Məşhur ifaçının damarları partladı - Vəziyyəti ağırdır/FOTO

Türkiyəli məşhur ifaçı Hakkı Bulut vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. Psixoloq.az xəbər verir ki, həkimlər açıqlama verərək ifaçının damarlarının partladığını, vəziyyətinin yaxşı olmadığını bildiriblər.

"Donorluq məsələləri sənəddən çıxarılıb" - Musa Quliyev

Parlamentin qarşıdan gələn növbəti - 2018-ci il payız sessiyasının məhsuldar, maraqlı və gərgin keçəcəyini düşünürük. Çünki həm qanun layihələrini, həm də 2019-cu ilin dövlət büdcəsinin müzakirələri olacaq. Qeyd edək ki, dünyada payız sessiyaları, əsasən, büdcə sessiyaları sayılır, bu baxımdan, əsas müzakirələr büdcə ilə bağlı olacaq. Amma bununla belə, üç ay ərzində fürsətdən istifadə edib, yeni və ya üzərində çoxdan işlənilən qanun layihələri ilə bağlı müzakirələrin açılmasına çalışacağıq. Yəni, tək büdcə ilə kifayətlənilməyəcək. Psixoloq.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, istər sədr müavini olduğu Səhiyyə, istərsə də sıravi üzvü olduğu Əmək və sosial siyasət komitəsində payız sessiyası çərçivəsində maraqlı müzakirələr, bir sıra vacib qanun layihələrinin müzakirəsi və tövsiyəsi gözlənilir: “Məsələn, bunlardan biri donorluq və insan orqanlarının (toxumalarının) transplantasiyası haqda qanundur ki, ötən sessiyadan onun üzərində işləyirik. Həmin qanuna xeyli dəyişiklik nəzərdə tutulur və çox güman ki, ciddi dəyişikliklər olunacaq. Onu bir daha komitəmizdə müzakirələrdən keçirib, plenar iclasa tövsiyə etməyi nəzərdə tuturuq. Bununla yanaşı, “Psixoloji yardım haqqında” qanun layihəsi üzərində işlər davam etdirilir. Düzdür, onu ötən yaz sessiyasının müzakirəsinə təqdim etmişdik, amma müəyyən səbəblərdən müzakirəsi qaldı. Komitədə baxıb, onu plenar iclasa təqdim etmək niyyətindəyik. Belə bir qanuna ciddi ehtiyac duyulur. Həmçinin, uzun illərdən bəri cəmiyyətdə ciddi müzakirə və mübahisə mövzusu olan, hətta 3-cü çağırış parlament dövründə birinci oxunuşda müzakirələrdən keçirilən “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” haqqında qanun layihəsinin, nəhayət, müzakirələrə çıxarılması nəzərdə tutulur. Çünki qanunda mübahisə predmeti olan “surroqat ana” və donorluq məsələləri sənəddən çıxarılıb, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) sənədə ciddi irad yoxdur. Odur ki, onu payız sessiyasında komitəmizin müzakirəsindən keçirib, növbəti sessiyanın qanunvericilik işləri planına salmağı və plenar iclasa təqdim, tövsiyə etməyi düşünürük. İnsanlarımızın çoxu artıq bu qanunun müzakirəsini və qəbulunu çoxdan gözləyir. Eyni zamanda, komitəmizin əksər üzvləri “Ailə həkimi haqqında” qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılmasını təklif edirlər. Zaman-zaman bu yöndə təkliflər səsləndirilməkdədir. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi məsələsi də belə bir qanunun müzakirəsini və qəbulunu zəruri edir. Ona görə payız sessiyasında həmin qanun layihəsi ilə bağlı müzakirələri nəzərdə tuturuq. Təbii ki, bunlar mənim şəxsi, subyektiv fikirlərimdir. Komitəmizin tam mövqeyi sentyabrda payız sessiyası ilə bağlı keçiriləcək ilk iclasda məlum olacaq, orada təkliflər, fikirlər səsləndiriləcək və qruplaşdırılacaq, müvafiq qərar veriləcək”.

