyə rəsmilər də tənqidi yanaşıblar. Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacaq Rentiqrasiya mərkəzinin koordinatoru Vasif Akifli məsələ ilə bağlı mediaya səslənərək ictimai qınaq tələb edib. Psixoloq.az-a açıqlama verən Akifli belə valideynin məsuliyyətə cəlb edilməsinin vacibliyini qeyd edib: “Mənə əsas qəribə gələn bu oldu ki atanın səhifəsində bir şəxsin bu şəkilə bildirdiyi “bu yaşda uşağı nə üçün zərərli vərdişlərin aludəçisinə çevirirsiniz?” tənqidi rəyinə qarşılıq, ata da  “yaxşı edirəm lotudur” deyə cavab yazıb. Birincisi “lotu” anlayışı qanunda yoxdur. İkincisi uşaq “lotu” ola bilməz. Mənim rəhbərlik etdiyim sığınacaqda  reabilitasiyaya cəlb olunan uşaqların 100-də 90-nı zorakılıq görmüş uşaqlardır. Aldıqları travmalar ailələri tərəfindən baş verir. Bir zamanlar bu tendensiya tamam fərqli idi. Uşaqlarda onlara qarşı olunan zorakılıq, döyülmə, diləndirmək faktı  ögeylər tərəfindən qeydə alınırdı. Çox təəssüf edirəm ki, son illərdə  bu doğmalara çevrilib. Doğma dayı tərəfindən zorlanan uşaqlar, doğma ata tərəfindən diləndirilən, cinsi istismara  məruz qalan uşaqlar və s. Hər şeyin təməli xırdadan başlayır. Kiçik qığılcım oda çevrilir”. Vasif bəy belə atanın ilk olaraq cəmiyyət üçün təhlükəli olduğunu bildirib. “Digər valideyn və uşaqlara mənfi nümunədir. Qarşısını cəmiyyət olaraq almalıyıq. Belə uşaqlar gələcəyin potensial narkomanıdır. Başımıza nə gəlirsə cahillikdən, təhsilsizlikdən gəlir. Bu ata bəlkə də 9 illik təhsili belə bitirməyib. Bir çox insanlar şüursuz şəkildə dünyaya uşaq gətirir. Valideyn olmağı dərk etmir”,-deyə Akifli vurğulayıb. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoterapevt Süleyman Məmməd-zadənin sözlərinə görə, atanın bunu hansı məqsədlə etməyindən asılı olmayaraq uşaq üçün çox mənfi örnəkdir: “Uşağın yadında qala bilər ki atam mənə belə edirdi. Daha sonra qadağa olunsa belə  azyaşlı ona tərəf istiqamətlənəcək. Çünki siqaret qadağan olunsa da görəcək ki atası çəkir və belə bir iş olub. O, bunun tam əksini edəcək. Əksər oğlan uşağı atasına bənzəmək istəyir. Atanın isə belə etməyi onun yadında qalacaq”. “Bu hərəkətin zərərli olduğunu ataya necə anlatmaq olar?” sualını isə Süleyman bəy bu cür cavablandırıb: “Bu tip insanlara bunun zərərli olduğunu anlatmağa dəyərmi? İlk olaraq belə sual verək ki, həmin insan anlamaq istəyirmi? Və ya özü bunu istəmirsə bunun necə müsbət nəticəsi ola bilər ki? Hər siqaret çəkən belə siqaretin zərərli olduğunu bilir. Bunu dərk edə-edə siqareti uşağın ağzına qoyubsa, bu ataya necə anlatmaq olar? Ona nəisə izah etmək nə qədər alınar deyə bilmirəm. Belə şəxslər barədə qanun çərçivəsində tədbirlər görülməlidir ki, digərlərinə örnək olsun ”. Məsələ ilə bağlı saytımıza açıqlama verən Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin, uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev, valideynin bu barədə məsuliyyət daşıdığını nəzərə çatdırıb: “Uşağın təlim-tərbiyəsinə diqqətlə yanaşmayan valideynlərə ilk olaraq xəbərdarlıq edilir, daha sonra cərimələnə də bilər. Bu proseslər, rayon üzrə icra hakimiyyəti tərəfindən həyata keçirilir. İcra hakimiyyəti nəzdində, azyaşlıların işləri üzrə komissiya fəaliyyət göstərir. Həmin şəxs hansı rayonda yaşayırsa həmin bölgənin icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə komissiyası, valideynin hərəkətinə nəzarət edərək gərəkli zamanda müvafiq cərimə sanksiyası da tətbiq edə bilər. Bu hərəkətlər mütəmadi olaraq davam edilərsə həmin uşağın atası atalıqdan məhrum edilə də bilər. Əgər ailədə həmin uşağın qalması təhlükəlidirsə yaxın adamın qəyyumluğuna verilə bilər. Ən pis halda dövlət himayəsinə götürülər.  Düzdür Azərbaycanda bu problem bu dərəcəyədək ciddiləşməyib amma gərək duyularsa tətbiq oluna bilər. Bu işlə psixoloqlar da məşğul olur. Şəxsin hansı rayondan olduğunu bilmək üçün hüquq mühafizə orqanlarına müraciət edilməli və şəxsin yaşadığı yer tapılmalıdır. Bundan sonra isə Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi gərəkli İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq iş barədə lazımi təbirləri görə bilər. Mövzunu diqqətdə saxlayacağıq. Şəhanə Quliyeva

Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar avqustun 15-dən 24-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 10 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulub. Sərnişinlərdən bayram günləri üçün səfər biletlərini bir neçə gün öncədən Avtovağzalın kassalarından, eləcə də onlayn qaydada 10 gün öncədən əldə etmələri xahiş olunur. (publika.az) Əlavə məlumat üçün: +994 12 406 01 58/59 məlumat bürosu

İxtisas seçimi başa çatdı

2018-2019-cu tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi üçün elektron ərizə qəbulu bu gün saat 10:00-da başa çatıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bütün ixtisas qrupları üzrə 45139 nəfər ixtisas seçimi edib. Onlardan 41548 nəfəri I-IV ixtisas qrupları,3591 nəfər isə V ixtisas qrupu üzrə ixtisas seçimi edib. I qrup üzrə ixtisas seçimi edənlərin 13307-si Azərbaycan, 1294-ü rus bölməsi olmaqla 14601 nəfər, II ixtisas qrupu üzrə 9907-si Azərbaycan, 1052-si rus bölməsi olmaqla cəmi 10959 nəfər, III ixtisas qrupu üzrə 11486-sı Azərbaycan, 900-ü rus bölməsi olmaqla 12386 nəfər, IV ixtisas qrupu üzrə 3295-i Azərbaycan, 307-si rus bölməsi olmaqla 3602 nəfər, V ixtisas qrupu üzrə isə 3190-i Azərbaycan bölməsi, 401-i rus bölməsi üzrə olmaqla cəmi 3591 nəfər müsabiqədə iştirak üçün ixtisas seçimi edib.(publika.az)

"ASAN xidmət"də iş saatı dəyişdi

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işə daha erkən başlayacaq. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən publika.az-a verilən məlumata görə, çoxsaylı müraciətləri və aparılmış statistik təhlilləri nəzərə alaraq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə avqustun 20-dən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmət daha erkən başlayacaq. Qeyd olunan tarixdən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Yalnız “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür. Eyni zamanda 108 Çağrı mərkəzinin iş rejimində də dəyişiklik ediləcək. Mərkəz bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək. “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Hazırda 13 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir. Bu günə kimi mərkəzlərdə göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi məqsədilə mütəmadi rəy sorğuları keçirilir, Dövlət Agentliyinə daxil olan müraciətlərə baxılaraq təhlillər aparılır, vətəndaş məmnunluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülür.

