Uşaq Psixologiyası

Hiperaktivlik

Hiperaktivliyin 3 əsas əlaməti var: 1)Çoxhərəkətlilik 2)impulsivlik 3)Diqqət əksikliyi Çoxhərəkətlilik-həddindən artıq hərəkətlidirlər,bir yerdə dayana bilmirlər,ev içində qaçırlar,harasa dırmaşırlar.Sakitlik isdəyen fəaliyyəti sevmirlər.Hiperaktiv uşaqlarda zaman ve məkan fərqi olmur,onlar hər zaman hər yerdə aktivdirlər. İmpulsivlik-öz hisslərini gizlədə bilmirlər,öz hərəkətləri barədə düşünmür,mənfi və müsbət cəhətləri müqayisə etmirler.Düşünmədən hərəkət edirlər ki,bu da bir sıra təhlükələrə yol aça bilər.Çox hündür olan ağaca çıxa bilər,ətrafa baxmadan yolu keçə bilər və s.Tələskəndirlər,digərlərinin sözünü kəsər,hər şeyə qarışar,sıra gözləməyi sevməzlər. Diqqət əksikliyi-diqqəti bir nöqtəyə toplaya bilmirlər,dərsləri etməkdə çətinlik çəkirlər,fikirleri asanlıqla yayınır,əşyalarını tez-tez itirirlər. Qarşısındakını dinləməmə,mövzudan yayınma kimi hallar baş verir.İşləri plansız olur. NUPM psixoloqu Çinarə Muradova

Sağlamlıq İmkanları Məhdud Uşaqlar və Hidroterapiya

Hidroterapiya adından da göründüyü kimi Su(Hidro) ilə terapiya növüdür.Buna bəzən “hovuz terapiyası” da deyirlər. Hidroterapiya fiziki,ruhi və əqli problemlər zamanı istifadə olunan reabilitasiya üsuludur.Bu üsul uzun illərdi ki,dünya təcrübəsində istifadə olunur.Son illər hidroterapiya “Halliwick” texnikası ilə birgə tədbiq olunur.Bu texnikanın əsas məqsədi ondan ibarətdir ki,terapiya zamanı əsas diqqət fərdin çatışmazlıqlarına və ya pozulmalara yönəlmir.Əsas diqqət fərdin suda göstərdiyi və göstərə bildiyi bacarıqlara yönəlir.Bu metodun tədbiqi zamanı heç bir  əlavə köməkçi vasitələrdən istifadə olunmur.Suda  terepevt və pasientdən başqa heç kim olmur. Hidroterapiya serebral iflic,daun sindromu spina bifida  zamanı effektiv üsul hesab olunur.Su əzələlər və sümüklər üzərində olan ağırlığı,ağrını qaldırmaq gücünə malikdir.Cazibə qüvvəsi ağırlığı azaltdığı üçün əlilliyi olan uşaq suda daha rahat hərəkət edir.Bu cür uşaqlarda hidroterapiya təkcə hərəkət funksiyalarının bərpası məqsədilə deyil,həm də immunitet sisteminin gücləndirilməsi,həzm və metobalizmin aktiv fəaliyyəti,tənəffüs sisteminin stimullaşdırılması məqsədilə də keçirilir.Suyun içində olan reziztans serebral iflicli uşaqlarda  hiperkeniz kimi qeyri-iradi,istənilməyən hərəkətlərin azalmasına səbəb olur.Suyun ilıqlığı əzələ tonusunun azalmasına,yumşaq əzələlərin elastikliyinin artmasına səbəb olur. Autizm,daun sindromlu uşaqlarda sensor hissiyat nisbətən zəif olur.Suyun birbaşa üzə,bədən üzvlərinə təmas etməsi onlarda sensor aktivliyi artıra bilər.Xüsusilə autizmli uşaqlarda oyun fəaliyyəti çox  zəifdir.Hidroterapiya