Evlilikdə münasibəti necə qorumalı? - Sorğunun nəticələri

Xoşbəxt evlilik yaşamağa həvəsləndirirsə, bədbəxt evlilik stress yaradır. Bəs, evlilikdə xoşbəxtliyi necə qorumaq olar? İnsanlar arasında aparılan sorğunun nəticələrini təqdim edirik: Mütləq həftədə bir dəfə özünüzə vaxt ayırın və birlikdə nəsə edin. Məsələn, evdən çıxın və birlikdə şam edin. Yaxud kinoya baxmağa gedin. Bu, baş-başa qalmağınız üçün bir fürsətdir. Tez-tez yeni bir şeylər kəşf edin. Məsələn, həftə sonları və ya tətildə eyni yerə getməyin. Daha əvvəl getməyiniz yerə gedin və ya etmədiyiniz bir şeyi edin. Bununla birlikdə stressi atmış olarsınız və yeni nəsə öyrənərsiniz. Həyat yoldaşınızın dostları ilə, iş yoldaşları ilə tanış olun. Axşam birlikdə olanda gün ərzində nə yaşadığınızı, xoşbəxtliyinizi, problemləri paylaşın. Uşaqlarınızın varsa, onların da tərbiyəsi ilə birlikdə məşğul olun. Bu şəkildə həyatınızdakı stress azalmış olar. Bir-birinizlə zafatlar edin. Həyatdan və bir-birinizdən zövq alın. Problemlərin həyatınıza daxil olmasına yol verməyin.

Xoşbəxtlik qorxusu nədir? - Səbəb olan amillər

Xoşbəxtlik və qorxu – bir-birinin əksi olan bu iki söz birləşib sanki bir ahəng yaradıb. Görəsən biz qorxu hissi olmadan sadəcə xoşbəxt ola bilmərikmi? Xoşbəxtlik – pozitiv və xoş emosiyalar ilə xarakterizə olunan zehni bir vəziyyətdir. Xoşbəxtlik –bəşəriyyətdəki bütün insanların çatmaq istədiyi son nöqtədir, o nöqtə ki, insan özünü sanki buludların üzərində hiss edir. Bu zaman ortaya qorxu sözü daxil olur və sanki insan buludların üstündən bir anda yerə düşür. Ona görə də çox vaxt insan xoşbəxt olduğu zaman sanki bu xoşbəxtlikdən qorxur və hətta ətrafındakılar da onun bu qorxusunu dəstəkləyir “çox sevinmə”, “bugünün sabahı var” kimi sözlərlə insanın ümidlərini daha da qırırlar. Hətta bəzi mədəniyyətlərdə insanlar işləri yaxşı getdiyində, özlərini xoşbəxt hiss etdiklərində çox qorxurlar, onlar xoşbəxtliyi günah hissi, abırsızlıq və mənəvi tənəzzül kimi anlayışlarla əlaqələndirirlər. Bəzi insanlar düşünə bilər ki, onlar qorxmur sadəcə xoşbəxtdirlər və bu hissə sahiblənmək istəyirlər. Amma bilmirlər ki, əslində var olanların içində ən dəyərlisi sahib ola bilmədiklərimizdir. Xoşbəxtliyə sahib ola bilmərik, sadəcə o qapımızı döydüyü zaman onu qəbul edib, hər gələn qonaq kimi onu da yola salmağı bacarmalıyıq. Biz pis hadisələrlə qarşılaşdıqda, pis insanlarla üzləşdikdə və ya sevdiyimiz birini itirdikdə daim həyatı pisləyirik. Xoşbəxt olmadığımız zamanda yenə günahı həyatın üzərinə atırıq. Axı həyat oğrudur, bizim xoşbəxtlik hissimizi əlimizdən alır. İnsanlar bu cür düşüncələrlə xoşbəxtlik hissini özləri də bilmədən uzaqlaşdırırlar. Çünki insan daim nəyisə fikirləşirsə sanki kainat o düşüncəni insanın həyatına əks etdirir. Əgər bir xoşbəxtliyin içində qorxu varsa, onu xoşbəxtlik adlandıra bilmərik, çünki biz ya xoşbəxt ola bilərik, ya da qorxa bilərik. Buna misallarla belə aydınlıq gətirmək olar: Xoşbəxt olmaq daima kimisə xoşbəxt etməyə çalışmaq, daima basqalarını düşünmək, qazandığın maaşın son qəpiyini də kimin üçünsə xərcləmək deyil, bu xoşbəxtlikdən qorxmaqdır.Xoşbəxt olmaq daima səni incidən insanlara hörmət əlaməti olaraq heç bir söz deməmək, susub sakitcə dayanmaq deyil, bu xoşbəxtlikdən qorxmaqdır.Başqalarına zərər verməmək üçün sakitcə öz həyatını yaşamaqla xoşbəxt olduğunu düşünürsənsə yanılırsan, bu xoşbəxt olmaqdan qorxmaq deməkdir. Öz haqqlarını qoruya bilmirsənsə, başım dinc olsun devizinə sığınırsansa sən xoşbəxt deyilsən, xoşbəxtlikdən qorxursan. Çünki yeri gəldiyində insanların qarşısına çıxıb öz haqqlarını qorumalısan, sən bu cur xoşbəxt olduğunu göstərməlisən. Əslində bizim problemimiz xoşbəxtliyin nə olduğunu bilməməyimizdir. Biz sadəcə onun arxasıyca qaçırıq, ona sahiblənmək istəyirik və onu tapdığımızı sanıb itirməkdən qorxuruq. Xoşbəxtlik sadəcə bir andır, olur və bitir. Ona görə də çalışmalıyıq o anın nəbzini tutaq. Nə olursa olsun, hətta ən pis günümüzdə belə, gülümsəməyə bir səbəb tapaq. Çünki bu həyat bizə yalnız bir dəfə verilir, ikinci şansımız yoxdur… Xədicə Aşurova

Ailə terapiyasını vacib edən məqamlar

Ailə terapiyasi problemlərə, ailə üzvlərinin fərdi problemləri olaraq deyil, ailə sisteminin bir problemi olaraq baxar. Terapiyaya  ailənin tək bir üzvü  gətirilərsə  terapiyanın  mərkəz nöqtəsi  ailə sistemidir. Terapiyanın hədəfi, ailə içindəki tək bir fərdin dəyişimi deyil, daha çox ailənin quruluşu və  ailə  daxilindəki fərdlərin bir-birləriylə ünsiyyət formalarının  dəyişdirilməsidir. Hər ailənin problemi başa düşmə şəkli ayrıdır. Bir ailə üçün problem olaraq görünən bir vəziyyət digər bir ailə üçün problem  təşkil etmeyə bilər. Hər ailənin sakit  bir yaşam üçün ehtiyac duyduğu şeylər bir-birindən fərqlidir. Ailə terapiyasında nələr olur? Terapevt və  ya psixoloq, ilk seansda terapiyanın məqsədini  ailə üzvlərilə  birlikdə ortaya qoyar. Ana, ata və lazım gələrsə  uşaqlar məsuliyyətlərini  bildirir. Ailə şüuru  üzərində dayanılaraq, ailə üzvlərindən bir-birlərinin ehtiyacları üzərində dayanılmağının  vacibliyi vurğulanır. Ailə üzvləri açıq və dürüst bir qarşılıqlı içində tapılaraq, günahlandırılmalardan qaçan, ilk öncə  bir-birini başa düşməyə yönelik bir tərz mənimsənilməyə yönləndirilir. Terapiyada gizlilik əsasdır.Başqa cür desək, terapevt ailə  üzvlərindən biri ilə edəcəyi  görüşməni o üzvün icazəsi olmadıqca bir başqası ilə  paylaşmaz. Terapiyanın məqsədi  ailə üzvlərinin davranışlarını daha  müsbət etmək ,üzvləri  arasındakı qarşlıqlı inkişaf elətdirmək  ve problemlərə qalıcı və daimi  həll yolları tapmaq olduğu üçün, terapevt bəzi texnikalar istifadə edir. Terapiya müddətində  ailə üzvlərinin bir çox  ev tapşırıqları  olacaqdır. Hər hansi bir seans sonunda terapevt tərəfindən üzvlərə bir sonrakı seansa qədər  edilməli olacaq ev tapşırıqları verilə bilər. Terapevtin ən önəmli funksiyalarından biri də, emosional partlayışı təmin etməsi  və üzvlər arasındakı bitməmiş  işlərə konsentrasiya olub, üzvlərin bir-birləri haqqındakı mənfi münasibət və duyğularını ifadə etmələri, bir-birlərinə qarşı anlayış inkişaf etdirmələrinə  komək etməsidir. Ailə üzvləri arasında daha  çox yaxınlaşma, işbirliyi və duyğusal paylaşım təin olunmuşsa  terapiya  məqsədinə çatmış  sayılır. Ailə terapiyasının məqsədi; insanlararası münasibəti  işığında narahatlıq və  konfliktlərin aradan qaldırılması, dərkin, özgüvənin artırılması  və  digər duyğusal gərginliklər üçün ailə üzvlərilə işbirliyi qurulması, daxili və xarici  krizlərə qarşı ailənin dözümlülüyünün  artırılması, nesillər arası münasibətlərin  artırılması, düzəldilməsi, ailəni sağlam münasibət qurmağa yönəltməkdir. Ailə terapiyası nə  zaman vacibdir? Ailənin təməl  ehtiyaclarının ödənmirsə  ehtiyacları ödənməz ve güvənli,xoşbəxt bir ailə mühiti yaradılmırsa,deməli ailədəki balanslar pozulur. Ailənin əsas ehtiyacları nələrdir? 1. Dəyərli olmaq duyğsu: Ailədə  fikirləri önəmsənilən, sevildiyi hissetdirilən fərdlər mən dəyərliyəm duyğusu yaşayar  və özünü təsdiqləmək üçün artıq davranışlar etməzlər. 2. Güvəniləcək  Mühit: Ailədəki fərdlər  kənardan gələcək   təhlükələrə qarşı təhlükəsiz  olduqlarını hissetməlidirlər. 3.Yaxınlıq və həmrəklik duyğusu: Güvən duyğusunu bir-birlərinə hissetdirəbilən ailə üzvlərinin varlığı insanları xarici dünyanın çətinlik  və  qayğılarından qurtarır. Ailə daxilində  yaxınlıq və həmrəylik təmin edən bir sistemə aid ailə üzvləri, ətrafıyla de yaxın əlaqələr qura bilər. 4. Məsuliyyət duyğusu: Bütün  ailə fərdləri  muəyyən yaşlarda müəyyən məsuliyyətlərə sahibdir.Uşaqlara gender ayrı-seçkiliyinə görə deyil, inkişaf səviyyəsinə görə vəzifələr verilməlidir. 5. Çətinliklərin öhdəsindən gəlmək :  Hər fərdin öz-özünə və ya ailə üzvlərindən dəstək alaraq həll edə biləcəyi problemləri ola bilər. Uşaqlar da çətinliklərin öhdəsindən  tək başına  gəlməyi öyrənməlidirlər. 6. Xoşbəxtlik və özünü reallaşdırma mühiti: bu mərhələdə fərdlər qiymətli olduqları duyğusunu yaşayarlar və etdikləri fəaliyyətlərdən doyum təmin edərlər. 7. Mənəvi həyatın təməllərini meydana gətirmə: Qatı qaydaların, cezalandırıcılığın olmadığı ailə mühitlərində fərdlər öz daxili dünyalarını araşdırıb kəşf imkanı taparlar. Bu vəziyyət, ailə içində özüylə barışıq , qüvvətli və hörmətli fərdlər yetişməsinə köməkçi olar. Ailə terapiyası simptom göstərən fərdin hər probleminə cavab verməz. Lazımlı olduğu vəziyyətlər ; müalicə üçün gələn fərd bir ailə sistemi içində iştirak edirsə və ya ailə ilə əlaqələri davam edirsə, var olan Ya da ortaya çıxan problemlər ailə sistemini təsir edirsə ailə terapiyasına müraciət edilə bilər. Ibrahimova Aydan 