Qanunsuz avtobus biletləri satanlar kimlərdir? — RƏSMİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti rayonlararası və şəhərlərarası qeyri-qanuni avtobus biletlərinin satılması məsələsinə münasibət bildirib. Psixoloq.az ölkə.az-a istinadən xəbər verir ki, Xidmətin Mətbuat katibi Nuridə Allahyarova Trend-ə bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində qeyri-rəsmi bilet satılması mümkünsüzdür. O qeyd edib ki, həm DANX-ın, həm də BBAK-ın əməkdaşları bütün günü bu məsələ ilə bağlı müşahidələr aparırlar və bu cür halların baş verməsinə imkan vermirlər: “Respublika üzrə 60 avtovağzal və avtostansiya mövcuddur və onların hər birində DANX-nin yerli əməkdaşları müşahidələr aparır. Yəni regionlarda da avtovağzallarda daim müşahidə aparılır və qeyri-qanuni bilet satışı mümkün deyil”. N.Allahyarova bildirib ki, regionlarda qeyri-qanuni avtobus biletinin satışı yalnız qeyri-qanuni sərnişindaşıma həyata keçirən daşıyıcılar tərəfindən edilə bilər və bu cür hallar Avtovağzalın özündə yox, kənarda baş verə bilər: “Biz bununla bağlı ölçü götürülməsi üçün müşahidələr aparırıq və aidiyyəti qurumlara, Dövlət Yol Polisinə müraciət edirik. Çünki bizim qeyri-qanuni daşımalar həyata keçirənlərə qarşı tədbirlər görmək səlahiyyətimiz yoxdur. Ancaq qanuni, yəni DANX-nin nəzarət etdiyi daşıyıcılar hər hansı bir süni qiymət artımına və ya əldən bilet satışına yol verərlərsə, biz dərhal tədbir görərik, lakin qeyri-qanuni daşıyıcılara görə biz sadəcə məlumat alıb aidiyyəti qurumları xəbərdar edə bilərik”. Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə qeyri-qanuni bilet satışı ilə bağlı məlumatlar yayılmışdır. Belə halların əsasən regionlarda müşahidə edildiyi qeyd edilir.

Daşqın və sel olacaq – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-dan 12-dək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Qeyri-sabit hava şəraiti avqustun 11-i axşamadək davam edəcək.

Çox yatanların nəzərinə - Ölüm riski var

Çox yatanların ölüm riski yüksəkdir. Psixoloq.az xəbər verir ki, bu, Amerika Qəlb Dərnəyində aparılan araşdırmadan sonra məlum olub. Üç milyondan çox insanın qatıldığı araşdırmadan sonra məlum olub ki, gündə on saat çox yatanların ölüm riski səkkiz saat yatanlara nisbətən otuz faiz yüksəkdir. Çox yatmağın ürək damar xəstəliklərinə də səbəb olduğu bildirilir. 

Hər gün iki heyva yeyin

A və B vitaminləri cəhətdən zəngin olan heyva, qış mövsümünün ən sevilən meyvələrindən biridir. Şəkər miqdarı az olan bu meyvə, eyni zamanda insanı rahatladaraq sakitləşdirir. Bəs heyvanın bilinməyən faydaları nədir? Mədə-bağırsaqları gücləndirir. İshalı kəsməkdə təsirlidir. Ancaq çox yeyildiyi zaman qəbizliyə səbəb olur. İshaldan əziyyət çəkənlər heyvanı yeyə bilər. Qaraciyərində problem yaşayan insanlar bu meyvədən rahatlıqla istifadə edə bilər. Qanı təmizləməyə kömək edir. Ürək döyüntüləri zamanı faydalıdır. Öskürəkdən əziyyət çəkənlər heyva dəmləməsini içə bilərlər. Dərini təmizləyərək, dırnaqları gücləndirir. Varikoz damarların qismən də olsa qarşısını almağa kömək edir. İdrar yolu infeksiyaları zamanı effektlidir. Bəs heyva dəmləməsi necə hazırlanır? Bunun üçün heyvanın qabıqları soyulur. Xırda formada doğranılır və üzərinə qaynar su tökülür. Dəmlənmə üçün gözlədilir. Çayın rəngi sarı olan zaman içə bilərsiniz.(hekimtap.az)

Qida Təhlükəsizliyi Agentliyindən XƏBƏRDARLIQ

Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə əhaliyə xəbərdarlıq edib. Agentlikdən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib.  Bununla əlaqədar olaraq, bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub. (oxu.az)

