Bu yolda təmir işləri aparılacaq

Bakı-Dairəvi avtomobil yolunda təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Psixoloq.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Dairəvi avtomobil yolunda bu gün saat 14:00 –dan axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Erməni müğənni Azərbaycana gələsi olmadı? – Adı siyahıdan çıxarıldı

Bir neçə gündür Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli olduğu bildirilən rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılıb-qatılmayacağını müzakirə edir. Sosial şəbəkələrdə də buna sərt şəkildə etiraz edənlər var. Hətta festivalın əsas təçkilatçısı Emin Ağalarova müraciət ünvanlayanlar da olub və ondan Zaranın Bakıya gəlişini əngəlləməyi xahiş ediblər. “Jara” Beynəlxalq Musiqi Festivalı 2018-ci il iyulun 26-dan 29-dək Bakının Nardaran qəsəbəsindəki “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək. Festivalda Rusiya və Azərbaycandan olan müğənnilər, eləcə də bəzi digər ölkələrin ifaçıları iştirak edəcəklər. Maraqlıdır, bu müzakirlərdən sonra Zaranın Bakıya gəlişi reallaşacaqmı? Modern.az-ın əməkdaşı bu gün “Jara”nın rəsmi internet saytını nəzərdən keçirərkən festivala qatılacaq müğənnilərin ad-soyadları ilə maraqlanıb. Siyahıda Zara Mqoyanın adını görməyən əməkdaşımızı “Sea Breeze Resort” istirahət mərkəzi ilə əlaqə saxlayıb. İstirahət mərkəzindən bildirilib ki, festivalda iştirak edəcək müğənnilərin siyahısı “Jara 2018”in rəsmi saytında yerləşdirilib: “Qeyd etdiyiniz şəxsin adı siyahıda yoxdursa, deməli festivalda iştirak etməyəcək”,- deyə “Sea Breeze Resort”un adının açıqlamayan əməkdaşı qeyd edib. Beləliklə, hazırda “Jara 2018”in saytında dərc edilən 81 nəfərlik iştirakçı siyahısında Zara Mqoyanın adı yoxdur. İyulun 26-da festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, LOBODA, EMİN, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq. İyulun 27-də Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. İyulun 28-də “Leninqrad” qrupu çıxış edəcək. İyulun 29-da Valeri Meladze, Lyubov Uspenskaya və Yuri Antonovun yaradıcılıq gecəsi təşkil olunacaq. Yubiley və yaradıcılıq gecələrində digər musiqiçilər də iştirak edəcəklər. Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. Xatırladaq ki, “Jara-2018”in biletləri 6 ay öncədən satışa çıxarılıb. Biletlərin qiyməti 50-500 manat arasında dəyişir. Bir ayaqüstü yerin qiyməti 50 manat, oturmaq üçün yerin qiyməti isə 80-500 manat təşkil edir. Artıq iyulun 26-sı üçün bütün biletlər satılıb. Festivalın AzTV ilə canlı yayımlanacağı da gözlənilir.

“Azərişıq” daha bir neçə xidməti “ASAN”laşdırdı

“Azərişıq” ASC tərəfindən operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə bundan sonra enerji təchizatı sxemini dəyişən (güc mənbəyinin dəyişməsi, bir fazalı təchizat sxemindən üç fazlı təchizat sxeminə və ya əksinə keçid) abonentlərə yeni kodların verilməsi yalnız “ASAN Xidmət” və ya “ASAN Kommunal” Mərkəzlərində edilmiş sifarişlər əsasında həyata keçiriləcək. Bununla bağlı RETSİ və ETSİ-lərə xüsusi tapşırıqlar verilib. Bu haqda modern.az-a qurumdan bildirilib. Qeyri-əhali abonentlərinin istənilən səbəbdən sayğac dəyişdirmə ilə bağlı olan müraciətləri də bu mərkəzlərdə edilmiş sifarişlər əsasında baş tutacaq. Atılan addım Elektrik qurğularının şəbəkəyə qoşulması zamanı texniki şərtlərin verilməsində yarana biləcək xoşagəlməz halların da qarşısını alacaq və vətəndaş məmnunluğunu artırmış olacaq.

