Hava dəyişir - XƏBƏRDARLIQ

Avqustun 9-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və aşxam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 9-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında avqustun 9-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Tibbi-meteoroloji proqnoza görə, avqustun 9-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperatur rejiminin iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi bu gün başa çatır. Bu barədə ölkə.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Namizədlər avqustun 9-u saat 23:59-dək elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar. Bu mərhələnin nəticələri barədə müvafiq məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsabiqənin yekun – müsahibə mərhələsində vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibəyə çağırılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə əvvəlcədən elan olunmuş mövzular təqdim olunacaq. Hər bir namizəd həmin mövzunu müsahibə komissiyası üzvlərinə açıq dərs formatında təqdim etməlidir.

Azərbaycanda işsiz qalanlarla bağlı UNİKAL YENİLİK: mesajla hər kəsə...

İşini itirən şəxsə sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün məşğulluq orqanına müraciət etməsi barədə sms bildiriş göndəriləcək. Bu barədə publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş, yəni işini itirmiş şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzinə müraciət etməsi barədə mobil telefonuna sms bildiriş göndəriləcək. Əmək qanunvericiliyinə əsasən, aidiyyəti işəgötürən müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işçi ilə əmək müqaviləsinə xitam verdiyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyyatdan keçirir. Belə hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslərin sistem tərəfindən dərhal qeydiyyata alınması və onlara işsizlikdən sığorta ödənişi almaq hüquqlarının olub-olmamasını müəyyən etmək üçün məşğulluq orqanına müraciət etməli olduqları barədə e-qaydada məlumat göndərilməsi üçün hazırda nazirlikdə müvafiq texniki hazırlıq işləri aparılır. Məqsəd müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş sığortaolunanların işsizlikdən sığorta ödənişi almaq hüquqları barədə məlumatlandırılması, onların bu hüquqlardan dolğun şəkildə faydalana bilmələrinin təmin edilməsidir. Xatırladaq ki, müəssisənin ləğvi və ya ixtisar nəticəsində işini itirmiş və işsiz kimi qeydiyyata alınmış, azı 3 il sığorta stajına malik olan şəxslərin işsizlikdən sığorta ödənişini almaq hüququ var. Yəni azı 3 il sığorta stajı olan və işini itirdiyi günədək 24 ay ərzində 12 aydan çox sığorta stajı olan, işini itirdikdən sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan şəxslər işsizlikdən sığorta ödənişi (itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı 3 ildən 5 ilə qədər olduqda 50 faizi, 5 ildən 10 ilə qədər olduqda 55 faizi, 10 ildən çox olduqda 60 faizi) ilə təmin olunurlar. Azı 3 il sığorta stajı olan, lakin işini itirdiyi günədək 24 ay ərzində 12 aydan az sığorta stajı olanlara isə 6 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir.

Sərnişin daşıyıcıları qarşısında YENİ TƏLƏBLƏR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin daşıyıcı şirkətləri qarşısında tələbləri yeniləyib. Pixoloq.az-ın xəbərinə görə, Xidmətin Mətbuat katibi Nuridə Allahyarova Tarif Şurasının məlum qərarından sonra DANX-nin daşıyıcı şirkətlər qarşısında yeni tələblər qoyub: "Sərnişin nəqliyyatı parkında nəqliyyat vasitələrinin bir hissəsi texniki baxımdan köhnəlib və bununla bağlı məlumat da açıqlanıb. Əvvəllər sərnişin daşıyıcı şirkətlər tariflərin aşağı olmasını əsas gətirirdilər. Lakin tariflər artırıldıqdan sonra daşıyıcılar qarşısında tələbləri yeniləmişik və bununla bağlı iş aparılır. Belə ki, avtonəqliyyat vasitələrinin daha təhlükəsiz olması, texniki cəhətdən daha standartlara cavab verən, daha yüksək səviyyəli xidmətlə bağlı tələblər yenilənib və bu istiqamətdə tədbirlər görülür".(publika.az)

Ad, soyad və ata adının dəyişdirilməsi QAYDALARI DƏYİŞDİ

Nazirlər Kabineti adın, ata adının və soyadın dəyişdirilməsi qaydalarında dəyişiklik edib. Psixoloq.az-ın xəbərinə görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərarda deyilir ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.(publika.az)

