Əşyalarınızı “BakuBus”da unutmaqdan QORXMAYIN!

“BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyaların sahiblərinə qaytarılması işini davam etdirir. MMC-dən verilən məlumatda bildirilib ki, iyul ayında “BakuBus”a məxsus avtobuslarda tapılan 7 ədəd çanta, 5 ədəd telefon, 2 ədəd dəmir avadanlıq, 1 ədəd pulqabı, 1 ədəd kitabça və 1 ədəd iş kartı sahibinə təhvil verilib. Həmçinin, iyulda avtobuslarda unudulan (itirilən) Cəmilə Ələsgər qızı Mustafayeva, Aytac Abisalam qızı Əliyeva və Naibə Nazim qızı Aboyevaya məxsus şəxsiyyət vəsiqələri, Ruslan Arzum oğlu Muradova məxsus pasport, Nicat İzzət oğlu Hüseynov və Rəhim Yusif oğlu Əliyevə məxsus tələbə biletləri, Firuzə Sabir qızı Rəhimova, Samirə Ağasəlim qızı Dadaşova və Fərid Məmməd oğlu Yusifova məxsus sənəd üçün qablar, Rüfət Aslanov, Arif Həsənov və Dilruba Əsgərzadəyə məxsus bank kartları, İlkin Marif oğlu Hüseynova məxsus iş kartı və 1 ədəd “BakıKart”, eləcə də sahibləri məlum olmayan əşyalar hazırda “BakuBus” MMC-dədir. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər. Qeyd edək ki, “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən), sahibləri tərəfindən götürülməyən sənəd və əşyalar vaxtaşırı olaraq Bakı Şəhər Baş Polis İdarəsinə və “Poçtap” xidmətinə təhvil verilir. Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə cavabdehlik daşımır.(publika.az)

27 nəfəri ilan sancıb, 102-ni gün vurub

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son bir həftə ərzində 13763 ümumi müraciət daxil olub. Onlardan 1337 nəfəri xəstəxanalara yerləşdirilib. Psixoloq.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, uşaqlar üçün edilən çağırışların sayı 1704, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 225 olub. Miokard infarktı ilə 12 nəfər müraciət edib, onların hamısı hospitalizasiya olunub. İnsultla bağlı 52, cərrahi xəstəliklərlə bağlı 112, doğuşla bağlı 57 müraciət olub, onların hamısı hospitalizasiya edilib. Zədə ilə bağlı 326 müraciət olub onların 307-si hospitalizasiya edilib. Bu müddət ərzində 23 avtoqəza hadisəsi nəticəsində 30 nəfər xəsarət alıb, 25 nəfər hospitalizasiya edilib. Yay mövsümü başlayandan indiyədək Bakı Şəhər Təcili və Təxriəsalınmaz Tibbi Yardım Stansiyasına sancması ilə bağlı 27 müraciət daxil olub və bütün xəstələr ilk tibbi yardımdan sonra hospitalizasiya edilib.102 nəfər günvurma ilə bağlı müraciət edib, onların 65-i hospitalizasiya olunub. 59 nəfərin suda boğulması ilə bağlı məlumat daxil olub, onların 18-i hospitalizasiya olunub. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Digər tibb müəssisələri ilə sıx əlaqəli işin təşkilinə xüsusi diqqət yetirilir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanalarına məlumat verilir.(publika.az)

Hava KƏSKİN DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında avqustun 9-u gündüzdən 11-i axşamadək şimal-qərb küləyinin arabir güclü olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq avqustun 12-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Bakıda və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək. Avqustun 8-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Sabah bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Avqustun 8-də Abşeron yarımadasında gündüz arabir güclənən xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir.(publika.az)

Böyrəkləri qum və mikroblardan təmizləyin - Resept

Böyrəkləri, sidik kisəsini və sidik yollarını qum və mikroblardan təmizləmək üçün cəfəri suyundan istifadə edə bilərsiniz. Psixoloq.az xəbər verir ki, bu bitki sidikqovucu və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Xalq təbabətində geniş istifadə edilir. Bununla yanaşı dərini gəncləşdirərək parlaq edir. Bəs cəfəri suyu necə hazırlanır? 1 dəstə cəfəri saplağı ilə birlikdə yuyulur, doğranılır, üzərinə yarım litr qaynar su tökülür, zəif odda 2-3 dəqiqə qaynatdıqdan sonra, 1 saat dəmlənir və süzülür. Hazırlanan bu cəfəri suyu ilıq olaraq, günün hər saatında arzuya görə istehlak edilir. Gecə yatmazdan 1 saat əvvəl içə bilərsiniz.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Avqustun 15-də ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. Təhsil Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada- mektebeqebul.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir. Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur. Sənədlərin qəbulu sentyabrın sonunadək davam edəcək. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq”, "Savad təliminə hazırlıq və nitq inkişafı”, "Bədii təfəkkürün inkişafı”, "Məntiqi və riyazi təfəkkürün inkişafı”, "Təsviri fəaliyyət”, "Musiqi”, "Fiziki mədəniyyət” məşğələləri keçirilir. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarındə dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.(xezerxeber.az )

Yer ölümcül istixanaya çevriləcək

Beynəlxalq alimlər komandası araşdırıb ki, hətta Paris İqlim Sazişinin şərtlərinə görə, Yer kürəsinin orta temperaturu 4-5 dərəcə yüksək olacaq.  Araşdırmaçıların fikrincə, Yerin “istixana”ya çevrilməsi və bir çox bölgələrin yaşayış üçün yararsız olması riski böyükdür.  Psixoloq.az xəbər verir ki, bununla bağlı “EurekAlert!” nəşrində məlumat verilib.  Mütəxəssislər yazır ki, istixana qazlarının atmosferə buraxılması iqlimə təsir edən yeganə faktor deyil. İstiləşməyə səbəb olacaq insan amili ilə bağlı digər xoşagəlməz proseslər də var. Hətta istixana qazlarının atmosferə buraxılmasının dayandırılması zamanı da istiləşmə davam edə bilər.  Bu cür proseslərə buzlaqların əriməsi, okeanın dibindən metanın qalxması, bakterial tənəffüs intensivliyinin artması, Amazonda meşə massivinin azalması, Arktika və Antarktikada buzlaq sahələrinin azaldılması aiddir. İstixana qazlarının atmosferə buraxılması zəncirvari reaksiyalara səbəb ola bilər. Bu zaman bəşəriyyət heç nə edə bilməyəcək.  Yer kürəsinin “istixana”ya çevrilməsinin qarşısını almaq üçün nəinki qaz tullantılarını azaltmaq, həmçinin karbonun saxlanılması üçün meşələrin yaradılması, torpağın və bioloji müxtəlifliyin qorunması vacibdir.  Hesablamalara görə, 2100-cü ildə böyük şəhərlər su altında qalacaq, Maldiv kimi adalar da yoxa çıxacaq.(oxu.az)

