Planetin ən yaşlı insanı vəfat edib

Yer kürəsinin ən yaşlı insanı, Yaponiya sakini Çiyo Miyako 117 yaşında Yokoqama şəhərində vəfat edib. Psixoloq.az azərtaca istinadən xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Çiyo Miyako 1901-ci il mayın 2-də anadan olmuşdu. Hazırda planetin ən yaşlı sakini statusu onun həmyerlisi Kane Tanakeyə keçib. K.Tanake isə 1903-cü il yanvarın 2-də dünyaya gəlib

İsraildə “Eurovision” ləğv edilə bilər

İsrailin “Kan” teleradio korporasiyası xəbərdarlıq edib ki, əgər 5 gün ərzində tədbirin avropalı kuratorlarının hesabına girov məbləği kimi 14 milyon dollar köçürülməsə, İsrail 2019-cu ildə “Eurovision” mahnı yarışını keçirmə hüququnu itirə bilər. Psixoloq.az “Times of Israel” nəşrinə istinadla xəbər verir ki, “Kan” rəhbərliyi bununla bağlı İsrail baş naziri Binyamin Netanyahu, eləcə də maliyyə və kommunikasiya nazirlərinə məktub göndərib.  Bundan əvvəl, Netanyahu xəbərdarlıq edib ki, göstərilən məbləği tədbir təşkilatçılarına ödəməyəcək.  Ümumilikdə “Eurovision” İsrailə 40 milyon dollara başa gələcək. Hökumətin fikrincə, “Kan” bu tədbirin keçirilməsi üçün məbləği illik yayım büdcəsindən xərcləməlidir.(oxu.az)

Bu abituriyentlərin imtahan nəticələri ləğv edildi

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bu gün bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanına buraxılmayıblar. Dövlət İmtahan Mərkəzindən (DİM) ölkə.az-a verilən məlumata görə, bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib. 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılıb. İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları isə DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək. İyulun 27-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Yanğın qurbanlarının sayı artıb - 83 nəfər...

Yunanıstanda bu ilki dəhşətli yanğınlar görünür ölkə tarixində ən dəhşətli təbii fəlakət olacaq. Psixoloq.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, ölənlərin sayı artıq 83 nəfərə çatıb, daha 100 nəfərə yaxın şəxsin isə itkin düşdüyü bildirilir. Bundan əlavə içərilərində uşaqların da olduğu 187 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Attika ərazisində hələ də fövqəladə hal vəziyyəti saxlanılır. Yanğınlara miqyası ilə əlaqədar olaraq ölkənin fövqəladə hallar xidməti ilə yanaşı bütün güc strukturları da cəlb edilib. Ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Anders Persson döyüş təyyarələri ilə 3 min metr yüksəklikdən yanğın məkanına bombalar atıldığını bildirib. O, bombaların partlayış nəticəsində yanğın yerində oksigeni məhv edərək alovların sönməsinə səbəb olduğunu qeyd edib. Qeyd edək ki, 2007-ci ildə baş vermiş yanğılar Yunanıstan tarixində ən güclü yanğın kimi qiymətləndirilirdi. Həmin il ölkənin müxtəlif bölgələrində baş vermiş yanğınlar nəticəsində ümumi olaraq 84 nəfər həyatını itirib.

“Mövsümlə bağlı şikayətlər artıb” – BNA

“Mövsümlə əlaqədar olaraq kondisionerlə bağlı şikayətlərin sayı artıb”. Bu barədə bizimyol.info-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA)ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib. O qeyd edib ki, BNA bununla bağlı hər dəfə daşıyıcılara xəbərdarlıq edilir: “Ola bilsin hər hansı bir avtobusda nəsə texniki səbəbdən sərinləndirmə sistemi işləmir amma daşıyıcı buna da nəzarət etməlidir ki, bu cür problemlər olmasın”. Qeyde dək ki, hazırda şəhərdaxili marşrutlarda ümumilikdə 2100 avtobus fəaliyyət göstərir. Amma sərnişindaşımada 400-dən artıq kondisionerli avtobus fəaliyyət göstərir.

“Tozlu havada maskalardan istifadə edin...” -Professor xəbərdarlıq etdi...