Günün ulduz falı: 9 avqust, 2018

Qoç – gərgin situasiyalar tədricən həllini tapır. Çətinlikləri inamla dəfn edin. Yaşam arealını qaydaya salın, informasiyanı saf-çürük edin. Görüş və ünsiyyətlər səbirsizliklə müşayiət olunacaq. Emosiyalarınıza hakim olun. Sonradan təəssüflənməmək və pərişan olmamaq üçün hisslərinizə nəzarət edin. Neytral mövzu ilə məşğul olun. Sizə mane olan ünsür və ya nəsnədən qurtulun. Heyfislənməyin, əks təqdirdə heç nəyə nail ola bilməyəcəksiniz. Buğa – sizdən asılı olmayan şərtlər narazılıq və gərginlik yaradacaq. Önəmli görüşü, vacib danışığı təxirə salmayın. Şəxsi münasibətlər müstəvisinə yaxın günlərdə önəmli yenilik yaşana bilər. Bir sıra məsələlərdə konkretlik yaranır. Kollektivdə yeniliklərin zəmini qoyulub. Enerjinizi elə bir istiqamətə yönəldin ki, problemlər və mübahisələr sonucda ümumi maraqların reallaşması ilə nəticələnsin. Neqativ fikirlər şüurunuzu zəbt etməsin. Maraqlı və işlərinizdə irəliləyişlər vəd edən işlərlə məşğul olun. Yaxın gələcəkdə sizi gözləyən işi tam yerinə yetirərək məqbul sonuca nail olmaq üçün gərəkli müstəvini təmizləyin. Qarşılaşdığınız problemləri aradan qaldıra bilmirsinizsə, yardımçı arayın, dəstək alın. Bütün işləri eyni vaxtda qaydaya salmaq, nizamlamaq mümkün deyil. Amma bu, ümumiyyətlə, iş görməmək üçün səbəb deyil. Əkizlər – zəifləmək, ruhdan düşmək vaxtı deyil. Böyük ümidlər bəslədiyiniz işlərlə bağlı problem yarana bilər. Çətinliklər ilkin mərhələdə olduğundan onları həll etmək imkanı var. İzafi gərginlikdən qurtulun, yardımları təşkil edin.Təmkinli, səbrli olun, emosiyalara uymayın. Bir qədər öncə yol verdiyiniz səhlənkarlıqla bağlı qəfil maneə ilə üzləşə bilərsiniz. Yaşam gücünüzü və potensialınızın emosiyalara qurban olmasına imkan verməyin. Sağlam məntiq və soyuqqanlı davranış sədləri keçməyə yardım edəcək. Xərçəng – yaşamda bir çox məqamlar dəyişəcək. Dərhal bir neçə istiqamətdə çalışmaq ehtiyacı yarana bilər və bu səbəbdən də istiqaməti sürətlə dəyişməyə hazır olun. İnformasiya çoxdur və onları təhlil etmək gərəkdir. Alınan məlumatları nəzarətdə saxlayın.Resurslar, təmaslar, əlaqələr, toplanan informasiyanı yenidən nəzərdən keçirmək gərəkdir. Hadisələrin dinamikası artır. Gələn xəbərlər arasında mühüm və ikinci dərəcəli məqamları ayırın. İşlərin effektiv olması üçün aktiv çalışın. Əsas hərəkət istiqamətini bəlirləyin, ikinci dərəcəli işləri yaxın ətrafınızdakı insanlarla paylaşın.Səhhətiniz barədə düşünün. Şir – qüvvələr balansı və diqqətin konsentrasiyasını təmin etmək olar. Yaşanan olaylarda, baş verən hadisələrdə xaos və gərginlik çoxdur. Hər şeyə rəğmən, günün ikinci yarısına yaxın bəzi məsələlər qəflətən, əlahiddə səylər olmadan həllini tapacaq. Bəzi sahədə uğur qazanıb müəyyən müstəvidə uğursuzluğa düçar olmaq mümkündür. Yaşananlara tez reaksiya verin, dürüst istiqaməti dərhal müəyyənləşdirin. Şəxsi münasibətlərdə sizə yaxın insanın əhvalını və istəklərini duymaq bacarığı əlahiddə əhəmiyyət kəsb edir. Sözlərin məna yükü azalır. Təmkinli və soyuqqanlı olun. Əks təqdirdə, inkişaf etdirmək istədiyiniz məsələni alt-üst edə bilərsiniz. Qız – həyəcan, nigaranlıq və emosiyaların bol olduğu gündür. Artıq sözlər deməmək üçün hisslərinizi cilovlayın. Bədxahlarınızdan biri bu vəziyyətdən yararlanaraq sizə qarşı yeni intriqa hazırlaya bilər. Ünsiyyət dairəsini düzgün seçməyə çalışın. İzafi dərəcədə səmimi olmayın, bütün sirlərinizi bölüşməyin. Planlarla bağlı kimsəyə açıqlama verməyin.Boynunuza götürdüyünüz öhdəlikləri yerinə yetirin. Daxili tabulara, sizin üçün önəmli olan yazılmamış qaydalara riayət edin. Pis vərdişlərdən və ya gərəksiz əlaqələrdən birindən qurtulmaq üçün əlverişli gündür. Lüzum yaranarsa, maliyyə və əmlak məsələlərini qohumlarla müzakirə etmək mümkündür.Axşam saatlarında istirahət edin. Tərəzi – emosional gündür. İndi əsas məsələ “arxa cəbhə”ni möhkəmləndirərək daxili müvazinəti qorumaqdır. Rəqib və bədxahlardan biri sizi üstələməyə çalışır. Bacarıq və biliklərinizi təkmilləşdirin. Aktivliyin yeni mərhələsinə hazırlaşın. Emosional durumun praktiki məna kəsb edən işlərə mane olmasına rəvac verməyin. Günün ikinci yarısında aktivliyinizin praktiki mənası olmalıdır. İmic də dəyişikliklər tələb edir. Yaşam tonusunu dəstəkləyən tədbirləri bir qədər məhdudlaşdırın.Axşam saatlarında yaxşıca istirahət edin. Əqrəb – gərgin və qarışıq gündür. Baş verənləri ifrat dərəcədə emosional qəbul etməyin. Hisslərinizə hakim olun. Hisslərinizi cilovlayın, yalnız ciddi düşünüb-daşınandan sonra qərar qəbul edin. Səfəri, mühüm danışıqların aparılmasını təxirə salın.Əldə edilmiş sövdələşmələrin təsdiqlənməsi və rəsmiləşdirilməsi ilə tələsməyin. Günün ikinci yarısında sənədlərin imzalanması, hansısa yeni öhdəliklərin götürülməsi məsləhət deyil. Şəxsi münasibətlər müstəvisində gərginlik çoxdur. Qarşılıqlı anlaşma və etimada mane olan hisslərin tarıma çəkilməsinə imkan verməyin. Oxatan – işdə, çalışdığınız yerdə və ya fəaliyyət göstərdiyiniz sahədə dəyişikliklər mümkündür. İnformasiyalar, təkliflər və hadisələri diqqətlə izləyin. Gərginləşməyə imkan verməyin. Yalnız cari işlərlə məşğul olun. Ciddi perspektivi olmayan məsələlərlə bağlı sövdələşmə və danışıqlar aparmayın.İşlərin gedişatı sizi narazı sala bilər. Yaranmış situasiyadan xeyrinizə faydalanmağın yollarını fikirləşin. Məntiqli və təmkinli olun, emosiyaların əsirinə çevrilməyin. Məqsədəuyğun şəkildə davranın. Boş söhbətlərə mümkün qədər az vaxt ayırın, şayiələrə qatılmayın.Axşam saatları əqli və fiziki aktivlik üçün yaxşı vaxtdır. Oğlaq – bəzi situasiyalarda qarşıdurma hiss oluna bilər. Təmkinli davranın, dəyişikliklər və yeniliklərə ifrat şəkildə can atmayın. Hadisələrin axarına kobud müdaxilələr etməyin. Problem və çətinliklərinizi sizin əvəzinizə kimsə həll edə bilər. Məsləhət almaqdan çəkinməyin.Dostların daha bilikli və məlumatlı olduqları məsələlərlə bağlı onlarla müzakirələr apara bilərsiniz. Şəxsi münasibətlər müstəvisində niyyət və planlarınızın reallaşmasına hələ çox var.Qarşılıqlı inamsızlıq və inadkarlıq müşahidə olunur. Problemi maneənin birgə dəf olunması həll edə bilər. Dolça – ailə və evlə bağlı işlər bu gün prioriet olmalıdır. Yaşam şəraiti ilə bağlı məsələlərin yaxşılaşdırılması gündəmdədir. Sizə yaxın insanlarla münasibətlərə dəyər verin. Kiçik məsələlərə görə tərəfdaş və ya ailə üzvlərindən biri ilə münaqişəyə başlamayın.Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın. İşdə fəaliyyət məkanının bir sahəsi və ya layihənin sektorunu qaydaya salın.Axşam saatalarında hadisələr və hisslər şəxsi münasibətlər müstəvisi ilə bağlıdır. Sevdiyiniz insanla vaxt keçirin. Balıqlar – səhər saatlarından etibarən işlərlə aktiv məşğul olun. Günün ikinci yarısına yarımçıq işləri yığmayın. Tərəfdaş və ya iş yoldaşınızın passivliyi sizi sinirləndirə bilər. Cari proseslərlə məşğul olun, nəyisə araşdırmaq və ya sübut etməyə çalışmayın. İnad etsəniz, opponentin dediklərini eşitməsəniz, çox qısa zamanda münaqişə yaranacaq. Güzəştə getmək, geri çəkilmək, mövqelərinizin daha aydın olacağı vaxtı gözləmək olar.Əhvalınızı yaxşılaşdırmaq üçün yaşam arealınıza bir neçə parlaq cizgi əlavə edin. Axşam saatlarında dincəlin. Milli.Az