zamanı hovuza atılan müxtəlif rəngli oyuncaqlar,toplar onların marağına səbəb olur,buda gələcəkdə onlarda oyunla bağlı bacarıqlarının daha da artmasına səbəb olur. Su içində qazanılan funksional bacarıqların sudan kənarda nə dərəcədə effektli olacağı isə uşaqdan və proqramdan asılıdır. Suda üzərkən bütün bədən əzələləri hərəkət də olduğu üçün uşaqlarda motor gerilik də azalmağa başlayır.Bundan başqa suda olarkən koordinasiya,bələdləşmə funksiyaları da inkişaf edir.Göz təması,diqqət kimi faktorlar da böyük irəliləyişlər nəzərə çarpır. Hidroterapiya mərhələli şəkildə tədbiq edilir. 1-ci mərhələdə suyun(hovuzun)kənarında oturmaq,hovuza necə girmək lazım olduğu öyrədilir.Həmçinin bu mərhələdə uşağı bir növ su ilə tanış edirlər.Yəni suya ilk toxunuşlar,1 neçə dəqiqə əlini yada ayağını suda saxlama və.s 2-ci mərhələdə nəfəs alıb vermək,tənəffüs vərdişləri,suyun üzərində sağa,sola,irəli geri çevrilmə öyrədilir.Suda olarkən bir formadan digərinə keçmək,yəni üzü üstə olarkən tərsinə çevrilmə,ayaqüstə olarkən çevrilmə və.s öyrədilir. 3-cü mərhələdə isə qüsurun ağırlık dərəcəsindən asılı olaraq uşağa müxtəlif bacarıqlar öyrədilir.Bu bacarıqlar hər uşaq üçün indivudualdır. Qeyd edək ki,hidroterapiyanın təkcə fizioloji faydaları yoxdur.O uşaqların psixoloji vəziyyətinə,emosional statusuna da təsir edir.Beləki sudan kənarda edə bilmədiyi hərəkətləri suda etdiyi üçün uşaqlarda özgüvən hissi yaranır.Bu uşaqlar üçün bir növ əyləncə formasıdır.Eyni zamanda suya atılan müxtəlif rəngli oyuncaqlar,toplar uşaqlara əlavə həvəs və motivasiya bəxş edir.Sağlamlıq imkanları məhdud olan uşaqlar qüsurları ilə əlaqadar daim stress altında olurlar.Bəzi uşaqlar uzun müddət ağır dərman müalicələrindən istifadə edirlər.Hidroterapiya isə heç bir ağrı,əlavə stress olmadan tədbiq edildiyi üçün uşaqlar özlərini daha rahat hiss edirlər,ağır proseslərin əvəzinə sadə və əyləncəli məşğələ keçmiş olurlar.Qüsurlu uşaqlar suda normal həmyaşıdları ilə birgə üzdükdə isə onlarda sosiallaşma prosesi baş verir.Elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki,su səsi Mərkəzi Sinir Sisteminə impulslar ötürür.Bu impulslar isə uşaqlarda rahatlayıcı effekt yaradır. Azərbaycanda Hidroterapiya tədbiq edən çox az mərkəz var.Bu mərkəzlərin bəziləri isə orta təbəqə bir ailənin büdcəsinə çox zaman uyğun gəlmir.Buna görə valideynlər ev şəraitində də  hovuz abu-havasını yarada bilərlər.Məsələn kiçik ölçülü şişirtmə hovuzlar ala,yaxud kiçik vannalara su dolduraraq hidroterapiya keçirə bilərlər.Ümumiyyətlə su insan bədəninə yaxşı təsir etdiyi üçün sağlamlıq imkanları məhdud uşaqları daha çox su ilə təmasda saxlamaq məsləhət görülür.