Paytaxt Bakıda iki gün tozlu hava müşahidə olunacaq. Atmosferdə müşahidə olanun toza səbəb Tükmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır və belə şərait sabaha qədər davam edəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf  Mühit üzrə Milli Monitorinq Departamenti bu barədə paytaxt sakinlərinə xəbərdarlıq edib.  Bəs belə havadan insanlarımız necə qorunmalıdır? Psixoloq.az xəbər verir ki, moderator.az-ın suallarını cavablandıran Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, insanlarımız çalışmalıdır ki, tozla təmas müddətini aşağı endirsinlər: “Tozlu havanın təbii ki, insanlara ziyanı var. Çünki toz hissəcikləri insanların nəfəs yollarına daxil olur və oranı qıcıqlandırır. Belə hallarda kütləvi informasiya vasitələrində insanlar arasında təbliğat aparılmalıdır. Belə tozlu havadan qorunmaq üçün ictimai nəqliyyatda, küçədə və digər yerlərdə maskalardan istifadə etmək lazımdır. Yaxşı olar ki, evdə olan zaman pəncərələr bağlı saxlanılsın ki, tozla təmas müddəti mümkün qədər aşağı salınsın. Həmin tozlar adətən səhra tozları olur və hər halda onların da tərkibi yoxlanılsa, yaxşı olar. Bu qısa müddət ərzində insanlarımız belə havalarda özlərini qorumalıdırlar”. 

Rusiyada Bakı pomidoruna tələbat artır

2018-ci ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya pomidor idxal edən ölkələr sırasında lider olub.  Psixoloq.az xəbər verir ki, bununla bağlı Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.  Məlumatlara əsasən, Mərakeş bu siyahıda ikinci, Çin üçüncü olub.  Ötən illərlə müqayisədə bu dəfə Türkiyə siyahıda 6-cı yeri tutub. 5 ayda Türkiyədən Rusiyaya 26,6 milyon dollar dəyərində 22,9 min ton pomidor idxal edilib.  Xatırladaq ki, Türkiyənin 2015-ci ildə Rusiyaya məxsus Su-24 qırıcısını vurmasından sonra türk pomidorunun Rusiyaya idxalı qadağan olunmuşdu. Bu qadağa 2018-ci il mayın 1-də ləğv edilib. (oxu.az)

Nazirlik Bakıda müşahidə olunan toz dumanı ilə bağlı xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı xəbərdarlıq edib.  Nazirlikdən oxu.az-a verilən məlumata görə, bu gün 26 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarımadasında səhər saatlarında mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib və nəticədə atmosfer havasında tozun miqdarının bir qədər azaldığı qeydə alınıb. Günün  ikinci yarısından axşama doğru şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədar tozun miqdarının artacağı gözlənilir. Xatırladaq ki, belə şərait 27 iyul 2018-ci il tarixinədək davam edəcək.

Qorxu hissi vücudu çürüdür - Bu dərmanlardan istifadə etməyin

Aparılan araşdırmalara görə, qorxu və narahatçılıq bir çox psixoloji problemlərə yol açır.  Bəs insanlara qorxu və narahatçılıq hissinin hansı mənfi təsirləri mövcuddur? Psixoloq.az həmin təsirləri təqdim edir: Ruhi gərginliklər yaradır – Gərginlik içərisində olan insanlar fərqli reaksiyalar verə bilər. Qorxu və narahatlıq nəticəsində insan əzələləri gərginləşir və nəticədə bu ağrılar ortaya çıxa bilər. Kürək, mədə, baş ağrısı, qol-ayaq ağrılarının əsas səbəblərindən biri stress ola bilər. Psixoloji ağrılar isə insanın yaşayış tərzinin keyfiyyətini aşağı salır. Türkiyəli psixiatr Hüsnü Erkmenin sözlərinə görə, psixoloji ağrıların digər ağrılardan fərqsiz olduğunu bildirib. Psixoloji problemlər görəcəyiniz işlərin də keyfiyyətini aşağı salır. Belə bir zamanda psixoloq dəstəyi almaq daha vacibdir. Çünki bəzən insan özü ilə bacarmır. Bu isə  daha böyük problemlərə yol aça bilər. Bəzi insanlar psixoloji problemlər səbəbindən mütəmadi olaraq dərman istifadə edirlər. Mütəxəssis isə, bu növ dərmanların sağlamlıq problemlərinə yol aça biləcəyini qeyd edib: “Bəzən gündə 3-5 ədəd, 5-10 ədəd dərman içən var. Ancaq ağrıkəsici dərmanlar vücud üçün düşünüldüyündən daha təhlükəli dərmanlardır. Xüsusilə də böyrəklər üçün zərərlidir. Bu səbəbdən həkim nəzarəti olmadan bu növ həblər qəbul edilməməlidir”. Şəhanə Quliyeva

Məşhur müğənni reytinq üçün etdi... Biabır olaraq cərimələndi/VİDEO

Hərəkət edən maşından enərək rəqs edən Hülya Avşar cərimələnəcək. Psixoloq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerikada başlayan, qısa müddətdə sosial mediada yayılan “Do the Shiggy” (Bu zaman avtomobil sahibləri hərəkət edən maşından enərək yolda rəqs edirlər) trendinə Hülya Avşar da ayaq uydurmaq istəyib. Lakin onun cəhdi uğursuz alınıb. Belə ki, maşın sürətlə onun yanından uzaqlaşıb. Avşar bu videonu İnstaqramda paylaşıb. Ancaq Avşarın kadrları isə ona reytinqdən çox cərimə gətirdi. Belə ki, yeni qərara əsasən, təhlükəli trendə ayaq uydurmaq istəyənlərə 235 TL cərimə yazılacaq. Bundan başqa, sürücü xəstəxanaya aparılaraq psixoloji müayinədən keçəcək.