Qüsurlu çənə ilə doğulmuşdu - Onu bir də indi görün/FOTO

Taylandda yaşayan Vijitpraforn Punbu adlı qız bir televiziya verilişində qalib gəldikdən sonra həyatı tamamilə dəyişilib. Psixoloq.az xəbər verir ki, anadangəlmə qüsurlu çənəyə sahib 19 yaşlı qız müsabiqədə qalib gəldiyi üçün pulsuz plastik əməliyyat olunmaq şansı qazanıb. Pundu əməliyyatlardan sonra tanınmayacaq dərəcədə dəyişilib, hətta bir çox model agentlikləri tərəfindən təkliflər də alıb. O, bundan sonra həyatına model kimi davam etdirmək fikrindədir.(axsam.az)

Gənc jurnalistlərin nəzərinə...

Jurnalistika fakültəsini bitirən gənc yazarlar və jurnalist olmaq istəyənlər... Psixoloq.az portalı bu istiqamətdə sizə əla fürsət təklif edir. Belə ki, aranızdan seçilən jurnalistlər, saytda məqalə yazıb, mütəxəssislərdən müsahibə və açıqlama ala biləcəklər. Hazırladıqları material isə redaktor tərəfindən yoxlanılaraq jurnalistə bu barədə ətraflı maarifləndirici məlumatlar veriləcək və saytda dərc ediləcək. Həmçinin gənc yazarlar, peşəkar insanlar, mütəxəssislərlə işləmək şansı əldə edərək təcrübə qazanacaqlar.  Bununla yanaşı gələcəkdə Psixoloq.az portalında işləmək fürsəti də əldə edə bilərsiniz. Qeyd edək ki, təcrübə qazanmaq istəyənlərin xəbər yaza bilmə bacarığının olması şərtdir. Savadını artırmaq, təcrübə qazanmaq istəyən gənclər cv-ni  [email protected] mail adresinə göndərə bilərlər.