Xüsusi Təhsil Nədir?

Günümüzün aktual problemlərindən biri də sağlamlıq imkanları məhdud şəxslərin təhsil məsələsidir..Bəzən valideynlər “xüsusi təhsil”dən xəbərsiz olduqları üçün övladlarını təhsildən kənarlaşdırırlar.Xüsusu Təhsil nədir?,O əhaliyə necə xidmət göstərir?,Hansı formaları var? və digər bu tip suallara aydınlıq gətirməyə çalışacam. Xüsusi təhsil-sağlamlıq imkanları məhdud şəxslərə göstərilən təhsil formasıdır.Azərbaycanda əhaliyə defektoloji xidmətinin göstərilməsi 3 nazirlik tərəfindən həyata keçirilir: Azərbaycan Respublikası Təhsil Nazirliyi,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu. Əhaliyə göstərilən xüsusi pedaqoji xidmət isə Təhsil Nazirliyi tərəfindən idarə olunur. Şagirdlərin uyğun təhsil formasına seçilməsi üçün xüsusi tibbi-psixoloji-pedaqoji komissiya yaradılıb. Bəs xüsusi təhsilin hansı formaları var? -inkluziv təhsil -inteqrativ təhsil -evdə təhsil Bundan başqa Yardımçı məktəblər də fəaliyyət göstərir.Yardımçı məktəb ümumtəhsil uşaq müəssələrinə daxildir,yalnız öz vəzifələrinə görə kütləvi ümumtəhsil məktəblərindən fərqlənir. İndi isə xüsusi təhsilin növləri ilə daha yaxından tanış olaq. İnkluziv Təhsil-ümumiyyətlə dünya təhsil sistemində sağlamlıq imkanları məhdud uşaqların ayrıca,xüsusi təhsil almaları vacib hesab olunmur.Çünki bu cür yanaşma uşaqların cəmiyyətə adaptasiyasına,sosiallaşmasına mənfi təsir edir.Halbuki Xüsusi Təhsilin(Special Education) əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərin yenidən cəmiyyətə bağışlanması,özü və cəmiyyət üçün lazımlı şəxs olmasıdır.Məhz bu cür problemlərə görə 1 çox yeni təhsil proqramları işlənib-hazırlanmışdır.Onlardan biri də “ İnkluziv Təhsil”dir.İnkluziv Təhsil haqqında qanun Azərbaycanda 2004-cu ildən etibarən qüvvəyə minib.2005-ci ildən etibarən isə tədbiqi davam edir.İnkluziv təhsil dedikdə sağlamlıq imkanları məhdud uşaqların ,öz sağlam həmyaşıdları ilə birlikdə eyni sinifdə təhsil alması nəzərdə tutulur.İnkluziv sinif üçün uşaqların sayı sinifdəki uşaqların ümumi sayına əsasən qiymətləndirilir.Yəni bir sinifdə maksimum 4-5 sağlamlıq imkanları məhdud uşaq təhsil ala bilər.Bu zaman həmin uşaqlara “köməkçi müəllim” təyin olunur.Bu dərslərin daha səmərəli keçməsi üçündür. İnklüziv təhsil uşaqların müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib. İnklüziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır. İnklüziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur. İnteqrativ təhsil dedikdə əlilliyi olan uşaqların ümumtəhsil məktəbə getmələrinə icazə verilməsi,lakin özlərinin tipik həmyaşıdları ilə eyni sinifdə dərs keçməmələri nəzərdə tutulur.Onlar ayrıca sinif otaqları və müəllimlər ilə təmin olunurlar.Hansısa bi növ əlilliyi olan uşaqlar ümumi məktəb kurikulumu əsasında təhsil alırlar.Sadəcə olaraq onların dərs proqramı bir qədər yüngülləşdirilmiş şəkildə olur.İnteqrativ təhsil əsasən Bakı şəhərindəki məktəblərdə tədbiq olunur. Evdə təhsil-təhsil qanunu və ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsinin müddəalarına uyğun olaraq uzunmüddətli xəstə olan,səhhətinə görə məşğələlərdə iştirak edə bilməyən uşaqların evdə fərdi təhsili təşkil olunur.Evdə fərdi qaydada təhsil alan şagirdlər həmin təhsil müəssəsinə xəstəxanaların,dispanserlərin,polikliniklərin göndərişi ilə rayon(şəhər) tibbi-pedaqoji-psixoloji komissiyaların qərarına əsasən qəbul olunur.Evdə fərdi məşğul olan şagirdlərin dərslərinə sinif rəhbəri,proqram materiallarının yerinə yetirilməsinə və həmin prosesdə tədbiq edilən metodik işə təlim-tərbiyə işi üzrə direktor müavini məsuliyyət daşıyır.Şagirdlərin biliyi sinif jurnalında qeyd olunur.Sinifdən-sinifə keçirilməsi,məktəbi bitirməsi də müvafiq qaydada  jurnallarda öz əksini tapır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən xüsusi təhsil müəssələri aşağıdakılardır: 1.Dayaq-hərəkət aparatı pozulmaları olan uşaqlar üçün məktəbəqədər müəssələr/məktəblər 2.İntelektual çatışmazlığı olan uşaqlar üçün məktəbəqədər müəssələr 3.Görmə qüsurlu uşaqlar üçün məktəbəqədər müəssələr/məktəblər 4.Ağır nitq qüsurları olan uşaqlar üçün məktəblər 5.Yardımçı məktəblər 6.Ümumtəhsil məktəbləri nəzdində loqopedik məntəqə və ya kabinetlər. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki,bu cür xüsusi təhsil növləri yalnız məktəbəqədər və orta təhsil pillələri üzrə nəzərdə tutulub.Əllilliyi olan gənclərin növbəti təhsil pillələrində(bakalavr,magistr və.s) hansı şərtlər və qaydalar əsasında təhsil almalarına dair heç bir xüsusi qanun qüvvədə deyil.  Bəzi məlumatlar “Xüsusi Pedaqogika-N.Hüseynona,L.Rüstəmova” kitabından götürülmüşdür.