“Mən niyə zəng edirəm, o etsin” - İnsan içindəki cinlərdən necə qurtulmalı

İnsanlar sosiallaşsa da, real həyatda münasibət qurmaq, o münasibəti davam etdirmək gənclərin aktual probleminə çevrilib. "Nəsə olur və mən nə olduğunu bilmirəm, lakin münasibətim bitir”, "Münasibətə başlaya bilmirəm”, "Bəzən hər şey yolunda gedir, lakin anidən baxıram ki, münasibətimin altı üstünə gəlib və bitib” kimi suallarla psixoloqlara müraciət edənlərin sayı getdikcə artır. Bəziləri uçun bu vəziyyət kəskin ruh düşkünlüyinə, depressiyaya yol açır. Bir qisim insanlar isə bu ruh halını qeyri-real qüvvələrə bağlayır, özləninin arzulamadığı duruma düşmələrini, istəmədiyi addımları atmalarını "cinlərim gəlmişdi” ifadəsi ilə izah etməyə çalışırlar. Bəs bu halın, gənclərin "cin”lərinin tibbi adı nədir? Türkiyənin uzman psixoloqu Özləm Ataoğlu bununla bağlı maraqlı yazı ilə çıxış edib. Psixoloq.az həmin yazını təqdim edir: Həmin ruh halı gəldikdə yaşadığımız ilk hiss rəddedilmə qorxusu olur. Bu, əlbəttə quracağımız münasibətləri kasadlaşdıran, bizi hərəkətə keçməyə qoymayan, rədd edildikdə daxildən bizi cəzalandıracaq bir səs eşidilməsindən qaynaqlanan qorxudur ki, həm də irəli getməyimizə mane olur. "Yox cavabı alıb, özünü biabır edəcəyinə, otur oturduğun yerdə” deyən bu səs bizim bəlkə də həyatımızın fürsətlərini qaçırmağımıza səbəb olub. Bu, həm də özüylə sonrakı peşmançılıq hissini də gətirir. Digər səbəb isə hövsələsiz davranmağımızdır. Bu, adətən şübhə duyğusu ilə müşayiət olunur. Qarşımızdakı şəxslə münasibətlərin dərinliyi yaşamaq yerinə, onun niyyətini anlamağa çalışırıq, nişan alıb hər an tətiyi çəkməyə hazır vəziyyətdə yaşayırıq. Onun düşüncələri gözləntilərimiz və istəklərimizlə uyğun gəlmirsə, bəri başdan söyləməsini istəyirik, vəziyyət də budursa münasibətə başlamamağı seçirik. Halbuki münasibət müddətində qarşı tərəfin fikirləri, düşüncələri dəyişə bilər. Bu vəziyyətdə səbirsizlik qorxuyla paralel olur – rədd edilməkdən, tərk edilməkdən, yaxud münasibətin bitməsindən qorxuruq. Belə olduqda insan münasibəti planlı yaşamağa başlayır. Onu nə qədər istədiyimizi gizlətmək, o zəng etmədən ona zəng etməmək, görüşə kimi özümüzü ələ verməmək... Bunların hamısı "münasibət kodları”na görə bizim əleyhimizə işləyir. Halbuki dürüst rəftar bizim həqiqi və gözəl bir münasibət qurmağımıza kömək edə bilər. Münasibətlərin təməlində bir şey dayanır: hər şeyi qəlizləşdirməmək, duyğularımızın məsuliyyətini dərk edib kontrol hissini boş buraxmaq, yaşanacaq hər cür ssenarinin mümkünlüyünü və qəbul etməyin o qədər də çətin olmadığını dərk etmək, bu məsələdə qarşı tərəflə həmfikir olmaq və anı yaşamaq. Ancaq və ancaq bunun sayəsində düzgün münasibət qura və onu davam etdirə bilərsiniz.(medicina.az)

Tək qala bilərsiniz - Günün ulduz falı, 22 sentyabr

Qoç - yaxın gələcəklə bağlı planlar qurarkən tələskənliyə yol verməyin. İndinin özündəki vəziyyət tam aydın deyilsə, qərarlar çiy və natamam təsir bağışlaya bilər. Məhsuldarlığın, gördüyünüz işin effektinin azalmaması üçün diqqətli davranın. Problemlərin çoxluğu sizdə bədgümanlıq hissi yaratmamalıdır. Günün ikinci yarısında şansı əldən verməyin. Sirlərinizi faş etməyin. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə hədləri müəyyənləşdirin. Dost hesab etdiyiniz insanın əməli sizi təəssüfləndirə bilər. Axşam saatlarında stressdən qurtulmağın yollarını arayın. Buğa - günün ilk yarısı problemlər situasiyanın gərginləşməsini vəd edir. Maneələri dəf etmək üçün maksimum səviyyədə çalışmağa hazır olun. Xərcləriniz nəzərdə tutduğunuzdan artıq ola bilər. Bədxərclik etməyin. Günün ikinci yarısında hadisələrin nəzərdə tutduğunuz ssenari üzrə inkişaf etməməsi sizi pərişan etməməlidir. Önəm verdiyiniz insanın sevincini paylaşmağı unutmayın. Hisslərinizi aşkarlamayın, izhar etməyin. Axşam saatlarında yetərincə istirahət etməlisiniz. Əkizlər - günün ilk yarısında fəaliyyət tempini qorumaq üçün aktiv çalışın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirmək üçün bütün vasitələrdən yararlanmağa can atmayın. Qaydaları pozmayın. Məntiqli olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri sərinləşdirməyin. Emosiyalara qapılmayın. Dəyər verdiyiniz insanların maraqlarını mütləq şəkildə nəzərə alın. Əks təqdirdə axşam saatlarına yaxın, ümümiyyətlə, tək qala bilərsiniz. Xərçəng - birgə fəaliyyət, fikir mübadiləsi önəmli məsələlərdir. Problemləriniz və çətinliklərinizlə bağlı inandığınız insana, tərəfdaşa xəbər verə bilərsiniz. Mənasız söhbətlərə qatılmayın. İlk baxışda yaranan təəssürat sizi yanıltmasın. Günün ikinci yarısında müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi başqalarının istəyinə qurban verməyin. Qeyri-ciddi insanlarla mükalimələrdən effekt gözləməyin. Axşam saatlarında normal istirahət edin. Şir - formada olmağa can atın. Planlaşdırılmamış görüşlər, spontan təmaslar istisna deyil. Danışıqlar və müzakirələr nəzərdə tutduğunuz müddətdən artıq çəkə bilər. Yeni işə başlamazdan əvvəl maliyyə resurslarınız və imkanlarınızın gərəkli səviyyədə olduğunu yoxlayın. Günün ikinci yarısında ehtiyatlı, sayıq olun. Düşünülməmiş addımlar atmayın. Yaxın ətrafınızdakı insanları vədlərinə və şirnikləndirici təkliflərinə çox aldanmayın. Sizi aldatmağa, tələyə salmağa can atanlar var. Axşam saatlarında gəzintiyə çıxın. Qız - avantüralara aldanmayın, riskli işlərə başlamayın. Tərəfdaş və şəriklərlərlə yeni laiyhələrə başlamaq olar. Emosiyaların təsiri altına düşərək düşünülməmiş addımlar atmayın. Soyuqqanlı və məntiqli davranın. Günün ikinci yarısında səlis davranın, başqalarının hərəkətlərinə diqqət yetirin. Tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Axşam saatlarını evdən kənarda keçirməyə hazır olun. Xərclər arta bilər. Əyləncə və istirahət zamanı deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv çalışın. Tərəzi - günün ilk yarısında insanların gur olduqları məkanlara yollanmayın. Sevdiyiniz, daha doğrusu, yaxşı bacardığınız işlərlə məşğul olun. Əyləncə və istirahət planlarınızı bir qədər təxirə salın. Günün ikinci yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün effektiv vasitələrə əl atın. Köhnə metodlardan yararlanmaq istəyiniz gözlənlən effekti verməyəcək. Axşam saatlarına yaxın normal istirahət etməyə çalışın. Maliyyə imkanlarınızı dəqiq qiymətləndirin. Real resurslardan yararlanın. Əqrəb - günün ilk yarısında vəziyyət stabillik və sakitlikdən çox uzaqdır. Əlavə işlər, qəfil tapşırıqlar olacaq. Səlahiyyət dairənizə bilavasitə daxil olmayan işləri həvalə etsələr, yaxşıca düşünün. Birgə çalışacağınız insanları yoxlayın, təftiş edin. Vədlər verməzdən və ya sənədləri imzalamazdan əvvəl situasiyanı təhlil edin, təklifi araşdırın. Günün ikinci yarısında yeni layihəni ertələyin. Vəziyyət kimin dost, kimin xoş münasibətə dəyməyən şəxs olduğunu göstərəcək. Əsəblərin gərilməsi yuxusuzluq yarada bilər. Oxatan - günün ilk yarısında hisslərə qapılmayın. Adi günlərdən fərqli davranış nümayiş etdirməyin. Özünüzə qapanmayın. Cari məsələlərin həlli, rutin işlərin görülməsi ilə məşğul olun. Yaxın ətrafınızdakı insanlardan birinin dediklərii xətrinizə dəyə bilər. Günün ikinci yarısında ani çətinliklərə hədən artıq önəm verməyin. Yaxın ətrafınızdakı insanlarla qısamüddətli anlaşılmazlıq yarana bilər. Bilin ki, istənilən maneəni dəf edə bilərsiniz. Sədləri dəf edin. Əzmli və qətiyyətli olun. Oğlaq - günün ilk yarısı genişmiqyaslı laiyhələrin həyata keçirilməsi üçün əlverişli deyil. Bəzi məsələləri təxirə salmaq gərəkdir. Cari məsələlərin həlli ilə məşğul olun. Məqsəd və hədəfləri təftiş etmək olar. Günün ikinci yarısında dostlarla təmaslarda səmimi, amma diqqətli davranın. Onların hisslərini, istəklərini anlamağa çalışın. Yeni qüvvə, enerji istisna deyil. Maraqlandığınız məsələnin reallaşdırılmasına başlaya bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın. Dolça - çoxdan bəri yığılan işlər, hisslər və emosiyalarda güclü irəliləyiş olacaq. Hissləriniz dayanıqlı deyil.Kənar təsir planlarınızı alt-üst edə bilər. Qəfil addım, etiraf, yaxın insanla mühüm söhbət ola bilər. Ətrafınızdakı insanların qayğısına qalın.Əlavə işlərlə ifrat dərəcədə məşğul olmayın. İkinci dərəcəli işləri təxirə salın.Gözlənilməz hadisə, emosiyaların partlayışı gərginliyin kritik həddə çatdığını göstərir.İşlərin intensivliyini bir qədər azaldın. Təhlükəli dönəmdə diqqətli davranın. Balıqlar - günün ilk yarısından etibarən fəaliyyətinizə kənar təsirlər olacaq. Bir sıra amilləri mütləq şəkildə nəzərə almalısınız. Mütəhərrik olun, çevik davranın. Eyni vaxtda bir neçə işlə məşğul olmalısınız. Günün ikinci yarısında seçimdə yanılmayın. Yazışmalarda passiv davranmayın. Sənədləşdirmədə kobud səhvlərə yol verməyin. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin. İstəklərinizi hər şeydən üstün tutmayın. Kənardan təzyiqlərə boyun əyməyin.  Milli.Az

Kişilər nə üçün yaşca özlərindən böyük qadınlarla evlənir?