Müsabiqənin nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan olunub. DİM-dən ölkə.az-a verilən məlumata görə, avqustun 8-də saat 17:10-dan etibarən internet səhifəsində yerləşdirib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur: Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 9-dan 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

“Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olunub

BMT-nin Uşaq Fondu (UNİCEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ölkəmizdə avqust ayının 1-dən 7-dək "Ümumdünya ana südü ilə qidalandırma həftəsi” keçirilib. Ana südü ilə qidalanmanı təşviq və təbliğ etmək məqsədilə UNİCEF və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan maarifləndirici materiallar 1-7 avqust 2018-ci il tarixdə "Asan xidmət” mərkəzlərində əhaliyə paylanılıb. Psixoloq.az xəbər verir ki,  bu tarix ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNİCEF, dövlət siyasətçiləri və digər təşkilatlar tərəfindən 1990-cı ilin avqust ayında imzalanan "Inocenti Deklarasiyası”nın xatirəsinə həsr edilib. UNİCEF və ÜST-ün 31 iyul 2018-ci il tarixli birgə hesabatına əsasən, il ərzində 78 milyona yaxın körpə və ya hər 5 uşaqdan biri dünyaya gəldiyi ilk saatda ana südü ilə qidalanmır, bu da onların xəstəliyə yoluxma və ölüm riskini artırır.

"Hamilə idim, uşağı tələf etməli oldum" - "Toppuş bacı" xəstəliyindən danışdı

"Hamilə idim, qanaxma başladı və uşağı tələf etməli oldum. Abortdan sonra həkimlər gördülər ki, uşaqlıq yolunda şiş var. Şiş əkildi və nəticədə bədxassəli olduğu aşkarlandı”. Psixoloq.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Tünzalə Əliyeva deyib. Bir neçə gün əvvəl xərçəng olduğu aşkarlanan və əməliyyat edilən aktrisa səhhətindən danışıb. "Toppuş bacı” ləqəbli aktrisa xəstəliyinin qəfildən ortaya çıxmasından danışıb: "Qəfildən olmadı. Bir aydır bilirdim, gizlədirdim. Eşidəndə çox pis oldum, ağladım. Millət vəkilimiz Qənirə Paşayevaya zəng etdim, danışdım. Onun məsləhəti ilə onkoloji xəstəxanaya yollandım. Eroziya olub, papiloma virusum var imiş. Mən də vaxtında müalicə etdirməmişəm. Uşağım düşəndə bəlli oldu, ginekoloqum şübhələndi. Şiş əkildi və bədxassəli olduğu ortaya çıxdı”. T.Əliyeva sosial şəbəkələrdə ünvanına yazılan fikirlərə aydınlıq gətirib. O, mədəsini kəsdirdiyi üçün xərçəngə yoluxması haqda xəbərlərə etiraz edib: "Mədəmi kəsdirməyimlə xərçəng olmağımın heç bir əlaqəsi yoxdur. Sadəcə immunitetim aşağı olub. Yeməmişəm, orqanizmimdə immunitet azalıb. Xəstəlik də bundan yaranıb. Hazırda yaxşıyam. Ayın 14-də analizimin cavabı gələcək. Yaxınlarım, ailəm səbirsizliklə onu gözləyir. İnşallah, cavab yaxşı çıxar. Xəstəxanada da qulluğumda dururdular, tez ayağa qalxdım. Günlərlə yerdə yatacaq adam deyiləm. Bir neçə gündən sonra xına mərasimlərimə qayıdacam. Məni sevənlərin gözünü yolda qoymayacam”.

Bu gün psixoloq Gülər Məmmədovanın ad günüdür

Bu gün Azərbaycanın dəyərli psixoloqlarından hesab edilən, Azərbaycan Dövlət Pedaqoji universitetinin ümumi psixologiya kafedrasının müəlliməsi Gülər Məmmədovanın  ad günüdür. Psixoloq.az kollektivi olaraq Gülər xanımı təbrik edir, işlərində müvəffəqiyyətlər arzu edirik. Qeyd edək ki, Gülər Məmmədova  Azərbaycan Dövlət Pedaqoji universitetinin psixologiya fakültəsini bitirib.

Məşhur ifaçının damarları partladı - Vəziyyəti ağırdır/FOTO

Türkiyəli məşhur ifaçı Hakkı Bulut vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. Psixoloq.az xəbər verir ki, həkimlər açıqlama verərək ifaçının damarlarının partladığını, vəziyyətinin yaxşı olmadığını bildiriblər.