Səhiyyə müəssisələrinin fəaliyyəti ilə bağlı qərar verildi

Səhiyyə Nazirliyinin müəssisələrinin 2018-2019-cu illəri payız-qış mövsümünə hazırlıq tədbirləri ilə bağlı əmr imzalanıb. Psixoloq.az xəbər verir ki, nazir müavini Elsəvər Ağayevin imzaladığı əmrə əsasən, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisinə, şəhər və rayon səhiyyə idarə və şöbələrinin müdirlərinə, Səhiyyə Nazirliyi tabeliyindəki müəssisələrin rəhbərlərinə və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə tapşırıq verilib. Əmrdə bildirilir ki,mövsümə hazırlıqla əlaqədar olaraq qazanxana maşinistləri ilə əməyin mühafizəsi sahəsində plandankənar təlimat keçirilsin. Qeyri-standart və istifadəyə yararsız olan odun və qaz sobalarından, elektirk qızdırıcılarından istifadəsi qadağan edilməlidir. Tüstü borusunun və bacasının qurumdan təmizlənməli,qazanxanada nəzarət-ölçü cihazları yoxlanılmalı, müəssisənin ehtiyat elektrik enerjisi mənbəyi olan dizel generatorlarına texniki xidməti mütəmadi olaraq həyata keçirilməlidir.

Yəhudi alimlərdən İNANILMAZ KƏŞF: Cəmi 1 iynə ilə xərçəngə son

Bu gün dünyanın xərçəng bəlası ilə mübarizəsinin davam etdiyi bir vaxtda hər kəsi bir sual düşündürür. Niyə xərçəng əleyhinə peyvəndlər yoxdur? Psixoloq.az xəbər verir ki, İsrail Biotexnik Şirkətinin mütəxəssisləri xərçəng xəstələri üçün peyvəd kəşf edib. Bu peyvənd düz 90 faiz xəstələrdə xərçəngin yayılmasının qarşısını alacaq. Artıq 2018-ci ildən etibarən xərçəng əleyhinə peyvənd nəinki onkoloji xəstələrin müalicəsində, eləcə də profilkatik məqsədlərlə istifadə olunacaq. Qeyd edək ki, bu peyvənd əsasən qan xərçəngindən əziyyət çəkən xəstələr üçün nəzərdə tutulub. Lakin xəstələr üzərində müsbət təsirini göstərərsə, bütün onkoloji xəstəliklərin sağaldılmasında da tətbiq olunacağı gözlənilir. Xərçəng xəstəliyi bədənə yayılanda orqanizm düzgün fəaliyyət göstərmədiyini anlayır, ancaq özünü bərpa etməkdə aciz qalır. Bunun əsas baş verəmə səbəbi odur ki, xərçəngli hüçeyrələr də bədənin öz hüceyrələridir. Hazırlanmış vaksin isə orqanizmin immun sistemini gücləndirir. Bədənə təhlükə ilə mübarizə aparmağa güc verir. Həmçinin onkoloji xəstəliyə hələ yoluxmayan insanlar da özlərini bu peyvənd vasitəsilə xərçəng təhlükəsindən qoruya biləcəklər. Ümid edək ki, bu peyvənd milyonlarla insanı əzablı ölümdən qurtaracaq.(publika.az)

Zukerberq 17 milyard dollar itirdi

"Facebook”un rüblük maliyyə hesabatı və bunun nəticəsində şirkət səhmlərinin ucuzlaşması sosial şəbəkənin yaradıcısı və rəhbəri Mark Zukerberqin mövqelərini sarsıdıb. Psixoloq.az -ın İKT.lent.az-a istinadən verdiyi xəbərə görə, M. Zukerberq təxminən 16,8 milyard dollar itirib. Əgər səhmlərin ucuzlaşması bugünkü ticarət sessiyasında da davam edərsə, iş adamı planetin ən zəngin insanlarının siyahısında 3-cü yerdən 6-cı sıraya enə bilər. "Facebook”un maliyyə direktoru Devid Veyner bildirib ki, şirkət gəlirlərinin ümumi artım tempi 2018-ci ilin ikinci yarısında yavaşlamağa davam edəcək: "Biz gözləyirik ki, üçüncü və dördüncü rüblərdə gəlirlərin artımı əvvəlki dövrlə müqayisədə aşağı olacaq”. Qeyd edək ki, M. Zukerberq "Bloomberg”in versiyasına əsasən dünyanın ən zəngin adamlarının siyahısında 3-cü yerə iyul ayının əvvəlində yüksəlib. Ayın əvvəlində onun sərvətinin miqdarı 81,6 milyard dollar, 25 iyula qədər isə 86,6 milyard dollar həcmində qiymətləndirilib.