Agentlik Qurban bayramı ilə bağlı əhaliyə müraciət etdi

Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib. Psixoloq.az xəbər verir ki, agentlikdən oxu.az-a verilən məlumata görə, heyvan kəsimi ilə məşğul olan şəxslər şəhər küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə kəsim məntəqələrində həyata keçirməlidir. Bununla bağlı lazımi şəraitin yaradılması üçün Agentliyin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib və müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün yerlər müəyyənləşdirilib. 

Ancelina Coli psixiatrik klinikaya göndərildi

Hollivud aktrisası Ancelina Coli onu daim təqib edən artıq çəki düşüncələri səbəbi ilə psixiatrik klinikaya yerləşdirilib. Psixoloq.az xəbər verir ki, Coliyə “psixiki pozulma” diaqnozu qoyulub. O, bulimiya və anoreksiyanın müalicəsi ilə məşğul olan klinikada müalicə alır: aktrisa yenə də arıqlamaq fikrindən azad ola bilmir.  Sözügedən səhiyyə ocağına Colinin yolu artıq bir dəfə, hələ Bred Pittləevli olduğu zaman, düşüb. O dövrdə aktrisa həddindən artıq kök olduğunu düşünürdü. Nəticədə 1,69 metr boya malik Coli 44 kiloqrama qədər arıqladı. Onun özünü ölümcül hala gətirəcəyindən ehtiyatlanaraq, Hollivud ulduzunu hospitala yerləşdirmişdilər.  Colinin bu dəfə klinikada 2 həftə keçirəcəyi planlaşdırılır. Bu müddət ərzində onun baş rol aldığı “Malifisenta - 2” filminin çəkilişlərində fasilə yaranacaq.

Bakı küçələrində süpürgəçilərin əvəzinə xüsusi texnika işləyəcək – BŞİH

Bakı küçələrində süpürgəçilərin əvəzinə xüsusi texnika işləyəcək. Bakı şəhər İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, son vaxtlarda sosial şəbəkələrdə və ölkə mətbuatında Bakı küçələrində süpürgəçi qadınların ölüm və yaralanma hallarının müzakirəsi aparılır və küçələrdən zibil təmizləmək üçün avtomobil yollarına yaşlı qadınları yollayan kommunal xidmətlər tənqid edilir. “KİV-lər tərəfindən verilən məlumata görə yolları təmizləyən süpürgəçi qadınlar arasında həlak olan və xəsarət alanlar var. Sonuncu belə hal avqustun 12-də baş verib. Bununla əlaqədar vəziyyətin köklü surətdə dəyişməsi istiqamətində işlər həyata keçirilir. Paytaxt rəhbərliyi küçələrdə təmizlik işləri ilə məşğul olan süpürgəçilərin əl əməyi məsələsinə xüsusi diqqət ayırıb. Bundan əlavə, Prezident İlham Əliyevin göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və onlar yaxın günlərdə öz təkliflərini təqdim edəcəklər. Əlbəttə, iş prossesində insan amili qalacaq, lakin minimuma endiriləcək. Öz vəzifə öhdəliklərini yerinə yetirən zaman kommunal xidmət əməkdaşlarının ölümü faciədir və qəbuledilməzdir. Bundan əlavə, sürücülər tərəfindən sürət həddinin aşılması da qeyd olunur. Körpülərdə, bəzi küçələrdə müəyyən edilmiş saatda 40-60 kilometr sürət əvəzinə avtomobil sürücüləri 80 – 100 km/saat sürətlə hərəkət edirlər. Bu, kompleks problemdir, ölkə və şəhər rəhbərliyi artıq onun həlli üzərində çalışır”, -deyə İcra Hakimiyyətindən bildirilib.