"Qonaq gəlmişik olmaz, sakit ol" - Valideynlərin uşağa verdiyi zülm

-         “Mama.. -         Qonaq gəlmişik olmaz, sakit ol!.. “ Bəli, əksər uşaqlar ailəsi ilə qonaq getdikləri evlərdə bu kimi qadağalarla üz-üzə qalırlar. Belə reaksiyaların uşağa nə dərəcə təsir etdiyini həmin an onun üz ifadəsindən də anlamaq mümkündür. Getdiyi evdə oynaya biləcəyi yaşıdları belə olsa qızarmış, tutulmuş, utancaq üz ifadəsi olur….“quzu kimi”… Hələ bir də özünü əsl tərbiyə edici valideyn qismindən sayan ana-atası oldusa, uşağı digər otağa və ya hamama aparıb “anladığı dildən” izah edib geri gətirir. Əksər halda isə sadəcə uşaq olduğunun günahını yaşayan balacanın üzündə barmaq izləri belə bir çox suala cavab verir. Bəzən valideynlər qonaq getdikləri evlərdə uşaqları o dərəcədə sıxa bilərlər ki, hətta uşaq ayaqyolu istəyi olduqda belə bunu dilə gətirə bilmir. Çox gümanki ana da əvvəlcədən ayıbdı deyə uşağı yetərincə tənbehləmişdir. Halbuki qapıdan çıxan kimi həyətdə münasib bir yerə bunu etmək yetərincə düzgün olmayan hərəkətdi… Dəfələrlə qarşılaşdığım bu kimi durumlara zaman keçdikcə məna verməyə çalışmışam. Gedilən evdə hələ qapını döyməmiş uşağa bir-bir kimə nə demək lazım olduğunu əzbərlədən valideynlər… Çox gümanki uşağın bu cür böyük kimi, yaşına uyğun olmayan şəkildə salamlaşması, hal- əhval soruşması heç də təbii və isti münasibət olmur. Əslində uşaq dediklərinin çoxunun mənasını belə bilməyə bilər. Bunların bir neçəsiylə qarşılaşmış bir uşaqlığım olub, eləcə də çoxumuzun, və bunun nə dərəcədə düzgün olub-olmadığını anlaya biləcək qədər məlumatımız vardır. Məncə, belə yanlış rəftarların yerinə evdə uşaqla keçirilən vaxtı düzgün qiymətləndirmək olar, məsələn: “evcik-evcik” deyə bildiyimiz oyun, qız-oğlan fərq etməz, çoxumuzun uşaqlıqda ən sevimli oyunlarından biri olub, kimi ata, kimi ana, kimi isə körpə və s. rolunda olurdu. Valideyn bu oyunlar vasitəsilə uşaqlarına qonaqlıq, qonaq gələndə, qonaq gedərkən rəftar davranışlarını düzgün mənimsədə bilər. Eləcə də evə qonaq gələrkən uşaqla bərabər vaxt keçirtmək, süfrəni birgə hazırlamaq, yığışdırmaq, oyunda rollar yaradaraq öz oyuncaqlarını və otağını qonaq gələn uşaq ilə paylaşmaq və s. kimi məşğuliyyətlərlə daha yaxşı anlatmaq olar. Tam tərsi gedilən evə çatana kimi yolda uşağa qayda-qanun dərsi vermək yerinə, onun düzgün davranışları özü tərəfindən başa düşülməsini həyata keçirtmək lazımdı. Əlbətdə ki, maskalamaq uşağı tərbiyəli etmək mənasına gəlməz. Normal olaraq hər bir uşaq getdiyi yerdə acıya da bilər, susaya da bilər, yata da bilər, yaşıdı yoxdursa, evdən apardığı gəlinciyi və ya maşını ilə vaxtını keçirdə bilər. Bunun əvəzinə böyüklərin böyük söhbətlərinə qulaq asmaq məcburiyyətində olmamalıdır. Ancaq bəzən valideynlər qonaq getdikləri yerlərdə və ya evlərinə qonaq gəldikləri zaman onların yanında pis vəziyyətdə qalmamaq üçün uşağın hər istədiyini edirlər, bu da getdikcə uşağın daha çox istəklərinin yaranmasına gətirib çıxarır. Belə ki onlar artıq qonaqdan sui-istifadə edə bilərlər. Bu cür valideynlərin əksər hallarda şikayətlənərək işlətdiyi söz… ”uşağımız evdə bir cür, qonaq gələndə ya gedəndə başqa cür olur…” Təbii ki, cəmiyyətimiz tərəfindən kobud şəkildə “ipini qırmış” deyə adlandırılan hiperaktiv xarakterli və ya tamhiperaktiv uşaqlar var. Getdikləri yerlərdə və ya öz evlərində hərəkətləri ilə daim diqqət çəkə bilərlər. Yenə də bu onların günahı deyil. Valideyn yetərincə düzgün tərbiyə, nəzarət etmək bacarığına malik deyilsə, döymək-danlamaqla heçnə əldə edə bilmədikləri halda belə buna davam edirlər. Bunun yerinə uşaq rəftarı ilə bağlı düzgün biliklərə malik insanlara müraciət etmək lazımdır, onlar uzaqda deyil. Hal-hazırda cəmiyyətimizdə ən çox tələbatlardan biri olan uşaq psixoloqlarına müraciət etmək həm uşaq, həm də valideyn üçün daha düzgün bir addımdır. Tez-tez rast gəlinən hallardan biri də, yaşıdları olan evdən qayıdarkən uşaqda ona aid olmayan əşyalar ola bilməsidir. Bu zaman valideyn inanmadığını bildirib araşdırmalıdır, uşağa isə “bilirəm bunlar sənin deyil, ona görə məndə qalacaq” deyib, almaq lazımdır. Yetərli bir müddət edildiyində uşaq bu xasiyyətindən uzaqlaşacaq. Evə qonaq gələrkən, bəzən valideynlərdən əlavə uşaqları da narahat edən bir durum ortaya çıxır. Hazırlıqlar etməyə başı qarışmış ana-ata uşağa “indi işim var, otağına get oyuncağınla oyna!” deyərək ona mane olan bir şəxs kimi rəftar etməməlidir. Belə bir rəftar uşağı qonaqlara qarşı soyuda bilər. Qonağı, anasını ondan ayıran insan kimi görməyə başlayar. Halbuki daha əvvəl də qeyd etdiyim kimi, süfrənin hazırlanmasında, başqa yüngül işlərin icrasında uşağın da köməyindən istifadə edilərsə, həm valideyn, həm də uşaq üçün cansıxıcı bir durum meydana gəlməz. Eləcə də öyrənmənin bir hissəsi həyata keçirilər. Mən, Aytən Cavadzadə 4-cü kurs Psixologiya ixtisası tələbəsi olaraq və Uşaq Psixoloqu olmaq məqsədli araşdırmalarımda, müşahidə etdiyim durumlarda diqqətimi çəkən önəmli saydığım bir mövzuya toxunmaq istədim, bu məqaləmin uşaqlara münasibətlə bağlı daha az bilgilərə, hətta yanlış bilgilərə malik olan valideynləri qismən də olsa doğru istiqamətləndirəcəyinə ümid edirəm… J Aytən Cavadzadə

Həddindən artıq küsəyən, narahat uşaqlar - Təşviş pozuntusu nədir?