Belə müəssisələrin fəaliyyəti qadağan ediləcək - QAYDALAR TƏSDİQLƏNDİ

Nazirlər Kabineti "Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nı təsdiq edib. Qaydaya əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır. Azərbaycan ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınır və subyektlərin dövlət reyestrinə daxil edilir. Qida təhlükəsizliyi qeydiyyatı Agentlikdə qeydiyyata alınmış subyektlər, onların təsərrüfat fəaliyyətinə cəlb olunmuş obyektlər, qida məhsullarının və ya xidmətlərin adı və növü də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərini əhatə edir. Qida zənciri qida məhsullarının "tarladan–süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), satışı, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinin məcmusudur. Subyektlər qeydiyyat üçün Agentliyə və ya Agentliyin "ASAN xidmət” mərkəzlərində və "Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən nümayəndəsinə ərizə ilə müraciət edirlər. Ərizəyə fiziki şəxslər şəxsiyyət vəsiqəsinin və vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surətini, hüquqi şəxslər vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surətini əlavə etməlidir. Ərizəyə subyektin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti, subyekt idxalçı olduqda idxal edilən yeyinti məhsullarının təhlükəsizliyini təsdiq edən sertifikatın (mövcud olduqda) surəti də əlavə olunmalıdır. Sənədlər təqdim edildikdən sonra ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında subyektə elektron qaydada və ya sifarişli poçt bildirişi vasitəsilə 2 iş günü müddətində məlumat verilir. Agentlik təqdim olunmuş sənədləri araşdırır, sənədlərdə çatışmazlıqlar olmadıqda, subyektin qeydiyyata alınması üçün ona məxsus obyektin qiymətləndirilməsi və ekspertizanın (analizin) aparılması üçün həmin obyektdə istehsal olunan yeyinti məhsulundan nümunə götürülməsi məqsədi ilə mütəxəssis (məsul şəxs) təyin edir. 7iş günü müddətində obyektin qiymətləndirilməsi və götürülmüş yeyinti məhsulu nümunəsinin analizi başa çatdırılmalıdır. Məsul şəxs obyektin istehsal şəraitinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunu qiymətləndirir. Qiymətləndirmənin nəticələri əsasında akt tərtib edilir və yeyinti məhsulundan nümunə götürülür. Obyektdə istehsal olunan yeyinti məhsulundan götürülmüş nümunələrin Agentliyin tabeliyində olan və akkreditasiyadan keçmiş digər laboratoriyada analizi aparılır. Məhsulun analizi subyektin vəsaiti hesabına həyata keçirlir. Analizin nəticələri barədə laboratoriya tərəfindən bir iş günü müddətində Agentliyə sınaq protokolu (yazılı rəy) təqdim edilir. Agentlik obyektin qiymətləndirilməsinin və götürülmüş yeyinti məhsulunun nümunəsinin ekspertiza nəticələrinə uyğun olaraq subyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edir. Qəbul edilmiş qərar 2 iş günü müddətində subyektə təqdim edilir, yaxud sifarişli poçt vasitəsilə göndərilir. Subyektin qeydiyyata alınması barədə qərar qəbul edildiyi halda müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra subyekt dövlət reyestrinə daxil edilir və "Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” verilir. Subyektlərin qeydiyyatına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir. Subyekt qeydiyyata alınmasından imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə subyektin qeydiyyata alınmasından imtinaya yol verilmir. Subyektin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır: - subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə; - hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə; - fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; - məhkəmənin müvafiq qərarı olduqda; - qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə. Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır. Reyestrə daxil edilən məlumatlar Agentliyin internet saytında yerləşdirilir və istifadəçilər üçün açıqdır. İstehlakçıların qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatda olub-olmaması barədə məlumatı maneəsiz əldə etmələri üçün reyestrə çıxışı Agentlik tərəfindən təmin edilir. (APA)

Alimlər görmə qabiliyyətini atıran möcüzəni tapdılar…

Kurkumin piqmenti gözlərin görmə qabiliyyətini artırır. Psixoloq.az xəbər verir ki, bu barədə London universitet kollecinin və London İmperiya kollecinin alimləri belə qənaətə gəliblər. Bu piqment isə zərdəçal bitkisinin köklərindən əldə edilən, sarı-narıncı rəngli bir maddədir. Qlaukoma kimi göz xəstəliyinin müalicəsində də istifadə edilə bilər. Alimlər isə bu maddədən göz damcılarının hazırlanmasının tərəfdarıdırlar. Lakin atma həblərdə yox, çünki həbləri piqmentin çətin əriməsi səbəbindən bu mədə-bağırsaqda zəhərlənmə yarada bilər.