Xüsusilə son illər gənc oğlanların özlərindən yaşca çox böyük qadınlarla evlənməsi halları artıb. Amma cəmiyyətin bu cür hallara münasibəti birmənalı deyil. Əksəriyyət belə münasibəti hələ də qəbul edə bilmir. Çoxlarının fikrincə, kişi evlənəcəyi xanımdan yaşca böyük olmalıdır. Bəs əslində doğru hal hansıdır? Niyə oğlanlar özlərindən yaşca böyük qadınlarla ailə qururlar? Daha çox hansı xasiyyətli oğlanlar bu cür addım atır? Psixoloq Səbinə Bayramova açıqlamasında məsələnin psixoloji məqamlarına aydınlıq gətirib. Bioloji yaşla psixoloji yaş həmişə üst-üstə düşmür Psixoloqun sözlərinə görə, ümumiyyətlə, cəmiyyətdə yayılmış bir fikir var ki, kişi qadından bir neçə yaş böyük olmalıdır. Əslində isə evlilik psixologiyasında daha çox psixoloji yaş önəmlidir: “Bəzi cütlüklər arasında bir neçə yaş, bəzilərində isə 8-10 yaşa qədər olur. Əslində isə evlilik psixologiyasında, daha çox psixoloji yaşın önəmindən söhbət aça bilərik. Çünki bioloji yaşla psixoloji yaş həmişə üst-üstə düşmür. Evlənəcək şəxslərin psixoloji özəlliklərini müəyyənləşdirən isə bioloji yaş deyil. Onların yetişmə tərzi, təhsil vəziyyəti, yetişdiyi ailə, ortamdır”. “Böyümək” psixoloji yetkinlik demək deyil Mütəxəssis deyir ki, evlilikdə şəxslərin bioloji yaşı yox, psixoloji yaşı əsas rol oynayır: “Məsələn, eyni yaşda olan cütlüklərin birinin uşaq xarakterli, digərinin daha yetkin şəxsiyyətə sahib olduğunu tez-tez görürük. Bu da əlbəttə, münasibətin, evliliyin hüzurlu davam etməsinə mane ola biləcək özəlliklərdəndir. Cəmiyyətimizin gəldiyi bir qənaət var ki, insan yaşa dolduqca bu yaşlılıq onun yetkinliyinin göstəricisidir. Amma bu yanaşma heç də doğru hesab olunmur. Çünki “böyümək” heç də psixoloji yetkinliyi öz bərabərində gətirmir”. Bu tip oğlanlar anasız qərar verə bilmirlər S.Babayeva qeyd edir ki, oğlanların özlərindən yaşca böyük qadınla evlənmək istəmələri şüuraltı olaraq oğlanın anasının göstərdiyi qayğını həmin qadında axtarması ilə bağlıdır: “Bəzən analar fəxr ilə deyirlər ki, oğlu anasından asılıdır, anasız qərar vermir. Amma bu, heç də fəxr olunası bir durum deyil. Hazırda mütəxəssislər, psixoloqlar 15 yaşlı yeniyetmə oğlanın anasından hədsiz dərəcədə asılı olmasını yaxşı hal kimi dəyərləndirmirlər. Bu, ana üçün qürur, fəxr, xoşbəxtlik sayılmamalıdır. Çünki həmin oğul 20-30 yaşa çatanda 40 yaşlı qadını sevməyə maraq göstərə bilər. Yaxud azyaşlı uşaq orta məktəbdə müəlliməsini sevməyə başlaya bilər. Bu da platonik məhəbbət hesab olunur. Çünki bizim cəmiyyətdə sosial, ictimai qınaq olduğuna görə, xanımlar özlərindən yaşca kiçik oğlanlarla sevgi yaşamaqdan qaçırlar, istəsələr də yaşamırlar bunu. Buna görə də elə həmin oğlanların özü də bundan məyus ola bilərlər. Bunu analar nəzərə almalıdır. Son zamanlar özlərindən yaşca böyük qadınlarla evlənən oğlanların sayı az deyil və əvvəlki illərə nisbətən artır. Bu hal dediyim kimi, daha çox analarla bağlıdır. Bu tip oğlanların ürəyində ana sevgisi hədsiz olur. O sevgi nə qədər güclüdürsə, özündən böyük qadınlara da meyl o qədər artır. Bir ana oğlunu həddindən artıq özündən asılı edirsə, o, anasına düşkün olur. Həmin oğlan sevdiyi insana da bu cür bağlanmağa başlayır. Adətən də yaşı yuxarı qadınlara maraq göstərməyə başlayırlar”. Evlənəcəkləri qadının yaşlı və zəngin olmasını istəyirlər Psixoloq məlumat verir ki, ərköyün böyüdülən, daha çox rahatlığa alışan oğlan övladlarında da bu hala çox rast gəlinir: “Valideynlərinin hesabına həyat tərzi keçirən oğlanlarda problemlər olur və tələblərdən dolayı gələcəkdə pul qazanmaqda əziyyət çəkirlər. Belə oğlanlar düşünür ki, evlənəcəyi qadının yaşlı, kifayət qədər də zəngin biri olması onlar üçün sanki ata-ana rolunu əvəz edə, maddi problemlərini həll edə bilər. Bunları ətraflı düşünüb qərar verəndə məhz belə bir xanım seçirlər”. Kişi qadından 4-5 yaş böyük olmalıdır  “Evlilikdə oğlanların qızlardan böyük olması mütləqdirmi?” sualını cavablandıran mütəxəssis deyir ki, bunu qanun kimi qəbul etmək doğru deyil: “Mütləq oğlanlar qızlardan böyük olmalıdır, qızlar kiçik olmalıdır deyə bir qanun yoxdur. Amma çox zaman bu, tövsiyə olunur. Bu da qadınlarda 35 yaşdan sonra klimaksın baş verdiyini, kişilərdən daha tez yetişdiyini, yəni bioloji yaşını nəzərə alaraq tövsiyə edilir. Qadının bioloji baxımdan kişidən tez inkişaf etdiyini nəzərə alsaq, evlilik məqamında qadının kişidən yaşca az olması daha məqsədəuyğundur. İdeal yaş fərqi isə kişinin qadından 4-5 yaş böyük olmasıdır. Amma psixoloji yaşla intellekt üst-üstə düşürsə, qadının kişidən böyük olmasında ciddi problem olmaz”. Evlilikdə 10 il sonranı belə düşünərək addım atılmalıdır “Bəzən olur ki, özündən yaşlı qadınla ailə quran cütlüyün müəyyən problemləri ortaya çıxır. Bir-birini sevə, aşiq ola bilərlər, amma məsələ ciddiyyətə gələndə evlənəndən sonra qadın da kişidən hansısa diqqəti, qayğını, nəzakəti istəyər. Lakin oğlan daha ərköyün, kiçik olduğu üçün qayğını, sevgini yetəri qədər göstərməyə bilər. Bu da qadının üsyan etməsinə gətirib çıxarar. Evlilik çox ciddi bir dönəmdir. Bu zaman hətta 10 il sonranı belə, düşünərək addım atılmalıdır. Ən əsası isə evlilikdə yaşın və həyatın gətirdiklərinə birlikdə sinə gərə bilməkdir. Belə bir situasiyanın içində fikirləri qarışıq olan biriləri varsa, mütləq mütəxəssisə, psixoloqa müraciət edərək bir-birlərinə uyğun olub-olmamalarını, xarakterlərini psixoloji testlər vasitəsilə aydınlaşdıra bilərlər”, -deyə S.Babayeva diqqətə çatdırdı.(ailəm.az)

Nənə və babanın uşağın tərbiyəsinə təsiri – PSİXOLOQ YAZIR

Son zamanlar qadınlar iş həyatında aktiv şəkildə yer almaqdadırlar. Əgər qadın evlidirsə və uşağı varsa, iş həyatı ilə birlikdə ortaya bir sıra problemlər çıxır. Bu problemlərdən biri ananın evdə olmadığı vaxtlarda uşağa qayğı göstərmək imkanının olmaması, işdən evə yorğun və gərgin halda gələndə uşağı ilə kifayət qədər vaxt keçirməməsi və sağlam ünsiyyət qura bilməməsidir. Bağça yaşına qədərki dövrdə istər uşaq, istərsə də ana üçün bu period daha da çətin keçə bilir. Bağlanmanın çox əhəmiyyətli olduğu bu inkişaf pilləsində uşaq-valideyn münasibətinin zəif olması gələcəkdə uşağın sosial yaşamında bir sıra neqativ hallarla qarşılaşa biləcəyini unutmaq olmaz. Xüsusilə ilk illərdə baxıcının tez-tez dəyişdirilməməsi və uşağın öz evində olması həm güvən, həm də evə sahiblənmə duyğusunu inkişaf etdirəcək. İş həyatından ayrıla bilməyən və ya ayrılmaq istəməyən analar bağçayaqədərki dövrdə uşağa qayğını ya maaşlı baxıcı ilə, yada yaxınlıqda olan qohumlar, qonşular vasitəsilə təmin edirlər. İşləyən anaların öz uşaqlarını rahat şəkildə əmanət edəbiləcəkləri ilk seçimlərdən biri ana və qayınanadır. Uşağın olması ilə nənə və baba statusu avtomatik ortaya çıxır. Bizim cəmiyyətdə ananın işləyib-işləməməsindən asılı olmayaraq uşaq olduqdan sonra hər iki nənənin uşaq üzərində söz haqqına sahiblənməsi müşahidə olunur. Nənə və babanın nəvəyə baxması onların vaxtının səmərəli keçməsi və nəticədə yaşamağa olan həvəslərinin, həyat sevincinin artmasına səbəb olur. Eyni zamanda nəvələr üçün də nənə və babanın var olmasının bir sıra faydaları var. Belə ki, nənə və baba nəvəyə sevgi, qayğı, şəfqət, yaxınlıq, əxlaqı dəyərlər, sosial dəstək kimi bir sıra faydalar verir. Valideynlər üçün də nənə-babanın olması valideynlik təcrübələrindən faydalanmaq baxımından əhəmiyyətlidir. İlk uşağı olan və uşaq böyütməklə əlaqəli təcrübəsi olmayan ailələr üçün nənə-baba əhəmiyyətli mənbədir. Ənənəvi cəmiyyətlərdə nənə və babanın öz uşaqlarına qarşı daha avtoritar, nəvələrinə qarşı isə daha icazəverici tərzdə davrandıqları müşahidə olunur. Valideynlərin qərarlı və intimazlı davranışları uşaqlar tərəfindən istənilməyən hala çevrilir. Bu zaman əgər nənə və baba uşağın bütün istəklərini qarşılayarsa, valideynlə uşaq arasında anlaşılmazlıqlar yaşana bilər. Nənələr ilə anaların təlim və dissiplinində fərqliliklər ortaya çıxarsa, mübahisədə uşaq özünə rahat olan tərəfi seçir, bununla da bəzən ana istəmədiyi təlim formasına razı olmaq məcburiyyətində qalır. Nənə və baba uşağın tərbiyəsində o zaman məhsuldar olurlar ki, onlar ailədə valideynlərdən üstün təsirə malik olmasın, ana və atanın tərbiyə formasına zidd davranmasınlar. Nənənin uşağa baxarkən o evdə qalması bəzən ananın məsuliyyət duyğusunun azalmasına, uşaq üzərində təsirini itirməsinə səbəb olur. Uşağa nənənin baxması zamanı ortaya çıxan digər bir mənfi hal nənənin valideynlərlə olan münasibətini uşağa ötürməsidir. Bu dövr uşaqların görərək öyrəndikləri ilk illər olduğu üçün nənənin davranış şəkli, ifadə tərzi, reaksiya forması ona keçə bilər. Valideynlər bu halda narahat ola bilərlər. Amma unudulmamalıdır ki, bu hal keçici haldır. Əgər valideynlər bu davranışlara həddindən artıq reaksiya bildirməslər və bununla onu möhkəmləndirməsələr, bağça və məktəb illərindən yeni davranışlar ortaya çıxacaq. Nəticə olaraq istər işləyən, istərsə də işləməyən analara kömək edən nənələr ailə bütünlüyünə, ailə sərhədlərinə diqqət etməlidirlər.(yeniavaz) Maarif Məmmədov, psixoloji konsultant

Oğlan uşağı gəlinciklə oynayırsa...Bunlara diqqət edin

- Ana, mənə gəlincik al… 5-6 yaşlarında bir oğlan uşağı deyirdi bu sözləri. Ana isə oğlunun bu “kiçik” istəyini tez yerinə yetirib, onu sevindirməyə tələsirdi... Bu hadisəyə bir oyuncaq mağazasında şahid oldum və marağımı boğa bilməyib, həmin valideyndən oğluna nə üçün maşın deyil, gəlincik aldığını soruşdum. O isə “kukla da oyuncaqdı. Oğlum onunla oynamaq istəyirsə, burada qəribə nə var ki?”, - deyə gülərək uzaqlaşdı… Uşağın oğlan, yoxsa qız olmasını təyin etmək olmur... İctimaiyyət arasında bu kimi hallara vaxtaşırı rast gəlirik. Müşahidə edirsən ki, bəzi valideynlər azyaşlı oğlan uşaqları ilə qəribə rəftar edir, onun saçlarını qız kimi uzadır, elə geyindirirlər ki, həmin uşağın oğlan olduğunu qəti şəkildə müəyyən etmək mümkün olmur. Elə ailələr var ki, oğlan övladı yox, qız istəyirlər. Əgər arzularının əksinə, oğlan övladları doğulursa, onunla qız kimi rəftar edir, saçlarını uzadır, qız kimi geyindirirlər. Bəzi valideynlər üçün isə bu kimi davranışlar tamamilə əyləncə xarakteri daşıyır. Yəni bunu zarafat xatirinə edirlər və uşaqları ilə əylənirlər. Belə hallar isə ictimaiyyət arasında birmənalı qarşılanmır. Maraqlıdır ki, fikrini dinlədiyimiz yaşlı insanlar məsələyə tamamilə mənfi, nisbətən gənc yaşda olanlar isə bir az loyal yanaşır, bu cür davranışların uşaqların psixologiyasına heç bir mənfi təsiri olmayacağını düşünürlər. Birinci qrupun fikrincə, ailədə oğlan uşaqlarının təlim-tərbiyəsinə ciddi diqqət yetirilməlidir. Hələ bir də müharibə şəraitində olan bir ölkədə yaşayırıqsa, oğlan uşaqlarımıza qız kimi bəzənmək deyil, kişi kimi vuruşmağı öyrənmək yaraşır. Düşünür ki, bu, ananın əyləncəsidir Mövzu ilə bağlı danışan psixoloq Vəfa Əkbər ailələrimizdə rast gəlinən bu cür davranışların psixoloji məqamlarına aydınlıq gətirdi. Bildirdi ki, uşaqların tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki hər bir şeyin təməli, məhz uşaqlıqdan qoyulur: “Ümumiyyətlə, bütün valideynləri bu sual narahat edir - biz övladımıza necə yanaşaq ki, gələcəkdə cinsiyyət seçimi qarşısında qalmasın və sağlam bir həyat sürsün? Məsələ burasındadır ki, oyuncaq seçimi və ya uşağın rəng seçimi onun daha sosial, daha sevincli böyüməsinə sadəcə təkan verir. Hansı oyuncaqla oynaması isə onun gələcəkdə peşəsinə, fəaliyyətinə təsir göstərə bilər. Bəzən valideynlər çox narahat olur ki, oğlanlar anasının kosmetik əşyalarından istifadə etməyə meyl edirlər. Tutaq ki, evdə balaca qız uşağı varsa, onun gəlinciyindən, yoxdursa, getdikləri mağazalarda gəlinciklə oynamağa meyl edir. Əslində uşaq başa düşmür ki, kosmetik vasitələr, gəlincik nə üçündür. Düşünür ki, bu, ananın əyləncəsidir, ananın oyuncağıdır. Bu zaman uşağı sadəcə başa salmaq lazımdır. Qadağa qoymaq lazım deyil. Nəyisə başa saldıqda isə demək lazımdır ki, bu, bəzək əşyasıdır, bundan qadınlar istifadə edir. Kişilər isə saat, qalstuk aksessuarlar taxır. Deyir ki, sən də böyüyəndə atan kimi bu aksessuarlardan istifadə edəcəksən”.

