Parentifikasiya uşaqların və valideynlərin, sanki bir birilərinin yerlərini dəyişməsi deməkdir. Uşaq özüdə bunu istəmədən və anlamadan böyüklərin mövqeyini tutur və yaşına görə qeyri-adi problemləri həll etmək məcburiyyətində qalır.Bununla belə, valideynlik sadəcə valideynin öz rolunu yerinə yetirməməsi səbəbindən baş verə bilər. Deyək ki, o, duyğularını necə ifadə edib edəcəyini bilmir onları uşağa yansıtır.Sonra o, məcbur olur ki, əvvəlcə böyüklərin sakitləşməsinə kömək etsin, sonra isə özünə qulluq etsin. İstər ana, istərsə də ata uşaqla bərabər əsasda hər şeyi müzakirə edir və ondan məsləhət istəyir. Baxmayaraq ki, övladı, yaşına görə bu barədə düşünə bilməz və düşünməməlidir. Bir qayda olaraq, böyüklər ailə rollarında çaşqınlıq yaradır, psixoloji travmalarını, zehni və ya fiziki çatışmazlıqlarını kompensasiya etməyə çalışırlar. Uşaq məmnuniyyətlə dəyər verdiyi və sevdiyi rolu oynamağa başlayır, çünki şüuraltı olaraq onun üçün yaşamaq məsələsidir - anasının gözləntilərini qarşılamaq. Parentifikasiya hər zaman çox travmatikdir. Uşaqda həddindən artıq məsuliyyət səbəbindən narahatlıq,təşviş pozuntusu və depressiya yarana bilər. Uşaqlıqdakı sakitlikdən həzz almaq, dünyanı araşdırmaq, istəklərini həyata keçirməyi öyrənmək əvəzinə, uşaq böyük bir məsuliyyət yükü daşımaq məcburiyyətində qalır.Daim digər ailə üzvlərinin ehtiyaclarını birinci yerə qoyan və böyüklərin problemlərini həll edən uşaq uşaqlığın bütün üstünlüklərini itirir. Böyüdükcə həyatdan həzz almaq, özünü dərk etmək qabiliyyətini - istəklərini, duyğularını, ehtiyaclarını itirir.Valdeyn ifantil vəziyyətdə qalmaqla öz şəxsi problemlərinin öhdəsindən gəlməyi öyrənmir. Beləliklə,onda hər hansı bir böhran vəziyyəti yarandıqda psixi problemlərin inkişafına səbəb olan ağır stress ilə üzləşir. Bu vəziyyətdə olan övlad nə etməli?Bu halda övlad öz uşaqlıq illlərini doya-doya yaşaya bilmir.Valideynlərin mübahisələrini şahidi və hətta mediator rolunu oynamaqdadır.Gələcəkdə bu tip uşaqlar da böyüdükdə özgüvən problemləri və şəxsi problemlər yarana bilərƏvvəla, valideynlik travmasının böyüklər həyatınıza hansı nəticələri gətirdiyini başa düşmək vacibdir. Daim öz arzularınızı və ehtiyaclarınızı boğaraq ana və atanızı sevindirməyə davam etdiyinizdən danışırıqsa, o zaman şəxsi sərhədlərinizi gücləndirmək üzərində işləməli, yox deməyi öyrənməli və günahkarlıq hissini buraxmalısınız. Bu məsələləri fərdi psixoterapiyada müzakirə etmək daha yaxşı olardı. Psixoloq sizə valideynləriniz ilə necə ünsiyyət qurmağı,şəxsi sərhədlərinizi necə nizamlamağı və onlar ilə necə davranmalı olmağınız barədə söhbətə hazırlaşmağa kömək edəcək. Müəllif: Psixoloq Nigar Cəbrayıl
Ailənin təbiəti və mahiyyətinin müəyyənləşdirilməsində dünya mütəfəkkirlərinin fərqli yanaşmaları Bəşəriyyətin yarandığı ilk dövrlərdən etibarən ailə və nikah məsələləri insanları dərindən düşündürən sosial-psixoloji problemlərdən biri olmuşdur. Ailənin təbiəti və mahiyyətinin müəy¬yənləş¬dirilməsinə dünya mütəfəkkirləri ayrı-ayrı tarixi dövrlərdə fərqli mövqedən yanaşmışlar. Ailə-nikah münasibətlərinin xarakterini açmaq sahəsində ilk təşəbbüslərdən biri antik dünyanın böyük filosofu Platona (b.e.ə.427-347) məxsusdur. O, “İdeal dövlət” adlı əsərində cəmiyyətin birliyi məqsədinə nail olmaq üçün qadınların, uşaqların və mülkiyyətin ümumi olması ideyasını irəli sürmüşdür. Platon deyirdi ki, kişilər evlilikdə olmadıqları azad və ya aristokrat qadınlarla cinsi münasibətlərə daxil ola bilməzlər. O, qadınları ev qulluqçuları və uşaqlarla bir sıraya qoyur və bütün sahələr üzrə onların kişilərdən aşağıda dayandıqlarını qeyd edirdi. Patriarxal ailəni dəyişməz, “ilkin ictimai özək” adlandıran Platon belə hesab edirdi ki, dövlət ailələrin birləşməsi nəticəsində meydana gəlir. Platon qeyd edirdi ki, 30-35 yaşlar arasında olan hər bir insan evlənməlidir, evlənmədən imtina etmək cinayətdir. Qəfim Yunanistanda bu yaş dövrünü keçən hər bir yunan subaylığa görə vergi ödəməli idi. Bu ideya əslində yeni deyildir. Platondan əvvəl qədim yunan tarixçisi Herodot (b.e.ə.V əsr) özünün “Tarix” əsərində qeyd etmişdir ki, qadınların ümumi olması bir çox qəbilələrin fərqləndirici əlaməti olmuşdur. Belə məlumatlara antik dövrün filosof və mütəfək-kirlərinin çoxunun əsərlərində təsadüf olunur. Platonun İdeal dövlət” layihəsini tənqid edən Aristotel (b.e.ə. 384-322) eyni zamanda onun patriarxal ailənin cəmiyyətin baş-lanğıcı və ilkin özəyi olması haqqında ideyalarını inkişaf etdirərək ailənin kəndləri, kəndlərin isə birləşərək dövləti yaratması fikrini irəli sürmüşdür. Aristotel ailədə ərlə-arvad arasındakı münasibətlərdən bəhs edərək yazırdı: “Yaxşı və yetkin qadın gərək öz evinə yaxşı yiyəlik etməyi bacarsın. İsmətli qadın öz ərinin davranışlarından örnək götürür və onun dediklərini qanun kimi qəbul eləyir. Evlilik bağlarına və birgəyaşayışa qadın ilahi vergi kimi yanaşmalıdır. Plutarx da kişinin öz arvadı üzərində böyüklük etməli olduğunu məqbul sayaraq, qeyd edirdi ki, kişi qadını öz əmlakını yönəltdiyi kimi deyil, ruhun bədəni yönəltdiyi kimi sevgi və incəliklə etməlidir. Qədim Yunanıstan qanunlarına görə, kişinin öz arvadının sözünə baxaraq onun istədiyini yerinə yetirməsi məqbul sayılmırdı. Qadın isə öz istəyi ilə heç nə edə bilməzdi, onun özbaşına edə biləcəyi hər hansısa iş bir ovuc arpanın dəyərini aşmamalı idi. Ailəyə qeyd olunan bu nöqteyi-nəzərdən yanaşma uzun müddət davam etmişdir. Homerin yazdığına görə, əski Yunanıstanda qadınların durumu çox yaxşı, onların kişilər üzərində təsiri çox böyük olmuş, sonradan bu münasibətlər pozulmuş, vəziyyət pisləşməyə doğru yönəlmişdir. Bu dövrün bizə gəlib çatan yazılı mənbələrində qadınların ev qaravaşları yerinə qoyulduğu bəlli olur. Onların görməli olduğu tək bir iş evdə qayda-qanun yaratmaqdanb, ərinin qulluğunda durmaqdan ibarət olmuşdur. Qadının “dilsiz-ağızsız” olması onun ən zəngin bəzəyi sayılırdı. Azərbaycanda ailə-nikah münasibətlərinin inkişaf tarixi Erkən Tunc dövründə (e.ə.IV minilliyin sonu, III minilliyin əvvəli) Azərbaycan ərazisində xüsusi mülkiyyət, sinifli cəmiyyət və dövlət qrumlarının təşəkkülü haqqındakı qədim şumer kitabələrində məlumat vardır. E.ə.2104-cü ilə aid olan bir şumer kitabəsində xəbər verilir ki, Uruk şəhərinin hökmdarı Ensi Utuhenqal Kuti hökmdarı En Tirikanı hakimiyyətdən devirmək üçün onu “arvadı ərindən, övladı valideyndən ayırmaqda” ittiham edərək, əhalini ona qarşı qiyama qaldırır. Qaynağın verdiyi məlumatdan aydın olur ki, qədim Mesopotamiya və Azərbaycan ərazisində ailə cəmiyyətin mənəvi də¬yər¬lərindən biri kimi qiymətləndirilirdi. Azərbaycanın qədim soyla¬rından olan kutilər ailəni cəmiyyətin müqəddəs kiçik özəyi hesab edirmişlər. Azərbaycan ailəsi və ailə məişəti haqqında mənbələrdə, yazılı abidələrdə və qaynaqlarda, XIII əsrin böyük Azərbaycan alimi Nəsirəddin Tusinin, müxtəlif dövrlərində yaşamış Azərbaycan ədə¬biy¬yatı klassiklərinin əsərlərində, şifahi xalq ədəbiyyatı inciləri olan dastanlarda dəyərli məlumatlar vardır. Azərbaycanlıların ailə və ailə məişətinə dair maraqlı materiallar XI-XVIII əsrlərə aid mənbələrdə də öz əksini tapmışdır. Azərbaycanda ailə və ailə məişəti məsələləri həmçinin XVIII əsrin sonundan başlayaraq XIX əsr və XX əsrin başlanğıcında yazılmış etnoqrafik səpkili rusdilli ədəbiyyatda, Avropa səyyahlarının xatirə və gündəliklərində də əks olunmuşdur. Həmin materialların müqayisəli təhlili aydın surətdə göstərir ki, Azərbaycanda orta əsrlərin ailə məişəti ilə yeni dövrün ailə məişəti arasında kəskin fərqlər olmamışdır, yəni Azərbaycan xalqının ailə məişətində varislik ənənələri müşahidə edilir. Deməli, Azər¬baycan xalqı ailə və ailə məişəti ilə bağlı olan adət -ənənələrini əsr¬lər boyu qoruyub saxlaya bilmiş, onları təkmilləşdirmiş, inkişaf etdirmiş və bu ənənələr tarixin sınaqlarından keçərək zəmanə¬mizə¬dək gəlib çatmışdır. Tarixən Azərbaycan ailəsi dünyanın əxlaqi cəhətdən ən təmiz və möh¬kəm ailələrindən biri olmuşdur. Ailə üçün səciyyəvi olan bu xüsu¬siyyətlərin dərin kökləri vardır. Həmin köklər Azərbaycan ailəsinin inkişaf yolu ilə bağlıdır. Dünyanın bütün xalqlarında olduğu kimi, azərbay¬calılarda da tarixi inkişaf prosesində ailənin həcmi və strukturu ilə müəyyən edilən iki forması-böyük ailə və kiçik ailə mövcud olmuşdur. Böyük ailələr ailə icması, yaxud patriarxal ailə, nəsli ailə, bölünməmiş, birləşmiş və ya mürəkkəb ailə və s. Adlarla məlumdur. Görkəmli etnoqraf alim Q.Qeybullayevin qeyd etdiyinə görə, ailə icması üç, dörd və bəzən beş nəslin nümayəndələrindən ibarət olub, ata, oğul, nəvə, nəticə və eləcə də qardaşların ailələrini bir¬ləşdirən kiçik ictimai kollektiv, təsərrüfat özəyi idi. Bu kollektivə onun ağsaqqalı başçılıq edirdi. Ailə icması üçün səciyyəvi cəhət onun üzvlərinin torpaqdan, əmək alətlərindən, ev heyvanlarından, digər mülkiyyət və əmlakdan birlikdə istifadə etməklə, birgə istehsal və birgə mənimsəmədir. Bu xüsusiyyətlər ailə icmasının təsərrüfat və ictimai mahiyyətini müəyyənləşdirməklə, onun ilkin əsasını təşkil edirdi. Ailədə tərbiyə işinin psixopedaqoji əsasları Tərbiyə sistemində başlıca yeri “valideyn–uşaq” ünsiyyəti tutur. “Valideyn–uşaq” ünsiyyətinin başlıca olaraq iki növü (modeli) özünü göstərir. Buradakı fərqlər özünün əksini yalnız tərbiyə prosesində deyil, həm də onun nəticələrində əks etdirir. Birinci model belədir: məqsəd – uşaqda bilik, bacarıq və vərdiş formalaşdırmaq, sözə baxmaq (tabeçilik) “ hər şeyi mənim kimi et!”, Ünsiyyət üslubu – izahat, qadağa, tələbkarlıq, qorxu, cəza və s. Taktika – avtoritarlıq. Bu model