Sabirabadda nasosxana, Bərdədə transformator yandı

Sabirabad rayonunun Ulacalı kəndində ümumi sahəsi 84 m2 olan taxta konstruksiyalardan ibarət nasosxana, içərisində quraşdırılmış su nasosu və elektrik kabelləri yanıb. Psixoloq.az Bizimyol.info-ya  istinadən xəbər verir ki, yaxınlıqdakı digər nasosxana yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Bərdə rayonunun Qasımbəyli kəndində isə avtomobil təmir sexinin ərazisində quraşdırılmış gücü 25 kVt olan transformatorun yanar hissələri və ətrafda 10 m2 sahədə kol-kos yanıb.Yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Maliyyə itkiləri ola bilər - Günün Qoroskopu

Qoç - intellektual fəaliyyət üçün əlverişli gündür. Qarşınıza qoyulan çox çətin və mürəkkəb tapşırıqların öhdəsindən gələcəksiniz. Gərəkli informasiyanı vaxtında xatırlayın, bu məlumatı tətbiq etməyə çalışın. Danışıqlara başlamaq, yeni müttəfiqlər axtarmaq olar. İdeyalarınızı dəstəkləyən insanlar olacaq. Bu gün baş tutacaq istənilən tanışlıq sizə sərfəli olacaq. Romantik münasibət başlarsa, çox dinamik inkişaf edəcək. Nikah təklifi istisna deyil. Günün ikinci yarısında isə maliyyə itkiləri mümkündür. Buğa - günün ilk yarısında hadisələrin ənənəvi axarını dəyişməyə çalışmayın. Praktik, realist və zəhmətkeş olun. Qarşınıza qoyduğunuz məqsədlərin hamısına çata bilərsiniz. Bir şərtlə ki, qətiyyətli və iradəli olasınız. Günün ikinci yarısında istənilən situasiyada müstəqil hərəkət etməyə hazır olun. İfrat aktivliyə qapılmayın. Dostlardan və tanışlardan yardım təklifi olarsa, qəbul edin. Daha təcrübəli, müdrik insanların məsləhətlərindən yararlana bilərsiniz. Əkizlər - günün ilk yarısında hadisələrin məcrasında ciddi dəyişikliklər olacaq. İşlərin gedişatına nəzarət edin. Kontrol rıçaqlarını əldən verməyin. Maliyyə məsələlərində, hesablamalarda səhvlərə yol verməyin. İşdə rəhbərliklə münaqişəyə meylli olmayın. Günün ikinci yarısında tərəfdaş və ya şəriklərdən birinin problemləri yarana bilər. Həll prosesində mümkün qədər aktiv iştirak edin. Xərçəng - xeyli işiniz yığılıb qalıb, kiminsə üstünə atmaq da mümkün deyil, odur ki, heç istəməsəniz də, təklikdə işləməli olacaqsınız. Vəzifələrinizi mütləq yaxşı yerinə yetirməlisiniz, kimsəyə - nə rəhbərliyə, nə həmkarlara tənqid üçün bəhanə verməyin. Azacıq tənbəlləşən kimi son zamanlar əldə etdiyiniz bütün nailiyyətləriniz yaddan çıxır, nüfuzunuza ciddi xələl gəlir. Günün ikinci yarısı o qədər də vacib olmayan bir şeyi ciddi-cəhdlə əldə etmək istəyəcəksiniz. Sonra daha layiqli məqsəd seçmədiyiniz üçün peşman olacaqsınız. Özünüzü qoruyun, zədə ala bilərsiniz. Zəhərlənmək ehtimalınız da böyükdür. Şir - sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz. Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar. Qız - işlərin mövcud durumundan razılıq hissi yoxdur. Təlaşa qapılmayın, ifrat özünütənqidə varmayın. Vəziyyəti soyuqqanlı şəkildə təhlil edəndən sonra hərəkətə keçin. Süstlük etməyin. Günün ikinci yarısında yeni işə başlamaq və ya fərqli istiqaməti seçmək üçün yetərincə imkanlarınız, qüvvəniz və potensialınız var. Niyyətinizi reallaşdırmaq üçün cəsarətli olun. İrəliyə doğru sürətlə addımlayın. Geriyə baxmayın. Tərəzi - yaşmınızda müsbət dəyişikliklərə can atın. Karyeranızda inkişaf, yaşam yerinin dəyişdirilməsi, daha uyğun arealın seçilməsi üçün əlverişli zamandır. Yeni layihəyə başlayın. Öz maraqlarınızı təmin etməmiş başqalarının yardımına tələsməyin. Günün ikinci yarısında irəliləyişə və ya inkişafa mane ola biləcək hər şeydən imtina edin. Dəyər verdiyiniz insanla təmaslarınızı keyfiyyətcə yeni səviyyəyə yüksəldin. Axşam saatlarında normal istirahətə can atın. Əqrəb - baş verənlərin məğzini anlamağa çalışın. Diqqətli olun. Sizə qarşı hazırlanan planı intuitiv olaraq qabaqlamaq məcburiyyətindəsiniz. Özünüzü sığortalayın. Günün ikinci yarısında sərvaxt davranın. Şəxsi həyatınızdakı problemlərin fəaliyyətinizə sirayət etməsinə imkan verməyin. İmkanlarınızı və şanslarınızı yenidən dəyərləndirin. Bundan sonrakı hərəkət istiqamətində zəruri korrektələr edin. Oxatan - səbrli, ehtiyatlı, sayıq olun. Yaşamınızdakı yad elementləri diqqətlə müşahidə edin. Mümkün gəlirlərdən və şanslardan mütləq istifadə edin. Maliyyə məsələləri xüsusi diqqət tələb edir. Günün ikinci yarısında vergilər, kredit ödənişlər, borclar məsələsində sayıq olun. İşdə və şəxsi həyatda ifrat dərəcədə sadəlövh davranmayın. Yalançı, məkrli, saxtakar insanın toruna düşməyin. Axşam saatlarında gəzintiyə çıxın. Oğlaq - günün ilk yarısı xoş emosiyalar, nikbinlik vəd edir. Məqsədə doğru aramla, tələsmədən hərəkət edin. Hansısa vəziyyətlə bağlı koqnitiv dissonansın yaranmasına imkan verməyin. Tələsməyin, eyni vaxtda bir neçə işə başlamayın. Günün ikinci yarısında situasiyanın psixoloji fonu rəvan deyil. Qəzəbli olmayın, panikaya qapılmayın. Yaxınlarınız və ya qohumlarınız arasında kiminsə astagəlliyi aqressiv davranışınıza səbəb olmamalıdır. Çətinliklərə, anlaşılmazlığa ehtiyatlı reaksiya verin. Axşam saatlarında stressdən qurtulmağa çalışın. Dolça - çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox Oxatanlar karyera pillələri ilə yuxarı qalxa bilərlər. Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz. Balıqlar - bu gün sizin üçün praktiki olaraq mümkünsüz iş olmayacaq. Çünki müsbət təmayüllərin təsiri böyükdür və ən başlıcası, ulduzlar sizi himayə edir. İşdə ciddi uğurlara nail olaraq rəqibləri arxada qoya bilərsiniz. Rəhbərlik sizin çox dəyərli işçi olduğunuzu anlaya bilər. Əgər tələbəsinizsə, müəllim sizi anlayacaq, probleminizi həll etməyə razılaşacaq.(milli.az)