Uşaq verilişində qalmaqal: Obrazlar homoseksual imiş

1980-ci illərin məşhur uşaq proqramı “Susam küçəsi”nin yazarı Mark Saltzmen ekran işindəki Bört və Örni obrazlarının homoseksual olduğunu açıqlayıb. Yazar bu barədə “New York Times” nəşrinə danışıb. “Bört və Örni homoseksual cütlük, bir-birini sevən iki kişidir. Onları bağlamağın başqa bir yolu yox idi”, - deyə Mark bildirib. 1984-cü ildən etibarən “Susam küçəsi”nin yazarlığını edən Saltzmen kukla obrazları yazarkən, özünün Arnold Qlasmanla olan uzun sevgi münasibətlərindən bəhrələndiyini bildirib. “Mən Bört və Örnini homoseksual obraz olaraq yazırdım. Arnold və məni tanıyanlar bu obrazları bizə bənzədirdi”, - deyə yazar fikirlərini ifadə edib. Qeyd edək ki, obrazları yaratmağa kömək edən kukla ustası Frenk Oz isə Bört və Örninin homoseksual olmasını təkzib edib. Obrazların yaradıcısı Susam Vörkşop da kuklaların homoseksual olmadığını qeyd edib.(oxu.az) Psixoloq.az xəbər verir ki, bu barədə münasibət bildirən uşaq psixoloqları valideynləri diqqətli olmağa səsləyiblər. Belə ki, psixoloqlar, uşaqların baxdığı hər cizgi filmlərin onların şüur altına təsir etdiyini qeyd ediblər. Nəzərə alsaq ki uşaqların yaddaşı daha güclüdür, bu səbəbdən ən xırda nüansı belə onlar unutmayaraq, bir müddət sonra da olsa həyatlarında tətbiq edirlər. Xüsusilə də genetika, əxlaqa mənfi təsir göstərən klip, cizgi filmlər, mahnılardan uşaqlar uzaq tutulmalıdır.

Dolu gəlir - Sabaha olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq. Sabah bölgələrdə dəgün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-17 dərəcə isti təşkil edəcək. Sentyabrın 22-23-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir. Sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Fiziki qüsurların qismən aradan qaldırılması - Əmək terapiyasının üstünlükləri

Əmək terapiyası fiziki qüsuru olan insanları sosial həyata qaytarmaq, ünsiyyət problemini aradan qaldırmaq, əqlin ləngiməsi zamanı və insanlarla münasibətləri tənzimləmək üçün yerinə yetirilən bir terapiya formasıdır. Qeyd edək ki, əmək terapiyası 1900-cü ildən tətbiq olunmağa başlayıb. Bu terapiya İkinci Dünya Müharibəsindən sonra daha geniş istifadə olunub. Bunun səbəbi isə İkinci Dünya Müharibəsindən sonra insanların çoxunda həm fiziki, həm də əqli cəhətdən ləngimə və qüsurların meydana gəlməsi olub. Hazırda dünyanın bir çox ölkələrində, xüsusilə Amerika, Almaniya, Çin, Yaponiya, Rusiya, Türkiyə və digər ölkələrdə əmək terapiyası təhsil sisteminin ayrılmaz bir hissəsinə çevrilib. Psixiatr Samirə Həmidovanın sözlərinə görə, əmək terapiyası itirilmiş fiziki bacarıqların bərpa olunması, fiziki qüsurların qismən aradan qaldırılması və ya mövcud əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün tətbiq olunur: "Bu terapiyanın tətbiqi əmək qabiliyyətini itirmiş və ya əlilliyi olan insaların işə qəbulu zamanı çox vacibdir. Əmək terapiyası psixiatriya, nevrologiya və travmatologiyada geniş tətbiq olunur. İş qabiliyyətinin artırılması isə yanaşı əmək terapiyası somatik xəstəliklər zamanı da tətbiq olunur. Əmək terapiyası psixi xəstələrin əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün çox mühum üsuldur. Belə ki, əmək terapiyası psixi qüsurların azalmasına, konpensasiyasına, bəzi xəstələrin hərəkətsiz olması ilə əlaqədar olaraq əmək qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edir. Psixi xəstəliklərin müxtəlif mərhələlərində əmək terapiyasının fərqli növləri tətbiq olunur". S.Həmidova bildirib ki, ilk növbədə məşğuliyyət xəstəni maraqlandırmalıdır: "Məşğuliyyət xəstənin vəziyyətinə uyğun mürəkkəb olmalı və yerinə yetirilməsi üçün xəstədən müəyyən əmək sərf etməsini, çalışmasını tələb etməlidir. Əmək terapiyası zamanı təklif olunan məşğuliyyətlərinin mürəkkəbliyi xəstənin vəziyyətinə uyğun seçilir. Çox sadə tapşırıqlar xəstənin terapiyaya marağının itməsinə, özünü gücsüz və zəif hiss etməsinə səbəb olacaq. Belə ki, tapşırıqlar xəstənin vəziyyətinə uyğun seçilmədikdə, xəstə ətrafdakıların onun bacarıqsız olduğunu sanmasını düşünür. İkincisi, əmək terapiyası zamanı xəstəyə verilən tapşırıqlar xəstənin bacarıqları inkişaf etdikcə tədricən çətinləşməlidir. Üçüncüsü, əmək terapiyası qrup şəklində tətbiq olunsa, daha səmərəli olar". Həmsöhbətimiz qeyd edib ki, inkişafında ləngimə, fiziki və ya əqli cəhətdən qüsurları olan uşaqların əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün də əmək terapiyası əvəzsizdir. Əllərin hərəkətinin inkişafı intellektin inkişafı ilə bağlıdır. Hətta sadə belə işlərin əllə görülməsi uşağın diqqətini inkişaf etdirir və düşünməyə vadar edir. Mürəkkəb işlərin görülməsi isə beynin daha da inkişaf etməsinə kömək edir. Əmək terapiyası məktəblərdə tədris olunan əmək dərslərindən tamamilə fərqlənir. Çünki əmək terapiyasının məqsədi uşaqların yaşadığı fiziki narahatlıqları müəyyən qədər aradan qaldırıb korreksiya etməkdir. Əmək terapiyası keçən uşaqlar müəyyən zamana bir sıra sosial bacarıqlara yiyələnir. Uşaqlar yazma, kəsmə, qavrama, tutma kimi kiçik motorik bacarıqlara, özünə xidmət əməyinə yiyələnir. Əmək terapiyasında ən önəmlisi göz kontaktının inkişaf etdirilməsidir. Ümumiyyətlə, əmək terapiyasını nəinki əqli geri, autik, daun, serebral iflic, asperger, hətta normal uşaqlara belə tətbiq etmək olar. Çünki əmək terapiyası nəticəsində uşaqların təxəyyülü inkişaf edir və dünyaya fərqli baxırlar. Əmək terapiyasından istifadə etmiş uşaqlar hec nəyə adi gözlə baxmırlar. Məsələn, əvvəl kağız onlar üçün adi idisə, artıq istehsal və düşüncə mənbəyidir. Əmək terapiyasının tikmə-biçmə, kəsib yapışdırmaq, plastilin və gil işi, səhnələşdirilmiş oyunlar, terapevtik rəsm, kulinar bacarıqlar, tikinti materialları ilə iş, quraşdırma, qum terapiyası, sosial bacarıqlar və özünəxidmət əməyi kimi növləri var. Psixoloq qeyd edib ki, uşağın narahatlığına uyğun olaraq bu terapiyalardan müvafiqi seçilib tətbiq olunur: "Məsələn, bəzi uşaqlar üçün sapı iynəyə keçirmək çox fayda verərsə, bəziləri üçün plastilin və gil işi daha çox effekt verər. Uşaq üçün bu məşğuliyyət növlərini seçərkən onun marağını da nəzərə almaq lazımdır. Belə ki, seçilən əmək növü uşağın diqqətini cəlb etməlidir. Öz zəhməti ilə nəsə düzəltmək uşaqlara təhlil etmək bacarığını, tapşırıqları yerinə yetirərkən hərəkətlərini planlaşdırmağı öyrədir. Tədricən uşaqlar özləri müxtəlif əl işlərinə maraq göstərir, onları nəzərdən keçirib necə düzəldiyini anlamağa çalışırlar. Onlar düzəlmə qaydasını təhlil etdikləri əl işlərinə baxdıqda: "Bunu başqa materialdan, parçadan hazırlasam, daha gözəl görünər", "Bu rənglərdən istifadə etsəm, parlaq alınar", "Əl işinə uyğun olaraq, başqa maraqlı bir əl işi düzəldə bilərəm" düşünürlər. Bu da uşaqlarda təxəyyül gücünü inkişaf etdirir". Qeyd edək ki, əmək terapiyası insanın psixi vəziyyətinə təsir edir, insanın özünə güvən hissini artırır, xəstənin fikirlərini əməyin yerinə yetirilməsinə yönəldir və narahatlıqlarını qismən də olsa unutdurur. Xəstə həm də faydalı bir işdə iştirak etdiyi üçün də özünü məmnun hiss edir. (ekspress.az)