"Donorluq məsələləri sənəddən çıxarılıb" - Musa Quliyev

Parlamentin qarşıdan gələn növbəti - 2018-ci il payız sessiyasının məhsuldar, maraqlı və gərgin keçəcəyini düşünürük. Çünki həm qanun layihələrini, həm də 2019-cu ilin dövlət büdcəsinin müzakirələri olacaq. Qeyd edək ki, dünyada payız sessiyaları, əsasən, büdcə sessiyaları sayılır, bu baxımdan, əsas müzakirələr büdcə ilə bağlı olacaq. Amma bununla belə, üç ay ərzində fürsətdən istifadə edib, yeni və ya üzərində çoxdan işlənilən qanun layihələri ilə bağlı müzakirələrin açılmasına çalışacağıq. Yəni, tək büdcə ilə kifayətlənilməyəcək. Psixoloq.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, istər sədr müavini olduğu Səhiyyə, istərsə də sıravi üzvü olduğu Əmək və sosial siyasət komitəsində payız sessiyası çərçivəsində maraqlı müzakirələr, bir sıra vacib qanun layihələrinin müzakirəsi və tövsiyəsi gözlənilir: “Məsələn, bunlardan biri donorluq və insan orqanlarının (toxumalarının) transplantasiyası haqda qanundur ki, ötən sessiyadan onun üzərində işləyirik. Həmin qanuna xeyli dəyişiklik nəzərdə tutulur və çox güman ki, ciddi dəyişikliklər olunacaq. Onu bir daha komitəmizdə müzakirələrdən keçirib, plenar iclasa tövsiyə etməyi nəzərdə tuturuq. Bununla yanaşı, “Psixoloji yardım haqqında” qanun layihəsi üzərində işlər davam etdirilir. Düzdür, onu ötən yaz sessiyasının müzakirəsinə təqdim etmişdik, amma müəyyən səbəblərdən müzakirəsi qaldı. Komitədə baxıb, onu plenar iclasa təqdim etmək niyyətindəyik. Belə bir qanuna ciddi ehtiyac duyulur. Həmçinin, uzun illərdən bəri cəmiyyətdə ciddi müzakirə və mübahisə mövzusu olan, hətta 3-cü çağırış parlament dövründə birinci oxunuşda müzakirələrdən keçirilən “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” haqqında qanun layihəsinin, nəhayət, müzakirələrə çıxarılması nəzərdə tutulur. Çünki qanunda mübahisə predmeti olan “surroqat ana” və donorluq məsələləri sənəddən çıxarılıb, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) sənədə ciddi irad yoxdur. Odur ki, onu payız sessiyasında komitəmizin müzakirəsindən keçirib, növbəti sessiyanın qanunvericilik işləri planına salmağı və plenar iclasa təqdim, tövsiyə etməyi düşünürük. İnsanlarımızın çoxu artıq bu qanunun müzakirəsini və qəbulunu çoxdan gözləyir. Eyni zamanda, komitəmizin əksər üzvləri “Ailə həkimi haqqında” qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılmasını təklif edirlər. Zaman-zaman bu yöndə təkliflər səsləndirilməkdədir. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi məsələsi də belə bir qanunun müzakirəsini və qəbulunu zəruri edir. Ona görə payız sessiyasında həmin qanun layihəsi ilə bağlı müzakirələri nəzərdə tuturuq. Təbii ki, bunlar mənim şəxsi, subyektiv fikirlərimdir. Komitəmizin tam mövqeyi sentyabrda payız sessiyası ilə bağlı keçiriləcək ilk iclasda məlum olacaq, orada təkliflər, fikirlər səsləndiriləcək və qruplaşdırılacaq, müvafiq qərar veriləcək”.

Qanunsuz avtobus biletləri satanlar kimlərdir? — RƏSMİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti rayonlararası və şəhərlərarası qeyri-qanuni avtobus biletlərinin satılması məsələsinə münasibət bildirib. Psixoloq.az ölkə.az-a istinadən xəbər verir ki, Xidmətin Mətbuat katibi Nuridə Allahyarova Trend-ə bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində qeyri-rəsmi bilet satılması mümkünsüzdür. O qeyd edib ki, həm DANX-ın, həm də BBAK-ın əməkdaşları bütün günü bu məsələ ilə bağlı müşahidələr aparırlar və bu cür halların baş verməsinə imkan vermirlər: “Respublika üzrə 60 avtovağzal və avtostansiya mövcuddur və onların hər birində DANX-nin yerli əməkdaşları müşahidələr aparır. Yəni regionlarda da avtovağzallarda daim müşahidə aparılır və qeyri-qanuni bilet satışı mümkün deyil”. N.Allahyarova bildirib ki, regionlarda qeyri-qanuni avtobus biletinin satışı yalnız qeyri-qanuni sərnişindaşıma həyata keçirən daşıyıcılar tərəfindən edilə bilər və bu cür hallar Avtovağzalın özündə yox, kənarda baş verə bilər: “Biz bununla bağlı ölçü götürülməsi üçün müşahidələr aparırıq və aidiyyəti qurumlara, Dövlət Yol Polisinə müraciət edirik. Çünki bizim qeyri-qanuni daşımalar həyata keçirənlərə qarşı tədbirlər görmək səlahiyyətimiz yoxdur. Ancaq qanuni, yəni DANX-nin nəzarət etdiyi daşıyıcılar hər hansı bir süni qiymət artımına və ya əldən bilet satışına yol verərlərsə, biz dərhal tədbir görərik, lakin qeyri-qanuni daşıyıcılara görə biz sadəcə məlumat alıb aidiyyəti qurumları xəbərdar edə bilərik”. Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə qeyri-qanuni bilet satışı ilə bağlı məlumatlar yayılmışdır. Belə halların əsasən regionlarda müşahidə edildiyi qeyd edilir.

Daşqın və sel olacaq – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-dan 12-dək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Qeyri-sabit hava şəraiti avqustun 11-i axşamadək davam edəcək.

Çox yatanların nəzərinə - Ölüm riski var

Çox yatanların ölüm riski yüksəkdir. Psixoloq.az xəbər verir ki, bu, Amerika Qəlb Dərnəyində aparılan araşdırmadan sonra məlum olub. Üç milyondan çox insanın qatıldığı araşdırmadan sonra məlum olub ki, gündə on saat çox yatanların ölüm riski səkkiz saat yatanlara nisbətən otuz faiz yüksəkdir. Çox yatmağın ürək damar xəstəliklərinə də səbəb olduğu bildirilir. 