Artıq zibil və siqaretləri qarğalar yığacaq

Fransada bir əyləncə parkında xüsusi təlim görmüş qarğalar zibil və siqaret kötüyü toplayacaq. Psixoloq.az istinadən xəbər verir ki, qarğalar topladıqları siqaret kötüklərini və kiçik məişət tullantılarını kiçik bir qutuya yığacaqlar. Əməklərinin qarşılığı olaraq da gətirdikləri hər bir kötük və zibil üçün hazırlanan qutulardan yem alacaqlar. Heyvanlardan bəzilərinin indidən işə başladığı və yaxın günlərdə digərləri də daxil olmaqla altı qarğadan ibarət işçi qüvvəsinin çalışacağı bildirilib.

Insanlara “yox” deməyi bacarın - Günün ulduz falı: 14 avqust, 2018

Qoç – gözləntilərinizin sayını və səviyyəsini bir qədər azaldın. Diqqətə layiq olan işə başlayaraq çalışın. İnformasiyanın təhlili, təcrübənin artırılması, qısa səfərlər üçün əlverişli gündür. Cari məsələlərin həllinə yönəlmiş görüş keçirmək, sənəd və müqavilələrin hazırlanması ilə məşğul olmaq mümkündür. Günün ikinci yarısında emosional fon stabil deyil. İşlə bağlı ünsiyyət artarsa, diqqəti əsas məsələlərə yönəldin, yaşananlara və insanlara subyektiv qiymət verməyin. Axşam saatlarında söhbət zamanı həssas məqamlara toxunmayın. Yaşam arealını qaydaya salın. Buğa – cari situasiyada doğru istiqaməti müəyyənləşdirin. Perspektiv məsələləri seçin, fəaliyyətinizi müxtəlifləşdirin. Hər şansdan yararlanın. Çətin məsələləri həll edin, çoxdan bəri narazılığınıza səbəb olan yarımçıq işi başa vurun. İşdə kimə bel bağlaya biləcəyinizi müəyyənləşdirin. Alış-veriş üçün əlverişli zamandır. Yaşam arealını yaxşılaşdırın. Ailə müzakirəsi keçirərək yaxın gələcəklə bağlı planları müzakirə etmək olar. Qarşılıqlı anlaşmaya nail olmaq çətin deyil. Axşam saatlarında aktiv istirahətə üstünlük verin. Əkizlər – yorulmusunuzsa və yetərincə istirahət etmirsinizsə, maraqlandığınız, bəyəndiyiniz işlə məşğul olun. Belədə işlərinizin effektivliyi arta bilər. Lakin yeni planları gerçəkləşdirmək istəyirsinizsə, tələbatla qarşılaşacağınızı bilin. Sizə yeni tapşırıq və sifarişlər vermək istəyənlər az deyil. Bəzən özünüzə və ətrafınızdakı insanlara “yox” deməyi bacarın. İşlər, onsuz da, çoxdursa, əlavə sifarişlərlə işlərdən imtina edin. Günün ikinci yarısında impulsların təsiri altında çalışmayın, bəzi prosesləri dəqiq müəyyənləşdirin. Cari hadisələrin leytmotivini bəlirləyin. Axşam saatlarında işləri gərəkli istiqamətə yönəldin. Xərçəng – eyni vaxtda bir neçə iş görməyə hazırlaşın. Poçt “yeşik”ləri, kabinetlər və telefon zənglərinin arasında vaxtınızı bölüşdürmək istəyirsinizsə, alınmayacaq. Hər işə gərəkli vaxtı ayırın. Əks təqdirdə, gərginlik və yorğunluq yaranacaq. Usana