Şagirdlərin tətil günləri açıqlandı

Təhsil Nazirliyi 2018-2019-cu tədris ili üçün məktəb tətili günlərini açıqlayıb. Təhsil Naziliyindən oxu.az-a verilən məlumata görə, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.  Dərs ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edəcək. Dərs ili ərzində beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili (1-5 may) olacaq. Məktəbəhazırlıq qruplarında dərs ili oktyabrın 1-də başlayacaq. Məktəbəhazırlıq qrupları üçün dərs ilinin I yarımili 1 oktyabr-26 yanvar, II yarımili 1 fevral-31 mayı əhatə edəcək. Dərs ili beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), beş gün əlavə tətil (1-5 may) olacaq.

Ancelina Coliyə bənzəmək üçün yenidən əməliyyat etdirdi - FOTO

Bir müddət əvvəl Hollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün bir çox plastik əməliyyat keçirən iranlı bloqçu Səhər Təbər sonra bu iddiaların həqiqətə uyğun olmadığını etiraf etmək məcburiyyətində qalmışdı. Səhərin yeni fotoları üzə çıxıb. Fotolarda da Təbərin Ancelinaya bənzəmədiyi görünür. Səhər fotoşop proqramından istifadə edərək müəyyən fotolar paylaşaraq bütün dünyanın diqqətinə səbəb olmuşdu. Məlum olmuşdu ki, Təbər əslində plastik əməliyyatdan əlavə, fotoşopdan da istifadə edib. Sərt reaksiyalardan sonra Səhər plastik əməliyyat keçirməyə qərar verib. Hazırda Təbər burnunu kəsdirib.(ölkə.az)

Əmziklər uşaqda xəstəliklər yarada bilər - Pediatr əmziyin zərərindən danışdı

Əksər körpələr doğulduqlarından dərhal sonra əmziyə öyrədilir. Nadir uşaqlar əmzikdən ümumiyyətlə imtina edərək istəmirlər. Mütəxəsisslərin əmziyin istifadəsi ilə bağlı ortaq fikirləri yoxdur. Bu haqda kitablarda da qayda qanun olmadığı üçün fikir müxtəliflikləri çoxdur. Psixoloq.az xəbər verir ki, pediatr Altay Abdullaoğulunun sözlərinə görə, əmziyin mənfi tərəfləri müsbət tərəflərindən çoxdur. O, bu barədə rəsmi facebook səhifəsində məlumat verib: “Əmzik, orta qulaq iltihabı riskini artırır,(Otit), dişlərin əyri çıxmasına səbəb ola bilir, ağızda göbələklərin yaranmasında rolu ola bilər. Həmçinin körpə çox enerji itirir, yuxu pozulması yarada bilər. Bununla yanaşı infeksiya mənbəyi ola bilər”. Abdullaoğlu, əmziyin ən azı körpənin 3-4 həftəsinə qədər əmziyin verilməsini düzgün addım hesab etmir: “Çünki bu müddət ana məməsinə uygunlaşır,bu vaxtı ona başqa bir materialdan əşya verdikdə körpənin beyni qarışır.Buna məmə çaşqınlığı deyilir. Bundan başqa körpədə məməyə qarşı istəksizlik yaranır, bu da çəki itirilməsinə səbəb ola bilər. Ancaq ki körpənin çox narahat vaxtında (qazı çox olanda sakitləşdirmək üçün), hər hansı bir ağrılı prosesə məruz qaldıqda(qan alımı,peyvənd vurulanda) ,yuxuya gedən zaman istifadə etmək olar”.  Pediatr əmziyin bir yaşa qədər tərgidilməyini tövsiyə edir. “Həm bu vaxtlarında ətraf mühiti kəşf etdiyi üçün diqqəti başqa şeylərdə daha çox olur. Bəzi analar körpələrinin əmzik istifadəsini vacib bilir, hətda məcbur edirlər. Ancaq bu qəti düzgün deyil”, deyə Altay bəy qeyd edib. Valideynlər əmzik istifadəsinə qərar verdikləri halda isə, əmziyin formasına,materialına, ölçüsünə ,təmizliyinə diqqət etməlidirlər. Əmzik adətən silikon və kauçuk (rezin) dediyimiz materialdan olur. Pediatr, rezin əmziklərin bəzi hallarda uşaqlarda allergiya yaratdığını və formasının nisbətən tez pozulduğunu  urğulayıb:  “Onları diş çıxarma dönəmində istifadə etmək olar. Silikon əmziklər isə bərk olur, diş çıxartdıqdan sonra onların istifadəsi məsləhət olunmur. Bu əmziklər daha dayanıqlı olurlar. Əmzik adətən körpənin ayına uyğun ölçüdə olmalıdır, əmziklərin hər 2-3 aydan bir dəyişdirilməsi məsləhətdir. Onları körpəyə verən zaman isə qaynar su ilə təmizlənməlidir”. Şəhanə Quliyeva