Boş qalan yerlərə ixtisas seçimi başladı

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən publika.az-a verilən məlumata görə, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul 25 fevral və 3 iyun 2018-ci il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Bu il ali təhsil müəssisələrinin magistraturalarına yerləşdirilmiş bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün avqustun 7-də saat 09:40-dan 13 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3149/0?tqdk_xdm=61) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər. Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsini təsdiq edir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Kolera epidemiyası sürətlə yayılır

Nigeriyanın Kanoe vilayətində kolera epidemiyası səbəbiylə bir həftə ərzində 11 nəfər həyatını itirib. Psixoloq.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Nigeriya Xəstəliklər Nəzarət Mərkəzi (NCDC) 5 gündə epidemiyaya yoluxan 100-dən çox adamın qeydə alındığını açıqlayıb. 47 nəfər xəstəxanalarda yerləşdirilib. Məlumata görə, son iki ay ərziydə ölkədə qeydə alınan 493 xəstədən 67-si dünyasını dəyişib.

Günün ulduz falı: 7 avqust, 2018

Qoç – günün ilk yarısında yaranan problemlərin sayına və formalarına rəğmən onları dəf edə biləcəksiniz. Hətta sizə rəğbət bəsləməyən insanlarla belə, dil tapa biləcəksiniz. Səmimiyyət, dürüstlük və doğru danışmaq sizə dostlar, yaxınlar və həmfikirlərlə münasibətlərdə rəvanlığı qorumağa yardım edəcək. Günün ikinci yarısı uğurludur. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq. Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün yaxşı zamandır. Yaşamınızı daha rahat edəcək, məişət problemlərinin həllində işinizi asanlaşdıracaq əşyalar almaq olar. Buğa – təmaslarda ehtiyatlı və sayıq olun. Ətrafınızdakı insanların hamısına kor-koranə etibar etməyin. Bədxahın intriqa və ya manipulyasiyalarının qurbanına çevrilə bilərsiniz. Huşyar davranın. Günün ikinci yarısında hətta ən yaxın bildiyiniz insanları çətinliklə anlayırsınız. Onların niyyət və istəklərini başa düşməyə çalışın. Yaranan problemləri ürəyinizə salmayın. Çətinlikləri dəf edərkən sonradan karınıza gələcək təcrübə qazanırsınız. Yardım istəyənə dəstək olun, müraciəti rədd etməyin. Çünki başqasının problemlərini həll edərkən fikir, niyyət və gözləntilərinizdə qayda yaradırsınız. Əkizlər – günün emosional fonu əlverişli deyil. Əhvalınız pisləşəcək, özünüzü yorğun və pərişan hiss edəcəksiniz. Yaşam enerjinizin tükəndiyini düşünəcəksiniz. Yaxın ətrafınızdakı insanlarla problemlər yaranacaq. Hətta ən yaxın insanlarla dil tapmaq çətindir. Günün ikinci yarısında əhvalınızı yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin. Təşvişə düşməyin, bədbinliyə qapılmayın. Yalnız bu minvalla mənfi təmayülərin öhdəsindən gələ bilərsiniz. Bilik və məlumatların əldə edilməsi ilə bağlı problemlər yaranır. Aldığınız məlumatları dərin təhlilə uğradın. Axşam saatlarında gəzintiyə çıxın. Səhhətinizə fikir verin. Xərçəng – müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu başlanacaq. Başladığınız işi görmək asan olmasa da, onu tamamlayın. Tənbəl və ətalətli olmayın. Bütün diqqətinizi karyera və peşəkar nailiyyətlər müstəvisinə yönəltsəniz, qarşınızda açılan yeni üfüqləri görəcəksiniz. Günün ikinci yarısında faydalı tanışlıqlar yaratmaq, mövqelərinizi möhkəmləndirmək imkanları var. Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. Laqeyd olmadığınız insanlarda xoş ovqat yaradın. Vədlər verməyə tələsməyin. Onları yerinə yetirmək asan deyil. Şir – günün ilk yarısı uğurlu olacaq. Nüfuzlu şəxslə söhbətdə mövqelərinizi müdafiə edin. Planlarınızı reallaşdırın, başladığınız işləri başa vurun. Vaxtınızı hədər yerə sərf etməyin, çünki saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. Enerji resurslarınız isə tükənməyə başlayır. Günün ikinci yarısında ciddi, böyük miqyaslı işə başlamayın. Yaxınlarınızla dil tapın. İşgüzar təmaslarda çətinliklər formalaşır. Axşam saatlarını istirahətə həsr edin. Qız – günün ilk yarısı uğursuz olacaq. Yaxın ətrafınızdakı insanlarla təmaslarda problemlər yaranacaq. Sərt və aqressiv davranmayın. Maliyyə çətinlikləri, planlaşdırılmamış xərclər istsina deyil. Günün ikinci yarısında maliyyə vəsaitindən məntiqlə yararlanın. Yaxın ətrafınızdakı insanların əməllərinə görə məsuliyyəti boynunuza götürməyin. Ailə üzvlərinizin problemlərini həll edin. İşlərinizdə qayda yaradın. Axşam saatlarında kiçik hədiyyələr, xoş sürprizlər ola bilər. Tərəzi – mənfi təmayüllərin təsiri güclü olsa da, gün ümidsiz deyil. Qarşınıza dürüst və real məqsədlər qoyun. Belədə vaxtınızla yanaşı, qüvvənizə də qənaət edə bilərsiniz. Planların bir qismini nüfuzlu şəxsin yardımı və ya təsiri ilə həll edə bilərsiniz. Amma həmin şəxs bundan sonra da işlərinizə müdaxilə edəcək. Çox xoşagəlməz, arzuolunmaz vəziyyətlər alınacaq. Günün ikinci yarısında alış-veriş etmək, şübhəli biznes layihələrə qatılmaq, pul yatırmaq məsləhət deyil. Planlaşdırılmamış gəlir istisna deyil. Əldə etdiyiniz pulu israf etməyin. İntuisiyanıza güvənin. Onun işarələri yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha tez və məntiqidir. Əqrəb – müsbət təmayüllərin təsirindən yararlanaraq başladığınız işləri başa vurun. İradə, qətiyyət və əzm önəmlidir. Onlar olmadan ciddi uğur əldə etməyəcəksiniz. İlkin işgüzar danışıqlar aparmaq, iş yerinin dəyişdirilməsi ilə bağlı məsələləri müzakirə etmək olar. Lakin yekun qərar qəbul etməyə tələsməyin. Az sonra niyyətlərinizdə dəyişikliklərə səbəb ola biləcək məlumat alacaqsınız. Günün ikinci yarısında ehtiyatlı olun. Alət və avadanlıqlarla çalışanda diqqətli davranın. Sükan arxasında uzaq səfərlərə yollanmaq məsləhət deyil. Oxatan – siyasi və ictimai prolseslərə maraq arta bilər. Əsl dəyərlər, ədalət uğrunda səylərinizi əsirgəmədən mübarizəyə başlamaq istəyirsiniz. Güclü rəqiblə qarşılaşanda belə, geri çəkilməyin. Ona qalib gələ bilərsiniz. Qələbəyə özünüz də təəccüblənəcəksiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün günün ikinci yarısında maksimum səy göstərin. İşdə və evdə münaqişə istisna deyil. Problemin ciddiləşməsinə imkan verməyin, səmimi və soyuqqanlı olun. Yaşlı qohumlarla münasibətlərdə problemlər yaranacaq. Oğlaq – düşərli və məhsuldar gündür. Əvvəllər çözməyə cəsarət etmədiyiniz problemlərin öhdəsindən gələcəksiniz. Peşəkar fəaliyyət müstəvisində əməkdaşlıqla bağlı gözlənilməz təkliflər alacaqsınız. İş yerinizi dəyişmək barədə düşünə bilərsiniz. Daha maraqlı, maaşı çox olan iş arayırsınız. Günün ikinci yarısında cəsarətli ideya və fikirləri reallaşdırmaq, eksperimentlər aparmaq olar. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insana doğru ilk addım atsanız, yaxşılığa doğru köklü dəyişikliklərə başlaya bilərsiniz. Axşam saatlarını yaxınlarınızın yanında keçirin. Dolça – müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu alınacaq. İşgüzar danışıqlar məhsuldar olacaq. Sizi istənilən situasiyada dəstəkləməyə hazır insanla qarşılaşacaqsınız. Nüfuzlu hami də ola bilər. O, qarşılaşdığınız bir sıra prolemləri özü həll edəcək. Günün ikinci yarısında anlaşma və ya müqaviləyə nail olmaq, mühüm sənəd imzalamaq olar. Şəxsi münasibətlər baxımından da əlverişli zamandır. Planları, həyƏcanları və niyyətlərini sizinlə bölüşmək istəməyən insanla davranış modelindən intuisiyanız xəbər verəcək. Axşam saatlarını yaxınlarınızla keçirin. Balıqlar – gün gözlədiyinizdən də uğurlu olacaq. Bel bağlamadığınız işlərdə uğur əldə edə bilərsiniz. Xoş sürprizlər, qəfil kəşflər ola bilər. İşdə həmkarlarla fikir ayrılıqları və ixtilafları aradan qaldıracaq, son vaxtlar dil tapa bilmədiyiniz insanlarla münasibətləri normallaşdıracaqsınız. Günün ikinci yarısında peşəkar mövqelərinizi möhkəmləndirməyi unutmayın. Gəlirlər, gəlir mənbələri arta bilər. Alış-veriş üçün əlverişli gündür. Axşam saatlarında xüsusilə diqqətli olun. Milli.Az