Hər gün iki heyva yeyin

A və B vitaminləri cəhətdən zəngin olan heyva, qış mövsümünün ən sevilən meyvələrindən biridir. Şəkər miqdarı az olan bu meyvə, eyni zamanda insanı rahatladaraq sakitləşdirir. Bəs heyvanın bilinməyən faydaları nədir? Mədə-bağırsaqları gücləndirir. İshalı kəsməkdə təsirlidir. Ancaq çox yeyildiyi zaman qəbizliyə səbəb olur. İshaldan əziyyət çəkənlər heyvanı yeyə bilər. Qaraciyərində problem yaşayan insanlar bu meyvədən rahatlıqla istifadə edə bilər. Qanı təmizləməyə kömək edir. Ürək döyüntüləri zamanı faydalıdır. Öskürəkdən əziyyət çəkənlər heyva dəmləməsini içə bilərlər. Dərini təmizləyərək, dırnaqları gücləndirir. Varikoz damarların qismən də olsa qarşısını almağa kömək edir. İdrar yolu infeksiyaları zamanı effektlidir. Bəs heyva dəmləməsi necə hazırlanır? Bunun üçün heyvanın qabıqları soyulur. Xırda formada doğranılır və üzərinə qaynar su tökülür. Dəmlənmə üçün gözlədilir. Çayın rəngi sarı olan zaman içə bilərsiniz.(hekimtap.az)

Qida Təhlükəsizliyi Agentliyindən XƏBƏRDARLIQ

Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə əhaliyə xəbərdarlıq edib. Agentlikdən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib.  Bununla əlaqədar olaraq, bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub. (oxu.az)

Atmosferdə bu qazın artması dünyanın sonunu gətirə bilər - Alimlər açıqladı

İqlim dəyişikliyi problemləri ilə məşğul olan beynəlxalq tədqiqat qrupu Yer planetində temperaturun və dənizlərin səviyyəsinin tezliklə yüksələcəyini proqnozlaşdırır. Onların qənaətinə görə, karbon dioksid qazının atmosferə buraxılması tempi yüksələn xətlə davam edərsə, havanın hərarəti 2 dərəcə selsiyədək arta bilər. Psixoloq.az azertaca istinadla xəbər verir ki, beynəlxalq tədqiqat qrupunun hesabatı İsveç Milli Elmlər Akademiyasının jurnalında dərc edilib. Tədqiqatlar göstərib ki, gələcəkdə atmosferin çirklənməsi Yer kürəsinin bəşəriyyəti qoruyan təbii sərvətlərini onun düşməninə çevirə bilər. Belə ki, hər il meşələr, okeanlar və torpaq 4,5 milyon ton karbon udur ki, sonrakı mərhələdə bu qazın atmosferdə daha da artması havanın hərarətinə mənfi təsir göstərəcək. Stokholm Davamlılıq Mərkəzinin hesabatına görə, Şimal yarımkürəsində daimi buzlaqlar, yaxud Amazon meşələri milyonlarla ton karbon dioksid qazını saxlayır və günlərin birində bu qazların atmosferə qaytarılması Yer kürəsində fəlakətə səbəb ola bilər. Mərkəzin professoru Yohan Rokströmün fikrincə, temperaturun 2 dərəcə artması planetimizin özünütənzimləmə mexanizmini sarsıdacaq. "Biz görəcəyik ki, Yerdəki sistem insanlara dost deyil, düşmən olacaq. Bəşəriyyətin taleyi bu sistemin tarazlığının pozulması ilə sıx bağlıdır”, – deyə professor vurğulayıb. Alimlər bildirirlər ki, hazırda qlobal temperatur 1 dərəcə Selsiyədək artıb və hər il 0,17 dərəcə yüksəlməkdə davam edir. Hesabat müəllifləri 10 təbii sisteminin tarazlığının pozulması prosesinə diqqət çəkirlər. Bildirilir ki, hazırda bəşəriyyət karbon dioksid qazının meşələrə və Arktik buz dənizinə mənfi təsiri, habelə metan hidratların okeanlara vurduğu zərərə biganə yanaşır. Təhlükə ondadır ki, bu sistemlərdən biri həmin qazları atmosferə geri göndərdikdən sonra digər sistemlər də "domino effekti” ilə buna qoşula bilər. Tədqiqatçıların "Yer kürəsi - qızmar ev” ssenarisi adlandırdıqları bu vəziyyətdə iqlim şəraiti sənayeləşmə mərhələsindən əvvəlki dövrə nisbətən 4-5 dərəcə yüksəkdə stabilləşə bilər ki, bu zaman dəniz səviyyəsinin 10-60 metr qalxması ehtimal olunur. Demək, Yerin böyük bir hissəsi suyun altında qalacaq. "Bu təsir kütləvi, dağıdıcı və qəfil baş verə bilər”, - deyə hesabatda xəbərdarlıq edilir. Professor Rokström bu il Avropadakı anomal istiləri də misal gətirərək əlavə edib ki, temperaturun cəmi 1 dərəcə artması bu cür fəlakətlərlə nəticələnirsə, 2 dərəcəyə çatmasının hansı fəlakətlər doğuracağını təsəvvür etmək olar. Hesabatda nikbin fikirlər də yer alıb. Alimlər qeyd ediblər ki, vəziyyətdən yeganə çıxış yolu planetin ekoloji sisteminə daha həssas münasibət göstərməkdən ibarətdir. Kopenhagen Universitetinin professoru Ketrin Riçardsonun sözlərinə görə, bunun üçün bəşəriyyət karbohidrogen ehtiyatlarını yandırmaqdan imtina etməli, meşələri qorumalı və yeni ağaclar əkməli, günəş şüalarının mənfi təsirini azaltmalı, karbon dioksid qazını havadan udacaq maşınlar icad etməlidir. Qeyd etmək lazımdır ki, bəzi alimlər tədqiqat qrupunun hesabatının şişirdildiyi qənaətindədir. Onların fikrincə, müəlliflərin təqdim etdiyi fəlakət ssenarisinin elmi əsasları yetərincə deyil.