Atmosferdə bu qazın artması dünyanın sonunu gətirə bilər - Alimlər açıqladı

İqlim dəyişikliyi problemləri ilə məşğul olan beynəlxalq tədqiqat qrupu Yer planetində temperaturun və dənizlərin səviyyəsinin tezliklə yüksələcəyini proqnozlaşdırır. Onların qənaətinə görə, karbon dioksid qazının atmosferə buraxılması tempi yüksələn xətlə davam edərsə, havanın hərarəti 2 dərəcə selsiyədək arta bilər. Psixoloq.az azertaca istinadla xəbər verir ki, beynəlxalq tədqiqat qrupunun hesabatı İsveç Milli Elmlər Akademiyasının jurnalında dərc edilib. Tədqiqatlar göstərib ki, gələcəkdə atmosferin çirklənməsi Yer kürəsinin bəşəriyyəti qoruyan təbii sərvətlərini onun düşməninə çevirə bilər. Belə ki, hər il meşələr, okeanlar və torpaq 4,5 milyon ton karbon udur ki, sonrakı mərhələdə bu qazın atmosferdə daha da artması havanın hərarətinə mənfi təsir göstərəcək. Stokholm Davamlılıq Mərkəzinin hesabatına görə, Şimal yarımkürəsində daimi buzlaqlar, yaxud Amazon meşələri milyonlarla ton karbon dioksid qazını saxlayır və günlərin birində bu qazların atmosferə qaytarılması Yer kürəsində fəlakətə səbəb ola bilər. Mərkəzin professoru Yohan Rokströmün fikrincə, temperaturun 2 dərəcə artması planetimizin özünütənzimləmə mexanizmini sarsıdacaq. "Biz görəcəyik ki, Yerdəki sistem insanlara dost deyil, düşmən olacaq. Bəşəriyyətin taleyi bu sistemin tarazlığının pozulması ilə sıx bağlıdır”, – deyə professor vurğulayıb. Alimlər bildirirlər ki, hazırda qlobal temperatur 1 dərəcə Selsiyədək artıb və hər il 0,17 dərəcə yüksəlməkdə davam edir. Hesabat müəllifləri 10 təbii sisteminin tarazlığının pozulması prosesinə diqqət çəkirlər. Bildirilir ki, hazırda bəşəriyyət karbon dioksid qazının meşələrə və Arktik buz dənizinə mənfi təsiri, habelə metan hidratların okeanlara vurduğu zərərə biganə yanaşır. Təhlükə ondadır ki, bu sistemlərdən biri həmin qazları atmosferə geri göndərdikdən sonra digər sistemlər də "domino effekti” ilə buna qoşula bilər. Tədqiqatçıların "Yer kürəsi - qızmar ev” ssenarisi adlandırdıqları bu vəziyyətdə iqlim şəraiti sənayeləşmə mərhələsindən əvvəlki dövrə nisbətən 4-5 dərəcə yüksəkdə stabilləşə bilər ki, bu zaman dəniz səviyyəsinin 10-60 metr qalxması ehtimal olunur. Demək, Yerin böyük bir hissəsi suyun altında qalacaq. "Bu təsir kütləvi, dağıdıcı və qəfil baş verə bilər”, - deyə hesabatda xəbərdarlıq edilir. Professor Rokström bu il Avropadakı anomal istiləri də misal gətirərək əlavə edib ki, temperaturun cəmi 1 dərəcə artması bu cür fəlakətlərlə nəticələnirsə, 2 dərəcəyə çatmasının hansı fəlakətlər doğuracağını təsəvvür etmək olar. Hesabatda nikbin fikirlər də yer alıb. Alimlər qeyd ediblər ki, vəziyyətdən yeganə çıxış yolu planetin ekoloji sisteminə daha həssas münasibət göstərməkdən ibarətdir. Kopenhagen Universitetinin professoru Ketrin Riçardsonun sözlərinə görə, bunun üçün bəşəriyyət karbohidrogen ehtiyatlarını yandırmaqdan imtina etməli, meşələri qorumalı və yeni ağaclar əkməli, günəş şüalarının mənfi təsirini azaltmalı, karbon dioksid qazını havadan udacaq maşınlar icad etməlidir. Qeyd etmək lazımdır ki, bəzi alimlər tədqiqat qrupunun hesabatının şişirdildiyi qənaətindədir. Onların fikrincə, müəlliflərin təqdim etdiyi fəlakət ssenarisinin elmi əsasları yetərincə deyil.

“Jurnalistika”ya qəbul üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin "Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 6-da keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib. Abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. DİM-dən xezerxeber.az-a verilən məlumata görə, imtahanda iştirak etmək hüququ qazanmış 446 abituriyentdən 104 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 342 abituriyentdən 287 nəfəri "məqbul” qiymət alıb. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. Abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 10-da (saat 10:00-dan 17:00-dək) Mərkəzin A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (keçmiş Asiya Universitetinin binası) Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 8 və 9 avqust tarixlərində qeyd olunan ünvana şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Ən təhlükəli döş xərçənginin müalicəsi tapıldı

Leybnits adına Qocalmanın Araşdırılması İnstitutunun alimləri çox təhlükəli süd vəzi xərçəngi hüceyrələrində aktiv olan TRPS1 zülallarını eyniləşdiriblər. Bu birləşmə yeni effektiv dərmanlar üçün potensial hədəfdir. Psixoloq.az xəbər verir ki, bununla bağlı məlumat “MedicalXpress” tərəfindən yayımlanıb.  Döş xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növüdür və il ərzində bu xəstəlikdən 521 min insan dünyasını dəyişir. Bu xəstəliyin üç müxtəlif növü var: ER-müsbət, HER2-müsbət və üçqat mənfi xərçəng. Döş xərçəngi xəstəliklərinin 15 faizini təşkil edən sonuncu növün müalicəsi olduqca çətindir.  Məlumdur ki, “Hippo” siqnal yolu toxumaların regenerasiyasında və xərçəng hüceyrələrinin yaranmasında başlıca rol oynayır. Bu komponentin əsas komponentlərindən biri orqanların ölçüsünə nəzarət edən YAP zülalıdır. Mütəxəssislər hesab edir ki, YAP-ın aktivləşdirilməsi xəstənin sağalmasına kömək edir. Bunun səbəbi bugünədək müəyyən olunmayıb.  Alimlər hesab edirlər ki, TRPS1 zülalı YAP zülalının aktivləşməsinə səbəb olur və “Hippo” siqnal yoluna düşərək xərçəng hüceyrələrinə təsir göstərir.(oxu.az)