Bunları suya qatıb içsəniz…

Hər səhər suya bir neçə limon damcısı sıxıb içmək çox faydalıdır. Diyetoloqlar bildirir ki, limonu müxtəlif bitkilərlə əvəz etmək olar. Psixoloq.az Publika.az-a istinadən bu yazıda oxucuları suyu daha dadlı edən üsullarla tanış edib. Burada çətin heç nə yoxdur, suya sadəcə bir inqrediyent əlavə edəcəksiniz. Ödəmə qarşı duz Adət etdiyimiz duz orqanizm üçün zərərli sayılır. Lakin adi duzlardan fərqli olaraq, Himalay duzu orqanizmdə su saxlamır, əksinə onu bədəndən çıxartmağa kömək edir və ödəmin yaranmasına səbəb olmur. Belə su susuzluğu daha tez öldürür, nəinki adi limonlu su. Bundan əlavə, onun tərkibində faydalı minerallar və antibakterial xüsusiyyətlər boğaz ağrılarını aradan qaldırmağa kömək edir. Bir litr suya çay qaşığının dörddə biri qədər duz əlavə edin. Darçın Pəhriz saxlayanların sevimli ədviyyatı şirniyyat istəyinin qarşısını alır. Onu suya əlavə etdikdə ən yaxşı xüsusiyyətləri su ilə qarışır. Metabolizmi yaxşılaşdırır və qanda qlükozanın səviyyəsini azaldır, nəticə etibarilə şirniyyat istəyini yox edir. Axşam yatmazdan əvvəl bir litr suya 4-5 darçın çubuğu əlavə edin. Səhər yüngül tünd ətirli kokteyldən ləzzət alın. Sızanaqlara qarşı xlorofil Maye xlorofil təbii dezodorant təsiri göstərir, həzmi yaxşılaşdırır və orqanizmi təmizləyir. Amma xlorofilli suyun başqa faydalı xüsusiyyətləri də var. O, akne xəstəliyinin törədicisi olan bakteriyaların sayını azaldır, yaraların tez sağalmasına səbəb olur və kollagen istehsalını stimullaşdırır. Bir sözlə, belə yaşıl su təmiz və sağlam dəri üçün ideal kokteyldir. Bunun üçün bir stəkan suya bir çay qaşığı xlorofil əlavə edin. Sarıkök Bu məşhur antioksidant və C vitamini anbarı qırışların yaranmasını qarşısını alır, hətta anti-yaş (yaşlılıq əleyhinə) xassələrini suda da qoruyub saxlayır. Ancaq təbii dərman sayılan bu ədviyyatdan sadəcə profilaktika məqsədilə istifadə olunmur: O dəri rəngini yaxşılaşdırır və yüksək iştahanı normallaşdırır. Hər səhər isti suya yarım çay qaşığı sarıkök əlavə edib için. Müalicə kursunu 2-4 həftə yerinə yetirməyi məsləhət görürlər. İki ay fasilə verdikdən sonra kursa yenidən başlaya bilərsiniz.