Təşviş pozuntuları uşaqlıq döründə demək olar ki, ən çox rast gəlinən ruhi pozuntular içəisində birinci sırada gəlir və statistik məlumatlara görə 8,6- 17,7 % arası rast gəlinmə ehtimalı var. Təşviş pozuntusu olan uşaq daim narahat, təşvişli, gərgin, tez hirslənən və heç cür eahat ola bilməyən uşaqlardır. Belə uşaqlar demək olar ki, hər şeyi fikirləşən, həddindən artıq küsəyən və narahat uşaqlardır. Gündəlik həyatın sıradan hadisələri və ya xəbərlərdə qarşılaşdığı bir qəza xəbəri belə onları qayğılandırıb narahat edə bilər. Təşviş pozuntusu olan uşaqlar özlərinin və ailələrinin və hətta dostlarının təhlükəsizliyi,  sağlamlığı kimi mövzularda həddindən artıq həssas və özlərindən gözlənilənin üstündə məsuliyyət sahibi kimi davranırlar. Bu cür uşaqlar ətrafları tərəfindən yetkin, yaşından böyük davranan, mükəmməlliyyətçi uşaq olaraq tanınır və münasibət görürlər. Bu tip düşüncə və yanaşmalar sıxlıqla uşaqlarda narahat şəxsiyyət xüsusiyyətlərinin ailə və ətraf tərəfindən möhkəmləndirilməsinə gətirib çıxarır.  Təşviş pozuntusu olan uşaqlarda yuxu və diqqət pozuntusu, baş ağrıları, qarın ağrısı kimi müxtəlif fiziki şikayətlər də tez-tez görünür. Təşviş pozuntusu olan uşaqlar həmçinin ailədaxili və ictimai əlaqələrdə, gündəlik həyatda əhəmiyyətli çətinliklər yaşayırlar. Təşviş pozuntuları olan uşaqların demək olar ki, hamısının valideynlərində və ya yaxın qohumlarında bənzər təşviş pozuntuları və şəxsiyyıt xüsusiyyətləri vardır. Valideynlərin təşviş pozuntuları uşaqlara müxtəlif cəhətdən təsir edir. Genetik cəhətdən narahat şəxsiyyət xüsusiyyətləri uşaqlara gen vasitəsilə ötürülməklə, bu cür psixiatrik problemlərə bioloji cəhətdən uyğun olaraq dünyaya gəlməsinə şərait yaradır. Digər tərəfdən narahat valideyn tərəfindən yetişdirilmək uşaqlarda təşviş pozuntularının ortaya çıxmasını asanlaşdırır. Məsələn, uşağının özündən ayrı uzaqlaşmasına və ya ayrı qalmasına icazə verməyən, bu cür vəziyyətlərdə davamlı olaraq həddindən artıq bir qayğı göstərən ananın uşağına verdiyi mesaj, ətraf mühitin etibarsız və təhlükəli olmasıdır. Belə bir uşaqda kökündə ayrılıq qorxusu dayanan təşviş pozuntularının inkişaf riski daha yüksəkdir. Firuzə Qənizadə

Uşaqlara fiziki əngəlli uşaqlarla bağlı necə məlumat verilməlidir?

Əvvəla onu qeyd edim ki, bu bir neçə mərhələli prosesdir. 1. Öncə uşaqlara fərqliliklərdən danışın. İnsanların bir-birindən fərqli olmasını nümunələrlə izah edin. Məsələn: sarı və ya qara saç, uzun və ya qısa boy, dolu və ya arıq, əsmər və ya ağbəniz, zarafatçıl və ya ciddi. Sonra bacarıqların da fərqli ola biləcəyindən. Biri rəsm çəkməyi sevirsə, digəri rəqs etməyi sevir. Biri yemək bişirməyi çox yaxşı bacarırsa digəri gözəl yazılar yazmağı və s. 2. İkinci mərhələdə mütləq hörmət etməyi aşılamalısınız. İzah etməlisiniz ki, insanlar hər necə görünürlərsə, hər nəyi bacarır və ya bacarmırlarsa onlar istəyirlər ki başqaları onları anlasın, hörmət etsin, olduğu kimi qəbul etsin. Məsələn dərslərini sənin kimi yaxşı dərk edə bilməyən bir uşaq istəməz ki, sən ona bacarıqsız deyib təhqir edəsən, ondan uzaqlaşasan. İstəyər ki yanında olasan, ona dəstək olasan. Fikrimcə sən də bunu istəyərdin. 3. Və sonunda izah edin ki bizim ətrafımızda bəzi fərqlilikləri olan insanlar var. Məsələn bir ayağı olmayan və ya danışdıqlarımızı eşitməyən, ya da gözləri görməyən. Onlar hansısa bədən orqanına görə fərqlidirlər. Biz insanlar bütün fərqliliklərimizlə gözəlik və bir-birimizə dəstək olmalıyıq. Əgər uşaqlar sizə gördüyü bir fiziki məhdudiyyəti olan insan haqqında sual versə ona qısa və sadə cümlələrlə izah verin. Əgər fiziki əngəlli şəxs tanışdırsa və özünün də icazəsi varsa şərait yaradın o özü uşağa məlumat versin. Və başqa mövzulardan da müzakirə etsinlər. Söhbət yalnız əngəllər üzərində qurulmasın. Əgər övladınızın bu mövzuda sizi narahat edən yanlış davranışları varsa ona bu mövzunu nağıl şəklində də danışa bilərsiniz. Nağıl zamanı bir gəlincikdən (hər hansısa bir hissəsi olmayan) istifadə etmək təsirli olar. Ümumiyyətlə uşaqların bir hissəsi qırılmış oyuncaqlarını (təbii ki kəsici hissəsi yoxdursa) atmağı məsləhət görmürəm. Onun digər oyuncaqlardan fərqli olduğunu və belə də onunla oynaya biləcəyini öyrədin.  Pedaqoq Lalə Məhərrəmli