Uşağı təkbaşına televizor qarşısında qoymayın - Psixoloq səbəblərindən danışdı

"Təəssüf ki, valideynlər uşaqları televizorun qabağına qoyur və yalnız uşaq 5 yaşa çatanda anlayır ki, uşaq danışmır, deməli, autizmlidir. 3 yaşı tamam olmamış uşaqlara autizm diaqnozu qoymaq olmaz. Autizm daha çox oğlan uşaqlarında ortaya çıxır. Yüksək funksiyalı autizmdə 1,5-2 yaşa qədər uşaq normal inkişaf edir, heç bir gerilik müşahidə olunmur. Valideyn autizmli uşaqla sərt davranarsa, uşaqda da aqressivləşmə olur. Nəinki autizmli, hətta normal uşaqları da 3 yaşına qədər texnologiyadan uzaq tutmaq lazımdır. Təəssüf ki, bəzən valideynlər autizmli uşaqdan imtina edirlər, onları yaxın qohumları bizə gətirirlər.  Autizmlilərdə yuxarı ətrafların daha çox hərəkət etdirilməsi nitqin formalaşmasına təsir edir. Autizmli uşaqlar 75 faiz hallarda ağrıya qarşı həssas olmurlar, buna görə də özlərinə və ətrafdakılara zərər verə bilərlər... Hamiləlik dövründə ananın alkoqollu içkilərdən, siqaretdən istifadə etməsi uşaqda autizmin yaranmasına təkan verir"... Psixoloq.az xəbər verir ki,  bu sözləri psixoloq Aygül Məlikova deyib. Psixoloq autizmlə bağlı maariflənməyə diqqət yetirildiyini deyib: "Gün ərzində təxminən 10-dan çox valideyn normal uşağının autizmli olması şübhəsi ilə bizə müraciət edir. Bizdə autizmlə bağlı maarifləndirmə işləri çox aparılır, amma autizmlilərlə necə davranmaq barədə məlumat azdır. Maarifləndirmə daha çox problemin aşkara çıxarılması ilə bağlıdır. Bizə müraciət edən valideynlərin əksəriyyətinin uşağı 5, 7,10 yaşdan böyük olur. Təəssüf ki, valideynlər uşaqları televizorun qabağına qoyur və yalnız uşaq 5 yaşa çatanda anlayır ki, uşaq danışmır, deməli, autizmlidir. Amma nitq ləngiməsi problemindən şübhələnmir. 3 yaşı tamam olmamış uşaqlara autizm diaqnozu qoymaq olmaz. Sadəcə, daha erkən yaşda müraciət edəndə problemi həll etmək daha rahat olur. 3 yaşına qədər uşağın qızıl dövrüdür. Bu müddətdə autizmin ayrı-ayrı əlamətlərini aradan qaldırmaq mümkündür". Aygül Məlikova autizmin yaranma səbəblərindən də danışıb: "90 faiz hallarda autizm genetik yolla keçir. Bu zaman son üç nəsil nəzərdə tutulur. Autizm daha çox oğlan uşaqlarında ortaya çıxır. Hamiləlik zamanı ananın qəbul etdiyi dərman preparatları da buna təsir edir. Autizm beyin ensefaloqramında aşkar edilmir. Beyində heç bir əlamət olmasa da, davranışlarda müşahidə etmək olur. Amma ümumiyyətlə, autizmin səbəbi tam bilinmir". Autizmin növləri və formaları barədə məlumat verən qonaq erkən müdaxilənin əhəmiyyətini xüsusi qeyd edib: "Klassik autizm, yəni tipik forma autizmin ən əğır növdür və gələcəyinə heç bir ümid yoxdur. Yüksək funksiyalı autizmlilər iş həyatı, ailə həyatı qura bilirlər. Autizmin Asperger növünə Eynşteyni misal göstərmək olar. Rett sindromu da autizmin ağır növüdür və 98 faiz hallarda qızlarda ortaya çıxır. Yüksək funksiyalı autizmdə 1,5-2 yaşa qədər uşaq normal inkişaf edir, heç bir gerilik müşahidə olunmur. Lakin bu yaşdan sonra söz bazası artmır. Bu zaman valideyn elə bilir ki, uşaq qızdırmadan, qorxudan, yıxılmaqdan sonra belə olur. Rett sindromunda qızılcadan sonra bəzi xromosomlar dəyişdiyi zaman əlamətlər özünü göstərir. Autizmi digər xəstəliklərlə, məsələn dezinteqrativ pozuntularla qarışdırırlar. Bu da müəyyən xəstəlikdən sonra ortaya çıxır. Lakin bu zaman autizmdən fərqli olaraq öyrədilənlər yaddan tez çıxır. Erkən diaqnoz və vaxtında müdaxilə müalicənin nəticəsinə yaxşı təsir edir. Autizmlilərə sosial bacarıqlar aşılanır. 3 yaşında reabilitasiyaya gələn uşağı stulda oturtmaq mümkündür, amma 5 yaşında artıq onları oturtmaq çətindir, stulu aşırırlar, müəlliməyə vururlar". Aygül Məlikova bəzən autizmli uşaqlarla valideynlərin yanlış davrandığını da qeyd edib: "Autistik uşaqlar çox həssasdırlar. Onlara toxunaraq, qucaqlayaraq sakitləşdirmək olur. Ancaq əgər onlarla aqressiv davranılarsa, nəinki sakitləşdirmək, öz aləmlərinə qaytarmaq mümkün olmayacaq. Autizmlilərin özlərinə xas xəyal dünyası var, özlərinə xas nitqlə danışırlar. Bu zaman valideyn onunla sərt davranarsa, uşaqda da aqressivləşmə olur. Valideynlər autistik uşaqları, həmçinin normal uşaqları da texnoloji avadanlıqlardan - televizor, kompüter, planşet və sairdən  3 yaşına qədər uzaq tutmalıdır. Bəzən valideynlər autizmli uşaqlardan imtina edirlər, nənə-baba və ya xala, dayı onları gətirib bizə müraciət edirlər. Bəzən atalar autistik uşaq doğulanda ailəni tərk edir". Psixoloq daha çox genetik faktorla əlaqəsi olan autizmin hamiləlik zamanı xüsusi testlərlə müəyyənləşdirilməsinin mümkün olduğunu deyib: "Elə ailələr var ki, 3 uşaq da autistikdir. Bu isə genetik faktorun təsirini gücləndirir. Bəzən isə ailədə bir autizmli uşaq doğulanda artıq ikinci uşağı istəmirlər. Lakin bu heç də o demək deyil ki, ikinci uşaq da mütləq autizmli doğulacaq. Hamiləliyin 12-ci həftəsində ikili test analiz olunur, 16-cı həftədə isə dördlü test analizi olunur. Əgər uşaqda əqli problem olarsa, bu analizdə özünü göstərir". Aygül Məlikova autizmlilərin cəmiyyət tərəfindən qəbul edilmədiyini deyib: "Autizmli uşağı olan valideynlər ictimai nəqliyyatdan rahat istifadə edə bilmirlər, ətrafdakılar onları qınayır. Cəmiyyət onları qəbul etmir, buna görə də valideyn onları cəmiyyət içərisinə çıxara bilmir. Digər tərəfdən də, autistik uşaqlar nəqliyyatdakı səsləri, siqnal səsini, metronun səsini qəbul edə bilmir. Təəssüflər olsun ki, bizdə küçə nəqliyyatında olduqca aqressiv davranış var. Bu lazımsız səs-küy autizmli uşaqların cəmiyyətdə sosiallaşmasına mane olur". Qonaq autizmin müalicəsində tətbiq olunan yeni metodlar barədə məlumat verib: "Hazırda 3D texnologiyası ilə müalicə ilə autizmliləri öz xəyal dünyasından ayırmaq mümkündür. Davranış terapiyası ilə onlara sosial bacarıqlar aşılanır. Bunlara özbaxım aiddir. Özbaxım deyərkən, paltarını geymək, yeməyini yemək və s. nəzərdə tutulur. Bu davranışlar orqanizmin kiçik motor aparatını hərəkətə keçirir. Kiçik motor aparatı nə qədər çox inkişaf etsə, onların nitqinə daha yaxşı təsir edəcək. Normal şəxsin barmaqlarının ucunda sinir ucluqları var. Amma autistik uşaqlarda nitq yoxdursa, onların barmaqlarında sinir ucluqları da inkişaf etmir. Autizmli uşaqların 75 faiz hallarda ağrıya qarşı həssaslığı olmur. Onlar yıxılanda, əziləndə hiss etmirlər. Amerikada autizmin müalicəsi üçün hipoterapiyadan, yəni atlarla terapiyadan istifadə olunur. Bu çox gözəl effekt verir. Təəssüf ki, bizdə mərkəzlərdə belə şərait yoxdur. Hipoterapiyada təmas, at üzərində oturma və at hərəkət edərkən özünü saxlamaq vərdişləri yaranır. Bu zaman onların həm kiçik, həm də böyük motor aparatı işləməyə başlayır. Autizmlilər ağrı bilmədiklərindən özlərinə də xəsarət yetirə bilərlər, məsələn, bıçağı götürüb əlini, ayağını kəsə bilərlər, başqasını zədələyə bilərlər. Onlarda duyğuları, ağrı hissini formalaşdırmaq üçün sensor otaqlardan istifadə olunur. Bu otaqlarda analizatorlar var. Musiqi terapiyasından, aromaterapiyadan istifadə edirik". Psixoloq autizmli uşaqların xüsusi pəhrizlə qidalanmasını vacib hesab edir: "Autizmli uşaqlara hər şeyi yedirmək olmaz. Onlara xüsusi pəhrizlər təyin olunur. Hər səhər mütləq bir yumurta yeməlidirlər. Tefal tavalarda qızartmalar olmaz, qızartmalarda zeytun yağından istifadə olunmalıdır. Çeynəmə zəif olduğundan ət yeməklərini sevmirlər, yalnız çəkilmiş əti yeyə bilirlər. Lakin valideyn hər dəfə ona blenderdən çəkilmiş yemək verməməlidir. Çünki terapiya görən uşaqlarla loqoped işləyir və artikulyar aparat inkişaf etdirilir". Aygül Məlikova valideynlərin autizmin qarşısın almaq və övladları ilə məşğul olması üçün məsləhətlərini verib: "Ananın hamiləlik dövründə alkoqollu içkilərdən, siqaretdən istifadə etməsi uşaqda autizmin olmasına təkan verir. Reabilitasiya ilə yanaşı, valideyn çox səbirli olmalıdır. Seanslar ləngiyirsə, gətirməyə imkan yoxdursa, uşaqla işləməyi saxlamaq olmaz. Valideyn özü də uşaqla işləməlidir, onlar öz-özünə düzəlmir. Aqressiv davranılarsa, heç bir nəticə əldə olunmayacaq. Ətrafdakı insanların fikirlərinə çox əhəmiyyət verməsinlər, buna görə uşaqları evdə saxlamasınlar".

"Valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir" - Autizmli uşaqlar necə seçilir?

Son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri də autizmdir. Autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Lakin valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir. Psixoloq.az azərtac-a istinadən bildirir ki, bu sözləri Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən uşaq reabilitasiya şöbəsinin psixoloqu Leyla Abbasova bildirib. L.Abbasova deyib: "Autizmin müxtəlif əlamətləri var. Bu xəstəlikdən əziyyət çəkən uşaqların göz kontaktı demək olar ki, olmur və yaxud çox zəif olur. Onları çağırdıqda, adlarını çəkdikdə heç bir reaksiya vermirlər. Bəzən valideynlər bunu karlıqla əlaqələndirirlər. Belə uşaqların öz dünyaları var. Onlar beyinlərində qurduqları dünyada yaşayırlar. Bu səbəbdən onlar bizə reaksiya verməyə bilərlər. Bunun eşitmə ilə heç bir əlaqəsi yoxdur. Bu uşaqlarda fırlanan əşyalara qarşı çox böyük maraq olur. Onlar saatlarla paltaryuyan maşının fırlanan hissəsini izləyə bilərlər. Bundan əlavə belə uşaqlar oyuncaqlarla mənasına görə oynamırlar. Onlar gəlinciyi maşın kimi sürə və yaxud oyuncaq maşının yalnız təkərlərini saatlarla fırlada bilərlər. Başqa uşaqlarla oynamağı qətiyyən sevmirlər. Onlar təkliyə üstünlük verirlər. Autizmdən əziyyət çəkən uşaqlar söz birləşmələrini qavramaqda çətinlik çəkir və ya qətiyyən başa düşmürlər. Onlar deyiləni anlamır, istifadə olunan sözlərin hər birinin ayrı-ayrılıqda hərfi mənasını başa düşməyə çalışırlar. Bundan əlavə bu xəstəlikdən əziyyət çəkən uşaqlarda müəyyən exolaliyalar olur. Exolaliya - verilən sual və yaxud deyilən cümlənin eyniliklə təkrarlanmasıdır. Belə uşaqlar bir sözü gün ərzində minlərlə dəfə təkrarlaya bilərlər. Bu da onların nitqi düzgün anlamaması ilə bağlıdır. Bizim istifadə etdiyimiz cümlələr onlara hərif və ya işarə yığını kimi görünür. Onlar verilən sualı başa düşmədiklərinə görə eyniliklə dəfələrlə təkrar edirlər. Autizmli uşağın bir cümləni düzgün qavraması üçün onu mərhələli şəkildə öyrənməsi lazımdır. Başlanğıc olaraq qısa, ən çox iki sözdən ibarət söz birləşməsi ilə başa salmağa çalışmaq lazımdır. Bu onların qavramasına kömək edir. Misal üçün autizmdən əziyyət çəkən bir uşağın "Get mətbəxdən qırmızı qələmi gətir" cümləsini anlaması mümkün deyil. Burada ilk öncə rəng öyrədilməli, sonra qələmin nə olduğu başa salınmalıdır. Artıq sonra rənglə qələmi bir araya gətirərək bunun nə olduğunu anlamasına kömək etmək lazımdır. Uşaq "qırmızı qələm"in nə olduğunu tam başa düşdükdən sonra ondan qırmızı qələmi gətirməsini xahiş edə bilərik. Bütün bunlardan sonra artıq məkan barəsində danışmaq olar. Belə uşaqlarla işləmək hövsələ və çox böyük diqqət tələb edir. Lakin bunu bacardıqda çox yaxşı nəticələr əldə etmək mümkündür. Bəzi autizmli uşaqlar çox aqressiv olurlar. Onların öz istəklərini ifadə edə bilməməsi aqressiya ilə nəticələnir. Bu zaman dərman terapiyası tələb olunur və bu uşaqlarla artıq psixoloq deyil, psixiatrlar məşğul olurlar. Əsasən sakitləşdirici və beyin fəaliyyətini yaxşılaşdıran preparatlar təyin olunur ki, bu da bizim işimizə çox böyük köməklik göstərir. Autizmin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmış Asperger sindromu, atipik autizm və uşaq autizmini misal çəkmək olar. Uşaq autizmi 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlər, ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər bu növ üçün xarakterikdir. Asperger sindromu olan uşaqların intellekt səviyyələri həddindən artıq yüksək olur, bu uşaqlarda nitq və qavrama inkişafının ləngiməsi və dayanması olmur. Onlar adi uşaqlardan intellekt baxımından çox irəlidə olurlar. Belə uşaqlar riyaziyyat, məntiq, informatika kimi fənlərdə həddindən artıq yüksək nəticələr göstərirlər. Sadəcə olaraq, onlara insanlarla ünsiyyət qurmaq çətin olur, maraq və məşğuliyyətlərinin məhdud olması, qrup şəklində işləməkdən qaçmaq, çətin adaptasiya olmaq onları digər uşaqlardan fərqləndirir. Bu sindromlu uşaqlara vaxtında müdaxilə edildikdə onlar həmyaşıdlarından seçilmir, hamı kimi 6 yaşında məktəbə gedə bilirlər. Atipik autizm olan uşaqlar üç yaşa kimi normal inkişafda olurlar. Hətta cümlələr belə qurmağa başlayırlar. Lakin 3 yaşdan sonra uşaqda geriləmələr müşahidə olunmağa başlayır, demək olar ki, beynində olan hər bir şey silinir. Hətta bu uşaqların nitq qabiliyyətlərini itirmələri belə mümkündür. Bunun nədən baş verdiyini anlatmaq çətindir. Autizmin bu növü başlama yaşına görə digər növlərindən fərqləndirilir, digər bütün əlamətlər eyni olaraq qalır. Ümumiyyətlə, autizmin yaranmasının dəqiq səbəbləri hələ də elmə məlum deyil. Əvvəllər bu xəstəlik valideyn tərəfindən diqqətsizlik və ya uşaqlara vurulan peyvəndlərlə əlaqələndirilirdi. Lakin aparılan araşdırmalar bunu təkzib edir. Bu xəstəliyin irsilik dərəcəsi də çox azdır. Nəsildə autizmdən əziyyət çəkən insanlar olduqda uşaqda da bunun olması istisna deyil, lakin bu da çox az rast gəlinən haldır. Onu qeyd etmək istərdim ki, bu xəstəliyin müalicəsində ən vacib faktor vaxtında olunan müdaxilə və başlanılan müalicədir".