"Axmaq insanların iyrənc əməllərinin nəticəsi məni maraqlandırmır" - Xalq artisti Anar Nağılbaz barədə İLK DƏFƏ

Anar repi ilk dəfə Azərbaycanda səndən eşitdik. Sonra rep və estrada musiqisini birlikdə yenə sən bəstələdin. Çoxları onunla duet oxuma desə də, mən çox bəyəndim və səninlə birlikdə bir neçə musiqi ifa etdim”. Psixoloq.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova mərhum reper Anar Nağılbaz haqqında sosial şəbəkədə yazıb. Anar Nağılbazla “Mən səni sevirəm” və “Gecələr” kimi bir vaxtlar olduqca hit olan mahnılar oxuyan sənətçi reperin çox istedadlı insan olduğunu deyib: “Sən istedadlı insan idin. Başına gələnlər mənə maraqlı deyil. Çünki axmaq insanların iyrənc əməllərinin nəticəsi məni maraqlandıra bilməz. Heyif ki, fitnə-fəsad sənin taleyini və müqəddəratını həll etdi. İnanıram ki, başqasının bədbəxtliyi üçün çalışanlar mütləq ilahi ədalətə tuş gələcəklər”.(publika.az)

Yeniyetməlikdə törədilən cinayətlər... - Valideynlərə XƏBƏRDARLIQ

Ölkəmizdə cinayətlərin demək olar ki, yarısı 25 yaş və bu yaşdan aşağı olan uşaqlar və gənclər tərəfindən törədilir. Aparılan araşdırmalara görə, yuxarı yaşlarda cinayət törədənlərin 100-də 90 faizinin  uşaqlıq və gənclik yaşlarında cinayət işlədiklərinə rastlanılıb. Uşaq və gənclərdə cinayət səbəblərini tapmaq və bunların qarşısını almaq, bir tərəfdən cəmiyyətdə işlənən cinayətlərin də azalmasına kömək edəcəkdir. Uşaq və gənclərin cinayət sayılan davranışları ailəyə, çevrəyə və məktəbə qarşı günah işləməklə başlayır, sonluğu isə qanunların cinayət hesab etdiyi davranış və hərəkətlərə doğru əyilməklə bitir. Baş verənləri bu şəkildə sıralaya bilərik: Ev, məktəb və iş yerinə yalan danışmaq, Gecə gec vaxtlara qədər evə gəlməmək, Evdən və məktəbdən qaçmaq, Məktəb və iş tənbəlliyi, Oğurluq, içki qəbulu ilə əlaqəli cinayətlər, tapança daşımaq, yaralama, öldürmə. Uşaq və gəncləri cinayətə yönəldən ailələrin ortaq xüsusiyyətləri isə bunlardır: Yerində olmayan ana-ata nəzarəti, Ailənin uşağa həddindən çox təzyiq etməsi, Valideynin uşağa həddən artıq sevgisi və ya sevgisizliyi, Evlilikdənkənar yaşanan əlaqə və bunun nəticəsində doğulan uşaq, valideynlərdən hər hansısa birinin olmaması, Ayrılmış ailə üzvləri, Atanın içki qəbul etməsi, işi ilə əlaqədar uzunmüddət evdən ayrı yaşaması, İşsizlik və ekonomik gücsüzlük, Tez-tez əhatəsini dəyişdirmə. Cinayət işləyən uşaq və gənclərin ailələrində çox görülən bu xüsusiyyətlər kəndləşmə, sənayeləşmə, ekonomik krizlər və.s böyük çalxantılar olduğu zaman daha çox müşahidə edilir və cinayət törətmə riskini artırır.  Cinayət törətməyə meyl göstərən gənclərin ortaq xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərin tanınması cinayət işləməzdən öncə onlara kömək etmə fürsəti verir. Hər cür davranışa qarşı çıxarlar. Fiziki gücünə heyran olub, bütün problemlərinin fiziki güclə həll edilə biləcəyinə inanırlar. Maddiyyata tərəf istiqamətlənərlər. Həqiqətlər qarşısında tez və asan aqressiya göstərərək, kriz keçirərlər, ölçüsüz və lazımsız reaksiya vərərlər. Tək başlarına güvənli və güclü olmadıqları üçün həmişə kiçik qruplar yaradar və onlarla birgə yaşar, birgə cinayət törədərlər. Içki və narkotik maddədən istifadə edərlər. Xüsusilə böyük şəhərlərdə, küçə və məhəllələrdə böyüyən bu tip gənclər pis dost tövsiyələri ilə cinayətə yönəlirlər. Ailəyə qarşı kin, nifrət, qısqanclıq, zorlama duyğuları doğar və böyüyər. Cinayət törətmiş gəncləri daha yaxşı dəyərləndirmək üçün onların bəzi demoqrafik xüsusiyyətlərini nəzərə çatdırırıq: Yaş: 15-24  yaş qrupları arasında olan gənclərin cinayət işləmə riski çoxdur. Ən çox cinayət işləyənlər bu yaş qrupa daxildir. Yaş artdıqca cinayət törətmə riski aşağı düşməkdədir, adam öldürənlərin yarıdan çoxu 15-24 yaş arasında, orta məktəbi bitirmiş gənc oğlanlardır. Yer: Cinayət işləyən uşaq və gənclərin 90% şəhərdə, 10% isə bölgələrdə yaşayan, döymə, zorlama, oğurluq, yaralama kimi cinayətlər daha çox şəhərdə yaşayan uşaq və gənclər tərəfindən törədilir. Cinayət hadisəsi edənlərin 43% ataları, 62% isə anaları təhsilli deyil. Peşəsi: Xüsusilə böyük şəhərlərdə sərbəst işlə məşğul olanlar, davamlı işi olmayanlar, işsizlər arasında oğurluq, saxta sənəd, narkotik maddə qaçaqçılığı cinayətlərini törədənlərə tez-tez rast gəlinir.  Cinayətkarların təxminən beşdə biri ekonomik sıxıntı və yoxsulluq səbəbi ile cinayət törətdiklərini söyləyiblər. Psixoloq Lalə Quliyeva Psixoloq.az