Günün ulduz falı: 8 avqust, 2018

Qoç – Baş verənləri anlamaq üçün harmoniyaya ehtiyacınız var. Estetik, qastronomik, maliyyə tələblərinizin ödənməsinə can atacaqsınız. Yeni mərhələnin ilkin təzahürlərini ayırd etməyi bacarın. Ən əlverişli variantı seçin.Günün ikinci yarısında bəzi proseslərin rəsmi statusu olduğunu düşünməyin. Yaxşı tanımadığınız insana məram və niyyətlərinizdən danışmayın. Reklama, bəyanatlara, açıqlamalara heç bir zərurət duyulmur. Bir sıra işləri sakit, ahəstə şəkildə həll etmək olar. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin. Buğa – Rəqibləri zəif saymayın, problemlərinizin, gerçəkdən də, mürəkkəb olduğunu etiraf edin. Belə olarsa, çox problemlərin öhdəsindən gələ bilərsiniz. Nikbinlik və qüvvələrinizə əminlik imkanlarınızı artıracaq. Uğursuzları sevməyən insanlar sizinlə çalışmaq istəyəcəklər. Məhsuldar əməkdaşlıq başlana bilər.Səfər və səyahətə çıxmaq, əcnəbi dili öyrənməyə başlamaq, uzaqdan gəlmiş insanlarla görüşmək üçün əlverişli zamandır. Yeni ideya yarana bilər. Əkizlər – Emosional baxımdan zəngin gündür. Yaxın ətrafınızdakı insanlardan daha çox məlumat əldə edin. Situasiyanın təfərrüatlarına bələd olun. Tapşırıq və ya sifariş alsanız, detalları dəqiqləşdirmədən işə başlamayın.Günün ikinci yarısında məqsədə doğru aparan yolda qarşınızı kəsəcək maneələr və sədləri qətiyyətlə dəf edin. Fırıldaq, saxtakarlıq qurbanı olmamaq üçün həssas, diqqətli olun. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.Axşam saatlarında stressdən qurtulun. Əsəbləriz dincəlməlidir. Xərçəng – Olayların bəzilərini əvvəlcədən planlaşdırmaq mümkün deyil. Gözləntilər və ehtimallarda ifrat dərəcədə nikbin olmayın. Potensialınızı, imkanlarınızı dürüst qiymətləndirin. Xam xəyallara qapılmayın.Günün ikinci yarısında yeni biliklər və bacarıqlar əldə etmək mümkündür. Nəqliyyatda nasazlıq, yolda problemin yaranması istisna deyil. Başqalarının işlərində aktiv iştirak etməyin. Nə isə alınmasa, sizi suçlu biləcəklər. Aldığınız məlumatları diqqətlə yoxlayın. Şayiələrə və dedi-qoduya inanmayın.Axşam saatlarında səhhətinizə fikir verin. Şir – Günün ilk yarısında texniki nasazlıqlar, iş yerində qəfil problemlərin yaranması istisna deyil. Əvvəlcədən planlaşdırılmış görüşün baş tutmaması da mümkündür. Bunun səbəbi sözləşdiyiniz insanla məkan və zaman anlaşmasının şərtlərinə əməl olunmamasıdır.Günün ikinci yarısında başqalarının intriqalarına hədəf olmayın. Hədəfləri saf-çürük etmək gərəkdir. Maliyyə vəsaitinizin qədrini bilin. Bədxərclik etməyin.Zərurət varsa, planlarda dərhal dəyişikliklər edin. Qız – Maliyyə və maddi-texniki problemlərin həllində aktiv davranın. Nevroz olmayın. Bacardığınızdan artıq işləri görməyə başlasanız, ifrat yorğunluğa düçar olacaqsınız. Vaxtınızı mənasız işlərə sərf etməyin.Günün ikinci yarısında çalışdığınız kollektivdə uğursuzluqla qarşılaşmağınız, yaxınlarınız və qohumlarınızla münasibətlərdə anlaşılmazlıqların yaranması istisna deyil. İş və ya yaşam arealının dəyişdirilməsi üçün münasib zaman deyil. Hansısa işlərdə axsamalar, ləngimələr yaranırsa, səhvlərinizdə başqalarını suçlamayın.Günah yalnız sizdədir. Tərəzi – Səfərdə, yazışmada və ya söhbətdə anlaşılmazlıq yarana bilər. Maddi məsələləri vaxtında həll etmək istəyirsinizsə, yalnız öz qüvvənizə və potensialınıza bel bağlayın.Kiminsə gecikməsi və ya səhlənkarlığı planları poza bilər. Yalan qurbanı olmayın, deyilənlərə sidq-ürəkdən inanmayın.Günün ikinci yarısı yeni əlaqələrin formalaşması, müzakirələr, sövdələşmələr və seçim üçün əlverişli deyil. Özünüzlə çox pul gəzdirməyin. Yeni layihəyə başlamaq fikriniz varsa, ciddi düşünün.Tələsik addımlar atmayın. Əqrəb – Yaranmış situasiya sizdən çeviklik, sürət, mütəhərrik davranış tələb edir. Cari duruma uyğunlaşmağa çalışın. İşdə rəhbərliyin artan tələbkarlığı və ya əmək şərtlərinin dəyişməsi ilə bağlı müəyyən diskomfort istisna deyil.Günün ikinci yarısında yolda ehtiyatlı olun. Fors-major olayın səbəbkarına çevrilməyin. Məsuliyyətli və ağır iş görməlisinizsə, problemin həll yollarını əvvəlcədən düşünün. Ən optimal variantı seçin.Axşam saatlarını özünüzə həsr edin. Oxatan – Günün ilk yarısında yaranacaq mübahisədə təmkinli davranın. Başqalarının diskussiyasında müşahidəçi olsanız, eşitdikləriniz və ya gördükləriniz barədə yalnız obyektiv rəyinizi bildirin. Əsla yalan danışmayın.Günün ikinci yarısında kimsənin tərəfini tutmayın. Neytral qalmağa çalışın. Mübahisə zəmini olan predmet və ya hadisə ilə bağlı müfəssəl bilgiləriniz yoxdursa, çox danışmayın. Müstəqil fəaliyyət göstərin. Ailə üzvləri və ya qohumlarla ünsiyyətdə hakim rolunu oynamağa çalışmayın. Qayğıkeş, şəfqətli olun. Oğlaq – Yaşanan olayları diqqətlə müşahidə edin. Ayıq olun. Rəqiblərin sizi geridə qoymasına imkan verməyin. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Özünüzü az qala bütün situasiyalarda haqlı saymayın.Nöqsanlardan xali olduğunuzu unutmayın.Günün ikinci yarısında ideala can ataraq işlərin gedişatını uzatmayın. Eşitdiyiniz hər sözə kor-koranə inanmayın. Sizi aldatmağa, yanlış istiqamətə yönləndirməyə çalışırlar. Axşam saatlarında səhiyyə müəssisəsinə yollanmayın. Dolça – Mənasız illüziyalardan, əsassız fantaziyalardan qurtulun. Cari işləri yerinə yetirməkdən usanmayın. Yeknəsəqlikdən şikayətlənərək süstlüyə qapılmayın. Yaradıcılıqla da məşğul olmaq mümkündür.Günün ikinci yarısında sifariş və ya tapşırıqların yerinə yetirilməsi zamanı maksimum dərəcədə dəqiq olun. Hesablamalarda, məlumat bazaları ilə işdə, uzunmüddətli planlaşdırmada yanlışlıqlara yol verməyin.Axşam saatlarında kompüterdən, internetdən uzaq durun.Açıq havada gəzin. Balıqlar – Axınla hərəkət edin, hadisələrin məcrasında kəskin dəyişikliklərə can atmayın. Yaşam prosesləri üzərində nəzarəti tamamən itirməyin. Təmkinli və səbrli olun, emosiyalara uymayın.Günün ikinci yarısında yolda ehtiyatlı olun. Sükan arxasında diqqətiniz yayınmasın. İnformasiya ilə iş, hesablamalar səliqə tələb edir.Axşam saatlarına yaxın bir qədər dincəlin. Stressdən qurtulmağa çalışın. Milli.Az