Çimərliyə gedəcəklərin nəzərinə - Hava Proqnozu

Bakıda və Abşeron yarımadasında iyulun 26-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək. İyulun 26-da Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək.

31 904 abituriyent sınaq qarşısında

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir. Psixoloq.az xəbər verir ki, publika.az-a DİM-dən verilən məlumata görə, imtahanlar respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılır. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 585 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda 31 904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14 993 abituriyent II qrup üzrə, 16 911 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 29 370 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 13 641, III qrup üzrə 15 729 nəfər), 2 534 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1 352, III qrup üzrə 1 182 nəfər) məzunudur. Abituriyentlərin 13 849 nəfəri oğlanlar (II qrup üzrə 9 419 nəfər, III qrup üzrə 4 430 nəfər), 18 055 nəfəri isə qızlardır (II qrup üzrə 5 574 nəfər, III qrup üzrə 12 481 nəfər). 24 666 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5 865 nəfər əvvəlki illərin məzunlarıdır. 98 nəfər ali təhsil müəssisələrinin, 1 275 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2003-cü ildəndir. Bakı şəhərində 14 262, Naxçıvanda 1 615, Gəncədə 3 211, Sumqayıtda 1 587, Mingəçevirdə 1309, Şəkidə 1 788, Bərdədə 1 827, Göyçayda 1 310, Şirvanda 1 853, Lənkəranda 1 947, Xaçmazda isə 1 195 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək. Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