Bakıda işsizlərin sayı açıqlandı

2018-ci ilin iyun ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilən vətəndaşların sayı 19 min 274 nəfər təşkil edib.  Psixoloq.az xəbər verir ki, işsizliyə görə müavinət alanların sayı 1208 nəfər, işsizlik üzrə müavinətin hesablanmış orta aylıq məbləği 334,07 manat olub.  Bakı şəhəri üzrə işsizlik statusuna malik olanların 7374 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat iyun ayının axırına şəhər üzrə cəmi 2344 nəfərdir, onlardan 2060 nəfəri fəhlələrdir.   İşləyənlərin sayına gəldikdə isə, hesabat dövründə Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13 min 115 nəfər artaraq, 709 min 689 nəfər olub.(oxu.az)

Yumurta qabığının bu günə qədər bilmədiyimiz FAYDALARI

Yumurta qabığını zibilə atmaq əvəzinə yemək daha məsləhətlidir. Psixoloq.az xəbər verir ki, bu barədə alimlər yeni araşdırmanın nəticələrini açıqlayarkən bildiriblər. Yumurtanın qabığını 93 dərəcədə 10-15 dəqiqə sobada bişirmək lazımdır ki, tərkibindəki bakteriyalar ölsün. Alimlər qeyd edirlər ki, yumurtanın qabığında kalsiumun miqdarı çoxdur. Yumurta qabığının 95 faizi kalsium karbonatla zəngindir. Sadəcə bir yumurta qabığının tərkibində 2 qram kalsium var. Amma yumurta qabığını qətiyyən çiy formada yemək olmaz.  Əvvəlcə qabıqları qaynadın, sonra isə sobada 93 dərəcədə 10-15 dəqiqə bişirin. Bişmiş qabıqları üyüdün və toz şəklinə salın. Qabığın tərkibindəki kalsium qadınlarda qocalma ilə əlaqədar üzə çıxan osteoporoz ağrılarını və sümük əriməsinin qarşısını alır. Üyüdülmüş yumurta qabığını un ilə karışdırmaq və bu undan müxtəlif məmulatlar hazırlayıb yemək olar. Amma diqətli olmaq lazımdır ki, kalsiumun çox olması da orqanizmə ziyandır. Normal bir insanın gündəlik kalsium ehtiyacı 1 qramdır.(ölkə.az)

Küçə itləri çoxalıb — ŞİKAYƏT

Bakı şəhərinin Binəqədi rayonu ərazisində sahibsiz itlərin sayı çoxalıb. Sakinlər ölkə.az-a bildirib ki, rayon ərazisinə daxil olan keçmiş Azərbaycan Beynəlxalq Universiteti (ABU), "Dərnəgül" metro stansiyası və Abay Kunanbayev küçəsinin yaxınlığında küçə itləri insanlara hücum edir və onları qorxudur. Bundan başqa rayonun 9-cu mikrorayon ərazisində də küçə itlərinin sayı çoxdur. Zeytunluq bağı  deyilən ərazidə isə küçə itlərinin sayı daha çoxdur. Burada sürülərlə küçə itləri gəzir. Bina sakinləri bildirirlər ki, gecələr sürü ilə gəzən itlərin hürüşməsi, insanlara hücum halları artıb.Sakinlər deyir ki, Binəqədi rayonunda it dişləmə faktları çoxalıb: "Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsindən xahiş edirik ki, sahibsiz itləri bizim ərazimizdən toplasınlar. Məhəllələrdə itlərə görə rahat hərəkət edə bilmirik. Həyətdə oturmaq olmur. Axşam qorxa-qorxa gəzirik. Bizi ən çox narahat edən məsələ uşaqların təhlükəsizliyidir". Küçə itlərindən şikayət edən sakinlər Bakı Şəhər İcra Hakimiyyətini sahibsiz heyvanlara qarşı mübarizədə fəal olmağa çağırıb.

Professor: "Az qala gen xəritəsinə qədər bilən həkimlər olur"

Azərbaycanda ailə həkimi institutunun yaradılması ilə bağlı məsələ son günlər yenidən aktuallaşıb. Mütəxəssislər hesab edir ki, ailə həkimi institutunun formalaşması xəstəliklərin vaxtında aşkar edilməsinə və daha çevik müalicəsinə imkan verə bilər. Psixoloq.az xəbər verir ki, moderator.az-a açıqlama verən professor Adil Qeybulla ailə həkimi institutunun sahə həkimi sistemindən daha mütərəqqi bir sistem olduğuna diqqət çəkdi: “Ailə həkimi institutu Qərb təbabətində təbabətin bir hissəsidir. Qabaqlar bizdə sahə həkimləri var idi. Evə ilk çağırışa gələn həkim də sahə həkimi olurdu. Həmin sahə həkimləri də xəstələri lazımı yerə yönləndirirdi. Xəstə lazım olanda evdə, lazım olanda isə stasional müalicə alırdı. Sahə həkimlərinin kifayət qədər səlahiyyəti var idi. Onlar poliklinikalarda otururdu. Ailə həkimi institutu isə daha rassional bir institudur. Bu qəbildən olan həkimlər konkret bir neçə ailəni nəzərdə saxlayır. Onlar həmin ailələrin bütün xəstəliklərini, az qala gen xəritəsinə qədər bilən həkimlər olur. Bu həkimlər üçün xəstəni yönləndirmək daha asan olur.  Ailə həkimi institutu özünü doğruldan rassional bir institutdur. Təbabətin ayrılmaz hissəsidir. Hesab edirəm ki, bu institut sovet təbabətində olan sahə həkimi institutundan daha effektlidir”.