“Jurnalistika”ya qəbul üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin "Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 6-da keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib. Abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. DİM-dən xezerxeber.az-a verilən məlumata görə, imtahanda iştirak etmək hüququ qazanmış 446 abituriyentdən 104 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 342 abituriyentdən 287 nəfəri "məqbul” qiymət alıb. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. Abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 10-da (saat 10:00-dan 17:00-dək) Mərkəzin A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (keçmiş Asiya Universitetinin binası) Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 8 və 9 avqust tarixlərində qeyd olunan ünvana şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Ən təhlükəli döş xərçənginin müalicəsi tapıldı

Leybnits adına Qocalmanın Araşdırılması İnstitutunun alimləri çox təhlükəli süd vəzi xərçəngi hüceyrələrində aktiv olan TRPS1 zülallarını eyniləşdiriblər. Bu birləşmə yeni effektiv dərmanlar üçün potensial hədəfdir. Psixoloq.az xəbər verir ki, bununla bağlı məlumat “MedicalXpress” tərəfindən yayımlanıb.  Döş xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növüdür və il ərzində bu xəstəlikdən 521 min insan dünyasını dəyişir. Bu xəstəliyin üç müxtəlif növü var: ER-müsbət, HER2-müsbət və üçqat mənfi xərçəng. Döş xərçəngi xəstəliklərinin 15 faizini təşkil edən sonuncu növün müalicəsi olduqca çətindir.  Məlumdur ki, “Hippo” siqnal yolu toxumaların regenerasiyasında və xərçəng hüceyrələrinin yaranmasında başlıca rol oynayır. Bu komponentin əsas komponentlərindən biri orqanların ölçüsünə nəzarət edən YAP zülalıdır. Mütəxəssislər hesab edir ki, YAP-ın aktivləşdirilməsi xəstənin sağalmasına kömək edir. Bunun səbəbi bugünədək müəyyən olunmayıb.  Alimlər hesab edirlər ki, TRPS1 zülalı YAP zülalının aktivləşməsinə səbəb olur və “Hippo” siqnal yoluna düşərək xərçəng hüceyrələrinə təsir göstərir.(oxu.az)