bilərsiniz. Əsəblərin tarıma çəkilməsi nə qədər paradoksal olsa da, həlli uzanan problemin optimal çözümünə təkan verə bilər. Səfər, səyahət, romantik təmaslar, ümumi iş və ya maraq durğunluq vəziyyətindəki hisslərin bərpası ilə sonuclanacaq. Şəxsi münasibətlər səviyyəsində nəyisə və ya kimisə dəyişmək istəyirsinizsə, alternativ aramağa tələsməyin. Fikrinizi sonradan dəyişə bilərsiniz. Şir – vurnuxma, problem və çətinliklərin az olmayacağı gündür. Yerinizdə olun, çağırışlara tez cavab verin. Reaksiyanız süst olmasın. Ehtiyac yaranarsa, sürətli qərar verin. Heç nəyi mürəkkəbləşdirməyin. Günün ikinci yarısında yerdəyişmələrin sayı artacaq. Səylərinizin nəticələri yetərli deyil. Dövlət qurumlarının nümayəndələri ilə ünsiyyətdə hüquqlarınızı müdafiə edin. Amma bilin ki, bürokratik süründürmə və ya rüşvət tələbi ilə qarşılana bilərsiniz. Axşam saatlarında sakit, passiv istirahəti seçin. Xəbərlərin çoxluğundan başağrısı yarana bilər. Ancaq yeni təəssüratlara ehtiyac hissiniz var. Qız – təəssürat və xəbərlərin sürətlə dəyişməsinə rəğmən gün sizi sevindirəcək. Maddi məsələlərdə yaxşı perspektivlər var. Sadəcə, onları görərək dəyərləndirməyə çalışın. Ailədə mühüm müzakirə başlaya bilər. Yeni imkanlar və planların sayının artması ənənəvi situasiyanı dəyişir, hadisələrin rutin axarını başqa məcraya yönəldir. Etibar etdiyiniz, yaxınlarınıza müraciət edərək yardım istəyin. Ev işləri nəzərdə tutduğunuzdan da çox vaxt ala bilər. “Axın”la hərəkət edərək gözləmə mövqeyi tutmaq istəyirsinizsə, yanlışlıqlardan qorunun. Hədiyyə, gəlir, diqqət nişanələri, maraqlı xəbərlər istisna deyil. Axşam saatlarında passiv olmayın. İmkan yaranan kimi işlə bağlı problemi həll edin. Tərəzi – mütəhərrik, aktiv, ünsiyyətə meylli olun. Zərurət yaranarsa, alınan informasiyanı təhlil edin, rabitələrlə əlaqələri bərpa edin, məktublara cavab verin. Günün ilk yarısında formalaşan planlar gözlənilən nəticəni verəcək. Günün ikinci yarısında sərfəli maliyyə perspektivləri formalaşacaq. Fəqət, sizə həvalə etmək istədikləri işin həcmi artır. Dərhal prioritetlərlə məqsədləri müəyyənləşdirin ki, sonradan naçar qalıb yarımçıq işləri tələsik başa vurmağa çalışmayasanız. Ən sərfəli istiqaməti seçin və irəliləməyə başlayın. Şəxsi münasibətlər üçün yaxşı zamandır. Təşəbbüskar olsanız, yaşanan hadisələrə qərarlarınız və hərəkətlərinizlə təsir edə bilərsiniz. Əqrəb – enerjili, qətiyyətli, əzmli olsun. Niyyətlərlə maraqlar sizi fərqli istiqamətlərə apardığından fikirlərdə qarışıqlıq yarana bilər. Gərginlik artır, başladığınız işi normal şəkildə başa vura bilmirsiniz. Eyni vaxtda bir neçə işə başlasanız, yaşamınızda