Asperger sindromlu uşaq psixologiyası

Asperger sindromu və ya Asperger pozulması cəmiyyətdə stereotipik münasibətlərlə tanınan bir autistik spektrum pozuqluğudur (ASP). Dil və zehni inkişafda olan ümumi gecikmələr sindromun standart əlamətləri arasında verilməsə də, bu problem zamanı motorikanın inkişaf qüsuru və atipik danışığa tez-tez rast gəlinir. Psixoloq.az istinadən bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova Asperger sindromunun psixoloji hallar spektrumu olan autistik spektr və ya yayılmış inkişaf pozulmalarından biri olduğunu söyləyib: "Digər inkişaf pozulmaları kimi xəstəlik körpəlik və uşaqlıqdan başlayaraq müəyyən vaxtda təkrarlana bilər və onun autizmə bənzər xüsusiyyətləri var. Aspergerli uşaqlar tünlük yerləri sevmir və əsasən tək qalmağı üstün tuturlar. Onlara əlil və şikəst kimi baxmaq düzgün deyil. Bu uşaqların cəmiyyətə inteqrasiyasına çalışmaq lazımdır. Həmin uşaqlarda diaqnostik əhəmiyyəti olmayan, lakin özlərinə və ailələrinə ciddi təsir göstərən əlamətlərə rast gəlmək mümkündür. Həmin sindromlu uşaqlar digər çoxfunksional autistik xəstələrdən fərqli olaraq görmə yaddaşı və eşitmə analizi sahəsində daha zəif olurlar. Asperger sindromlu uşaqlarda diaqnostik baxımdan əhəmiyyətsiz, lakin ailəyə və özünə təsir edən mühüm simptomlarla yanaşı motor bacarıqlarında, yuxuda və ya emosiyalarda müəyyən problemlər ola bilər. Onlar ətrafdakı kiçik dəyişiklikləri çox tez görə bilirlər. Bundan fərqli olaraq autizmi olan Asperger sindromlu fərdlərdə görmə, eşitmə və hafizə bacarığında çatışmazlıqların olması da mümkündür. Onlar səs, işıq, qoxu, ağrı, təmas, toxunuş və digər hisslərə qarşı adi reaksiya verə bilərlər. Asperger sindromlu uşaqlar bir çox şeyə nail ola biləcəklərini düşünür, kiçik dəyişiklikləri sevir və daha çox nəticə əldə etmək arzusunda olurlar. Onlar velosiped minmək və ya qazan qapağını açmaq kimi elementar işlərdə bacarıq qazanmaqda gecikə bilirlər. Koordinasiyaları zəif olur, qəribə və hoppanaraq yeriyirlər, yazını pis yazırlar və ümumən vizual-motor bacarıqlarda çətinlik çəkirlər. Asperger sindromlu uşaqların yuxuya getmək problemi var. Onlar gecələr tez-tez oyanır və səhər erkən durmağa meyilli olurlar. Həmin uşaqların öz duyğularını büruzə verə bilməmək halı aleksitimiya ilə əlaqədardır. Keyfiyyətsiz yuxu və aleksitimiya arasında sıx bağlılıq olmasına baxmayaraq onlar səbəb-nəticə əlaqəsini bilmirlər". Psixoloq onların danışıq qabiliyyəti barədə bunları deyib: "Asperger sindromlu uşaqlar ünsiyyət və sevgiyə qarşı diqqətli olmasalar da, danışıqdan istifadə etmək bacarığı qazanırlar. Onların ünsiyyət, informasiyanı əldə etmə və istifadə bacarıqları çox zaman atipikdir. Bu cür uşaqlarda söz qarışıqlığı, sözləri düzgün mənada şərh etməmək və bəzi nüansları səhv başa düşmək halları da olur. Asperger sindromlu uşaqların danışığı anlaşılmasa da, dediklərinin aydın eşidilməsi üçün bəzən yüksək tonla danışmağa çalışırlar. Xəstəliyin autizmə oxşarlığı olduğu kimi, fərqliliyi də var. Danışıq sahəsində həmin uşaqlarla loqopedlər məşğul olurlar. Asperger sindromlu uşaqlarda yaşlarına görə danışıqlarında da çətinliklər yaranır, söz və kəlmələri çox vaxt məcazi mənada işlədirlər. Onlar dostluq münasibəti qurmaqda bacarıqsız olur, ətrafdakılarla ünsiyyətdən zövq almır, sosial və emosional qarşılıq gözləmir, göz təması, üz ifadəsi, duruş, əl hərəkətləri kimi davranışlarda çatışmazlıqlar nəzərə çarpır. Bu uşaqlar soyuqqanlı olur, ətrafdakılardan tez ayrılmaq istəyir və özlərinə qapanırlar". Belə uşaqların müalicəsi barədə psixoloq bunları qeyd edib: "Asperger sindromlu uşaqların müalicəsi yaşa uyğun sosial və peşə bacarıqları öyrətmək, əsas əlamətlərə əsaslanan müalicələrdir. Lakin ən yaxşı müalicə üsulu kimi qəbul olunan bir üsul yoxdur, sadəcə olaraq klassik tibbi fikri rəhbər tutmaq lazımdır: müalicə nə qədər erkən olarsa, normaya doğru inkişaf da bir o qədər sürətli gedər. Müalicə digər yüksək funksiyalı Asperger sindromu nəticələrinə bənzəsə də, onlardan fərqli olaraq dil bacarıqlarına, şifahi çatdırmanın güclü tərəflərinə və sözlə ifadə olunmayan ünsiyyətin zəif tərəflərinə daha çox diqqət yetirilir. Asperger sindromlu uşaqlarda müalicə proqramının tipik məzmunu fərdlərarası təsirli qarşılıqlı ünsiyyət üçün sosial bacarıq təhsili, depressiya və həyəcan kimi problemlər üçün dərman müalicəsi, motor koordinasiya üçün peşə və ya fiziki müalicə, xüsusilə evdə istifadə ediləcək davranış texnikalarının valideynlər tərəfindən öyrədilməsi və dəstəklənməsindən ibarətdir. Hazırda bir çox araşdırmalar sindromun irsiyyətlə bağlı olduğunu üzə çıxarsa da, onun dəqiq səbəbi öyrənilməyib. Asperger sindromunun müalicəsi birtərəfli aparılmamalı və xəstəliyin müalicəsində əsas aparıcı hissəni davranış terapiyası təşkil etməlidir, çünki həmin sindromlu uşaqların diqqət və mənəvi dəstəyə çox böyük ehtiyacı var".(azərtac)

Uşağa boşanma qərarı necə deyilməli?

Boşanma mərhələsi həm yetkin insanlar, həm də uşaqlar üçün asan deyil. Streslə dolu olan boşanma cütlüklərin həyatında yeni bir yol çəkməsi ilə yanaşı, uşaqların da sosial və mənəvi həyatında vacib rola malikdir. Psixoloq.az  bildirir ki, bəs uşaqlar yeniyetməlik dövründədirsə?  İlkin yeniyetməlik dövründə, yəni 9-12 yaş aralığında uşaqlar bir çox yeni sosial və zehni qabiliyyətlər qazanır. Bu dövrdə həyatdakı ən vacib insanlar həmcinsləri olur. Qarşı cinsə maraq hələ yeni başlayır. Dəyişən bədən formasının da təsiri ilə güzgü qarşısında uzun vaxt keçirir, özləri ilə bağlı xəyal və düşüncələrə sahib olurlar. Yeniyetməlik dövrünün xüsusiyyətləri uşaqların ana atalarının boşanma qərarına verdiyi reaksiyanı əslində bir qədər yüngülləşdirir. Çünki bu dövrdə onlar üçün maraqlı olan şey özləri və həmyaşıdlarıdır. Bəs boşanma qərarını necə açıqlamalı? - Xüsusilə bu yaşlarda uşaqların imtahan dövrü başlayır. Buna görə də evdə psixoloji gərginliyin olmaması vacindir. Boşanma ilə bağlı açıqlamalar məktəb qurtardıqdan sonra, yay aylarında edilməlidir. - Həyat yoldaşınız ilə ortaq bir danışıq tərzi müəyyənləşdirməli və vəziyyəti övladınıza açıqlamalısınız. - Boşanma qərarı ən sadə sözlər ilə və konkret misallarla açıqlanmalıdır. Onun böyüdüyünü düşünərək çox xırdalıqlara getməməlisiniz. - Söhbət əsnasında ata ilə ana eyni qədər danışmalıdır. Əks halda uşaq onlardan birinin tərk edildiyini düşünə bilər. - Onunla bağlı qərarların yenə ata-ana olaraq sizin tərəfinizdən alınacağını ona bildirməlisiniz. - Bu söhbətdən ən çox 1-2 həftə sonra evlərin ayırılması idealdır. Bu müddətdə uşaq cavab axtardığı suallarını da sizə vermək fürsəti tapa bilər. - Yaşlarına görə çox reaksiyasız ola və ya həddindən artıq reaksiya verə bilərlər. - Sizin üçün çətin olsa da yorğun, melanxolik olmamağa, ağlamamağa və həyat yoldaşınız haqqında mənfi danışmamağa çalışın.(gencaile.az)

Dəyişikliklər və yeniliklərdən qorxmayın - Günün ulduz falı

Qoç - liderlik məziyyətlərinizi göstərin. Uğur əldə etmək istəyirsinizsə, yaradıcılıq potensialınızdan bəhrələnin. Zəhmətkeş olun, diqqətinizi konkret işə cəmləyin. Praqmat, soyuqqanlı olun. Ən xırda təfərrüatları diqqətdən qaçırmayın. Günün ikinci yarısında maddi durumunuz pis olmayacaq. Əlavə gəlir mənbələri var. Münasibətlərin inkişafını istəyirsinizsə, emosional olmaq, qarşı tərəfin hisslərini anlamaq vacibdir. Axşam saatları aktiv istirahət üçündür. Buğa - günün ilk yarısında münaqişə riski artacaq. İnciklik, günah hissi, arzulanmamış arzular və ümidlər istisna deyil. Hər şey çox sərt, aqressiv, dar çərçivədə olan nəsnələr təsiri bağışlamasın. Günün ikinci yarısında təkbaşına çalışın, müstəqil olun və fəaliyyət arealınızı kənar müdaxilələrdən qoruyun. Hadisələri, sözləri, işarələri yanlış qiymətləndirməyin. Sirlərinizi yaxşı bələd olmadığınız insanlarla bölüşməyin. Axşam saatlarında normal dincəlin. Əkizlər - günün ilk yarısı qarışıq və gərgin vaxtdır. Mühüm olaylar diqqət tələb edir. Dəyişikliklər və yeniliklərdən qorxmayın. Fəaliyyət obyektinizin rekonstruksiyaya ehtiyacı var. Səhvləri aşkarlayın, dürüst qərarların məntiqi ardıcıllığını hazırlayın. Günün ikinci yarısında məhsuldar əməkdaşlıq üçün yeni imkanlar yaranacaq. Köhnə layihələrdən birinin tamamlanması və uğurla başa çatdırılması üçün münasib zamandır. İndiki dəyişikliklər pespektivdə yaxşı nəticələr verə bilər. Şərik və ya tərəfdaşları diqqətlə dinləyin. Axşam saatlarına yaxın yaxşı məsləhətlər ala bilərsiniz. Xərçəng - nüfuzlu insanlarla münasibətlərdə sərtlik yaratmayın. Təzyiqə məruz qala bilərsiniz. Yaxın ətrafınızdakı insanların tələbkarlığı sizin rahat çalışmağınıza maneələr yaradacaq. Səbrli, təmkinli davranıb vəziyyətdən çıxış yolu arayın. Günün ikinci yarısında güzəştlərə meylli olun, tam müstəqilliyə can atmayın. İmicdə zəruri dəyişikliklər barədə düşünməyin vaxtıdır. Zərərli vərdişlərinizdən birindən əl çəkin. Bütün müşküllərə, problemlərə rəğmən pozitiv olun. Maliyyə məsələləri izafi diqqət tələb edir.  Şir - adi günlərdən fərqli olaraq problemləri çözmək asan deyil. Ən kiçik uğursuzluq əhvalınızı korlaya bilər. Səbrli və təmkinli olun. Həyata praktik nəzər salın. Potensial tərəfdaşlarla danışıqlarda yaxın gələcəklə bağlı planları müzakirə etməyə dəyər. Birgə fəaliyyət ən ağır problemin həllini mümkün edir. Günün ikinci yarısında şəxsi münasibətlərdə durum yaxşı olacaq. Yaxınlarınız və dostlarınızla ünsiyyət faydalı, həm də xoş olacaq. Axşam saatlarında qəfil görüş ola bilər. Qız - uğurlu, yaxşı zamandır. Hadisələrin axarına azacıq da olsa, təsir imkanlarınız var. İşlərinizi yaxşı planlaşdırın, boşuna vaxt itirməyin. Yaxşı nəticələrə nail olmaq üçün səy göstərmək gərəkdir. İnadınız və iradəniz sonucsuz qalmayacaq. Günün ikinci yarısında yaxınlarınızla təmaslarda daha diqqətli olun. Ünsiyyətinizin harmoniyaya ehtiyacı var. Ailə üzvləriniz və yaxınlarınızla səmimi olun. Məişət qayğılarının əhəmiyyətli hissəsinin çözümünü öz üzərinizə götürün. Tərəzi - maddi məsələlərdə realist olun, illüziyalara qapılmayın. Bu yaxınlara qədər maraqlandığınız məsələ artıq ikinci dərəcəli məqam təsiri bağışlaya bilər. Tələsik qərarlar, yanılmalar sonradan ağır fəsadlar yarada bilər. Günün ikinci yarısında inandığınız insanın müdrik məsləhətindən yararlanın. Daxili durumunuz stressdən qurtulmağınızı tələb edir. Axşam saatları sadə olmayacaq. Normal istirahət etməyə çalışın. Qüvvələrinizi maksimal dərəcədə bərpa edin. Əqrəb - fəaliyyətinizdə rasional olun. Hisslərinizdəki laübələr işlərinizə təsir etməməlidir. Mümkün qədər tez həll etməyə çalışdığınız məsələlələrin çözümü ilə məşğul olun. Əvvəlki günlərlə müqayisədə daha çox güzəştlər etməli olacaqsınız. Günün ikinci yarısında hadisələrə təsir imkanlarınız məhdudlaşacaq. Dəyişikliklərin mənasını, proseslərin məğzini anlayın. Qərarlarla yanaşı, informasiya alınmasında aktiv olun. Maddi məsələlərdə gözləntiləriniz doğrulmayacaq. Perspektivlər tam aydın deyil. Oxatan - günün ilk yarısında yaşananlar sizdə gərginlik hissi yarada bilər. Rəqiblər bütün qaydaları pozacaq, məqsədlərinə çatmaq üçün istənilən vasitədən istifadə edəcəklər. Cavab tədbirləri hazırlayın. Vicdanınıza xilaf çıxmayın, ədalətli olun. Günün ikinci yarısı yaxşı şanslar vəd edir. Amma bununla belə, bəzi problemlərin həllində çətinliklər yarana bilər. Gördüyünüz işlərdə ciddi, fəsadlı nöqsanlara yol verməyin. Təfərrüatlara və detallara barmaqarası baxmayın. Oğlaq - hadisələrə təsir imkanlarına malik insanlarla əlaqələri yenidən qiymətləndirin. İnandığınız insanla yeni layihənin icrasına başlamaq olar. Cari proseslərə təsir etməklə hadisələrin məcrasına korrektələr edin. Planlara riayət edin. Yaranan insanları və aldığınız təklifləri dəyərləndirin. Günün ikinci yarısında avantüralara qatılmayın. Konstruktiv məsələlərin müzakirəsi üçün yaxşı zamandır. Əlaqələri bərpa edin. Maliyyə məsələləri aktuallaşacaq. Yardıma ehtiyacı olan insanlara diqqətlə yanaşın. Emosional travmaya uğramayın. Dolça - yeni ideyalar, qüvvələr və dəstək olacaq. Başladığınız işdə uğur qazana bilərsiniz. İndiyədək tam sürətlə hərəkət etdiyiniz sahələrdə aktivliyinizi bir qədər azaldın. Zəif mövqeləri gücləndirin. Günün ikinci yarısında situasiya sizdən qəti qərar, vidalaşma, bəzən isə niyyətlərdən əl çəkməyi tələb edə bilər. Asılılıqlarınızın birindən qurtulun. Rasionunuzun sağlam olmasına çalışın. Şəxsi münasibətlərdə vəziyyət pis deyil. Axşam saatlarında nisgilli hisslər yarana bilər. Balıqlar - mühüm saydığınız məsələlərdən biri ilə bağlı danışıqlar aparın. Emosional gərginliyə rəğmən sakit, təmkinli olun. Təxribatlara uymayın. Sizi münaqişəyə cəlb etmək istəyəcəklər. Gərəksiz məqamlardan imtina edin, lazımsız əlaqələrə son qoyun. Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri ilə mühüm söhbət olacaq. Münasibətlərdə dəqiqləşdirmələrə ehtiyac var. Ev işlərinin sayı adi günlərlə müqayisədə artacaq. Alış-verişdə çox pul xərcləməyin. Milli.Az