nə ilə nəticələnir? İlk növbədə uşağın fəallığı itir, uşaq potensial psixopatologiya daşıyıcısına çevrilir. Valideyn elə zənn edir ki, tərbiyə sistemi uğurludur. Lakin bu illuziya valideyn uşaq neqativizmi ilə qarışladıqda itməyə başlayır. Daha səmərəli model isə belə olmalıdır: “Uşağın üzərində hökm etmə, onu yanında yox, onunla birlikdə ol!” Məqsəd isə şəxsiyyət formalaşdırmaq olmalıdır. Bu isə uşağın psixoloji müdafiəsi, fərdi xüsusiyyətlənin nəzərə alınmasından keçir. Belə olduqda, bilik, bacarıq, vərdiş, məqsəd yox, inkişafda vasitə olur. Əməkdaşlığa əsaslanan ünsiyyət üslubu isə uşağın fikrinə hörmətlə yanaşmaqdan ibarət olur. Bu prosesdə uşaq həm də özü özünün tərbiyəsi ilə məşğul olur. Ailə münasibətlərinin uşaqların tərbiyəsində roluna xüsusi diqqət yetirilməlidir. Ailədə böyüməkdə olan nəslin tərbiyəsi prosesində valideynlərin istifadə etdikləri ən mükəmməl tərbiyə üsulları belə, uşaqların min bir tellə bağlı olduqları ailə münasibətlərinin tərbiyəvi səmərəliliyi əvəz edə bilməz. Ailə münasibətlərinin xarakteri uşaqların təlim-tərbiyəsinə də həlledici təsir göstərir. Unutmaq lazım deyil ki, uşaq özünün davranış tərzini ilk növbədə valideynlərdən əxz edir. Ailə istənilən problemi konfliktə çevirməyə adət edibsə, burada böyüyən uşaq da eyni hərəkəti edəcək. Uşaqların davranışını adekvat qiymətləndirə bilməyən və ya onları ailədaxili konfliktlərin hədəfinə çevirən valideynlər sonradan davamlı olaraq onların “gözlənilməz” və aqressiv davranışı ilə üzləşirlər. Belə uşaqlarda ifrat özünütəsdiqə olan tələbat hissi kifayət qədər böyük olur. Əgər uşaqlıqda onların qayğıya, sevgiyə və təhlükəsizliyə olan tələbatı ödənilməyibsə, belə arzuolunmaz, patoloji davranış riski kifayət qədər böyük olur. Oğru, quldur və cibgirlər məhz belə uşaqların arasından çıxır. Çünki cinayət xarakterli olub-olmamasından asılı olmayaraq istənilən davranış üsulu onlar üçün özünütəsdiqin bir formasıdır. Boşanma evli cütlüklər arasında ailə ilə bağlı qanunla nəzərdə tutlan məsuliyyətlərə son qoyulmasıdır. Boşanma qarşılıqlı sevgiyə, güvənə, xoşbəxtlik gözləmələrinə əsaslanan nikahdan narazılığın hüququ forma almış ifadəsidir. Sosiloqların fikrincə, boşanmanı şərt¬lən¬dirən əsas amillər həyat tərzinin urbanizasiyası, əhalinin miq¬rasiyası, ölkənin sənayeləşməsi, qadınların emansipasiyasıdır. Bütün bu amillər cəmiyyətdə sosial nəzarəti aşağı salır, insanların həyatını əhəmiyyətli dərəcədə avtonomlaşdırır. Bu isə öz növbəsində məsu-liyyətliliyin, cürlüklrin bir-birinə qarşı davamlı bağlılıq və qayğı hissinin itməsinə səbəb olur. Lakin bütün bunlar prioblemin ümumi fonudur. Boşanma ərlə arvadın arasında ciddi konfliktlərin geniş yayılmış həlli üsulu kimi həmişə mövcud olmuşdur. Boşanmaya münasibətin dəyişməsi bir çox cəhətdən qadınların iqtisadi vəziyyətinin yaxşılaşması ilə bağlıdır. Əgər qadının daimi iş yeri varsa, özünü və uşaqlarını asanlıqla təmin edə bilirsə, o, münaqişələrin baş alıb getdiyi ailədə yaşamaqdansa boşanmaya üstünlük verir. İttifaqın süqutu: Boşanma Son illərdə ölkəmizdə boşanmaların və nikahdankənar doğumların sayı artır ki, bu da natamam ailələrin sayının çoxalmasına səbəb olur. Demoqrafların qənaətinə görə, qeydə alınmış hər 5 nikahdan biri boşanma ilə ləğv olunur Boşanmaların 30%-i 5 ildən az nikah yaşı olan gəncc ailələrdə baş verir. Aiılə həyatı dövründə boşanma hallarınıln baş vermə riski fərqlidir. Nikahın birinci ilində bu göstərici 3,6%, 2-ci ilində 16%, 3-4-cü ilində 18%, 5-9-cu ilində 28%, 10-19-cu ilində 22%, 20-ci ilində və sonrakı dövrdə 12,4%-ə bərabər tutulur. Boşanmaların mütləq əksəriyyəti 18-35 yaşlar dövrünə təsadüf edilir. Bir çoxları üçün boşanma əzablardan, təhqir və zora¬kılıqlardan, bezikdirici həyatdan qurtuluş yolu kimi dəyərlən¬dirilsə də, onun bir sıra neqativ nəticələri də danlmaz həqiqətdir. Bu nəticələr boşanan tərəflər, uşaqlar və cəmiyyət üçün bir sıra sosial-psixoloji problemlərlə çulğalaşmış olur. Boşanma kişi üçün də, qadın üçün də ağırdır. Lakin qətiyyətlə demək olar ki, boşanmanın nəticələri qadınlardan ötrü daha dəhşətli olur. Boşanmadan kişilər əksər hallarda evdən çıxıb gedirlər. Ana isə uşaqlarla qalır. Adətən bir və ya bir neçə uşaq böyütmək ana üçün heç də asan deyil. Kişilərin 80% - dən çoxu ikinci dəfə evlənirlər. Qadınlar üçün isə ailə qurmaq ehtimalı kişilərə nisbətən 4 dəfə azdır. Övladlar varsa qadının yenidən ərə getməsi ciddi maneəyə çevrilir. Bir tərəfdən anaların çoxu övladların xatirinə ikinci dəfə ərə getməkdən imtina edirlər, digər tərəfdən kişilərin əksəriyyəti uşaqsız qadınlarla evlənməyi üstün tuturlar. Adətən boşanmadan sonra uşaqları ilə baş-başa qalan qadın çox zərbə alır. Belə halda qadınların psixi pozulmalara məruz qalma riski artır. ABŞ həkimlərinin tədqi¬qatlarına görə, boşanma qadınların immun sistemini zəiflədir. Onlar infeksiyalara qarşı dözümsüzləşir. Belə qadınlar arasında vaxtsız ölüm halları pnevmaniyadan ölənlərin sayından 6 dəfə çoxdur. Ata və ananın müharibəsinə poliqon olan uşaqların psixologiyası Ailə dağılan zaman əzab, iztirab uşaqların qismətinə düşür. Boşanma onlardan ötrü bütün həyatları boyu davam edən faciədir. Uşaqlar analı – atalı yetimlərə çevrilirlər. Onların ata – ana haqında təsəvvürləri dəyişir. Çox vaxt onlar üçün ailə əhəmiyyətini itirir. Uşaqlar, xüsusilə oğlan uşaqları özlərinin ünsiyyət tələbatlarını küçə qruplarında ödəməyə başlayırlar. “Çətin” tərbiyə olunan, cinayət xarakterli əməllərə uyan yeniyetmə və gənclərin böyük əksəriyyəti məhz natamam ailələrdə böyükdür. Adətən ailənin dağılması nəticəsində valideynlərdən birini itirən uşaqlar öz həmyaşıdlarının zorakı təzyiqləri ilə daha tez-tez üzləşirlər, bu da uşaq və yeni-yet-mələrdə nevrotik pozulmalara səbəb olan amil kimi qiymətləndirilir. Boşanmanın ilkin mərhələsində onun yaratdığı stress uşaqlarda müdafiəsizlik hissi oyadır. Onlar səbəb olan situasiyanın qarşısını almaqda aciz olduqları üçün günah hissi yaşamalı olurlar. Valideynlər arasında münasibətlərin pozulması uşaqların gələcəkdə öz ailəsini yaratmaq perspektivinə də ciddi ziyan vurur, onlar gələcək şəxsi həyatlarında bu cür ssenarinin təkrarlana biləcəyi qorxusu ilə üz-üzə qalırlar. Ailədə daima valideynlərin şiddət və zorakılıqlarına məruz qalan, münaqişələrin qurbanlarına çevrilmiş və bundan əzab çəkən uşaqlar üçün isə valideynlərinin ayrılması o qədər də faciəvi hadisə kimi qəbul edilmir. Tale xətlərinin məktəbdə təzahürü Boşanmanın acı nəticələri şagirdlərin formalaşmaqda olan mənəvi aləminə, mənəvi şüurun inkişafına, özlərinə və başqa adamlara, ilk növbədə, öz ata-anasına, yaxın qohumlarına verdikləri qiymətlərə və s. Son dərəcə mənfi təsir göstərir. Uşaqlarda əmələ gələn inamsızlıq, qorxu hissi onların başqa adamlarla qarşılıqlı münasibətlərində bilavasitə əks olunur. Elə buna görə də boşanma yeniyetməlik yaşına təsadüf edəndə tibbi-psixoloji və pedaqoji baxımdan xüsusilə ağır fəsadlı nəticələr verir. Uşaqların çoxunun məktəbdəki davranışı ilə evdəki davranışı arasında kəskin fərqlər özünü göstərir. Onların təkcə akademik (təlim) göstəriciləri aşağı düşmür, “boşanma dövründə və boşanmadan sonra öz həmyaşıdları ilə münasibətləri pisləşir”. Ayrılığı yaşadanlar Psixoloqlar təsdiq edir ki, uğursuz ailələrin övladları çox zaman bu uğursuzluğu özləri də bilmədən bir “ənənə” kimi yaşadırlar. Valideynləri ayrlmış və ya boşanmış şəxslərin uşaqlarının eyni prosesi yaşamaq riski digərləri ilə müqayisədə dəfələrlə böyükdür. Orta hesabla kişilər qadınlara nisbətən təqribən iki dəfə çox bu riskə məruz qalırlar. Hər iki tərəf müqabili uğursuz ailələrin nümayəndələridirsə, bu risk bir qədər də böyükdür. Valideynə yadlaşma sindromu Əsas anlayışlar: himayədar valideyn – hücumçu, hədəf valideyn – müdafiəçi , Yadlaşan uşaq-poliqon Valideynə yadlaşma sindromu və ya Valideynə yadlaşdırma sindromu , valideynin partnyoru ilə dərin konfliktli ayrılmasından və ya boşanmasından sonra uşağın digər valideyndən imtina etməsini təşviq etmək üçün tez-tez istifadə etdikləri strategiyalardır.” (Lorandos, et. 2013) nəticədə “Bir müddət sonra, münasibət qurmağa çəkinən, hədəf alınan valideynə nifrət edən, qorxan və rədd edən uşaqlar inkişaf edir.” (Darnell, 2010). Uşaqlar sevdikləri və qayğı göstərdikləri insanların pis insanlar olduğuna inanmaq istəmirlər. Məsələn, valideyn yadlaşdırma prosesi üçün taktika və ya strategiyalardan istifadə etsə də, uşaq ilk vaxtlar digər valideyndən imtina edə bilmir. Valideynlər uşağı keçmiş partnyorundan uzaqlaşdırmaq üçün bəzən “Anan səni sevmir”, “Atan yeni ailə qurdu və bizi tərk etdi” kimi ifadələri dönə-dönə təkrar edirlər, uşağın düşüncələri təhrifə uğrayır, bu təhriflərdən həyat hadisələri ilə bağlı ehkamlar, yəni aralıq düşüncələr, ehkamlardan isə təməl inanclar doğulur. Bu cür davranışları nümayiş etdirən valideynlər övladlarını təkcə digər valideyndən uzaqlaşdırmırlar, onun bu gününü qayğısızlıqdan, məsumluqdan, sabahını xoşbəxtlikdən uzaqlaşdırırlar. Uşaqlar bu cür yanaşmalardan ciddi şəkildə təsirləndiyi üçün mütəxəssislər uşaqların psixoloji dəstək almalı olduğunu tövsiyə edirlər. Valideynə Yadlaşma Sindromunun Spesifik Xüsusiyyətləri • “Yadlaşan” uşaqlar hədəf olaraq təyin edilmiş valideynlə keçmiş müsbət təcrübələri rədd edirlər. • Uşaqlar uzaqlaşdıqları valideyn haqqında qeyri-müəyyənlik nümayiş etdirirlər. Valideynlərdən biri mükəmməl, digəri isə tamamilə qüsurlu kimi qəbul edilir. • Valideynə yadlaşmış uşaqlar yanında olduğu valideyn tərəfindən hədsiz dərəcədə təsirə məruz qalmış kimi görünsələr də, onlar hər hansı