çətinliklər yarana bilər. Tələsməyin, kəmhövsələlik etməyin. Prioritetləri dəqiq müəyyənləşdirsəniz, daha çox iş görərək məqsədə daha tez çata bilərsiniz. Boş söhbətlərə qatılmayın, yaxşı işləmək fikrində olmayan insanlara qatılmayın. Mənasız hisslər, əsassız gözləntilərlə vidalaşın. Evdəki gərəksiz əşyalardan qurtulun. Oxatan – tərəfdaşlıq münasibətlərində yeniliklərin təşəbbüskarı olun. Qarşı tərəfi də daha aktiv davranmağa vadar edin. Yeni layihələr olacaq, amma onlar müzakirə və imkanların nəzərdən keçirilməsi mərhələsindədir. İnternetdə informasiya axtarışı, yazışma üçün yaxşı zamandır. Səyahət, ezamiyyət, səfər zərurəti yarana bilər. Enerjiniz çoxdur, aktivsiniz. Mümkün qədər çox iş görməyə çalışın. Günün ikinci yarısında bir qədər istirahət edin. Maliyyə vəsaitinizi normal gəlir vəd edən layihəyə və ya işə yatırın. Uzun müddətdən bəri təhlil etdiyiniz planı reallaşdırmağa başlayın. Oğlaq – günün ilk yarısı yetərincə effektiv deyil. Konkret nəticələr gözlədiyiniz layihə və ya işi planlaşdırmayın. Ünsiyyət və məlumatların alınmasında məhdudiyyətlərin sayını artırmayın. Təmaslarla əlaqələr perspektivlidir. Fəqət, vaxtınızı mənasız diskussiyalara və boş söhbətlərə sərf etməyin. Günün ikinci yarısında planlaşdırılmış ev işlərini görün, yaxınlarınıza verdiyiniz vədləri yerinə yetirin. Sevdiyiniz insan qətiyyətli və inadkarlı olarsa, həssas davranın, sərt olmayın. Axşam saatlarında ailəvi istirahəti seçin. Dolça – gərginlik azalır. Bir qədər “nəfəs almaq”, əldə olunmuş mövqelərdə möhkəmlənmək, cari işləri tələsmədən görmək olar. Qarşınızda duran məqsədləri dəyərləndirin, aldığınız təklifləri təhlil edin, planları yenidən nəzərdən keçirin. İlk növbədə, görüləcək işlərlə təxirə salına biləcək məsələləri seçin. Şəxsi münasibətlərdə məqsədlərlə niyyət uyğun gələrsə, irəliləyiş olacaq. Söhbətlər, müzakirələr və ünsiyyət faydalı ola bilər. Spontan aktivlik müsbət sonuc verəcək. Axşam saatları təmir və aktiv istirahət üçün əlverişlidir. Balıqlar – mühüm qərarların qəbulunu şərtləndirməyən kiçik işlərə və qayğılara xüsusi diqqət yetirin. Sizə təzyiq göstərilməsinə imkan verməyin. Başqasının əməllərinə görə məsuliyyət daşımayın, sənədləşdirmədə qaydaya riayət edin. Müstəqil, təkbaşına işləmək daha yaxşıdır. Söhbətlər vaxtınızı alır. Tərəfdaşlar vədlərinizi xatırladacaqlar. Aldığınızla verdikləriniz arasındakı müvazinətin qorunmasına çalışın. İşləri maddi maraqlarınızı nəzərə alaraq görün. Axşam saatlarında şəxsi işlərinizə vaxt ayırın. Ailə üzvləri və yaxınlarınızla məsləhətləşmək üçün yaxşı zamandır. Yeni birgə planlar yarana bilər. Milli.Az