44 gənc işlə təmin edildi

Binəqədi rayon Məşğulluq Mərkəzi işsiz və iş axtaran kimi qeydiyyatda olan ali təhsilli gənclər üçün əmək yarmarkası keçirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, “İşçi axtarıram” adı altında keçirilən yarmarkada rayon ərazisində fəaliyyət göstərən 10 müəssisədən 80-dən çox vakant iş yeri təklif olunub. İş yeri təklif edən müəssisələrin nümayəndələri də tədbirdə iştirak edib. Tədbirdə 44 gəncə vakant iş yerlərinə göndəriş verilib, 5 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata götürülüb. İşəgötürənlər tərəfindən 60-a yaxın gəncdən CV qəbul edilib. Yarmarkada 7-si məcburi köçkün ailələrindən olan 14 gənc istəklərinə uyğun olaraq və potensialları nəzərə alınmaqla özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıb.

"Toppuş bacı" xəstəxanadan evə buraxıldı

Bir müddət əvvəl əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva evə buraxılıb. Psixoloq.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa bu haqda özü xəbər verib. O, həyat yoldaşıyla fotosunu paylaşaraq bildirib ki, artıq evindədir: "Allaha şükürlər olsun, mən artıq evimdəyəm. Xəstəxanada olanda heç vaxt görmədiyim, tanımadığım insanlar ziyarətimə gəldilər. İnşallah, yaxın günlərdə yenə də işimin başında olacam, gözəllərimin xınasını yaxacam”. Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisanın ötən həftə xərçəng xəstəsi olması xəbəri yayılıb.