Günün ulduz falı: 8 avqust, 2018

Qoç – Baş verənləri anlamaq üçün harmoniyaya ehtiyacınız var. Estetik, qastronomik, maliyyə tələblərinizin ödənməsinə can atacaqsınız. Yeni mərhələnin ilkin təzahürlərini ayırd etməyi bacarın. Ən əlverişli variantı seçin.Günün ikinci yarısında bəzi proseslərin rəsmi statusu olduğunu düşünməyin. Yaxşı tanımadığınız insana məram və niyyətlərinizdən danışmayın. Reklama, bəyanatlara, açıqlamalara heç bir zərurət duyulmur. Bir sıra işləri sakit, ahəstə şəkildə həll etmək olar. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin. Buğa – Rəqibləri zəif saymayın, problemlərinizin, gerçəkdən də, mürəkkəb olduğunu etiraf edin. Belə olarsa, çox problemlərin öhdəsindən gələ bilərsiniz. Nikbinlik və qüvvələrinizə əminlik imkanlarınızı artıracaq. Uğursuzları sevməyən insanlar sizinlə çalışmaq istəyəcəklər. Məhsuldar əməkdaşlıq başlana bilər.Səfər və səyahətə çıxmaq, əcnəbi dili öyrənməyə başlamaq, uzaqdan gəlmiş insanlarla görüşmək üçün əlverişli zamandır. Yeni ideya yarana bilər. Əkizlər – Emosional baxımdan zəngin gündür. Yaxın ətrafınızdakı insanlardan daha çox məlumat əldə edin. Situasiyanın təfərrüatlarına bələd olun. Tapşırıq və ya sifariş alsanız, detalları dəqiqləşdirmədən işə başlamayın.Günün ikinci yarısında məqsədə doğru aparan yolda qarşınızı kəsəcək maneələr və sədləri qətiyyətlə dəf edin. Fırıldaq, saxtakarlıq qurbanı olmamaq üçün həssas, diqqətli olun. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.Axşam saatlarında stressdən qurtulun. Əsəbləriz dincəlməlidir. Xərçəng – Olayların bəzilərini əvvəlcədən planlaşdırmaq mümkün deyil. Gözləntilər və ehtimallarda ifrat dərəcədə nikbin olmayın. Potensialınızı, imkanlarınızı dürüst qiymətləndirin. Xam xəyallara qapılmayın.Günün ikinci yarısında yeni biliklər və bacarıqlar əldə etmək mümkündür. Nəqliyyatda nasazlıq, yolda problemin yaranması istisna deyil. Başqalarının işlərində aktiv iştirak etməyin. Nə isə alınmasa, sizi suçlu biləcəklər. Aldığınız məlumatları diqqətlə yoxlayın. Şayiələrə və dedi-qoduya inanmayın.Axşam saatlarında səhhətinizə fikir verin. Şir – Günün ilk yarısında texniki nasazlıqlar, iş yerində qəfil problemlərin yaranması istisna deyil. Əvvəlcədən planlaşdırılmış görüşün baş tutmaması da mümkündür. Bunun səbəbi sözləşdiyiniz insanla məkan və zaman anlaşmasının şərtlərinə əməl olunmamasıdır.Günün ikinci yarısında başqalarının intriqalarına hədəf olmayın. Hədəfləri saf-çürük etmək gərəkdir. Maliyyə vəsaitinizin qədrini bilin. Bədxərclik etməyin.Zərurət varsa, planlarda dərhal dəyişikliklər edin. Qız – Maliyyə və maddi-texniki problemlərin həllində aktiv davranın. Nevroz olmayın. Bacardığınızdan artıq işləri görməyə başlasanız, ifrat yorğunluğa düçar olacaqsınız. Vaxtınızı mənasız işlərə sərf etməyin.Günün ikinci yarısında çalışdığınız kollektivdə uğursuzluqla qarşılaşmağınız, yaxınlarınız və qohumlarınızla münasibətlərdə anlaşılmazlıqların yaranması istisna deyil. İş və ya yaşam arealının dəyişdirilməsi üçün münasib zaman deyil. Hansısa işlərdə axsamalar, ləngimələr yaranırsa, səhvlərinizdə başqalarını suçlamayın.Günah yalnız sizdədir. Tərəzi – Səfərdə, yazışmada və ya söhbətdə anlaşılmazlıq yarana bilər. Maddi məsələləri vaxtında həll etmək istəyirsinizsə, yalnız öz qüvvənizə və potensialınıza bel bağlayın.Kiminsə gecikməsi və ya səhlənkarlığı planları poza bilər. Yalan qurbanı olmayın, deyilənlərə sidq-ürəkdən inanmayın.Günün ikinci yarısı yeni əlaqələrin formalaşması, müzakirələr, sövdələşmələr və seçim üçün əlverişli deyil. Özünüzlə çox pul gəzdirməyin. Yeni layihəyə başlamaq fikriniz varsa, ciddi düşünün.Tələsik addımlar atmayın. Əqrəb – Yaranmış situasiya sizdən çeviklik, sürət, mütəhərrik davranış tələb edir. Cari duruma uyğunlaşmağa çalışın. İşdə rəhbərliyin artan tələbkarlığı və ya əmək şərtlərinin dəyişməsi ilə bağlı müəyyən diskomfort istisna deyil.Günün ikinci yarısında yolda ehtiyatlı olun. Fors-major olayın səbəbkarına çevrilməyin. Məsuliyyətli və ağır iş görməlisinizsə, problemin həll yollarını əvvəlcədən düşünün. Ən optimal variantı seçin.Axşam saatlarını özünüzə həsr edin. Oxatan – Günün ilk yarısında yaranacaq mübahisədə təmkinli davranın. Başqalarının diskussiyasında müşahidəçi olsanız, eşitdikləriniz və ya gördükləriniz barədə yalnız obyektiv rəyinizi bildirin. Əsla yalan danışmayın.Günün ikinci yarısında kimsənin tərəfini tutmayın. Neytral qalmağa çalışın. Mübahisə zəmini olan predmet və ya hadisə ilə bağlı müfəssəl bilgiləriniz yoxdursa, çox danışmayın. Müstəqil fəaliyyət göstərin. Ailə üzvləri və ya qohumlarla ünsiyyətdə hakim rolunu oynamağa çalışmayın. Qayğıkeş, şəfqətli olun. Oğlaq – Yaşanan olayları diqqətlə müşahidə edin. Ayıq olun. Rəqiblərin sizi geridə qoymasına imkan verməyin. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Özünüzü az qala bütün situasiyalarda haqlı saymayın.Nöqsanlardan xali olduğunuzu unutmayın.Günün ikinci yarısında ideala can ataraq işlərin gedişatını uzatmayın. Eşitdiyiniz hər sözə kor-koranə inanmayın. Sizi aldatmağa, yanlış istiqamətə yönləndirməyə çalışırlar. Axşam saatlarında səhiyyə müəssisəsinə yollanmayın. Dolça – Mənasız illüziyalardan, əsassız fantaziyalardan qurtulun. Cari işləri yerinə yetirməkdən usanmayın. Yeknəsəqlikdən şikayətlənərək süstlüyə qapılmayın. Yaradıcılıqla da məşğul olmaq mümkündür.Günün ikinci yarısında sifariş və ya tapşırıqların yerinə yetirilməsi zamanı maksimum dərəcədə dəqiq olun. Hesablamalarda, məlumat bazaları ilə işdə, uzunmüddətli planlaşdırmada yanlışlıqlara yol verməyin.Axşam saatlarında kompüterdən, internetdən uzaq durun.Açıq havada gəzin. Balıqlar – Axınla hərəkət edin, hadisələrin məcrasında kəskin dəyişikliklərə can atmayın. Yaşam prosesləri üzərində nəzarəti tamamən itirməyin. Təmkinli və səbrli olun, emosiyalara uymayın.Günün ikinci yarısında yolda ehtiyatlı olun. Sükan arxasında diqqətiniz yayınmasın. İnformasiya ilə iş, hesablamalar səliqə tələb edir.Axşam saatlarına yaxın bir qədər dincəlin. Stressdən qurtulmağa çalışın. Milli.Az

Psixoloq.az Portalına direktor təyin edildi

Həkim Radioloq Aytən Hidayətova direktor vəzifəsinə təyin edilib. Bu barədə portalının sözçüsü Psixoloq.az a açıqlamasında bildirib.Portal sözçüsü qeyd edib ki, dünən idarə heyətinin iclasında təsisçi qərarı ilə Aytən Hidayətova portalın direktoru vəzifəsinə təyin edilmişdir.