şəkildə təsirə məruz qaldığını inkar edərək, hədəfə alınan valideyndən imtina qərarının yalnız onlara aid olduğunda təkid edirlər. • Belə hallarda hədəf kimi qəbul edilən valideyn tərəfindən verilən hədiyyələr uşaq üçün əhəmiyyətsizdir. • “Yadlaşan” uşaqlar yanında olduğu valideynin qəbul etdiyi ifadə və fikirlərdən istifadə edərək, hədəf olan valideynə qarşı ittihamlar irəli sürürlər. Onlar hədəf valideynə qarşı dəstəklənməyən, ittihamedici fikirlərdən istifadə edirlər. (Baker və Darnall, 2006) • Valideynə yadlaşma sindromunda uşaqlar hədəf valideynin digər ailə üzvlərinə qarşı nifrətini də ifadə edirlər. Əvvəllər sevdiyi nənə-baba, bibi, əmi və əmioğlu bu prosesdə uşaq tərəfindən rədd edilir. Valideynlərdən uzaqlaşdırılan uşaqlarda özünü büruzə verən xarakter əlamətləri • Uşaqlarda artan qəzəb hissi özünü göstərir. • Uşaqlar dağıdıcı davranış nümunələri sərgiləyirlər. • Uşaqların emosiyaları, davranışları və hədəf valideynlə bağlı düşüncələri dəyişdiyi üçün gələcəkdə yalan danışmağa daha çox meylli ola bilərlər. • Uşaqlar biz və başqaları anlayışı üzərindən dünyanı qiymətləndirdiyi üçün gələcəkdə başqaları ilə harmoniyada əməkdaşlıq edə bilmir. • Uşaqlarda gələcəkdə empatiya aspektindən məhrumiyyət hiss edilir. Uşaqların valideynlərindən birindən strateji olaraq ayrıldığı bu vəziyyət uşaq istismarıdır, uşaq hüquqlarının pozulmasıdır. Uzun vədədə bu addım depressiya, boşanma, narkotik maddə istifadəsi, özünə inamını itirmə və öz uşaqları ilə ünsiyyətdə problemləri yarada bilər. Nəticə Bu işi bir fərqindəlik layihəsi kimi tərtib etdim, məqsəd sevgiyə doya bilməyən kiçik dostlarımın onsuz da fəlakətlər əsrindəki bu həyatında ona nifrəti yük olaraq hazırlayan ata-anaların vicdanına toxunmaq, dəyərli kolleqalarıma bu istiqamətdə yararlana biləcəkləri bir yazı qazandırmaqdır. “Yoldaş psixoloq, nədir bunun çarəsi?” sualını duyuram sanki, unutmayaq ki, biz bizə dəyişmək üçün gələn insanlara kömək edə bilərik, bizlərə nə ədliyyə orqanları uşağı korreksiya məqsədi ilə yönəldir, nə də uşağı tüfəng bilib onu nifrət ilə dolduranlar. Maraqlarını dünyaya bəxş etdiyi körpələrin həyatından üstün tutmayan ata-analar bir gün bu işdən peşman olduqda əlbət bu problem üçün də bir korreksiya xəritəsi hazırlayarıq. Unutmayaq ki, uşaq terapiyası tək usta terapevt yox, həm də məsuliyyətli, qayğıkeş valideyn tələb edir, zira sosializasiyanın mikro, amma aparıcı amili olan ailə sizin bağladığınız yaraları yenidən qanadacağı halda o pasiyenti xilas etmək ehtimalınız sıfıra bərabər olur. İstifadə edilən ədəbiyyatlar: 1. Baker, A. J. L. & Darnall, D. (2006). Behaviors and strategies employed in parental alienation: A survey of parental experiences. Journal of Divorce & Remarriage, 45 (1/2), 97-124. 2. Çələbiyev N.Z. Ailə psixologiyası./ Ali məktəb tələbələri üçün dərs vəsaiti. Bakı: “Mütərcim”, 2015. 3. Əliyev R.İ. Mən. Atam-anam. Sevgilim və övladlarım. Bakı: ADPU, 2019. 4. Garber, B., (2007). “Conceptualizing Visitation Resistance and Refusal in the Context of Parental Conflict, Separation, and Divorce.” Family Court Review, 45(4), 588-599. 5. Lorandos, D. Bernett, W., & Sauber, S. R., Eds. (2013). Parental Alienation: The Handbook for Mental Health and Legal Professionals. Springfield, IL: Charles C Thomas Publisher, Ltd. 6. Nuralı Çələbiyev, Ülviyyə Əfəndiyeva – Ailə və gender Psixologiyası, səh. 415-418,ADPU mətbəəsi, Bakı 2021. Psixoloq: Nəsimi Qiyasov Azərbaycan Respublikası, Bərdə şəhəri 24.11.2021
Xülasə Uşaq evlilikləri, on səkkiz yaşından əvvəl, uşaqların evlənmək və uşaq sahibi olmaq üçün fiziki və psixoloji məsuliyyət daşımağa hazır olmadan əvvəl baş verən evliliklərdir. İnkişaf etməkdə olan ölkələrdə olduqca geniş yayılmış olan uşaq evlilikləri, Azərbaycanda da əhəmiyyətli bir problem olaraq qalmağa davam edir. Bu araşdırmanın məqsədi qız uşaqlarının evlənməsinin yayılması, səbəbləri və ən əsası bunun psixoloji nəticələrini araşdırmaqdır. Erkən yaşda ailə quran qızlar bir çox fiziki və psixoloji problemlərlə üzləşirlər. Evliliyində fiziki və cinsi zorakılığa məruz qalır və onu narahat edən bir çox mövzuda fikir bildirməsinə icazə verilmir. Bu vəziyyətin qadınların cəmiyyətdəki qeyri -bərabər mövqelərini gücləndirdiyi və qadınları baxımsızlıq və sui -istifadə halına saldığı düşünülür. Açar sözlər: Uşaq evliliyi, erkən evlilik, şiddət, psixopatologiya Abstract Any marriage that is carried out before the age of eighteen, before the child is physically, physiologically and psychologically ready to bear the responsibilities of marriage and having children. Child marriages, which are very common in developing countries, continue to be an important problem in Turkey. Aim of the present study is to point out the prevelance, causes and most importantly the psychological outcomes of child marriages. Early married girls confront with many physical and psychological problems. They expose to physical and sexual abuse and are not allowed to express their opinions on many issues that concern them. This situation reinforces the unequal position of women in society and imprisons women in the cycle of neglect and abuse. Keywords: Child marriage, early marriage, violence, psychopathology Statistika. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli, 2583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Statistika Komitəsi 2010-cu ilin oktyabr ayında ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirmişdir. Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılmış və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunmuşdur. Sorğu olunan qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olmuşlar. Erkən yaşda ərə gedən qadınların təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha daxil olmuşlar. Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir. 18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olmuşlar. Səbəblər üzrə erkən nikaha daxil olma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil etmişdir. [2] Nikaha daxil olmaqla bağlı Azərbaycan Respublikası qanunu Nikahın bağlanması və nikaha xitam verilməsi 3-cü fəsil Nikahın bağlanma qaydası və şərtləri Maddə 9. Nikahın bağlanma qaydası 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. 9.2. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. 9.3. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 9.5. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Maddə 10. Nikahın yaşı 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. [3] Erkən nikahın özü ilə gətirdiyi fizioloji problemlər. Qızların erkən evlənməsinin nəticələrindən biri də fiziki xəstəliklərdir. Vücudları hamiləlik və doğuş stresini idarə edəcək qədər yetkin olmayan qızlar üçün hamiləlik və doğuş həm ana, həm də körpə üçün təhlükə yaradır. Uşaq evliliklərinin, HİV, uşaqlıq boynu xərçəngi, malyariya, arzuolunmaz və yüksək riskli hamiləlik, ana və/və ya körpənin hamiləlik dövründə ölümü və doğum fistülü kimi müxtəlif xəstəliklər üçün risk faktorları olduğu ifadə edilir. Erkən evlilik həm də erkən analıq deməkdir, çünki gənc yaşda ərə gedən qızlar, evləndikdən dərhal sonra məhsuldarlığını sübut etməyə məcbur olurlar. Bundan əlavə, erkən evlilik qadınların daha çox uşaq sahibi olmasına səbəb olur. Erkən yaşda hamiləlik bir çox fiziki problem yaradır. Hamiləlikdən qaynaqlanan ölümlər dünyada 15-19 yaş arası qızların ölümünün əsas səbəbidir. Bu yaş qrupundakı qızların hamiləlik dövründə ölüm riski 20-24 yaş qrupuna nisbətən 20-200% arası daha yüksəkdir. Ölüm riskinə əlavə olaraq, erkən evlənən qadınların yetkin yaşda evlənən qadınlara nisbətən hamiləliyin ilk dövrlərində uşağın tələf olması, açılış, erkən doğum və anemiya riski daha yüksəkdir. Afrikada aparılan araşdırmalar, erkən evliliyin HİV riskini artırdığını bildirmişdir. Evli yeniyetmələrdə evlənməmiş, lakin cinsi əlaqədə olan həmyaşıdlarından 50% daha yüksək infeksiya var [5]. HİV riskinin evli qadınlarda subay qadınlara nisbətən daha yüksək olması, daha tez -tez cinsi əlaqəyə girmələri, prezervativdən istifadə nisbətinin aşağı olması və ümumiyyətlə daha yaşlı və daha təcrübəli kişilərlə olması ilə izah olunur. Erkən evlilik qadınların və körpələrinin müxtəlif sağlamlıq problemləri yaşamasına yol açır. Gənc anaların yetkin analara nisbətən ölü doğum riski daha yüksəkdir. Bu vəziyyət əsasən anaların qidalanmaması ilə əlaqədardır və yeniyetmələrin uşaq sahibi olmağa və böyütməyə hazır olmadıqlarını göstərir. Erkən yaşda doğan anaların körpələrinin yetkin yaşda doğan anaların körpələrinə nisbətən daha az doğum ağırlığına sahib olduğu ifadə edilir.[1.səh.518-538] Eynilə, aparılan bir araşdırmada, 14-18 yaş arasında hamilə olan qız uşaqlarının yetkin hamilə qadınlara nisbətən daha az çəkili uşaqlar dünyaya gətirdiyi təyin edilib. Az çəkili körpələr normal çəkili körpələrdən 5-30 dəfə çox ölüm riski altındadır. 18 yaşından kiçik anaları olan körpələrdə də qidalanma və ölüm nisbəti anaları 18 yaşdan yuxarı olan uşaqlara nisbətən daha yüksəkdir. 14-19 yaş arası hamilə qızlarla aparılan bir araşdırmada, ən çox rast gəlinən problemin erkən doğum olduğu ifadə edilir. 