19 nəfər Azərbaycan vətəndaşı İİV-dən ölüb

Bu ilin birinci yarım ili ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 11,0%-i, 1987-2017-ci illər ərzində isə aşkar olunan halların 43,9%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, bu ilin 6 ayı ərzində İİV-ə yeni yoluxma halları 306 təşkil edib. Onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşları, 8-i (2,6%) isə əcnəbilərdir. Qeydiyyata alınmış 298 yerli sakinlərdən 193-i (64,8%) kişi, 105-i (35,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 74 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib və İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub. Bu ilin 6 ayı ərzində 33 nəfər (11,1%) parenteral, 173 nəfər (58,1%) heteroseksual, 20 nəfər (6,7%) homoseksual kontakt nəticəsində, 2 nəfər (0,7%) şaquli yolla virusa yoluxub, 70 nəfərin (23,5%) İİV-ə yoluxma yolu müəyyənləşdirilməkdədir. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2018-ci ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5937 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4204-su (70,8%) kişi, 1733-i (29,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 2080 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 904 nəfər olub. Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülənlərin 43,9%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,6%-də heteroseksual, 2,5%-də isə homoseksual kontakt nəticəsində, 1,7%-də anadan uşağa keçməklə, 8,3 -də yoluxma yolu müəyyən edilməyib. 2006-cı ildən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 4568 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 361 nəfərə müalicə 2018-ci ilin ilk 6 ayı ərzində başlanılıb. 2015-ci ilin iyun ayında etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 6 ayı ərzində 64786 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 69 nəfərdə ilkin İİV müsbət nəticə qeydə alınıb.

"İxtisas seçimi kənar təsirlərlə verilməməlidir" - İxtisas seçimini kim etməlidir?

İxtisas seçimi gələcək taleyimizi müəyyən edir, desək yəqin ki, mübaliğəyə yol vermiş olmarıq. Çünki necə, hansı şərtlər altında yaşayacağımız, həyat tərzimiz, maddi durumumuz seçdiyimiz peşədən böyük miqyasda asılı olur. İxtisas seçimində nəzərə alınmalı olan əsas meyarlardan biri də bizim bacarıqlar və arzularımız, özümüzü hansı peşədə görmək istəyimizdir. Baxmayaraq ki, valideynlər öz gerçəkləşməyən arzularını övladlarının həyatında reallaşdırmağa çalışır, onları yönləndirməyə səy göstərir. Bu isə həmişə yaxşı nəticələr vermir. Psixoloq İradə Əliyeva deyir ki, ixtisas seçimi ilə bağlı qərar təzyiq altında, kənar təsirlərlə verilməməlidir: “Təbii ki, daha təcrübəli adamların rəyi yol göstəricisi ola bilər. Amma təzyiq göstərmək olmaz. Çünki müstəqil olaraq verilməyən qərar ruhən, daxilən dəstəklənmir, gəncin peşəkar kadr kimi yetişməsi üçün kifayət qədər motivasiyası olmur”. Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bu mövzunu şərh edərkən deyir: “İxtisas seçimində birinci növbədə abituriyentin seçəcəyi ixtisasa marağı olmalıdır. “Jurnalist olmaq istəyən adam təsadüfən jurnalist ixtisasına düşsə, yaxşı yaza bilməz. Mütləq ona meyli olmalıdır. İstək və arzu ilə yanaşı abituriyentin qabiliyyətli olması da əsasdır. Məsələn, insan var ki, rəssam olmaq istəyir, uşaqlıqdan fiqurlarla oynayır, rəsmlər çəkir və s. Onda bu istiqamətə maraq olur. Qabiliyyət insanın ümumtəhsil sahəsində formalaşır. İnsanın daxilindən gəlir”. Ə.Ağayevin dediyinə görə, üçüncüsü sosial amillərdir: “Valideynlər övladlarının seçəcəyi ixtisasla bağlı hansı sosial problemlərin yaranacağını nəzərə almalıdırlar. Ödənişlidirsə, ödəniş haqqını verə biləcəkmi? Hansı ali məktəb daha yaxşı kadr yetişdirəcək? Xarici ölkədə, yoxsa burda təhsil almaq istəyəcək? Bunlarla yanaşı abituriyent həm universitet şəraitini, universitetdəki mühiti, tələbə-müəllim münasibətlərini də nəzərə almalıdır. Mütəxəssisin fikrincə, digər əsas amillərdən biri abituriyentin seçəcəyi ixtisas üzrə gələcəkdə iş tapa bilməsidir. “Ali təhsil müəssisəsini bitirəndən sonra iş tapa biləcəkmi? Ona görə də, tələbat olan ixtisası seçmək lazımdır. Qabiliyyəti olan kəs qabiliyyətini müəyyən isiqamətlərə yönəldə bilir. Məsələn, təyyarəçi olmaq istəyən tank da, kosmik gəmi də sürə bilər. Bu cəhətlər öncədən düşünülməlidir. Abituriyent seçimə diqqətlə yanaşmalıdır”. Bakı Dövlət Universitetinin tələbəsi Nahit deyir ki, o, ixtisasını özü seçməyib, buna görə də motivasiyası aşağıdır: “Mən politoloq olmaq istəyirdim, atam imkan vermədi. Dedi ki, politologiyadan bir şey çıxmaz, məni ikinci qrup ixtisaslara yönəltdi. İndi də həvəsiz halda riyaziyyat təhsili alıram. Bir sözlə, seçimimi atam edib”. Mütəxəssislər hesab edir ki, məktəblinin ixtisas seçimində məktəb müəllimləri, məktəb psixoloqları, eləcə də ali təhsil müəssisələri rol oynamalıdır. Ekspertlər universitetlərin bu seçimə təsir imkanlarını şərh edərkən bildirir ki, ali təhsil ocaqları məktəblilərə ixtisasların xarakteristikasını çatdırmalıdır, məktəblərdə görüşlər keçirməli, media, televiziya vasitəsilə, canlı görüşlər yolu ilə müxtəlif peşələr, xüsusilə də tələbat olan peşələr barədə məlumatlar verməlidirlər. 10-cu sinif şagirdi Elvin deyir ki, o. Ixtisas seçimi ilə bağlı qərarı müstəqil olaraq bu günlərdə verib: “Valideynlərim peşəmi özüm seçməli olduğumu bildirmişdilər. Mən də dördüncü qrupa maraq göstərirdim. Bir neçə gün öncə Qərbi Kaspi Universitetində “Açıq qapı”da iştirak etdik, orda çox maraqlı təcrübələr göstərdilər bizə. Biologiya laboratoriyasında olduq, bu sahənin nə qədər maraqlı sahə olduğunu bir daha hiss etdim. Qərar verdim ki, biologiya ixtisasına qəbul olmalıyam. Gələcəkdə də tanınmış bioloq olmaq arzusundayam” Sosioloq Elnur Ağayev deyir ki, ixtisas seçimi bir çox hallarda şərti xarakter almağa başlayır: “Tələbə yığdığı bala uyğun ixtisasa düşür. Yalnız qrupu seçir. Yığdığı balla jurnalistikaya da düşə bilər, müəllimliyə də. Hansı ki, bunlar tamamilə fərqli peşələrdir. Kiminsə jurnalistika üçün bacarıqları ola bilər, amma müəllimlik üçün yox. Yığdığı balla gəlir düşür müəllimliyə və olur jurnalist qabiliyyətli müəllim. Bax belə. Odur ki, gəlin diplom almaq hədəfini unudub, peşəkar mütəxəssis olmaq, peşəkar kadr yetişdirmək hədəfinə yönələk.(moderator.az)