Burun dik, dodaq aşağıdırsa... - Cornelia De Lange Sindromu nədir?

Əksər zaman bu sindromun adına tez-tez rast gəlinsə də, əksəriyyət sadəcə “adını”oxuyub keçir. Düzünü desək bu mövzuda Azərbaycan dilində çox məhdud şəkildə müəyyən informasiyalar tapa bilərik. Cornelia  De Lange Sindromu ilk dəfə 1916-cı ildə Wilfred Robert Brockmann tərəfindən elmə gətirilib. Daha sonra 1933-cü ildə hollandiyalı uşaq həkimi Cornelia Catherina de Lange, Brockmann-de Lange adı ilə bilinən eyni zamanda Amsterdam Dwarfism və ya Bushy Sindromu kimi tanınan bu pozğunluğu daha dərindən öyrənməyə başlayır. Hazırda bu sindrom qısa olaraq CdLS adlandırılır. Əsasən doğuşdan əvvəl aşkarlanır. Lakin doğuşdan əvvəl aşkara çıxmadığı vaxtlar da ola bilər. Genetik pozğunluq olaraq bilinməkdədir.  Hər 10.000 - 30.000 arası doğuşda rast gəlinə bilər. Mütəxəssislər bu sindromun yaranmasına səbəb olaraq genetik mutasiyaları göstərirlər. Xüsusilə NIPBL, SMC1A, HDAC8, RAD21 və SMC3 genlərində mutasiya baş verir. Mutasiya prenatal (doğuş öncəsi) dövrdə dölün inkişafının yönləndirilməsində mühüm rol oynayan protein qrupu olan “Kohezyon Kompleksi”nə mənfi təsir edər. SMC1A, RAD21 ve SMC3 genlərindəki mutasiyanın səbəb olduğu əlamətlər NIPBL-in yaratdığı simptomlardan daha yüngül hesab olunur. HDAC8 mutasiyaları isə anterior fontanelin vaxtından gec qapanmasına,diş problemlərinə və NIPBL-də olduğu kimi intelektual sahədə anomaliyalara gətirib çıxara bilər. Oğlanlarda və qızlarda təxminən eyni dərəcədə özünü göstərir. Cornelia De Lange sindromu olan ananın digər hamiləlikdə yenidən bu anomaliyaya rast gəlməsi riski 2-5% arasındadır. Yaranmasında daha çox genetik faktorlara əsaslanılsa da tam olaraq yaranma səbəbi elmə məlum deyil. Xarakterik xüsusiyyətləri böyümə geriliyi, mental  reterdasiya, tipik üz görünüşü, orta xətdə birləşən qalın qaşlar (synophris), dar, incə aşağı doğru sallanan dodaqlardır. Digər sindromlardan fərqləndirən əsas xüsusiyyəti üz görünüşüdür. Xüsusilə dodaqlardakı özünə məxsusluğa bütün fərdlərdə rast gəlinir. Eyni zamanda həddindən artıq dərəcədə gur kirpiklərə malik olurlar. Dişləri bir-birindan aralı seyrək şəkildə olur. Damaqları  birmənalı olaraq yarıqşəkillidir. Burunları həddən artıq dik olur. Əsas problemlərdən biri də bədəndə olan hədsiz tüklənmədir (hirsutizm). Mikrosefaliya, eşitmə-görmə problemləri, qısa boyluluq, ürək-damar, həzm sistemin olan narahatçılıqlara da rast gəlmək mümkündür. Nadir hallarda myopi, nistagmus, astiqmatizma, mikrokornea, optik atropi kimi göz problemləri, qusma, həzm və qidalanma pozulmaları, əmmə gücsüzlüyü, hipoplastik süd vəzi, konjinental ürək qüsuru və təkrarlanan ağciyər və bağırsaq infeksiyalarına da rast gəlinir. Autizmdə olduğu kimi bir sıra davranış problemləri vardır. Hansı ki bu problemlər ünsiyyətdə və sosial münasibətlərdə çətinliklər yaradır. Davranış problemlərinin əsas səbəbi zaman keçdikcə öz qüsurlarını anlaması olur. Xəstə digər insanlardan fərqli olan fiziki görünüşündən utanmağa başlayır. Bəzən bu cür xəstələr sadəcə olaraq özlərini cəmiyyətdən izolasiya edərək yaşamağı seçirlər. Bəzilərində isə davranış problemləri daha ağır formada özünü göstərə bilər. Çox vaxt intihara meyilli olurlar. Və bu cür susidial davranışlar ardıcıl olaraq təkrarlanır. Hər 2 davranış forması nevroloji olaraq əlaqələndirilir. Hiperaktivlik və diqqət əskikliyinə də rast gəlinir. Bu hallarda uşaq psixoloqu və ya psixoterapevtin müdaxiləsi olduqca önəmlidir. Yaşlı insanlarda mental retardasiyaya daha çox rast gəlinir. Boğuq və gücsüz ağlama xarakterikdir. Bu hallarda “Denver” və “WISC-R” testi edilməlidir və mental retardasiyanın dərəcəsi müəyyən olunmalıdır. İntelektual inkişafdan geriləmə və eşitmə problemləri olduğu kimi bir çox xəstələrdə ağır nitq qüsurlarına da rast gəlmək mümkündür. İQ səviyyələri adətən 50 altında olur. Sindrom zamanı aşağıdakı dəstək texnikalarından istifadə olunması məsləhət bilinir: -fizioterapiya -duyu bütünleme terapiyası -xüsusi təhsil Az rast gəlinən xəstəlik olduğu üçün hamiləlik dövründə aşkarlandığı zaman ailələrin genetik cəhətdən maarifləndirilməsi vacib sayılır. Psixoloq.az