14-19 yaş arası hamilə qadınların 21,6% -nin prenatal təqibə malik olmadığı və ya yetərli olmadığı,% 36,5-də anemiya (anemiya) müşahidə edildiyi bildirilir, anemiyanın yetkin hamilə qadınlara nisbətən yeniyetmə hamilə qadınlarda daha yüksək olduğunu bildirmişdir. [8. Səh.43-55] Ailə-məişət zorakılığı Tarixən bütün cəmiyyətlərdə və bütün ailələrdə müxtəlif formalarda zorakılıq hallarına təsadüf olunmuşdur. Ailə zorakılıqlarının tarixi köklərinə qədim əlyazma və səlnamələrdə, nağıllarda və dastanlarda təsadüf olunur. Şifahi xalq ədəbiyyatının bir çox janrlarında insanın insana qarşı zorakılıq hallarını təqdir edən misallara heç də az təsadüf olunmur. “Döyülməyən düyüdən aş olmaz”, “Vaxtında qızını döyməyən sonradan dizini döyər” və s. Misallar da ailə-məişət zorakılığı hallarının tarixən mövcudluğu təsdiqlənir. Hər il 25 noyabr tarixi bütün dünyada “Qadın zorakılığına qarşı mübarizə günü” kimi qeyd edilir. Yaşadığımız müasir sivil cəmiyyətdə ailə-məişət zorakılığı ciddi sosial problem kimi qalmaqdadır. Ailədə zorakılığa və şiddət hallarına əsasən qadınlar və uşaqlar məruz qalırlar. Zəmanəmizdə də kişilərin qadınlara qarşı zorakılığının fiziki, psixoloji-emosional, seksual və iqtisadi formaları geniş yayılmışdır. Ailə zorakılığının ən geniş yayılmış forması fiziki zorakılıqdır. Əksər kişilər ən kiçik, cüzi səbəblərdən belə, öz qadınlarına qarşı zorakılığa əl atır, buna onları təzyiq altında saxlamağın və qadın üzərində öz gücünü nümayiş etdirməyin təsirli vasitəsi kimi baxırlar. Döymə, zorlama, bıçaq yaraları, yanıqlar və s. Kimi dəhşətli və bağışlanmaz qəddar davranışlar ailə münasibətləri ilə bir araya sığmazdır. Cəmiyyətdə zorakılığın olması həmin cəmiyyətdə sağlam mənəvi-psixoloji iqlimin olmadığına və gender bərabərsizliyinin hökm sürdüyünə işarədir. Ailə-məişət zorakılığından yalnız döyülən qadın və döyən kişi əziyyət çəkmir, bu cür hadisələr ailənin digər yaşlı üzvlərinə və uşaqlara da sarsıdıcı təsir göstərir, onların psixoloji travma almasına səbəb olur. Öz arvadlarını döyən bir çox kişilərin aqressiv davranışının kökündə çoxsaylı səbəblər durur. Bunlardan ən başlıcası ailə tərbiyəsi işinin mənəvi əsaslar üzərində qurulmamasıdır. Kiçik yaşlarında öz ailələrində atalarının analarına qarşı belə zorakı səhnələri ilə qarşılaşdıqlarına görə bir çox gənclər belə halı vacib və yol verilən davranış forması kimi qəbul edir və sonralar, müstəqil ailəyə sahib olduqdan sonra belə davranışı imitasiya edirlər. Onlar belə hesab edirlər ki, qadın kişinin təbii üstünlüyü faktı ilə qeyd-şərtsiz razılaşmalıdır. Qadınlara qarşı zorakılığa rəvac verən sosial təzyiqlər, xüsusən, adət-ənənələr, milli stereotiplər yaşadıqca problemin həlli qeyri-mümkündür. Qadınların əksəriyyəti ailədə ərləri tərəfindən onlara qarşı yönəlmiş ilk şiddət və zorakılığı, adətən, bağışlayır və düşünürlər ki, bu sonuncu haldır və əri bir daha belə hala yol verməyəcəkdir. Ailədə uşaqların sayı artdıqca, vəziyyət daha da mürəkkəbləşir. Zorakılıq faktına liberal münasibət bəsləyən qadınların əksəriyyəti öz taleləri ilə barışaraq buna adət edirlər (“Kişi adamı döyər də, söyər də”). Belə qadınlar üçün aşağı özünüqiymətləndirmə və yaranmış vəziyyətdən çıxılmazlıqla barışmaq xarakterikdir. Aydındır ki, ailədə yaranan münaqişə və problemlərdən çıxış yolu heç də zorakı vasitələr ola bilməz. Çıxılmaz, böhranlı həddə çatmış vəziyyətdən sivil çıxış yolu qəddar tərəfdaşla birgə yaşayış yox, boşanma ola bilər. Qadına mütəmadi olaraq əl qaldıran kişi əslində öz xanımına qarşı sevgisini itirmiş bir şəxsdir, heç vaxt öz-özünə islah olunmayacaq, onun yenidən tərbiyəsi isə mümkün deyildir. Statistikaya görə, 2010-cu ildə Azərbaycanda 109, 2011-ci ildə isə 135 nəfər qadın ailə-məişət zorakılığının qurbanı olmuşdur. Psixoloqların qənaətinə görə, zorakılığın baş verdiyi hər bir konkret fakt ayrıca təhlil edilməlidir. Zorakılıq, heç şübhəsiz, xoşa-gəlməz bir qəbahətdir və bunun baş verməsində əksər hallarda hər iki cütlük günahkardır. Zorakı münasibət modeli normal ailə üçün heç vaxt norma hesab oluna bilməz. Ailədə zorakılığın daha çox təsadüf olunan təzahür formalarından biri psixoloji–emosional zorakılıqdır. Psixoloji-emosional zorakılıq dedikdə, ailədə qadının kişi tərəfindən təcrid edilməsi və alçaldılması başa düşülür. Kişi daimi tənqid, təhqir, nifrət və alçaldıcı hərəkətləri ilə qadının sosial əlaqələrini və əhatəsini tədricən məhdudlaşdırır, ona qarşı kəskin qadağalar, öz valideynləri ilə görüşməsinə, telefonla əlaqə saxlamasına, ata-anasına baş çəkməsinə məhdudiyyətlər qoyur və ya tamamilə qadağan edir. Təcrid olunan qadın kənardan dəstək almaqdan məhrum olur və beləliklə, onun ünsiyyətə daxil olmaq məcburiyyətində qaldığı yeganə şəxs onu incidən əri olur. Kişilərin əksəriyyəti psixoloji zorakılığa aid edilən davranışlarına haqq qazandırır və bunları qadını “evə bağlamaq” vasitəsi kimi baxır, ona işləməyi qadağan edirlər. Adətən, belə kişilər anlamırlar ki, əslində onların belə qadağaları da zorakılığın bir forması, qadına qarşı qeyri-normal münasibətin təzahürüdür. Vaxtaşırı təkrarlanan zorakılıqlar nəticəsində qadın psixoloji işgəncə və sarsıntılarla üz-üzə qalır, stress və depressiyaya düşür, bəzən isə onun daha ciddi nəticələri suisid (özünəqəsd) cəhdlərinə sürükləyir. [7. Səh. 409-414] Ad dəyişir, rollar deyil. Erkən evlilik ənənəsinin ən əhəmiyyətli nəticələrindən biri, uşaqların ailələrinin həyatını təkrar yaşamağı, yoxsulluq, baxımsızlıq və sui -istifadə dövrünün davam etməsidir . Kişilərin qərar verdikləri patriarxal cəmiyyətlərdə uşaq evliliyi ənənəsi nəsildən nəslə ötürülür və erkən yaşda evlənən analar uşaqlarının eyni taleyi yaşamasına mane ola bilmir . Erkən evliliklər nəticəsində uşaqlar uşaqkən uşaq böyüdürlər və bu həm ana, həm də uşağın rifahını riskə altına salır. Uşaq böyüməkdə təcrübəsi olmayan və təhsili olmayan gənc ananın uşağı da qidalanma və sağlamlığının pis olması riskini daşıyır. 18 yaşından kiçik anaları olan körpələr, erkən uşaqlıqda yetkin anaları olan körpələrə nisbətən müxtəlif problemləri daha çox yaşaya bilir. Ananın təhsili uşağın sağlamlığına və inkişafına əhəmiyyətli təsir göstərir. Erkən yaşda evlənən uşaqların daha çox məişət zorakılığı yaşaması və özünü daha çox tənha hiss etməsi depressiyaya səbəb ola bilər və bu anaların depressiyası uşağa da təsir edir. Unutmayaq ki, dilimizdə ancaq hormonal məsələlər ilə əlaqələndirilən depressiyaya Türkiyədə, əsasən Hakan Türkçapar və Ertuğrul Köroğlu tərəfindən “Çökmüşlük” emosiyası adı verilir. Emosiyalar özünə spesifik davranışlar ilə müşahidə olunur, bu davranışları təqlid əsasında həyatı və həyat hadisələrinə emosional, davranışçı, koqnitiv mənalar yükləyən övlad öz beyin qovluqlarına kopyalayır, kök inanc və aralıq inancları özündə cəmləşdirən sxemalar məhz bu öyrənilən davranışlar əsasında yaranır. Siz Qarabağı görməyən gənclərin o torpaqlar uğrundakı canfəşanlıq ilə döyüşdüyü səhnələri, şəhid Şahgündüz Cabbarovun polkovnikə “Mənim evim burda deyil Laçında – Oğuldərə kəndindədir!” ifadəsini niyə dediyini düşünürsünüz. Mənfi və ya müsbət, şəxsiyyət sosializasiyasına təsir edən mikro qrup olan, ilkin tərbiyə mühiti olan ailədəki əhval-ruhiyyə, emosiyalar “yoluxucudur”. Ananın stress cavabları uşağın sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Bətnində uşaq varkən zorakılığa məruz qalan körpələrin sağlamlığının daha pis olduğu və doğulduqda ölüm nisbətlərinin daha yüksək olduğu müşahidə edilmişdir. Erkən uşaqlıqda yaşanan problemlərə əlavə olaraq, körpələr böyüdükdə müxtəlif problemlərlə qarşılaşa bilərlər. Zorakılığa məruz qalan qadınların demək olar ki hamısı, uşaqlarının da zorakılığa məruz qaldığını və ya şahidi olduğunu bildirir. Şiddət müşayiəti ilə böyüyən uşaqlar, anaya qarşı fiziki şiddətinin şahidi olurlar ki, bu da uşağın emosional və zehni sağlamlığına və gələcək münasibətlərinə mənfi təsir göstərir. Post-travmatik stress pozuntusu, depressiya və təşvişli həyəcan pozuntuları kimi problemlərə əlavə olaraq, şiddətə şahid olan uşaqların sosial problemləri, aşağı özünə hörmət və günahkarlıq hissləri də mövcud olur. Bundan əlavə, şiddət mühitində böyüyən uşaqlar ailədə gördükləri təcavüzkar davranışları öz münasibətlərində sərgiləyir, özlərini ifadə etmək qabiliyyətləri azalır və sosial münasibətləri inkişaf etdirməkdə çətinlik çəkirlər. Erkən yaşda ailə quran qadınların yetkin yaşda evlənən qadınlara nisbətən daha çox şiddət yaşayarsa, uşaqlarının da oxşar problemlərlə qarşılaşma ehtimalı daha yüksəkdir. Sosial öyrənmə dediyimiz məsələ elə bir nəzəriyyədir ki, biz onun əsasında kimə gül, kimə güllə atacağımızla bağlı yanlış da olsa möhkəm inanclar formalaşdırırıq. Erkən nikaha daxil olan qadınların dünyaya gətirdikləri övladların həyata baxışı. Bu barədə danışmaq həqiqətən çox məsuliyyətli bir işdir, lakin güman edirəm ki, cəmiyyətin həssaslıqla yanaşdığı uşaqların həyat nümunəsi ilə bəlkə də susan hansısa vicdanı dindirmək olar. Travma təkcə şəxsin travmatik təcrübəni özünün yaşaması ilə yaranan bir problem deyil, travmatik səhnələrə şahidlik etmək də travmanın yaranma səbəbi olaraq qeyd olunur. Boş yerə deyilmir bir atanın öz övladlarına ən böyük ərmağanı onların analarına göstərdiyi sevgidir. Sevgi özü-özlüyündə bir terapiya olmasa da profilaktik bir duyğu olaraq böyük əhəmiyyət kəsb edir. Sevgi sağaltmır, çünki siz birini sevənə qədər o insan yaşadıqlarından öyrənir və bəzən sizin ona olan məhəbbətinizi də öz öyrəndikləri əsasında dəyərləndirir. “Bütün qadınlar aldadır”, “Bütün kişilər xəyanət edir” kimi genderlərə qarşı generalizə olmuş düşüncə xətaları ilə silahlanmış birinə siz istədiyiniz qədər məhəbbətinizin böyüklüyündən danışa və ya bunu əyani şəkildə nümayiş etdirə bilərsiniz, lakin sevgi bəzən eşitməyən birinə piano ifa etmək qədər yorucu və emosional yanma ilə müşahidə edilən bir proses ola bilər. Odur ki, sevgini daha çox profilaktika kimi qəbul etmək daha sağlam bir yanaşmadır fikrimcə, valideynlərin bir-birinə və övlada sevgisi övladının ən azından ailədaxili münasibətlərdə yaşanan konfliktlər fonunda inkişaf edən travmalardan qoruyur. Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil. Evdəki fiziki zorakılığın şahidi olmaq uşaqları və onların gələcəyinə ciddi şəkildə təsir edir. Təcavüz və şiddət kimi davranışlar mühitdən öyrənilir. Uşaq şiddətə məruz qaldıqda, eyni şiddəti, hətta daha çoxunu ətrafdakı insanlara tətbiq edir. Bir çox valideyn, uşağın şiddətdən təsirlənməyəcəyini və ya uşağın baş verənləri unudacağını düşünür. Lakin, uşaqlar unutmurlar. Bu da məlumdur ki, məişət zorakılığına məruz qalan uşaqlarda digər uşaqlara nisbətən daha çox emosional və davranış problemləri olur. Şiddət və təcavüz valideynləri modelləşdirərək öyrənilir. Burada keçmişdə Albert Bandura nəzəriyyəsi haqqında danışdığım məqaləmdəki “Bobo oyuncağı təcrübəsi”ni yenidən xatırlayaq:Sosial öyrənmə nəzəriyyəsi, öyrənməyə müşahidə ilə yanaşı zehni prosesləri də əlavə edərək radikal davranışçı yanaşmalardan fərqlənir. Bu baxımdan, Sosial Koqnitivizm Nəzəriyyəsi olaraq da adlandırılan bu nəzəriyyəni Bihevioral cərəyanın sonu, Koqnitiv yanaşmanın isə yüksəlişi arasındakı keçid də adlandıra bilərik. Sosial öyrənmənin empirik olaraq yoxlanması “Bobo oyuncağı eksperimenti” ilə 1961-63-cü illərdə aparılmışdı, bir şəxs oyuncağı o ki, var döymüş, sonra bunlar videoya çəkilmiş və uşaqlara izlədilmişdir. Daha sonra uşaqlar içində Bobonun da olduğu oyuncaqlarla dolu otağa gətirilmiş və davranışları izlənmişdir, uşaqların bir çoxu izlədikləri ssenari üzrə Bobonu döyməyə başlamışdılar. Münasibətlərdə şəxslərin ən yaxşı “Mən” ilə çıxış etmələrinin tərəfdarı olmağıma baxmayaraq bəzən insanlardan nələrisə tələb etməkdən çox onları anlamaq yolunda addımlar atmağın daha vacib olduğunun tərəfdarıyam. Belə ki, yarımbaşlığı da “Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil” olaraq təyin etdim. Psixoanalitik yanaşmadan qaçaraq baş verənləri hər kəsin anlayacağı formada, sosial öyrənmə nəzəriyyəsi ilə izah etməyə çalışdım. Bu nəzəriyyəyə görə biz: Mühitin təsirinə məruz qalır(Ailədə şiddət səhnələri), sonra bu hadisəni travma olaraq qavrayır, onu öyrənir və sonrakı həyatımızda tədbiq edirik. Bu təcrübə və öyrənilmişlik, rol modelinin kopyalanaması bizim sonrakı həyat yolumuzda qurduğumuz münasibətlərdə özünü biruzə verir. Uşaqlar bizim dediyimiz yox etdiklərimizi təkrar edirlər. Beləliklə zamanla tərəfi olduğu münasibətdə atasının modelinə nifrət edən övlad onun modelinin tətbiqi ilə məşğul olur əslində. Bunun fərqinə vardıqda daxili amillər öz işini görməyə başlayır. Belə ki, o özünü bu münasibətə layiq görmür və bu münasibətdən kənarda qalmaq üçün əlindən gələni edir. Uzaqlaşma cəhdləri, bəzən ailədən kənar romantik münasibətlər, şiddətdən yaranan travmatik təcrübənin yenilənməsini təmin edən yenidən şiddət, alkoqollu içkilərə bağlılıq. Bu travmatik təcrübənin yenidən yaşanmasına qorxu ilə yanaşan şəxsin əslində dayanmadan yenidən travmatik təcrübəni yaşamağı arasındakı paradoksda münasibətlərdə bütün ülvi duyğular öz yerini travmatik təcrübəni yaşayan şəxsin yaşatdığı travmalar və travmatik təcrübəni yaşayan şəxsin partnyorunun içində olduğu kor çarxa verir. [6] Nəticə Azərbaycanın hansısa bir dağ kəndində özünü nəvəsinin nazını çəkən bir baba, nənə olaraq təqdim edən yaşlıların əslində nəvələri və övladı üçün hazırladığı həyat xəritəsini sizə təqdim etdim. Heç bir cəmiyyətdə ağsaqqal sözü doğrulara gedən yol kimi görülməməli məsləhət olaraq dinlənilib, zəka süzgəcindən keçirilməlidir. Unutmayaq bir kimsənin bizdən öncə doğulması onu bizdən daha ağıllı edə bilmədiyi kimi, yaxınlarımızın sevgi haqqında düşüncələri də bizə zərərlə özünü biruzə verirsə bu o deməkdir ki, bəhsi keçən həmin sevgi sadəcə olaraq koqnitiv dissonansdan ibarətdir. Erkən nikah qadınların fiziki, zehni və emosional inkişafına və rifahına mənfi təsir göstərə biləcəyi üçün narahatlıq mənbəyi olaraq mövcud olmağa davam edir. Sosial baxımdan bu evliliklər qadınların cəmiyyətdəki qeyri -bərabər mövqelərini gücləndirir. Qadınları iqtisadi cəhətdən kişilərdən asılı vəziyyətə həbs edərək onların həm ictimai həyatdan faydalanmasını, həm də ictimai həyata töhfə verməsini maneə törədir [4] . Yuxarıda qeyd olunan araşdırmaların nəticələrindən də başa düşüldüyü kimi, erkən evliliklər psixoloji bir təhlükə olaraq mövcud olmağa davam edir və sağlam nəsillərin yetişməsi önündə maneə olaraq qalır. Hələ uşaq ikən yaşlı bir kişinin həyat yoldaşı olmaqla ev işləri ilə bağlı məsuliyyətlər, uşaq dünyaya gətirmə təzyiqi, uşaq baxımı, bu qarışıqlıq içində hətta öz sağlamlığı sınanmağı bu işə din pərdəsi altında razılıq verənlərin din sevgisini, məhəbbət adı verənlərin hisslərinin həqiqiliyini şübhə altına salır. Çünki əsl sevgi ürəkdə fişəng partlayışı nəticəsində ortaya çıxmır və özünü gözlərdən ulduz, ürək çıxarmaq ilə göstərmir, özünə rəva görə bilmədiyin həyata sevdiyin insanı məhkum etməmək kimi elementar məsələlər ilə də sevgini nümayiş etdirmək olar. Ədəbiyyat siyahısı: 1. Aizer, A. (2011). Poverty, violence, and health the impact of domestic violence during pregnancy on newborn health. Journal of Human Resources, 46(3), 518-538. 2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi – Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair statistik müayinənin nəticələri haqqında – 05.04.2011 3. AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ - Nikaha daxil olmaqla bağlı Azərbaycan Respublikası qanunu, Nikahın bağlanması və nikaha xitam verilməsi, 3-cü fəsil, Maddə 9-10 4. Aydemir, E. (2011). Evlilik mi evcilik mi? Erken ve zorla evlilikler: Çocuk gelinler. International Strategic Research Organization (USAK). 5. Clark, S. (2004). Early marriage and HIV risks in sub-Saharan Africa. Studies in Family Planning, 35(3), 149-160. 6. Nəsimi Qiyasov – Sən, mən və travmam, Bərdə, 2021 7. Nuralı Çələbiyev, Ülviyyə Əfəndiyeva – Ailə və gender psixologiyası, Bakı – 2021,səh.409-414 8. Psikoloji Penceresinden Erken Yaşta Evlendirilen Kız Çocukları, Büşra Aslan, Erzurum Teknik Üniversitesi, Türk Psikoloji Yazıları, Haziran 2019, 22(43), 43-55 Psixoloq:Nəsimi Qiyasov Azərbaycan Respublikası, Bərdə şəhəri Tarix – 19.10.2021
Xoşbəxtlik etimoloji cəhətdən firavanlıq, müvəffəqiyyət, xoş tale kimi mənaları ifadə edir. Hər dövrdə xoşbəxtlik anlayışı məzmun etibarilə yaxşı, uğurlu və sevinc içərisində yaşamağa əsaslanmışdır. Xoşbəxtliyə minlərcə tərif, izah verilmişdir. Bu da xoşbəxtliyin nə qədər dərin və əhatəli məhfum olduğunun göstəricisidir. Mənalı ömür sürmək şüurlu həyatın ən ilkin məqsədidir. Bəşəriyyət xoşbəxtliyin, mənalı həyatın nədən ibarət olması və buna necə nail olmaq yolları haqqında fikirlərdə daim mübahisələr yaşanmış, müxtəlif yanaşmalar olsa da, lakin qəti bir nəticəyə gəlmək mümkün olmamışdır. Ona görə ki, kimisi xoşbəxtliyi fərdi həyatda, kimisi ictimai həyatda axtarmış, kimisi qismətə, taleyə bağlamış, kimisi də xoşbəxtlik deyə bir anlayışın olduğuna inanmamışdır. Xoşbəxtlik insanda mənəvi (ruhi) və maddi (bədəni) tarazlığın qorunması və ortaq bir nöqtədə birləşməsi kimi ifadə oluna bilər. Eyni zamanda mənəvi tərəflə, maddi tərəf bir-birini tamamlaya bilməli, mənəvi tərəf maddi tərəfdən məmnun olmalı, maddi tərəf, mənəvi tərəfi zənginləşdirməyi bacarmalıdır. Məhz bu prosesin gedişində insana məxsus iki özəllik xüsusi rol oynayır. Düşünə və sevgi. Bildiyimizlə öyrəndiyimizdən çıxardığımız nəticə və ya yeni fikir düşüncənin məhsulu sayılır. Bir şeyləri düşünüb və onu hiss etmək, ona sevgi bəsləmək, düşüncə ilə sevgi arasında bir bağlılıq yaradır ki, bu da insanın özünü xoşbəxt hiss etməsinə sövq edir. Çünki, sevgi öz-özünə yaranmadığı kimi öz-özünə də məhv olmur. Belə ki, düşündürən sevgidən, sevgi düşüncəsinə gedən yol xoşbəxtliyi öyrənmə və dərketmə prosesi kimi izah oluna bilər. Xoşbəxtliyə aid yazılan kitablarda obyektiv şərait nəzərə alınmadan xoşbəxtliyə çatmaq üçün hazır düsturlar, nəsihət və öyüdlərdən bəhs olunmuşdur. Müəyyən mənada bunların həqiqi xoşbəxtliyə təsiri və köməyi istəlinən səviyyədə olmamışdır. Çünki, hazır ifadələr, öyüd və nəsihətlər son dərəcə mürəkkəb olan həyat hadisələrini tam əhatə edə bilmir. Nəzəri xoşbəxtliyin hər insanın özündən asılı olan cəhətlərini bir neçə yanaşma ilə belə ifadə etmək olar: 1) Xoşbəxtliyə hədiyyə kimi deyil, fəaliyyətin, çalışmağın, cəhdin, səyin bəhrəsi kimi baxmaq lazımdır. Həyat – mübarizədir. Həyat uğrunda, hətta həyatı yaxşı yaşamaq uğrunda bezmədən yorulmadan mübarizə aparmaq lazımdır. Axı mikrobda, bitki də, hər hansı digər canlılarda yaşamaq uğrunda mübarizə aparır. İnsan isə yaşamaq, mövcud olmaq uğrunda mübarizə ilə yetinməməli, sözün ən gözəl mənasında xoşbəxt olmaq uğrunda mübarizə aparmalıdır. Görkəmli rus yazıçısı S.N.Qlinka yazmışdır: “Həyat və fəaliyyət, alov və işıq kimi bir-birləri ilə sıx əlaqəlidir. Nə alovlanırsa, o hökmən işıq saçır, kim yaşayırsa, o heç şübhəsiz fəaliyyət göstərir”. 2) Xoşbəxtliyi şərtləndirmiş olsaq, heç şübhəsiz ilkin şərti sağlamlıq olardı. Xoşbəxtlik sağlamlıq əsasında öz əksini tapa bilər. Dünyada sağlamlığın qarşılığı olan bir şey tapmaq çətindir və demək olar ki, yoxdur. Ona görə də, sağlam bədən şadlıq və sevinc mənbəyidir. Sevinc hissi insanda özünü üç formada göstərir. *Hər hansı xoş xəbərdən yaranan sevinc – Adi və ya təbii sevinc *İnsanı tərifləməklə və ya ozünü bəyənməklə yaranan sevinc – Egosal sevinc *Müəyyən işin faydalı nəticəsindən yaranan sevinc – Enerji verən sevinc Məhz enerji verən sevincin əsasını sağlamlıq təşkil edir. Sağlamlıq isə insana davamlılıq və inkişaf hissi aşılayır. Təbiətin ən mükəmməl, ən dəyərli, ən kamil əsəri sağlam adamdır. Görkəmli rus alimi yazırdı: “İnsan təbiətin ən gözəl məhsuludur. Ancaq təbiətin xəzinəsindən şadlanmaq və ləzzət almaq üçün insan sağlam, qüvvətli və ağıllı olmalıdır”. Sokrat bildirirdi ki, ruhu müalicə etmədən, bədəni müəalicə etmək olmaz. Məhz ruh düşkünlüyü həm sağlamlığın, həm də xoşbəxtliyin qənimidir. 