Ətrinə görə xarakterini tanıyın - Test

Jan-Pol Qerlen belə deyirdi: "Mən əminəm ki, əgər kişi qadına ilk baxışdan aşiq olursa, deməli, onun ətir seçimi uğurlu olub". Çünki ətirlər qadın haqqında çox məlumat verə bilər. Bəs siz hansı ətirlərdən istifadə edirsiniz?  Yüngül qoxular Şən, gülməli, ciddi! Tənhalığa dözmür, gurultulu şənliklər təşkil etməyə üstünlük verir. Bu cür qoxuları sevənlər planlaşdırılmamış mərasimin eyni zamanda həm ssenaristi, həm rejissoru, həm də baş qəhrəmanı ola bilər. Bir qədər tərkidünyadır, çünki maddi dəyərlərə qiymət vermir, dostluq və insani münasibətlər onun üçün daha böyük əhəmiyyət kəsb edir. Sitrus tərkibli ətirlər Yəqin ki, onların planları on il əvvəlcədən yazılıb. Sitrus tərkibli ətirləri xoşlayanlar hər şeyi öyrənməyə və nəzarət etməyə can atırlar. Yeri gəlmişkən qeyd edək ki, bu cür ətirləri seçən qadınlar özünə qarşı çox tələbkardır. Ona görə də onlar təsadüfi səhvlərə və ya diqqətsizliyə dözmür. Bitkilər və otlar Belə qadınlar düzgün həyat tərzi yaşamağa çalışırlar. Sağlamlığına və qidalanmasına ciddi nəzarət edirlər, idmanla məşğul olur, həmçinin, təbii tərkibli kosmetik məhsullardan istifadə edirlər. Onlar divanda uzanıb istirahət etməkdənsə, ailə üzvləri ilə birlikdə şəhərdən kənarda gəzintiyə çıxırlar. Çiçəkləri sevir və həmişə pəncərənin qabağına gül qoyurlar. Zərif gül ətirləriÇox romantik və zərifdir. Evə çox bağlı insandır. Qarşılıqlı münasibətləri həmişə qorumağa çalışır, həmsöhbətini dinləmək, başa düşmək və təsəlli verməyə həmişə hazırdır. Bu qoxuları sevən qadınlar ev rahatlığını, səsli-küylü ailə bayramlarını, qonaqlı-qaralı axşam yeməklərini, ən əsası, uşaqları ilə əylənməyi çox sevirlər.

Heyvanların obrazlarından istifadə etmək - Animaloterapiya nədir?

XXI əsrdə alimlər qədim əcdadlarımızın unudulmuş reseptlərini yada salmağa başlayıblar. İnsanların əhvali-ruhiyyəsinə heyvanların təsiri zaman keçdikcə daha da çox aşkar olunur. Ətrafdakı insanlarla sağlam münasibətlərin olmaması nəticəsində bir çoxlarında depressiya, stress, tənhalıq və müxtəlif problemlərlə özünü büruzə verir. Psixoloq.az bildirir ki, animaloterapiya (latınca "animal"-"heyvan" sözündən götürülüb)-psixoterapevtik yardım üçün heyvanlardan və onların obrazlarından istifadə edən müalicə növüdür. Bu, ciddi xəstəliklərin qarşısının alınmasının və müalicəsinin sivil elmi üsuludur. Animaloterapiyada heyvan rəmzlərindən-obrazlar, şəkillər, nağıl qəhrəmanları, oyuncaqlar, həmçinin ünsiyyətdə təhlükəli olmayan canlı heyvanlardan istifadə edilir. Animaloterapiyanın tarixi Heyvanlarla müalicə hətta mağarada yaşayanlara da məlum idi. Çox uzaq tarixi olmasına baxmayaraq, animaloterapiyanı çox vaxt qeyri-ənənəvi üsul adlandırırlar. Qədimdə loğmanlar əsəbi pozulanlara soyuq suya girməyi, ayaqyalın yeriməyi və at belində gəzməyi məsləhət görərdilər. Hələ bizim eradan əvvəl V əsrdə Hippokrat təbii aləmin insana təsiri barədə müşahidələrində at sürməyin müalicəvi faydalarını aşkar edib. Qədim yunanlar, təxminən, üç min il əvvəl müxtəlif xəstəliklərin müalicəsində itlərin böyük rol oynaya biləcəyini deyiblər. Misirlilər həmin məqsədlə, əsasən, pişiklərdən istifadə ediblər. Qədim Hindistanda isə quşların nəğməsini dinləmək həkimlər tərəfindən müalicə üsulu kimi məsləhət görülüb. . Amerikalı uşaq psixiatrı Boris Levinson ilk dəfə 1962-ci ildə keçirdiyi müalicə seanslarında öz itindən istifadə etməklə animaloterapiyanın təməlini qoyub. İndi bütün inkişaf etmiş ölkələrdə həmin üsul qəbul edilir, heyvanların insanlara təsirini öyrənən institutlar yaradılıb. ABŞ, Böyük Britaniya, Kanada, Fransa və Rusiyada fiziki və ya psixi problemləri olanlara animaloterapiya vasitəsilə kömək göstərən təşkilatlar var. Onların hamısı əhliləşdirilmiş heyvanlardan-daha çox it, pişik, dələ və quşlardan müalicə vasitəsi kimi istifadə edirlər. Həkimlər, sosial işçilər, psixoloqlar animaloterapiya proqramlarının iştirakçısı olurlar. Dünya Səhiyyə Təşkilatı tərəfindən canlı varlıqların yanımızda olmasının bizə böyük fayda verdiyi qəbul edilib. Animaloterapiyanın növləri Heyvanların müalicəvi əhəmiyyətini dərk etmədən onları ev şəraitində saxlamaq-məqsədsiz, heyvanlardan və ya onların rəmzlərindən məxsusi işlənmiş müalicə proqramı üzrə məqsədyönlü şəkildə istifadə etmək məqsədli aminaloterapiya adlanır. Animaloterapiyanın bu növündə pasiyentin öz heyvanlarından deyil, xüsusi öyrədilmiş heyvanlardan və ya onların obrazlarından və səslərindən istifadə edilir. Məqsədli animaloterapiya, istifadə olunan heyvanlardan asılı olaraq bir neçə növə bölünür: İppoterapiya-animaloterapiyanın bu növündə əsas təmas vasitəsi kimi atlardan və at sürməkdən istifadə edilir. Bu, çox səmərəli müalicəvi bədən tərbiyəsidir. İppoterapiyadan dayaq-hərəkət aparatının pozuntularında, aterosklerozda, çənə-beyin zədələrində, poliomielitdə, mədə-bağırsaq xəstəliklərində, prostatitdə, skoliozda, kəmağıllıqda istifadə edilir. Atla təmas öz-özlüyündə müalicəvi olan dayanıqlı müsbət emosional fon yaradır. Delfinoterapiya-təbabətdə və psixoterapiyada delfinlərdən çox tez-tez istifadə olunur. Delfinlərlə təmas insanın psixi-emosional vəziyyətini sabitləşdirməyə, psixoloji gərginliyi aradan qaldırmağa kömək edir, adam sakitləşir, fikirləri stabilləşir və böhranlı vəziyyətdən tez çıxış yolu tapır. Bu, əsəb sistemi xəstəliklərindən-autizmdən, serebral iflicdən, oliqofreniyadan, Daun sindromundan əziyyət çəkən uşaqlar, həmçinin ekstremal şəraitə, zəlzələyə, fırtınaya, qəzaya düşən və başqa şəkildə güclü stress keçirən adamlar üçün ən gözəl psixoloji reabilitasiya üsuludur. Kanisterapiya-animaloterapiyada itdən istifadə etməkdir. İt-azhərəkətli həyat tərzi keçirməklə əlaqədar yaranan hipodinamiyaya qarşı ən yaxşı "dərman"dır. İtlə gəzinti ürək-damar xəstəliklərinin, infarkt miokardın əmələ gəlməsi ehtimalını azaldır. İt insanın ünsiyyət yetərsizliyini aradan qaldırır, ünsiyyətcilliyini yaxşılaşdırır, hətta sahibinin ailəsində münaqişələri yoluna qoyur. İtin ağız suyundakı lizosim fermenti xəstəlik əmələ gətirən mikroorqanizmləri məhv edir. Kanisterapiya nevrasteniyada, isteriyada, psixasteniyada və nevrozlarda məsləhət görülür. Hospislərdə və psixatriya klinikalarında itlər xeyirxah qonaqlar hesab olunur. Pasiyentlərlə işlərkən heç də hər it kara gəlmir-yalnız, sakit, hikkəsiz və sabit psixikalı itlərdən istifadə edilir. Felinoterapiya-pişiklərin müalicəvi təsiridir. Pişiklər tənhalığı unutdurur, adamı sakitləşdirir, arterial təzyiqi aşağı salır, ürəyin işini sabitləşdirir, oynaq və baş ağrılarını götürür. Pişik miyoltusu müəyyən səs titrəməsi (20-50 hers tezlikli) kimi sağalma prosesini stimullaşdırır. Pişiklə uzunmüdətli dostluq immun sistemini möhkəmləndirir, sağlam və uzunömürlü olmağa kömək edir. Apiterapiya-arı zəhəri ilə müalicədir. Müalicəvi faunada arı mütləq liderdir. Bioloji növ kimi 50 milyon illik mövcudluğu ərzində arı ən müxtəlif iqlim şəraitində həyat sürməyə öyrəşib ki, bu da nadir arı zəhərinin yaranmasına gətirib çıxarıb. Fizioloji proseslərin ən güclü katalizatoru olması arı zəhərinin möcüzəsidir. Onun bir damcısında zülal maddələri, 20 vacib amin turşusundan 18-i, saysız-hesabsız turşular, bütöv Mendeleyev cədvəli və çoxlu vitaminlər var. Hirudoterapiya-tibb zəliləri ilə müalicə venaların varikoz genişlənməsinin, tromboflebitlərin, dəri, ağciyər və qadın xəstəliklərinin, miqrenin, haymoritlərin, nevritlərin və bir sıra digər xəstəliklərin müalicəsində heyranedici nəticələr verir. Son vaxtlar zəlilərin köməyi ilə sellülitləri müalicə edir, arıqlayır, hətta cavanlaşırlar. Zəlilərin müalicəvi təsirinin sirri bundadır ki, onları seliyi orqanizmin toxumalarının dərinliklərinə nüfuz edərək xəstəliyə hüceyrə səviyyəsində təsir göstərir. Başqa heyvanlardan istifadə olunması Bütün canlı varlıqlar insana effektiv psixoloji kömək göstərə bilər. Animaloterapiyada digər heyvanlardan çox az istifadə edilir, çünki belə hallarda müalicənin səmərəsi xeyli aşağı olur.(azərtac)

Bu üsulla bal yemək stressin qarşısını alırmış - Maraqlı araşdırma

Stress, demək olar ki 80 faiz insanda rastlanılan psixoloji problemlər sırasında yer alır. Bu barədə müxtəlif müalicələr, terapiyalar aparılsa da qarşısını nə nevroloqlar, nə də psixoloqlar tam şəkildə ala bilir. Çünki problemə səbəb olan düşüncələr insan beyninin içərisində daim cərəyan edir. Həmçinin stress yaradacaq hadisələr mütəmadi şəkildə yenilənir. Bu səbəbdən bunun qarşısını tam olaraq alan müalicə üsulu yoxdur.  Psixoloq.az xəbər verir ki, son zamanlar bu barədə Ruminiyada maraqlı araşdırmalar aparılıb. Belə ki, mütəxəssislərin tədqiqatlarına görə, insanlar, stressin qarşısını almaq üçün baldan istifadə etməlidirlər. Bunun üçün balı otaq temperaturunda nizamlı olaraq istifadə etmək əsas şərtdir. Araşdırmalara görə, balı isti istifadə etdikdə stressi azaltmaq əvəzinə orqanizmimizə əlavə stress qazandırmış oluruq ki, bu da əks təsir göstərir. Mütəxəssislər stressi azaltmaq üçün istifadə edilən balı belə bir qayda ilə istifadə etməyi də tövsiyə etdilər. Bir stəkan ilıq suya bal qataraq, onu suda həll etmək lazımdır. Sonra  üzərinə limon sıxıb, qəbul etdikdə stressin qarşısını müvəffəqiyyətlə alacaq. İlıq bal  sinir sistemini nizamlayır və insanı rahatlaşdırır.  Xarici psixoloqlar isə hələ bu barədə dəqiq rəylərini bildirməyiblər. Şəhanə Quliyeva

Sabah hava necə olacaq?