Bu dərmanlar hamilə qadınlar üçün zərərlidir - Düşük yaradır

Makrolid, xinolon, tetratsiklin, sulfonamid və metronidazol qeyri-ixtiyari abort, düşük riski yaradaraq, hamiləliyin 20-ci həftəsinə kimi zərərlidir. Psixoloq.az xəbər verir ki, bu barədə Kanada tibbi asosiasiyasının elmi dərgisində çap olunan yeni araşdırma nəticələrində bildrilib. Belə  ki, 8700 nəfər hamiləlikdə düşük keçirmiş qadınların tibbi sığorta məlumatlarında qəbul etdikləri dərmanlar araşdırılıb. Məlum olub ki, 16% qadınlar hamiləliyin birinci trimestrində antibiotik qəbul ediblər. Antibiotiklərdən Azitromisin düşük riskini 65%, klaritromisin isə 2 dəfə artırıb.

Bakıda ən aşağı və yüksək maaş verilən sahələr bəlli oldu

2018-ci ilin yanvar-may aylarında Bakı şəhərində əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 2,1 faiz artaraq, 790,6 manat olub. Psixoloq.az xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə qeydə alınıb. Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.(oxu.az)

Sabaha olan Hava Proqnozu

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 7-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-35, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, avqustun 7-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.(oxu.az)

Psixoloqun sözü tələbələri əsəbləşdirdi – Kim haqlıdır?

Ötən günlərdə psixoloqla apardığımız müsahibə qalmaqala səbəb olub. Psixoloq.az xəbər verir ki, müsahibə zamanı psixoloq İlkin Kazımlının psixologiya sahəsindəki boşluqlar barədə danışarkən dediyi sözlər, bu ixtisas üzrə təhsil alan tələbələrin narazılığına səbəb olub. Bakı Qızlar universitetinin tələbəsi Şəbnəm Cəlilova, psixoloqun, müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirənləri psixoloq saymamağı fikrinə tənqidlə yanaşıb: “Mütəxəssisin dediyindən bu anlaşılır ki, sanki biz bu ixtisası boş yerə oxuyuruq. Biz də təhsildə sosial psixologiya xidmət ixtisası üzrə oxuyuruq.Yəni məktəb psixoloqu. Müasir zamanda bu fənni həqiqətən heç ediblər. Bu sahənin maaşı da azdır. Psixoloq deyir ki, bu ixtisası bitirənlər özlərini psixoloq hesab edirlər. Anlamıram nə hesab etməliyik ? Biz demirik ki tibbi psixologiya oxumuşuq. Efirə çox sayda uşaq psixoloqları çıxırlar. Onlar bizim sahə üzrə bitiriblər də. Fərqimiz odur ki, onlar ixtisas seçimi üzrə xəstəxanada işləyə bilər. Ancaq biz işləyə bilmərik düzdür amma belə söyləməyi də yanlışdır. İxtisasımız budur”. Gənc psixoloq namizədi mütəxəssisin bu sözlərlə tələbələri həvəsdən saldığını da qeyd edib. “Xüsusilə də birinci kurslar bu sözlərdən sonra peşələrinə qarşı daha həvəssiz yanaşa bilərlər. Onlar tibb sahəsi üzrə bitiriblər biz də 3-cü qrup üzrə bu ixtisasa daxil olmuşuq. Mən həvəsdən düşmürəm çünki sənətimi dərk edirəm. Amma ixtisas seçimi edənlərə birbaşa mənfi təsirdir”,-deyə Şəbnəm Cəlilova vurğulayıb. Məsələ ilə bağlı Psixoloq.az-a açıqlama verən  EMDR terapevt, psixoloq Yeganə Özçelebinin sözlərinə görə, təhsildə psixoloji xidmət ixtisasını bitirən psixoloqar, baxça, məktəb, universitetdəki insanlarla işləyirlər: “Həmçinin belə psixoloqlar valideynlərlə, yaşlı insanlarla da işləyə bilirlər. Bu səbəbdən, onlara psixoloq kimi baxmamaq çox yanlışdır. Biri var sertifikat alanlar... Biri də var dövlət imtahanı verərək dövlət diplomu alaraq bu sahə üzrə yiyələnənlər. Bəziləri var ki sadəcə hansısa kursdan sertifikat alırlar. Burada onlara şübhə ilə yanaşma ola bilər. Çünki bu kursda nə dərəcədə bu sahəyə ciddi yanaşılıb, nə öyrədilib bilinmir. Ancaq universitet bitirən tələbələrə dövlət  bu ixtiyarı verir. Bu sahəni bitirən gənc psixoloqlar klinikalarda da psixoloq kimi işləyə bilərlər. Dərman yazmaq hüquqları olmasa da psixoloq kimi təbii ki işləyə bilərlər. Savad dərəcəsini də pasiyent dəyərləndirir”. Mütəxəssis bu sahədə boşluğun olduğunu da qeyd edib. “Heç bir universitetdə psixologiya üzrə praktikaları düzgün, normal şəkildə keçmirlər. Bu gizli bir şey deyil. Psixoterapevt olmaq üçün xaricdə və ya burda kurslarda iştirak etmək vacibdir. Həqiqətən burada bu sahə üzrə boşluq var”,-deyə Özçelebi vurğulayıb. Psixoloq, gənc psixoloqların univeristeti bitirdikdən sonra müəyyən təhsil mərkəzlərində işə başlamalarını tövdiyə edib: “Bununla praktikanı daha yaxşı keçərək biliklərə yiyələnə bilərlər. Çünki belə mərkəzlər çox sayda uşaqlarla işləmək imkanı verir. Azərbaycanda təəssüf ki terapiyanı öyrətmirlər. Bu da qarışıqlığa səbəb olur. Kurslar bu cəhətdən çox mühümdür”. Qeyd edək ki, jurnalistin “İndiki psixoloqlardakı əsas problem nədir?” sualına psixoloq İlkin Kazımlı  “İlk olaraq diplomlarının olmaması,hansısa sertifikatla özlərini psixoloq zənn etmələridir. Sonra müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirib özlərini psixoloq saymaları və əsas da psixologiya elminin adından istifadə etməklə dolandırıcılıqla məşğul olmaları və s.”,deyə cavablandırmışdı. Şəhanə Quliyeva

Psixologiyanın inkişafında rolu olan Alfred Adler kimdir?