3) Xoşbəxtlik – hər anın, hər dəqiqənin dəyərini anlayıb, xoşbəxt yaşama bacarığıdır. Təəssüf ki, bəzi insanlar ömrünün əsas hissəsini yaşamağa hazırlaşmağa sərf edir. Sonraya saxlanmış xoşbəxtliyə görə ömrünün əsas hissəsində sadəcə mövcud olmaqla kifayətlənir. Nəticədə ömrünü xoşbəxt yaşamaq yerinə, xoşbəxtliyə hazırlaşmaqla keçirir. Ömür anlardan, dəqiqələrdən, illərdən ibarətdir. Axı, anı yaşamasaq dəqiqələrin önəmi olmaz, dəqiqələri yaşamasaq, illərin dəyəri qalmaz. Ona görə də, hər andan zövq almaq, hər dəqiqəni xoşbəxt yaşamaq və bunu daxilən bacarmaq lazımdır. Böyük alman yazıçısı E.M.Remark yazmışdır: “Bizim gələcəyimiz, aldığımız növbəti nəfəsə qədərdir”. Və ya başqa bir ifadə ilə: Elə yaşa ki, sabah öləcəksən kimi, Elə düşün ki, heç vaxt ölməyəcəksən kimi. 4) Xoşbəxtlik – qorxuya qalib gəlməklə, qorxunu dəf edə bilməkdir. İnsan mənəviyyatını dağıtmağa, pozmağa malik ən güclü təsir qorxudur. Mütəfəkkirlər hətta qeyd edirlər ki, həyatda qorxunun özündən qorxulu heç nə yoxdur. Qorxunu çox zaman yoluxucu xəstəliklə müqayisə edirlər. Belə ki, xəstəliyin başlanğıc halında qarşısını almaq lazımdır. Çünki, ağla, fikrə və ürəyə hakim olmasına icazə vermək olmaz. Qorxu kölgə kimidir. Üzünü günəşdən çevirdiyin zaman qorxu ilə üz-üzə qalacaqsan, üzünü günəşə döndürən zaman xoşbəxtliyi tapacaqsan... 5) Xoşbəxtlik - əsəb gərginliyini və psixi yükü mümkün qədər azaltmaqdan ibarətdir. Müasir dövrdə informasiyanın kifayət qədər bolluğu insanın psixikasını həddindən artıq yükləmə gücünə malikdir. Bu da öz növbəsində əsəbləri gərginləşdirməyə imkan yaradır. Əsəb yorğunluğunu isə xoşbəxtliyin ciddi qənimi hesab etmək olar. Bilməliyik ki, günümüzdə əsəb gərginliyini və psixik yükü azaltmaq hər hansı bir arzu deyil, zərurətdir. Bu dövrün müəyyən mənada bizim üçün tələbidir. Günlük tələbatlarımızın – qidalanmaq, yuxu, geyim və s. qayğısına qaldığımız kimi əsəb sakitliyinin də qeydinə qalmalıyıq. Xoşbəxtlik eyni zamanda bir sənətdir. Gördüklərini duya bilmə, düşündüklərini isə hiss edəbilmə və bunlardan bəhrələnməyi bacara bilmə sənətidir. Xoşbəxtliyi dərk etmək, onun qədrini bilmək və qorumaq xoşbəxtliyin özü qədər vacibdir. Böyük ispan yazıçısı M. Servantes demişdir: “Kim xoşbəxtlik əldə etdikcə onu duyub ondan bəhrələnmirsə, xoşbəxtliyi itirdikdə onun bundan şikayətlənməyə haqqı yoxdur”. Xoşbəxtlik sabit, dəyişməz, statik vəziyyət deyildir. O insana məxsus olan daima, davam edən və yenilənən prosesdir. Ayxan Hüseynli Naxçıvan Müəllimlər İnstitutunun psixologiya müəllimi, Tələbə Gənclər Təşkilatının sədri, doktorant
Manipulyasiya — idarə edən insanın mənafeyinə uyğun şəkildə digər bir insanın davranışının gizli idarə olunması prosesidir. Emosional manipulyasiya ikili münasibətlərdə və ya idarəçilikdə emosianal toxunuşlarla şəxsin və ya şəxslərin idarə edilməsidir. Burada təbii olaraq fiziki bir toxunuşdan deyil, əsasən el dili ilə desək “sarı sim”ə toxunmaqdan söhbət gedir. Zəhərli münasibətlərdə biz bu cür emosional manipulyasiyaya dair xeyli sayda nümunəyə rast gələ bilərik. Əslində iki tərəf də xoşbəxt deyil, partnyoru xoşbəxt olmayan qadın və ya kişinin özünün xoşbəxt olma ehtimalı heçə bərabərdir, bəs kənardan xoşbəxt görünə bilərmi? Əlbəttə, bədbəxtliyin fərqinə varmayan xoşbəxtləri təkcə münasibətlərdə deyil, hər yerdə görə bilərik. Romantik münasibətlərdə manipulyasiya zamanı əsasən tərəflərdən birinin digərinin ən qabarıq nəzərə çarpan duyğusunu hədəfə aldığını görürük. Bunun faydalı və ya zərərli tərəfləri də var. Zərəri bundan ibarətdir ki, manipulyator özü-özlüyündə psixoloji şiddət tədbiq edən şəxsdir, bir digər məqamda qarşısındakı insanın iradi, bioloji, mənəvi azadlığını əlindən alır. Bəs münasibətlərdə emosional manipulyasiya təkcə partnyorlar arasında müşahidə edilir? Xeyr, anaların övladlarının vicdanlarını nişan alması ataların övladlara “əziyyətim burnundan gəlsin” deməyindən daha ağır bir cəza formasıdır. Romantik münasibətlərdə emosional manipulyasiyanın yaxşı tərəfi ondan ibarətdir ki, münasibəti sarsıtma ehtimalı olan konflikt və fikir ayrılıqlarını onun vasitəsilə neytrallaşdırmaq, zərərsizləşdirmək mümkündür. Bir oğlan qrup yoldaşınızla tələbə olduğunuz müddət ərzində çox gözəl dostluğunuz olduğunu düşünün, vaxt gəlir siz birinə aşiq olursunuz və ona daha çox vaxt ayırmağa başlayırsınız. Sevdi, ya da sevmədi, Azərbaycan kişisi çox yaxın ünsiyyəti olan, dostu olan qadını heç vaxt itirməyə çalışmır, çünki zatən bu misalı ona görə çəkdim, emosional yanaşırlar məsələyə. Adam bir müddət sonra davamlı olaraq, sizə ehtiyacı olduğunu, yenidən başlamalı olduğunuzu(nəyə?) qeyd edir, sizə sevgi etiraf edir. Burada elə davranmaq lazımdır ki, şəxs nə özünə, nə də sizə və sizin münasibətinizə zərər vurmasın. Bu keysdə siz mənim həyata şəkil çəkdirmək, effekt gözü ilə baxan, ən böyük həyat mənasını gəzintidə tapan, ən böyük idealı sonsuz eşqə qovuşmaq olan birinə “Travmalı bağlılıq”dan məqalə məğzi danışmağım bənzəri fərqli bir istiqamətdən yanaşmalı deyilsiniz, yoxsa uğursuzluq qaçınılmazdır. Ona görə də rasional düşüncə ilə yox, siz də emosianal bir nitq və ya yazı ilə yanma etməlisiniz. Məktub modeli bu cür ola bilər: “Sən varlığınla bəlkə də dünyada mövcud ola biləcək ən böyük yalqızlıq dalğasının mənə tərəf gəlməyinə mane oldun. İnsan bəzən ailəsinə, hətta özünə demədiklərini ən yaxın, ən inandığı birinə etiraf edir. Onu yorduğunu düşünmədən qəlbindən keçənlərin hamısını bölüşür. Sənə gözlərindən qaçan yuxular, mənə vaxt ayırdığın üçün fərqinə varmadığın on minlərlə gözəl duyğular borcluyam. Səndə sənə ödənilməsi mümkün olmayan borcları olan biri kimi son dəfə bir xahişim var. Bilmirəm, sən mənim üçün bunu edə bilərsən? Mən illər sonra ilk dəfə bir insanın həyatında bir sevgili kimi xoşbəxtəm. Mənim xoşbəxtliyim üçün xoşbəxt ola bilərsən? Son bir dəfə mənim üçün xoşbəxt ola bilərsənmi? Sənin qəlbin böyükdür, mənə görə minlərlə gözəl hisslərdən məhrum olmağı gözə alan gözütox bir qəlbə sahib olduğunu bilirəm. Bu böyük qəlbdən son istəyim odur ki, sevdiyi insanın xoşbəxtliyi üçün xoşbəxt olsun.” Burada istifadə edilən cümlələr də manipulyatorun silahlarıdır, lakin siz bununla həm qarşınızdakı insana sakitlik, həm özünüzə rahatlıq, həm də münasibətinizə sağlam zəmin bəxş edirsiniz. Manipulyasiya öyrənmə məhsuludur təbii ki, xüsusilə də genetik mirasdır, nəsildən nəsilə keçir bəzən. Nənə başqa, ana başqa, nəvə başqa cür manipulyasiya edir kimi görünür, amma əslində iki və üçüncü nəsil birincinin texnikalarını ya birbaşa, ya da modifikasiya edib tədbiq edirlər. Nənə: Qızım, sənin atanın kötəyi altında səni böyütmüşəm ki, indi acından öləcək birinə ərə gedəsən? Əsas odur ki, yaxşı imkanı var, sənə heç nədən məhrumluq yaşatmayacaq. Ana: Qızım, nənənin mənə etdiyini mən sənə etmərəm, onun mənə etdikləri mənim üçün travma olub, 17 yaşında atanla evlənmişəm, mən indi səhərdən axşama qədər çalışıram ki, ailəmin maddi imkanı heç kimdən geri qalmasın, mənim xalam oğlunu tanıyırsan, fövqəladə hallarda zabitdir, şəhərdə 4 yerdə obyekti var, bəxtdir də, gətirməyib, qızlar 3 dəfə nişanı üstünə atıblar, olur belə hallar, mən bu vaxta qədər sənin bədbəxtliyini görmək üçün əziyyət çəkməmişəm ki. Nəvə: Seymur(sevgilisi) mən bu münasibətə görə nələri qurban vermişəm bilmirsən sən? Mən sənə daim sadiq olmuşam, könlünü qırmamaq üçün əlimdən gələni etmişəm ki, indi başqası haqqında fikir bildirdiyim üçün məni qısqanasan? Mənim rəfiqəm Fidan var ha, onun sevgilisi zamanında mənə kompliment edirdi, mən heç o vaxt vəfasızlıq etmədim, deyirsən indi edəcəm? Nümunələrdən də göründüyü kimi hər kəsin övladına və sevdiyinə qarşı normal olaraq sərgilədiyi davranışları burda hər 3 nəslin nümayəndələri manipulyasiya silahı olaraq istifadə edirlər. Burda bir digər məqam hər ananın nənəni, nəvənin ananı manipulyator zənn etməyidir. Münasibətlərdə manipulyatorlar partnyorunu kiçik oyunlarla istədiyi istiqamətdə “inkişaf etdirərkən” ustalıqla özünü qurban kimi göstərir. Partnyorun şəxsiyyətini davamlı tənqid edərək ona öz istəklərini unutdurur və onun özünə hörmətini tükədir. Nəticədə depressiya, asılılıq başlayır və qurban qaçma və xilas olma qabiliyyətini itirir. Fiziki zorakılıq qədər dağıdıcı ola biləcək bu psixoloji zorakılıq, əksər hallarda qurbanın təkbaşına görmədiyi bir problemdir. Çünki psixoloji şiddətə məruz qalan şəxs davamlı tənqidlər ilə özündən başqa yerdə günah görə bilməyəcək vəziyyətə gəlib çatır. Münasibətlərdə “mən” ilə başlayan cümlələrin sayının atmağı, hər şeyi sizinlə olan münasibətə və sizə görə etdiyini ifadə edən cümlələrin sayı artmağa münasibətinizdəki sevginin və aranızdakı digər ülvi duyğuların yerini psixoloji şiddət-emosional manipulyasiya alıb demək. Artıq bir-birini eyni dili danışmağa rəğmən anlaya bilmirsinizsə ikinizdən biriniz bu yoldakı yoldaşlıqdan çəkilməlidir demək. Bukowskinin şeirinin son iki misrası ilə ifadə edəcək olsaq: Bu dünyada eyni dildə danışanlar yox, Eyni duyğunu paylaşanlar anlaşa bilər sadəcə... Ədəbiyyat siyahısı: 1. Pascale Chapaux-Morelli, Pascal Couderc -- İkili İlişkilerde Duygusal Manipülasyon: Narsist Bir Partnerle Yüzleşmek, İletişim nəşriyyatı, 2020 2. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.143 3. https://www.google.com/amp/s/yakiniliskiler.com/2020/06/07/romantik-iliskilerde-duygusal-manipulasyon/amp/ Psixoloq Nəsimi Qiyasov—09.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri
Hər bir ailə özlüyündə vahid qurumdur. Belə bir sual yaransa ailə nədir, o zaman hamı cəmiyyət haqqında düşünəcək, onun tərkib hissəsi, güzgüsü olduğunu deyəcək. Ailə, insanın yaşadığı, işlədiyi və plan qurduğu ən dəyərli hadisədi. Bunu başa düşmək, evliliyi sürdürmək, uşaqları düzgün böyütmək, tərbiyə etmək, sevdiklərinə sevinc və qayğı göstərmək deməkdir. Ev qurmaq bütöv bir elmdir. İnsanlar buna birlikdə yaşayaraq, öyrənərək tədricən nail olurlar. Bütün bu və digər vəzifələrin mövcud olmaq hüququ var. Ancaq ümumilikdə ailə vahid bir sistemdir. Ailə psixologiyası baxımından bu sistem tək deyil, bir çox problem, bir çox funksiyanın həllini özündə cəmləşdirir. Ailə psixologiyasında belə vəzifələrin siyahısı var. Bu siyahının birincisi, reproduktiv, sonra iqtisadi, məişət, ünsiyyət, təhsil, psixoloji və yaradıcılıqdı. Funksiyalardan birinin itirilməsi sistemdə balansın pozulmasına səbəb olur. Reproduktiv funksiya ailənin davamı, uşaqların doğulmasıdır. İqtisadi funksiya ailənin maddi ehtiyaclarının ödənilməsi - sığınacaq, yemək, geyim və s. İlə izah olunur. Məişət - bu ailədəki vəzifələrin bölüşdürülməsidir. Bu məsələdə nizam-intizam yoxdursa, ailə üçün bir çox problem yaranır, Tərbiyə, təhsil funksiyasının məsuliyyəti daha böyükdür.Ünsiyyət funksiyasının mahiyyəti isə insanların bir-biri ilə psixo-emosional əlaqə tapmağına bağlıdır. Bir-birlərini başa düşməkləri, ortaq maraqları, dünyaya baxışları, ünsiyyət zamanı dil tapmaları, hansı tonda, hansı temperamentlə, ünsiyyət mədəniyyətinə sahib olmaları, necə məlumat mübadiləsi aparırmalarından çox asılıdı. Psixoloji funksiya isə bir-birinə qayğı göstərmək, qorumaq, kömək etmək anlamında olsa da onları da fərqləndirən müəyyən nüanslar var. Daha sonra vacib bir yaradıcı, istirahət funksiyasıdır. Ailə üzvlərinin hər biri birgə istirahət tədbirlərinin təşkili üçün təşəbbüs göstərməli və bir- birinlə nəzakətlə davranmalıdılar. Bir çox ailədə bu əngəllərdən biridir. Bunun əvəzinə digər ailə üzvlərinin də iştirak edə biləcəyi bir istirahət növü ilə razılığa gəlmək vacibdir. Bu funksiyanın yaradıcı rolu, ailədəki enerji qaynaqlarını doldurması və ailəni möhkəmləndirmək üçün boş vaxtdan səmərəli istifadə etməsidi. Əgər ailə sistemi normal işləmirsə, ya simptomatik bir ailə üzvünün mövcudluğu fövqəladə hallara zəmin yaradır və uğursuzluqlar başlayır. Diqqət bir-birinə ilə sevgi deyil, bəzi situativ problemlərin həllinə yönəlir. Və ən əsası ailə həyatının vahid, həqiqi məqsədi birgə yaşayış dövründə məhəbbət, anlayış, diqqət, qayğı üzərində qurulub həyata keçirilərsə, bu bir ailə möhkəm, güclü ailə sistemidi. Həyat bizə hər cür sevinc, zövq verir. Ancaq həyatda ən vacib şey düzgün prioritet verməkdir. Onları səhv qavrasaq, düzgün yanaşmasaq, həqiqəti birtərəfli qəbul etməsək və nəhayət ailə prizmasından yanaşaraq anlayış göstərməsək onda özümüzə çox böyük zərər vurmuş olarıq. Uyğun ailə sistemi üçün məqsəd hissləri sona qədər aparmaq bacarığı olan həqiqı sevgi, dərin hörmət, anlayış, etibar, inamdı. Öz təsrübəmizə istinadən yeni qurulacaq ailələrə də bunu aşılayaq, cəmiyyət üçün vahid ailə sistemi yaradaraq. Yeganə İskəndərova
Boşanma, evli insanların birgə həyatlarını məhkəmə qərarı ilə ayıraraq, heç bir əlaqələri olmayacaq şəkildə bitirmələridir. Boşanma bir hakimin qərarı ilə sona çatacaq qədər qısa proses olsa da, heç bir emosional problemin yaşanmayacağı qədər asan deyil. Boşanma dövründə cütlüklərin qarşılaşdıqları bəzi problemlər vardır. Boşanmanı, boşanmadan əvvəl və sonra olaraq iki dövrə bölmək mümkündür. Hər iki dövr cütlüklər üçün çətin dövr hesab edilə bilər. Boşanmadan əvvəlki dövrdə bir və ya hər iki tərəf kədər, narazılıq, evliliyin gözləntilərinə uyqun olmaması, kövrəklik və qətiyyətsizlik kimi hissləri yaşaya bilərlər. Bu dövrdə cütlüklər boşanmanın onlardan nələri alacağını və verəcəyini ölçərək qərar verməyə çalışırlar. Boşanmadan sonrakı dövrdə xaos, boşluq, kədər, özünə inamsızlıq kimi duygular yaşanıla bilər. Hər iki dövrə nəzər yetirdikdə boşanmanın ayrılan tərəflərin psixoloji sağlamlığına mənfi təsir göstərdiyi görülür. Ancaq aparılan araştırmalara nəzər yetirildiyində, boşanma prosesində qadınların kişilərə nisbətən daha çox emosional problem yaşadıqları görülür. Boşanmadan əvvəlki dövrdə işləməyən qadınların maddi problemlərini necə həll edəcəyi, uşaq sahibi olan qadınların isə uşaqlarını təkbaşına böyüdərkən qarşılaşacaqları problemləri düşünərək daha çox mənfi hisslər yaşadıqları müşahidə olunur. Digər tərəfdən, kişilərdə isə tək yaşamağın onlara verdiyi problemlər, özlərinə qulluq bacarıqlarında azalma və zərərli vərdişlərə meyl etdikləri görülür. Boşanma hər iki tərəf üçün çətin bir prosesdir. Bu müddətdə ayrılan insanlar ətrafdan sosial dəstək almalı və lazım olduqda psixoloji xidmətdən yararlanmalıdırlar. Eyni zamanda, cütlüklərin boşandıqdan sonrakı dövrdə dərhal yeni bir evlilik qərarı verməmələri və sağlam bir qərar verməsi üçün bir az daha düşünmələri tövsiyə olunur.
Uşaqlar böyüklərdən - "böyük uşaqlardan" öyrənərlər.Deyirlər uşaqlıq saflığını itirməyən insanlar böyük insanlardı və onlar başını göyə qaldıran, səmanı seyr etməyi sevən bir uşaq qədər gözəl olur. Uşaqların da gələcəkdə işıqlı insan olması üçün qarınlarını və zehinlərini doyurduğumuz qədər ruhlarını da bəsləməliyik. Ruhumuzun qidası, aldığımız nəfəsimiz, sevinc mənbəyimizdi demək ki, uşaqlar. İki yaşından başlayaraq nağılları dərk edən olurlar uşaqlar. Nağıllar onlara hava- su qədər lazımdı, qayğıkeş, ağıllı valideynlər bunu anlayır və övladlarına lap körpə vaxtlarından yaş həcmini nəzərə alaraq nağıllar danışmağa başlayırlar. Onlar həyatı, birdən-birə olduğu kimi uşaqlara göstərmək çətin olduğu üçün bunun nəticəsində uşaq psixikası zədə ala bilmələrindən ehtiyat edərək nağılların onların dünyası üçün nə qədər əhəmiyyətli olduğunu anlayırlar. Nağılların dili sadədi və İstənilən nağılda insanların bir-birinə və ətrafa olan münasibəti, davranışı verilir. Onu başa düşmək üçün uşaq özünü yormur, diqqətini çəkən obrazlar, vacib informasiya isə öz-özünə mənimsənilir, təxəyyülünün inkişafına da müsbət təsir edir. Ən gözəli də həyat, insanlar arasında olan münasibət haqqında ilkin təsəvvürləri formalaşır.Bəzi ailələrdə uşaq daha çox böyüklərin baxdığı seriallara, filmlərə maraq göstərir ki, bu da onların gerçəkliyi qavramasına mane olur, normal inkişafının qarşısını alır, həyata baxışı, təfəkkürü, eqosu dəyişir, getdikcə özü yox ,uşaq ikən böyük təsəvvürə malik olan olur, lazımsız informasiyaları yaşından əvvəl mənimsəyir. Uşaq özü oxumağı öyrənsə belə, onu nağıllardan birdən-birə ayırmaq olmaz. Nağılların birgə oxunması uşaqlar və böyüklər arasında münasibətlərə, bir-birini daha yaxşı başa düşməsinə kömək üçün çox faydalıdı. Unutmayaq ki, uşaqlar soruşaraq öyrənirlər, böyüklərdən gördükləri nümunələrdən öyrənərlər, toxunaraq, yaşayaraq öyrənirlər. Onların ürəklərində pislik yoxdur. pislikləri dərhal unudarlar. Kin tutmurlar. Uşaqlar fərqli olmağı gözə alarlar, fərqli olmaqdan çəkinməzlər. Tənqidi qəbul edər, sizə qulaq asarlar. Səhvsiz hərəkət etməyə vərdişləri də yoxdu. Səhvlərdən doğruları öyrənər, yeni kəşf etmə anlamına gələrlər. Uşaqları pislik, səhv, bədbəxtliklə məhdudlaşdırmaq olmaz. Nə öyrənsələr də böyümüş uşaqlardan mənimsəyərlər. Öz uşaqlıqlarını unutmuş böyüklərdən öyrənərlər.Təhqirə məruz qalmayan uşaqlar şəxsiyyət kimi yetişir, özünü bir insan kimi qəbul edərlər. Alışmayıblarsa məruz qalanda sarsılar, həyatın girdabına tuş gəldiyini anlar, kiçik depresiya da məruz qalma ehtimalları olar.Yaşa dolduqca bunun həmişə belə olduqlarına özlərini inandırarlar.Bir çox insanlarda inam hissi anadangəlmə mövcud olduğu halda bəziləri bu xüsusiyyəti şüurlu şəkildə formalaşdıra, düşüncə tərzini və həyat haqqında baxışlarını dəyişərək özünə inamı yarada bilir.Uşaqlığını unutmuş olanlar, içindəki uşağı öldürmüş olanlar, HƏTTA ÖZ UŞAQLARINA DA uşaqlığını unutdurarlar. Qəlbində mərhəmət, sevgi, xeyirxahlığı, dürüstlüyü hələ də bütün bu müdhiş, çalxalanmış dünyamızın girdabına, eybəcərliklərinə hələ də məruz qalmayan ümid, inam dolu insanlardan güc alar və yaşamağa dəyər anlamı ilə ayaqları üzərində dayanmağa çalışar və bütün bu insanı keyfiyyətləri özündə saxlamış "böyük uşaqlar" dan uşaq xislətlilərdən həyat eşqini, insanlara həqiqi saf münasibəti öyrənə bilərlər. Həyata saf uşaq baxışları ilə baxmağa çalışa bilsək, O zaman ömrümüz cənnətə dönər. Psixoloq Jurnalist Yeganə İskəndərova