İstilik dərəcəsi artır... - Hava Proqnozu

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Psixoloq.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Kolleclərə ixtisas seçimi başladı

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçiminə başlanıb. Dövlət İmtahan Mərkəzindən ölkə.az-a verilən xəbərə görə, ixtisas seçimi iyulun 25-dən avqustun 6-dək internet vasitəsilə həyata keçirilir. İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Saxta Çin peyvəndləri AŞKARLANDI

Çinin “Çangçun Çangşeng Life Sciences” şirkəti saxta peyvənd istehsal edib. Psixoloq.az publika.az-a istinadən  xəbər ki, şirkətin 15 rəsmisi saxtakarlıq və standartlara uyğun olmayan məhsul istehsal etdiklərinə görə saxlanılıb. Çin mediasının yazdığına görə, ölkənin Qida və Dərman İdarəsi müfəttişləri bununla bağlı araşdırma aparıb. Şirkətin quduzluğa qarşı olan peyvəndləri soyudaraq mühafizə edilməsi və qurudulması prosesində parametrləri pozduğu məlum olub. Yaşı 7-dən az olan uşaqlar üçün difteriya, tetanus və göy öskürəyə qarşı vurulan DTap peyvəndinin standartlara uyğun olmadığı açıqlanıb. Məlumata görə, quduzluğa qarşı keyfiyyətsiz istehsal edilmiş peyvəndlərin bir qismi bazara çıxarılıb. Onların keyfiyyətsiz olması açıqlanandan sonra toplanır. Şirkətin peyvəndlərinin keyfiyyətsiz olması ilə bağlı şikayətlər zaman-zaman gündəmə gəlib.

Korrupsiya ilə bağlı “Qaynar xətt”ə 1970 müraciət daxil olub

"Bu il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 3874 vətəndaşın müraciətinə baxıb". Psixoloq.az modern.az-a istinadənxəbər verir ki, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu ilin I yarımili ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib. K.Əliyev qeyd edib ki, hesabat dövründə 126 cinayət xarakterli material araşdırılıb: “Materialların 82-si üzrə cinayət işi başlanıb, 44 material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 28 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Bundan başqa, hesabat dövründə “161-Qaynar xətt” əlaqə mərkəzinə 1970 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Əlaqəli dövlət qurumları ilə birgə görülüb tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib". Kamran Əliyev deyib ki, korrupsiya cinayəti işləri üzrə 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub. O bildirib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5% ödənilməsi təmin edilib: "Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb".