Alfred Adler Doğum tarixi- 7 fevral 1870 Doğum yeri- Avstriya İmperiyası, Vyana, Rudolfşeym Vəfatı-28 may 1937 Vəfat yeri-Aberdin, Şotlandiya Elm sahəsi-Nevrologiya, Psixoterapiya, Psixoanaliz Elmi dərəcəsi-Psixoterapevt Təhsili-Oftolmoloq, psixoterapiya və nevrologiya Alfred Adler 1870-ci ildə fevralın 7-də Vyanada şəhər ətrafında yerləşən Rudolfşeymdə anadan olub. Yəhudi ailəsində dünyaya gələn Alfred 6 uşaqdan ikincisi olub. Adler uşaqlıqdan tez-tez xəstələnirdi, ona görə də tərəddüdsüz həkim peşəsini seçib. 1895-ci ildə tibb fakültəsini bitirib, 1897-ci ildən isə elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərib. Daha sonra o, psixiatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşıb. 1902-ci ildə Adler yeni psixologiya istiqamətinin yaradıcısı Ziqmund Freydin ətrafında birləşərək dərnək yaradan 4 nəfərdən biri olub. 1935-ci ildə Adler ABŞ-a gəlir və həkim-psixiatr vəzifəsində çalışıb. 1937-ci ildə Adlerin ölümündən sonra fərdi psixologiyaya maraq azalır və yalnız 50-ci illərdən yenidən diqqəti çəkir. Humanist psixologiyasının yaradılmasında Adlerin ideyalarının böyük təsiri olub. Adler nəzəriyyəsinin strukturu Şəxsiyyət psixologiyası nəzəriyyəsinin strukturunu Adler belə göstərib: • Saxta finalizm • Üstünlük qazanmağa cəhd • Dəyərsizlik hiss və onun kompensasiyası • İctimai maraq • Həyat tərzi • Yaradıcı mən 

Arı sancması hansı halda ölümə səbəb ola bilər?

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində bədbəxt hadisə baş verib. Qəsəbənin korpus 8 ünvanında yaşayan, 1961-ci il təvəllüdlü Nizami Mirzəyevi arı sancıb. Həmin şəxsin ailə üzvləri dərhal təcili yardım çağırıblar. Nizami Mirzəyevi xəstəxanaya çatdırmaq istəsələr də, 57 yaşlı kişi yolda keçinib.  Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. İnsan hansı halda arı sancmasından dünyasını dəyişə bilər? Arının zəhəri insan həyatı üçün təhlükə yarada bilərmi? Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, toksikoloq Azər Maqsudov belə hadisələrə nadir hallarda rast gəlindiyini bildirir. Həkimin sözlərinə görə, arı sancması zamanı insanın ölümünə səbəb arının neştərindəki zəhər deyil: "Arı sancmasından ölüm yalnız o halda ola bilər ki, arı insanı ağız, baş, boyun nahiyəsində yerləşən yumşaq toxumalardan sancar. Belə halda da çox vaxt ölüm baş vermir. Ola bilər ki, arı qida məhsulu ilə insanın ağız boşluğuna daxil olar, orada dil və ya digər yumşaq toxumaları sanca və şok vəziyyət yarada bilər. Həmin vəziyyətdə insan ölə bilər. Digər halda arı sancması nəticəsində ölüm müşahidə olunmur. Bizim şöbəyə arı sancması ilə bağlı müarciətlər edirlər. Lakin, heç bir halda ölüm halı olmayıb". A.Maqsudov bildirib ki, arı sancmasından sonra şok vəziyyəti, ölüm daha çox həssas insanlarda baş verir: "Arının neştərində zəhər həddindən artıq azdır. Bu zəhərin həm təsiri azdır, həm də miqdarı. Zəhərin kimyəvi tətkibi də biokimyəvi maddələrlə zəngin deyil. Bu prosesdə əsasən orqanizmin həssaslığı rol oynayır. İnsanın orqanizmi həssas olur, arı sancmasından şok yaşayır və bu da onun ölümünə səbəb ola bilər". Şöbə müdiri bildirib ki, iyun-iyul aylarında toksikologiya şöbəsinə arı sancması ilə bağlı 4 nəfər müraciət edib: "Onlardan 3-ü iyun, 1 nəfər isə iyul ayında müraciət edib. Həmin şəxslərə lazımi tibbi xidmət göstərilərək evə buraxılıb. Əsasən arı insanları isti aylarda sancır".(xezerxeber)

Oyuncaq silahlarla bağlı ÇAĞIRIŞ

İsveçdə 20 yaşlı cavan insanın faciəli ölümündən sonra Uşaq oyuncaqlarının satıcılarının Assosiasiyası öz üzvlərini mağazaların rəflərini oyuncaq silahlardan təmizləməyə çağırıb. Psixoloq.az publika.az-a  istinadən xəbər verir ki, bu haqda assosiasiyanın açıqlamasında deyilir. “Biz assosiasiyanın bütün üzvlərini əsl silahla qarışdırıla biləcək oyuncaq silahlar satmamağa çağırırıq. Bu, bizim inadlı tövsiyəmizdir, hər üzv qərarı müstəqil qəbul bilər”, - müraciətdə bildirilir. Xatırladaq ki, avqustun 2-də İsveçin paytaxtı Stokholmda əlində oyuncaq silahla evdən qaçan 20 yaşlı Erik Torel polis tərəfindən öldürülüb. Gənc daun sindromlu idi. Gəncin atası Riçard Torel oğlunun gecə yarısı evdən qaçdığını və bu səbəbdən polisdən yardım istədiyini söyləyib. Ancaq Torel polisin oğlunun əlindəki oyuncaq silaha görə 3 dəfə atəş açdığını və onu öldürdüyünü qeyd edib. Prokuror Martin Tiden gənci vuran polis barəsində cinayət işinin açıldığını, ancaq sözügedən polisin də uşaqdan şikayətçi olduğunu bildirib.