Uşaqlarda görülən psixoloji problemlər

Uşaqların yaşadıqları emosional və davranış problemlərinə fokuslanan uşaq terapiyası geniş dairədə psixoloji problemləri əla alan və müxtəlif metodlarla bu problemlərin terapiyasına istiqamətlənən psixoterapiya sahəsidir. Uşaqlar da ən az böyüklər qədər psixoloji problemlərlə üzləşirlər. Böyüklərdən fərqli olaraq uşaqlar problemlərini sadəcə sifahi olaraq ifadə etməzlər. Bu baxımdan uşaqlarla aparılan pxisoterapiyalar sadəcə şifahi metodlarla limitli deyil.Uşaqlarda görülən psixoloji problemlər: A. Emosional PozuntularUşaqlıq depressiyasıDipolyar pozuntuDistimiya (kronik depressiya)Anksiyete (Həyəcan) PozuntularıObsessiv kompulsif pozuntuSosial fobiya (sosial həyəcan pozuntusu)Spesifik fobiyalarPosttravmatik stress pozuntusuPanik atakYuxu ProblemleriSomatoform PozuntularYemə PozuntularıAnoreksiya nevrozaBulimiya nevrozaHəddindən artıq yemə pozuntusuCinsi Şəxsiyyət PozuntularıDiqqət Çatışmazlığı və Hiperaktivlik PozuntusuMəktəblə Bağlı ProblemlərMəktəbə getməməAyrılıq anksiyetesiAkademik problemlərAdaptasiya problemləri Digər Sosial, Emosional və Davranış Problemləri(meduna.az)

Uşaqlar hansı yaşda sosial şəbəkələrdən istifadə etməlidir?

Müasir həyatın bir parçası halına gələn internetin mənfi təsirləri uşaqlardan da yan keçmir. Günümüzdə böyüklərlə yanaşı azyaşlılar da internetin aludəçisinə çevrilirlər. Araşdırmalar göstərir ki, gün keçdikcə sosial şəbəkələrdən (Facebook, Twitter, İnstagram və s.) istifadə edən uşaqların sayında artım müşahidə olunur. Bəs azyaşlıların sosial şəbəkələrdən istifadə etmələri nə dərəcədə doğrudur? Onların uşaqlara hansı müsbət və mənfi təsirləri ola bilər? Uşaqların hansı yaşda sosial mediadan istifadə etməsi düzgündür? Psixoloq Sevinc Baxışova  bildirdi ki, uşaqlara internetdən istifadənin təhlükəli olması kiçik yaşlarda aşılanmalıdır: “Günümüzün uşaqlarının 20-30 il qabaqkı uşaqlarla müqayisəsini aparmaq, onların düşüncə tərzinin eyni olmasını fikirləşmək düzgün olmazdı. İnsan artıq virtual aləmin sakininə çevrilir, reallığını itirir və ailə ilə təmasda ola bilmir. Artıq onun öz dünyası yaranır. Sosial biliklər vasitəsi ilə uşaqlarımız lazımsız informasiyalara sahib olurlar. Mənəviyyatsızlıq, əxlaqsızlıq məsələləri ortaya çıxır, uşaqların tərbiyəsi pozulur. Günümüzdə sosial şəbəkələrin istifadəsi çox dəbdədir. Ancaq istifadə vaxtımıza və məqsədimizə diqqət etmək, uşaqların internetdən isitfadəsinə məhdudiyyət gətirmək lazımdır. Çünki 15 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadə etmələrinə qadağalar qoyulmalıdır. Uşaqlar (qız və ya oğlan fərq etməz) hər cür təhlükə altındadırlar. Xüsusilə kiçik yaşdakı uşaqların doğru qərar vermə mexanizmi inkişaf etməmiş olduğundan bu vəziyyət pis niyyətli insanlar tərəfindən istifadə edilə bilər. Bir çox ailə övladının həddindən artıq internet istifadə etməsindən və orada oyun oynamasından şikayətçidir. Bunun qarşısı kiçik yaşlarında alınmalıdır. Ona görə ki, yetkinlik dövründə problemi həll etmək bir az daha güclü iradə tələb edəcək. Heç bir şeyə ondan asılı olacaq qədər bağlanmayın. Çünki sağlam duyğuların ifadəsi asılılıq deyil”.(bizimyol.info)