Ali məktəblərə və magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi 14 avqust saat 10:00-dək uzadılıb.Bu barədə ölkə.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 13-ü saat 16:40-a olan məlumata görə 590 bakalavr qəbul olmaq istədiyi ixtisaslaşmaları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 14 bakalavr ixtisaslaşmaları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib. İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər. Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. Eyni zamanda Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı avqustun 14-i saat 10:00-dək uzadılıb. Bildirilib ki, avqustun 13-i saat 16:55-ə olan məlumata görə 44 558 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 200 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib. İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə tövsiyə olunur ki, qeyd olunan tarixədək ərizələrini təsdiq etsinlər.

İlahiyyat İnstitutuna ödənişsiz qəbul aparılır

Azərbaycan  İlahiyyat İnstitutu İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə tələbə qəbulu elan edir.  Psixoloq.az-ın məlumatına görə, üçüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlər İslamşünaslıq ixtisasına qəbul olmaq üçün 15-16 avqust tarixlərində Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Yüksək ixtisaslı islamşünas və dinşünas mütəxəssislərin hazırlanacağı Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. İnstitut öz tələbələrinə ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini öyrənmək imkanı verir. Bütün xarici dillər dörd inkişaf istiqamətində - oxuma, dinləmə, danışma, yazma istiqamətlərində tədris ediləcək. Eyni zamanda, Aİİ tələbələrinə beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsilə Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq, dövlət xətti ilə magistratura və doktorantura pillələrini xarici ölkələrdə davam etdirmək imkanı yaradacaq. İnstitutdan məzun olacaq tələbələr dövlət qulluqçusu, din xadimi, tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərə biləcəklər. Bunlarla yanaşı, tələbələr aylıq təqaüd, yemək və geyimlə də təmin olunacaqlar.  Qeyd edək ki, valideynlərin və abituriyentlərin çoxsaylı müraciətləri nəzərə alınaraq DİM Aİİ-ə minumum keçid balını 150 bala endirib.

İki gün iş olmayacaq

Qurban bayramı ilə əlaqədar gələn həftə Azərbaycanda iki gün iş olmayacaq. Psixoloq.az xəbər verir ki, Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin 2-ci hissəsinə və Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən avqustun 22-si və 23-ü ölkədə qeyri-iş günüdür. Bayram həftənin çərşənbə və cümə axşamı günlərinə təsadüf edir.

Təhsil Nazirliyi şöbə müdiri olmaq istəyənlər üçün müsahibə elan etdi

Təhsil Nazirliyi İnsan resursları şöbəsində vakant olan müdir vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edib. Nazirlikdən modern.az-a verilən məlumata görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifələrin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu avqustun 14-ü saat 18:00-dək aparılacaq. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır.

Azərbaycanda bu il evlənənlərin sayı AZALIB

Azərbaycanda bu ilin ilk 5 ayı ərzində evlənənlərin sayı ötən ilin müvafiq dövründə evlənənlərin sayı ilə müqayisədə azalıb. Psixoloq.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə nikahların sayı 23044 olub ki, bu da bu illə müqayisədə 555 nikah çoxdur. Ümumilikdə bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,5 olub. Boşanmaların sayına gəldikdə, bu ilin ilk 5 ayı ərzində 6177 boşanma halları qeydə alınıb. Bu il qeydə alınan boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən azalıb. Ötən ilin ilk 5 ayı ərzində ölkədə 6207 boşanma qeydə alınmışdı. Bu il əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 1,5 olub.

Nərgiz üçün siz də yardıma qoşulun - VİDEO

Gözəl körpə Nərgizin sizin köməyinizə ehtiyacı var. Qeyd edək ki, Nərgiz "spinal muscular atrophy" yəni əzələ əriməsi xəstəliyindən əziyyət çəkir. Tək çarəsi isə xaricdə vurulacaq iynədir. Bu iynənin adı "Spinraza"dır. Qiyməti isə 125.000 min dollardır. Nərgiz balanın vəziyyəti getdikcə daha da ağırlaşır... Həyatda qalması və sağalması isə sizin edəcəyiniz köməyə bağlıdır. Unutmayın ki edilən 1 azn belə ailə üçün çox dəyərlidir. Gözəl balaya gözəl həyat bəxş etmək üçün bir gəzintinizə ayıracağınız pulu kömək olaraq verin. Unutmayın hər etdiyiniz köməklik körpənin üzünü güldürəcək. Necə kömək edəcəyiniz aşağıdakı şəklin üzərində qeyd edilib. Əlavə sualı olanlar [email protected] mail adresinə yaza bilərlər. İstədiyiniz təqdirdə sizi ailə ilə də görüşdürə bilərik.