Tağı Əhmədova AĞIR İTKİ

Bakı Metropoliteninin keçmiş rəisi, hazırda Yeni Azərbaycan Partiyasının Yasamal təşkilatının sədri və Memarlıq və İnşaat Universitetində kafedra müdiri vəzifəsində çalışan Tağı Əhmədova ağır itki üz verib. Psixoloq.az Lent.az-a istinadən xəbər verir ki, T.Əhmədovun qardaşı oğlu Sahil Əhmədov vəfat edib.

Xanım səfiri xəstəxanalara qəbul etmədilər, öldü

Salvadorun Boliviyadakı səfiri Maddelin Vanessa Brisuela Alevaro klinikaların onu qəbul etməməsi səbəbindən ölüb. Psixoloq.az xarici KİV-ə istinadən xəbər verir ki, səfir Boliviyada yeddi tibb müəssisəsinə müraciət etsə də müxtəlif səbəblər göstərilərək onu qəbul etməyiblər. "Məsələ burasındadır ki, o bir-birinin ardınca təxminən yeddi klinikaya müraciət edib. Amma onlar yardım etmək istəməyiblər. Söyləyiblər ki, onlarda yer yoxdur, onlar qəbul edə bilməzlər” – səfirin müşaviri Marta Vaskes bildirib. Onun sözlərinə görə Alevaro ilk dəfə keçən cümə günü tibb müəssisəsinə müraciət edib. Ən sonda isə onu Fransa Tamayo Universiteti nəzdində klinikada qəbul ediblər. Lakin, klinikadan bildirilir ki, səfir tibb müəssisəsinə qəbul edildikdə artıq ağır vəziyyətdə olub. Bazar ertəsi isə Alevaro insultdan dünyasını dəyişib. Çərşənbə axşamı isə Boliviya Xarici İşlər Nazirliyi Salvador səfirini "Simon Bolivarın Xilasedicisi” ordeni ilə təltif edib. Qeyd edək ki, mərasimdə Boliviya prezidenti Evo Morales də iştirak edib və Alevaronun ölümü ilə əlaqədar baş sağlığı verib.(modern.az)

Məşhur narkotikə görə xəstəxanalıq oldu

Dünya şöhrətli ifaçı Demi Lavato yüksək dozada narkotik istifadə etməsi səbəbilə xəstəxanaya aparılıb. Psixoloq.az xəbər verir ki, 25 yaşlı müğənninin vəziyyəti hazırda stabildir. Karyerası boyunca narkotiklə mübarizə aparan müğənni ötən ay verdiyi açıqlamada altı ildir istifadəçi olmadığını açıqlamışdı. 