Bu ilin sonuncu Günəş tutulması baş verəcək

Cari ilin sonuncu Günəş tutulması hadisəsi avqustun 11-də baş verəcək. Bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 12.02-də başlanacaq, saat 13.46-da maksimum səviyyədə olacaq, saat 15.30-da başa çatacaq. Bu barədə ölkə.az-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. İlin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

Bakirə qız hamilə qala bilirmi- Mütəxəssis fikri

Son zamanlar sosial şəbəkələrin Azərbaycan seqmentində gənc xanımların ən çox verdiyi bir sual var.  Bakirəlik pozulmadan hamilə qalmaq mümkündürmü? Psixoloq.az goldnews.az-a istinadən xəbər verir ki, bununla bağlı mütəxəssis rəylərini sizə təqdim edir: Bakirəliyinin pozulmasından qorxan, lakin cinsi əlaqəyə girən cütlüklərin ehtiyat etdiyi məqamlardan biri də hamilə olub-olmamaqdır. Həkimlər deyir ki, bakirə ikən hamilə qalmaq nadir hallarda olsa da, mümkündür. Lakin hansı formada və dövrdə cinsi əlaqəyə girməyin hamilə qalmağa təsiri var. Cütlükləri ən çox maraqlandıran məsələlərdən biri hansı formada cinsi əlaqəyə girdikdə hamilə qalmaqdır. Sürtünərək və ya alt paltarları ilə cinsi əlaqəyə girdikdə hər hansı bir şəkildə hamilə qalmaqdan söhbət belə gedə bilməz. Hamiləlik riski ancaq və ancaq vaginanın üzərində sürtünmə ilə cinsi əlaqəyə girildiyi zaman və vaginaya boşalma baş verdikdə mümkündür. Çünki spermalar vaginadan içəri daxil olduğu zaman hamiləlik prosesinin ilk addımı atılmış olur. Buna görə də "bakirəyəm hamilə qala bilmərəm" deyib arxayın olmağa dəyməz. Vaginanın üzərinə boşalma reallaşsa, qızlıq pərdəsi pozulmayan qız belə, hamilə qala bilər. Belə ki, qızlıq pərdəsi vaginanın təxminən 2-3 sm içərisindədir. Bu quruluşun ortasında da bir boşluq var. Yəni vaginanın iç qisminə doğru boşalma baş verdikdə, spermalar bu qismdən keçə bilər və hamiləlik yarada bilər. Qısası, bakirəlik heç bir formada hamilə qalmağa mane olan bir vəziyyət deyil.  Mütəxəssislərin sözlərinə görə, hamilə qalma ehtimalının yüksək olduğu dövr ovulyasiya dövrüdür. Bu dövrə yumurtlama dövrü də deyilir. Bu zaman kəsiyində cinsi əlaqəyə girilibsə və vaginanın ətrafına sperma tökülübsə, hamilə qalma ehtimalı olduqca yüksəkdir. Ancaq menstruasiya zamanı cinsi əlaqəyə girilsə belə, hamilə qalma ehtimalı demək olar ki, yoxdur. Lakin unutmaq olmaz ki, hamilə qalmaq üçün penisin vaginanın içərisinə daxil olması mütləq deyil. Yalnız spermaların də vaginanın içinə daxil olması  hamilə qalmaq üçün kifayətdir. Bununla yanaşı, sürtünmə yolu ilə hamilə qalmaq aşağı bir ehtimaldır. Çünki vaginanın ətrafındakı ifraz spermaların ölməsinə səbəb ola bilər.

Nikaha daxil olarkən bu virus daşıyıcısı olduğunu öyrəndilər

İyul ayı ərzində cütlüklərin nikahdan əvvəl tibbi müayinəsi zamanı 530 nəfərdə talassemiya daşıyıcılığı, 50 nəfərdə siflis, 17 nəfərdə QİÇS aşkarlanıb. Psixoloq.az xəbər verir ki, bu barədə Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. Onun sözlərinə görə, ümumilikdə bu ay ərzində 15565 nəfər müayinədən keçib. “Müayinədən keçən 10 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib. Həmin cütlüklərə ailə quracaqları halda prenatal müayinədən keçmələri tövsiyə edilib. Ümumilikdə bu il ərzində 81949 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib. Onlardan 2453-də talassemiya daşıyıcılığı, 196-da siflis, 86-da QİÇS aşkarlanıb. 38 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyən edilib”. Qeyd edək ki, nikahdan əvvəl cütlüklərin icbari tibbi müayinəsi 2015-ci il iyunun 1-dən aparılır. Həmin tarixdən bu vaxta qədər 446233 nəfər icbari müayinədən keçib. Onların 165527-də talassemiya daşıyıcılığı, 1529-da siflis, 368 nəfərdə QİÇS aşkarlanıb.169 cütlüyün isə hər ikisində talassemiya daşıyıcılığı müəyyən edilib.(publika.az)