Sentyabrın 21-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq rayonlarda duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 21-də Abşeron yarımadasında biometeoroloji amillərin iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir.

Yaxşı psixoloqu necə seçməli... - Bütün psixoloqlar nəyi bilməlidir?

Hər bir psixoloqun özü ilk olaraq psixoanalizdən keçməlidir. Psixologiyanın bütün sahələrinə dərindən yiyələnməli və empatiya qura bilməlidir. Bildiyimiz üzrə uşaq və böyük olmaqla psixoloqlar adətən qrupa bölünür. Belə ki, uşaq psixoloqları adətən azyaşlı və yeniyetmələrlə çalışır. Ancaq psixoanalizlər zamanı isə hər bir insanın uşaqlığına nəzər salınır. Bu məqamda isə belə bir sual meydana çıxır. Bütün psixoloqlar uşaq psixikasını bilməlidirmi? Psixoloq.az xəbər verir ki, mütləq şəkildə uşaq psixologiyasını, bu sahəyə məxsus hər bir mütəxəssis bilməlidir. Çünki qeyd etdiyimiz kimi müəyyən mərhələlər  var ki bunu hər insan keçir. Hansı ki uşaqlıq dövrü, sonradan yaranan eqo, yeniyetməlik və s. Psixoloq isə bunları dərindən bilməlidir ki, pasiyenti psixoanaliz edən zaman bu dövrdə yaşanılan problemləri, travmaları və digər məsələləri analiz edə bilsin. Qeyd edək ki, uşaqlarla işləyən psixoloqlar böyüklərlə də işləməyi bacarırlar. Şəhanə Quliyeva

Alkoqolizmin müalicəsi - 4 günlük...

Alkoqolizmlə əlaqədar bütün müalicə proqramlarının müəyyən əsas prinsipləri vardır. Bir alkoqolizm müalicə proqramında aşağıdakı mərhələlər olur. Müalicə spirtdən təmizləmə proqramıyla başlaya bilər. Xəstə spirtdən təmizləmə xidmətlərində müalicəyə alınır və məhrumluq əlamətləri baxımından diqqətlə izlənir. Bu adətən 4-7 günlük bir müddətdir və bu müddət içində sakitləşdiricilərin istifadə edilməsi də çox vaxt lazımlı olur. Əgər məhrumluq əlamətləri ortaya çıxarsa bir həkimin rəhbərliyinə ehtiyac duyula bilər. Ayrıca bəzi alkoqoliklər üçün bu dövrdə depressiya müalicəsi də lazım ola bilər, şiddətli məhrumluq əlamətləri olan alkoqoliklər gərgin,əsəbi ola bilər və hətta şüur itkiləri belə görülə bilər. Delirium Tremens və məhrumluq əlamətlərinin qabağının alınması üçün həkim nəzarəti altında dərman istifadəsi lazımlıdır. Tibbi müalicə Əgər alkoqolizmlə qaynaqlanan tibbi problemləriniz varsa,bunlar müalicə edilməlidir.Ən çox rastlananlan yüksək qan təzyiqi, qan şəkəri artımı,qaraciyər və ürək xəstəlikləridir.Bunlarla yanaşı, xəstəliklə əlaqədar bəslənmə problemləri də diaqnoz edilərək uyğun bir pəhrizlə müalicə edilməlidir. Sağaltma proqramları Spirtdən təmizləməyi müşahidə etməklə,ən əhəmiyyətli yaxşılaşdırma proqramı keçirilməsi lazım olan bir reabilitasiya dövrüdür. 3-4 həftə boyunca xəstəliyin xüsusiyyətləri, bədənə verdiyi zərərlər, içkinin səbəb olduğu müxtəlif problemlər və yaxşılaşarkən nələr hiss olunduğu müzakirə olunacaq. Bu müddətdə ruhi dəstək və əgər lazım olsa tibbi müalicə də alına bilər,yaxşılaşdırma proqramları gündəlik danışıq və film izləmə, qrup müalicəsi, məsləhət xidmətləri və məşğul ol müalicəsindən meydana gəlməkdədir. Alkoqolun tamamilə kəsilməsi Bu unudulmamalıdır ki,əgər içməyə davam edilsə xəstəlik ya çox az və ya heç nəzarət edilməyəcəkdir. Bu səbəblə, alkoqoliklər üçün müalicə proqramları,spirtin tamamilə kəsilməsini ön şərt olaraq qəbul etdikdən sonra başlanır. Xəstəliyin qəbul edilməsi Xəstə olduğu həqiqəti qəbul etməlidir. Xüsusilə spirt vərdişinin olduğu və bunun nəzarət edilə bilinmədiyi qəbul edilməlidir.Bir çox alkoqolik utanc və günahkarlıq duyğusundan qurtulmaq üçün bundan imtina edir. Xəstələrin inkar etməyi davam etdirmələri müalicəyə zərər verə biləcəyi kimi tamamilə təsirsizləşdirə də bilər. Spirtə olan istəyini qəbul etməniz şəfa üçün ən əhəmiyyətli addımdır.Həmçinin bu müalicə proqramınız üçün də əsas şərtdir. Beləcə bəlkə də ilk dəfə xəstəliyin gücü spirtli tərəfindən qəbul edilmiş olacaq. Psixiatrik müalicə və psixoloji dəstək Alkoqoliklərdə duyğusal vəziyyətlə əlaqədar şikayətlər psixoatrik xəstəxanadakı xəstələrin şikayətlərinə bənzəyir.Əgər xəstəliklə psixoloji cəhətdən maraqlanılmazsa,xəstə sağalmaz. Bu bir neçə şəkildə (qrup müalicəsi və ya fərdi psixoterapiya) ilə reallaşa bilər. Bəzi alkoqoliklərdə depressiya kimi digər psixiatrik xəstəliklər də görülə bilər. Əgər problem həmçinin psixiatrik xəstəlikdirsə,alkoqolizm müalicəsi ilə yanaşı xüsusi bir müalicə də lazımlı olacaq. Dərman müalicəsi Uzun müddətli müalicə proqramında sakitləşdiricilər istifadə edilməməlidir. Bu dərmanlar da eynilə spirt kimi asılılığa yol açar; yalnız məhrumluq əlamətlərinin müalicə müddətində istifadə edilə bilər. Müalicə, bu gün yaşanılanlar,keçmişlə əlaqədar günahkarlıq duyğuları və gələcək qorxularıyla üzləşməsi üzərində qurulur.Buna görə də xəstəyə yaxınlaşarkən təmkinli olmaq da içki içmənin aradan qaldırılması qədər əhəmiyyətlidir. Bir çox alkoqolik üçün,spirt qəbulu güclülük və azadlıq kimi yanılsamalara səbəb olar. Spirtin təsiri altındaykən,özlərini bütün ictimai təzyiqlərdən xilas olmuş kimi hiss edirlər.Inciklik və hirs səbəbiylə də tükəndiklərini hiss edirlər.Alkoqolizm,ictimai əlaqələrin pozulmasına səbəb ola bilər. Ailə, əlaqələrin pozulmağa başladığı ilk yerlərdən biridir,digəri isə iş yeridir.Amerikan Milli Alkoqolizm Şurası,özü və ya ailəsində spirt və ya narkotik asılılığı olan hər 20 adamdan birində bunun iş qabiliyyətinə təsir etdiyini təyin etmişdir.Müalicə yalan,inkar və səmimiyyətsizlikdən imtina edərək,özünü anlama və şəxsiyyətin inkişaf etdirilməsini təməl alacaq sağlam və etibarlı əlaqələr meydana gətirməyi öyrənmə üzərində diqqətlə qurulmalıdır. Dəstəyin davam etdirilməsi Yaxşılaşdırma proqramının müvəffəqiyyəti müalicənin sonlanmasından sonra müəyyən olunur. Xəstəliyin xroniki olması alkoqolizmə dəstəyin davamlı olmasını tələb edir.Spirt və ya dərman asılılığından xilas olmağa çalışan kəslərə istiqamətli olaraq,həyatlarını davam etdirmələrinə və xəstəlik əgər yenidən baş qaldırarsa, zamanında görülməsinə köməkçi ola bilmək üçün,müalicə sonrası proqramlar nəzərdə tutulmuşdur. Nərmin Quliyeva

Problemli düşüncələrdən necə xilas olmalı? - Mütəxəssisdən həyata yeni baxış bucağı

Bir insan yolla gedir. Onu bıçaqlayıb, pullarını da oğurlayıb qaçırlar. Bir insan ağır xəstə olur. Əməliyyat masasında onu da bıçaqla yarırlar, sonra yardıqları yerdə işlərin bitirib qapadırlar. Hər iki halda insana bıçaq dəyir amma demək olmaz ki hər iki hal insanın zərərinədir. Bəzən sıxıntılar da əməliyyat masasında bizi yaran bıçaq kimidir. Yaran Yaradandandır. Bəlkə də o yarılan yerdə əməliyyat gedir, bitdikdən sonra daha sağlam davam edəcəksiniz həyatınıza. Bu həyatda hadisələrin gedişatını dəyişə bilməyən yeganə şey üsyan, göz yaşı, dərd çəkmək və depressiyadır. Amma ən çox müraciət edilən də onlardır. Bəs nədən, necə başlayaq? Başlamayacaqsınız... bitirəcəksiniz...1. Öncə boş zaman keçirməyi ( mütləq etməyə birşey tapılar)2. Pis təsir edən film, serial və proqramları.3. Özünüzü içinizdə deyil çölünüzdə axtarmağı.4. Yalnız həyatda problemləri görməyi :) Problemlər bir ovuc duz kimidir. Siz fincan yox, göl olun. O duzu içinizdə həll edin, dağıdın getsin.Pedaqoq Lalə MəhərrəmliPsixoloq.az

"Aşura məclisləri uşaqlara psixoloji təsir edir" - Uşaqlar belə mərasimlərə aparılmalıdır?

"Bir dəfə Aşura günündən bir gün əvvəl İranda idim. Orada mərasimə hazırlıq mərhələsini gördüm. İnsanlar meydanda içərisi qırmızı maddə ilə dolu (qana bənzər) şarlar düzəldiblər. Yanımdakı insanlardan soruşdum ki, bunlar nə edir. Dedilər ki, sabah bu şarlar xəncərlərlə kəsiləcək və bu onu göstərir ki, İmam Hüseynin qanı belə axıb. Bu hədsiz dərəcədə cahillikdir. Bax ona gör deyirəm ki, sabah həmin günün anılması, o gün canından keçən insanların xatirəsinə hörmət əlaməti olaraq düzgün şəkildə məscidlərə gedib o günü yad etmək məqbuldur. Məscidlərdə yaxşı olar ki o günün mahiyyəti haqqında danışılsın. İnsanlara məlumat verilsin. Elə məclis qurumalıdır ki, insanlar, hətta azyaşlı uşaqlar belə oradan mənəvi qida alsınlar. Təəssüf ki, bu gün bizim məclislərimiz buna hazır deyil”. Psixoloq.az xəbər verir ki, bu sözləri publika.az-a  sosioloq Əhməd Qəşəmoğlu deyib. Sosioloq onu da qeyd edib ki, bu gün ölkədə keçirilən Aşura məclislərində cəhalət elementləri o qədər güclüdür ki, böyüklərdən tutmuş, uşaqlara qədər psixoloji təsir edə bilər: “Mən şəxsən bu səbəbdən istəməzdim ki, bu mərasimlərə azyaşlı uşaqlar aparılsın. Bu mərasimlərdə insanların qollarına qara ip bağlayaraq bununla nəzir toplayanlara da rast gəlirik. Bütün bunlar dinimizdə yoxdur. Bu heç xoşa gələn, arzu edilən nüasnlar deyil. Biz bu mərasimləri yığışdıra bilmərik. İslam aləmin birləşdirən günlərdən biridir. Amma mərasimlərin keçirilməsinin bu şəkildə də davam etməsinə şərait yaratmaq olmaz. Yaxşı olardı ki, ümumiyyətlə qan tökmək, baş yarmaq olmasın. “Qurani-Kərim”də bu davranışlar qətiyyətlə pislənir". Psixoloqlar isə bu mərasimlərə azyaşlı uşaqların aparılmasının əleyhinədir. Çünki uşaqların dərk etmədikləri yaşda qan görməkləri, vəhşilik simvolu olan hərəkətlər onlarda travmaya səbəb ola bilər. Məsləhətdir ki, bu günün xüsusiyyəti barədə uşaqlara elmi məlumatlar ötürülərək maarifləndirilsinlər.