Uşaqların inkişafını ləngidən əşyalar

Müasir valideynlərin uşaqların erkən inkişafı uğrunda yarışdığı bir dövrdə biməyərəkdən onların inkişafına mənfi təsir edən vasitələrdən də fəal şəkildə istifadə etməkdədirlər. Ailə və uşaq psixoloqu Olqa Kramareviç maarifləndirmə niyyəti ilə valideyn həyatını müəyyən mənada asanlaşdıran lakin ifrat istifadə zamanı uşaqların inkişafını ləngidən əşyaların qısa siyahısını təqdim edir: 1 yaşından sonra əmzik. Əmmə refleksi körpələrə və uşaqlara təhlükəsizlik və rahatlıq hissini təmin edir. 1 yaşından sonra istənilən narahatlıq zamanı əmziyə əl atan uşaqda gələcəkdə dırnaq yemək, qələm gəmirmək və sair bu kimi xoşagəlməz vərdişlər qazana bilər. Üstəlik daima əmzik vasitəsilə rahatlıq halında olan uşaq inkişaf etmək üçün motivasiyasını itirir. Daim ağızda olan əmzik şübhəsiz ki, danışıq qabiliyyətinin inkişafına da mənfi təsiri göstərir. Yaş yarımından sonra bez. Bədəninin funksiyalarını idarə etməyə başlamaq və onun müvafıq reaksiyasını stimullaşdırmaq üçün uşaqlar müəyyən narahatlıq halında olmalıdır. Bez daim uşağı quru saxladığından, onda yaş olaraq narahatlıq hissinin yaranmasına mane olur və uşağın tezliklə bezdən çıxıb normal tualet vərdişlərində ləngimələr müşahidə olunur. Lakin hər bir uşağın yetişmə məqamı olduğu kimi müəyyən istisnalar da mövcuddur ki, bu halda uşağı məcburən bezdən çıxarmaq üçün ciddi stress yaşatmağa ehtiyac yoxdur. Valideynlərin müəyyən qədər səbrli olmaları gərəkdir. Əyilmiş uşaq qaşığı. Sıyığa, yuyucu vasitələrə və vaxta qənaət etmək etmək istəyən valideynlər sözsüz ki, əyilmiş qaşıqlardan istifadə edə bilərlər. Lakin bu cür qaşıqlar uşağın motorikasının və məsafə hissiyyatının inkişafını əngəlləyir. Xodunok. Yenicə ayaq açmış uşaq üçün faydalı hesab edilən bu vasitə əslində onun yıxılmaq imkanını aradan qaldırmaqla normal inkişafına mane olur. Yıxılmaqla uşaq diz və dirsəkləri ilə döşəməni duyaraq daha tez ətraf mühitinə uyğunlaşacaqdır. Səsli-musiqili interaktiv oyuncaqlar. Müxtəlif sözlər deyən və suallara cavab verən elektron vasitələr əslində uşağın oyun süjetinə məhdudiyyət qoyaraq onun sözlərin mənasına varmadan mexaniki təkrar etməyinə səbəb olacaqdır. 3 yaşından sonra 3 təkərli skuterlər. Əgər valideynlər uşağın tezliklə sərbəst skuter sürməyi öyrənməsini istəyirlərsə o halda müəyyən müddətdən sonra təkərlərin sayını azaltmalıdırlar. Valideynlər unutmamalıdırlar ki, uşağın fiziki inkişafı onun intellektual inkişafı ilə bağlıdır! İstənilən yaşda televizor. Televizorun ziyanı haqda kifayət qədər məlumatlı olmaqlarına baxmayaraq valideynlər ondan yayındırıcı və başaldadıcı vasitə kimi fəal şəkildə istifadə etməkdədirlər. Televizor bütün ziyanları ilə yanaşı uşaqların təhsil və təlimində problemlərin yaranmasına səbəb olur. Məhdudiyyətsiz elektron oyunları. Əgər uşaq vaxt və şərt məhdudiyyəti qoyulmadan elektron oyunlarla oynuyursa, onda müəyyən asılılıqlar yarana bilər. Oyunlara aludə olan uşaqlarda müxtəlif növ psixoloji problemlər müşahidə edilə bilər.(milli.az)

O uşaqlar dərslərini öyrənməkdə çətinlik çəkirlər: necə kömək edək?