Qaraciyəri sıradan çıxaran amillər

Qaraciyərdə sinir ucları yoxdur və bu səbəbdən qaraciyərdə hətta dağılma prosesləri gedəndə insan heç bir ağrı hiss etmir. Məhz bu səbəbdən bir çox hallarda qaraciyər xəstəlikləri gecikmiş mərhələlərdə aşkar olunur. Hələ dahi İbn Sina qaraciyərin bu xüsusiyyətini bilirdi və qaraciyəri ziyanlı təsirlərdən daim qorumağı tövsiyə edirdi. Qaraciyərin özü özünü bərpa etmək qabiliyyəti güclü olsa da bəzi amillər var ki, onlar qaraciyərin sağlamlığına çox ciddi ziyan vurur, qaraciyəri məhv edir. Bu amillər hansılardır? 1. Spirtli içkilər Bəzən eşitmək olur ki, spirtli içkilərin az miqdarda (20-40 qr) qəbulu insan orqanizmi üçün ziyansız sayıla bilər. Bu belə deyil. Qaraciyər üçün spirtli içkinin hətta 1 damcısı belə zəhərdir. Saglamolun.az xəbər verir ki, belə içkilərin tərkibində olan etanol qaraciyərin hüceyrələrinə məhvedici təsir göstərir. 2. Dərmanlar Son zamanlar dərmanların qəbulu nəticəsində qaraciyərin zədələnməsi halları artmaqdadır. İnsanlar müstəqil şəkildə, həkimlə məsləhətləşmədən müxtəlif ağrıkəsici preparatları, vitamin kompleksləri, qida əlavələri, otlar və s. qəbul edir. Lakin hətta belə "ziyansız" vasitələrdən sui-istifadə qaraciyərin zədələnməsinə gətirib çıxarda bilər. 3. Virus hepatitləri Virus hepatitləri qaraciyər xəstəliklərin, o cümlədən qaraciyər sirrozu və xərçənginin əsas səbəbidir. Bu viruslar əsasən qan vasitəsilə (cərrahi əməliyyat, dişlərin müalicəsi, qanköçürmə və s.) bir insandan digərinə keçir. 4. Sağlam olmayan qidalanma Qidalanmada yağlı, qızardılmış, hisə verilmiş qidaların, şəkərin, şirniyyatların, trans-yağların (marqarin və s.) həddindən artıq çox olması qaraciyərin sağlamlığı üçün olduqca ziyanldır.(sağlamolun.az) 5. Uzunmüddətli ağır streslər

Əşyalarınızı “BakuBus”da unutmaqdan QORXMAYIN!

“BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyaların sahiblərinə qaytarılması işini davam etdirir. MMC-dən verilən məlumatda bildirilib ki, iyul ayında “BakuBus”a məxsus avtobuslarda tapılan 7 ədəd çanta, 5 ədəd telefon, 2 ədəd dəmir avadanlıq, 1 ədəd pulqabı, 1 ədəd kitabça və 1 ədəd iş kartı sahibinə təhvil verilib. Həmçinin, iyulda avtobuslarda unudulan (itirilən) Cəmilə Ələsgər qızı Mustafayeva, Aytac Abisalam qızı Əliyeva və Naibə Nazim qızı Aboyevaya məxsus şəxsiyyət vəsiqələri, Ruslan Arzum oğlu Muradova məxsus pasport, Nicat İzzət oğlu Hüseynov və Rəhim Yusif oğlu Əliyevə məxsus tələbə biletləri, Firuzə Sabir qızı Rəhimova, Samirə Ağasəlim qızı Dadaşova və Fərid Məmməd oğlu Yusifova məxsus sənəd üçün qablar, Rüfət Aslanov, Arif Həsənov və Dilruba Əsgərzadəyə məxsus bank kartları, İlkin Marif oğlu Hüseynova məxsus iş kartı və 1 ədəd “BakıKart”, eləcə də sahibləri məlum olmayan əşyalar hazırda “BakuBus” MMC-dədir. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər. Qeyd edək ki, “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən), sahibləri tərəfindən götürülməyən sənəd və əşyalar vaxtaşırı olaraq Bakı Şəhər Baş Polis İdarəsinə və “Poçtap” xidmətinə təhvil verilir. Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə cavabdehlik daşımır.(publika.az)