Maraqlı iş axtarırsınızsa, aktiv olun

Qoç - Yaradıcı iş, qeyri-standart yanaşma tələb edən məsələlərin həlli üçün əla gündür. Orijinal ideyaları gerçəkləşdirmək xoşunuza gəlir, cari işlər isə sizi yorur, darıxdırır. İşgüzar danışıqlar yaxşı keçir, yeni tanışlarınızda dərin təəssürat oyadırsınız. İşdə məhəbbət macərasının başlanması mümkündür. Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə dəyişiklik xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər. Buğa - Günün ilk yarısında böhranları çözmək olar. Təsadüflərdən yararlanın. İrəliləyişi sürətləndirmək üçün aktiv olun. Yaxın ətrafınızdakı insanlarla təmaslarda fəal davranın. Qeyri-standart olun, problemlərin çözümünə geniş aspektdə nəzər salın. Riskli eksperimentə başlamaq olar. Günün ikinci yarısında yeni proses pis başlamayacaq. Bununla belə, məhkəmə çəkişməsi və ya ağır müalicə proseduru da ola bilər. Daşınmaz əmlak, ev və mənzillə bağlı yaxşı perspektivlər var. Evdən uzaqda yaxşıca dincələ bilərsiniz. Əkizlər - Peşəkar məsələlər xeyli güc tələb edir. Ancaq nə vaxtsa yardım etdiyiniz insanlar köməyinizə gələcəklər. İşləriniz çox olsa da, qeyri-formal ünsiyyət üçün də vaxtınız qalacaq. Bunu əhəmiyyətsiz qoymayın: məhz belə görüşlərdə sizin üçün aktual olan bir neçə problemi həll edə bilərsiniz. Qohumlar arasındakı söz-söhbətə son qoya, ədaləti bərpa edə, sizin üçün dəyərli olan insanların arasını düzəldə bilərsiniz. Maliyyə perspektivləri pis deyil. Axşam saatlarına yaxın yeni problemlər yaratmayın. Xərçəng - Günün ilk yarısında aktiv olun. Vəd etdiyiniz görüşü, müzakirəni, səfəri əsla təxirə salmayın. Tənbəllik və süstlüyü pərdələmək üçün bəhanələr uydurmayın. Yeni məlumatlar əldə etməyə çalışın. Sifarişçilər və müştərilərin, tərəfdaşlar və şəriklərin sayını artırın. Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri ilə münasibətlərdəki sərinlik aradan qalxa bilər. Dostların xətrinə dəyməyin. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərinə qulaq asın. Axşam saatlarına yaxın işində problemlər yaranmış avadanlığı dərhal təmir edin. Şir - Cari işlərə diqqət yetirmək çətindir: ürəyiniz böyük layihələr və möhtəşəm qələbələr istəyir. İddialı ideyalarınızı reallaşdıra bilərsiniz. Dəfələrlə hər şeyə qadir olduğunuzu sübut etdiyiniz adamlar bu işdə sizə yardımçı ola bilərlər. Sizi bu gün xeyli tənqid edirlər, amma bunların heç biri eyninizə deyil. Gənclərlə ünsiyyət faydalıdır - onların həyatsevərliyi və nikbinliyi sizə də sirayət edir. Özünüzdən cavan bir insanla eşq macəranız başlaya bilər. Muzey və sərgi salonlarına gedin. Qız - Ampluanı dəyişmək üçün yaxşı gündür. Maraqlı iş axtarırsınızsa, aktiv olun. Yeni ideyalardan biri irəliləyiş və gəlir vəd edir. Maneələri dəf etməkdən usanmayın. İlk cəhddən alınmayan işi başa vurun. Günün ikinci yarısında planlarınız çərçivəsində hərəkət edin. Aqressiv və kobud davranmayın. Kinli olmayın ki, qarşı tərəf də sizin nə istədiyinizi anlasın. Biliklərlə məlumatlarınızı artırın. İnformasiyalardan bəhrələnin. Cəsur və çevik insan təsiri bağışlayın. Tərəzi - Qarşınıza çıxan maneələri aradan qaldırmaq üçün var gücünüzlə çalışın. Səyahət, səfər, təhsil, məlumat və informasiya mübadiləsi üçün əlverişli zamandır. Problemləri qeyri-rəsmi toplantıda və görüşdə müzakirə etmək olar. Yeni dostlar tapa bilərsiniz. Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanın məsləhətlərinə diqqətlə qulaq asın. Kollektiv fəaliyyətin aktuallığı artacaq. Müzakirələrə qatılın. Amma mübahisələrdən yan qaçın. Əqrəb - Cari işlərin bəzilərini dostların və yaxınların yardımları ilə həll etmək mümkündür. Cari resurslardan effektiv istifadə edin. Ümumi ətalət, bilik və ideyalar qıtlığı problemlər yarada bilər. Sərmayə və ümumiyyətlə maliyyə məsələlərində uzaqgörən olun. Günün ikinci yarısında unutmayın ki, inkişaf irəliyə doğru aramsız hərəkətdir. Situasiyadan asılı olaraq pulu daha məqbul saydığınız layihəyə və ya istiqamətə yatıra bilərsiniz. İnnovasiyalar, axtarışlar, faydalı təmaslar və əlaqələrin reallaşdırılması üçün münasib zamandır. Uğurlarınızdan feyziyab olanda başqalarının səhvlərindən də nəticə çıxarmağı unutmayın. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz. Oxatan - Bir qədər öncə yaranmış problemlərin fəsadlarını aradan qaldırmaqda tənbəllik etməyin. Əhvalınız yaxşılaşa bilər. Yeni gəlir mənbəyi olacaq. Yaxın ətrafınızdakı insanların yardımlarından istifadə edərək maneələri dəf edə bilərsiniz. Dəvət aldığınız yerlərə yollanın, ictimai həyatdan kənarda qalmayın. Guşənişin olmayın. Günün ikinci yarısında radikal dəyişikliklərə başlamağa tələsməyin. Dəyər verdiyiniz insanla münasibətləri reabilitasiya edə bilərsiniz. Özünüz öyrənməklə yanaşı, təcrübə və biliklərinizi sevdiyiniz insanla da bölüşün. Səfər və informasiya axtarışı uğurlu olacaq. Yeni tanışlıqlar istisna deyil. Xarici dil öyrənməyə başlayın. Oğlaq - Yeni işə, layihəyə başlaya bilərsiniz. Yeni gəlir, bilik, informasiya mənbələri arayın. Son xəbərlərdən agah olun. Məlumatsız qalmaq rəqiblər qarşısında zəif mövqelərlə könüllü razılaşmaq anlamına gəlir. İrəliləyiş üçün impulslardan yararlanın. Günün ikinci yarısında yaradıcılıq ideyalarının bazasını genişləndirin. Əlavə bacarıqlar əxz edin. Yeni, maraqlı təmaslar yarana bilər. Axşam saatlarında normal istirahət etməyə çalışın. Dolça - Münasibətlərdə qeyri-formal motivlər güclənəcək. Kommunikasiyaları aktivləşdirin. İdeyalarınızı paylaşın, son xəbərləri öyrənin. Genişmiqyaslı layihəni inkişaf etdirmək olar. Günün ikinci yarısında kompüter texnologiyaları ilə bağlı məsələdə irəliləyiş olacaq. Rutin işlərdən qaçmayın. Bilik və bacarıqlarınızı artırın. Axşam saatlarına yaxın yaxşı məsləhət ala bilərsiniz. Dəyər verdiyiniz insanların qayğısına qalın. Balıqlar - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısında sizə böyük üstünlük qazandırır. Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz (Milli.Az).