Ailə kiçik bir cəmiyyət olduğundan, özünün tənzimlənmə qaydaları olmalıdır. Tərəflər hər gün öz diqqət və sevgisini bir-birinə hiss etdirə, göstərə bilərsə, yaşana biləcək bir çox münaqişələrin qarşısını almağa müvəffəq olmaq ehtimalı daha çox olar. Ailələr müxtəlifdi. Tam ailə, natamam ailə, qarışıq, əlavə olunmuş, avtoritar, patriarxal, psixosomatik konfliktli ailələr, genetik cəhətdən zorakılığa meylli olan ailələr və s.Adətən zahirən ailə cütlüyü bir-birinə qarşı qayğıkeş görünsə də, ailədaxili konfliktlərə az təsadüf olunmur. Ailədənkənar sferalarda ər-arvadın fərdi uğursuzluqları işlərindəki yorğunluq, sosial çətinliklərlə və ya ünsiyyət çətinliyi ilə bağlı olur. Danışmağa mövzuları bitdikdə aralarında olan emosional əlaqələr zəifləyir, bir-birinin problemi ilə maraqlanmır, təcrid olur, münasibətlərdə kəskin konfliktlər yaranır. Onlar öz xarakterlərindəki qüsurları aradan qaldırmağa cəhd göstərmir, bir-birlərinə qarşı dözümsüz olurlar. Belə ailələrdə tərbiyə alan uşaqlar münaqişələrin yaranmasına səbəb olan valideyinə sevgi bəsləmir, gələcəkdə özləri ailə quranda çətinlik çəkir, nifrət ruhunda, travmalı böyüyürlər. Bu kimi halların sonralar nə kimi fəsadlar törədəcəyini görən valideynlərdən biri boşanmağa üstünlük verir. Sonradan yaranan natamam ailələrdə vəziyyət müxtəlifdi. Ayrılsalar da, bir-birlərinə hörmətlə yanaşan, dost olan valideynlərin övladları daha rahat olur. Bütün sevgisini övladlarına yönəldən, onlara hədsiz məhəbbətlə qayğı göstərən analar daha nikbin, cəmiyyətə yararlı, inamlı, başqalarına sevgi ruhunda övladlar böyüdürlər. Belə uşaqlar xeyirli vətəndaş olur, çətin situasiyalardan yaxşı baş çıxarır, valideynlərinə qarşı hörmət ruhunda böyüyürlər.Lakin əksər ailələrdə bunun əksini görürük. Münasibətlərdə laqeyd, kobud olan, fiziki güc təbiq edən, ailənin, uşağın tələbatlarına qarşı etinasız yanaşan ataların olduğu ailələrin övladları mənəvi, emosional tələbatlarını ailədən kənarda tapmağa cəhd göstərirlər.Öz üzərində aqressiv valideyinin fiziki zorakılığını duymuş uşaq sonralar özü də başqaları ilə belə davranır. Ailədə arvadını döyən kişilərin əksəriyyəti uşaqlarını da döyür. Fiziki zorakılığa məruz qalanlar özlərini bədbəxt, gözdən düşmüş, qətiyyətsiz, gərəksiz hiss edir və başqalarının onlardan yaxşı olduğu qənaətinə gəlirlər. Normal şəraitdə böyüyən və tərbiyə olunan uşaqlar cəzaya etiraz edirlər. Əlverişsiz mühitdə böyüyən, fiziki zorakiliğa məruz qalan uşaqlar isə, adətən verilən cəzanın doğruluğuna inanır, kölə düşüncəli olur, öz fikirlərini ifadə etməkdə çətinlik çəkir, arzularını qəlblərində boğurlar. Psixikaya vurulan zərbənin fəsadları sonradan özünü kəskin biruzə verir, uşaq travmalı böyüyür, çox vaxt davranışı üzərində nəzarəti itirir, özünüqiymətləndirmə aşağı enir, insanlara qarşı inamı, etibarı yox olur, kəskin qorxu hissi baş qaldırır, başqalarına əzab vermək - sadizm meyli yaranır. Valideynlərin aqressiyası, zorakılıq gündəlik həyat tərzinə çevrilir. Uşağın valideynlərinə qarşı hissləri "donmuş" olur, bir bədbəxtlik üz verəndə etinasız yanaşırlar, onlarda empatiya qabiliyyəti zəif inkişaf edir. Başqalarının kədərinə şərik olmaq, uğurlarına sevinmək kimi hisslərə sahib ola bilmirlər. Yaşlandıqca belə valideynlər özləri yetişdirdiyi övladlardan diqqət, qayğı görmədikdə, etinasızlıqla üzləşdikdə etdikləri səhvləri görmür, bəraət üçün övladlarını nankor, zəmanə övladı kimi qiymətləndirərək günahkarlıq hissini özlərindən uzaqlaşdırmağa çalışırlar.Bəzən atalar öz uşaqlıqlarını xatırlayaraq valideynlərinin onları cəzalandırdıqlarını, döydüklərini fəxrlə söyləyirlər. Müəyyən situasiyalarda bu cəza usulunu öz ailələrində də tədbiq edir, bunun təhlükəli bir hal olduğunu düşünmürlər. Fiziki cəzaların vurduğu mənəvi yaraların fərqində belə olmurlar. Belə cəza üsulu valideyn ilə uşağın bir- birini anlamaq imkanlarına olan son ümidi də məhv etmiş olur. Fiziki cəza alan uşaq bir müddət qorxudan özünü ədəblə aparsa da, ətrafdakılara qarşı münasibətdə etinasız və saymaz olur. Ən böyük cəza fiziki zorakılıqdansa, valideynlərin qəmgin və məyus görünməsidi.Yaranan münaqişələrə səbəblərdən biri də bir insanın diğərlərinə qarşı hədsiz diqqət göstərməsi, özünü unutmasıdı. Belə adamlar özlərinə qarşı laqeyd, başqalarının məsuliyyətini öz üzərilərinə götürməyə meylli olur, özlərini unudur, öz "mən”lərinə etinasız yanaşırlar. Onlara ehtiyacı olan insanlar hədsiz diqqət və qayğıdan usanır, bu onlar üçün adiləşir, öz əhəmiyyətini itirməyə başlayır. Və ona ehtiyac azalmağa başladıqda bunu qəbul edə bilmirlər. Unutmayaq ki, ətrafdakılara nə qədər heyran olsaq da, əzizlərimizı, yaxınlarımızı hədsiz sevsək də, onlara bu sevgimizi qayğımızı doğru göstərə bilmək üçün əvvəl özümüzün qayğımıza qalmalıyıq ki, diqqətimizi qarşı tərəfə də düzgün istiqamətləndirə bilək. Özümüzü də sevək.Psixoloq Yeganə İskəndərova
Ailədə oğlan uşaqlarına olan aşırı sevgi və bağlılıq müəyyən müddətdən sonra problemlərin yaranmasına səbəb olur. İlk növbədə yaşıdları arasında baş verən kişik münaqişələr zəminində qorxu hissi yaşanır, çünki valideynin hər an onu dəstəkləməsi uşaqda özünə inamsızlıq yaradır, əsasən də ata oğul uşağına bu məsələlərdə biraz sərbəstlik verməsi müsbət haldır. Ana alış-veriş zamanı paltar seçimində oğlunun fikrini bilməsi vacibdir, çünki yaşıdları ilə hər gün ünsiyyətdə olduqları zaman bu mövzuda söhbətləşirlər, düşünmədən qınaq obyektinə çevrilmə ehtimalları olur və uşağa bu durum pis təsir edir. Yeniyetmə dövründə oğlan sevgi yaşayırsa ilk növbədə ana bu məsələni diqqətdə saxlamalıdır, atanı da məlumatlandırmalıdır, çünki bəzi məqamlarda atanın müdaxiləsi qaçılmazdır. Ən böyük problemlər oğul evləndikdən sonra başlayır. Oğluna olan bağlılıq və sevgi anada qısqanclıq hissi oyadır. Oğlunu gəlninə qısqanır, təbii ki, burda gəlinə də təsir edən amillər meydana çıxır. Həyat yoldaşına olan sevgisini, ailəsini qorumaq üçün müəyyən məsələlərdə reaksiya verməyə məcbur olur. Əgər bacarmadığı işlər varsa öyrədilərək yoluna qoymaq mümkündür, davranışında yanlışlıqlar varsa həyat yoldaşı nöqsanları aradan qaldırmağa vasitəçi olur. Amma qayınana gəlin münasibətləri erkən yoluna qoyulmasa daha da dərinləşir, bu ilk növbədə hər ikisi arasında razılığa gəlməklə və qarşılıqlı anlaşma ilə mümkündür. Gəlin ananı anlamalıdır, hörmətlə yanaşmalıdır, eyni zamanda qayınana gəlini qırmamaq üçün bu həssas məsələdə qısqanclıq hissini yumşaq mənada boğmağa çalışmalıdır. Həyatın qanunu belədir, oğul evləndirilir, qız başqa ocağa yola salınır, övladlarımızı əzizləyib ağuşumuzda bəsləyib hər kəsdən təcrid edə bilmərik. Övlad ailədə necə tərbiyə alırsa cəmiyyətdə özünü o tipdə tapacaq, mənfiliklər yenidən geri qayıdır, müsbətlər irəliyə doğru inkişaf edir... Hər kəsə üstümüzə düşən bu çətin vəzifədə uğurlar diləyirəm!
Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək. www.harmoniya,az Harmoniya psixologiya mərkəzinin Baş psixoloqu Aygün Ağabalayeva
Hər bir qadın sağlam ailəyə sahib olmaq isəyir. Çünki xoşbəxtliyin açarı da məhz düzgün qurulmuş ailədədir. Psixoloq.az xəbər verir ki, bolqar alim-psixoloqlar ailənin dağılma səbəblərini uzun müddət araşdırdıqdan sonra yaxşı ailə sahibi olmaq istəyən qadınlar üçün aşağıdakı qanunları işləyib hazırlayıbar. 1. Düşünməyin ki, sənət, karyera və ya sosial status sizə ailə və uşaqları əvəz edə bilər. Çətin olsa da, qadın həyatda hər şeyə vaxt ayırmalıdır. Həmçinin qadın xarici görünüşünə, geyiminə ümumiyyətlə qadınlıqla bağlı hər şeyə önəm verməlidir. 2. Yaxşı ailə göydən düşmür. Təbii ki, bunu bizə nə təbiət verir, nə də öz-özünə yaranmır. O, da adi yaradılış kimidir. Çoxlu enerji, diqqət, qayğı və bacarıq tələb edir. Həmçinin kişidən daha çox bu şeylər qadından tələb olunur. 3. Dava, münaqişə zamanı günahı özünüzdə də axtarın, daha sonra ərinizdə. Özgə çatışmamazlıqlar daha tez gözə dəyir, nəinki özününkü. Ərinizin hər hansı hərəkətinə nə dərəcədə əsəbi olmağınızdan asılı olmayaraq, səbir edin, gözləyin, sakitləşin və bundan sonra hərəkət edin. Dərhal əsəbinizi göstərmək heç nəyi həll etməyəcək. 4. Çalışın ərinizdə (həm daxili, həm xarici) müsbət xüsusiyyətləri qabardasınız və imkan daxilində bunları ona deyin. Öz müsbət tərəflərini eşitdikcə kişi daha yaxşı olmağa can atacaq. Həmçinin onun yanında necə xoşbəxt olduğunuzu da deməyi unutmayın. Bu, onun sizə bağlılığını daha da artıracaq. Unutmayın ki, belə sözlər ona güc verir. Birdəfəlik anlayın ki, hətta intim sferada romantik kişi arzularınıza baxmayaraq yenə də hər şey sizdən asılıdır. 5. Narazı, qaşqabaqlı olmayın. Hətta buna səbəb olduqda belə. Qəmgin, kədərli qadın kişini tez bezdirir. İnan ki, kişinin də bir çox qayğı və problemləri var. Ən yaxşısı düşünün ki, yaxın keçimşə qədər seçimdə çətinlik çəkirdiniz və siz onu minlərlə kişinin arasında seçmisinuiz, deməli, həqiqətən də bir-birinizə yaraşırsınız. 6. Əgər təsadüfən iş yoldaşınız və ya digəri ilə flirt baş verirsə, dərinləşməyə imkan verməyin. Bu əlavə əzaba və ailədə problemlərə səbəb olacaq. Yeni tapdığınız çətin ki, daha yaxşı və mükəmməl olacaq. Əgər yaxından tanış olma imkanı olsaydı yəqin ki, o kişidə də daha çox və ciddi çatışmamazlıqlar tapacaqsınız. Lakin yanınızdakına artıq öyrəşmisiniz. 7. Çalışın övladlarınızda atalarına qarşı sevgi və hörmət aşılayasınız. Onunla rəqabətə girməyin. Ürəyiaçıq olun. Uşaqları düzgün tərbiyə edin. Onun valideynlərinə hörmət edin, xüsusiyyətlərindən asılı olmayaraq. Büruzə verməsə belə, sizin səbir və xeyirxahlığınızı mütləq qiymətləndirəcək. 8. Vacib qərarları təklikdə qəbul etməyin. Əgər bu ailə və sizin həyatınızla bağlıdırsa. Hər şeyi ərinizlə müzakirə edin, əgər sonda sizin təklifiniz keçərli olsa belə. Ən azından əriniz qərar qəbulunda iştirak etdiyini biləcək və anlayacaq ki, onun fikri sizin üçün önəmlidir. Cəmiyyətdəki liderlik xüsusiyyətlərinə baxmayaraq kişilər ailədə qadınlardan daha artıq komplekslərə malikdirlər. 9.Qısaqanclığınızı boğun. Lakin biganəlik göstərmə həddinə də gəlib çatmayın. 10. Yuxarıda deyilənlər o demək deyil ki, siz ailənin quluna çevrilməlisiniz və ya şəxsi qürurunuzu tapdalamalı, hadisələrə tənqidi münasibət göstərməməlisiniz. Qəti şəkildə yox! Bunu mütləq büruzə verin və ərinizdən də bunları tələb edin.(gencaile.az)