27 nəfəri ilan sancıb, 102-ni gün vurub

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son bir həftə ərzində 13763 ümumi müraciət daxil olub. Onlardan 1337 nəfəri xəstəxanalara yerləşdirilib. Psixoloq.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, uşaqlar üçün edilən çağırışların sayı 1704, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 225 olub. Miokard infarktı ilə 12 nəfər müraciət edib, onların hamısı hospitalizasiya olunub. İnsultla bağlı 52, cərrahi xəstəliklərlə bağlı 112, doğuşla bağlı 57 müraciət olub, onların hamısı hospitalizasiya edilib. Zədə ilə bağlı 326 müraciət olub onların 307-si hospitalizasiya edilib. Bu müddət ərzində 23 avtoqəza hadisəsi nəticəsində 30 nəfər xəsarət alıb, 25 nəfər hospitalizasiya edilib. Yay mövsümü başlayandan indiyədək Bakı Şəhər Təcili və Təxriəsalınmaz Tibbi Yardım Stansiyasına sancması ilə bağlı 27 müraciət daxil olub və bütün xəstələr ilk tibbi yardımdan sonra hospitalizasiya edilib.102 nəfər günvurma ilə bağlı müraciət edib, onların 65-i hospitalizasiya olunub. 59 nəfərin suda boğulması ilə bağlı məlumat daxil olub, onların 18-i hospitalizasiya olunub. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Digər tibb müəssisələri ilə sıx əlaqəli işin təşkilinə xüsusi diqqət yetirilir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanalarına məlumat verilir.(publika.az)

Hava KƏSKİN DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında avqustun 9-u gündüzdən 11-i axşamadək şimal-qərb küləyinin arabir güclü olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq avqustun 12-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Bakıda və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək. Avqustun 8-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Sabah bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Avqustun 8-də Abşeron yarımadasında gündüz arabir güclənən xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir.(publika.az)

Böyrəkləri qum və mikroblardan təmizləyin - Resept

Böyrəkləri, sidik kisəsini və sidik yollarını qum və mikroblardan təmizləmək üçün cəfəri suyundan istifadə edə bilərsiniz. Psixoloq.az xəbər verir ki, bu bitki sidikqovucu və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Xalq təbabətində geniş istifadə edilir. Bununla yanaşı dərini gəncləşdirərək parlaq edir. Bəs cəfəri suyu necə hazırlanır? 1 dəstə cəfəri saplağı ilə birlikdə yuyulur, doğranılır, üzərinə yarım litr qaynar su tökülür, zəif odda 2-3 dəqiqə qaynatdıqdan sonra, 1 saat dəmlənir və süzülür. Hazırlanan bu cəfəri suyu ilıq olaraq, günün hər saatında arzuya görə istehlak edilir. Gecə yatmazdan 1 saat əvvəl içə bilərsiniz.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Avqustun 15-də ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. Təhsil Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada- mektebeqebul.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir. Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur. Sənədlərin qəbulu sentyabrın sonunadək davam edəcək. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq”, "Savad təliminə hazırlıq və nitq inkişafı”, "Bədii təfəkkürün inkişafı”, "Məntiqi və riyazi təfəkkürün inkişafı”, "Təsviri fəaliyyət”, "Musiqi”, "Fiziki mədəniyyət” məşğələləri keçirilir. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarındə dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.(xezerxeber.az )

Yer ölümcül istixanaya çevriləcək

Beynəlxalq alimlər komandası araşdırıb ki, hətta Paris İqlim Sazişinin şərtlərinə görə, Yer kürəsinin orta temperaturu 4-5 dərəcə yüksək olacaq.  Araşdırmaçıların fikrincə, Yerin “istixana”ya çevrilməsi və bir çox bölgələrin yaşayış üçün yararsız olması riski böyükdür.  Psixoloq.az xəbər verir ki, bununla bağlı “EurekAlert!” nəşrində məlumat verilib.  Mütəxəssislər yazır ki, istixana qazlarının atmosferə buraxılması iqlimə təsir edən yeganə faktor deyil. İstiləşməyə səbəb olacaq insan amili ilə bağlı digər xoşagəlməz proseslər də var. Hətta istixana qazlarının atmosferə buraxılmasının dayandırılması zamanı da istiləşmə davam edə bilər.  Bu cür proseslərə buzlaqların əriməsi, okeanın dibindən metanın qalxması, bakterial tənəffüs intensivliyinin artması, Amazonda meşə massivinin azalması, Arktika və Antarktikada buzlaq sahələrinin azaldılması aiddir. İstixana qazlarının atmosferə buraxılması zəncirvari reaksiyalara səbəb ola bilər. Bu zaman bəşəriyyət heç nə edə bilməyəcək.  Yer kürəsinin “istixana”ya çevrilməsinin qarşısını almaq üçün nəinki qaz tullantılarını azaltmaq, həmçinin karbonun saxlanılması üçün meşələrin yaradılması, torpağın və bioloji müxtəlifliyin qorunması vacibdir.  Hesablamalara görə, 2100-cü ildə böyük şəhərlər su altında qalacaq, Maldiv kimi adalar da yoxa çıxacaq.(oxu.az)

Boş qalan yerlərə ixtisas seçimi başladı

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən publika.az-a verilən məlumata görə, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul 25 fevral və 3 iyun 2018-ci il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Bu il ali təhsil müəssisələrinin magistraturalarına yerləşdirilmiş bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün avqustun 7-də saat 09:40-dan 13 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3149/0?tqdk_xdm=61) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər. Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsini təsdiq edir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.