Bu qəsəbədə üç gün işıq olmayacaq

Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində 25-27 iyul 2018-ci il tarixlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq. Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Fasilələr "Azərenerji” ASC-yə məxsus 110 kVt-luq 1-ci Xırdalan h/x-də aparılacaq təmir işləri ilə əlaqədardır. Yaranmış narahatlığa görə "Azərişıq” ASC istehlakçılarından üzr istəyir.(xezerxeber.az )

İtkin düşən uşağı OĞURLAYIBMIŞLAR — DAYISINDAN ŞOK AÇIQLAMALAR

Xaçmazda itkin düşdüyü deyilən 3 yaşlı uşaq əslində, oğurlanıbmış. Psixoloq.az xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib: "Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan gördülər ki, əraziyə helikopterlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ona görə də gətirib uşağı yerinə qoymuşdular". M.Mehdiyev bildirib ki, ailənin heç kimlə ədavəti olmayıb: "Ailənin heç kimlə ədavəti yoxdur. Kimin qaçırdığını bilmirik. Bununla bağlı polisə müraciət etmişik, araşdırma aparılır".  Qeyd edək ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə tapılaraq ailəsinə təhvil verilib.

DİM-dən abituriyentlərə MÜRACİƏT

Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” işlərini davam etdirirlər. Psixoloq.az xəbər verir ki, bu haqda Modern.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər. “Abituriyent Məsləhət Mərkəzləri” aşağıda qeyd olunan ünvanlarda həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər. Bakı şəhəri Azərbaycan Universiteti Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71. Qərbi Kaspi Universiteti Əsas bina Ünvan:Azərbaycan, Bakı, İstiqlaliyyət 27 Telefon:+994 12 492 74 18 Dizayn və Memarlıq Məktəbi Ünvan:Nazim Hacıyev 6 Telefon:(+994 12) 567 29 35 Qərbi Kaspi Universitetinin Kolleci Ünvan:Cəfər Xəndan küç. 15 B Telefon:+994 12 5635542 Dövlət İmtahan Mərkəzinin regional bölmələri Naxçıvan MR Regional Bölməsi Naxçıvan şəhəri, Nizami küçəsi, 10 +99 (036 5) 44 04 02; Göyçay Regional Bölməsi Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43 +99 (020 27) 4 66 74; Şəki Regional Bölməsi Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182 +99 (024 24) 4 66 14; Xaçmaz Regional Bölməsi Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 7b +99 (023 32) 5 01 21; Lənkəran Regional Bölməsi Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52 +99 (025 25) 5 24 82; Gəncə Regional Bölməsi Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina +99 (022 25) 6 50 67; Şirvan Regional Bölməsi Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19 (021 21) 5 15 23; Bərdə Regional Bölməsi Bərdə ş., H.Əliyev prospekti, 100 (020) 205-01-86.  Şəmkir Regional Bölməsi Şəmkir ş., Bakı-Qazax şosesi, 350 km, İnzibati bina “West gate”

Azərbaycana gələn turistlərin ən çox gecələdiyi bölgələr - SİYAHI

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanalarda 1 288,9 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. Psixoloq.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin 62 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,1 faizi Qusarda, 4,5 faizi Naftalanda, 3,6 faizi Qubada, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,5 faizi Xaçmazda, 1,1 faizi Ağstafada, 9,1 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 935,2 min təşkil edib ki, bu da ümumi gecələmələrin 72,6 faizini təşkil edir. Gecələmələrin 14,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 14,1 faizi Rusiya Federasiyası, 6,6 faizi İran, 4,5 faizi Türkiyə, 4,3 faizi Səudiyyə Ərəbistanı, 3,4 faizi Böyük Britaniya, hər biri üzrə 3,3 faiz olmaqla Hindistan və ABŞ, 3,2 faizi İsrail, 2,9 faizi Qətər, 2,8 faizi Küveyt, 2,1 faizi İraq, 2,0 faizi Pakistan, 1,7 faizi Qazaxıstan, 1,6 faizi Almaniya, 1,3 faizi Ukrayna, 28,6 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb. Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri 167,0 milyon manat olub ki, onun 66,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 20,8 faiz olub. Bu göstərici Naftalanda 58,6 faiz, Ağstafada 48,5 faiz, Bakıda 33,7 faiz, Şirvanda 33,0 faiz, Kürdəmirdə 28,3 faiz, Qəbələdə 27,5 faiz, Zərdabda 25,9 faiz, Qazaxda 23,9 faiz, Mingəçevirdə 22,9 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.(modern.az)

Yollar ödənişli olacaq?