Disleksiya haqda valideynlərin ən çox verdiyi suallar və onların cavabları barədə məqaləni təqdim edirik: Əziz valideynlər, siz belə ifadələri tez-tez eşidirsiniz və deyirsiniz - "Mənim uşağım hərfləri tanımır. Öyrədirəm, yaddan çıxarır" və ya "hərfləri bilir, amma oxuya bilmir", "oxuya bilir, amma oxumaq istəmir". Bu, disleksiyadır. Disleksiya nədir? İnsan dünyaya gəldiyi andan etibarən yaşamının hər anına uyğun müəyyən fəaliyyətləri yerinə yetirir; iməkləyir, yeriyir, danışır, oyun oynayır, məktəbə gedir və s. Bütün bunlar hər bir ata və ananın öz övladlarından gözlədiyi normal fəaliyyətlərdir. Lakin bəzi uşaqlarda bu adi hesab etdiyimiz fəaliyyətlərin yerinə yetirilməsi daha gec bir zamanda baş verir. Bu da onlarda disleksiya adlanan öyrənmə pozuntusunun olduğunu göstərir. Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması və istifadəsi zamanı yaranan çətinliklərlə özünü göstərən öyrənmə pozuntusudur.Disleksiya ilə bağlı valideynləri ən çox narahat edən SUALLAR:1. Mənim uşağım disleksiyadır, növbədə məni nə gözləyir?2. Mən uşağıma necə dəstək göstərə bilərəm?3. Uşağımı başqa mütəxəssisə aparmalıyammı?4. Uşağım oxumağı, yazmağı, riyazi hesablamaları bacarmağı necə tez öyrənə bilər?5. Evdə öyrətmək üçün tapşırıq olaraq nəyi necə işləyim?6. Uşağımın diqqətini necə toplaya bilərəm?7. Mən uşağımın inkişafı ilə bağlı məktəbdə (bağçada) müəllimələrdən nə soruşmalıyam?8. Mən uşağıma necə izah edim kişi/qadını?9. Mənim uşağım oxuya biləcəkmi, məktəbə gedə biləcəkmi?10. Universitetdə oxuya biləcəkmi?CAVABLAR:1. Bunun üçün disleksiya ilə bağlı araşdırmalar aparın, məlumatlanın.2. Uşağınızın şikayətlərinə, qorxularına, narahatlıqlarına hər zaman qulaq asın. Onunla danışın. Empati qurun. Onun kimi düşünməyə çalışın. Hər zaman pozitiv olun. Oyunla kömək etməyə çalışın. Çünki OYUNLA TƏLİM bizim beynimizdə öyrənmənin ən sevimli yoludur.3. Bu cür uşaqlara kompleks yanaşma önəmlidir. Məhz elə buna görə də loqoped, psixoloq, pedaqoqa, idman məşğələlərinə yazılmaq məsləhətdir.4. Bu, uşağın inkişaf göstəricisinə görə nəzərə alınacaq amillərdəndir. Nə qədər tez aşkar edilib, üzərinə düşülsə, erkən müdaxilə ilə daha çox müsbət nəticə əldə etmək olar.5. Valideynlər öz uşaqları üçün ən yaxşı müəllim və müəllimədirlər. Çünki onlar öz uşaqlarını başqalarına nisbətən daha yaxşı bilir və daha çox sevirlər. ƏN YAXŞI MÜƏLLİM valideynlərin özləridir. Ona görə də ən əsası evdə uşağınız üçün vaxt cədvəli qurun. Səhər oyanması, diş yuması, dərs etməsi və s. öncədən planlaşdırın.6. Bunun üçün dərs keçəcəyiniz yeri elə seçməlisiniz ki, diqqəti dağıdacaq əşya çox olmasın. Və yaxşı olardı ki, tapşırığı 20 dəqiqəlik fasilə ilə işləyəsiniz. Arada fasilə verərək, sevdiyi bir əşya ilə oyun qurmaq uşağı dərsi öyrənməyə motivasiya edəcək.7. Uşağın müəlliməsi ilə görüşəndə problemi ilə bağlı onu məlumatlandırın. Çünki müəllimin məlumatlı olması uşağın tərəqqisi üçün önəmli meyardır.8. Uşağın başa düşməsi və anlaması artdıqca bunu izah etmək asanlaşacaq.9. Bəli, məktəbə gedə bilir. (məktəbə gedən, məktəbdə oxuyan disleksiyalı pasientlərim çoxdur) Sadəcə dərs müddətində sinif yoldaşlarından geri qalmamaları üçün onlara əlavə müəllim dəstəyi vacibdir.10. Əgər mütəmadi dəstək olunsa, istər ailə, istərsə də oxumağı ilə bağlı üstün nəticələr əldə edə bilər. Çünki istər Azərbaycanda, istər xarici ölkələrdə dislektik uşaqlarla bağlı araşdırmalar apardığım zaman onların uğurlarıyla bağlı müsbət məlumatlara çox rast gəlmişəm. Məhz bunları eşidib görmək biz mütəxəssislərə onu deməyə əsas verir ki, dislektik uşaqlar uğura çata bilərlər. Loqoped Bəsirə Pənciyeva

Uşaq qınaqla böyüyərsə...Doğru bildiyimiz yalnışlar

Əgər bir uşaq danlaq və qınaqla böyüyərsə danlamağı və qınamağı öyrənər. Əgər bir uşaq, uşaqlığını məsxərəyə qoyulub alçaldılmaqla keçirirsə sıxılıb utanmağı öyrənir.  Əgər bir uşaq kim küdurət mühitində böyüyərsə dava-dalaş salmağı öyrənər. Əgər bir uşaq qorxu içərisində yaşayırsa narahat olmağı öyrənər. Əgər bir uşağa daima utanc hissi aşılanırsa özünü günahlandırmağı öyrənər. Əgər bir uşaq daima həvəsləndirilib, cəsarətləndirilirsə özünə inanamağı öyrənir. NUPM-nin psixoloqlu Çinarə Muradova

Məktəb dəyişdirməyin uşaqlara təsiri

Mütəxəssislər məcbur olmadıqca məktəb dəyişikliyinin düzgün olmadığını, sosial ortama adaptasiyanın  çətin olacağını bildiriblər. Bu barədə türkiyəli psixoloq Esma Uygun, uşaqların məktəb dəyişiklikləri zamanı çəkdiyi problemlərdən danışıb. Bu məqamda uşaqların əsəb sistemi pozula bilər. Adaptasiya müddətində dəstək olmalıdır. Sinfə daxil olan şagirdin özünü tanıtdırması, özünü qəbul etdirməsii, qruplara daxil olmaq ona çətin gələ bilər. Sosial əksikliyi olan uşaqlar üçün  bu daha da çətin ola bilər. Bu səbəbdən məcbur qalmadıqca uşağın məktəbi dəyişdirilməməlidir. Valideynlər uşaqları ilə münasibət qurmalıdırlar. Onların sıxıntılarını dinləməli, birlikdə həll yollarını düşünməlidirlər. Ən əsası isə uşaqları ilə dost olmalıdırlar. Sıxıntıların yarandığı təqdirdə isə mütəxəssisə müraciət etmək tövsiyə edilir. Psixoloqlar adaptasiya üçün zamana ehtiyacın olduğunu bildirirlər.(hekimtap)