Rusiyalı alimlərdən yeni kəşf: “Göbələk xərçəngi müalicə edir”

Rusiyalı alimlər İsveçrədən olan həmkarları ilə birlikdə yeni kəşfə imza atıblar. Psixoloq.az xəbər verir ki, Uzaq Şərq göbələyinin dörd növü əsasında xərçəngin dərmanının hazırlana biləcəyi müəyyən edilib. Söhbət “Fomitopsis pinicola”, “Hericium erinaceus”, “Inonotus obliquus” və “Trametes versicolor” göbələk növlərindən gedir. Bu göbələklərdən xalq təbabətində də geniş istifadə edilir. Son tədqiqatlar göstərib ki, göbələklər bədxassəli şişə təsir edir. Yeni dərmanın hədəfi, sarkoma, leykemiya, düz və yoğun bağırsaq, mədə və qaraciyər xərçəngi və digər şiş növləridir. Hazırda mütəxəssislər göbələk dərmanlarının xərçəngə qarşı aktivliyini yoxlayırlar. Perspektivdə dağıdıcı əks təsirə malik olmayan dərmanlar istehsal etməkdir. Alimlər qeyd edirlər ki, göbələyin mikroba və şişə qarşı xüsusiyyəti müasir elm üçün sirr olaraq qalıb. Ola bilər ki, göbələyin digər növlərinin də tərkibində tibb üçün faydalı olan kimyəvi birləşmələr var.(ölkə.az)

Bakıda tozun miqdarı normadan 4 dəfə yuxarıdır

Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarıdır. Bu barədə publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib. Məlumatda bildirilib ki, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır. Qeyd edək ki, atmosferdə müşahidə olunan toz iyulun 27-dək davam edəcək.

Qadağan olunmuş yerlərdə siqaret çəkən şəxslər cərimələnib

Azərbaycanda qadağan olunmuş yerlərdə siqaret çəkdiyi üçün cərimələnən şəxslərin sayı açıqlanıb. Psixoloq.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ölkə.az-a verilən məlumata görə, “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 11.4-cü bəndinə əsasən, müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin «102» Xidməti-Zəng Mərkəzi Sisteminə və www.mia.gov.azelektron saytına müraciət etmək hüququnun olması barədə vətəndaşlara, fiziki və hüquqi şəxslərə, fərdi sahibkarlara məlumat verilib. 2018-ci ilin 6 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində «Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə görə 363 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci və 306.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub, onlara tətbiq edilmiş cərimələr 11 min 205 manat təşkil edib.  Bu istiqamətdə tədbirlər davam etdirilir.