“Hazırda Azərbaycanda ödənişli ola biləcək avtomobil yolları hələ ki, yoxdur”. Psixoloq.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib. Ekspertin sözlərinə görə, ödənişli avtomobil yolları ilə bağlı qanunda qoyulan 2 vacib şərt təmin edilməlidir: “Birincisi, ödənişli yolun mütləq ödənişsiz alternativi olmalıdır. Ödənişli yolun alternativi olan ödənişsiz yol da texniki göstəricilərinə görə bütün satandart və tələblərə uyğun, təhlükəsiz və rahat hərəkət üçün abadlaşdırılmış olmalıdır. Məsələn, yaxın gələcək üçün hədəflənən Ələt-Astara yolunun yeni salınmış hissəsi yalnız o halda ödənişli ola bilər ki, onun alternativi olan köhnə yol, yəni Biləsuvar və Cəlilabaddan keçən yol tam bərpa olunaraq ideal vəziyyətə gətirilsin. Hazırda həmin köhnə yol çox bərbad vəziyyətdədir. Belə vəziyyət tam aradan qaldırılana qədər yeni yolun ödənişli olması mümkün deyil”. Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, Ələt-Astara yolunun və Bakı-Quba yolunun ödənişli sistemin tətbiq edilməsi ilə bağlı qərar var: “Bu qərarın icra edilməsi üçün zaman lazımdır. Ödənişli yollar konsepsiyası müzakirə olunan zaman alternativ yolların olması da müzakirə edilib. Alternativ yolların keyfiyyəti ödənişli yolla eyni səviyyədə olmalıdır. Sadəcə ödənişli yollarda sürət həddi yüksək ola bilər ki sürücülər təyinat yerinə daha tez çatsın. Əsas məsələlərdən biri də odur ki, ödənişli yolların qiyməti orta statistik azərbaycanlı sürücünün imkanları daxilində olmalıdır”.(bizimyol.info)

Bakıda avtobus və metroda gediş haqqı artacaq? – Rəsmi açıqlama

“Müntəzəm marşrut xətləri üzrə avtobuslarının gediş haqqının artırılması məsələsi Bakı Nəqliyyat Agentliyində müzakirə edilmir”. Psixoloq.az xəbər verir ki, bunu bizimyol.info-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib. O, bildirib ki, gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət olunmayıb. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov isə metroda gedişhaqqı ilə bağlı məsələnin müzakirə mövzusu olmadığını bildirdi. Qeyd edək ki, iyulun 27-dən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı 10 faiz artırılacaqdır.

Başqalarından qabağa keçmək istədi, qatar vurdu

Bu gün Bakı metropolitenində qəza baş verib. Psixoloq.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında baş verib: “Neftçilər” metrostansiyasına daxil olan qatarın güzgüsü platformada dayanan gənc oğlanı vurub. Sərnişin, 1996-cı il təvəllüdlü Orxan Qurbanov qatar gələn zaman istəyib ki, digər vətəndaşlardan önə keçsin. Nəticədə o, sərnişinlərin hüdud xəttin keçib. Qatarın güzgüsü onu yıxıb və eynəyi alnını cızıb”. Bəxtiyar Məmmədov qeyd edib ki, o, təcili tibbi yardımın çağırılmasını istəməyib: “Amma əməkdaşlar təcili tibbi yardım briqadası çağırıblar. Yüngül xəsarət alıb”.

Aspiratoru necə təmizləməli - Asan üsul

Aspirator təmizliyi əksər zaman qadınlara çətin gələn işlər sırasında yer alır.  Aspiratorda toplanmış yağ ləkələri isə həm sağlamlıq həm keyfiyyət cəhətdən təhlükəlidir. Psixoloq.az saytı isə bundan asan üsulla xilas olmağın yolunu təqdim edir: Bunun üçün lazım olan qədər suyu qaynadın. İçərisinə 1 stəkan soda əlavə edin. Aspiratorun pərdəsini isə qaynanmış suyun içinə qoyun. Bu vəziyyətdə 3-5 dəqiqə ərzində saxlayın. Sonra isə soyuq suyun altına tutaraq yuyun. Təmizləndiyini görəcəksiniz.

Qatarlarda gediş haqqı artırılır

İyul 27-dən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək. Psixoloq.az-ın məlumatına görə, bu barədəoxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Məlumatda qeyd edilib ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları təxminən 10% artırılacaq.

Sabahın hava proqnozu

Azərbaycanda iyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində iyulun 25-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Azərbaycanın rayonlarında iyulun 25-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin günün birinci yarısında Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, iyulun 25-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.